Məhkəmə qərarları › İş №1(101)-1973/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1973/2025

08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1973/2025 08.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımzadə Banu Pənah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs 25 avqust 2025-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsində yaşadığı 14A saylı evin yaxınlığında uzaq qohumu olan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə əsnasında zərərçəkmiş şəxsin onu söyməsi və ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən yaşadığı evə gedib mətbəxdən zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxsla mübahisə etdikləri həmin yerə qayıdaraq ona yaxınlaşıb dediyi nalayiq sözlərə görə onu cəzalandırıb qəsdən qisas almaq üçün həmin soyuq silah hesab edilməyən mətbəx bıçağını qəflətən cibindən çıxardıb ani olaraq Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq ona sol tərəfli hemopnevmotoraks, diaqfraqmanın sol qütbəsinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnib onun sağlamlığının üzün müddətə pozulmasına səbəb olmaqla insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib özünü AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, hadisə vaxtı içkili olduğundan hadisəni demək olar ki, xatırlamır. Bir tək o yadındadır ki, zərərçəkmiş şəxs onu söymüş və bundan sonra o, zərərçəkmiş şəxsi vurmuşdur.

4. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü Nurlanla birlikdə içki içmişlər. Ondan sonra Mərdəkanda olan makaron fabrikinin yaxınlığında olan bir kafedə oturub çay içmişlər. Sonradan yaşadıqları məhəlləyə qayıtmışlar. Aralarında mübahisə yarandığından o, Nurlanı söymüşdür. Nurlan ona cavab vermədən getmiş, bir qədər sonra geri qayıdaraq onu bıçaqla bir dəfə vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.

5. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Nurlanla kafeyə getdikdə artıq içkili olduqlarını, kafedə sadəcə olaraq çay içdiklərini, sonradan yolda aralarında mübahisə yarandığını, mübahisənin yaranma səbəbini içkili olduğundan hazırda xatırlamadığını, Nurlanın ünvanına ana-bacı söyüşü işlətdiyini, əvvəllər Nurlanla münasibətlərlərinin həmişə normal olduğunu və qohum olduqlarını, müstəntiqə Nurlanı söydüyünü deməsinə baxmayaraq ona ifadəsini oxumağa şərait yaradılmadığını və ifadəsini oxumadan imzaladığını, ibtidai istintaq zamanı yazılmış ifadəsini təsdiq etmədiyini bildirmişdir.

6. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X6 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 30 avqust 2025-ci il tarixli, 890 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraks, diaqfraqmanın sol qütbəsinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası deşicikəsıci təsirə malik əşya (alət(ola bilsin ki, bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun X4 X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 25 avqust 2025-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir (cild 01; i.v.69-72).

7. “Maddi sübut kimi tanıma haqqında” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər RPİ-nin saxlancına təhvil verilmişdir (cild 01; i.v.90).

8. Məhkəmə kriminalistik ekspertizasının 22 sentyabr 2025-ci il tarixli, 3/989 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır.Soyuq silah hesab edilmir, üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir (cild 01; i.v.107-109).

9. Kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 05 sentyabr 2025-ci il tarixli, 2977 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də ,hər hansı psixiki xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür,cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 01; i.v.110-112).

Hüquqi məsələlər:

10. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

11. “Şübhəli şəxsin tutulması haqqında” 28 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2025-ci il tarixdə, saat 18:45-də tutulmuşdur (cild 01; i.v.23).

12. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2025-ci il tarixli, 4(003)- 354/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 avqust 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.64-66).

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 05 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.86- 87).

14. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 22 sentyabr 2025-ci il tarixli notarial ərizədən görünür ki, ona dəymiş zərər tam ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 01; i.v.106).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

15. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

16. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

17. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər;

18. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir;

19. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

22. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

23. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

24. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əsassız olaraq AR CM-nin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş, nəticədə onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmamış, onun əməlində AR CM-nin 126.2.4-cü maddəsinin deyil, AR CM-nin 126.1-ci maddəsinin tərkibinin olması həm təqsirləndirilən şəxsin özünün, həm də zərərçəkmiş şəxsin ifadələri, o cümlədən, iş materiallarında olan sübutlarla təsdiq olunduğundan Təqsirləndirilən şəxs əməli AR CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir.

25. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına zərər vurmada ifadə olunur. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, ya da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Xuliqanlıq niyyəti ilə törədilən əməl çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir.

26. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2022-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir.

28. Məhkəmə xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək qeyd edir ki, “xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir.

29. Təqsirləndirilən şəxs AR CM-nin 126.2.4-cü maddəsi ilə ittiham verilərkən istintaq orqanı Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərək onun sağlamlığına ağır zərər vurmasına istinad etmişdir.

30. Lakin hazırki işin hallarından, həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verilmiş ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurmasına səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi söyüb onu təhqir etməsi olmuş, onun cinayəti törətməsinin motivini xuliqanlıq niyyəti təşkil etməmiş, başqa sözlə, Təqsirləndirilən şəxs bilərəkdən (qəsdən) ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərlərə qarşı etinasızlıq göstərməmiş, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlər və onların pozuntuları onun şüuru ilə əhatə olunmamışdır.

31. Maraqlıdır ki, cinayət işi başlandıqdan sonra (28 avqust 2025-ci il tarixdən 04 noyabr 2025-ci il tarixədək) uzun müddət ərzində ibtidai istintaq AR CM-nin 126.1-ci maddəsi ilə aparılmış, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamın mahiyyəti “təqsiriləndirilən şəxsin zərərçəkmiş şəxsi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə nəticəsində bıçaqla vuraraq onun sağlamlığına ağır zərər vurması” kimi qəbul edilmiş, 04 noyabr 2025-ci il tarixli “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərarla isə təqsirləndirilən şəxsin əməli sadəcə zərərçəkmiş şəxsin ifadəsinə istinad olunmaqla Təqsirləndirilən şəxs sərxoş halda heç bir əsaslı olmadan sərxoş halda Zərərçəkmiş şəxs bıçaqla vuraraq ona ağır xəsarət yetirməsi qeyd olunmaqla AR CM-nin 126.2.4cü maddəsinə tövsif edilmişdir.

32. Halbuki, AR 126.2.4-cü maddəsi (Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində izah edildiyi kimi) xuliqanlıq niyyətini “əsaslı səbəb”in olmaması ilə deyil, təqsirkarın səbəbsiz olaraq hərəkət etməsi və yaxud cüzi səbəbi bahanə etməsi ilə əlaqələndirmişdir.

33. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində hadisə vaxtı içkili olduğundan hadisənin təfərrüatlarını xatırlamadığını, sadəcə zərərçəkmiş şəxsin onun söydüyünü və bu səbəbdən onu bıçaqla vurduğunu xatırladığını bildirmişdir.

34. Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq müstəntiqə ibtidai istintaqın ilk günündən sonunadək zərərçəkmiş şəxsin onu söyməsi səbəbindən zərərçəkmiş şəxsi bıçaqla vurduğunu bildirdiyini, sonrakı ifadələrini oxumadan, onun əvvəlki ifadələri ilə eyni məzmunlu olduğunu düşünərək imzaladığını, onların məzmunundan məlumatsız olduğunu bildirmişdir.

35. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində hadisə günü Nurlanla birlikdə içki içdiklərini, sonradan yaşadıqları məhəlləyə gəldiklərini, Nurlanla aralarında mübahisə yarandığını, bu zaman Nurlanı söydüyünü və onun ünvanına nalayiq ifadələr işlətdiyini, Nurlanın onun yanından getdiyini, daha sonra geri qayıdaraq onu bıçaqla vurduğunu bildirmişdir.

36. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Nurlana ana-bacı söyüşü söydüyünü, bu zaman Nurlanın ona cavab qaytarmadan hadisə yerindən gedərək geri qayıtdığını, qayıdan zaman onu bıçaqla vurduğunu, hadisə zamanı hər ikisinin içkili olduqlarını, hansı səbəbdən Nurlanı söydüyünü və aralarında mübahisə yarandığını içkili olması səbəbindən xatırlamadığını, müstəntiqə də Nurlanı söydüyünü bildirdiyini, lakin müstəntiqin ona ifadəsini oxumağa imkan yaratmadığını, həmin ifadəsini oxumadan imzaladığını və məzmununu bilmədiyini göstərmişdir.

37. Cinayət işinin materiallarında olan (cild 01; i.v.6) Təqsirləndirilən şəxs hadisədən 02 gün sonra verilmiş 27 avqust 2025-ci il tarixli ilkin izahatından görünür ki, o, həmin izahatında hadisə günü atasının əmisi nəvəsi Zərərçəkmiş şəxs ilə birlikdə, axşam saatlarında yaşadıqları məhəllədə oturub kolbasa çörək yediklərini və yarım litr araq içdiklərini, qohumu Rəfailin sərxoş olduğunu və bundan sonra onun ünvanına küçə söyüşləri işlətdiyini, sonra özünün evə getdiyini, mətbəxdən bıçaq götürərək yenidən küçəyə çıxdığını, qohumu Rəfailə yaxınlaşaraq ona söyüşə görə üzr istəməsini dediyini, bu zaman Rəfailin yenidən onu söydüyünü, həmin vaxt cibindən bıçağı çıxararaq ona bir zərbə vurduğunu göstərmiş, ona ünvanlanmış suala cavab olaraq bıçağı evdən götürməkdə məqsədinin Rəfaili qorxutmaq və onun üzr istəməsinə nail olmaq olduğunu bildirmişdir.

38. Cinayət işinin materiallarında olan (cild 01; i.v.33-35) Təqsirləndirilən şəxs “Şübhəli şəxs qismində dindirilməsi”nə dair 28 avqust 2025-ci il tarixli protokoldan görünür ki, o, həmin ifadəsində də ilkin izahatına uyğun ifadə verərək Zərərçəkmiş şəxs məhz Rəfailin onu səbəbsiz yerə söyməsi və təhqir etməsi səbəbindən vurduğunu bir daha vurğulamışdır.

39. Hazırda məhkəmə iclasında da təqsirləndirilən şəxs təkidlə zərərçəkmiş şəxsi məhz zərərçəkmiş şəxsin onu söyməsi və onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən bıçaqla vurduğunu bildirmiş, təqsirləndirilən şəxsə sonrakı ifadələri və həmin ifadələrində zərərçəkmiş şəxsi heç bir səbəb olmadan vurmasını bildirməsinə dair sual ünvanlanan zaman o, müstəntiqə belə bir ifadə vermədiyini, həmin ifadələrini oxumadığını, hətta 30 avqust 2025-ci il tarixdəki ifadəsinin sonunda olan imzanın ona məxsus olmadığını bildirmişdir.

40. Daha bir maraqlı məqam ondan ibarətdir ki, təqsirləndirilən şəxs öz mənafeyinə zidd ifadə verərək ilkin izahat və ifadələrini dəyişdikdən sonra (müstəntiq tərəfindən komputer vasitəsi ilə yazılmış ifadələrə əsasən) müstəntiq təqsirləndirilən şəxsə ifadələri arasında ziddiyyətlə bağlı hər hansı sual ünvanlamaq, hansı səbəbdən ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmaq zərurəti görmədən həmin ifadəni yazmaqla kifayətlənmişdir ki, bu da müstəntiqin işə formal yanaşaraq işin obyektiv və hərtərəfli araşdırılmasında maraqlı olmamasına dəlalət edir.

41. Məhkəmə təqsirləndirilən şəxsin hadisədən sonra verilmiş ilkin izahatında və şübhəli şəxs qismində dindirilən zaman verdiyi ifadələrində zərərçəkmiş şəxsi məhz onu söyməsi və təhqir etməsi səbəbindən vurduğunu bildirdiyini, hazırda məhkəmə iclasında da eyni xüsusata istinad edərək həmin izahat və ifadələrinə uyğun halları qeyd etdiyini, onun ifadəsindəki halların zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə üst-üstə düşdüyünü, iş materiallarında hazırda məhkəmə iclasında dindirilmiş şəxslərin (təqsirləndirilən və zərərçəkmiş şəxs) ifadələrini təkzib edəcək bir dənə də olsun sübutun olmadığını, ittihamın sübuta yetirilməsində yaranmış hər şübhənin təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasına cinayət prosessual qanunvericiliyin tələbini nəzərə alaraq təqsirləndirilən şəxsin ibtidai istintaqın əvvəlində və hazırda məhkəmə iclasında verdiyi ifadələri daha real və inandırıcı hesab edir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

43. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-özünün ilkin izahat və ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə-tibb ekspertizasında müayinədən keçirilən zaman göstərdiyi xüsusat və məhkəmə iclasında verdiyi ifadəsi, yuxarıda sadalanan istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (nəzərə alınsa ki, həmin ifadə ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ilkin ifadə ilə də uzlaşır) inandırıcı hesab edir.

44. Məhkəmə iclasında təqsirləndirilən şəxs 30 avqust 2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində dindirilmə” protokolunda ifadəsinin sonunda olan imzanın və əlyazma şəklində olan yazının ona məxsus olmadığını bildirməsinə və imzalar arasında aşkar vizual fərqlər olmasına baxmayaraq məhkəmə eyni məzmunlu və 30 avqust 2025-ci il tarixli ifadədən sözbəsöz kopyalanmış 05 noyabr 2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində dindirilmə” protokolunda olan imzanın ona məxsusluğunun təqsirləndirilən şəxs tərəfindən təsdiq olunduğunu, məhkəmənin yekun qərar qəbul edən zaman məhkəmə iclasında verilmiş ifadələrə üstünlük verəcəyini nəzərə alaraq həmin 30 avqust 2025-ci il tarixli ifadənin sonunda olan imzanın ekspert tərəfindən yoxlanılmasını labüd hesab etməmişdir.

45. Məhkəmə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı müstəntiq tərəfindən alınmış yeganə 12 oktyabr 2025-ci il tarixli (həmin tarix müstəntiq tərəfindən markerlə ağardılaraq sonradan yazılmışdır) ifadəsinə münasibətdə isə məhkəmə zərərçəkmiş şəxsin hazırda məhkəmə iclasında tam fərqli, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verilmiş ilkin izahat və ifadələrinə, o cümlədən, hazırda məhkəmə iclasında göstərdiyi xüsusatlara uyğun ifadə verməsini nəzərə alaraq onun hazırda məhkəmə iclasında verdiyi ifadəsini işin həqiqi halları ilə uzlaşan ifadə kimi qəbul edir.

46. Bununla yanaşı, iş materiallarından görünür ki (cild 01; i.v.78), zərərçəkmiş şəxs 30 avqust 2025-ci il tarixli ərizə ilə Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisinə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və ərizə 30 avqust 2025-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən qeydiyyata alınmış, nə təsadüfsə həmin ərizədən sonra təqsirləndirilən şəxs özünün əleyhinə ifadə vermək qənaətinə gələrək həmin tarixdə əməlinin ağırlaşması ilə nəticələnə biləcək ifadə vermişdir.

47. Nəzərə alınsa ki, zərərçəkmiş şəxs 30 avqust 2025-ci il tarixdə artıq özünə gələrək ərizə yazmaq və polis orqanına təqdim etmək iqtidarında olmuşdur ki, müstəntiq tərəfindən onun ifadəsinin hadisədən təxminən 02 aya yaxın müddət keçdikdən sonra alınması işin vaxtında və obyektiv araşdırılmasını təmin etmək baxımından da qanuni olmamışdır.

48. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında ilkin izahat və ifadəsinə uyğun xüsusatlara toxunmasını, onun həmin ifadəsinin zərərçəkmiş şəxs tərəfindən təsdiqləndiyini, məhkəmə iclasında həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxsin “təqsirləndirilən şəxsi zərərçəkmiş şəxsi heç bir səbəb olmadan bıçaqla vurması”na dair ifadələri özündə əks etdirən ifadələri oxumadan imzaladıqlarını (hətta təqsirləndirilən şəxsin 30 avqust 2025-ci il tarixli ifadəsində imzanın onun tərəfindən icra olunmadığını bildirdiyini), müstəntiqə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi söyməsi səbəbindən hadisənin baş verdiyini dediklərini, müstəntiqin onlara komputer vasitəsi ilə yazılmış ifadələrini oxumağa şərait yaratmadığını bildirdiklərini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizə verdiyi gün təqsirləndirilən şəxsin öz əleyhinə ifadə verməsinin real olmamasını nəzərə alaraq tərəflərin ibtidai istintaq zamanı yazılmış ifadələrinin onlar tərəfindən oxunmadan imzalanmasını inandırıcı hesab edir.

49. Məhkəmənin bu qənaətə gəlməsində əsas səbəblərdən biri zərərçəkmiş şəxsin məhkəmə-tibb ekspertizasında müayinədən keçirilən zaman ekspertə Təqsirləndirilən şəxs onu mübahisə zəminində bıçaqla vuraraq xəsarət yetirdiyini bildirməsi olmuşdur ki, bu da zərərçəkmiş şəxsin həqiqətən öz sözlərindən alınmış izahat və ifadələrində (ekspertin yanında və məhkəmə qarşısında) təqsirləndirilən şəxsin onu heç bir səbəb olmadan deyil, məhz aralarında yaranmış mübahisə zəminində vurmasını bildirməsinə dəlalət edir.

50. Göstərilən bu hallar Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin səbəbsiz olmamasına, onun zərərçəkmiş şəxsin onu təhqir edərək söyməsi səbəbindən zərərçəkmiş şəxsi vurmasına dəlalət etməklə onun davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaq niyyəti ilə, yəni xuliqanlıq motivi ilə cinayət törətməsini ümumiyyətlə istisna edir.

51. Məlumdur ki, təqsir şəxsin öz əməlinə olan şüurlu münasibətidir. Hazırki halda ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərlərə qarşı etinasızlıq göstərilməsi, başqa sözlə, kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlər və onların pozuntularının Təqsirləndirilən şəxs şüuru ilə əhatə olunmaması açıq-aşkar müəyyən edildiyi halda onun əməlində xuliqanlıq niyyətinin olmasından söhbət gedə bilməz.

52. Qanunvericiliyin tələbindən və yuxarıda sadalanan Plenum qərarlarından görünür ki, əməlin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi üçün ilk növbədə xuliqanlıq niyyətinin konkret cinayətin motivi kimi özünü biruzə verməsi, təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla həmin cinayəti törətməsi, xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunması tələb olunur.

53. Məhkəmə qeyd edir ki, hadisədən öncə tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisənin olması, mübahisə zamanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi söyərək təhqir etməsi, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli zərərçəkmiş şəxsin qanunsuz davranışlarına cavab olaraq (onu söyərək təhqir etməsi) törətməsi, hadisə yerində təqsirləndirilən və zərərçəkmiş şəxsdən başqa hər hansı kənar şəxsin olmaması təqsirləndirilən şəxsin bilərəkdən ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərlərə qarşı etinasızlıq göstərməsini, həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını, onun cinayəti ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətməsini, bununla da xuliqanlıq niyyətinin cinayətin motivi yəni, cinayəti törətməyə sövq edən, hərəkətverici amil olmasını istisna edir.

54. Təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin olmasına hüquqi qiymət verilərkən ən vacib məqam hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) və şəxsin məqsədinə lazımi əhəmiyyət verilməsidir.

55. Məlumdur ki, niyyət sözünün mənası məqsəd, məram, xuliqanlıq sözünün mənası isə ictimai qayda, nizam-intizamın, əxlaqın normalarının pozulması, cəmiyyətə hörmət etməmə deməkdir. Belə olan halda şəxsin əməlinin xuliqanlıq niyyəti ilə tövsif edilməsi üçün ən önəmli meyar da onun cinayəti məhz xuliqanlıq məqsədi ilə törətməsinin müəyyən edilməsidir ki, hazırki iş üzrə məhkəmə iş materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən onu həmin əməli törətməyə sövq edən amilin, yəni hərəkətverici qüvvənin xuliqanlıq niyyətinin olmaması və belə olan halda onun cinayəti də xuliqanlıq niyyəti olmadan, yuxarıda göstərilən səbəblə törətməsi qənaətinə gəlir.

56. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalıdır.

57. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

58. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM 59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.

59. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

60. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut-Bakı şəhəri Xəzər RPİ-də saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.

61. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

62. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

63. İş üzrə mülki iddia yoxdur.

64. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

65. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

66. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-Bakı şəhəri Xəzər RPİ-də saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar