Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1966/2022 12.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 20,881 qram təşkil edən kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 iyul 2022-ci il tarixdə saat 17:20 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, idarədə onun üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli cins şalvarının sağ kiçik cibindən bir ədəd sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 20,881 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, onun əsəbləri narahat olduğundan özünü sakitləşdirmək üçün “şüşə” kimi deyilən metamfetamindən istifadə etməyə başlamışdır. 2019-cu ildə Almaniya Federativ Respublikasına getmiş, orada Degenburf şəhərində yaşamış, orada yaşadığı müddətdə də psixotrop maddədən istifadəni davam etdirmiş və onun aludəçisinə çevrilmişdir. 2022-ci ilin iyul ayında Azərbaycana qayıtmışdır. 20 iyul 2022-ci il tarixində yaşadığı fərdi evin həyətyanı sahəsində gəzdiyi zaman yerdə şəffaf sellofan büküm tapmış, həmin bükümə baxdığı zaman içərisində “şüşə” kimi bildiyi metamfetamin olduğunu görmüş, həmin maddədən istifadə etmək üçün bükümü götürərək üzərində saxlamış və ehtiyacı yarandığı halda istifadə etməyi planlaşdırmışdır. 21 iyul 2022-ci il tarixdə gündüz saatlarında özünə köynək almaq üçün Bakı şəhərinin mərkəzinə getmiş, şəhərə yollanarkən tapdığı metamfetamini də əynində olan tünd boz rəngli cins şalvarının sağ kiçik cibinə qoymuş, şəhərdə işlərini yekunlaşdırdıqdan sonra yaşadığı Balaxanı qəsəbəsinə qayıtmışdır. Balaxanıda stansiyada düşərək yaşadığı evə doğru gedərkən evin yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin şəxslər özlərini təqdim edərək Sabunçu rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra həmin şəxslər narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi izah edilməklə onu polis idarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. İdarədə şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilərək dövlət hesabına vəkillə təmin edilməklə hüquq və vəzifələri ona izah edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, bununla bağlı qərar qəbul edilmiş, həmin qərarla o tanış edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra şəxsi axtarışın videoçəkilişlə aparılmaqla keçiriləcəyi bildirilmiş və hər hansı etirazının olubolmaması soruşulmuş, o da heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış başlamamışdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən nəsə olub-olmaması soruşularaq, belə bir şeylər varsa təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra əynindəki tünd boz rəngli cins şalvarın sağ kiçik cibindən bir ədəd şəffaf sellofan bükümdə olan “şüşə” kimi bildiyi metamfetamini, şalvarın sağ yan cibindən bir qutu “West” markalı siqareti, iki ədəd alışqanı, şalvarın sol yan cibindən kağız və qəpik pulları, bir ədəd “BakıKart” kartını, şalvarın arxa sağ cibindən bir ədəd “Xiaomi” markalı mobil telefonu və şalvarın sol arxa cibindən isə bir ədəd qara rəngli qulaqcığı çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə olan maddəyə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman kristal şəkilli “şüşə” kimi tanıdığı psixotrop maddə aşkar edilmişdir. Polis əməkdaşları maddənin nə olduğunu soruşduqları zaman onun “şüşə” kimi adlandırılan metamfetamin olduğunu, metamfetamini yaşadığı evin həyətyanı sahəsindən tapdığını, əsəbləri yerində olmadığı üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra təqdim etdiyi pullar, siqaret, iki ədəd alışqan, bir ədəd qulaqcıq, bir ədəd “BakıKart” kartı özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş “şüşə” kimi adlandırılan metamfetamin bir zərfdə, “Xiaomi” markalı mobil telefon isə digər zərfdə qablaşdırılmış, qablaşmanın üzərini digər iştirakçılarla birlikdə imzalamışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş həmin metamfetamini əldə etdikdən sonra istifadə etməmiş, satmamış, kiməsə verməmişdir. O, narkotik vasitələrin yaxud psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Saxlanılan, tutulan və üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və ya fiziki təsir edilməmişdir. Narkotik vasitə və yaxud psixotrop maddələrin satışı ilə məşğul olmadığı üçün özünü Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilmir. Məhkəmədən əməlindən səmimi peşman olmasının nəzərə alınaraq istifadəçi kimi təqsirli bilinməsini və ona mümkün olan ən yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunaraq ondan və Sabunçu rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Tədbirlərin icrası olaraq 21 iyul 2022-ci il tarixdə saat 17:20-də Şahid2la birlikdə Balaxanı qəsəbəsi, Sadıqcan küçəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında sonuncuya yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun narkotik vasitə və ya psixotrop maddələri əldə edərək üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu bildirərək onlarla birlikdə ı barədə Sabunçu rayon Polis İdarəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin inzibati binasına gəlmişdir. Polis idarəsində baş müstəntiq Elvin Nəsibov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd boz rəngli cins şalvarın sağ kiçik cibindən bir ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən bir qutu “West” markalı siqareti, iki ədəd alışqanı, şalvarın sol yan cibindən nəğd kağız və qəpik pulları, bir ədəd “BakıKart” kartını, şalvarın arxa sağ cibindən bir ədəd “Xiaomi” markalı mobil telefonu və şalvarın sol arxa cibindən isə bir ədəd qara rəngli qulaqcığı çıxardıb stolun wz’rin’ qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, onun üzərindən əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman onun içərisindən kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq aşkar edilmiş maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu, həmin kütləni yaşadığı fərdi evin həyətyanı sahəsindən tapdığını, əsəbləri onu narahat etdiyi üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 83 manat, 10 avro, habelə qəpik pullar, siqaret, alışqanlar, qulaqcıq, bir ədəd “BakıKart” kartı onun özünə qaytarılmış, bir ədəd sellofan bükümdə olan kristal şəkilli psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə və bir ədəd “Xiaomi” markalı mobil telefon ayrı-ayrılıqda zərflərdə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və zərflərin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı təsir və təzyiq edilməmiş, saxlanılan şəxs özünü səmimi aparmış, istifadəçi olduğunu deyib ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 21 iyul 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videoçəkilişinin köçürüldüyü bir ədəd DVD diskdən görünür ki, şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 32-34, 91). Məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2022-ci il tarixli 6/3980 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 48” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazısı və imzalar olan kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 20,881 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 20,781 qram təşkil etmişdir (cild 1, iş vərəqə 45-49). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 iyul 2022-ci il tarixli 4006 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 51-52). Ambulator məhkəmə psixiatrik ekspertizasının 08 oktyabr 2022-ci il tarixli 2677 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda xroniki psixi xəstəlikdən əziyyət çəkmir. Onda psixoaktiv maddələrin - kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, davranış pozuntuları ilə müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 106-108). İş üzrə istintaq orqanının verdiyi əməliyyat tapşırığına cavab olaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli 51141- 1222 saylı cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun psixotrop maddəni aldığı şəxsin, əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəsi və satması barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur (cild 1, iş vəqəqə 101). Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə ibtidai istintaq orqanının 25 oktyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 119-120). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 97-98). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki hallar ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 21 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 79-80). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 iyul 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 20,781 qram təşkil edən iş üzrə maddi sübut kimi tanınmış metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən, sübut növü kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq çəkisi 20,781 qram təşkil edən metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Mərkəz” Vəkil Bürosunun hesabına vəkil X3 üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1966/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1966/2022
12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver