Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1988/2023 06.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən X3, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-ci ildə Naxçıvan MR-da anadan olmuş, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan MR-da, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 aprel 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində taksi avtomobilində sərnişin qismində hərəkətdə olan zaman Zərərçəkmiş şəxs həmin taksi avtomobilini saxladaraq sürücüyə irad tutub avtomobili asta sürətlə hərəkət etdirməsini tələb etdiyi üçün o, Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ kürək nahiyəsindən bir dəfə zərbə vuraraq ona sağ tərəfli pnevmotoraksla müşayiət olunan sağ kürək nahiyəsinin döş boşluğuna nüfuz edən (yara reviziya olunmuş, fassiotomiya əməliyyatı icra olunmuşdur) bir ədəd deşilmiş- kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, hadisə günü o dostugilə hərbi bilet almağa gedibmiş. Tanımadığı taksi sürücüsünün idarə etdiyi avtomaşınında hərəkət etdiyi zaman yolda avtomaşının qarşısında tanımadığı şəxs dayandığından taksi sürücüsü maşını saxlamış, Tofiq adlı şəxslə birlikdə 12-13 nəfər taksinin qarşısında dayandıqları üçün o, da həmin ərazidə bir kənddə yaşadığı şəxsin evinə girib bıçaq götürərək özünü müdafiə etmək istəmişdir. Onun məqsədi kimisə qəsdən yaralamaq yox, sadəcə özünü müdafiə etmək olub. Həmin şəxslər taksinin yolunu kəsmələrinin səbəbi kimi taksi sürücüsünün məhəllədə avtomobili yüksək sürətlə idarə etməsinin olduğunu bildirmişdirlər. Hadisə baş verəndən sonra həmin avtomobillə hadisə yerindən uzaqlaşmış və hadisədən 1 gün sonra saxlanılmışdır. Məhkəmə istintaqı zamanı növbəti məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əlavə olaraq göstərmişdir ki, zərərçəkmiş şəxslə təkbətək dalaşdıqdan sonra ona bıçaqla xəsarət yetirmişdir. Əvvəlki məhkəmə iclasında bildirmişdir ki, üzərinə çox adam hücum etdiyindən özünü qorumuşdur, lakin əslində belə olmayıb. Zərərçəkənlə təkbətək dava etmişdir və mübahisə də, yalnız ikisinin arasında olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. İbtidai araşdırma zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 09 aprel 2023-cü il tarixdə təxminən saat 18 radələrində iş yerindən çıxaraq taksiyə əyləşib Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yaşayan tanışı Kənanın yaşadığı evə getmiş və oradan hərbi biletini və ümumvətəndaş pasportunu götürmüşdür. 09 aprel 2023-cü il tarixdə təxminən saat 20 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində tanımadığı taksi sürücüsünün idarə etdiyi avtomaşınla hərəkət etdiyi zaman yolda avtomaşının qarşısında tanımadığı şəxs dayanmışdır. Taksi sürücüsü avtomobildən düşüb həmin şəxslə mübahisə etməyə başlamışdır. O da avtomobildən düşüb həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxs taksi sürücüsünə məhəllə ilə sürətlə hərəkət etdiyi üçün irad bildirmişdir. Sonra həmin şəxs onunla taksi sürücüsünü vurmağa başlamışdır. O da qaçaraq yaxınlıqda yaşayan tanışı Kənanın yaşadığı evə gedərək qapını döymüşdür. Qapını Kənanın arvadı açmışdır. Ondan Kənanın evdə olub-olmadığını soruşduqda evdə olmadığını bildirmişdir. O da masanın üzərində olan mətbəx bıçağını götürmüş və mübahisə olan yerə qayıtmışdır. Həmin vaxt həmin şəxsin tanımadığı taksi sürücüsünü vurmağa davam etdiriyini görmüşdür. Bu vaxt o, Kənanın yaşadığı evdən götürdüyü bıçağı sağa-sola doğru hərəkət etdirmiş və bıçaq həmin şəxsin kürək nahiyəsinə dəymişdir. Bunu gördükdə kənara çəkilmiş və həmin taksi sürücüsü ilə birlikdə taksiyə əyləşərək yaşadığı evə getmişdir. Hadisə vaxtı orada ondan başqa, tanımadığı taksi sürücüsü və mübahisə etdiyi şəxs olmuş, başqa heç kim orada olmamışdır. Həmin taksi sürücüsünü tanımamış və bu taksiyə yolda əyləşmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisənin nə vaxt baş verdiyini xatırlamır. O, öz məhəllələrində tanışları ilə söhbət edirmiş. Novruz da öz dostları ilə “Toyota Prius” markalı avtomobilin yanında dayanıbmış. Sonra həmin avtomobilin sürücüsü avtomobillə təhlükəli hərəkətlər etmişdir. O da həmin an avtomobilin qarşısını kəsib onları saxlamiş və irad bildirmişdir. Sürücü ilə aralarında mübahisə olmuş, mübahisədən sonra Novruz sürücü ilə olan mübahisələrinə müdaxilə etmişdir. Onlar təkbətək dalaşmışlar. Novruzla dalaşdıqda ona bir sıra xəsarətlər yetirmiş ola bilər. Sonra Novruz yaxınlıqdakı qohumunun evinə gedib təxminən 2-3 dəqiqə sonra bıçaq götürüb gəlmişdir. Məhəllə sakinləri səs-küy salıb mübahisəni sakitləşdirdikdən sonra arxadan yaralandığını görmüşdür. Sonra Sabunçu xəstəxanasına getmiş, müalicə üçün 1 həftə Sabunçu xəstəxanasında qalmış, təxminən 1 ay yarım müddət də müalicəsini evdə davam etdirmişdir. Hazırda isə təqsirləndirilən şəxslə barışıb, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 09 aprel 2023-cü il tarixdə təxminən saat 20 radələrində yaşadığı evin yaxınlığında olan məhəllədə dayanan zaman bir ədəd “Prius” markalı avtomobil sürətlə məhəllədə hərəkət etmişdir. Avtomobil geri qayıtdıqda o, avtomobili saxlatdırmış və sürücü avtomobildən düşmüşdür. O, həmin sürücüyə avtomobili sürətlə hərəkət etdirməsinə görə irad bildirmişdir. Avtomaşında əyləşən sonradan tanıdığı Novruz avtomobildən düşmüş və onun yanına gəlmişdir. Novruz onunla sürücüyə irad tutduğuna görə mübahisə etmişdir. Bu vaxt aralarında dava-dalaş düşmüşdür. Səs-küyə küçədə olan şəxslər yaxınlaşıb onları ayırmışlar. Onlar aralaşdırqdan sonra o, kürək nahiyəsindən qan gəldiyini görmüşdür. Sonradan qardaşı onu xəstəxanaya aparmış və həkimlər ona tibbi yardım göstərmişlər. O, Novruzun əlində bıçaq və yaxud da başqa kəsici-deşici alət görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. 09 aprel 2023-cü il tarixdə təxminən saat 20 radələrində qardaşı Kənan Ələkbərovun yaşadığı evdə yatan zaman içəriyə bir nəfər şəxsin daxil olmasını görmüşdür. O, yatdığı otaqdan çıxdıqda Novruzun evə gəldiyini və evdən bıçaq götürüb getdiyini görmüşdür. O, Norvuz Məmmədovu arxadan çağırsa da, Novruz ona məhəl qoymamış və küçəyə çıxmışdır. O da Novruzun arxasınca küçəyə çıxmış, bu zaman küçədə kiminsə Novruzla dalaşdığını görmüşdür. O isə geri qayıtmışdır. O, həmin məhəllədə daimi yaşamadığı üçün Novruzun dalaşdığı şəxsi tanımamışdır. O, Novruzun həmin şəxsə bıçaqla xəsarət yetirməsini görməmişdir. Həmin vaxt həm hava qaranlıq olmuş, həm də o, Novruzun dalaşdığını görüb evə geri qayıtmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs daxilə nüfuz edən sağ döş qəfəsinin kəsilmiş yarası barədə Polis Bölməsinə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Həmin Məcəllənin 126.1-cı maddəsinə tövsif edilməklə ona yenidən ittiham elan edimişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin 06 iyul 2023-cü il tarixli 583 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli pnevmotoraksla müşayiət olunan sağ kürək nahiyəsinin döş boşluğuna nüfuz edən (yara reviziya olunmuş, fassiotomiya əməliyyatı icra olunmuşdur) bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə bıçaqla yetirilə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs adına tərtib edilmiş stasionar xəstənin tibbi kartasının “status Lokalis” bölməsində və şəxsin özünün məhkəmə-tibbi ekspertiza müayinəsində onun bədəni üzərində əl və ayaqla yetirilməyə məxsus xəsarət və xəsarət izləri müəyyən edilməmiş və bu haqda hər hansı bir yazılı qeydiyyat yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri), istintaq hərəkətlərinin ptotokolları, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan ərizədən və ifadələrdən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, təqsirləndirilən şəxs məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) etiraf etməsini, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, cinayəti hadislərin təsadüfi axarı zəmnində törətməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, barışıq əldə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə hüquqi yardımın göstərilməsi üçün müdafiəçinin təqdim etdiyi hesabat əsasında müdafiəçiyə hər iş saatı üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq pul ödənilir. Müdafiəçi tərəfindən təqdim olunmuş hesabatdan görünür ki, o, iş materialları ilə tanış olmaqla və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsbarəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1988/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1988/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver