Məhkəmə qərarları › İş №1(101)-1966/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1966/2025

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1966/2025 10.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Füzuli rayonu, Merdinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qaraxanbəyli Ə/D, Merdinli kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda tanışı Şahid3 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan şəxslərdən, digər naməlum şəxslərə satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 225,200 qram narkotik vasitə heroini, külli miqdarda təmiz çəkisi 162,401 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq Şahid3la birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 187 saylı orta məktəbin inzibati binasının yaxınlığına qədər daşımış, əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanışı Şahid3 verərək 11 iyun 2025-ci il tarixdə saat 23.00 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 187 saylı orta məktəbin yaxınlığında olarkən polis əməkdaşlarını görüb oradan qaçmış Şahid3 isə həmin yerdə saxlanılaraq üzərinə aparılmış şəxsi baxış və axtarış keçirilən zamanı əlində saxladığı bir ədəd selofan torbasının içərisində bir bağlamada təmiz çəkisi 225,200 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bağlamada içərisində təmiz çəkisi 162,401 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Şam Mahmudlusu kəndində otlaq sahədə işlədiyi zaman 1 ədəd içərisində metamfetamin və heroin olan sellofan torbada bağlama tapmışdır. Kamal adlı şəxsi hadisədən qabaq tanımışdır. Kamal adlı şəxslə narkotik vasitələrlə nə edəcəklərini sonradan müzakirə etmişlər. Yaşar adlı şəxsi uşaqlıqdan tanıyır. Kamalla tapdığı narkotik vasitələrin bir hissəsini «prob» üçün Yaşarla birlikdə təhvil vermişdir. Sonra Kamal adlı şəxs onlarda olan narkotik vasitələri ümumilikdə 5000 manata sata biləcəklərini bildirmişdir. Baş verən hadisəyə qədər ümumiyyətlə narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmiş və onların satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, oxuya və yaza bilmədiyinə görə ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalamışdır. Bakıya Yaşarın təklifi ilə gəlmişdir. Narkotik maddələrin satışı məsələsi ilə Yaşar məşğul olmuşdur. Yaşar polis əməkdaşları tərəfindən saxlanılandan təxminən 3 ay sonra o, saxlanılmışdır. Narkotik vasitələri tapdıqdan sonra Yaşar həmin vasitələri kiməsə sata biləcəklərini demişdir. Ancaq nəticədə həmin vasitələri alacaq şəxsi tapa bilməmişlər. Narkotik vasitələri tapdıqdan təxminən 10 gün sonra Yaşar polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitələri tapdıqdan sonra onları evinin həyətindən bir qədər kənarda Yaşarla birlikdə gizləştmişlər. Həmin narkotik vasitələrdən o, Yaşar və Kamal adlı şəxslər xəbərdar olmuşlar. Yaşarla piyada hərəkət etmişlər. Yaşar yolu keçmiş, ancaq o, yolu keçmək istəyərkən yoldan maşın keçmişdir. Sonra bir neçə nəfərin Yaşara yaxınlaşdıqlarını görərək ərazidən uzaqlaşmışdır. Hadisə baş verən zaman ***-***- **-** və ***-***-**-** nömrələrindən istifadə etmişdir. Narkotik vasitələri tanımadıqları bir şəxsə 5000 AZN müqabilində sata biləcəklərini onlara Kamal adlı şəxs bildirmişdir. 3 övladı var. O, Yaşar saxlanılandan təxminən 3 ay sonra yaşadığı evdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin narkotik vasitə və psixotrop maddə Yaşara məxsus olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar Azər adlı şəxsin tutulmasında iştirak etməmiş, Yaşar adlı şəxsi tutmuşlar. Sonuncu onlara üzərində olan narkotik vasitənin Azərə məxsus olduğunu və həmin narkotik vasitəni Günəşli və Maştağa qəsəbələrində müəyyən şəxslərə vermək müqabilində Azərin onun lombardda olan telefonunu çıxardacağını bildirmişdir. Şahid1 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, onlar Azərin yox Yaşarın tutulmasında iştirak etmişlər. Yaşarı 184 nömrəli orta məktəbin yaxınlığında tutmuşlar. Yaşar həmin vaxt piyada olmuşdur. Yaşarı saxlayan zaman Azər orada olmamışdır. Azəri sonradan digər əməliyyatçılar saxlamışlar. Yaşar həmin narkotik vasitənin Azərə məxsus olduğunu və həmin narkotik vasitəni Azərin bildirəcəyi şəxslərə verəcəyini bildirmişdir. Yaşarı saxlayan zaman Günəşli qəsəbəsində bir nəfərə 25 manat müqabilində narkotik vasitə verdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, Azər onun həmyerlisidir, ondan bir neçə yaş böyükdür, Azərin hazırda 35-36 yaşı var, Azər hazırda Füzuli rayonu, Qarabağ kəndində yaşayır. Azər əvvəllər təxminən 7-8 ay əvvəl «051» və ya «050» *** ** ** saylı nömrəni işlətmişdir. Hazırda hansı nömrəni işlətdiyini xatırlamır. ), 2017-ci ildə hərbi xidmətdə olduğu vaxt ilk dəfə narkotik vasitə qurudulmuş marixuananın dadına baxıb həmin narkotik vasitəni istifadə etməyə başlamışdır. Narkotik vasitəni o, nadir hallarda istifadə edirdi, çünki asılılığı yaranmamışdır. Azərin də narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu bilirdi, Azər həmçinin narkotik vasitələrin satışı ilə məşğul olurdu. Azərlə aralarında olan söhbət əsnasında Azər ona demişdir ki, müxtəlif tanışlarından İran İslam Respublikasının vətəndaşlarından müxtəlif növlu narkotik vasitələri alır, həmin narkotik vasitələri o, hissələrə bölüb ona iranlılar tərəfindən deyilən yerlərə qoyub lokasiyaları və işarə olunmuş fotoşəkilləri çəkib iranlılara göndərir, həmin şəxslərdə ona bunun müqabilində pullar ödəyirlər. Azər heç bir yerdə işləmir, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub özünü dolandırır. Bildiyinə görə Azər ailəlidir və 3 qız övladı var. 2025-ci ilin may ayının ortalarında o, Füzuli rayonundan Bakı şəhərinə gəzməyə gəlmişdir. Bakıda o, “Dərnəgül” deyilən yerdə yerləşən dayısı Vəlinin yaşadığı evində bir neçə günlük qonaq qalmışdır. Maddi vəziyyəti pis olduğuna görə o, özünə məxsus olan «OPPO» markalı mobil telefon aparatını (***-***-**-**, ***-***-**-**) sim nömrələrlə birlikdə xatırlamadığı lombardların birinə girov qoyub 100 manat məbləğində pulu götürüb Füzuli rayonuna qayıtmışdır. Təxminən iki ildir ki, o, ***-***-**-**, ***-***-**-** nömrələri istifadə edir, digər nömrəni istifadə etməmişdir. Füzuli rayonuna o, 2025-ci ilin may ayının axırlarında qayıtmışdır. Rayonda olduğu vaxt o, 2025-ci ilin iyun ayının əvvəllərində təsadüfən Azərlə görüşdü və Azər ona Bakı şəhərinə getməyə təklif etdi. O, ona bildirdi ki, maddi vəziyyəti pisdir və Bakıya getmək üçün pulu yoxdur, həmçinin mobil telefonunda lombardan çıxarda bilmir, çünki 100 manat borcu var. Azər ona dedi ki, onda bir torbada narkotik vasitə heroin və psixotrop maddə metamfetamin var, həmin maddələri o, Bakıda satıb pul əldə edəcək və həmin pulu bir birlikdə öz ehtiyyaclarına xərcləyəcəklər. Azər ona söz verdi ki, ona narkotik vasitəni satmağa köməklik göstərsə o, onun lombardda olan telefonuna görə olan 100 manat borcu ödəyib telefonunu çıxardacaq, ona təzə əyinbaş alacaq və onunla bir neçə gün Bakıda gəzəcək, müxtəlif yerlərdə yeyib içib əylənəcəklər. O, razılaşdığına görə təxminən 09-10 iyun 2025-ci il tarixdə o, Azərlə birlikdə Bakı şəhərinə gəlmişlər. Azər əlində saxladığı torbada narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özü ilə birlikdə Bakı şəhərinə gətirmişdir. Bakı şəhərini o, yaxşı tanımadığına görə konkret olaraq Azərlə hansı ünvanda qaldığını bilmədi. X2 qəsəbəsi olmuşdur. Azər hara gedirdi o da onunla birlikdə yanında olmuşdur. 10 iyun 2025-ci il tarixdə Azərlə o, Yasamal rayonu ərazisinə getdilər və orada tanımadığı ünvanda bir nəfər tanımadığı şəxslə görüşdü. Azər həmin şəxslə “Whatsapp”la danışandan sonra onunla görüşüb ona bir bükümdə 25 qram çəkidə psixotrop maddə metamfetamin verdi, o isə dedi ki, pulu həmin şəxs onun kartına atacaq, birlikdə xərcləyəcəklər. Həmin günü axşam saatlarında onlar qaldığları evlərinə qayıdanda Azər ona birlikdə psixotrop maddə metamfetamini birlikdə qəbul etməyi təklif etdi və o, razılaşdığına görə Azərlə birlikdə psixotrop maddə metamfetamin qəbul etdi. Həmin vaxtı o, ilk dəfə psixotrop maddə metamfetamini istifadə etdi. 11 iyun 2025-ci il tarixdə saat 23 radələrində o, Azərlə birlikdə sifariş etdikləri taksi ilə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 187 saylı orta məktəbin qarşısına gəldilər. Orada Azər kimləsə mobil telefonla danışıb ona bildirdi ki, həmin şəxsə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satmalıdır, əldə etdiyi pulları isə onunla birlikdə xərcləyəcək. Azərin əlində selofan torba olmuşdur, torbanın içərisində bir bükümdə narkotik vasitə heroin, bir bükümdə isə psixotrop maddə metamfetamin olmuşdur. Azər həmin narkotik vasitəni və psixotrop maddəni kimə satmaq istədiyini ona deməmişdir. 11 iyun 2025-ci il tarixdə saat 23.00 radələrində Azərlə birlikdə taksi ilə 187 saylı orta məktəbin qarşısına gəldilər, taksi isə çıxıb getdi, həmin vaxtı Azər ona əlində saxladığı torbanı verib xahiş etdi ki, həmin torbada olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini saxlasın. Özü isə telefonla kimləsə danışa-danışa kənara çəkildi. Bir neçə dəqiqədən sonra ona 3 nəfər mülki geyimdə olan polis əməkdaşları gəlib özlərini təqdim edərək videoçəkiliş aparmağa başladılar. Ona bildirdilər ki, o, narkotik vasitələrin satışında şübhəlidir və həmin vaxtı onların suallarına cavab verib bildirdi ki, əlində saxladığı torbanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlanılır. Həmin maddələrin tanışı Azər adlı şəxsə məxsus olduğunu bildirdi və polis əməkdaşlarına hamısını ətraflı danışdı. Bundan sonra ondan aşkar olunaraq götürülmüş bir bükümdə olan narkotik vasitə heroin və bir bükümdə olan psixotrop maddə metamfetamin qablaşdırılaraq götürüldü və o, 14-cü polis şöbəsinə dəvət olundu. Orada o, şübhəli səxs qismində tutuldu və hüquqlarını müdafiə etmək məqsədi ilə dövlət tərəfindən vəkillə təmin olundu, vəkilin iştirakı ilə tərtib olunmuş sənədlərlə tanış oldu, həmin sənədləri imzaladı və izahatı alındı. Törətdiyi cinayət əməlini tam etiraf etdi. Polis əməkdaşların suallarına cavab verərkən o, bildirdi ki, ondan aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamın tanışı Təqsirləndirilən şəxs məxsusdur. Bununla əlaqədar olaraq protokol tərtib olundu. Protokolu və zərfi o, imzaladı (cild 1, iş vərəqi 61-63). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş məhkəmə kimyəvi ekspertizasının 6/1757 saylı 12 iyun 2025-ci il tarixli rəyindən görünür ki, üzərində AR DİNnin «zərflər üçün №100» möhür əksi, «saxlanılan şəxs... Şahid3..» və s. adlar, soyadlar, imzalar olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 225,200 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 162,401 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin ümumi qalıq çəkisi 162,201 qram, narkotik vasitə heroinin qalıq çəkisi isə 225,0 qram təşkil edir (cild 1, iş vərəqi 39-43). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş məhkəmə-narkoloji ekspertizanın 5665 saylı xx.xx.2025-ci il tarixli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərin və psixrostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 188-189). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, narkotik vasitələrin saxlanılmasında və satışında şübhəli bilinən Şahid3 üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 11 iyun 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd «DVD» diskdə qeydə alınmış videoyazıya keçirilmiş baxış zamanı müəyyən olmuşdur ki, «HDNL0214» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 7 dəqiqə 1 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində küçədə saxlanılmış Şahid3 hüquq və vəzifələri izah olunduqdan sonra Şahid3 üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Şahid3 üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Şahid3 əlində saxladığı sellofan torbanın içərisində bir bükümdə narkotik vasitə heroinə və bir bükümdə psixotrop maddə metamfetaminə bənzər olan maddələr aşkar olunaraq götürülür. Şahid3 bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş bir bükümdə olan maddə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamindir, həmin narkotik vasitəni ona tanışı Azər adlı şəxs vermişdir. Həmin narkotik vasitəni və psixotrop maddəni Azər adlı şəxslə birlikdə satış məqsədi ilə əldə etdiyini etiraf etmişdir (cild 1, iş vərəqi 52). Cinayət işinin materiallarında olan “fotoşəkil üzrə tanınma” protokolundan görünür ki, istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxs Şahid3 fotoşəkilləri nəzərdən keçirib bildirdi ki, 4 rəqəmi ilə işarə olunmuş fotoşəkildə olan şəxs ona narkotik vasitə heroini və psixotrop maddə metamfetamini verən tanışı Təqsirləndirilən şəxsdur. 11 iyun 2025-ci il tarixdə saat 23 radələrində o, polis əməkdaşları tərəfindən saxlanılarkən əlində aşkar olunmuş sellofan paketin içərisində saxlanılan bir bükümdə narkotik vasitə heroini və bir bükümdə psixotrop maddə metamfetamini ona tanışı Təqsirləndirilən şəxs vermişdir (cild 1, iş vərəqi 79-80). Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” 3 iyul 2025-ci il tarixli qərardan görünür ki, Şahid3 aşkar olunaraq götürülmüş 1 ədəd bağlamada ümumi təmiz çəkisi 162,401 qram psixotrop maddə metamfetamin, 1 ədəd bağlamada ümumi təmiz çəkisi 225,200 qram narkotik vasitə heroin və Şahid3 üzərindən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 11 iyun 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd «DVD» disk işi üzrə maddi sübut kimi tanınmış, ekspertizanının tədqiqatından sonra qalan 162,201 qram psixotrop maddə metamfetamin və 225,0 qram narkotik vasitə heroin saxlanılması üçün Sabunçu RPİ-yə təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 94- 95). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 91). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 25). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 69-73). Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Fidan Məhərrəmova adlı bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 181). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2026-cı il tarixli 1(101)-1691/2025 saylı hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən Şahid3 “Azər” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət törətmişdir. Bundan başqa iş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat pulun Şahid3 tutularaq dövlət nəfinə keçirilməsi və maddi sübut kimi tanınmış Sabunçu RPİ-də saxlanılan Şahid3 aşkar olunaraq götürülmüş 1 ədəd bağlamada ekspertizanının tədqiqatından sonra qalıq çəkiləri 162,201 qram olan psixotrop maddə metamfetamin və 225,0 qram olan narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərara alınmışdır (cild 2). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətdiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 iyun 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 (yüz on) manat pulun Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2026-cı il tarixli 1(101)-1691/2025 saylı hökmü ilə Şahid3 tutularaq dövlət nəfinə keçirilməsinin qərara alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan Şahid3 aşkar olunaraq götürülmüş 1 ədəd bağlamada ekspertizanının tədqiqatından sonra qalıq çəkiləri 162,201 qram olan psixotrop maddə metamfetamin və 225,0 qram olan narkotik vasitə heroinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2026-cı il tarixli 1(101)-1691/2025 saylı hökmü ilə məhv edilməsinin qərara alınması nəzərə alınmalı; -Şahid3 üzərindən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 11 iyun 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 (yüz on) manat pulun Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2026-cı il tarixli 1(101)-1691/2025 saylı hökmü ilə Şahid3 tutularaq dövlət nəfinə keçirilməsinin qərara alınması nəzərə alınsın. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan Şahid3 aşkar olunaraq götürülmüş 1 ədəd bağlamada ekspertizanının tədqiqatından sonra qalıq çəkiləri 162,201 qram olan psixotrop maddə metamfetamin və 225,0 qram olan narkotik vasitə heroinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2026-cı il tarixli 1(101)-1691/2025 saylı hökmü ilə məhv edilməsinin qərara alınması nəzərə alınsın; -Şahid3 üzərindən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 11 iyun 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Eldar İsmayılov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar