Məhkəmə qərarları › İş №1(101)-2001/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2001/2024

26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2001/2024 26.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlunun sədrliyi ilə, Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə hazırlıq iclasında Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək göstərdi ki, cinayət işinin materialları tərəfindən məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən bir sıra kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Müdafiəçi vəsatətini əsaslandıraraq göstərdi ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularıdur və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Müdafiəçi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə iş materialları ilə tanış olma hüququnun pozulduğunu bildirərək cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, habelə təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etdi. Dövlət ittihamçısı müdafiəçinin vəsatətinin əsassız olduğunu bildirərək işin məhkəmə baxışına təyinə edilməsi və təqsirləndirilən şəxsin məhkəməyə verilməsini, habelə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyib hesab edir ki, müdafiəçinin vəsatəti qismən təmin edilməlidir. Belə ki, CPM-in 284-cü maddəsinin tələbinə görə, ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir və cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Həmin Məcəllənin 285-ci maddəsinin tələbinə görə, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. Həmin Məcəllənin 286-cı maddəsinin tələbinə görə cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Lakin məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin cinayət işi materialları ilə tanış edilməməsi müəyyən edilmişdir. Belə ki, “İbtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında” 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs maddi sübut və iş materialları ilə tanış olmaq hüququ izah edilmiş, sonuncu öz xətti ilə “iptidayi istintaqın qurtarması mənə elan olundu. İş materiaları və madi subutlarla yerində tanışı olmaq istəyirəm” cümlələrini qeyd etmiş, lakin həmin protokolu imzalamaqdan imtina etmişdir. Həmin protokol qeyd edilən tarixdə, saat 11:20-də tərtib edilmişdir. Lakin “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 26 iyun 2024-cü il tarixli protokolda göstərilmişdir ki, “Təqsirləndirilən şəxs bildirdi ki, iş materialları ilə cildlənmiş və səhifələnmiş formada tanış olduq, müdafiəçinin iştirakı ilə. Heç bir vəsatət-şikayət və əlavəmiz yoxdur. Maddi sübutlarla tanış olmaq istəmir”. Qeyd edilən protokolda Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etməsi göstərilsə də, müdafiəçi həmin protokolu imzalamışdır. Həmin protokol qeyd edilən tarixdə, saat 11:30dan 12:45-dək tərtib edilmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs iş materialları və maddi sübutlarla tanış olmaq istəməsinə dair əlyazmanın ona məxsus olduğunu, lakin digər əlyazmanın ona aid olmadığını, ümumiyyətlə iş materiallarının, o cümlədən maddi sübutların tanış olması üçün ona təqdim edilmədiyini bildirdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş materialları ilə tanış edilməməsinə dair məhkəmə iclasında göstərdikləri həqiqəti əks etdirməklə həmin şübhələrin aradan qaldırılması və inkar edilməsi üçün ittiham tərəfi hər hansı ağlabatan sübut təqdim edə bilməmişdir. Belə ki, cəmi 10 dəqiqə əvvəl iş materialları ilə və maddi sübutlarla tanış olmaq istəməsinə dair öz iradə ifadəsini bildirən Təqsirləndirilən şəxs 10 dəqiqədən sonra isə maddi sübutlarla tanış olmaq istəməməsini bildirməsi inandırıcı hesab edilə bilməz. Qeyd edilən protokollarda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X2 imzalarının olması isə həmin protokollarda göstərilənlərin birmənalı həqiqəti əks etdirməsi qənaətinə gəlməyə əsas verə bilməz. Belə ki, Azərbaycan Respublikası Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsi işindən və 17 iyul 2024-cü il tarixli, 3-16-17/42/2-3277/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2024-cü il tarixdən 21 mart 2024-cü il tarixə və 25 iyun 2024-cü il tarixdən 27 iyun 2024-cü il tarixədək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılmış, onunla istintaq hərəkətlərinin aparılması üçün müstəntiq və ya vəkil istintaq təcridxanasına ümumiyyətlə daxil olmamışdır. Halbuki, iş materiallarında “Azercel MMC-dən daxil olmuş CD-R diskinə baxış keçirilməsi barədə” 20 iyun 2024-cü il tarixli protokoldan (bax iş vərəqi (bundan sonra mətndə-i.v.)93) görünür ki, qeyd edilən tarixdə müdafiəçi Nofəl Əhmədov və Təqsirləndirilən şəxs iştirakı ilə müstəntiq tərəfindən bir ədəd diskə baxış keçirilərək (istintaq hərəkətinin keçirildiyi yer barədə ümumiyyətlə protokolda hər hansı qeyd yoxdur) bu barədə protokol tərtib edilmişdir. Həmin protokolda təqsirləndirilən şəxsin imzalamaqdan imtina etməsi göstərilsə də, müdafiəçi Nofəl Əhmədov tərəfindən qeyd edilən protokolun imzalanması müəyyən edilmişdir. Başqa sözlə, 20 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs saxlanıldığı istintaq təcridxanasında olmasına, həmin təcridxanaya isə nə müstəntiqin, nə də müdafiəçinin təqsirləndirilən şəxslə istintaq hərəkətləri aparmaq üçün daxil olmamasına baxmayaraq, guya təqsirləndirilən şəxsin iştirakı ilə mühüm sübut əhəmiyyəti kəsb edən istintaq hərəkətinin keçirilməsinə dair protokol tərtib edilmişdir. Bu isə qeyd edilən istintaq hərəkəti protokolunun sübut kimi mötəbərliliyini şübhəli vəziyyətə salmaqla yanaşı müdafiəçinin də formal vəkilliklə məşğul olmaqla hüquqlarını müdafiə etməli olduğu şəxsin müdafiə hüququnun kobud pozulmasına şərait yaratmasına səbəb olmuşdur. Qeyd edilənlər isə təqsirləndirilən şəxsin CPM-in 91.5.13, 91.5.14, 91.5.17, 91.5.19, 91.5.22 və 91.5.42-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş materialları ilə tanışlıq zamanı CPM-in normalarının digər kobud pozulması hallarına da yol verilməsi, həmin aşkar pozuntulara isə müdafiəçinin hər hansı münasibət bildirməməsi müəyyən edilmişdir. Belə ki, CPM-in 52-ci maddəsinin tələbinə görə sübutlar qismində əlavə olunmuş sənədlər, bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır. Hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Həmin Məcəllənin 134-cü maddəsinin tələbinə görə qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir. İstintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Cinayət işinin materialları CPM-in 298.5-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, cinayət işinin materiallarında olan qəbul edilmiş prosessual qərarlar və həyata keçirilmiş istintaq hərəkətləri protokolları, o cümlədən Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittihamın irəli sürülməsi, bununla əlaqədar tərtib edilmiş prosessual sənədlər, habelə təqsirləndirilən şəxsin dindirilməsi, şahidlərin dindirilməsi və sair kimi mühüm sübut əhəmiyyəti kəsb edən istintaq hərəkəti protokolları və qərarlarının xronoloji qaydada tikilməməsi, nömrələnməməsi və habelə aparılmış qeydiyyatın formal xarakter daşıması, habelə Təqsirləndirilən şəxs şəxsi işinə keçirilmiş baxış zamanı bir sıra sənədlərin (təqsirləndirilən şəxsin köçürülməsi və sair) ümumiyyətlə iş materiallarına əlavə edilməməsi müəyyən edilmişdir. Bu da qeyd olunan istintaq hərəkətlərinin qanuna müvafiq yerinə yetirilməsi barədə məhkəmədə hər hansı fikir yaranmasına mane olur. Belə ki, verilmiş ittihama və iş materiallarına əsasən hadisə 20 mart 2024-cü il tarixdə baş verməsinə və həmin tarixdə də cinayət işi başlanılmasına baxmayaraq, iş üzrə dindirilməsi qeyd edilmiş iki nəfər şahidin ifadələrinin hadisənin baş verməsindən xeyli əvvəl, yəni müvafiq olaraq 12 mart 2024 və 16 mart 2024-cü il tarixlərində alınması qeyd edilmişdir (i.v. 79-82;). Bundan başqa, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən 29 aprel 2024-cü il tarixdə daxil olmuş məktub (i.v. 76;), Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarı (i.v. 78;), şahidlərin dindirilməsi protokolları (i.v. 79-82;), “CD-R” diskinə baxış keçirilməsi barədə” 21 mart 2024-cü il tarixli protokol (i.v. 85;), “Təqsirləndirilən şəxsin prosessual sənədlərə imza etməkdən imtina etməsi barədə” 26 iyun 2024-cü il tarixli protokol və bu barədə məktub (i.v. 100-101;), “Vəsatətin rədd edilməsi haqqında” 26 iyun 2024-cü il tarixli protokol və bu barədə məktub (i.v. 102-103;), “cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında” 22 iyun 2024-cü il tarixli qərar və bu barədə müvafiq siyahı (i.v. 104-105;), “Təqsirləndirilən şəxsi ekspert rəyi ilə tanış etmək haqqında”, “Mobil Telefona baxış keçirilməsi barədə” və “Təqsirləndirilən şəxsin prosessual sənədlərə imza etməkdən imtina etməsi barədə” 26 iyun 2024-cü il tarixli protokollar (i.v. 106-111;), “Vəsatətin rədd edilməsi haqqında” 26 iyun 2024-cü il tarixli protokol və bu barədə məktub (i.v.112-113;) və “Sübutların qiymətləndirilməsi barədə” 23 iyun 2024-cü il tarixli qərar (i.v.114-122;) xronoloji qaydanın ciddi pozulması, düzgün və ardıcıl nömrələnməməsi, nəticədə həmin istintaq və prosessual sənədlərdəki aparılmış qeydiyyatın formal xarakter daşımasına səbəb olmuşdur. Ümumiyyətlə iş materialları ilə tanışlıq zamanı ilkin təhqiqat araşdırmasından sonra ibtidai istintaq orqanına ibtidai araşdırmanın davam etdirilməsi üçün toplanmış materialın təqdim edilməsindən sonra tərtib edilmiş istintaq hərəkətləri və prosessual hərəkətlərinin protokollarının qeydiyyatının aparılmasının tamamilə formal xarakter daşıması müəyyən edilmişdir ki, bu da qeyd edilən ciddi sübut əhəmiyyəti kəsb edən sənədlərin mötəbərliliyi və mümkünlüyünü şübhə altına salır. Belə ki, “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” 20 mart 2024-cü il tarixli qərarın qeydiyyat nömrəsi “00005088” (i.v.1;), “şübhəli şəxsin dindirilməsi haqqında”, “müdafiəçinin təqdim edilməsi barədə və etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” 20 mart 2024-cü il tarixli protokolların qeydiyyat nömrələrinin ardıcıl olaraq “00005***-*******1” (i.v.44;46-47;), “təqsirləndirilən şəxsə ittihamın elan edilməsi...haqqında” 21 mart 2024-cü il tarixli protokolun qeydiyyat nömrəsinin “00005094” (i.v.50;), “Etiraz etmək hüququnun izah olunmasına dair” 21 mart 2024-cü il tarixli protokolun qeydiyyat nömrəsinin “00005096” (i.v.53;), “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 mart 2024-cü il tarixli qərarın qeydiyyat nömrəsinin “021036” (i.v.55;), “təqsirləndirilən şəxsə ittihamın elan edilməsi...haqqında” 21 mart 2024-cü il tarixli protokolun qeydiyyat nömrəsinin “00005095” (i.v.57;), “təqsirləndirilən şəxsi dindirmə” 21 mart 2024-cü il tarixli protokolun qeydiyyat nömrəsinin “00005093” (i.v.58;), “təqsirləndirilən şəxsi məhkəməyə təqdim edilən materiallarla tanış etmə haqqında” 21 mart 2024-cü il tarixli protokolun qeydiyyat nömrəsinin “020796” (i.v.60;), “Ekspertiza təyin edilməsi barədə qərarla tanış etmək haqqında” 21 mart 2024-cü il tarixli protokolun qeydiyyat nömrəsinin “020795” (i.v.61;), “Məhkəmə-narkoloji ekspertizası təyin edilməsi barədə” 20 mart 2024-cü il tarixli qərarın qeydiyyat nömrəsinin “020797” (i.v.62;), “Şahid2 dindirilməsi” 12 mart 2024-cü il tarixli protokolunun qeydiyyat nömrəsinin “020801” (i.v.79;), “Şahid1 dindirilməsi” 16 mart 2024cü il tarixli protokolunun qeydiyyat nömrəsinin “020802” (i.v.82;), “CD-R diskinə baxış keçirməsi barədə” 21 mart 2024-cü il tarixli protokolunun qeydiyyat nömrəsinin “020803” (i.v.85;), “Azercel MMC-dən daxil olmuş CD-R diskinə baxış keçirilməsi barədə” 20 iyun 2024-cü il tarixli protokolunun qeydiyyat nömrəsinin “020798” (i.v.93;), “təqsirləndirilən şəxsin prosessaul sənədlərə imza etməkdən imtina etməsi barədə” 26 iyun 2024-cü il tarixli protokolun qeydiyyat nömrəsinin “020799” (i.v.100;) və sair olmaları müəyyən edilmişdir. Göründüyü kimi, iş materiallarında olan ilkin təhqiqat araşdırmasından sonra müstəntiq tərəfindən tərtib edilmiş istintaq və prosessual hərəkətlərinin protokollarının qeydiyyatının aparılmasının tamamilə formal xarakter daşıması, bunununla da prosessual qanunvericiliyin tələblərinin kobud formada pozulması müəyyən edilmişdir. Bunlardan başqa, “Sübutların qiymətləndirilməsi barədə” 23 iyun 2024-cü il tarixli qərarda gələcəkdə yerinə yetirilmiş, yəni 26 iyun 2024-cü il tarixli iki baxış protokoluna istinad edilməklə həmin sübutlara qiymət verilmişdir. Başqa sözlə, müstəntiq keçmişdə yerinə yetirdiyi prosessual hərəkətlə gələcəkdə yerinə yetirəcəyi istintaq hərəkətlərinə də qiymət verə bilmişdir. Bununla da, ibtidai istintaq orqanı tərəfindən CPM-in sübutların əldə edilməsinə dair normaları kobud və əlavə ibtidai istintaq aparılmadan aradan qaldırıla bilməyən formada pozulmuşdur. Yuxarıda qeyd edilənlər, CPM-in 124-132,138-146-cı maddələrinin tələblərinin kobud pozulması olmaqla iş materiallarında olan ittihamın əsası kimi təqdim edilən sübutları da şübhəli vəziyyətə gətirir. Qeyd edilən hallar isə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasıdır. Bunlardan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 3 aprel 2024cü il tarixli şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının müəyyən olunmasına dair tələbnamədən görünür ki, Quliyev X3 Rayon Polis İdarəsi tərəfindən 18 oktyabr 2023-cü il tarixdə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə məsuliyyətə cəlb edilmiş və həmin iş üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Həmçinin qeyd edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən 26 iyul 2023-cü il tarixdə CM-in 29,318.1-ci maddələri ilə ********* nömrəli cinayət işi üzrə məsuliyyətə cəlb edilmiş və həmin iş baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin şəxsiyyəti xarakterizə edən mühüm hal olan qeyd edilən işlərin nəticəsinin aydınlaşdırılması üçün müstəntiq tərəfindən hər hansı sorğu verilməmiş və həmin hallar iş materialları ilə müəyyən edilməmiş qalmışdır (i.v. 88-89;). Eyni zamanda, təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəd (şəxsiyyət vəsiqəsi, pasport) işə əlavə edilməmiş və onu xarakterizə (yaşayış yeri, ailə tərkibi, xasiyyətnamə) edən sənədlər müvafiq orqanlara sorğu verilərək əldə edilib iş materiallarına əlavə edilməmişdir. Yalnız təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edən portaldan çıxarış cinayət işinə əlavə edilsə də, həmin çıxarış da təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının CPM-in 155.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Həmin Məcəllənin 289.3.4-cü maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi səciyyələndirən hallar (təhsili, məhkumluğu və sair) ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Bundan başqa, həmin Məcəllənin 292.3-cü maddəsinin tələbinə görə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. Lakin iş materialları ilə tanışlıq zamanı təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsinin təmin edilməsi barədə qəbz işdə müəyyən edilməmişdir. Məhkəmə həmin halı nəzərə alaraq, təqsirləndirilən şəxsə də ittiham aktının surətini göndərmişdir. Bundan başqa, Azərbaycan Respublikasının CPM-in cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunmasına dair 48-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki: - sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun; - şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin etməlidir ki: - haqqında həbs, ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158 və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana bilsin; - hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin; - məhkəməyə daxil olmuş hər hansı cinayət işinə, habelə çıxarılmış hökm və məhkəmənin digər qərarlarına dair şikayət və protestlərə bu Məcəllənin 298.2, 301.4, 391.1, 419.3, 426.2 və 427.1-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə baxılmağa başlansın. Hazırlıq iclasından əvvəl iş materialları ilə tanışlıq zamanı isə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən 21 mart 2024-cü il tarixdə yerinə yetirilmiş istintaq və prosessual hərəkətlərdən sonra 20 iyun 2024-cü il tarixədək (hansı ki, həmin istintaq hərəkətinin müstəntiq tərəfindən saxtalaşdırıldığı, yəni təqsirləndirilən şəxs olmadığı halda guya onun da iştirak etməsinin qeyd edilməsi müəyyən edilmişdir), yəni üç ayadək müddətdə hər hansı istintaq hərəkəti həyata keçirilməməklə cinayət işi tamamilə hərəkətsiz vəziyyətdə saxlanılmışdır. Qeyd edilənlər cinayət təqibinin tezliyinin təmin olunmamasına və bütövlükdə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasına səbəb olmuş, müdafiəçi isə göstərilən aşkar pozuntularla bağlı hər hansı vəsatət verməmişdir. Ümumiyyətlə iş materialları ilə tanış olduqda müstəntiq X5 tərəfindən digər çoxsaylı kobud pozuntulara da yol verilməsi müəyyən edilsə də, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər hazırkı cinayət işi üzrə məhkəmə hazırlıq iclasında qərar qəbul edilməsi üçün kifayət edir. CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 8-ci bəndinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud pozuntu kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti Bakı Ağır Cinayətlər məhkəməsinin 5 iyul 2024-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CMin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X5 və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X6 barəsində xüsusi qərar çıxarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 298-300, 303.3.1, 303.3.8, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Müdafiəçinin vəsatəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə, yəni 26 avqust 2024-cü il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X7 və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X6 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar