Məhkəmə qərarları › İş №1(101)-1984/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1984/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1984/2024 14.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X8 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X4 və X5, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, 35 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1999-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə, saat 02 radələrində etibarnamə əsasında AE 522639 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mikrorayon, Həmzə Babaşov küçəsi ilə “Heydər” məscidinin yaxınlığında olan dairəvi yol istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin dayanıqlı hərəkətini təmin etməli və avtomobilin idarəolunmaz vəziyyətə düşməsinə, yoldan çıxmasına səbəb olan təhlükəsizliyi təmin etməyən hərəkətlər etməməli, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli olduğu halda, bunlara əməl etməyib və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq avtomobilin idarə etməsini itirməsi ilə yolun sağ kənarında olan daş hasara çırpılması nəticəsində avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 sağ ağ ciyərin yuxarı və orta payının çoxsaylı cırılmaları, sağtərəfli hemitoraks, sağ körpücük sümüyünün orta 1/3-nin və sağ l-ll-lll-İV-V-Vİ-Vİİ qabırğaların ön qoltuqaltı xətt üzrə yerdəyişmiş sınıqları ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının qapalı küt travması, sağ bazu oynağının oynaqdaxili qapalı sınığı, sağ gicgah nahiyəsinin sol yarısının, burunun sağ-yan çəpərinin və ucunun, sol yanağın, üst dodağın sağ yarısının, sağ körpücükaltı nahiyənin, sağ bazu oynağının və sağ baldırın orta-yuxarı 1/3-nin ön səthlərinin çoxsaylı sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 hadisə yerində, digər Zərərçəkmiş şəxs2 isə kəllə əsası, alın, sol təpə sümüklərinin qapalı çox qəlpəli basılmış sınıqları, sınıq proyeksiyasında baş beyin toxumasında, baş beynin sərt və yumuşaq qişasında, qişaaltında qansızmalar, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızmalar, sağ əng, almacıq sümüklərinin qapalı sınıqları, sağ göz konyuktivasında qansızma xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 06 mart 2024-cü il tarixdə yaşadığı Sabirabad rayonu, Qaralı kəndində ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 29 dekabr 2023-cü il tarixdə mobil telefonunu enerji yığmaq üçün şəbəkəyə birləşdirdiyi zaman “Kia Rio” markalı avtomobilin idarəetməsini itirməsi səbəbindən X12 ətrafında yol nəqliyyat hadisəsinin baş verməsinə və iki nəfər şəxsin ölümünə səbəb olmuşdur. Hadisə baş verən gün içkili olmamışdır. Hadisənin baş verməsinin digər səbəbi isə yerin sulu olması ilə əlaqədar olmuşdur. Avtomobildə 4 nəfər dostu ilə birlikdə olmuşdur. Avtomobildə olan şəxslərdən bir nəfər hadisə yerində, bir nəfər isə hadisədən 01 ay sonra vəfat etmişdir. Hadisə zamanı hərəkət etdiyi yolda icazə verilən sürət həddi saatda 60 km olsa da o, həmin həddi aşmış təxminən saatda 70-80 km sürətlə hərəkət etmişdir. Yolda cuzi döngə olduğundan avtomobili sola çəkmək istəyərkən hasarda olan çıxıntıya çırpılmışdır. Əməlindən peşmançılıq hissi keçirtmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, hadisənin şahidi olmamışdır. Hadisə günü oğluna etdiyi telefon zənginə başqa bir şəxs cavab vermişdir. Həmin şəxs oğlunun vəziyyətinin ağır olduğunu və şəhərə gəlməli olduğunu ona bildirmişdir. Əri şəhərə gedən zaman oğlunun ölüm xəbərini almışdır. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, gecə saat 3-4 radələrində ona zəng edilmiş, oğlunun avtoqəza keçirtməsi bildirilmişdir. Sabirabaddan Bakı ərazisində yerləşən 1 saylı X22 gələn zaman artıq oğlu özündə olmamış, sonuncu , özəl klinikaya aparıldıqdan 01 ay 01 gündən sonra isə vəfat etmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Onunla barışıq əldə etmişdir. 29 dekabr 2023-cü il tarixli raportdan görünür ki, 29 dekabr 2023-cü il tarixində saat 04:00-da, xx xxxxx 1999-cü il təvəllüdlü Salyan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs müxtəlif bədən xəsarətləri ilə, xx xxxx 2004-cü il təvəllüdlü Salyan şəhərində anadan olmuş X2 halı ağır vəziyyətdə alın sümüyünün sınığı diaqnozu ilə, 2003-cü il təvəllüdlü X1-beyin ravması xəsarəti ilə xəstəxanaya daxil olmuşlar, digər şəxs Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür (cild 1, iş vərəqə 7). “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 dekabr 2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş cədvəl və foto-şəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsinə “Heydər” məscidinin arxa tərəfi olmuşdur. Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt beton, yol örtüyünün vəziyyəti yaş, yolun işlək hissəsində aşkar edilmiş nişan xətləri bir istiqamətlidir, yolun kənarlarında sarı xətlər vardır. İşlək hissəyə sağdan və soldan səki, ehtiyat hissədən sonra sağdan “Heydər” məscidi, soldan daş hasar birləşir. “Kia-Rio” markalı “** XF ***” qeydiyyat nişanlı avtomobil H.Babaşov küçəsi 1/5 hərəkətdə olarkən idarə etməni itirərək Heydər məscidinin arxa tərəfində olan daş hasara çırpılmışdır, zərbənin təsirindən sol istiqamətdə fırlanaraq yolun hərəkət hissəsində üzü məscid tərəfə aşkar olundu. Hadisə yerində avtomobilin ön qabaq hissəsinin detallarının sınmış hissələri aşkar olunmuş, avtomobil Heydər məscidinin arxa tərəfindəki daş hasara dəymişdir. Meyid yəni, Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sağ sərnişin oturacağında yerləşmişdir (cild 1, iş vərəqə 8-18). 29 dekabr 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan” tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olması müəyyənləşdirilmiş, alkoqol sərxoşluğu və narkotik vasitə, psixotrop maddə və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində sərxoşluğu vəziyyəti aşkar edilməmişdir (cild 1, iş vərəqə 24). 7 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ilkin ifadəsindəki xüsusatları təsdiq edərək hadisə zamanı idarə etdiyi “Kia Rio” markalı avtomobilinin hasara çırpıldığı yeri əyani olaraq göstərmişdir ( cild 1, iş vərəqi 44- 48). 15 yanvar 2024-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Kia-Rio” markalı, boz metallik rəngli ** XF *** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi bütövlükdə əzilmiş və zərbə təsirindən ortaya yığılmış vəziyyətdədir. Ön tərəfdən daha çox sağ tərəf zədələnmiş, ön təkərlər nisbətən aralanmış, ön şüşə sınmış, qabaq sağ qapı əzilmiş, ön faralar yararsız hala düşmüş, salondakı təhlükəsizlik yastıqları açılmış vəziyyətdədir. Avtomobilin vəziyyətindən onun qabaq sağ hissəsinin bərk səthə dəyməsi ilə qəza keçirməsi aydın olmuşdur (cild 1, iş vərəqə 49-53). Məhkəmə tibbi ekspertizasının 268 nömrəli rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ ağciyərin yuxarı və orta payının çoxsaylı cırılmaları, sağtərəfli hemitoraks (sağ plevra boşluğunda 1000-1200 ml-dək qan), sağ körpücük sümüyünün orta 1/3-nin və sağ l-ll-lll-İV-V-Vİ- Vİİ qabırğaların ön qoltuqaltı xətt üzrə yerdəyişmiş sınıqları ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının qapalı küt travması, sağ bazu oynağının oynaqdaxili qapalı sınığı, sağ gicgah nahiyəsinin, sağ gözün bayır bucağı proyeksiyasının və sağ yanağın yuxarı yarısının, alın nahiyəsinin sol yarısının, burunun sağ-yan çəpərinin və ucunun, sol yanağın, üst dodağın sağ yarısının, sağ körpücükaltı nahiyənin, sağ bazu oynağının və sağ baldırın orta-yuxarı 1/3- nin ön səthlərinin çoxsaylı sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 29 dekabr 2023-cü il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşının toqquşma olmadan statik (dayanıqlı) maneəyə çırpılması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin sağ yarısının qapalı küt travması nəticəsində sağ ağciyərin çoxsaylı cırılmaları və bu fonda inkişaf etmiş kəskin daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazolan, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 57-62). Məhkəmə tibbi ekspertizasının 507 nömrəli rəyindən görünür ki, X16 tibbi yardım üçün “X25” X23 müraciət edərkən ona qoyulmuş “alın sümüyünün basılmış sınığı, qapalı kəlləbeyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, kəskin tənəffüs çatmamazlığı” diaqnozu bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X25” X23 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 29 dekabr 2023-cü il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (cild 1, iş vərəqə 135-139). Məhkəmə tibbi ekspertizasının 14 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 29 dekabr 2023-cü il tarixdən 25 yanvar 2024-cü il tarixə kimi X24 tarixə kimi X24 «Alın sümüyünün basılmış sınığı, qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, kəskin tənəffüs çatmamazlığı» diaqnozu ilə, 25 yanvar 2024-cü il tarixdən 26 fevral 2024cü il tarixə kimi isə X26 «Dəqiqləşdirilməmiş meningit, mədəcikdaxili qansızma» diaqnozu ilə stasionar müalicədə olmuşdur. Müayinə zamanı şəxsdə kəllə əsası, alın, sol təpə sümüklərinin qapalı çox qəlpəli basılmış sınıqları, sınıq proyeksiyasında baş beyin toxumasında, baş beynin sərt və yumşaq qişasında, qişaaltında qansızmalar, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızmalar, sağ əng, almacıq sümüklərinin qapalı sınıqları, sağ göz konyuktivasında qansızma, sol təpə-alın sümüyündə sümük deffekti, daxili orqanlarda azqanlılıq, kəskin kaxeksiya, büzdüm və sağrı nahiyələrində nekrozlaşmış yataq yaraları kimi xəsarətlər aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər-kəllə əsası, alın, sol təpə sümüklərinin qapalı çox qəlpəli basılmış sınıqları, sınıq proyeksiyasında baş beyin toxumasında, baş beynin sərt və yumşaq qişasında, qişaaltında qansızmalar, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızmalar, sağ əng, almacıq sümüklərinin qapalı sınıqları, sağ göz konyuktivasında qansızma küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 29 dekabr 2023-cü il tarixə uyğundur. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 ölümünə səbəb almış olduğu kəllənin qapalı küt travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm müayinədən 4-5 saat əvvəl, 06 mart 2024-cü il tarixdə baş vermişdir (cild 1, iş vərəqə 140-145). 10 fevral 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - sağ said sümüyünün yerdəyişmiş sınığı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 29 dekabr 2023-cü il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşının toqquşma olmadan yoldan çıxaraq statik (dayanıqlı) maneəyə çırpılması nəticəsində sürücü qismində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqə 95-97). 19 mart 2024-cü il tarixli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Kia Rio” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqə 147-149). 18 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 may 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və faktiki sahibi Təqsirləndirilən şəxs məsul saxlanışa verilmişdir. 29 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən “Heydər” məscidinin arxasında baş vermiş yol nəqliyyat hadisəsi anını özündə əks etdirən 01 ədəd DVD formatlı disk sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 196-206). Cinayət işi materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin hüquq varisləri X11 və X3 Təqsirləndirilən şəxs ilə barışmış, barəsində şikayətləri və tələbləri yoxdur və gələcəkdə də olmayacaq (cild 1, iş vərəqə 150-151). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İdarəsindən alınmış 22 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (Cild 1, iş vərəqə 89) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs etiraf edici ifadəsini, zərərçəkmiş şəxslərin hüquq varisinin ifadələri, məhkəmə-tibb ekspertiza və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyləri və digər sübutlar ilə birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilmişdir. Həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır (cild 1, iş vərəqə 150-151). Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquq varisi ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, məhkəmədə etirafedici ifadələr verərək əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquq varisləri ilə barışıq əldə etməsi, məhkəmədə etirafedici ifadələr verərək əməlindən peşmançılıq hissi keçirməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi kimi barəsində olan yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyasında nəzərdə tutulmuş həddlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli, o dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilməmiş, 26 aprel 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 190-191). Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 oktyabr 2024-cü il tarixdən, yəni hazırki hökmlə barəsində həbs qətimkan tədbiri seçildiyi gündən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan “Kia Rio” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin faktiki sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, yol nəqliyyat hadisəsinin qeydə alınan video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 147). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə 2(iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5(beş) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri ləvğ edilsin,o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -“Kia Rio” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin faktiki sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın; - Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə piyadanın vurulması yol- nəqliyyat hadisəsini əks etdirən videoçəkilişin görüntüləri olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökümün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar