Məhkəmə qərarları › İş №1(101)-1993/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1993/2021

30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1993/2021 30.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçi X7 və hakim köməkçisi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən 6,312 qarm çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkoik vasitə heroini Bakı şəhəri Nəsimi rayonu ərazisində “Papanin” adlanan yerdən 28.07.2021-ci il tarixdə saat 12 radələrində qanunsuz əldə edərək üzərində saxlamış, elə həmin tarixdə saat 20:40 radələrində Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən 1 Korpus 47 ünvanının yaxınlığında saxlanılaraq gətirildiyi Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bağlamaya bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 2,302 qram və 4,010 qram olmaqla ümumi təmiz çəkisi 6,312 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin qablaşdırılmış iki ədəd şəffaf selofan bükümlər aşkar edilərək götürülmüşlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 28 iyul 2021-ci il tarixdə saat 20:40 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1 -ci mədən korpus 47 ünvanında, yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və orada öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub- olmadığı soruşulduqda o, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra əynindəki şalvarının ciblərini açmağı tələb olunmuş, ciblərindən hər hansı qanunla qadağan olunmuş digər əşya aşkar olunmamışdır. Daha sonra masanın üzərinə qoyduğu şəffaf rəngli sellofan bükülü iştirakçılar tərəfindən içərisinə açılıb baxılan zaman həmin bükülünün içərisindən, iki ədəd şəffaf rəngli selofan bükülülər aşkar olunmuşdur. Həmin iki ədəd sellofan bükülülər də açıldıqda hər birinin içərisində qəhvəyi rəngli narkotik maddə heroin aşkar olunmuşdur. Narkotik vasitəni öz istifadəsi üçün almışdır, satmaq niyyəti və məqsədi olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş həmin maddə ilə özünü təqsirli bilmir, çünki narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmayıb və belə bir niyyəti, məqsədi olmamışdır. Polis əməkdaşları onu narkotik vasitə satarkən saxlamayıblar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməyə Cinayət-Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28.07.2021-ci il tarixdə Bölmələrinə ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə 28.07.2021-ci il tarixdə saat təxminən 20:40 radəiərində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsi Korpus 47 ünvanına yollanmışlar və məlumatda göstərilən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək barəsində məlumat daxil olduğunu bildirməklə həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər, həmin şəxs etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək Binəqədi RPİ-nin 43-cü PB-nin ünvan 7 ünvanında yerləşən inzibati binasına gəlmişlər. Orada növbədə olan təhqiqatçı Fuad Alıyev müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil, videoçəkiliş aparılması üçün Polis İdarəsindən inspektor- kriminalist Altay Kərimov dəvət olunmuşlar. Sonuncuların və onların iştirakı ilə saxlanılan Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağı bildirilərək sonuncuya təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əlini əynindəki qara rəngli şalvarın sol yan cibinə salaraq oradan bir ədəd sellofan torbaya bükülmüş, içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə olan iki ədəd şəffaf sellofan bükümləri çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində «Kakos» adlandırılan narkotik vasitə heroinin olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün həmin gün saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki «Papanin» adlanan yerdən tanımadığı şəxsdən 90 manata aldığını bildirmişdir. Qeyd olunanların hamısı kriminalist tərəfindən videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Vüsal Eynullayyev saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşı Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşı Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 29.07.2021ci il tarixli 6/3159 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 02 ədəd sellofan bükümdə maddələr ayrı-ayrılıqda təmiz çəkisi 2,302 qram, 4,010 qram ümumi təmiz çəkisi 6,312 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»-dir. «Heroin» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vaitələr»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 23.08.2021-ci il tarixli 6/3265 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş 02 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 6,212 qram olan narkotik vasitə «heroin»-lər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vaitələr»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 10.11.2021-ci N tarixli 4390 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyinin aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 08.09.2021-ci il tarixli 2067 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəfiliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır, Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəfiliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən hallan düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir, Cinayət işinin materiallarına əlavə edilmiş 28.07.2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı X9 tərəfindən Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin CA üzrə kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli əvvələr məhkumiuğu olan, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs, Binəqədi RPİ-nin KTQ-nun inspektorkriminalisti X4 iştirakları ilə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 28.07.2021-ci il tarixdə həyata keçirilmiş tədbir zamanı saat 20:40-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsi Korpus 47 ünvanında yaşadığı evin yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını etimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28.07.2021-ci il tarixli qərara əsasən Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmış, 28.07.2021-ci il tarixdə saat 22:30-da başlayaraq saat 22:50-də bitmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümü açdıqda içərisindən, içərisində qəhvəyi rəngli kütlə olan iki ədəd şəffaf sellofan bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 28.07.2021-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 90 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş iki ədəd sellofan bükümlər bir ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 243 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşenron rayon məhkəməsinin 14.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq 13.06.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda ittiham olunduğu cinayət əməlini törətdiyi 28.07.2021-ci il tarixinə Təqsirləndirilən şəxs, cinayətlərin təsnifatına görə az ağır cinayətlərə aid olan, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinə görə təyin edilmiş cəzanı çəkib qurtardığından və həmin tarixdən hazırda təqsirləndirildiyi cinayət əməlini törətdiyi günədək artıq 02 il 01 ay 15 gün müddət, yəni az ağır cinayət törətməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin məhkumluğunun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş 02 ildən artıq müddət keçdiyindən Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlinə münasibətdə məhkum olmayan şəxs hesab edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları- 19.09.2011ci il təvəllüdlü X1 və 15.01.2013-cü il təvəllüdlü X3 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etməsi ilə bağlı ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Balaoğlan Abasovun ailəli və himayəsində iki azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,132 qram narkotik vasitə «heroin» məhv edilməlidir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirilən 01 ədəd CD və 01 ədəd DVD disklər əhəmiyyət kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 130 (bir yüz otuz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi 18 saylı Vəkil bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Binəqədi Rayon polis idarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 6, 132 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “CD” disk və 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar