Məhkəmə qərarları › İş №1(101)-1961/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1961/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1961/2023 11.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1976-cı il tarixda Bakı şəhərinda doğulmuş, Azarbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-1-ci, 177.2.4-cü, 29,180.2.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,287 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 aprel 2023-cü il tarixdə saat 21:30-da Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 22:30-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümdə külli miqdarda - təmiz çəkisi 2,287 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən və marixuanadan istifadə etmişdir. 13 aprel 2023-cü il tarixdə saat 21:30-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində yerləşən fərdi yaşayaş evinin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün onu şəxsi axtarış aparılması məqsədi ilə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra o, könüllü olaraq polis əməkdaşları ilə birlikdə həmin Polis Şöbəsinə getmişdir. Orada öz razılığı ilə müdafiəçinin iştirakı olmadan ona hüquq və vəzifələri izah edilərək üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı qeyri-qanuni əşyanın olub-olmadığı soruşulmuş, o da əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra, polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, amma başqa heç bir qeyriqanuni əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun təqdim etdiyi bükümə baxış keçirilmişdir. Şifahi sorğu zamanı həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini 13 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yerdə əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Yalnız narkotik vasitənin çəkisi ilə razı deyil, onda aşağı çəki olmuşdur. Qalan məsələlər düzdür. Məhkəmədən əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdi ki, 13 aprel 2023-cü il tarixdə xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərlərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə şöbənin rəhbərliyinə müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Davudoğlu küçəsində saxlanılmışdır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edərək 4-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün onlarla birlikdə 4-cü Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Həmin şəxs onların dediklərindən narahatçılıq keçirmiş, amma Polis Şöbəsinə getməkdən imtina etməyərək onlarla birlikdə Binəqədi rayon Polis İdarəsinin 4cü Polis Şöbəsinə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atmamasına və ya gizlətməməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Bu barədə raportla Polis Şöbəsinin rəhbərliyinə məlumat verdikdən sonra faktın araşdırılması təhqiqatçı Məmmədhüseyn Əliyevə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə hər hansı qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş və bükümün içərisindəki maddə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki heroini 13 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» deyilən yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar həm protokolu, həm də zərfin üzərini imzalamaqla təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi X2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 103-104). Şəxsi axtarış və götürmə aparılması haqqında 13 aprel 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin əks olunduğu DVD diskdən görünür ki, Binəqədi rayon Polis İdarəsinin 4-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən ona üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, sonuncu da əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Emil Məstənovun təqdim etdiyi bükümə baxış keçirildikdə onun içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni 13 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində Nəsimi rayonu, “Kubinka” deyilən ərazidən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş kütlə bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün № 173” möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 32-34, 70). Məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2023-cü il tarixli, 6/2195 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 173» dairəvi möhür əksi və «..Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; Təqsirləndirilən şəxs - imza, iki - imza, Təhqiqatçı: M.Əliyev - imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 2,287 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasmın Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,187 qram təşkil etmişdir (cild 1, iş vərəqə 38-42). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 iyul 2023-cü il tarixli, 4503 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur (cild 1, iş vərəqə 107-108). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 iyul 2023-cü il tarixli 1970 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 109-111). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 14 aprel 2012ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 05 iyul 2016-cı il tarixli qırarı ilə Azərbaycan Respublikası Mili Məclisinin 20 may 2016-cı il tarixli amnistisiya qərarına əsasən cəzası 6 ay azaldılmış, 16 iyul 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-1-ci, 177.2.4-cü, 29,180.2.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqə 87-100) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məstanov X3 rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin çəkisinin az olması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 13 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 18, 20, 76-82). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,187 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 140,145,150, 208). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Mirzəyev və partnyorları" Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,187 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Mirzəyev və partnyorları" Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar