Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1992/2023 15.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri ərazisində müxtəlif qeyri-müəyyən ünvanlarda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz girməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 18 aprel 2023-cü il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gəlib evin yan hissəsində olan hamam otağının nəfəsliyinin açıq olmasından istifadə edərək həmin yerdən yaşayış sahəsinə qanunsuz girmiş, sonra evin digər otağında uzanıqlı vəziyyətdə olan hücuma məruz qalmış Zərərçəkmiş şəxs üzərinə gedib sol əli ilə ağız nahiyəsindən tutub boğulma təhlükəsi yaratmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib sonuncunun əynindəki köynəyinin iç cibindən 150 manat nağd pulu və 10 manat dəyərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartını ələ keçirib hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 160 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Bakı şəhərində müxtəlif ünvanlarda gecələmiş, dilənərək gündəlik pullar qazanmışdır. Zərərçəkmiş şəxs bir müddətdir ki tanımış, həmin qadının pulu oluğunu bilmişdir. Çünki, Səliqə də müxtəlif ünvanlarda dilənməklə Nəsimi rayonunun “Kubinka” adlanan ərazisində kirayədə yaşamışdır. O, Zərərçəkmiş şəxs əlil arabasında olan uşağına dəfələrlə şəhər ərazisində kömək etmişdir. 18 aprel 2023-cü il tarixdə gecə saatlarında Səliqənin yaşadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Səməd Vurğun küçəsində yerləşən “Bol Market”in yanından “Kubinka” adlanan əraziyə daxil olaraq Səliqənin evinə tərəf getmiş, evə çatanda əvvəlcə giriş qapısını açmaq istəmiş, amma qapının bağlı olduğunu görmüşdür. Sonra yan tərəfdə olan nəfəsliyin açıq olduğunu görüb onun çöl tərəfində təxminən 3-5 dəqiqə gözləmişdir. Kənarda heç kimin olmadığına əmin olduqdan sonra həmin nəfəsliyə qalxaraq içəri girmiş, hamamın qapısından keçərək otağa daxil olmuşdur. Qaranlıq olduğu üçün özü ilə gətirdiyi alışqanın işığından istifadə etmiş və masanın üzərindəki kitabın arasına baxıb pul olduğunu görmüşdür. Həmin pulu, həm də əlinə keçən bir ədəd bank kartını götürüb aralanarkən döşəmənin cırıltı səsinə Səliqə oyanmış və onu tutmaq istəmiş, həmin anda sadəcə Səliqənin əlini itələyib qaçıb evdən çıxmışdır. Səliqəyə qarşı heç bir zorakılıq etməmiş, onu vurmamış, ağzından da tutmamışdır. Sadəcə özünü müdafiə edib qaçmışdır. Götürdüyü 150 manat pulun bir qismini sonradan özünün şəxsi ehtiyaclarına xərcləmiş, amma oğurladığı kartla heç nə etməmiş, həmin kartdan hansısa məbləğdə pul çıxarmamış və ya ödəniş etməmişdir. 19 aprel 2023-cü il tarixdə saat təxminən 00:00 radələrində Yasamal rayonu, metronun “Nizami” stansiyasının qarşısında polis əməkdaşları onu saxlamışlar. O, saxlanıldıqdan sonra oğurladığı Səliqə arvada məxsus 01 ədəd bank kartını və qadının evində kitabın arasından götürdüyü puldan qalan 43 manatı təqdim edərək etdiyi əməli könüllü olaraq etiraf edib hər şeyi olduğu kimi danışmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişində növbəti məhkəmə iclasında yuxarıda göstərilən ifadəsini danmış, Polis Bölməsində ona təzyiq edilərək bu işin boynuna qoyulduğunu, savadsız olduğundan ona təqdim edilən bütün sənədləri imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verərək zərərçəkmiş şəxsə qarşı törətdiyi əməli tam etiraf etmiş, törətdiyi əməlin halları ilə bağlı məqamları ətraflı təsvir edərək göstərmişdir ki, o, kənarda heç kimin olmadığına əmin olduqdan sonra həmin nəfəsliyə qalxaraq əvvəlcə ayaqlarını içəri salmış, lakin əynindəki qolsuz gödəkçə qalın olduğu üçün içəri girə bilməyəcəyini başa düşdükdə həmin gödəkçəni əynindən çıxararaq yerə, yəni çölə tullamışdır. O, hamamın qapısından keçərək içəri otağa daxil olmuşdur. Qaranlıq olduğu üçün özü ilə birgə gətirdiyi alışqanın işığından istifadə etmişdir. Bu zaman həmin qadın oyansa da onunla birgə yataqda yatan uşağı yatmağa davam etmişdir. O, həmin qadına “Qorxma ay bibi” deyərək onu sakitləşdirməyə çalışmışdır. O, həmin qadının uzandığı yerə yaxınlaşmış və sol əlini uzadaraq əvvəlcə qadının ağzını tutmuşdur ki, qışqırmasın. Daha sonra sağ əli ilə qadının üzərində olan köynəyin iç cibindən 150 manat pulu və 01 ədəd bank kartını götürmüşdür. Daha sonra evin giriş qapısının üzərində olan açarla qapını açmış və çölə çıxmışdır. O, əvvəlcə nəfəsliyin qarşısına atdığı gödəkçəsini götürmüş və oradan qaçaraq uzaqlaşmışdır (cild 1, iş vərəqə 155-156). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xəstə övladına baxmaq üçün Bakı şəhərində müxtəlif ünvanlarda dilənçiliklə məşğul olur və həmçinin təqaüd alaraq gündəlik xərclərini ödəyir. Ona qarşı hadisə gecə saatlarında baş vermişdir. Özü bir az ayıq yatır, hadisə baş verən gün gözünə işıq düşdüyünü görmüşdür. Əslində evdə həmin vaxt elektrik işığı olmamışdır, çünki işıq pulu borcu olduğundan işığını kəsmişlər. Ona görə gözünə işıq düşməsi yadındadır. Gözünü açıb görmüşdür ki, evin içinə bir nəfər adam girib. Dəqiq xatırlayır ki, həmin adamdan çox pis qoxu, zibil iyi gəlmişdir. Həmin şəxs ona hücum edib ağzını tutmuş, ona xəsarətlər yetirmişdir. Sonra həmin adam onun köynəyinin cibindən 2 ədəd 50 manatlıq, 5 ədəd 10 manatlıq pulu götürüb qaçmışdır. Həmin pulla o şikəst uşağını həkimə aparmağı planlaşdırmışdır. Ona hücum edən şəxs qaçıb gedəndən dərhal sonra 102 Xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bu şəxs onun cibindəki bank kartını da götürmüşdür. Zərərçəkmiş şəxs məhkəmədə ona verilmiş sualları cavablandırarkən göstərdi ki, evə girən şəxsin üzünü görməmişdir. Həmin şəxs onun ağzını tutub “səni öldürməyə gəlmişəm” demiş, üstünə uzanıb onu əzmiş, əli ilə axtarıb köynəyinin cibindən pulu və kartını götürmüşdür. O, evinə girən şəxsi arxadan görmüşdür, amma hesab edir ki, bu şəxs Təqsirləndirilən şəxs deyildi. Ona elə gəlir ki, ona həmin gecə hücum edən və xəsarətlər yetirən, boğan şəxs zibil yığandır, küçələrdə iri torbalarla gəzir. Amma boyu Təqsirləndirilən şəxs boyuna yaxındır. O, pulları stolun üstündə kitabın arasında saxlamamışdır, stolunun üstündə də ümumiyyətlə kitab olmamışdır. Evinə girən adam hesab etdiyi ərazidə gəzən bir şəxsə özü yaxınlaşıb bir dəfə bu barədə demiş, amma həmin adam ona “get işinlə məşğul ol” deyə bildirmişdir. “Qorxma ay bibi” söhbəti isə ümumiyətlə olmamışdır. Müstəntiq bu sözləri özü yazmışdır. O da savadsız adam kimi bilməyib bu sözlərə fikir verməmişdir. Hücum edən şəxslə belə söhbəti olmamışdır. Həmin şəxs ona hücum edib əzişdirmiş, onun üzərinə uzandığı zaman isə hətta qaraciyərini zədələmişdir. Belə ağır vəziyyətdə olduğu zaman dindirilərkən müstəntiqin o yazısına diqqət etməmişdir. O, məhkəm-tibbi ekspertizasına hadisədən bir neçə ay sonra təqdim edilmiş, məhz bu səbəbdən müayinə vaxtı bədən səthində xəsarətlər aşkar olunmamışdır. Ona dəymiş ziyan qalan hissədə ödənilməmişdir. Ona qarşı cinayət etmiş şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzaləndırılmasını xahiş edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xəstə övladına baxmaq üçün Bakı şəhərində müxtəlif ünvanlarda dilənçiliklə məşğul olur və həmçinin təqaüd alaraq gündəlik xərclərini ödəyir. 17 aprel 2023-cü il tarixdə saat təxminən 23:00 radələrində oğlu Asimi yatızdırmış və özü də onunla birlikdə yatmışdır. 18 aprel 2023-cü il tarixdə gecə saat 01:30 radələrində evdən gələn səsə oyanmışdır. Oyanan zaman mənzildə bir nəfərin əlində fanar ilə olmasını gördükdə “Bismillah” demişdir. Həmin şəxsi qaranlıq olduğu üçün tanımamış və həmin şəxs ona “Qorxma ay bibi” dedikdən sonra onun uzandığı yatağa tərəf yaxınlaşaraq əli ilə onun ağzını tutmuşdur. O, yuxudan yeni oyandığı üçün hadisəni tam dərk edə bilməmişdir. Həmin şəxs onun əynində olan köynəyin cib hissəsinə qoyduğu 100 manatdan yuxarı məbləğdə pulu və "xxxx" ASC-yə məxsus bank kartını götürmüşdür. Daha sonra həmin şəxs qaranlıqda evin giriş qapısına gedərək oranı açıb çıxmışdır. O, qaranlıqda mobil telefonunu tapmış və həmin telefonun işığı vasitəsi ilə qapıya tərəf getdikdə qapının açıq olmasını görmüş, lakin ətrafda heç kimi tapa bilməmişdir. Daha sonra 102 Xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. O, hadisənin şokunda olduğu üçün üzərində tam dəqiq hansı məbləğdə pulun olduğunu bilmədiyi üçün 102 Xidmətinə 100 manat olduğunu bildirmişdir. Lakin indi dəqiq xatırlayır ki, onun üzərində 150 manat nağd pul olmuşdur. Hadisə baş verən zaman evdə heç bir işıq yanmadığı üçün içəri qaranlıq olmuşdur. Bu səbəbdən həmin şəxsin üzünü və xarici görünüşünü, əynində olan paltarlarını görməmiş, amma həmin şəxsin “Qorxma ay bibi” müraciət etməsi ilə səsindən Kubinkada ara-sıra rastlaşdığı Ruslan adlı şəxsin səsinə oxşadıb onun olduğunu təxmin etmişdir. Həmin şəxs onun ağzını əli ilə tutmuş, həmin zaman boğulmaq həddinə gəlib çatmışdır. Həmçinin onun üz nahiyəsini bərk sıxdığı üçün üzündə yaralar əmələ gəlmişdir. Onun üzərində olan pul barəsində heç kimin əvvəlcədən məlumatı olmamışdır. Ona məxsus bank kartından pul oğurlanmamış, həmçinin bank kartının dəyəri 10 manat olmuş və ona ümumilikdə 160 manat maddi ziyan dəymişdir. Hadisə vaxtı evdə əlil övladı Asimlə birlikdə olduğunu, Asim yatdığından baş vermiş hadisənin şahidi olmadığını, hadisə zamanı evdə başqa heçkimin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 22-24). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdir (cild 1, iş vərəqə 7-10). 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bank kartı və 43 manat pula baxış keçirilmişdir. Baxış zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bir ədəd bank kartının Zərərçəkmiş şəxs məxsus olması, 43 manat pulun isə bir ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq və üç ədəd 1 manatlıq əsginaslardan ibarət olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 61). Əşyanın tanınmaya təqdim edilməsi haqqında 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 18 aprel 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş bir ədəd papaq Təqsirləndirilən şəxs tanınması üçün təqdim edilmiş, Təqsirləndirilən şəxs qeyd olunan papağın ona məxsus olduğunu və hadisə günü Zərərçəkmiş şəxs evində düşdüyünü bildirmişdir (cild 1, iş vərəqə 75). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri və onu törətməsinin faktiki hallarını əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 80-83). Bank kartına baxış keçirilməsi haqqında 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bank kartına baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs 01 ədəd 4127 **** **** 9917 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartının ona məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqə 96). Diskə baxış keçirilməsi haqqında 29 iyun 2023-cü il tarixli protokoldan görünür ki, videogörüntülərə baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 01:37:34 ilə saat 01:38:39 aralığında 20-25 yaşlarında, orta boylu, orta bədən quruluşlu, qara saçları, başında qara rəngli papaq, əynində qara rəngli sviter, göy rəngli cins şalvar, ağ rəngli ayaqqabı olan şəxs Zərərçəkmiş şəxs müvəqqəti yaşadığı ünvan 3 ünvanın yaxınlığındakı küçədə, yolun sağ hissəsi ilə hərəkət etdiyi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs X2 müşahidə kamerasındakı şəxsin özünün olduğunu, göstərilən tarixdə quldurluq hadisəsini maddi imkanı zəif olduğu üçün törətdiyini bildirmişdir (cild 1, iş vərəqə 119). Məhkəmə-tibbi ekspertizasının 15 iyul 2023-cü il tarixli 889 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı bədən səthində xəsarət aşkar olunmamışdır (cild 1, iş vərəqə 129-131). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 12 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 102-104, 121-127). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin qərarın 23-cü bəndində göstərilir ki, özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı yekun nəticəyə gələrkən hesab edir ki, yatmış vəziyyətdə olmuş 60 yaşlı Zərərçəkmiş şəxs ağzını tutmaqla və digər fiziki güc tətbiqi ilə müşayiət olunan 23 yaşlı təqsirləndirilən şəxsin zorakı hərəkətlərinin məcmusu törədildiyi an və şəraitdə həyat və sağlamlıq üçün məhz təhlükəli zorakılıq idi və bu nəticə mübahisə doğurmur. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağzını tutmadığına, 150 manat pulu qadının köynəyinin cibindən deyil, masanın üzərindən götürdüyünə dair məhkəmədə verdiyi ziddiyyətli ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də aidiyyəti hissədə sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, məhkumluğunun olmamasını Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 45- 46, 90-91). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd papaq məhv edilməli, 01 ədəd bank kartının və 43 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyanın tam ödənilməsi ilə bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd papaq məhv edilsin; - 01 ədəd bank kartının və 43 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə ona vurulmuş ziyanı tələb etmək hüququ izah edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1992/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1992/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver