Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1996/2025 25.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 30 avqust 1993-cü ildə Bərdə şəhərində doğulmuş (FN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu ərazisində nömrəsiz evdə kirayədə yaşamış, 22 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə şəxsiyyəti məlum olmayan “Əbdül” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda - 3,872 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı 0,54 qram təşkil edən 3 ədəd psixotrop maddə metilendioksimetamfetamin MDMA (ekstazi) tərkibli həbləri və 8,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi, 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 iyul 2025-ci il tarixdə saat 15:23-də ünvan 3 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əlində olan çantanın içərisindən 4 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,059 qram, 1,027 qram, 0,811 qram və 0,975 qram olmaqla, ümumi təmiz çəkisi 3,872 qram təşkil edən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,54 qram təşkil edən 3 ədəd kustar üsulla hazırlanmış metilendioksimetamfetamin MDMA (ekstazi) tərkibli həmin həblər və 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,09 qram və 4,79 qram olmaqla, ümumi təmiz çəkisi 8,88 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 22 iyul 2025-ci il tarixdə o, yol kənarında taksi gözləyərkən polis əməkdaşları ona yaxınlaşmış və onu saxlamışlar. Həmin vaxt onun üzərində 87 qram marixuana və 3 ədəd dərman olmuşdur. Polislər onu buraxmaq üçün 10.000 manat istəmiş, lakin o, verə bilməyəcəyini dediyindən onu polis şöbəsinə aparmışlar. Şöbədə ondan mobil telefonunu almışlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünün fərqli narkotik vasitələrdən istifadə etdiyini, Bərdədə yaşayanda ayda bir dəfə Bakıya gəlib narkotik aldığını və ondan istifadə etdiyini, polis işçiləri tərəfindən saxlanılan zaman videoçəkiliş aparılanda narkotikləri öz istifadəsi üçün aldığını bildirdiyini, aşkar olunmuş metamfetaminin ona aid olmadığını, özünə məxsus narkotiki maddələri “Əbdül” adlı şəxsdən aldığını, polis əməkdaşlatı tərəfindən ona qarşı təzyiqlər edildiyini, tutulan vaxt üzərində iki bükümdə marixuana və dərmanlar olduğunu, tutulan yerdə videoçəkiliş aparılmadığını, şöbəyə gətiriləndən sonra təkrar tutulma yerinə aparıldığını, orada tutulduğu yerdə yox, başqa yerdə çəkiliş həyata keçirildiyini, əvvəllər polis işçiləri ilə arasında problemi olmadığını, rəisin otağına aparılanda onunla kobud rəftar edildiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə edir. Həmin maddələri tanımadığı şəxslərdən əldə edir. Bir müddət əvvəl internet vasitəsilə “Əbdül” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. O, pul qarşılığında Təqsirləndirilən şəxs müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin əldə olunmasında kömək edə biləcəyini demişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə “Əbdül” ilə onun istifadəsində olan +90-***-***-**-** saylı nömrə ilə “Watshapp” tətbiqi vasitəsilə yazışmışlar. xx.xx.2025-ci il tarixdə onun göndərdiyi və hazırda xatırlamadığı kart hesabına 4 (dörd) büküm psixotrop maddə metamfetaminin hər bükümü üçün 50 manat, 2 (iki) büküm narkotik vasitə marixuananın hər bükümü üçün 70 manat və 3 ədəd ekstazi həbinin hər biri üçün 35 manat pul göndərmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:15-də Əbdülün “Watshapp” tətbiqi vasitəsilə göndərdiyi məkana getmişdir. Həmin ünvandan 4 ədəd şəffaf selofan bükümdə psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə narkotik vasitə olan marixuana, 2 ədəd bükümdə birində 1 ədəd, digərində 2 ədəd ekstazi həbi olan selofan bükümləri götürmüş və çantasına qoymuşdur. Həmin bükümləri götürərək oradan uzaqlaşmaq istəyərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Onlar polis əməkdaşı olduğunu bildirdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq daşınmasında, dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, çiynində olan qara rəngli əl çantasının içindən 4 (dörd) ədəd bükümdə psixotrop maddə olan metamfetmini, 2 ədəd bükümdə narkotik vasitə olan marixuananı, 2 ədəd bükümdə birində 1 ədəd, digərində 2 ədəd ekstazi həbi olan selofan bükümləri, eləcə də özünə məxsus 1 ədəd “Nokia” və 1 ədəd “Redmi” markalı mobil telefonları təqdim etmişdir. Həmin bükümlərin içərisində nə olması soruşulduqda, 4 ədəd ağ rəngli kristal maddənin “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin, 2 ədəd qurudulmuş bitki formasında olan bükümdə narkotik vasitə marixuana, 2 ədəd bükümdə 3 ədəd ekstazi həbi olmasını demişdir. Sonra həmin kütlələr qablaşdırılmış, onun və polis əməkdaşları tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları onu 19-cu Polis şöbəsinə aparmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, onu şöbəyə gətirən polis əməkdaşlarının iştirakı ilə təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Sorğu zamanı o, həmin bükümləri 22 iyul 2025-ci il tarixdə günorta saatlarında “Əbdül” kimi tanıdığı İran vətəndaşının göndərdiyi məkan üzrə Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirilmiş və ekspertiza tədqiqatına təqdim olunması üçün qablaşdırılaraq zərfin içinə qoyulmuşdur. Zərfin üstü iştirakçılar tərəfindən imzalanmışdır. Eləcə də, onun üzərindən aşkar olunmuş iki ədəd mobil telefon və çanta istintaq orqanına təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində əlavə olaraq göstərmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə marixuananı, psixotrop maddə metamfetamini, ekstazi həblərini almaq üçün İran vətəndaşı “Əbdül” adlı şəxsin göndərdiyi hazırda xatırlamadığı kart hesabına terminal vasitəsilə pul göndərmiş və çeki xatırlamadığı yerə atmışdır. Üzərindən aşkar olunmuş Redmi markalı mobil telefonun üzərində ***-***-**-**, Nokia markalı mobil telefonun üzərində ***-***-**-** saylı nömrələri olmuş, İran vətəndaşı olan şəxsin anket məlumatlarını bilmir, həmin şəxslə onun istifadəsində olan +90-***-***-**- ** saylı nömrə ilə “Watshapp” tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxslə aralarında narkotik vasitələrin və psixotrop maddələrin alğı-satqısı ilə bağlı razılaşma olmamış, narkotik vasitələrin, psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə məlumatı olmamış, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin maddələrdən istifadə edə bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı və polis şöbəsinin inzibati binasında olduğu zaman fiziki zor və ya psixoloji təsirə məruz qalmamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, hər hansı bir şəxsə pay verməmişdir (Cild 1, iş vərəqi 85-88). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və qeydlərin ona məxsus olduğunu, polislərə hansısa karta pul göndərdiyini demədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirdi ki, 22 iyul 2025-ci il tarixdə şöbəyə “Əli” adlı şəxsin külli miqdarda narkotik vasitələr, psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, qrupa 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Elton Zeynalov da daxil edilmişdir. 22 iyul 2025-ci il tarixdə saat 15 radələrində onlar Nəsimi rayonu, «20 Yanvar» küçəsi 13 ünvanında videoçəkiliş ilə Təqsirləndirilən şəxs yaxınlaşmış və onu saxlamışlar. Ona hansı cinayət əməli üzrə şübhəli olması bildirilmiş və üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli çantanın içindən 4 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər ağ kristal şəkilli maddələri, 2 ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər ot şəkilində olan maddələri, birində iki ədəd, digərində bir ədəd həb olan şəffaf selofan bükümləri, 1 ədəd “Redmi” və 1 ədəd “Nokia” markalı mobil telefonları təqdim etmişdir. Həmin bükümlərin içərisində nə olması və haradan əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs metamfetamin, marixuana və həblərin ekstazi olduğunu, sosial şəbəkə vasitəsi ilə tanıdığı İran həmin tarixdə Nəsimi rayonu ərazisindən “Watshapp” tətbiqi vasitəsilə göndərilmiş məkandan götürdüyünü bildirmişdir. Sonra həmin maddələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Verilən sualları cavablandıran Şahid1 təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixoloji zor tədbiq olunmadığını, onu günorta saatlarında saxladıqlarını və həmin yerdə də üstünün yoxlanıldığını, daha sonra onu Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə dəvət etdiklərini, təqsirləndirilən şəxsi saxlayandan sonra onu təkrar həmin yerə aparmadıqlarını, Təqsirləndirilən şəxs heç kimin pul tələb etmədiyini, üzərindən nə aşkar olunmuşdursa, onların sənədləşdirildiyini, həmçinin aşkar olunmuş mobil telefonların da götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid - Bakı şəhəri, Nəsimi RPİ, 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun həmkarı Şahid1la oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 123-126). Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Məhkəmə X4-kimyəvi ekspertizalar şöbəsinin baş eksperti X3 22 iyul 2025-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu polis şöbəsindən Fiziki-kimyəvi ekspertizalar şöbəsinə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr, eləcə də 3 (üç) ədəd həb təqdim olunduğunu, qeyd olunan maddələrlə, eləcə də həblərlə bağlı onun tərəfindən məhkəmə-kimyəvi ekspertiza keçirildiyini bildirdi. Tədqiqat zamanı 3 ədəd üçbucaq formalı çəhrayı rəngli həb kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblər (“ekstazi") olmuş, həmin həmin 3 ədəd həbdən ibarət MDMA təsiredici maddəsinin ümumi miqdarı 0,54 qram təşkil etmişdir. Metilendioksimetamfetamin (MDMA) tərkibli həblər 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İİ) daxildir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanmasına dair 22 iyul 2025-ci il tarixli protokola əsasən, xx.xx.1993cü il tarixdə Bərdə şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan və Binəqədi rayonu nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Nəsimi rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, sonuncu, 22 iyul 2025-ci il tarixdə saat 15:23 dəqiqədə ünvan 6 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, üzərində narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa, təqdi etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli çantanın içindən 4 ədəd şəffaf selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər ağ kristal şəkilli maddələri, 2 ədəd şəffaf selofan bükümdə narkotik vasitə marixuanaya bənzər ot şəklində olan maddələri, birində iki ədəd, digərində bir ədəd həb olan şəffaf selofan bükümləri, 1 ədəd “Redmi” və 1 ədəd “Nokia” markalı mobil telefonları təqdim etmişdir. Aşkar olunan maddələr qablaşdırılmış, saxlanılan şəxs və digər iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, ondan aşkar olumuş maddələrin psixotrop maddə metamfetamin, marixuana və ekstazi həbləri olduğunu və həmin maddələri istifadə etmək məqsədi ilə İran vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həblərin birini 35 manat, narkotik vasitə marixuananın bir paketini 70 manat, psixotrop maddə metamfetaminin bir paketini 50 manat müqabilində aldığını demişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddələr, mobil telefonlar və çanta sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (cild 1, iş vərəqi 8-9). İş materiallarında olan təqdim olunmuş əşyaya baxış və götürmə aparılması haqqında 22 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq yerində üstü yoxlanılan zamanı çiynindəki 1 ədəd qara rəngli əl çantasının içərisində 4 ədəd şəffaf rəngli selofan bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, 2 ədəd şəffaf rəngli selofan bükümün içərisində narkotik vasitə marixuanaya bənzər maddə, 2 ədəd şəffaf rəngli selofan bükümün içərisində ümumilikdə 3 ədəd həb güclü təsiredici vasitə ekstaziyə bənzər maddə aşkar edilərək götürüldükdən sonra Nəsimi RPİ, 19-cu Polis şöbəsinə gətirilmiş, şöbədə təhqiqatçı tərəfindən həmin əşyaların qablaşdırıldığı zərfə və videoçəkilişin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış keçirildikdən sonra Təqsirləndirilən şəxsdan aşkar edilmiş kütlələr yenidən qablaşdırılıb möhürlənmiş, eləcə də Təqsirləndirilən şəxs məxsus mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra bir ədəd DVD-yə “Samsung” markalı kompüterdə baxış keçirilmiş, videogörüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə, psixotrop maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə, psixotrop maddə və həblər aşkar olunduğunu bildirməsi öz əksini tapmışdır (cild 1, iş vərəqi 16-18). Cinayət işində olan disklərə baxış keçirilməsinə dair 29 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 1-ci diskdəki videoçəkiliş 22 iyul 2025-ci il tarixdə saat 15:23-də Nəsimi rayonu, «20 Yanvar» küçəsi 13 ünvanında qeydə alınmağa başlanmış, həmin videogörüntülər Nəsimi RPİ, 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılması və üstünün yoxlanılması zamanı çiynində olan qara rəngli çantanın içərisindən 4 ədəd şəffaf selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər ağ kristal şəkilli maddələrin, 2 ədəd şəffaf selofan bükümdə narkotik vasitə marixuanaya bənzər ot şəkilində olan maddələrin, birində iki ədəd, digərində bir ədəd həb olan şəffaf selofan bükümlərin, 1 ədəd “Redmi” və 1 ədəd “Nokia” markalı mobil telefonların təqdim edilməsi və qablaşdırılıb götürülməsini əks etdirir. Növbəti diskə baxış zamanı müəyyən olunmuşdur ki, çəkiliş Nəsimi RPİ, 19-cu Polis şöbəsinin xidməti otaqlarından birində aparılır. Həmin videogörüntülər şöbədə təhqiqatçı tərəfindən təqdim olunmuş əşyaya baxış və götürmə aparılması istintaq hərəkətini əks etdirir, videogörüntülərlə 22 iyul 2025-ci il tarixli protokolda qeyd olunanlar bir-biri ilə uyğunluq təşkil edir (cild 1, iş vərəqi 107-108). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/2523 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bükümlər...” sözləri olan zərfdəki, - 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,059 qram 1,027 qram, 0,811 qram, 0,975 qram, ümumi təmiz çəkisi 3,872 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - 3(üç) ədəd üçbucaq formalı çəhrayı rəngli həb kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi") və 3 (üç) ədəd həbdən ibarət MDMA təsiredici maddəsinin ümumi miqdarı 0,54 qram təşkil edir. Metamfetaminin ümumi təmiz çəkisi 3,872 qram olmaqla ekspertiza tədqiqatına 0,2 qram sərf edildikdən sonra qalıq çəkisi 3,672 qram olmuşdur. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İİ) daxildir. 3 ədəd MDMA tərkibli həblərdən 2 həb tədqiqata sərf edildi, qalıq 1 həb olmuşdur. MDMA 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İİ) daxildir (cild 1, iş vərəqi 51-56). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 7/989 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bükümlər « yazı və imzalar olan 1 (bir) ədəd zərfdə olan iki ədəd şəffaf selofan torbacığın içərisində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,09 qram və 4,79 qram olmaqla, ümumi çəkisi 8,88 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 8,88 qram olmaqla ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalıq çəkisi 8,78 qram olmuşdur. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 46-50). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 4405 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 145- 146). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3391 saylı rəyindən görünür ki: Məhkəmə-psixoloji ekspertizası üzrə: aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində, hərəkət va davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə: cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır; - Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi müəyyən edilmədi; - Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: - Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və obyektiv ifadə vermək qabiliyyətinə malikdir; - Təqsirləndirilən şəxs fantaziya etməyə və özündən uydurmağa pataloji meyilillik müəyyən edilmədi; - Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır (cild 1, iş vərəqi 147-149). İbtidai istintaq orqanının xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 3,872 qram çəkidə psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 8,88 qram narkotik vasitə marixuana, 3 ədəd MDMA tərkibli həblər, 1 ədəd «Redmi» markalı mobil telefon, 1 ədəd qara rəngli çanta iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,872 qram çəkidə metamfetamin, 8,78 qram çəkidə marixuana, 1 ədəd qalıq həb, eləcə də Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «Redmi» markalı mobil telefon, 1 ədəd qara rəngli çanta Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdirdır (cild 1, iş vərəqi 111-114,151-165). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 127-128). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, üzərindən aşkar olunmuş maddələrdən metamfetaminin özünə aid olmadığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, müdafiəsi üçün hər hansı dəlil gətirmədi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədəki ifadələri arasındakı həmin ziddiyyətlə bağlı qeyd etməyi lazım blir ki, iş materiallarına və cinayət işinə əlavə edilmiş videogörüntülərə görə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən videoçəkiliş aparılmaqla üstü yoxlanılmış, bu zaman özü heç bir kənar təsir olmadan çiynindən asılmış çantadan ittihamda qeyd olunmuş narkotik vasitəni və psixotrop maddələri çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Müdafiəçinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində Təqsirləndirilən şəxs ondan aşkar olumuş maddələrin psixotrop maddə metamfetamin, marixuana və ekstazi həbləri olduğunu və həmin maddələri istifadə etmək məqsədi ilə İran vətəndaşından əldə etdiyini, həblərin birini 35 manat, narkotik vasitə marixuananın bir paketini 70 manat, psixotrop maddə metamfetaminin bir paketini isə 50 manat müqabilində aldığını bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, ona edilən təzyiqlər nəticəsində aşkar olunmuş bütün maddələrin özünə məxsus olması barədə bildirdiklərini şəxsin məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı aşkar olunmuş bütün narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olması, həmin maddələri “Əbdül” kimi tanıdığı İran vətəndaşından əldə edib saxladığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin üç müxtəlif növlərdə olmaqla ayrı-ayrı bükümlərə ayrılmasını, ekspert rəylərinə görə onların tərkib əlamətlərinin eyni olmasını, eləcə də aşkar edilmiş psixotrop maddənin kütləsinin külli miqdar həcmindən artıq olmaqla ayrı-ayrı bükümlərə bölünməsini nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəza müddətinə daxil edilməklə, təyin olunacaq cəzanın başlanğıcı 22 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsi, 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və həmin vaxtdan halhazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 4405 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,872 qram çəkidə psixotrop maddə metamfetamin, 8,78 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə hesab edilən metilendioksimetamfetamin (MDMA) tərkibli 1 ədəd həb, 1 ədəd qara rəngli çanta məhv edilməli, bir ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarına görə hesablanmış 184 (yüz səksən dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş maddi sübutlar barədə məsələ aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,872 qram çəkidə psixotrop maddə metamfetamin, 8,78 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə hesab edilən metilendioksimetamfetamin (MDMA) tərkibli 1 ədəd həb, həmçinin 1 ədəd qara rəngli çanta məhv edilsin. - bir ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 184 (yüz səksən dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1996/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1996/2025
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver