Məhkəmə qərarları › İş №1(101)-1991/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1991/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1991/2024 25.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, cinayət işinin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar mövcuddur, bu səbəbdən qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 289.2.3-cü maddəsinə əsasən, barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) ittiham aktının giriş hissəsində göstərilir. Cinayət Prosessual Məcəlləsinin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.2. təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; 289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; 289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar; 289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar; 289.3.6. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət işi üzrə tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi göstərilmişdir. İş materiallarında olan «Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 4(001)-777/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 24 iyul 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “ev dustaqlığı" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 73-79). «Cinayət işi üzrə icraatın dayandırılması haqqında» 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə qətimkan tədbirinin şərtlərini pozan Təqsirləndirilən şəxs tutulub İstintaq Şöbəsinə təqdim edilənə kimi cinayət işi üzrə icraat dayandırılmışdır (İ cild, səh. 96). «Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında» 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulan təqdirdə Binəqədi Rayon Polis İdarəsinin MSY-nə təhvil verilməsi qeyd edilmişdir (İ cild, səh. 94). «Könüllü gəlmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024cü il tarixdə istintaq orqanına könüllü gələrək cinayət işi ilə əlaqədar hüquq mühafizə orqanı tərəfindən istintaq orqanına çağırılması barədə heç bir məlumatının olmadığını bildirmişdir (İ cild, səh. 106). «Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında» 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (İ cild, səh. 108). «Sübutların qiymətləndirilməsi haqqında» 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 iyul 2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən seçilmiş “ev dustaqlığı" növündə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması qeyd olunmuşdur (İ cild, səh. 119-124). Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi elektron nəzarət vasitəsi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-777/2023 nömrəli qərarına əsasən xx.xx.2023-cü il tarixdən aktiv edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsini 2023-cü ildən gəzdirdiyini, elektron nəzarət vasitəsinin daim işlək vəziyyətdə olduğunu bildirmişdir. İş materiallarına əsasən, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 iyul 2023-cü il tarixdə barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə 24 iyul 2023-cü il tarixdən hesablamaqla 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi elektron nəzarət vasitəsi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-777/2023 nömrəli qərarına əsasən xx.xx.2023-cü il tarixdən aktiv edilmişdir. Müstəntiq tərəfindən 15 avqust 2023-cü il tarixli qərarla cinayət işi üzrə qətimkan tədbirinin şərtlərini pozan Təqsirləndirilən şəxs tutulub istintaq şöbəsinə təqdim edilənə kimi cinayət işi üzrə icraat dayandırılmış, «Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında» 15 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulan təqdirdə Binəqədi Rayon Polis İdarəsinin MSY-nə təhvil verilməsi qərara alınmış, 03 iyun 2024-cü il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmiş, daha sonra «Sübutların qiymətləndirilməsi haqqında» 08 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 26 iyul 2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən seçilmiş “ev dustaqlığı" növündə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması qərara alınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-777/2023 nömrəli qərarına əsasən 24 iyul 2023-cü il tarixdən hesablamaqla 03 ay müddətinə seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti bitmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Cinayət Prosessual Məcəlləsinin 163.4-cü maddəsinə əsasən ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Cinayət Prosessual Məcəlləsinin 163.9-cu maddəsinə əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Beləliklə məhkəmə yuxarıda sadalanan halları nəzərə alıb belə nəticəyə gəlir ki, cinayət işi üzrə ittiham aktı bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmadığından qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Qətimkan tədbiri ilə bağlı məsələnin həll edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində hazırda qətimkan tədbirinin olmaması nəzərə alınmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 və Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 298-300, 303.3.6, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində hazırda qətimkan tədbirinin olmaması nəzərə alınsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 və Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar