Məhkəmə qərarları › İş №1(101)-197/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-197/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-197/2025 21.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Goranboy rayonu, Ağamalıoğlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Ağamalıoğlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib, saxlayıb, daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 14,960 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə saat 08:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 10:40-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,093 qram, 5,531 qram və 5,336 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 14,960 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. 21.10.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələr və narkotik vasitələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda psixotrop maddələr və narkotik vasitələri əldə edərək saxlamaqla daşıması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur.

4. 21.10.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.

5. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:50 dəqiqədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.

6. xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 27-29) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə saat 08:50 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4da yerləşən BMCMİ-nin inzibati binasına dəvət edildikdən sonra orada həmin tarixdə saat 10:40-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 03 ədəd sellofan büküm, şalvarının sağ yan arxa cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, əlindən saxladığı qara rəngli əl çantasının içərisindən 01 ədəd daraq, 01 ədəd dırnaqtutan, 01 ədəd pul qabı, pul qabının içərisindən 45 manat pul, 01 ədəd “Bakı kart” və onun özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 03 ədəd sellofan büküm, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş, 45 manat pul və digər əşyalar onun özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə prosesi 22 oktyabr 2023-cü il tarixdə saat 10:55də başa çatmışdır.

7. Məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5683 nömrəli rəyindən (cild 1, iş vərəqə 41-45) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°6" möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr...” və s. adlar, soyadlar, imzalar olan kağız paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,093 qram, 5,531 qram və 5,336 qram, ümumi təmiz çəkisi 14,960 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 14,960 qram, tədqiqata sərf edildi - 0,12 qram, qalıq - 14,840 qramdır.

8. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında qərardan (cild 1, iş vərəqə 68) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs cəlb edilməsi qərara alınmış və ona həmin addə ilə ittiham irəli sürülmüşdür.

9. xx.xx.2023-cü il tarixli 4(005)-1516/2013 saylı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 99-103) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixli, saat 08:50-dən hesablanması qərara alınmışdır.

10. 24.10.2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 104-105) görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 14,840 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməsi və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır.

11. 25.10.2023-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)- 1766/2023 saylı qərarından (cild 1, iş vərəqə 108) görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 21 oktyabr 2023-cü il tarixli qərarın qanuna uyğun hesab edilməsi qərara alınmışdır.

12. 25.10.2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 5(001)-2283/2023 saylı qərarından (cild 1, iş vərəqə 124-125) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 21 oktyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilməsi qərara alınmışdır.

13. 18 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verilmiş məktubdan (cild 1, iş vərəqə 143) görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır.

14. 25 noyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubdan (cild 1, iş vərəqə 141) görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetaminin onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmişdir. Bundan başqa onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi İlə məşğul olması barədə də əlavə əməliyyat məlumatı əldə edilmiş, lakin Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamin aldığı şəxsin müəyyən edilməsi, həmçinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddənin nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır.

15. Azərbaycan Respublikası Goranboy rayonu İcra Hakimiyyəti Başçısının X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən (cild 1, iş vərəqə 146-147) görünür ki, Təqsirləndirilən şəxs 5 ildən artıq müddətdir ki, həmin ərazidə yaşamır, ailə tərkibi atası Fərman Süleymanov, anası Məxluqə Kərimova və bacısı Lalə Kərimovadan ibarətdir, onlarda olan məlumata görə Bakı şəhərində yaşadığı müddətdə ailə həyatı qurmuş, valideynlərinin və qohumlarının toy mərasimlərində iştirak etməsinə etiraz etmişdir, onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır.

16. 07.12.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 148-149) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

17. Məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 6962 nömrəli ekspert rəyindən (cild 1, iş vərəqə 153-155) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatordan epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

18. Məhkəmə-kimyəvi ekspertizasının 07 noyabr 2023-cü il tarixli 3899/K nömrəli ekspert rəyindən (cild 1, iş vərəqə 155-158) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkoloidlərin (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi.

19. Məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2023-cü il tarixli 1518 nömrəli ekspert rəyindən (cil d1, iş vərəq 160-162) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir.

20. 19 yanvar 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 163) görünür ki, Təqsirləndirilən şəxs Azerbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi ve barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, şəxsi axtarış ve götürmə, həmçinin baxış keçirmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd "Redmi" markalı mobil telefon aparatının onun yaxın qohumlarına qaytarılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 14,840 qram olan psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X1 25 oktyabr 2023-cü il tarixli qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 21 oktyabr 2023-cü il tarixli qərar qanunauyğun hesab edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X3 25 oktyabr 2023-cü il tarixli qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 21 oktyabr 2023-cü il tarixli qərar qanunauyğun hesab edilməsi, Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il ve 23 oktyabr 2023-cü il tarixdə verdiyi ifadələrində özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək psixotrop maddəni satış nəqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə əldə edib üzərində saxladığını bildirməsi xüsusatı özünümüdafiə kimi qiymətləndirilməsi və rədd edilməsinin nəzərə alınması,Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206-cı maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234 4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikasi CPM-in 39,12-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.2maddesinə esasən cinayət təqibinin başlanması Azərbaycan Respublikasının 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən üzərində olan psixotrop maddəni təqdim etməsi Azərbaycan Respublikası CM-in 234-cü maddesinin qeydinin 1-ci bəndinə əsasən könüllü təhvil vermə kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs ailə üzvlərinin və digər yaxın qohumlarının barələrində Azərbaycan Respublikası CMin 234.4.1, 234.4.3 ve 307-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, cinayət işinin materiallarından psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılması, "xxxx" MMC-dən götürülmüş 01 eded CD diskin maddi sübut kimi tanınmadan cinayət işininin materiallarına əlavə edilməsi nəzərəalınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs izahatı, 22 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs və 23 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, 22 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında" protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahidlərin İfadələri, məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5683 nömrəli rəyi, məhkəmənarkoloji ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 6962 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2023-cu il tarixli 1518 nömrəli rəyi, məhkəmə kimyəvi ekspertizasının 07 noyabr 2023-cü il tarixli 3899/K nömrəli rəyi, maddi sübut qərarı və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır.

21. Məhkəmədə şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət hadisəsinin üzərindən kifayət qədər çox vaxt keçdiyi üçün, hazırda təfərrüatları xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsi Dərnəgül yolu, Ukrayna prospekti yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxsin üzərinə Baş İdarədə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Əməliyyat qrupu o, Əmrə Şıxıyev və Rəvan Bayramzadədən ibarət tərkibdə olmuşdur. Təqsirləndirilən şəxsin üzərindən metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni özü könüllü formada təqdim etmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsin dedikləri həqiqəti əks etdirmir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

22. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 22 oktyabr 2023-cü il tarixində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs olunmuş, onu Baş İdarəyə gətirdikdən sonra narkotik vasitəni özləri üzərinə qoymuşlar. O narkotik vasitə istifadəçisi deyildir. Onu dini inanclarına görə saxlamışlar. Onu saxlayarkən Fələstin –İsrail müharibəsi ilə bağlı 7 oktyabr 2023-cü ildə etdiyi paylaşımı niyə etməsi barədə soruşmuşlar. İsrail dövlətinin onların dostu olduğunu, onlara silah satdığını demişlər. Üzərində saç darağı, kitab, telefon və qara çanta olmuşdur. Ona narkotik vasitəni qəbul etmədiyi halda dövlətə xəyanət maddəsi ilə cinayət işi açılacağını demişlər. Oda məcbur qalaraq narkotik vasitəni qəbul etmişdir. Narkotik vasitənin külli miqdarda olmasını bilməmişdir. Daha sonra çəkiliş olunmuşdur. Ona psixi təzyiq göstərilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə olmamış, heç vaxt narkotik vasitə istifadə etməmişdir, ona qarşı təzyiq olmamışdır, karantin dövründə məscidə getdiyi üçün polis əməkdaşları ona xəbərdarlıq etmişlər, başqa dini inancları ilə bağlı ona heç nə deyilməmiş, o qaynaqçı işləmiş, ailəlidir, daimi işi vardır, bütün dini ayinləri yerinə yetirmiş, saxlanıldığı Bakı İstintaq Təcridxanasında onu şəxsi kartoşkasına “radikal şiə” sözləri yazılmışdır, hazırki vaxtadək heç kəs ilə mübahisəsi olmamışdır. Banditizmin əməkdaşları maşında onu dini inanclarına görə saxladıqları barədə bildirmişlər, özünü ona elan olunmuş ittiham ilə təqsirli bilmir, heç vaxt narkotik vasitə istifadə etməmişdir, ona qarşı fiziki təzyiq olmamış, yalnız psixoloji təzyiq olmuşdur, bu barədə o onun barəsində qətimkan tədbiri seçilən zaman məhkəmədə bildirməmişdir, hazırki vaxtadək, müdafiəçiləri onunla təcridxanada görüşə gəlmədikləri üçün üç müdafiəçi dəyişmişdir, onu saxlayan zaman polis əməkdaşları ya narkotik vasitə qəbul etməsini, ya da dövlətə xəyanət ilə bağlı cinayət işi açacaqlarını bildirmişlər, o isə onun barəsində dövlətə xəyanət cinayəti ilə ittiham irəli sürülməsin deyə narkotik vasitəni qəbul etmişdir, üzərinə şəxsi axtarış keçirilməsi barədə videoçəkilişdə vəkil iştirak etmiş, polis əməkdaşları ona narkotik vasitəni vəkil gəlməzdən əvvəl verdiklərini bildirmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

23. Maddə 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

27. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

28. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır.

29. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi

30. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

31. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

32. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

33. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

34. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

35. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

36. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

37. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

38. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanun.

39. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

40. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

41. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

42. 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

43. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

44. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır.

45. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır.

46. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə üzərində aşkar olunmuş psixotrop maddənin polis əməkdaşlarının ona verdiklərini, polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda psixotrop maddə metamfetamin olmamasını, polis əməkdaşlarının psixoloji təzyiqi nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir.

47. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə, (həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata məhkəmə nəzarəti qaydasında baxılan zaman) bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir.

48. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən psixoloji təzyiqə, işgəncəyə və digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Başqa sözlə Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir.

49. Həmçinin məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddələr satdığı və ya satmaq niyyətində olduğu şəxslərin dairəsini müəyyən etməmiş bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən o, əməlini etiraf etmiş, polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalmadığını bildirmişdir.

50. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir.

51. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 34-cü bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

52. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

53. Məhkəmə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni məhz satış məqsədilə olmadan şəxsi istehlak miqdarından artıq 03 bükümdə əldə edərək üzərində saxlamışdır.

54. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 30-cı bəndi).

55. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 23-cü bəndi)

56. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. (qərarın 23,24,25,26-ci bəndləri).

57. Məhkəmədə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində ən aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

59. Təqsirləndirilən şəxs ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 27-ci bəndi).

60. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 29,35,36-cı bəndi).

61. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

62. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

63. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ- NİN maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 14,840 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (qərarın 33-cü bəndi).

64. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs profilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

65. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 37-ci bəndi).

66. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməli, xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə istintaqı mərhələsində göstərilmiş 27 iş saatı və 18 iş saatı olmaqla, cəmi 45 saat həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 162 manat və 198 manat olmaqla, toplada 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan çəkisi 14,840 qram olan metamfetamin məhv edilsin, şəxsin üzərində axtarış və götürmə aparılması zamanı, evə və avtomobilə axtarış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış manat) (162+198) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova

Hakimlər Telman Hüseynov

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar