Məhkəmə qərarları › İş №1(101)-1963/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1963/2025

27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1963/2025 27.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X10 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1982-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Saatlı şəhəri, M.F.Axundov küçəsi ev 4-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz evdə yaşayan, 30 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 01 sentyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisələrində saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsindən ibarət satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamış, həmçinin cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. İşin faktiki halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən cəzaçəkmə müəssisəsində satışını təşkil etmək, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı çəzaçəkmə müəssisəsində saxlanılan əri Şahid2 ilə uzunmüddətli görüş zamanı sonuncuya vermək məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,784 qram olan xeyli miqdarda narkotik vasitə hesab edilən metadonu və təmiz çəkisi 2,308 qram olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə-qurudulmuş marixuana və metadon, habelə 01 ədəd işlək vəziyətdə olan 070 ***-**-** «Nar» mobil nömrə sim kartını düz bağırsağında yerləşdirməsinə baxmayaraq 29 avqust 2024-cü il tarixdə 16:30-da Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı çəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən görüşdən öncə xüsusi ayrılmış otaqda üzərinə baxış keçirilən zaman düz bağırsağından çəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanaiarında saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş 01 bükümdə təmiz çəkisi 0,784 qram xeyli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasİtə-metadon, 2,308 qram bitki mənşəli kütlə-tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və 01 ədəd işlək vəziyətdə olan 070 ***-**-** «Nar» mobil nömrə sim kartı aşkar edilərək ondan götürüldüyündən çəzaçəkmə müəssisələrində saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla ötürülməsinə bilavasitə cinayət törətməyə qəsdən yönəlmiş əməlini, öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək çəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, evdə köhnədən qalmış narkotik vasitə olduğunu, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni gətirməsini onun dediyini, Vəfanın evdə narkotik vasitə olmasından xəbəri olmadığını, narkotik vasitəni evdə özünün gizlətdiyini bildirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, həbsdə olan müddətdə narkotik vasitənin növündən asılı olmayaraq istifadə etdiyini, məhkumlar arasında narkotik vasitələrin alqı-satqısının olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitəni evdən gətirməyi özünün dediyini, cəzaçəkmə müəssisəsinə keçirtmək üsulunu da özünün öyrətdiyini, mobil nömrəni gətirməyi də özünün istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi PX-nin 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsinin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, o, 8 saylı cəzaçəkmə müəssisəsində xidmət aparır. 2007-ci ildən ədliyyə orqanlarında xidmət edir, hal-hazırda xidmətini 8 saylı cəzaçəkmə müəssisəsində davam etdirir. xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman saat təxminən 16:30-da 1-ci rejim korpusunun 14 saylı kamerasında cəzaçəkən məhkum Şahid2 yanına uzun müddətli görüşə gələn həyat yoldaşı Təqsirləndirilən şəxs üzərinə xüsusi ayrılmış otaqda qadın əməkdaş olan nəzarətçi, ədliyyə giziri Şahid7 tərəfindən baxış keçirilmişdir. Keçirilmiş axtarış və baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs düz bağırsağından 01 ədəd bükümdə ağ sellofana bükülmüş içərisində 01 ədəd bükümdə qəhvəyi rəngli bitki tərkibli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə, 01 ədəd bükümdə isə kristal şəkilli, narkotik vasitəyə bənzər maddə, həmçinin 01 ədəd "xxxx" MMC-yə aid mobil nömrə sim kartı aşkar edilib götürülmüşdür. Həmin narkotik vasitələri haradan əldə etdiyi və nə üçün gətirdiyi barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanımadığı bir qadından 28 avqust 2024cü il tarixdə onun mobil telefonuna zəng nəticəsində əlaqə saxlayaraq Binə qəsəbəsində yerləşən “Grand marketin” qarşısında görüşərək ağ sellofana bükülümş vəziyyətdə əldə etdiyini və 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən əri Şahid2 çatdırmaq üçün gətirdiyi bildirmişdir. X7 üzərindən axtarış zamanı saxlanılması və istifadəsi məhkumlara qadağan edilmiş digər əşya və maddələr aşkar edilməmiş, aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr hal şahidlərinin iştirakı ilə qablaşdırılmış və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi PX-in 8 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid3, Şahid7 və Şahid8 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı Şahid6 ifadəsində göstərmişdir ki, 29 avqust 2024-cü il tarixdə xidmətdə olduğu zaman saat təxminən 16:30-da 1-ci rejim korpusunun 14 saylı kamerasında cəzaçəkən məhkum Şahid2 yanına uzun müddətli görüşə gələn arvadı X4 üzərinə xüsusi ayrılmış otaqda qadın əməkdaş olan nəzarətçi, ədliyyə giziri Şahid7 tərəfindən baxış keçirilmişdir. Keçirilmiş axtarış və baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs düz bağırsağından 01 ədəd bükümdə ağ sellofana bükülmüş içərisində 01 ədəd bükümdə qəhvəyi rəngli bitki tərkibli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə, 01 ədəd bükümdə isə kristal şəkilli, narkotik vasitəyə bənzər maddə, həmçinin 01 ədəd "xxxx" MMC-yə məxsus mobil nömrə aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitələri haradan əldə etdiyi və nə üçün gətirdiyi barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı bir qadından 28 avqust 2024cü il tarixdə mobil telefonuna zəng nəticəsində əlaqə saxlayaraq, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Grand marketin” qarşısında görüşərək ağ sellofana bükülmüş vəziyyətdə əldə etdiyini və 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən əri Şahid2 çatdırmaq üçün gətirdiyi bildirmişdir. Axtarış zamanı X7 üzərindən saxlanılması və istifadəsi məhkumlara qadağan edilmiş digər əşya və maddələr aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr hal şahidlərinin iştirakı ilə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan 29 avqust 2024-cü il tarixli “axtarış və götürmə” protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində müəssisənin 1-ci rejim korpusunun 14 saylı kamerasında xüsusi rejimdə cəza çəkən məhkum Şahid2 yanına uzun müddətli görüşə gəlmiş həyat yoldaşı vətəndaş X4 (şəxsiyyət vəsiqəsinin seriya AA 6261352), üzərinə xüsusi ayrılmış otaqda qadın əməkdaş tərəfindən axtarış baxış keçirilərkən, düz bağırsağında gizlədilmiş 01 ədəd ağ selafona bükülmüş vəziyyətdə içərisində 01 bükümdə yaşıl rəngdə bitki tərkibli narkotik vasitəyə, 01 bükümdə isə kristal şəkilli psixotrop maddəyə bənzər vasitələr və 01 ədəd işlək vəziyətdə olan (070 302-63-78) “Nar” mobil nömrə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən saxlanılması və istifadəsi məhkumlara qadağan edilmiş digər əşyalar aşkar edilməmişdir. Tədbir həyata keçirilərkən və protokol imzalanarkən iştirakçılar tərəfindən heç bir şikayət, təklif və vəsatət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxıl olmuş 30 avqust 2024-cü il tarixli, 6/4379 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı X3 üçün” dairəvi möhür əksi, ‘‘Vətəndaş Təqsirləndirilən şəxs xüsusi ayrılmış otaqda ..axtarış baxış keçirilərkən 01 ədəd sellofanda bükülmüş vəziyyətdə 01 ədəd bükümdə kristal şəkilli psixotrop maddəyə bənzər maddə götürülmüşdür. Təqsirləndirilən şəxs (imza) ” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,784 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-metandondur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxıl olmuş 30 avqust 2024-cü il tarixli, 7/1450 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs xüsusi ayrılmış otaqda 01 bükümdə yaşıl rəngdə bitki tərkibli narkotik vasitəyə bənzər.. ..” yazı və imzalar olan zərfdə 01 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 2,308 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 01 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung A20” markalı mobil telefona baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 noyabr 2024-cü il tarixli, 7108 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nətiəcəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün hər hansı sübut təqdim etməmiş, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci və 29, 317-1.1-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz ünvanda övladları ilə birlikdə yaşayır, evlidir, əvvəllər məhkum olunmamışdır. Əri Şahid2 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbs olunmuş və 9 il azadlıqdan məhrumeimə cəzasına məhkum edilmişdir. 29 avqust 2024-cü il tarixdə saat 16 radələrində 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən əri Şahid2 yanına uzun müddətli görüş üçün, yəni 3 gün müddətinə gəlmişdir. Nəzarət buraxılış məntəqəsində olarkən müəssisənin əməkdaşları gətirdiyi sovqatda və üzərində hər hansı qadağana olunmuş əşyaların olub-olmadığını soruşaraq ondan iltizam aldılar. O da, iltizamla tanış olaraq imza çəkmişdir. Üzərinə nəzarət buraxılış məntəqəsində xüsusi ayrılmış otaqda qadın əməkdaş tərəfindən axtarış keçirilərkən anus dəliyindən 02 ədəd ağ sellofana bükülmüş vəziyyətdə ağ və qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələri və 01 ədəd mobil nömrə aşkar olunaraq götürülmüşdür. Bununla bağlı bildirmək istəyirəm ki, həmin narkotik vasitələri 28 avqust 2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən tanımadığı bir nəfər qadın ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək onunla danışmış və görüş yeri təyin etmişdir. 28 avqust 2024-cü il tarixdə həmin qadınla Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Grand” marketin qarşısında görüşmüşdür. Həmin qadınla görüş zamanı həmin qadın ona ağ sellofana bükülmüş narkotik vasitə otduğunu bildirdiyi bükümü və bir ədəd "xxxx" operatoruna məxsus mobil nömrəni verərək 8 saylı cəzaçəkmə müəsissəsində cəza çəkən əri Şahid2 çatdırmağını bildirmişdir. Bundan sonra isə 29 avqust 2024-cü il tarixdə həmin narkotik vasitəni və mobil nömrəni anus dəliyindən düz bağırsağına keçirib 8 saylı əməkdaşları tərəfindən üzərinə baxış zamanı düz bağırsağımdan aşkar edilərək götürülmüşdür. O, narkotik vaistəni verən qadının anket məlumatlarını bilməmiş, həmin qadın ona adını bildirməmiş, o, həmin qadınla ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. O, xx.xx.2024-cü il tarixdə əri məhkum Şahid2lə danışarkən, əri üstüqapalı şəkildə ona bir nəfərin zəng edəcəyi və həmin şəxsdən narkotik vasitə götürüb cəzaçəkmə müəssisəsinə gətirməyini istəmişdir. Ona qarşı heç bir fiziki zor və təzyiq olunmamış, əvvəllər həmin şəxsdən narkotik vasitə əldə etməmiş, həmin narkotik vasitəni qadından götürən zaman pul verməmiş, əvvəllər heç vaxt heç kimə narkotik vasitə satmamış və heç vaxt narkotik vasitə istifadə etməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, narkotik vasitəni götürdüyü qadını tanımadığını, həyat yoldaşının onu tanıyıb-tanımamasından xəbərsiz olduğunu, narkotik vasitəni CÇM-nə keçirtmək üsulunu ona Şahid2 dediyini bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 3 - Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Maddə 8.1 - Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 29 - Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Maddə 41.2 - Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 58.3 - Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 - Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 66.3 - Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Maddə 69.3 - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 99-1.2. məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1 - Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124 - İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145 - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8 - Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2 - Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6 - Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132 - Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1 - Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən narkotik vasitə metadonun çəkisi 0,02 qramdan artıq xeyli miqdar, 1,6 qramdan artıq külli miqdar, 160 qramdan artıq olduqda xüsusilə külli miqdar və narkotik vasitə qurudulmuş marixuananın çəkisi 5 qramdan artıq xeyli miqdar, 500 qramdan artıq külli miqdar, 50000 qramdan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9 - Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarı Qərarın 17-ci bəndi - Cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində saxlanılan şəxsin satış məqsədi olmadan xeyli miqdardan az miqdarda narkotik vasitə və ya psixotrop maddə hazırlaması, saxlaması, gəzdirməsi yalnız CM-in 317-2-ci maddəsi ilə, belə şəxslərə narkotik vasitə və ya psixotrop maddəni bilavasitə və yaxud cinayətdən xəbərsiz olan şəxs vasitəsilə ötürən şəxsin əməli isə bütün hallarda narkotik vasitənin yayılmasına yönəlməklə ictimai-zərərli məzmun daşıyan şəxsi maraqla şərtləndirildiyindən, CM-in 317-1-ci maddəsi ilə yanaşı, narkotik vasitənin və ya psixotrop maddənin miqdarı külli və xüsusilə külli miqdar təşkil etmədikdə CM-in 234.3-1-ci maddəsi ilə, külli və ya xüsusilə külli miqdar təşkil etdikdə isə müvafiq olaraq CM-in 234.4.3-cü və ya 234.4-1-ci maddəsi, habelə CM-in 317-1-ci maddəsi ilə tövsif olunmalıdır. Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitə metadon və qurudulmuş marixuana qadağan olunmuş əşyalardır və narkotik vasitə metadonun miqdarı qüvvədə olan qanunvericiliyə əsasən xeyli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Şahid2 “Vəfanın evdə narkotik vasitə olmasından xəbəri olmaması, narkotik vasitəni evdə özünün gizlətməsi barədə məhkəmə iclasında verdiyi ziddiyyətli ifadə ilə bağlı hesab edir ki, Şahid2 təqsirləndirilən şəxsin həyat yoldaşıdır, iş üzrə maraqlı şəxsdir və onun xeyirinə ifadə verməklə onu cinayət məsuliyyətindən yayındırmağı hesab edir, lakin onun ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, barəsində Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Ağır Cinayətlər Məhkəməsinin çıxarmış olduğu hökmlə hal-hazırda Ədliyyə nazirliyi Penİtensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müsəssisəsində cəza çəkir. Rəsmi nigahda olduğu arvadı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 8 saylı Cəzaçəkmə Müsəssisəsinə görüşə gələn zaman üzərindən 01 ədəd ağ sellofana bükülmüş vəziyyətdə içərisində 01 ədəd bükümdə narkotik vasitə marixuana və 01 ədəd bükümdə narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Bununla bağlı onun heç bir əlaqəsi, məlumatı və aidiyyəti olmamışdır. xx.xx.2024-cü il tarixdə arvadı X8 ilə telefonla danışarkən, Vəfaya kimdənsə narkotik vasitə götürməsi və cəzaçəkmə müəssisəsinə aparıb verməsini istəməmiş, onların bu barədə danışığı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində dedikləri yalandır, həqiqətə uyğun olmamışdır. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olması barədə onun heç bir məlumatı olmamış, arvadı Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefonuna zəng etdiyini, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni necə gətirməsindən, haradan əldə etməsindən məlumatı olmamışdır. Bundan başqa Cəzaçəkmə müəssisələrinin X6 3-cü fəsilinin 11-ci maddəsinə əsasən, məhkumlarla qısa və uzunmüddətli görüşlərin keçirilməsi, sovqatların qəbul edilməsi, bağlama və banderollara, habelə müəssisəyə daxil olan və çıxan şəxslərə və onların əşyalarına baxış keçirilməsi üçün cəzaçəkmə müəssisəsinin ərazisində girişi açıq olan xüsusi otaqlar təşkil olunur və onlar bu Qaydalarda göstərilmiş zəruri avadanlıqlarla təchiz edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət hadisəsini cəzaçəkmə müəssisəsinin ərazisində törətmişdir, onun əməli başa çatmış cinayətdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə sonuncuya qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 30 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Prokurorunun 01 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmiş, 01 sentyabr 2024-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 avqust 2024-cü il tarixdən 01 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 55-ci bəndinə əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladı 22 may 2010-cu il təvəllüdlü X9 (FİN № 6S8SGSE) hazırda Təqsirləndirilən şəxs himayəsindədir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladı, 22 may 2010-cu il təvəllüdlü X5 (FİN № 6S8SGSE) hökm qanuni qüvvəyə mindikdən sonra yenidən qəyyumluğa verilməsi məsələsi həll edilməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,258 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana və 0,634 qram təşkil edən narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 21 (iyirmi bir) iş saatı üçün 231 (iki yüz otuz bir) manat məbləğində vəsait Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhər 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə 04 (dörd) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 avqust 2024-cü il tarixdən 01 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 04 (dörd) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 27 fevral 2026-cı il tarixdən, saat 16:15-dən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboru vasitəsi ilə Bakı İstintaq Təcridxanası olaraq müəyyən edilsin. Təqsirləndirilən şəxs himayəsində olan yetkinlik yaşına çatmayan övladı 22 may 2010-cu il təvəllüdlü X5 (FİN № 6S8SGSE) aidiyyəti qəyyumluğa verilməsi məsələsinin həll edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin və hökm bu hissədə dərhal icra edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,258 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 0,634 qram təşkil edən narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) iş saatı üçün 231 (iki yüz otuz bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar