Məhkəmə qərarları › İş №1(101)-1981/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1981/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1981/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X4 və X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan və rus dilləri üzrə tərcüməçi – X7 və X9, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 16-cı dalanda nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 6 noyabr 2024-cü il tarixdə, saat 12:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan tarixdə və mənbədən külli miqdarda, təmiz çəkisi 9,120 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 17 aprel 2024-cü il tarixdə, saat 01:10 radələrində Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin (bundan sonra mətndə - Sabunçu RPİ-nin 42-ci PB) əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 16-cı dalanda nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş, həmin tarixdə Nardaran qəsəbəsi, Daşkarxanası deyilən yerdə yolun kənarındakı çöllükdə qəza şəraitində saxladığı “Toyota Camry” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman həmin avtomobilin salonunun sürücü tərəfində ayaqaltı örtüyün altından 2(iki) ədəd bükümdə təmiz çəkisi 0,179 qram və 8,941 qram olmaqla ümumi təmiz çəkisi 9,120 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 16 aprel 2024-cü il tarixdə, təxminən saat 19:30 radələrində qonşusu Şahid4 ilə birlikdə Nardaran postuna daxil olarkən avtomobilin sağ tərəfində olan hərbi qulluqçu buraxılış vərəqəsini vermiş, avtomobilin sol tərəfində olan polis isə ona “saxla” əmrini vermiş, bundan sonra avtomobili saxlayıb geriyə doğru idarə etmişdir. Polis əməkdaşı ondan avtomobildən enərək avtomobilin yük yerini açmasını tələb etmiş, o da ondan tələb ediləni etmişdir. Polis əməkdaşları ondan hara getdiyini soruşduqda o, Ləhic bağlarında yerləşən Sədi Şirazi küçəsinə getdiyini bildirmiş, təxminən 10 dəqiqə ərzində onun avtomobili və şəxsiyyəti elektron portal vasitəsilə yoxlanılmışdır. Daha sonra polislər 2-3 dəfə avtomobilinə həm sükan, həm də arxa tərəfdən müdaxilə edərək həm ondan, həm də Şahindən ciblərini boşaltmağı tələb etmişlər. O, ciblərini boşaldarkən cibində ona aid olmayan predmet gördüyündən avtomobilə əyləşib idarə edərək oradan uzaqlaşmış, digər postun yanından keçərkən polislərin onu saxlamaq istədiyini görüb avtomobili dayandırmadan plastik maneəni dağıdıb yoluna Nardaran istiqamətində daşlıq və torpaq yolla davam etmiş, avtomobili zədələndiyindən çöllük bir ərazidə avtomobili saxlayıb təxminən bir saat ərzində qaçaraq evinə getmişdir. O, arvadı Aysel və iş yoldaşı Fərid adlı şəxsi avtomobilini gətirmələri üçün göndərmiş, lakin arvadı Aysel geri qayıtmamış, sonradan arvadı Ayselin 42-ci PB-də olduğunu öyrənmiş və 17 aprel 2024-cü il tarixdə, gecə saat 1-2 radələrində arvadı ilə birgə 4 avtomobil evlərinə gələrək onu tutub polis bölməsinə aparmış, daha sonra isə ona avtomobilinin “bardaçokunda” guya nəsə gizlətməsini bildirərək çöllük ərazidə saxlanılmış avtomobilinə baxış keçirməyə aparmışlar.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, 9 yanvar 2024-cü il tarixədək Moskva şəhərində olmuş, Moskvada olduğu vaxtlarda narkotik vasitə və spirtli içkilərdən istifadə etmişdir. Postda polislər tərəfindən saxlanılarkən üzərində ona aid olmayan büküm gördüyündən avtomobilə əyləşib idarə edərək oradan uzaqlaşmışdır. Polis əməkdaşları avtomobilə bir dəfə sükan tərəfdən, ikinci dəfə isə arxa sərnişin tərəfdən müdaxilə etdiyindən aşkar olunmuş bükümlərin məhz sonuncular tərəfindən qoyulduğunu güman etmiş, lakin həmin bükümlərin polislər tərəfindən avtomobilə atıldığını dəqiq görməmiş, eyni zamanda həmin psixotrop maddələr qonşusu Şahinə də məxsus olmamışdır. Üzərində olan özünə məxsus narkotik vasitə marixuana olan bükümü avtomobildən düşüb piyada evə qaçarkən tullamış, lakin növbəti gün saxlanıldıqdan sonra avtomobilə baxış keçirilərkən sürücü tərəfdəki ayaqaltında başqa bir büküm olduğunu görmüşdür. Halbuki postdan avtomobili idarə edərək uzaqlaşıb növbəti postu keçdikdən sonra Şahin özlərinin istifadə etmək məqsədi ilə saxladıqları bükümü avtomobildən çölə tullamışdır. Polislər yaşadığı evin hasarından qanunsuz düşərək evinin qapısını sındırıb içəriyə daxil olmuş, o həmin vaxt duş almış, arvadı isə evdə olmamış, daha polislər onu evdən götürüb bölməyə aparmış, həmin gün səhər saat 9-10 radələrində isə yaxınlığında daş karxanası yerləşən avtomobilini saxladığı çöllük əraziyə aparılmış, orada baxış zamanı avtomobildən iki ədəd büküm aşkar olunmuşdur. Onun iranlı şəxslə əlaqəsi olmamış, təxminən iki ildir Nardaran qəsəbəsində yaşasa da, həmin müddət ərzində ilk dəfə postda saxlanılaraq üzərində yoxlanış keçirilmişdir. Polis əməkdaşlarının saxlanılarkən ona qarşı etdikləri qanunsuz hərəkətlərlə bağlı heç bir quruma və ya şəxsə şikayət etməmiş, habelə barəsində qətimkan tədbiri məsələsi həll edilərkən hazırda məhkəmədə bildirdikləri barədə hakimə məlumat verməmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları idarə etdiyi avtomobilin arvadının adına olması ilə əlaqədar sonuncunu da məsuliyyətə cəlb edərək bölməyə gətirəcəklərinə dair ona hədəqorxu gəlmişlər. Avtomobilə baxış keçirildikdən sonra tərcüməçinin iştirakı təmin edilmiş, lakin həmin istintaq hərəkətindən əvvəl hər hansı müdafiəçi və ya tərcüməçidən imtina etməsi halı olmamışdır. Avtomobilə baxış keçirilərkən havanın soyuq olması ilə əlaqədar titrəmiş, nə şəxsi axtarış, nə də avtomobilə baxış keçirilərkən narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında olmamışdır. O, psixotrop maddələrdən istifadə etməmiş, habelə narkomaniya xəstəliyindən əziyyət çəkməmişdir. O, hadisədən 1.5- 2 saat əvvəl Şahinlə birgə narkotik vasitə qurudulmuş marixuana istifadə etmiş, üzərində də birdəfəlik istifadə üçün nəzərdə tutulmuş “nəşə” olmuş, həmin “nəşə” avtomobilin arxa salonundakı gödəkçədə olmuşdur. İfadəsinin sonunda narkotik vasitələrin təsiri altında olaraq törətdiyi əməldən, yəni avtomobillə polisdən qaçması ilə bağlı çox peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu və ailədə ondan başqa qazanc gətirən şəxs olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin və tərcüməçinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. X13 ilə 2014-cü ildə ailə həyatı qurmuş, birgə nikahdan iki azyaşlı övladları vardır. “Toyota Camry” markalı **-NM-*** dövlət nömrə nişanlı avtomobil arvadı Ayselin adına olsa da, birgə əmlakları hesab edildiyinə görə o da həmin avtomobili idarə edir. Təxminən 6 ildir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Həmin narkotik vasitəni o, sosial şəbəkələrdə “Telegram” vasitəsi ilə tanış olduğu, özünü “Bro” kimi təqdim edən türk vətəndaşından almışdır. Həmin şəxsin nömrəsi “+90” rəqəmləri ilə başlayıb “54-40” rəqəmləri ilə bitmiş, tam nömrəsini isə xatırlamır. Həmin şəxs ona müxtəlif hesablar göndərmiş, o da həmin hesablara ödəmə terminalları vasitəsilə ödəniş etdikdən sonra həmin şəxs ona Nərimanov rayonu ərazisində narkotik vasitənin olduğu yerin “lokasiyasını” və şəklini göndərmiş, o da həmin narkotik vasitəni götürüb istifadə etmişdir. Son 3 ildir o, el arasında “patı” deyilən psixotrop maddə metamfetamini istifadə etməyə başlamış, həmin psixotrop maddəni də “Bro” adlı şəxsdən almışdır. Növbəti dəfə psixotrop maddə metamfetamini əldə etmək məqsədi ilə 13 aprel 2024-cü il tarixdə “Bro” adlı şəxslə sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayaraq həmin şəxsə 270 manat göndərib ondan 10 qram çəkidə iki bükümdə psixotrop maddə metamfetamin almışdır. O, psixotrop maddə metamfetamini Nərimanov rayonu, Ağa Neymətulla küçəsindən götürmüş, həmin psixotrop maddənin bir hissəsini özü qəbul etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olduğu barədə ailə üzvlərinin xəbəri olmamışdır. 16 aprel 2024-cü il tarixdə, saat 19 radələrində idarə etdiyi “Toyota Camry” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə arvadı Ayselə bağda əkmək üçün gül almağa getmiş, həmin vaxt qonşusu Şahin də ona kömək etmək məqsədi ilə onunla birlikdə olmuşdur. O, Şahinlə görüşməmişdən əvvəl psixotrop maddə metamfetaminin bir hissəsini çəkib istifadə etmiş, bu zaman Şahin onun üzərində psixotrop maddə metamfetamin olduğunu bilməmiş, ümumiyyətlə sonuncu onun psixotrop maddə metamfetamin istifadə etməsindən məlumatsız olmuşdur. O, avtomobili psixotrop maddənin təsiri altında idarə etmiş, Nardaran qəsəbəsinə daxil olanda orada olan postda xidmət aparan polis əməkdaşları ona “saxla” işarəsi etmiş, o da avtomobili saxlamış, xidmətdə olan polis əməkdaşı onun sənədlərini yoxladıqdan sonra ondan şübhələnərək sərxoş vəziyyətdə, yoxsa narkotik vasitələrin təsiri altında olub-olmamasını soruşmuş, o isə qeyri-qanuni maddə qəbul etmədiyini, ayıq vəziyyətdə olduğunu bildirmişdir. Polis əməkdaşı ondan avtomobildən düşüb avtomobilin yük hissəsini açmasını tələb etmiş, o, avtomobildən düşərkən əynindəki göy rəngli idman şalvarının sol yan cibində 2 (iki) ədəd bükümdə saxladığı psixotrop maddə metamfetamini sürücü yerinin ayaq altına tərəf tullamışdır. Avtomobilin yük hissəsində isə hər hansı qeyri-qanuni əşya olmamışdır. Şahin də avtomobildən düşmüşdür. Həmin vaxt polis əməkdaşları avtomobilin yük hissəsi tərəfində dayanmış, onlardan biri psixotrop maddəni avtomobilin salonuna tulladığını görüb ondan nə atdığını soruşmuş, lakin o, polis əməkdaşı ona tərəf yaxınlaşarkən qəflətən avtomobilinə əyləşib avtomobilin mühərrikini işə salaraq avtomobili yerindən tərpətmiş, Şahin də açıq pəncərədən avtomobilin içərisinə tullandıqdan sonra avtomobilini sürüb oradan uzaqlaşmışdır. İkinci polis postuna çatanda polis əməkdaşları onları saxlamağa çalışsa da, o, sonuncuların göstərişlərinə tabe olmadan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə postda quraşdırılan ağ rəngli plastmas maneələri vurub yoluna davam etmişdir. İkinci postu keçəndən sonra o, psixotrop maddənin təsiri altında avtomobili yüksək sürətlə idarə etmiş, avtomobilin idarə etməsini itirib yoldan çıxıb çuxura dəymişdir. Şahin avtomobilindən düşüb qaçıb getmiş, o da avtomobilə atdığı psixotrop maddə metamfetamini sürücü tərəfində olan ayaqaltı xalçanın altına gizlədib evinə getmişdir. Avtomobili nasaz vəziyyətdə olduğuna görə avtomobili orada qoyub evinə getmişdir. 17 aprel 2024-cü il tarixdə, gecə saat 1 radələrində Ləhic bağları 16-cı dalanda yerləşən evində olan zaman polis əməkdaşları qapısını döyüb onlarla birlikdə 42-ci PB-yə getməyini xahiş etmiş, o, polis əməkdaşları ilə birlikdə həmin şöbəyə gəlmiş, orada polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra dəvət olunmuş vəkil və tərcüməçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, vəkil və tərcüməçinin şəxsi axtarış istintaq hərəkəti zamanı iştirak etmələrini istəmədiyindən bu barədə ərizə ilə müraciət etmişdir. Vəkil və tərcüməçi bölmənin xidməti otağından çıxdıqdan sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindən heç bir qeyri-qanuni predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı o, polis əməkdaşlarına etiraf edərək narkotik vasitə və psixotrop maddələrin istifadəsi ilə məşğul oldğunu, habelə idarə etdiyi avtomobildə sürücü tərəfdən olan ayaqaltı xalçanın altında 2 (iki) bükümdə psixotrop maddəni gizlətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nardaran qəsəbəsində Daşkarxanası yaxınlığında çöllük ərazidə avtomobilinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl o, avtomobildə psixotrop maddə metamfetamini gizlətdiyi üçün baxışda vəkil və tərcüməçinin iştirakını istəməmiş, bu səbəbdən ərizə ilə müraciət etmişdir. Baxış zamanı “Toyota Camry” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücü tərəfindən olan ayaqaltı örtüyün altında gizlətdiyi 2 (iki) bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən verilmiş suallara cavab olaraq avtomobilindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün türk vətəndaşı “Bro” adlı şəxsdən 270 manata aldığını bildirmişdir. Həmin psixotrop maddə metamfetamin ondan aşkar olunaraq götürüldükdən sonra ekspertizaya göndərilmiş, bu barədə tərtib olunmuş protokol və zərf tərəfindən imzalanmışdır (Cild 1, iş vərəqi (bundan sonra i.v) 58-59; 69-72; 85-88;).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 16 aprel 2024-cü il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X22 (bundan sonra mətndə-ÇPA) 8-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 42-ci PB-yə raportla müraciət edərək bildirmişdir ki, Nardaran qəsəbəsində quraşdırılmış 8-ci postda xidmət edərkən “Toyota Camry” markalı **-NM-*** dövlət nömrə nişanlı avtomobili saxlayıb həmin avtomobildə olan sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs və onun yanında olan sərnişin Şahid4 sənədlərini yoxlayan zaman Təqsirləndirilən şəxs həyəcanlı vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs avtomobilinin yük hissəsini açıb yoxlayandan sonra sonuncudan avtomobildən enərkən avtomobilin salonuna atdığı büküm barədə soruşanda Təqsirləndirilən şəxs qəflətən avtomobilə əyləşib mühəriki işə salaraq oradan uzaqlaşmışdır. Həmin vaxt onun yanında olan sərnişin də İskəndərin avtomobilə əyləşdiyini görən kimi avtomobilin açıq vəziyyətdə olan pəncərəsindən avtomobilin salonuna tullanmışdır. İskəndər 8-ci postdan uzaqlaşandan sonra qarşıda olan postda xidmət etdiyi polis əməkdaşlarının “saxla” işarəsinə də məhəl qoymadan idarə etdiyi avtomobillə postda quraşdırılmış plastik maneələri vurub dağıdaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs müəyyən edilib saxlanılması üçün o, 42-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə, təxminən gecə saat 01:10 radələrində yaşadığı Nardaran qəsəbəsi Ləhic bağları 16-cı dalanda yerləşən nömrəsiz evinin yaxınlığında müəyyən edilərək saxlanılıb onu həmin tarixdə, saat 01:20 radələrində 42-ci PB-yə gətirmişlər. 42-ci PB-nin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dövlət hesabına vəkil və tərcüməçi ilə təmin olunmuş, ona huquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışı vəkilin və tərcüməçinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, istintaq hərəkəti zamanı hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Nardaran qəsəbəsində quraşdırılmış postda saxlanılan zaman üzərində psixotrop maddə metamfetamin olduğu üçün tutulmaqdan qorxaraq qəflətən avtomobilinə əyləşib oradan uzaqlaşdığını, həmçinin psixotrop maddənin təsiri altında olduğuna görə qarşıdakı postda polis əməkdaşları tərəfindən verilmiş “saxla” işarəsinə məhəl qoymadan postda quraşdırılmış plastik maneələri avtomobilin qabaq hissəsi ilə vurub oradan uzaqlaşdığını, psixotrop maddələrin təsiri altında olduğuna görə avtomobilin idarəetməsini itirərək yolun kənarında olan çuxura çırpıldığını, habelə həmin vaxt üzərində olan psixotrop maddə metamfetamini idarə etdiyi avtomobildə sürücü tərəfdən olan ayaqaltı örtüyünün altında gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun bildirdiyi Nardaran qəsəbəsi Daşkarxanası deyilən yerə gedilmiş, orada yolun kənarında olan çuxurda qəzalı vəziyyətdə saxlanılmış “Toyota Camry” markalı **-NM-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin salonundan sürücü tərəfində olan ayaqaltındakı örtüyün altından 2 (iki) ədəd büküm aşkar olunmuş, həmin bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddənin psixotrop maddə metamfetamin olmaqla özünə məxsus olduğunu, 16 aprel 2024-cü il tarixdə, saat 19 radələrində Nardaran qəsəbəsində quraşdırılmış postda polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində saxladığı həmin 2 (iki) bükümdə olan metamfetamini idarə etdiyi avtomobilin sürücü tərəfində olan ayaqaltı örtüyünün altında gizlətdiyini, həmin psixotrop maddə metamfetamini sosial şəbəkələrdə tanış olduğu Türkiyə Respublikasının vətəndaşından 270 manata onlayn şəkildə 4 gün əvvəl şəxsi istifadəsi üçün alıb üzərində saxladığını, psixotrop maddəni başqa şəxsə satmaq məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminə bənzər kütlə qablaşdırılaraq götürüldükdən sonra bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmaqla imzalanmışdır. Ekspertiza tədqiqatından sonra Təqsirləndirilən şəxs götürülmüş maddənin həqiqətən də psixotrop maddə metamfetamin olması məlum olmuşdur.

8. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, 16 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yanında bir nəfər şəxslə olarkən postda saxlanılmış, yoxlanış aparılarkən qəfildən maşına oturub postdan uzaqlaşmış, növbəti posta yaxınlaşarkən oradakı maneəni aşırıb yoxlanışdan təkrarən yayınmışdır. Növbəti gün Təqsirləndirilən şəxs postdan yayınması ilə əlaqədar Şahid2la birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşayış yeri müəyyən edilmiş, sonuncu 17 aprel 2024-cü il tarixdə, təxminən gecə saat 1 radələrində evinin yaxınlığında saxlanılaraq 42-ci PB-yə gətirilərək üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, lakin üzərində hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs avtomobilində psixotrop maddə olduğunu bildirdikdən sonra sonuncunun avtomobilinə keçirilmiş baxış istintaq hərəkəti nəticəsində avtomobildə psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. ÇPA-nın əməkdaşı tərəfindən tərtib olunmuş raportda Təqsirləndirilən şəxs avtomobilində şübhəli əşya görünməsi, habelə ondan nə baş verməsi soruşulduqda avtomobilinə qəfil əyləşərək idarə edib getməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olmaqla üzərində psixotrop maddə gəzdirdiyindən qaçıb getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında o və Şahid2 iştirak etmiş, onlar tərəfindən birincinin evinə daxil olunmamış, evindən çölə çıxması bildirilərək bölməyə gətirilmiş, sonradan bölmənin digər əməkdaşlarının Təqsirləndirilən şəxs evinə getmələrindən məlumatı olmamışdır. Dövlət əhəmiyyətli postda əmrə tabə olmayaraq postda quraşdırılmış qurğuları dağıdan avtomobilin kimin adına olması müəyyənləşdirilərkən Aysel adlı şəxs də bölməyə dəvət edilmişdir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ilə əsasən oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, Nardaran qəsəbəsində stasionar postda xidmət apararkən bir nəfər şəxsin “Toyota Camry” markalı avtomobillə postda “saxla” əmrinə tabe olmayaraq plastik qurğuları vurub dağıdaraq qaçması, habelə digər postlarda da saxlanılmasının mümkün olmaması barədə daxil olmuş məlumat əsasında qrup yaradılmış, avtomobilin getdiyi istiqamətlərdə avtopatrullarla müşahidə aparılmasına baxmayaraq həmin avtomobili tapmaq mümkün olmadığından avtomobilin qeydiyyat nömrəsi vasitəsilə sahibinin kim olmasını müəyyənləşdirib sonuncunun Nardaran qəsəbəsi, Ləhic bağlarında yaşadığını öyrənmişlər. Bundan sonra şəxsin evinə gedib onu polis bölməsinə gətirib üzərində şəxsi axtarış aparılmış, habelə ondan niyə qaçması barədə soruşulduqda sonuncu üzərində psixotrop maddə olması ilə əlaqədar qaçdığını, habelə avtomobilində psixotrop maddə saxladığını, həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs ailə üzvlərindən heç kimi saxlamamış, evində axtarış aparılmamış, sadəcə sonuncu evində gizləndiyindən onu tapmaq üçün müvafiq tədbirlər keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir.

10. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş ÇPA-nın polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərdi ki, Nardaran qəsəbəsi 2015-ci ildə baş vermiş hadisələrdən sonra strateji əhəmiyyətli ərazi hesab olunduğundan orada ümumilikdə 10 post yaradılmış, həmin postlarda daxili qoşunların hərbi qulluqçuları ilə birlikdə polis əməkdaşları növbəlilik əsasında xidmət edirlər. O, iki ildir Nardaran qəsəbəsi, “Azərbaycan Qadını” küçəsində yerləşən 8-ci postda xidmət edir. Postlarda bütün girişçıxış istiqamətləri yoxlanılır, onlara verilmiş təlimata əsasən yalnız Nardaran qəsəbə sakinləri və onların qohumları postlardan buraxılır, kənar şəxslər isə əsaslı səbəb olduqda qohumları ilə əlaqə saxlanılıb dəqiqləşdirildikdən sonra postdan buraxılır. Ümumi qaydalara əsasən, avtomobillərə vizual baxış sürücünün iştirakı ilə həyata keçirilir, sürücü dəvət edilməklə yük yeri açılır, daha sonra avtomobilin salonuna baxış keçirilir, habelə hər hansı predmetin açıb göstərilməsi tələb edilir, bu zaman şəxsi axtarış aparılmır, saxlanılarkən sürücüyə üzərində kəsici-deşici və ya qanunla qadağan edilmiş hər hansı predmet olduğu təqdirdə həmin predmeti təqdim etməsi barədə xəbərdarlıq edilir. O, xidmətdə olarkən 627 nömrə nişanlı “Toyota Camry” markalı avtomobilin yanında bir nəfər şəxslə posta yaxınlaşdığını görmüş, uzun müddət həmin ərazidə xidmətdə olması ilə əlaqədar həmin ərazi sakinlərinin, demək olar ki, hamısını tanıdığından həmin avtomobildə olan şəxslərin tanış olmadığını görərək avtomobili saxlatmış, daha sonra elektron portal vasitəsilə həm sürücünün, həm də yanındakı şəxsin şəxsiyyətlərini müəyyən edərək avtomobilin sənədlərini yoxlamış, bu zaman yanındakı şəxsin, yəni Şahid4 əvvəllər bir dəfə kibercinayətkarlıqla bağlı məhkumluğunun olmasını müəyyən etmişdir. O, yoxlamanı həyata keçirərkən sürücünün həyəcanlı olmaqla gözlərinin qızardığını və axdığını görüb təcrübəsinə əsasən sürücünün narkotik vasitə istifadə etməsini güman etmiş, sonuncudan hara getdiyini soruşduqda bağ evinə getdiyini demişdir. O, sürücüdən avtomobilin yük yerini açmasını xahiş etdikdə sonuncunun cibindən ağ sellofanda nə isə salona atdığını görmüş, lakin avtomobildə kəsici-deşici alət və ya odlu silah olması ehtimalını nəzərə alıb sonuncunu həyəcanlandırmaq istəməmiş, yük yerini yoxladıqdan sonra sürücü sükanın arxasına keçmiş, bu zaman sürücüyə yaxınlaşıb avtomobilin içərisinə nə atmasını soruşub həmin predmeti ona təqdim etməsini tələb etmiş, lakin sürücü cavabında həyəcanlı şəkildə “heç bir şey” deyib gözləmədiyi halda qəflətən mühərriki işə salmış, digər şəxs avtomobilin açıq pəncərəsindən özünü salona tulladıqdan sonra sürücü sürətlə avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Sürücü avtomobili sürüb getdiyindən avtomobilin salonunda hər hansı əşya olub-olmamasını görə bilməmişdir. Sürücü onun “saxla” əmrinə tabe olmadan sürüb getdikdən sonra efir vasitəsilə 1-ci stasionar posta avtomobilin nömrəsi, rəngi və digər xüsusiyyətləri barədə məlumat verib həmin avtomobili saxlamalarını bildirmiş, lakin sürücü həmin postun plastik maneələrini vurub aşıraraq oradan getmişdir. Bundan sonra Sabunçu RPİ-nin 42-ci PB-yə raportla müraciət edərək məlumat vermiş, müvafiq araşdırmalar aparılmış, lakin özü təlimata görə postu tərk etməyə icazəsi olmadığından sonrakı tədbirlərdə, habelə şəxsin saxlanılmasında iştirak etməmişdir. Yoxlanış zamanı daxili qoşunların əməkdaşları onun yanında olduğundan Təqsirləndirilən şəxs üzərində olan sellofan bükülünü avtomobilin salonundan başqa yerə atması mümkün olmamışdır. O, Şahid4 üzərinə axtarış keçirməmişdir. Avtomobilin yük yerinə baxaraq orada uşaq çantasının olmasını görmüş, lakin həmin çantanın içərisinə baxmamışdır.

11. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, X15 Aeroportunda "xxxx" MMC-nin operatoru vəzifəsində işləyir. Əvvəllər kiber cinayət törətməsi ilə bağlı məhkumluğu olmuş, Təqsirləndirilən şəxsla 2023cü ilin yay aylarından dostluq etmiş, sonuncuya 1C mühasibatlıq proqramını öyrətmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini bilmiş, onunla birlikdə narkotik vasitə istifadə etmişdir. Onlar narkotik vasitəni hadisədən 3-4 gün əvvəl “zaklatka” yolu ilə birlikdə gedib almış, həmin narkotik vasitəni siqaretə doldurub çəkməklə istifadə etmişlər. Təqsirləndirilən şəxs adətən narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, sonuncunun psixotrop maddə metamfetamin istifadə etməsini görməmişdir. Hadisə günü onların Nardaran qəsəbəsində yerləşən 8-ci posta daxil olmaq fikirləri olmamış, lakin avtomobildə onlardan başqa evi həmin posta yaxın olan bir nəfər şəxs də olmuş, bu səbəbdən həmin şəxsi evinə ötürdükdən sonra daha yaxın olduğundan postdan keçib getməyi qərarlaşdırıb posta yaxınlaşmış, bu zaman polis əməkdaşları avtomobili saxladıb onları düşürtmüş, onlar da şəxsiyyət vəsiqələrini sonunculara təqdim etmişlər. Yoxlama prosesi normaldan daha uzun çəkmiş, daha sonra o, İskəndərin avtomobili hərəkət etdirmək istədiyini görüb özünü pəncərədən içəri atmış, bu zaman İskəndərdən nəyə görə qaçdığını soruşduqda sonuncu üzərində nəşə olmasına görə qaçdığını bildirmişdir. Onlar həmin gün narkotik vasitə istifadə etmiş, öz üzərində narkotik vasitə olmasa da, İskəndərin üzərində bir siqaretlik nəşə olmuş, həmin narkotik vasitəni avtomobilin arxa salonundakı gödəkçəsinin cibinə qoymuş, lakin o, narkotik vasitəni postdan keçib getdikdən pəncərədən çölə tullamışdır. Polislər avtomobildə yoxlama apararkən onun üzərini yoxlamış, lakin cib baxışına başlamadan oradan uzaqlaşmışlar. O, İskəndərin yoxlanış zamanı ayaqaltına nəsə atdığını görməmiş, növbəti postda qarşıları kəsildiyindən İskəndər avtomobillə postu yarıb keçmiş, avtomobili hara və necə gəldi idarə edərək çöllük ərazidə saxlayıb evlərinə piyada getmişlər. İskəndərin saxlanılmasından təxminən bir saat sonra özü könüllü olaraq polisə gedib təslim olmuş, narkotik vasitə istifadə etməsi ilə əlaqədar inzibati qaydada 100 manat cərimə edilib buraxılmışdır. Hadisə təxminən saat 19 radələrində baş vermişdir. Adətən narkotik vasitə qurudulmuş marixuananın bir qramını 2-3 gün istifadə etmişdir. O, sonradan avtomobilə baxışda iştirak etməmiş, lakin avtomobildən psixotrop maddə aşkar edildiyini öyrənmişdir.

12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

13. “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Nardaran qəsəbəsi, Daşkarxanasında çöllük yerdə saxladığı “Toyota Camry” markalı **-NM-*** dövlət nömrə nişanlı avtomobilin salonunun sürücü tərəfində ayaqaltı örtüyün altından 2 (iki) bükümdə təmiz çəkisi 0,179 qram və 8,941 qram olmaqla ümumi təmiz çəkisi 9,120 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X17 tərəfindən 17 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 1;).

14. ÇPA-nın 8-ci stasionar postunun polis nəfəri, polis serjantı Şahid3 tərəfindən tərtib olunmuş 16 aprel 2024-cü il tarixli raportda göstərilmişdir ki, həmin tarixdə, təxminən saat 19:25 radələrində Nardaran qəsəbəsində yerləşən 8-ci postda xidmətdə olan zaman **- NM-*** dövlət qeydiyyat nömrəli “Toyota Camry” markalı avtomaşın posta daxil olmuş, həmin maşına yaxınlaşıb özünü təqdim edərək Nardaran qəsəbəsinə nə üçün gəldiyini soruşduqda sürücü burada bağ evlərinin olduğunu və dostu ilə ora gedəcəklərini bildirmiş, o, maşının yük yerini açmağını xahiş etdikdən sonra yük yerinə baxış keçirmiş, şəxsiyyət vəsiqələri üzərilərində olmadığı üçün onların şəxsiyyətlərini portal vasitəsilə yoxlayaraq hər iki vətəndaşın şəhər qeydiyyatında olduğunu müəyyən etmiş, Şahid4 məhkumluğu olduğunu görmüş, vətəndaşa maşının salonunda kəsici-deşiçi və ya qanunla qadağan edilmiş hər hansı predmetin olub-olmadığını soruşmuş, bu zaman sürücü əlindəki şübhəli ağ rəngli narkotik vasitəyə bənzər sellofan bükümü maşının sürücü tərəfdən içəri atmış, həmin predmet onda şübhə yaratdığından baxmaq istəmiş, bu zaman vətəndaş maşına oturmuş, digər şəxs isə yan pəncərədən içəri tullanmış, sürücü avtomobili idarə edərək oradan uzaqlaşmış, efir vasitəsilə 1-ci stasionar posta məlumat verərək avtomaşının onlara tərəf gəldiyini bildirməklə saxlamalarını demiş, lakin həmin maşın 1-ci stasionar postda olan yol bağlayıcı vasitələri vurub qıraraq tabesizlik göstərmişdir. Həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid4 olması müəyyən olunmuşdur (Cild 1, i.v.3;).

15. Sabunçu RPİ-nin 42-ci PB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və həmin PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 17 aprel 2024-cü il tarixli raportda göstərilmişdir ki, həmin tarixdə Nardaran qəsəbəsində yerləşən 8-ci stasionar postda tabesizlik göstərərək qəsəbəyə daxil olub 1-ci stasionar postda maneələri dağıdaraq naməlum istiqamətə getmiş “Toyota Camry” markalı, **-NM-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsünün xx xxxx 1989-cu il təvəllüdlü Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü kilometr, ev 2, mənzil 23-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağlar massivi 16-cı dalan nömrəsiz bağ evində yaşayan Təqsirləndirilən şəxs olması tərəflərindən müəyyən olunmuş, sonuncu Nardaran qəsəbəsi, Ləhic bağlarında saxlanılaraq 17 aprel 2024-cü il tarixdə, saat 01:20-də PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxsla aparılan söhbətlər zamanı özünü qeyri-səmimi aparması ilə əlaqədar onun narkotik vasitə və psixotrop maddələrin təsiri altında olması şübhəlidir (Cild 1, i.v.4;).

16. “Şübhəli şəxsin tutulması haqqında” 17 aprel 2024-cü il tarixli qərar və bu barədə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı, polis mayoru X16 tərəfindən həmin tarixdə, saat 02:00-da müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X8 və tərcüməçinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı, yəni 17 aprel 2024-cü il tarixdə, saat 01:10-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.7; 25;).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi Cəfər Cəfərli və tərcüməçi Elçin Surxay-zadənin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 02:15-dən 02:30-dək Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı, polis mayoru X16 tərəfindən həmin bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə həmin bölmənin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet və ya maddənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək heç bir əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. İstintaq hərəkətinin aparılması barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunaraq sonunculara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifələsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamışdır. Bundan sonra protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Müdafiəçi C.Cəfərli və tərcüməçi E.Surxay-zadə qeyd edilən protokolla tanış olaraq hər hansı qeyd aparmadan həmin protokolu imzalamışlar (Cild 1, i.v. 35-39;).

18. “Baxış və götürmə aparılması haqqında” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi C.Cəfərli və tərcüməçi E.Surxayzadənin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 05:50-dən 06:10-dək Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı, polis mayoru X16 tərəfindən həmin bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi **-NM-*** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs əvvəlcə avtomobildə olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Nardaran qəsəbəsində çöllük ərazidə atıb qaçdığı “Toyota Camry” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunun sürücü tərəfində ayaqaltındakı örtüyün altından 2 (iki) ədəd psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Aşkar olunmuş şəffaf rəngli, kristal şəkilli maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd qabda qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 241 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Baxış və götürmə gecə vaxtı, “Toyota Camry” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində, təbii işıqlandırma şəraitində aparılmışdır. Protokolda istintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. İstintaq hərəkətinin aparılması barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunaraq sonunculara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifələsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamışdır. Bundan sonra protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Müdafiəçi C.Cəfərli və tərcüməçi E.Surxay-zadə qeyd edilən protokolla tanış olaraq hər hansı qeyd aparmadan həmin protokolu imzalamışlar (Cild 1, i.v. 40-44;).

19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və götürmə aparılması haqqında” 17 aprel 2024-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri 4 dəqiqə 15 saniyə və 11 dəqiqə 29 saniyə olan həmin videogörüntülərin əks olunduğu bir ədəd diskdəki videogörüntülərə müstəntiq Orxan Səmədov tərəfindən 17 aprel 2024-cü il tarixdə “Videoyazıya baxış keçirilməsi haqqında” protokolla, habelə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış, eyni zamanda avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, avtomobilə baxış zamanı xüsusilə fəal olması müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 67;).

20. “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 17 aprel 2024-cü il tarixli, 1105 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs sidiyində MET(+)müsbət, THC(+)müsbət aşkar edilmişdir (Cild 1, i.v. 48;).

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 3-16- 16/2-6/2071 saylı, 17 aprel 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №241” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,179 qram və 8,941 qram, ümumi təmiz çəkisi 9,120 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 9,120 qram, tədqiqata sərf edildi – 0,080 qram (hər obyektdən sonra 0,040 qram olmaqla), qalıq – 9,040 qramdır. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manatdır (Cild 1, i.v. 52-56;).

22. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 17 aprel 2024-cü il tarixli, 2426 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviriəsaslandırıcı hissəsindən görünür ki, deməsinə görə uzun müddətdir narkotik vasitə marxuanadan siqaretə doldurub çəkməklə istifadə edir, həmçinin 3 ildir psixotrop maddə metamfetamin istifadə edir (Cild 1, i.v. 64-65;).

23. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi və tərcüməçinin iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri həm rus, həm də Azərbaycan dilində ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 73-84;).

24. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 4(008)- 215/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir (Cild 1, i.v. 94-95; Cild 2;).

25. “Maddi sübut kimi tanınması haqqında” 1 iyun 2024-cü il tarixli qərardan və 29 iyun 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar olunaraq götürülmüş 2 (iki) bükümdə təmiz çəkisi 9,120 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmaqla ekspert tədqiqatlarından sonra psixotrop maddə metamfetaminin 9,040 qram çəkidə olan qalıq hissəsi təqsirləndirilən şəxs maddi sübutlarla tanış edildikdən sonra saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 17 aprel 2024-cü il tarixli protokollara əlavə edilmiş 1 (bir) ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 121-122;).

26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X23 baş direktorunun 4 iyun 2024-cü il tarixli, 7010 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.123;).

27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 21 iyun 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 124-125;).

28. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan, “Nikah haqqında” AZ-İ 994535 nömrəli şəhadətnamədən və “Doğum haqqında” AZ-İV 715047 və AZ-İV 117565 nömrəli şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs X1 ilə birgə nikahından himayəsində 26 yanvar 2022-ci il təvəllüdlü Suada Məmmədova və 18 aprel 2018-ci il təvəllüdlü Fuad Məmmədov adlı 2 azyaşlı uşağı vardır (Cild 1, i.v. 126-127; Cild 2;).

29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.A.Səmədov tərəfindən 1 iyul 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 2 iyul 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.140-146;).

30. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclası qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

31. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 3(008)- 2712/2024 saylı qərarından görünür ki, Şahid4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Sabunçu RPİ-nin 42-ci PBdən daxil olmuş inzibati xəta haqqında 18 aprel 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən 17 aprel 2024-cü il tarixdə Şahid4 narkoloji müayinədən keçərkən onun narkotik vasitələrdən (opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu) istifadə etməsi müəyyən olunmuşdur. “İnzibati qaydada tutma haqqında” 17 aprel 2024-cü il tarixli, 017310 saylı protokoldan görünür ki, Şahid4 17 apreld 2024-cü i ltarixdə, saat 04:10-da tutulmuş, 18 aprel 2024-cü il tarixdə, saat 10:00-da azad edilmişdir. Şahid4 izahatında arabir narkotik vasitə olan marixuanadan istifadə etdiyini, əməlindən səmimi peşman olduğunu bildirmişdir (Cild 2;).

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 3537/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə həmin təcridxanaya gətirilmiş, təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həbsdən əvvəl xəsarət aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində Təqsirləndirilən şəxs hər iki saidin ön səthi, hər iki baldırın ön səthində sıyrılmış üzəri qərtməkli yaralar, sağ qasıq nahiyəsində, sağ budun içəri səthində köhnə çapıq toxumalarının aşkar olunması qeyd edilmişdir. Həmin kitabçanın 17-18-ci bəndlərində göstərilmişdir ki, “Deməsinə görə 3 ildir marixuana və aspirasiya yolu ilə metamfetamin istifadə etdiyini bildirir. Diaqnoz: Narkomaniya.” (Cild 2;).

33. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi tərəfindən təqdim edilmiş 14 avqust 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Sabunçu RPİ-nin 42-ci PB-nin Nardaran qəsəbəsində yerləşən 8 saylı postunun 16-17 aprel 2024-cü il tarixdə giriş-çıxışının izlənməsini təmin edən “Təhlükəsiz Şəhər” kameralarının videoqeydləri ilə bağlı arxivlərin saxlanılma müddəti bitdiyindən həmin informasiyanın təqdim edilməsi mümkün deyildir (Cild 2;).

34. Müdafiə tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin müşahidə kameraları görüntülərinin olduğunu bildirdiyi görüntülər məhkəməyə təqdim edilmiş və həmin görüntülər tərəflərin iştirakı ilə məhkəmədə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki saxlanıldığı vaxt hökmün 16-cı bəndində göstərildiyi kimi saat 01:10 radələri deyil, təxminən saat 01:30 radələri olmuşdur. Eləcə də, polis əməkdaşlarının ifadələrində qeyd etmələrinin əksinə Təqsirləndirilən şəxs evinin qarşısında deyil, yaşadığı evin həyətində saxlanılaraq aparılmışdır (Cild 2;).

35. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən verilmiş sorğu ilə əlaqədar Sabunçu RPİ-nin 42-ci PB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Naradan qəsəbəsində olan 1 və 8 saylı stasionar postlarda quraşdırılmış müşahidə kameralarının 16 aprel 2024cü il tarixdə qeydə alındığı görüntüləri disk formasında məhkəməyə təqdim edilmişdir. Həmin video görüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində göstərdikləri xüsusatların, yəni Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin stasionar postda yoxlanışa məruz qalması, yoxlanışdan yayınaraq uzaqlaşması və digər stasionar postda quraşdırılmış maneələri vurub dağıdaraq uzaqlaşmasının tamamilə öz təsdiqini tapması müəyyən edilmişdir (Cild 2;).

36. Müdafiəçinin sorğusu əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş 16 avqust 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Viktorviç barəsində Sabunçu RPİ tərəfindən 17 aprel 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin” keçirilməsi ilə bağlı qəbul edilmiş hər hansı qərarın qanuniliyinin yoxlanılması barədə həmin məhkəmənin elektron qeydiyyat sistemində hər hansı iş aşkar edilməmişdir (Cild 2)

37. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru X11 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 6 iyun 2024cü il tarixli 1128-C-24 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Viktorviçin polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışa məruz qalmasına dair araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması müəyyən edilmədiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Qərardan görünür ki, “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X23 Sabunçu rayon şöbəsinin “Canlı şəxsin məhkəmə tibbi ekspertizasının” 4 iyun 2024-cü il tarixli, 981 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər iki saidin və hər iki baldır nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müxtəlif şəraitlərdə törənə bilərlər, bədənin əlçatan nahiyələrində yerləşdiyindən özü və kənar şəxs tərəfindən yetirilə bilər, törənmə müddəti Bakı İstintaq Təcridxanasında müayinəsindən 3-5 gün əvvələ uyğun olmaqla sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiya görə xəsarətlərin yıxılma nəticəsində törənməsi inkar olunur (Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

38. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

40. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

41. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

42. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

44. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

45. Məhkəmə, Təqsirləndirilən şəxs avtomobildən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması, saxlanılmamışdan əvvəl üzərindəki narkotik vasitəni postu keçdikdən sonra çölə tullaması, ibtidai istintaq zamanı avtomobilin arvadının adına olması ilə əlaqədar sonuncunun da tutulmasına dair hədələrə məruz qalması, saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, psixotrop maddə metafetamindən ümumiyyətlə istifadə etməməsi və narkomaniya xəstəliyindən əziyyət çəkməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

46. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl üzərində olan narkotik vasitəni yolda olarkən avtomobilin pəncərəsindən çölə atması, sonradan avtomobildə aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmamasına dair qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir.

47. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni avtomobilin pəncərəsindən çölə atmaları, habelə onun psixotrop maddə metamfetamindən deyil, yalnız narkotik vasitə qurudulmuş marixuana istifadə etməsi ilə bağlı ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, sonuncunun ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaq məqsədi daşıyır.

48. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

49. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı fiziki və ya psixi zorakılıq tətbiq edilməsi barədə məhkəmədə ifadəsində göstərdiklərinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə hökmün 17-19, 24, 32 və 37-ci bəndlərində göstərilənlərlə və mötəbərliliyi şübhə altına alına bilinməyən ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və avtomobilində baxış və götürmə istintaq hərəkəti keçirilərkən hər hansı fiziki və ya psixi təsirə məruz qalmamış, o, istintaq təcridxanasına daxil olarkən bədən nahiyəsində aşkar edilmiş və polislər tərəfindən saxlanılarkən aldığını bildiyi xəsarətlərin isə tutulmazdan əvvəlki tarixə uyğun gəlməsi müəyyən edilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs barəsində məhkəmənin qapalı iclasında müdafiəçisinin iştirakı ilə qətimkan tədbiri seçilməsi məsələsi həll edilərkən məhkəməyə hər hansı fiziki və psixi təsirə məruz qalmasına dair məlumat verməmiş, əksinə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini bildirmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin müşahidə kameralarının görüntüləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin görüntülərlə bağlı polis əməkdaşlarının əməllərində cinayət xarakterli məlumatlar olması ehtimal edildiyindən CPM-in 207.6-cı maddəsinin tələbinə əsasən müvafiq məlumatların baxılaraq hüquqi qiymət verilməsi üçün məhkəmə tərəfindən aidiyyəti üzrə dərhal prokurorluq orqanına göndərilməsi təmin edilmişdir. Bununla yanaşı, qeyd edilən görüntülərə əsasən müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs faktiki saxlanıldığı vaxtın 17 aprel 2024-cü il tarixdə, saat 01:10 deyil, 01:30 olması qəbul edildikdə belə nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müdafiəçi və tərcüməçinin iştirakı ilə tutulmasına dair protokol məhz həmin tarixdə, saat 02:00-da tərtib edilmişdir. Təqsirləndirilən şəxs isə hazırkı halda tutulma şəraiti və yeri onun prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə avtomobilindən aşkar edilmiş psixotrop maddənin məhz birinciyə məxsus olmasını iş materiallarında olan digər mötəbər sübutların da olması nəzərə alındıqda şübhə altına almağa hər hansı əsas vermir.

50. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

51. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.

52. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

53. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

54. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

55. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, məlumat daşıyıcılarına əlavə olunmuş videogörüntülər, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

56. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

57. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

58. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

59. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

60. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

61. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, o cümlədən CM-in 59.2-ci maddəsinin tələbinə görə əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və məhkəmə icraatı dövründə davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

62. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

63. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

64. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

65. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

66. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 4(008)-215/2024 saylı qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 17 aprel 2024-cü il tarixdən hesablanmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 94-95; Cild 2;).

67. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 aprel 2024-cü il tarixdən hesablanmalıdır.

68. Məhkəmə hökmün 22-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

69. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

70. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 9,040 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və götütülmə aparılması haqqında” istintaq hərəkətlərinin keçirilməsi zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 1 (bir) ədəd disk, habelə Sabunçu RPİ-dən və müdafiə tərəfindən təqdim edilmiş müşahidə kameralarının videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk və 1 (bir) ədəd yaddaş qurğusu (flashcard) hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

71. CPM-yə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

72. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

73. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

74. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

75. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

76. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 9,040 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 2 (iki) ədəd disk və 1 (bir) ədəd yaddaş qurğusu hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vüqar Quliyev Hakimlər: Siyavuş Hacıyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar