Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1960/2023 29.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 01 avqust 1991-ci il tarixdə Cəlilabad rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Ceyranbatan ərazi dairəsi, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 5,565 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib üzərində daşımaqla saxlamış, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, 11 aprel 2023-cü il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Dəniz” şadlıq sarayının yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasına dəvət olunmuş və orada təhqiqatçı tərəfindən həmin tarixdə 04:10 dəqiqədə üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,565 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitə istifadə etməmişdir. İttiham aktında onun 11 aprel 2023-cü ildə saxlanıldığı qeyd edilsə də, bu yanlışdır. O, 10 aprel 2023-cü ildə polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə gətirildikdən sonra polis əməkdaşları onun İran İslam Respublikasına gedibgəldiyi üçün saxlanıldığını demişlər. Onun ticarət şirkəti var, insanları ziyarət üçün aparıb gətirir, onlara bələdçilik edir. O, təkcə İran İslam Respublikasına deyil, İraq, Səudi Ərəbistan, Həccə insanları aparıb gətirir. Həmçinin ölkədaxili turlarda təşkil edir. O, insanları ziyarət məqsədi ilə İran İslam Respublikasına 15-20 dəfədən çox aparıb gətirmişdir. O, heç bir vaxt narkotik vasitə və psixotrop maddə istifadə və qəbul etməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə etmir. O, narkotik vasitələrin növünü də tanımır. O, 2023cü ilin aprelin 1-dən işi ilə əlaqədar Abşeron rayonu ərazisində olmamışdır. Onun övladları Cəlilabad rayonunda anasıgilin yanında qalırmış. O, əlavə olaraq ustadır, fərdi əməklə məşğul olur. İş yeri bacısıgilin evinə yaxın olduğundan o bacısıgildə, yəni Qaraçuxur rayonu ərazisində qalırmış. Polis əməkdaşları ona 10 aprel 2023-cü ildə 22:00-23:00 radələrində Qaraçuxur rayonunda yerləşən satdionda futbol oynayarkən yaxınlaşmışlar. Polis əməkdaşları ona yaxınlaşıb şəxsiyyətini dəqiqləşdirdikdən sonra, onu Suraxanı RPİnin 32-ci Polis Bölməsinə aparmışlar. Ona polis əməkdaşları tərəfindən təzyiq və təsir olmamışdır. Elan olunmuş cinayət işinin 31-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis əməkdaşları tərəfindən ona Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə cinayət işi açılacağı deyildiyindən, o, polis əməkdaşlarına inanıb protokolu imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu izahat, ifadələri və cari məhkəmə baxışında verdiyi ifadə ilə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 34-cüi vərəqəsində olan izahatında, 51 və 62-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... O, polis əməkdaşları tərəfindən yaxalanmamışdan təxminən 4-5 gün əvvəl Abşeron rayonunun ərazisində olduğu vaxt diqqətini yerdəki bir ədəd büküm cəlb etmiş, o, bükümü alıb içərisinə baxdıqda narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin bükümdəki maddə spesifik qoxuya malik olmuşdur. Narkotik vasitə əvvəllər qəbul etməsə də, kütləvi informasiya vasitələrində narkotik vasitələrlə mübarizəyə dair keçirilmiş bir sıra tədbirlərin nəticələrini izlədiyindən narkotik vasitənin nə olduğunu bilmişdir. Abşeron rayonu ərazisində aşkar etdiyi bir büküm narkotik vasitə heroini üzərində saxlasa da, ondan istifadə etməmişdir, həmin maddəni üzərində saxlamaqda məqsəd isə narkotik vasitəni gələcəkdə məhv etmək və bu yolla gənclərin həmin maddəni aşkar etməsinin qarşısını almaq olmuşdur. 11 aprel 2023-cü il, saat 03 radələrinədək unutqanlıq səbəbindən üzərində daşıdığı həmin bükümdəki narkotik vasitəni məhv etməmiş və həmin vaxt Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Dəniz” şadlıq sarayının yaxınlığında olmuşdur. Qeyd etdiyi tarixdə, vaxtda və yerdə olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini nümayiş etdirməklə şəxsiyyətini dəqiqləşdirən bir neçə sual vermiş. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra polis əməkdaşları haqqında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat yolu ilə məlumat daxil olduğunu bildirib üzərində axtarış aparılmasının vacibliyini izah etməklə onu 32-ci Polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis bölməsinə gəlib. ...sonra videoçəkiliş aparılmaqla saat 04:10 dəqiqədən 25 dəqiqə davam edən proses zamanı üzərində axtarış aparılmışdır. O, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir neçə gün əvvəl Abşeron rayonu ərazisində aşkar etdiyi, içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü təhqiqatçıya təqdim etmişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. Polis əməkdaşları tərəfindən ona Azərbaycan Respublikası CMnin 243.1-ci maddəsi ilə cinayət işi açılacağı deyildiyindən, o, polis əməkdaşlarına inanıb protokolları və izahatı imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxan RPİ-nin 32-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Etimad doğuran qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, istifadə və satışını həyata keçirdiyi barədə məlumat daxil olmuşdur. O, və əməliyyat qrupunun rəhbəri əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil olmaqla əməliyyat qrupu yaradılmışdır. 11 aprel 2023-cü il tarixdə saat 02:00 dəqiqədən etibarən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Dəniz” şadlıq sarayının yaxınlığında olduğu bildirildiyindən qrup üzvü ildə birlikdə Təqsirləndirilən şəxs olduğu yer müşayiət altına alınmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı məlumatlar daxil olduğunu, üzərində axtarış aparılması üçün Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə getməli olduğunu bildirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı ümumilikdə 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni, 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində olan narkotik vasitəyə bənzər maddənin hansı maddə olduğunu bilmədiyini, həmin maddəni 2-3 gün əvvəl xatırlamadığı ərazidən taparaq əldə etdiyini demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, üzərində axtarış aparılarkən sonuncuya qarşı hər hansı fiziki zor tətbiq edilməmiş və ya hər hansı psixoloji təsirə məruz qalmamışdır. Əməliyyat məlumatı axşam saat 01:00-da daxil olmuşdur. Şəxsi axtarış zamanı müdafiəçi, təhqiqatçı, iki nəfər əməliyyat müvəkkili var imiş. Müdafiəçinin adını bilmir. Şəxsi axtarış təxminən şəxs tutulandan 1 saat sonra keçirilmişdir. Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə axşam saatlarında tərəflərindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxan RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 11 aprel 2023-cü il tarixli raportundan görünür ki, “Sərvər” adlı şəxsin narkotik vasitələri saxlaması və gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 11 aprel 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, “Sərvər” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 32-ci PB-nin rəisi, polis mayoru Samir Çobanovun 11 aprel 2023-cü il tarixli, 3-13-54-3/Ə20/23 saylı Əmrindən görünür ki, “Sərvər” adlı şəxsin narkotik vasitələri saxlaması və gəzdirməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 30-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, üzərində şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçisinin iştirak etməməsini xahiş etmişdir. Cinayət işinin 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmiş, daha sonra isə sonuncunun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümün içərisində olan narkotik vasitəyə bənzər maddənin hansı maddə olduğunu bilmədiyini, həmin maddəni 2-3 gün bundan əvvəl xatırlamadığı ərazidən taparaq əldə edib saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddə və mobil telefon qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Redmi Note 10” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 39-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli, 6/2120 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksləri, “..3) Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,565 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasınm Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir (İ siyahı). Cinayət işinin 118-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 iyul 2023-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılmasının həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd diskə baxış keçirilmiş və baxış zamanı aşağıdakı hallar müəyyən olunmuşdur: polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş əşya olduğunu bildirir, bundan sonra o, üzərində, yəni əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı ümumilikdə 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni daha sonra isə əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim edir, bundan sonra üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmur, verilən sualları cavablandırarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində olan narkotik vasitəyə bənzər maddənin hansı maddə olduğunu bilmədiyini, həmin maddəni 2-3 gün əvvəl xatırlamadığı ərazidən taparaq əldə etdiyini deyir, üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə zərfə qoyulur, qablaşdırılır, möhürlənib, götürülür. Cinayət işinin 119-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 iyul 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd «Samsung» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 129-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 26 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi, əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi, cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd «Samsung» markalı mobil telefonun sahibinə qaytarılması qərara alınmışdır. Cinayət işinin 167-169-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 01 avqust 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin əldə etdiyi mənbənin müəyyən edilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən daxil olmuş 23 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə İran istiqamətində Azərfbaycan Respublikasının sərhədini keçmiş və xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə giriş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə elektron-informasiya sistemindən əldə edilmiş sərhədkeçmə barədə məlumatlardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixə qədər Biləsuvar, Culfa, Sədərək 5 dəfə, Tehran və Ciddə istiqamətində isə iki dəfə Azərfbaycan Respublikasının sərhədini keçmişdir. Bundan başqa, məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin xx.xx.2023-cü il tarixədək anten dairə məlumatları "xxxx" MMC və Bakcel” MMC-dən götürülmüşdür. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həqiqətən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarını və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama və daşımağa tövsif edilməlidir. Belə ki, istintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş külli miqdarda narkotik vasitə və ya psixotrop maddənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Dindirilmiş polis əməkdaşları şahidlər Şahid2 və Şahid1 hər ikisi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olduğunu ifadələrində bildirmişlər. Lakin, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 11 aprel 2023-cü il tarixli raportundan görünür ki, “Sərvər” adlı şəxsin narkotik vasitələri saxlaması və gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin, Suraxanı RPİ-nin 32-ci PB-nin rəisi, polis mayoru Samir Çobanovun 11 aprel 2023-cü il tarixli, 3-13-54-3/Ə20/23 saylı Əmrindən görünür ki, “Sərvər” adlı şəxsin narkotik vasitələri saxlaması və gəzdirməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. (iş vərəqə 4) Belə ki, iş üzrə şahidlər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olduğunu bildirsələr də, əslində araşdırma zamanı tərtib edilmiş raportda və Əmrdə bu barədə hər hansı qeyd göstərilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin məhz satışı ilə məşqul olması barədə əməliyat məlumatı daxil olmamışdır. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında dindirilərək Təqsirləndirilən şəxs ümumiyyətlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmamasını, təhqiqat orqanına verdiyi izahatında, ibtidai istintaqı aparan müstəntiqə verdiyi ilkin ifadələrində isə üzərindən aşkar edilmiş maddəni tapdığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Təqsirləndirilənin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa, cinayət işinin 119-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 iyul 2023-cü il tarixli «mobil telefona keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd «Samsung» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat müəyyən edilməmişdir. Ümumiyyətlə ibtidai istintaq dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həqiqətən narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə sübut əhəmiyyətli hal müəyyən edilməmişdir. Həmçinin, cinayət işinin 107-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 iyul 2023ci il tarixli, 4421 №-li rəyidən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının 10 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-nin 234.3-cü maddəsi ilə məsuliyyət yaratmır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan maddələrin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda iki qram və ondan artıq miqdarda «heroin» isə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsinin əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ifadələrində göstərmişdir ki, onun üzərindən narkotik maddə aşkar edilməmişdir, polis əməkdaşları tərəfindən ona Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə cinayət işi açılacağı deyildiyindən, o, istintaq vaxtı polis əməkdaşlarına inanıb protokolları və izahatı imzalamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi izahatından və ifadələrindən fərqli ifadələr verməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı verdiyi ilkin izahatının və ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığı qənaətinə gəlir. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oglunun həmin ifadələrinin məhkəmədə araşdırılıb öz təsdiqini tapmış sübutlara deyil, onun subyektiv mülahizələrinə əsaslanan və özünün müdafiəsinə yönələn cəhdlər kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 iyun 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 01 iyul 2023-cü il tarixli, 8911 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 107-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 iyul 2023-ci il tarixli, 4421 №-li rəyidən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş, məhkəmə elektron informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı – xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 11 aprel 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-ci vərəqəsində olan 11 aprel 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 73-76-cı vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 4(010)-169/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5.465 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5.465 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1960/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1960/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver