Məhkəmə qərarları › İş №1(101)-1999/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1999/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1999/2023 07.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:25-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rza Seyid” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında özünə məxsus ***-***-**-** nömrəli “Samsung” markalı mobil telefonla qeydiyyatdan keçdiyi “Whatsapp” sosial sms mübadiləsi tətbiqi üzərindən sonuncu ilə əlaqə yaradıb aralarında olan razılığa əsasən “Rza Seyid” adlı şəxs tərəfindən göndərilən koordinat üzrə xx.xx.2023-cü il tarixdə saat 19:43-də ünvan 2 ünvanın yaxınlığında yolun kənarındakı daş hasara yerləşdirilən kondisionerin arxasında gizlədilmiş külli miqdarda təmiz çəkisi 1019,0 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 19:45-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4inə gətirilərək müdafiəçinin iştirakı videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli gödəkcənin sol qol nahiyəsində saxladığı, üzəri şəffaf yapışqanla sarılmış qara rəngli bir ədəd sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 1019,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində “2111” taksi şirkətindən taksi sifariş vermiş, həmin taksiyə minərək, “Rüfət” adlı şəxslə birlikdə Bakı şəhəri, Əhmədli qəsəbəsinə getmişdir. Çünki, “Rza” adlı İran vətəndaşı ona “Whatsaap” sosial tətbiqində danışdığı zaman narkotik vasitənin olduğu yerin lokasiyasını göndərmiş və ona səsli sms-lər göndərib, şəkildə göstərilən yerdə daş hasarda yerləşən kondisionerin altında 2 qram çəkidə narkotik vasitə olduğunu bildirmişdir. “Rza” adlı şəxsin dediyi yerdə o, avtomobildən düşərək gözləmiş, “Rüfət” adlı şəxs isə 2 qram çəkidə narkotik vasitəni axtarmaq üçün getmişdir. Bu zaman həm Rüfət, həm də o, polis əməkdaşları tərəfindən saxlanılmış və Xətai rayon 34-cü Polis bölməsinə gətirmişlər. Polis bölməsində o, döyülmüş və 1 kiloqram 100 qram çəkidə narkotik vasitənin ona məxsus olmasını boynuna alması tələb edilmişdir. Daha sonra “Rza” adlı İran İslam Respublikası vətəndaşı ona “Whatsap” sosial tətbiqində səs göndərərək, 1 kq narkotik vasitəni götürüb-götürməməsini soruşmuş, polis əməkdaşlarının məcburiyyəti qarşısında o, narkotik vasitəni götürdüyünü təsdiq etmişdir. “Rüfət” adlı şəxs cinayət məsuliyyətinə cəlb edilməmiş və barəsində 30 gün müddətə həbs tətbiq edilmişdir. Saxlanılan zaman onun üzərində ümumiyyətlə narkotik vasitə olmamış, ona qarşı irəli sürülmüş ittihamla razı deyil. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitə aludəçisi olan tanışlarıyla aralarında bir-birilərinə narkotik vasitəni istifadə etmək üçün verməklə bağlı söhbətləri olmuşdur. “Hepatit C” xəstəliyindən əziyyət çəkir, 14 və 16 yaşlarında övladları vardır. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyataxtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri, digər üzvü isə Xətai RPİ-nin 34-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 olmuşdur. 28 aprel 2023-cü il tarixdə saat 19:45 radələrində Təqsirləndirilən şəxs Xətai rayonu, M.Hadi küçəsi 152 saylı ünvanın yaxınlığında görüb onu saxlamışlar. Xidməti vəsiqələri göstərərək özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs 34-cü polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, Xətai RPİ-nin 34-cü PŞ- nin CA üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcəsinin sol qol nahiyəsində gizlətdiyi üzəri yapışqanla sarılmış 01 ədəd qara rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə olmasını, həmin maddəni tanımadığı Rza adlı İran vətəndaşının ona bildirdiyi ünvandan götürüb başqa bir adresə çatdırmalı olduğunu və həmin narkotikdən özünə lazım olan qədərini götürəcəyini demişdir. Təqdim olunan kütlə qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun bir üzvü o, digər üzvü isə Xətai RPİ-nin 34-cı PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edib qanunsuz əməlini ifşa etmək üçün əməliyyat tədbiri keçirib, 28 aprel 2023-cü il tarixdə saat 19:45 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanın yaxınlığında saxlamışlar. Xidməti vəsiqələri göstərərək özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs 34-cü polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcəsinin sol qol nahiyəsində gizlətdiyi üzəri yapışqanla sarılmış 01 ədəd qara rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq göstərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2023-cü il tarixli 6/2486 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün N-152 dairəvi möhür əksi olan soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd qara rəngli bağlamada təmiz çəkisi 1019,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş vərəqə: 40-44) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3280 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixo aktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: 130-131) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcəsinin sol qol nahiyəsində gizlətdiyi üzəri yapışqanla sarılmış 01 ədəd qara rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin narkotik olmasını, həmin maddəni tanımadığı Rza adlı İran vətəndaşının ona bildirdiyi adresdən götürüb başqa bir adresə çatdırmalı olduğunu və həmin narkotikdən özünə lazım olan qədərini götürəcəyini demişdir. Həmin içərisində narkotik maddəyə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilməklə qablaşdırılmışdır. (iş vərəqə: 34-35) İş materiallarında olan video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribov 28 aprel 2023-cü il tarixdə özünü və polis bölməsinə şübhəli şəxs qismində dəvət edilmiş Təqsirləndirilən şəxs, ona Dövlət hesabına təyin olunmuş müdafiəçi Məhəmməd Nemətovu, polis şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və həmin PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təqdim edərək həmin gün saxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdiyini elan edir. Daha sonra X1 şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ondan vəsatət və şikayəti olub-olmamasını soruşur. Hər hansı şikayət və vəsatət olmadığı bildirilir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcənin yaxasını açır və sol qol nahiyəsində gizlətdiyi 01 ədəd üzəri şəffaf yapışqanla sarılmış, qara rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğunu, harada, kimdən və nə məqsədlə almasını soruşur və sonuncu həmin bükümün içərisində narkotik vasitə olduğunu, həmin bükümü tanımadığı Rza adlı İran vətəndaşının ona bildirdiyi yerdən yəni Əhmədlidən götürdüyünü, həmin bükümün üzərindən öz istifadəsi üçün lazım olan qədər götürüb qalan hissəsini isə Rza adlı şəxsin ona deyəcəyi ünvana çatdıracağını bildirir. Bunda sonra onun üzərindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli Samsung markalı mobil telefon aşkar edilir. X1 şübhəli şəxs tərəfindən təqdim edilmiş büküm qoyaraq qablaşdırır, heç bir vəsatət və şikayət daxil olmur. 28 aprel 2023cü il tarixdə saat 20:57-də axtarış yekunlaşdırılır. (iş vərəqə: 49-50) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd Samsung markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefona baxış zamanı telefondakı “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs mobil telefona adını Rza Seyid olaraq qeyd etdiyi şəxslə səsli sms vasitəsi ilə əlaqə saxlaması, həmin şəxsin ona Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsini xəritədə olan lokasiyasını, orada yolun kənarındakı daş hasara quraşdırılmış kondisioneri yaşıl rəngli oxla işaraləyib istiqamətləndirməsinə dair şəkillər xx.xx.2023-cü il tarixdə saat 19:12 radələrində göndərib narkotik vasitənin olduğu yeri göstərməsi, Təqsirləndirilən şəxs səsli sms vasitəsi ilə Rza adlı şəxsə yolda tıxacda olmasını, 15-20 dəqiqə ərzində həmin ünvanda olacağını bildirməsi, Rza adlı şəxsin ona bildirdiyi ünvanda 1 kilo 100 qram narkotik olmasını, həmin narkotikin 1 kilosunu ünvana çatdırması, 100 qramını isə özünə götürməsini səsli sms vasitəsi ilə bildirməsi, saat 19:43-də Vüsalın səsli sms vasitəsi ilə Rza adlı şəxsə narkotiki hazırda götürməsini və kimə çatdırmalı olduğunu sual verməsi, Rza adlı şəxsin 19:44-də yenə də “onun 1 kilosunu ünvan et, 100 qramını özünə götür” deməsinə dair smslər aşkar edilmişdir. Təqsirləndirilən səxs Təqsirləndirilən şəxs səsli sms vasitəsi ilə Rza adlı şəxslə əlaqə saxlayan şəxsin özü olduğunu, ona bildirdiyi ünvandan narkotik vasitəni götürüb deyilən ünvana çatdırmalı olduğunu bildirmişdir. (iş vərəqə 51) İş materiallarında olan Təqsirləndirilən şəxs istifadə etdiyi aktiv +**********59 saylı mobil nömrəyə daxil olan və çıxan smslərin köçürüldüyü, Bakcell MMC-dən götürülmüş 01 ədəd CD diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, iş üçün əhəmiyyət kəsb edən xx.xx.2023-cü il tarixdə +**********11 saylı mobil nömrədən daxil olan sms-də “uVusqa takisiler duran yderde oturmusam burda sakicilikdi qaqamsan tez bir selemek olar Vusqa men olum balac bir das olsa elede qaqan cun”..qeyd edilmişdir. (iş vərəqə 138) Bakı Ağır Cinayətlər Məhkəməsinə AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilən tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs bədəninə baxış keçirən zaman xəsarət aşkar edilməmiş, hər iki yuxarı və aşağı ətraflarda postinyeksion trofik xoralar müşahidə olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən aparılmış araşdırmanın nəticəsində qəbul edilmiş Bakı şəhəri Xətai rayon Prokurorluğunun 16 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məhkəmə iclasında göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından və Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından 542-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində narkotik vasitə olmaması, həmin maddələrin satışını həyata keçirməməsi, narkotik vasitənin ona polis əməkdaşları tərəfindən məcburi şəkildə verilməsi, polis əməkdaşlarının onu döymələri ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2023-cü il tarixli 6/2486 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3280 saylı ekspert rəyi, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol, video görüntülərə baxış keçirilməsi haqqında protokol, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Samsung markalı mobil telefona baxış keçirilməsi haqqında protokol, Təqsirləndirilən şəxs istifadə etdiyi aktiv +**********59 saylı mobil nömrəyə daxil olan və çıxan smslərin köçürüldüyü, Bakcell MMC-dən götürülmüş 01 ədəd CD diskə baxış keçirilməsinə dair protokol, Bakı Ağır Cinayətlər Məhkəməsinə AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilən tibbi kitabçanın kserosurəti, Bakı şəhəri Xətai rayon Prokurorluğunun 16 noyabr 2023-cü il tarixli qərarı, iş üzrə şahidlərin həm məhkəmədə, həm də ibtidai istintaq zamanı verdikləri ifadələr, özünün isə ibtidai istintaq zamanı verdiyi ifadəsi, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş İttiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç- yerdə işləmir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri Əhmədli qəsəbəsinə gəlmişdir. Çünki tanımadığı Rza adlı İran vətəndaşı ona “Whatsaap” sosial tətbiqində danışdığı zaman narkotik vasitənin olduğu yerin lokasiyasını göndərmiş və narkotik vasitənin olduğu yerin dəqiq yaşıl oxlarla işarələnmiş şəkilini atmışdır. İran vətəndaşı ona səsli sms-lər göndərib, şəkildə göstərilən yerdə daş hasarda yerləşən kondisionerin altında bir kilo 100 qram narkotik olmasını bildirmiş və həmin narkotikin üzərindən 100 qramını özünə götürüb qalan hissəsini isə deyəcəyi ünvana çatdırmağını demişdir. Həmin gün saat 19:43 radələrində o, narkotik vasitəni bildirilən yerdən yəni Kənd Əhmədlinin giriş hissəsində yol kənarında yerləşən daş hasardakı kondisionerin arxasından gizlədilmiş yerdən götürüb əynində olan tünd göy rəngli gödəkcənin içərisində sol qol nahiyədə gizlədib oradan uzaqlaşıb Xətai rayonu, M.Hadi küçəsi ilə piyada hərəkətdə olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışlar. Ona özlərini təqdim edərək Xətai RPİ-nin 34-cü Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə daşımaqda narkotik vasitənin satışında şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. O, ilk öncə üzərində narkotik olmasına görə həyəcanlanmış və polislərdən yayınmağı düşünsə də bədənində ağrıları olduğundan qaça bilməyəcəyini bilib, bunun əhəmiyyətsiz olacağını başa düşmüşdür. O, polis əməkdaşları ilə birlikdə 34-cü PB-nə gəlmişdir. Bölmədə olan zaman ona hüquq və vəzifələri izah olunmuşdur. O, vəkillə təmin edilməyinə dair ərizə ilə müraciət etmiş və vəkil dəvət edilib təqdim edilmişdir. Təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bölmədə otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynində olan tünd göy rəngli gödəkcəsinin sol qol nahiyəsində gizlətdiyi üzəri yapışqanlı qara rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Üzəri yoxlanılan zaman “Samsung” markalı mobil telefonu da aşkar edilmişdir. Sorğu zamanı o, təqdim etdiyi bir ədəd qara sellofan bükümdə narkotik vasitə olduğunu, həmin narkotiki xx.xx.2023-cü il tarixdə, saat 19:43 radələrində sosial tətbiq vasitəsi ilə əlaqə saxladığı lakin tanımadığı adının Rza olmasını ona bildirmiş İran vətəndaşının dediyi yerdən yəni Kənd Əhmədlidə yol kənarındakı daş hasarda olan kondisionerin arxasında gizlədilmiş yerdən götürdüyünü, üzərindən özünə lazım olan qədər götürüb, qalan hissəsini isə Rzanın deyəcəyi ünvana çatdırmalı olduğunu demişdir. Ondan aşkar edilmiş büküm qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1019,0 qram qram çəkidə narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx-2021 -ci il tarixdə Bakı şəhər Nəsimi rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasənsən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. (iş vərəqə 99-100) Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığından, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. AR Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı yoxdur. Elektron Məhkəmə sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X2 olmaqla yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və AR CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-299/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 23, 80-85) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3280 saylı rəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 1019,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1018,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, mobil telefona baxış keçirilməsinə dair tərtib edilmiş 01 ədəd DVD disk, Bakcell MMC-dən götürülmüş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1018,95 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, mobil telefona baxış keçirilməsinə dair tərtib edilmiş 01 ədəd DVD disk, Bakcell MMC-dən götürülmüş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədiqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar