Məhkəmə qərarları › İş №1(101)-2003/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2003/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2003/2023 20.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:50 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 6,098 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, onun barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 13:15 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, həmin gün saat 15:34 dəqiqədən etibarən onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda - 6,098 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 29 mart 2023-cü il tarixində ona məlum olmayan səbəbdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dörd əməkdaşı tərəfindən heç bir vəsiqə və tutma qərarı təqdim edilmədən işlədiyi Travmatologiya İnstitutunun ərazisində saxlanılaraq həmin idarəyə aparılmışdır. Ona bildirilmişdir ki, onunla hansısa mövzuda söhbət aparılıb buraxılacaqdır. İdarənin əməkdaşı olan Şahid1 otağına salınaraq üzərinə “patı” adlanan psixotrop maddə qoyulmuşdur. Ona qarşı həm fiziki, həm də psixoloji təsir göstərilmişdir. Şahid3 ona videoçəkiliş zamanı narkotik vasitənin üzərindən çıxdığını boynuna almadığı təqdirdə “səni kişilikdən salacağam”, “evindən narkotik vasitə çıxarıb ailəni də bu işə qatacağam” deyərək onu təhdid etmiş, hədə-qorxu gələrək bu işi boynuna almağa məcbur etmişdir. Ona qarşı olan bu hədə-qorxu nəticəsində qorxusundan və çarəsizlikdən məcburiyyət qarşısında qalaraq psixotrop maddəni özünün əldə etdiyini boynuna almışdır. Üzərindən aşkar olunmuş kimi rəsmiləşdirilən psixotrop maddənin ona heç bir aidiyyatı yoxdur. O, həmin maddənin adını və satış qiymətini təcridxanada öyrənmişdir. O, əvvəllər bir dəfə narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş, 8 aydan sonra azadlığa çıxmışdır. Həmin vaxtdan sonra, yəni 2017-ci ildən bəri narkotik vasitə istifadə etməmiş, ibadətlə məşğul olmağa başlamış, 2018-ci ildə Məşədi Kərbəlada ziyarətdə olmuşdur. Qeyd olunanları, himayəsində iki azyaşlı uşağının, onkoloji xəstə olan anasının olmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, heç vaxt psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini tanımadığı şəxsdən özü qəbul etmək üçün alıb saxlamış, onu kiməsə satmaq yaxud vermək niyyəti olmamışdır. O, ünvan 1 ünvanında ailə üzvləri ilə, atası və anası ilə birikdə yaşayır. Evlidir, 2010-cu ildə Ceyran Əliyeva ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan 2011-ci il və 2015ci il təvəllüdlü övladları var. Özü rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər bir dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 2017-ci ildə cəzadan azad olunmuşdur. Həyat yoldaşı və anası heç yerdə işləmir, atası Hacıbaba Əliyev mağazada satıcı işləyir. Özü əvvəllər ara-sıra narkotik vasitə marixuana çəkib qəbul etmişdir. İlk dəfə idi ki, “patı” adı ilə tanınan psixotrop maddə metamfetamindən özü çəkib qəbul etmək fikrinə düşmüşdür. Ona görə də 28 mart 2023-cü il tarixdə Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində internet vasitəsi ilə təsadüfən tanış olduğu, adını və soyadını, anket məlumatlarını bilmədiyi oğlanla “Skayp” proqramı ilə danışıb həmin maddədən özü üçün 40 manat pul verib bir ədəd bükümdə əldə etmiş, həmin metamfetamin olan bükümü şalvarının cibində saxlamışdır ki münasib şəraitdə özü istifadə etsin. 29 mart 2023-cü il tarixdə saat təxminən 13:15 radələrində ünvan 2 ünvanın yaxınlığında olduğu zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onu saxlamışdır. Həmin şəxslər özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərmiş və ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim edib anket məlumatlarını söylədikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onunla bağlı əməliyyat-axtarış tədbiri keçirildiyini söyləmişlər və özlərində olan bu barədə qərarla onu tanış etmişlər. Həmçinin ondan üzərində bu kimi maddələr olub-olmadığını soruşmuşlar, o da səmimi şəkildə üzərində özünün qəbul etmək üçün saxladığı bir büküm “patı” maddəsi, yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu özləri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Həmin idarədə otaqların birində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi də dəvət olunaraq ona təqdim olunmuş, o da heç bir etiraz etməmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməyə başlanmışdır. Polis əməkdaşı tərəfindən ona üzərində olan əşyaları, eləcə də qanunsuz saxladığı narkotik vasitə və psixotrop maddələr varsa çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da cins şalvarının sağ yan cibində saxladığı, “patı” adı ilə tanınan həmin bir ədəd kiçik sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin, şalvarının sol yan cibindən özünə məxsus olan bir ədəd “Nokia” markalı mobil telefonu və dörd manat şəxsi pulunu da çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları özləri də onun üst-başını yoxlamış, başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşı onun təqdim etdiyi həmin bir ədəd sellofan bükümü açıb içərisinə baxış keçirmiş və bükümdə olan psixotrop maddə metamfetamin aşkar olunmuşdur. O, səmimi olaraq bükümün içindəki maddənin “patı”, yəni metamfetamin olduğunu, onu bir gün qabaq özü qəbul etmək üçün tanımadığı şəxsdən 40 manata aldığını, heç kimə satmadığını və vermədiyini bildirmişdir. Polis əməkdaşı içində metamfetamin olan həmin bükümü zərfə qoyaraq qablaşdırmış, üzərindən aşkar edilmiş dörd manat pulu özünə qaytarmış, bir ədəd “Nokia” markalı mobil telefonu isə iş üzrə əhəmiyyət kəsb etdiyini bildirərək götürmüşdür. Bundan sonra videoçəkiliş dayandırılmış, bununla bağlı polis əməkdaşı tərəfindən protokol yazılaraq ucadan oxunmuş, o da doğruluğunu imzası ilə təsdiq etmişdir. O, həmin metamfetamin bükümünü 28 mart 2023cü il tarixdə axşamüstü saatlarında yaşadığı Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manat pul verib almışdır. Həmin şəxslə internet klublarının birində əvvəldən “Skayp” proqramı vasitəsi ilə təsadüfən tanış olub danışmış və özü üçün metamfetamin istəmişdir. Lakin onun kim olduğunu bilmir. Həmin şəxs cavan oğlan olmuş, danışanda və sonradan Biləcəridə küçədə təyin etdiyi görüş yerində onunla görüşüb metamfetamini ondan alanda üzünə tibbi maska, başına papaq taxmış, ona görə həmin şəxsi sifətdən tanımır, əlamətlərini bilmir. Həmin şəxs təxminən 25-30 yaşlarında olmaqla əynində tünd paltarlar olmuş, heç nə danışmamış, metamfetamin bükümünü cəld verib pulu alaraq uzaqlaşıb getmişdir. O, ***-***-**-** mobil nömrədən istifadə edir, başqa nömrəsi yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. O, əvvəllər hərdən narkotik maddə marixuana çəkib qəbul etmiş, ilk dəfə psixotrop maddə metamfetamin çəkmək fikrinə düşmüşdür. Heç vaxt bu kimi maddələrin satışı ilə məşğul olmamış, həmin metamfetamini də heç kimə satmaq, vermək məqsədi olmamış, sadəcə ilk dəfə özü çəkib qəbul etmək istəmişdir (cild 1, iş vərəqə 52-56, 74-79). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış və götürmə aparılması prosesində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 29 mart 2023-cü il tarixdə işlədiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Biləcəri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə bu kimi maddələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Özü həmin məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu məqsədlə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əməliyyat qrupu olaraq xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi 29 mart 2023-cü il tarixdə saat 13:15-də ünvan 2 ünvanın yaxınlığında müəyyən edib saxlamışlar. Onlar xidməti vəsiqələri həmin şəxsə göstərməklə özlərini təqdim etmişlər və onların təklifinə əsasən həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edərək onu barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs də üzərində öz istifadəsi üçün saxladığı “patı” adı ilə tanınan bir büküm psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər və təhqiqatçı Murad Azayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunaraq ona təqdim olunmuş, o da vəkilə etiraz etməmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı ona üzərində olan əşyaları, eləcə də qanunsuz saxladığı narkotik vasitə və ya psixotrop maddələr varsa çıxarıb təqdim etməsi təklif olunmuş, sonuncu da qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd kiçik sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin, şalvarının sol yan cibindən özünə məxsus bir ədəd “Nokia” markalı mobil telefonunu və dörd manat pulu da çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd sellofan büküm açılıb içərisinə baxış keçirilmiş və bükümdən psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristall şəkilli maddə aşkar olunmuşdur. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs səmimi olaraq bükümün içindəki maddənin “patı” adı ilə tanınan metamfetamin olduğunu, həmin maddəni bir gün qabaq öz istifadəsi üçün tanımadığı şəxsdən 40 manata aldığını, heç kimə satmadığını və vermədiyini bildirmişdir. Aşkar edilmiş həmin bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, dörd manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, bir ədəd “Nokia” markalı mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılaraq şəxsi axtarış prosesi başa çatdırılmış, bununla bağlı təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan oxunmuş, o və digər iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılarkən, həmin idarədə olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 129-132) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 29 mart 2023-cü il tarixli protokoldan və həmin prosessual hərəkətin videogörüntüsünün köçürüldüyü DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu da qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində “patı” adı ilə tanıdığı maddə olduğunu, onu şəxsi istifadəsi üçün 40 manata aldığını, heç kimə vermədiyini və satmadığını bildirmişdir (cild 1, iş vərəqə 28-30). Məhkəmə-kimyəvi ekspertizasının 29 mart 2023-cü il tarixli 6/1801 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar edilmiş... 01 ədəd bükümdə (imza: Təqsirləndirilən şəxs)” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,098 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci Siyahısına daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 5,998 qram təşkil etmişdir (cild 1, iş vərəqə 40-44) Məhkəmə-kimyəvi ekspertizasının 13 aprel 2023-cü il tarixli 1219/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, amfetamin, metamfetamin və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 136-138). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 mart 2023-cü il tarixli 1749 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 133-134). Məhkəmə-tibbi ekspertizasının 29 aprel 2023-cü il tarixli 122/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 140-141). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarına əsasən “Əməliyyat-axtarış tədbirinin aparılması barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 29 mart 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir (cild 1, iş vərəqə 120). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına alınan 17 may 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,098 qram psixotrop maddə metamfetaminin mənbəyinin, həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır (cild 1, iş vərəqə 153). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən cəzası 8 aya endirilmiş, 01 avqust 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 96-97). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs həmin maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “…Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin külli miqdarda 6,098 qram təmiz çəkidə olmaqla onun tərəfindən üzərində saxlanması və daşınması Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini öz şəxsi istehlakı üçün deyil, məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlməyə kifayət qədər əsas verir...” kimi əsassız qənaətə gəlmişdir (cild 1, iş vərəqə 207). Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərkən onu da vurğulayır ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün heç bir halda əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəti ilə əlaqədar cinayətlər”lə bağlı XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddəninin yalnız çəkisinin külli miqdar təşkil etməsi Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərindən aşkar olunmuş psixotrop maddənin - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, psixotrop maddəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin – hazırkı iş üzrə isə psixotrop maddənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə, saxlama və daşəma ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs külli miqdarda - təmiz çəkisi 6,098 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması şəxsi axtarış və götürmə barədə protokol, polis əməkdaşlarının ifadəsi, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərindən aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı halda psixotrop maddənin külli miqdarda olması şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmamasına, həmin maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı qanunazidd münasibət göstərilməsi, o cümlədən hədələnməsi, fiziki və psixi təsir göstərilməsi, habelə digər xüsuatlarla bağlı məhkəmədə bildirdikləri təsdiqini tapmadı. Məhkəmə araşdıması zamanı ittiham tərəfinin təqdim etdiyi sübutların bütövlükdə həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr müəyyən olunmadı. Təqsirləndirilən şəxs münasibətdə sübutlar toplanarkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda psixotrop maddə əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 29 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 90-94). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,998 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,998 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar