Məhkəmə qərarları › İş №1(101)-1983/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1983/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1983/2024 10.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində dörd azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 96-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 7,007 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu ərazisinə daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 06 aprel 2024-cü il tarixdə, saat 19:15-də ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb həmin gün saat 21:16-dan etibarən üzərində şəxsi axtarış həyata keçirilərkən əynindəki cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 3,909 qram və 3,098 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 7,007 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ibadət əhlidir, narkotik vasitə və spirtli içkilər qəbul etmir, lakin siqaret çəkir. Onu işlədiyi plastik qapı-pəncərə sexinin yaxınlığındakı «Oba» marketdən əlində xurma çıxan zaman saxlamışlar. Xurmanı isə iftar açmaq üçün almışdır. Onu saxlayan polislər demişlər ki, tapşırıq verilmişdir ki, onu idarəyə aparsınlar. İdarədə ona fiziki və psixoloji təzyiq göstərib üzərinə qoyacaqları 2 büküm metamfetamini özünə məxsus olan maddə kimi baxış zamanı təqdim etməsini tələb etmişlər. Əks halda, anasını və yoldaşını da bu işə qoşacaqları ilə hədələmişlər. Bu səbəbdən də polislərin tələbi ilə razılaşmış, onların onun şalvarının cibinə qoyduqları 2 büküm idarədə üzərinə baxış zamanı özünə məxsus olan bükümlər kimi təqdim etmiş, polislərin öyrətdiyi kimi həmin bükümləri guya işlədiyi sexdə sanitar qovşağında tapıb polisə təhvil vermək üçün cibinə qoyduğunu demişdir. Polislərin ona yetirdiyi xəsarətlərin izləri üz nahiyyəsində qaldığı üçün polislərin öyrətməsi ilə guya sexdə iş gördüyü zaman kozyoldan yıxılmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BMCMİ-nin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, ona məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbə sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Bununla əlaqədar 06 aprel 2024-cü il tarixdə qəbul etdiyi qərar əsasında əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs NZS qəsəbəsində saxlanılaraq idarəyə gətirilmişdir. Orada təhqiqatçı tərəfindən üzərinə baxış keçirildiyi zaman şalvarın yan cibindən 2 ədəd sellofan büküm aşkar edilmiş, həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərilərində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümləri işlədiyi plastik qapı-pəncərə sexindəki sanitar qovşağından tapmışdır ki, polisə təhvil versin. Əlavə etmək istəyir ki, Təqsirləndirilən şəxs digər həmkarları ilə birlikdə saxlamış və saxladıqları zaman özlərini ona təqdim etmişlər. O və digər polis əməkdaşı Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixoloji təzyiqlər etməmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə verilmiş ittiham öz təsdiqini tapmamışdır, bununla belə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi müəyyən edilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, qərərsiz mənbədən «Hikmət» adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, saxlaması və daşınması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə bölmənin əməkdaşları olan X6 və X4 ibarət əməliyyat qrupu yaradılmış və 06 aprel 2024-cü il tarixdə, saat 19:15-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 06 aprel 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində işlədiyi qapı-pəncərə sexində olan sanitar qovşağından 02 ədəd büküm tapdığını, həmin bükümlərin onda maraq oyatdığını, bükümləri polis orqanlarına təhvil vermk üçün götürdüyünü, həmin maddələri “şüşə adı ilə tanıdığını və hal-hazırda həmin bükümlərin üstündə olduğnu bildirərək əynindəki cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üz nahiyyəsində sağ tərəfdə olan qızartının və sağ əli ilə sağ ayağını tutmasının səbəbi ilə bağlı xəsarətinin olub-olmamasına dair sorğuya qapıpəncərə ustası olduğunu və bu gun iş yerində “kazyol” adlandırdığı dayaqdan yıxıldığını, üz nahiyyəsinin sağ tərəfində olan qızartının və sağ ayığında olan ağrının iş yerində yıxılması səbəbindən olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 aprel 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Qərardan müəyyən olunur ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitəni gözünə dəyən zaman diqqətini çəkdiyindən götürdüyünü, iki bağlama olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1897 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazılar və imzalar olan zərfdəki iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,909 qram, 3,098 qram ümumi təmiz çəkisi 7,007 qram ağ rəngli, kristalşəkillli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 07 aprel 2024-cü il tarixli, 1057/K nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2024-cü il tarixli, 1282 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMCdən götürülmüş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** nömrədən xx.xx.2023-xx.xx.2024-cü il tarixədək iş üçün əhəmiyyət kəsb edən heç bir əlaqə və ya SMS yazışmalar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, keçirilmiş əməliyyat tədbirlərin nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək satışını həyata keçirməsi, hansı mənbədən əldə etməsi, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə şahidlik edən şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət təqibi üzrə icraatın ayrılması haqqında” qərardan müəyyən olunur ki, hazırkı cinayət işindən külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama və satma faktlarının araşdırılması məqsədi ilə material ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024cü il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 6,907 qram metamfetamin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvələr məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2010, 2012, 2017 və 2020-ci il təvəllüdlü uşaqları vardır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış psixotrop maddənin-maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, psixotrop maddəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, ona qarşı fiziki və psixoloji təzyiqin olmasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-5282/2024 nömrəli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə BİT-na gətirilmiş, ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edidməmiş, sağ almacıq nahiyyəsində, sağ əlin arxa səthində, sol əlin arxa səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs zor tətbiq edilməsi barədə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin məlumatı əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. Həmin idarənin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, material üzrə BMCMİ-nin əməliyyat müvvəkili X6 və əməliyyat müəvvəkili Şahid izahatları alınmışdır. X6 və Şahid izahatlarında N.Ağayevin polis əməkdaşları tərəfindən saxlanılarkən, nədəki sonradan Baş İdarədə hər hansı bir fiziki və psixoloji təzyiqlərə məruz qalmadığını bildirmişlər. Materiala əlavə edidlmiş “MTE və PA Birliyi” PHŞ-in 572 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni səthində xx.xx.2024-cü il tarixə uyğun xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qaununsuzluğa yol verilmədiyi üçün material üzrə cinayət işinin başlanılması rədd edidlmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 06 aprel 2024-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,907 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin matariallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 320 AZN (yç yüz iyirmi manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 6,907 qram psixotrop maddə metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 320 AZN (üç yüz iyirmi manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. . Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar