Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-198/2024 04.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15 : 15 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakları ilə, 26 avqust 1988-ci il tarixdə X1 vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 8,495 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib qeyd edilən çəkidə psixotrop maddə metamfetamini 2,430 qram, 4,181 qram və 1,884 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 03 (üç) ədəd bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:15-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 129 ünvanında yerləşən “Leon” çay evinin qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən adı çəkilən İdarəyə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,430 qram, 4,181 qram və 1,884 qram olmaqla ümumi təmiz çəkisi 8,495 qram psixotrop maddə olan metamfetamin 03 (üç) ədəd sellofan bükümdə olmaqla əynindəki qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı gün kafedə olmuşdur. Kabinetdə oturub çay içirmişlər və həmin anda içəri tanımadığı 3-4 nəfər şəxs daxil olmuşdur. Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən olduqlarını bildirərək, onların üzərini axtarmağa başlamışlar. O, bir daha həmin şəxslərin kim olduqlarını soruşmuş və hara lazımdırsa onlarla birgə gedəcəyini söyləmişdir. Beləliklə, onlar polis idarəsinə getmişlər və 3-4 saat müddətində onunla danışıqlar aparılmışdır. Ona “Bilirsən səni hansı səbəbdən tutduq?” sualını vermişlər. O, isə səbəbini bilmədiyini söyləmişdir. Polis əməkdaşları ona “Sən Azərbaycanda olduğun müddətdə müəyyən qaydalara riayət etməlisən, cəzaçəkmə müəssisəsində yatmalısan” sözlərini demişlər. Bundan sonra o, polis əməkdaşlarına öz fəaliyyətini Azərbaycanda etmədiyini, Rusiyada yaşadığını və Azərbaycana valideyinlərinin, qohumlarının, dostlarının yanına gəldiyini demişdir. Polis əməkdaşları ona iki variantının olduğunu deyərək, narkotik vasitə və ya silahla bağlı ittihamlardan ikisindən biri ilə razılaşmağını təklif etmişlər. O da daha az azadlıqdan məhrum etmə nəzərdə tutulduğu üçün silahla bağlı ittihamı seçdiyini bildirmişdir. Bundan sonra ona əgər öz tapançası varsa, onu təqdim etməyini demişlər. O isə tapançası olmadığını bildirmiş və belə olan halda polislər ona üzərinə narkotik vasitə qoyacaqlarını, çəkiliş aparılacağını bildirərək, onların dedikləri qaydada çəkiliş zamanı hərəkət etməyini tələb etmişlər. O, əvvəl razılaşmamışdır. Çünki o, narkotik vasitə qəbul etmir və onların satışı ilə məşğul olmur. Daha sonra isə o, razılaşmalı olmuşdur. Çünki, bilirmiş ki, onun başqa yolu yoxdur. O, heç vaxt dəfələrlə həbsdə olunduğunu, kriminal “avtoritet” olduğunu gizlətməmişdir. Ancaq o, narkoman deyil və bu iddialarla heç vaxt razılaşmayacaqdır. Çünki, o, heç bir zaman narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamışdır. Onun 20 illik həbsxana təcrübəsi olduğu halda, üzərində narkotik vasitə ilə kafedə oturub çay içməyi məntiqə uyğun deyildir. Polislər ondan narkotik vasitə istifadə etdiyini soruşduqda, o, polislərə narkotik vasitələrdən istifadə etmədiyini söyləmişdir. Polis əməkdaşları onu daha sonra narkoloji ekspertizadan keçmək üçün aparmışlar. Lakin, onu ekspertizaya aparmamışdan əvvəl onunla söhbət etdikləri zaman ona verdikləri suyun içərisinə hansısa maddəni əlavə etmişlər. Çox təəssüf ki, o, buna fikir verməmiş və ehtiyatlı olmamışdır. O, saxlanılan zaman yanında soyadlarını bilmədiyi dostları Vüsal və Anar olmuşdur. Polis əməkdaşları birbaşa oturduqları kabinetə daxil olmuşlar. Yəni ki, kafenin ümumi zalında başqa kabinetlər də olduğu halda onlar onun hər zaman olduğu kabinetlərdən birində daxil olmuşlar. Polislər yalnız onu saxlamışlar. Polis əməkdaşları həm onun həm də dostlarının üzərində axtarış aparmışlar. Həmin yerdə videokamera da olmuşdur. Onun üzərində axtarış aparılan zaman hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 28 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə raportla rəhbərliyə məruzə edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmışdır. 28 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 129 ünvanda yerləşən “Leon” çay evinin qarşısında olması müəyyən edilmişdir. Qabaqcadan Təqsirləndirilən şəxs zahiri görünüşü dəqiqləşdirilmiş və həmin yerə getmişlər. Saat 16-17 radələrində Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Onun “Leon” çay evinə getdiyini və ya oradan çıxdığını bilməmişlər. Təqsirləndirilən şəxs əvvəllər məhkumluq həyatı yaşamasını bilməmişlər. Baş idarədə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən 03 ədəd büküm psixotrop maddə, bir ədəd "Samsung” markalı mobil telefon və pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddələri Bakıxanov qəsəbəsində parkda “Aslan” adlı şəxsdən aldığını bildirmişdir. Psixotrop maddə metamfetamini aldığı şəxsi müəyyən edə bilməmişlər. Protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri üzərində daşıması, psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə raportla rəhbərliyə məruzə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. 28 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Leon” çay evinin qarşısında olması müəyyən edilmişdir. Qabaqcadan Təqsirləndirilən şəxs zahiri görünüşü dəqiqləşdirilmiş və qeyd olunan həmin yerə getmişlər. Saat 16-17 radələrində həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. Baş idarədə onun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Psixotrop maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq, qablaşdırılmışdır. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs mənzilinə baxış keçirməmişlər. Ondan başqa hər hansısa yerdə narkotik vasitə, psixotrop maddə saxlamasını şifahi qaydada soruşmuşlar. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 28 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. Baş idarədə onun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən 03 ədəd sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni Bakıxanov qəsəbəsi ərazisində tanımadığı şəxsdən əldə etmişdir. Psixotrop maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq, qablaşdırılmışdır. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs qarşı zor tətbiq edilməmiş, o, hər hansı xəsarət almamışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə üzərində saxlamasını müəyyən etməmişlər. Təqsirləndirilən şəxs özü də psixotrop maddəni şəxsi istifadə məqsədilə əldə etdiyini qeyd etmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla uzun illərdir dostluq münasibətləri vardır. Fəridlə birlikdə 2022-ci ilin oktyabr ayında Nərimanov rayonu ərazisində çay evində çay içirmişlər. Fərid və ondan başqa da içəridə dostu olmuşdur. Bu zaman oturduqları kabinetə 3 nəfər mülki geyimli şəxs daxil olaraq, Təqsirləndirilən şəxs onlarla getməli olduğunu demişlər. Fərid həmin şəxslərlə birlikdə getmişdir. Onlar həmin gün Fəriddən heç bir məlumat ala bilməmişlər. 2-3 gündən sonra Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında olduğunu öyrənmişlər. Polis əməkdaşları mülki geyimdə olmuşlar. Onlar Fəridin üzərinə baxış keçirmişlərlər. Bu zaman Fəridin üzərində Samsung markalı mobil telefon və içərisində 200 manata yaxın pul olan pul qabıdan başqa heç bir əşya olmamışdır. O, çay evinə gələrkən Fəridə 200 manat pul verdiyi üçün onun üzərində olan pulun məbləğini bilmişdir. Fərid həmin puldan taksiyə də ödəniş etmişdir. Həmin çay evinin cəmi iki kabineti olmuşdur. Polis əməkdaşları birbaşa onların oturduğu kabinetə daxil olmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmişdir. Polis əməkdaşlarının nə üçün onları deyil, yalnız Təqsirləndirilən şəxs saxlayaraq özləri ilə apardıqlarının səbəbini bilməmişdir. Lakin, həmin polis əməkdaşları içəri daxil olan kimi Fəridi tanıdıqlarını bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2022-ci il tarixli 6/6275 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi və "...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələr olan 03 ədəd sellofan büküm; şübhəli şəxs Təqsirləndirilən şəxs-imza İştirak etdi: üç imza, Müdafiəçi: L.Mənsurova-imza, tərtib etdi: M.Seyidov-imza...’’ yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 03 (üç) ədəd bükümlərdəki təmiz çəkilərİ-2,430 qram,-1,884 qram, - 4,181 qram, ümumi təmiz çəkisi 8,495 qram ağ rəngli kristallardan maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 53-56) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X7 ambulator məcburi-narkoloji tibbi yoxlamasının 29 oktyabr 2022-ci il tarixli 6443 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 167-168) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ekspertiza və X3 X7 492/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – sağ budun qançırı bərk küt əşyanın təsirindən, müayinədən, yəni xx.xx.2022-ci il tarixdən 2-3 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (iş vərəqə 165-166) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən 03 ədəd sellofan büküm, gödəkcənin sol yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan, şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefon, sağ yan cibindən isə 20 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddəni tutulmamışdan bir gün əvvəl Abbas adlı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (iş vərəqə 39-41) İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 noyabr 2022ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılması barədə 28 oktyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 131-132) Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi, “Abbas” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi, narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirməsi hallarının müəyyən edilməsi, narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmamasının, həmçinin, cinayətin törədilməsində iştirakı olan digər şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. (iş vərəqə 154) Əməliyyat tapşırığına cavab məktubundan göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına, satış məqsədi ilə əldə edib-daşımasına dair hər hansı məlumat əldə olunmamışdır. Eləcə də, iş materiallarında olan 05 dekabr 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda olan məlumatlara baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmiş və telefon qəbz əsasında təqsirləndirilən şəxsin müdafiəçisinə təqdim edilmişdir. (iş vərəqə 149; 150) İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və ya göndərilən mətnlərdə iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. (iş vərəqə 146) Həmçinin, məhkəmə iclasında ifadə verən şahidlər, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs saxlanılan zaman psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirməsini qeyd etmişlər. Bütün qeyd edilənlərə baxmayaraq, kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, tamamilə anlaşılmaz şəkildə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs tərəfindən hər hansı istehlakçı ilə razılıq əldə edilməsinə dair məlumatın olmaması, eləcə də, onun özündə psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. AR CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə-insan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Eyni zamanda Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə özünü ümumiyyətlə təqsirli bilməyərək, saxlanılarkən üzərində psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən ona təqdim edilməsi barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, həqiqəti əks etdirməməklə, ibtidai istintaq zamanı özünün xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2022-ci il tarixli 6/6275 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X7 ambulator məcburi-narkoloji tibbi yoxlamasının 29 oktyabr 2022-ci il tarixli 6443 nömrəli rəyi, xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuni hesab edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarı və digər mötəbər sübutlarla tam təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadəsində göstərmişdir ki, təxminən 2-3 aydır “patı”kimi tanıdığı psixotrop maddə metamfetamindən çəkmə yolu ilə istifadə edir. Sonuncu dəfə 27 oktyabr 2022-ci il tarixdə, yəni tutulmamışdan bir gün qabaq Bakıxanov qəsəbəsində təsadüfən tanış olduğu Abbas adlı şəxsdən 3 büküm psixotrop maddə metamfetamin almışdır. Abbas adlı şəxsə həmin maddələrə görə 100 manat pul vermişdir. Həmin maddəni əldə etdikdən sonra üzərində saxlamışdır. Həmin psixotrop maddədən bir qədər İstifadə etmişdir. Qalan hissəsini isə elə üzərində saxlamışdır. 28 oktyabr 2022-ci il tarixdə saat 16-17 radələrində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Leon” çay evinin yaxınlığında piyada hərəkət edərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsinə gəldikdən sonra o, müdafiəçi ilə təmin oldunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin Rusiya Federasiyasında anadan olduğu və orta təhsili orada aldığı üçün tərcüməçi ilə də təmin edilmişdir. Ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah edilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o əynində olan qısaqol gödəkcənin sağ yan cibindən üç ədəd sellofan bükümü, bundan başqa üzərində olan 20 manat pulu, bir siqaret qutusunu, bir ədəd alışqanı və bir ədəd "Samsung” markalı mobil telefonu masa üzərinə qoymaqla təqdim etmişdir. Üzərində olan maddələri təqdim edərkən həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümlərə baxış keçirilərkən içərisində ağ rəngli kristalvarı psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin maddələri 1 gün qabaq “Bakixanov” qəsəbəsində H.Əliyev parkının yaxınlığında əvvəllər tanımadığı Abbas adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş üç ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Həmçinin İş üzrə əhəmiyyət kəsb etdiyi üçün üzərində aşkar edilmiş "Samsung” markalı mobil telefon da götürülmüş, 20 manat pul, bir qutu siqaret və alışqan isə ona qaytarılmışdır. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmamışdır. Protokol doğru hesab edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə tərkibi həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun ifadəsi dostluq münasibətində olduğu təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyaraq həqiqəti əks etdirmir. Məhkəmə tərkibi sübutlara qarşılıqlı şəkildə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 8,495 qram çəkidə psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman onun şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumi təmiz çəkisi 8,495 qram psixotrop maddə olan metamfetamin əynindəki qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən, AR CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarına əsasən cəzası 02 il 09 ay müddətinə endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (iş vərəqə 151-153) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)- 1167/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 24, 114-118) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 29 oktyabr 2022-ci il tarixli 6443 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun ailə üzlərinə verilməsi üçün ibtidai istintaqda müdafiəçisi olmuş Lalə Mansurovaya təqdim edilmişdir. (iş vərəqə 150) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə ümumi təmiz çəkisi 8,495 qram psixotrop maddə olan metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,345 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 270 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. . İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,345 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 270 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-198/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-198/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver