Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2005/2024 31.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)–2005/2024 saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: 08 iyul 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)– 2005/2024 saylı cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs1 barəsində cinayət işi 02 fevral 2024-cü il tarixdə Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X12 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış, eyni tarixdə müstəntiq X3 həvalə edilmişdir. Təqsirləndirilən şəxs2 oğu barəsində cinayət işi 02 fevral 2024-cü il tarixdə Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçı polis mayoru X4 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmışdır, eyni tarixdə müstəntiq X5 həvalə olunmuş, sonuncu tərəfindən əməli tövsif olunmuş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. 18 aprel 2024-cü il tarixdə iş Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X6 icraatına qəbul olunmuş, 02 may 2024-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində aparılan cinayət işləri bir icraata birləşdirilmişdir. 10 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxslərə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İbtidai istintaq 15 iyun 2024-cü il tarixdə ittiham aktının tərtib edilməsi ilə yekunlaşdırılmış, 16 iyun 2024-cü il tarixdə ittiham aktı Bakı şəhəri Suraxanı rayon prokuroru tərəfindən təsdiq edilmiş və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasınadək cinayət işinin materialları öyrənilərkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və dövlət ittihamçısı vəsatətlə çıxış edərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 84cü, 303-cü və 307-ci maddələrinin tələblərini rəhbər tutmaqla, cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X9 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötəri ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və xeyli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən naməlum tarixdə və şəraitdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yerləşən qəbirstanlığın yaxınlığında ümumilikdə 01 ədəd bükümdə təmiz çəkisi 1,765 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 6,451 qram kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamini alaraq əldə edib daşıyaraq üzərində saxlamış, 01 fevral 2024-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yerləşən qəbirstanlığın yaxınlığında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİnin inzibati binasına gətirilmiş, inzibati binada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış və götürmə həyata keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,765 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 6,451 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötəri ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və xeyli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən naməlum tarixdə və şəraitdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yerləşən qəbirstanlığm yaxınlığında ümumilikdə 01 ədəd bükümdə təmiz çəkisi 0,392 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşıyaraq üzərində saxlamış, 01 fevral 2024-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yerləşən qəbirstanlığın yaxınlığında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış və götürmə həyata keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,392 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclasınadək cinayət işi tərəfimdən öyrənilərkən müəyyən olunmuşdur ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması da məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Həmin Məcəlləsinin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti əz əksinin tapmalıdır. Lakin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etdikləri 1,765 qram narkotik vasitə heroin və 6,451 qram psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs2 münasibətdə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarda və ittiham aktının nəticə hissəsində göstərilməmişdir. Azərbaycan Respublikasının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikasının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X9 barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, dövlət ittihamçısının bu vəsatəti ilə bağlı müzakirə apararaq və proses iştirakçılarının həmin vəsatətə münasibətini aydınlaşdıraraq belə qərara gəlir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Məhkəmə tərəfindən cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi, o cümlədən cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmaması və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması müəyyən olunmuşdur. Qeyd olunan pozuntular Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş pozuntulardır və onlar cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün birbaşa əsaslardır. Məhkəmə ibtidai istintaq zamanı yol verilmiş həmin pozuntuları da qeyd etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin faktiki tutulduqları vaxtı əks etdirən sənədlər arasında ziddiyyət vardır. İşin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə və eyni vaxtda polis əməkdaşıları tərəfindən tutularaq Suraxanı rayon Polis İdarəsinə gətirilmişlər. Cinayət işinin materiallarında bu halı təkzib edən heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs2 barəsində əməliyyatçı tərəfindən tərtib edilən raportda, həmçinin “Şübhəli şəxsin tutulması haqqında” protokolda azadlığın faktiki məhdudlaşdırılması vaxtı 06:40, Polis İdarəsinə gətirilməsi vaxtı isə saat 07:00 göstərilmişdir (cild 1, iş vərəqə 143, 161). Təqsirləndirilən şəxs1 barəsində əməliyyatçı tərəfindən tərtib edilən raportda, həmçinin “Şübhəli şəxsin tutulması haqqında” protokolda azadlığın faktiki məhdudlaşdırılması vaxtı saat 07:40, Polis İdarəsinə gətirilməsi vaxtı isə saat 08:00 göstərilmişdir (cild 1, iş vərəqə 11, 29). Şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi vaxtına nəzər yetirildikdə, Salahov Ramiq barəsində bu istintaq hərəkəti saat 08:30-da, Təqsirləndirilən şəxs1 barəsində isə saat 09:45-də keçirilib (cild 1, iş vərəqə 166, 34). Yəni, faktiki tutulma vaxtından təxminən 2 saat sonra şəxsi axtarış keçirilib. Bununla bağlı “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin 14 iyun 2024-cü il tarixli 8 nömrəli Plenum Qərarının 34-cü bəndində qeyd olunur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi nəzərdə saxlanılmalıdır. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Hazırki iş üzrə də şübhəli şəxslərin cinayətin törədilməsindən dərhal sonra yaxalandıqlarını nəzərə alsaq, onların üstünün yoxlanılması və sübut əhəmiyyətli olan əşyaların faktiki tutulma zamanı götürülməsi zəruri idi. 01 fevral 2024-cü il tarixdə şübhəli şəxslər tutulduqdan sonra onlardan izahat alınmış, 02 fevral 2024-cü il tarixində isə dindirmə istintaq hərəkəti aparılmışdır (cild 1, iş vərəqə 37, 60, 169, 187). Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin tələbinə görə, şübhəli şəxsin dindirilməsi onun tutulmasından dərhal sonra aparılmalıdır. Ali Məhkəmənin 14 iyun 2024-cü il tarixli Plenum Qərarının 37-ci bəndində də qeyd olunub ki, cinayət işlərinə məhkəmədə baxılarkən o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 232 və 234-cü maddələri şübhəli şəxsin tutulmasından (şübhəli şəxs qismində tutulma barədə protokolun tərtib edilməsindən) dərhal sonra ondan izahatın alınmasını deyil, həmin normalarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq onun şübhəli şəxs qismində dindirilməsini (ifadənin alınmasını) və bunun şübhəli şəxsin dindirilməsi protokolu ilə rəsmiləşdirilməsini tələb edir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulması görünür. Belə ki, 01 fevral 2024-cü il tarixində təqsirləndirilən şəxslər Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi qəbiristanlığın yaxınlığında tutulmuş, Suraxanı Rayon Polis İdarəsinə gətirilmişlər. Suraxanı RPİ-də Təqsirləndirilən şəxs1 barəsində təhqiqatçı Həmzəyev Suad tərəfindən, Təqsirləndirilən şəxs2 barəsində isə təhqiqatçı Yaqubov Yalçın tərəfindən tutulma haqqında protokol tərtib edilməklə rəsmləşdirmişdir. Bundan sonra hər iki şəxsə “Bakı şəhəri 9 saylı vəkil bürosunun 01-31 yanvar 2024-cü il üzrə növbətçilik siyahısı” təqdim olunması barədə protokol tərtib olunub. Lakin təqdim olunan siyahı 01 fevral 2024-cü il tarixini ehtiva etmir, bu isə cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli şəxslərin lazımınca məlumatlandırılmamasını göstərir. “Şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi barədə” protokollarında hər iki şəxs adından kompüter vasitəsilə yazılıb: “Hər hansı vəkil tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etmir”. Daha sonra həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məqsədilə eyni müdafiəçi – Müdafiəçi1 təqdim edilib. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsində qeyd olunub ki, şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək müdafiəçiyə qadağan olunur. Təqsirləndirilən şəxslərin mənafelərin arasında ziddiyyət onların verdikləri ifadələrdən də aşkar görünür. Xüsusilə qeyd etmək lazımdır ki, 01 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və şahid Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəri aparılıb. Müvafiq protokoldan görünür ki, hər iki şəxs qarşı tərəfin verdiyi ifadəni təkzib etməklə, yalan olduğunu iddia etmişdir. Həmin üzləşdirmə protokolunun Təqsirləndirilən şəxs1 aid sol bənddə Müdafiəçi1 imzası vardır (cild 1, iş vərəqə 125-128). Yəni, protokoldan elə görünür ki, eyni anda Təqsirləndirilən şəxs2 da müdafiəçisi olmaqla, Müdafiəçi1 aparılan istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 tərəfindən çıxış edir. Bununla da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə görə, qanuni mənafeyini müdafiə etdiyi təqsirləndiriən və ya şübhəli şəxsin qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi müdafiəçiyə etiraz üçün əsasdır. Belə hal olanda, etiraz əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən, həmin məcəllənin 114.1-ci maddəsində göstərilən hallardan hər hansı biri olduqda müdafiəçi özüözünə etiraz edilməlidir. Lakin işdə iştirak edən müdafiəçi tərəfindən özünə etiraz edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.5-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan müvafiq şəxsin cinayət prosesində iştirakını istisna edən halları aşkar etdikdə öz təşəbbüsü ilə onu cinayət prosesindən kənarlaşdırmağa haqlıdır. Həmin vaxt təqsirləndirilən şəxslər barəsində aparılan cinayət işləri birləşdirilmiş olmasa da, eyni müstəntiqlərin (əvvəl Qasım Abbasovun, 18 aprel 2024cü il tarixdən sonra isə, o cümlədən üzləşdirmə zamanı – Cavid İskəndərovun) icraatlarında olub, bu da təqsirləndirilən şəxslərin ziddiyyətli mövqelərini açıq görülməsi üçün şərait yaradırdı. 02 may 2024-cü il tarixində cinayət işləri birləşdirilib, təqsirləndirilən şəxslərin birinin müdafiəçisinin əvəz edilməsi isə yalnız 10 iyun 2024-cü il tarixində, istintaqın bitməsinə bir neçə gün qalmış baş verib. Bu hal da cinayət təqibini həyata keçirən orqanın təşəbbüsü ilə deyil, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi ərizə əsasında baş vermişdir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 26 və 61-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasının həmin Məcəllənin 19.6, 32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 9 oktyabr 2023-cü il tarixli Plenum Qərarında qeyd olunub ki, Konstitusiyanın 61-ci maddəsi ilə təsbit edilmiş şübhəli və ya təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn dövlətin üzərinə düşən pozitiv öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə, müdafiə olunan şəxsin mövqeyi ilə müdafiəçinin mövqeyi uzlaşmadıqda, bu hal, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən dərhal müdafiə olunan şəxsin diqqətinə çatdırılmalı və ona həmin müdafiəçidən imtina etmək hüququ izah edilməlidir. X17 digər bəndində Avropa Məhkəməsinin “Vasenin Rusiyaya qarşı” iş üzrə 21 iyun 2016-cı il tarixli Qərarına istinadən qeyd olunur ki, Konvensiya hüquqların nəzəri deyil, praktiki müdafiəsini tələb etdiyindən, dövlət tərəfindən lazımi reaksiyanın verilməməsi onun məsuliyyətinə səbəb ola bilər, belə ki, müdafiəçinin təyin edilməsi özü-özlüyündə göstərilən hüquqi yardımın keyfiyyətinə zəmanət vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.6-ci maddəsinə görə, cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin məcəllənin 125.3-cü maddəsinə görə, 125.2-ci maddədə sadalanmış hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Beləliklə, məhkəmə müdafiəçinin iştirakını istisna edən halın aşkar göründüyü şəraitdə müdafiəçinin özü-özünə etiraz etməməsini, cinayət prosesini həyata keçirən orqanın isə müdafiəçini kənarlaşdırmamasını və bu halın təqsirləndirilən şəxslərin diqqətinə vaxtında çatdırılmamasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə nəzərdə tutulmuş təqsirləndirilən şəxslərin müdafiə hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilir. Bu da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə görə, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu olmaqla, cinayət işinin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Müdafiə hüququnun pozulması həm də şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı baş verib. Hər iki təqsirləndirilən şəxs barəsində tutulma protokolu tərtib edildiyi vaxt müdafiəçi iştirak etsə də, şəxsi axtarış və götürmə istintaq hərəkətindən əvvəl hər iki şəxs şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirakından imtina barədə ərizə təqdim ediblər. Ərizənin məzmunu: “Yazıb sizə bildirirəm ki, gələcəkdə cinayət prosesi zamanı hüquqlarımın keyfiyyətli müdafiə oluna bilməsi məqsədilə üzərimdə şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçim Müdafiəçi1 iştirakını məqsədəmüvafiq hesab etmirəm. Bunu nəzərə alaraq üzərimdə şəxsi axtarış və götürməni müdafiəçinin iştirakı olmadan keçirməyinizi sizdən xahiş edirəm” (cild 1, iş vərəqə 33, 165). Ərizənin kompüter vasitəsilə fərqli təhqiqatçılarının icraatlarında olan işlər üzrə fərqli təqsirləndirilən şəxslər tərəfindən tamamilə eyni yazılması özü-özlüyündə şübhə doğuran haldır. Ali Məhkəmənin 14 iyun 2024-cü il tarixli Plenum Qərarının 37-ci bəndində qeyd olunub ki, şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz edir. Odur ki, cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməlidir. Məhkəmə, Plenum Qərarının yanaşmasını da nəzərə alaraq, müdafiəçinin şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etməməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində nəzərdə tutulmuş müdafiə hüququnun bir daha pozulması kimi qiymətləndirilir. İbtidai istintaq orqanını əsas sübut növü kimi istinad etdiyi şəxsi axtarış və götürmə protokollarına müvafiq istintaq hərəkətlərinin videoyazısını özündə əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, 01 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokollarda videoçəkilişin aparılması barədə qeyd mövcuddur. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə haqqında protokolunda “One Plus” markalı mobil telefondan istifadə olunmaqla videoçəkilişin Şahid1 tərəfindən həyata keçirilməsi”, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması protokolunda isə ““İphone 8” markalı mobil telefondan istifadə olunmaqla videoçəkilişin Şahid1 tərəfindən həyata keçirilməsi” barədə qeyd mövcuddur (cild 1, səh 31, 166). Daha sonra cinayət işinin materiallarında disklərə baxış keçirilməsi haqqında protokollar vardır (cild 2, iş vərəqə 29, 30). Həmçinin ittiham aktına əlavə edilmiş arayışda müvafiq disklərin işin içində olduğu qeyd olunur. Lakin faktiki olaraq məhkəməyə daxil olmuş 2 cilddə olan cinayət işində şəxsi axtarış və götürmə istintaq hərəkətlərini əks etdirən disklər mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsinə görə, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Həmin məcəllənin 125.2.7-ci maddəsinə əsasən, istintaq hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılqda, həmin istintaq hərəkəti nəticəsində əldə edilmiş məlumatların və əşyaların sübut kimi qəbul edilməsinə yol verilmir. Bununla da şəxsi axtarış və götürmə istintaq hərəkətini (yuxarıda qeyd olunan müdafiə hüququnun pozulması səbəbindən başqa) videoyazısının olmaması səbəbi ilə də mötəbər olmayan sübut olduğuna gətirib çıxarır. Bundan başqa, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 barəsində cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılıb. Lakin şəxsi axtarış zamanı aşkar olunan və ekspert rəyi ilə müəyyən olunan narkotik vasitə heroin 1,765 qram, psixotrop maddə metamfetamin isə 6,451 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanuna əsasən, qeyd olunan qramlar xeyli miqdarda heroin və külli miqdarda metamfetamin təşkil edir. Külli miqdar üzrə cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə deyil, 234.1-1-ci maddəsi ilə başlanılmalı idi. İş materiallarında olan Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə “Baxış və götürmə keçirilməsi haqqında” protokolun məzmunu “Cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya aşkar olunmamışdır” cümləsindən ibarətdir. Həmin istintaq hərəkətində iştirak edən şəxslər, o cümlədən baxışı həyata keçirən şəxs barədə heç bir məlumat protokolda öz əksini tapmayıb. (cild 1, iş vərəqə 42) Təqsirləndirilən şəxs2 məxsus «Oppo» markalı mobil telefon maddi sübut qismində tanınmamış, düzgün saxlanılmamış, nəticədə iş üçün mühüm əhəmiyyət kəsb edən halların öyrənilməsi qeyri-mümkün vəziyyətə gəlmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 fevral 2024-cü il tarixli protokolda yazılıb: “... Təqsirləndirilən şəxs2 ... 01 ədəd Oppo markalı mobil telefon ... təqdim etdi”. Eyni protokolda “Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş büküm, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən qablaşdırılıb Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün 45№-li” möhürü ilə möhürlənərək götürüldü”. Protokoldan göründüyü kimi, narkotik vasitə qablaşdırılıb və möhürlənib, telefon barədə isə bu kimi qeyd daxil olunmayıb. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128.3.1-ci maddəsinə görə, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Həmin məcəllərinin 129.1-ci maddəsinə görə, maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır. Cinayət işinin materiallarından 01 fevral 2024-cü il və ya ondan sonraki günlərdə telefona baxış keçirilməsi barədə protokol yoxdur. Lakin burada diqqət çəkən məqam Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılmasına dair Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2024-cü il tarixli qərarında ortaya çıxır. O anda Təqsirləndirilən şəxs2 («Oppo» markalı telefonun sahibi) və Təqsirləndirilən şəxs1 barələrində aparılan cinayət işləri ayrı olsalar da, artıq eyni müstəntiq – Qasım Abbasovun icraatında idi. Suraxanı Rayon Məhkəməsində 03 fevral 2024-cü il tarixdə məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə və təqdimata baxılmış, proses iştirakçılarının verdiyi ifadələri məhkəmənin qərarında öz əksini tapmışdır. Məhkəmə qərarında Qasım Abbasovun verdiyi ifadə bu şəkildə qeyd olunub: “Məhkəmə iclasında Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Qasım Abbasov vəsatətin məzmununa uyğun izahat vermiş, bundan başqa o, bildirmişdir ki, ... Təqsirləndirilən şəxs2 telefonuna baxış keçirilmiş və baxış zamanı 270 manat məbləğində pulun İran vətəndaşına göndərilməsi ilə bağlı sübutlar əldə olunmuşdur.” (cild 1, iş vərəqə 31). Göründüyü kimi, 01 fevral 2024-cü il tarixində telefon Təqsirləndirilən şəxs2 tərəfindən təqdim olunmuş, 03 fevral 2024-cü il tarixində isə müstəntiq həmin telefona baxış keçirildiyi və iş üçün əhəmiyyətli sübutların əldə olunması barədə ifadə vermişdir. Lakin cinayət işinin materiallarında həmin baxışı əks etdirən protokolun hansı səbəbdən olmaması ciddi sual doğurur. Həmin telefon rəsmi olaraq maddi sübut qismində tanınmasa da, onun cinayət təqibini həyata keçirən orqanda olmasını təsdiq edən hallar mövcuddur. 02 fevral 2024-cü il tarixli təhqiqatçı Yalçın Yaqubov tərəfindən tərtib edilmiş raportda qeyd olunub: “Qoşma: cinayət işi 49 vərəqədə, 01 ədəd Oppo markalı mobil telefon, 01 ədəd qablaşdırılaraq möhürlənmiş maddi sübut, ...” (cild 1, iş vərəqə 183). Raportdan da görünür ki, narkotik vasitə qablaşdırılaraq möhürlənmiş şəkildədir, telefon barədə isə bu təsviredici əlamətlər qeyd olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 01 may 2024-cü il tarixində Təqsirləndirilən şəxs1 cinayət işi üzrə şahid qismində dindirilib, ifadəsini əks etdirən protokolda yazılıb: “Sual: İfadənizdə qeyd etdiyiniz hesablara etdiyiniz köçürmələrə dair əməliyyatların sənədləri sizdə mövcuddurmu? Cavab: Bilmirəm. Mənim telefonum saxlanılan zaman polis əməkdaşları götürmüşdü. Nə qalıbsa mobil telefonda qalıb” (cild 1, iş vərəqə 124). Cinayət işinin materiallarında olan “Mobil telefona baxış haqqında” protokoldan həmin baxışın yalnız 22 aprel 2024-cü il tarixdə müstəntiq Cavid İskəndərov tərəfindən keçirildiyi görünür (Cild 1, iş vərəqə 233). Protokolda qeyd olunub ki, “həmin mobil telefonda cinayət işi üçün əhəmiyyət kəsb edən heç bir zəng, mesaj və fotoşəkillər qeydə alınmamışdır. Həmçinin mobil telefonun sms siyahısında istintaq marağı doğuran heç bir sms aşkar olunmamışdır.” Həmin protokolda telefonda “WhatsApp” mobil tətbiqinin olubolmaması, Təqsirləndirilən şəxs1 məxsus nömrə ilə yazışmanın olub-olmaması, olubsa, son mesajların hansı tarixdə olması, İran İslam Respublikasının vətəndaşı ilə yazışmanın olub-olmaması, həmçinin telefonda mobil bankçılıq tətbiqlərinin olub-olmaması, onlar varsa, tutulma günü pul köçürmələrin qeydə alınıb-alınmaması barədə ətraflı məlumat mövcud deyil. X11 məhkəmədə verdiyi izahatını da nəzərə alınarsa bu hal üzrə anlaşılmaz vəziyyət yaranır. Baxış protokolundan sonra işin materiallarına Təqsirləndirilən şəxs2 tərəfindən mobil telefonu müstəntiqdən qəbul edilməsi barərə qəbz mövcuddur (cild 1, iş vərəqə 234). Həmin qəbz baxış keçirildiyi gün, yəni 22 aprel 2024-cü il tarixində tərtib olunub. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 129.4-cü maddəsində qeyd olunub ki, maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda maddi sübutlar haqqında qərar cinayət təqibi üzrə icraat qurtaranadək də qəbul edilə bilər. Həmin hallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131-ci maddəsində sadalanıb: 1) tez xarab olan əşyalar; 2) məişətdə gündəlik tələbat əşyaları; 3) gündəlik qulluğa ehtiyacı olan ev heyvanları, quşlar və digər heyvanlar; 4) verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələri. Göründüyü kimi, həmin halların siyahısı məhduddur, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi başqa halları nəzərdə tutmur. Bundan əlavə, maddi sübut qaytarılanda, müvafiq qərar qəbul olunmalıdır. Həmçinin, yuxarıda qeyd olunduğu kimi, 01 may 2024-cü il tarixində keçirilən dindirmə zamanı müstəntiq Təqsirləndirilən şəxs2 telefonda olan məlumatlar ilə əlaqədar suala “Bilmirəm. Mənim telefonum saxlanılan zaman polis əməkdaşları götürmüşdü. Nə qalıbsa mobil telefonda qalıb” cavabını verir. Lakin 22 aprel 2024-cü il tarixində telefon təqsirləndirilən şəxsə qaytarılıbsa, 01 may 2024-cü il tarixində verilən bu cavab məntiqli görünmür. Həmçinin, 01 may 2024-cü il tarixində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilib. Müvafiq protokolda qeyd olunub: “Təqs. Şəxs Təqsirləndirilən şəxs1 sualı: Mənim narkotik vasitə almaq məqsədi ilə ödəmə etdiyimə dair Ramiqə göndərdiyim qəbzi istintaqa təqdim edə bilərmi? Cavab: Xeyr. Həmin qəbzin şəkili məndə qalmamışdır.” (cild 1, iş vərəqə 128) Qəbz hansı səbəbdən qalmayıb (telefon polisdə olduğuna görə, yoxsa təqsirləmdirilən şəxs onu sildiyinə görə), qəbzi silinibsə, nə vaxt silinib, aydın deyil. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirin seçilməsi barədə 03 fevral 2024-cü il tarixdə müstəntiq tərəfindən vəsatət verilib, prokuror tərəfindən isə “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərar qəbul edilib. Həmin qərarda göstərilən əsaslar bunlardır - “Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə himayəsində yeddi azyaşlı uşağı olmaqla ... kirayədə yaşayır, eyni zamanda ilk dəfə cinayət əməl törətmiş və törətdiyi əməl az ağır cinayət hesab olunur”. Sadalanan əsaslarla bağlı qeyd etmək lazımdır ki, birincisi, cinayət işində Təqsirləndirilən şəxs2 himayəsində 7 uşağın olmasını sübut edən heç bir sənəd yoxdur, bu hal sözügedən qərardan başqa heç yerdə qeyd olunmayıb. İttiham aktında isə qeyd olunub ki, Təqsirləndirilən şəxs2 aid heç bir yüngülləşdirici hal müəyyən edilməyib. İkincisi, Təqsirləndirilən şəxs2 ilk dəfə məhkum olunmayıb, ifadəsində belə qeyd edir ki, məhkumluğu var, hal-hazırda azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Sonraki iş materiallarında, yəni 06 may 2024-cü il tarixli Probasiya Xidmətindən daxil olmuş məktubdan görünür ki, şəxs həm də 27 noyabr 2023-cü il tarixindən Probasiya Xidmətindən yayındığına görə axtarışdadır. Cinayətin az ağır olmasına gəldikdə isə, şəxsin əməli daha sonra ağır cinayətə tövsif edilib. Daha sonra, Təqsirləndirilən şəxs1 barəsində məhkəmə nəzarəti qaydasında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Suraxanı Rayon Məhkəməsinin 4(010)-40/2024 nömrəli qərarı və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı 03 fevral 2024-cü il tarixində qəbul olunub. Lakin hər iki şəxsə münasibətdə “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” qərar 02 fevral 2024-cü il tarixdən qəbul olunub. (cild 1, iş vərəqə 89-96, 97-98, 208-209, 210-211). Oxşar hal cinayət işin bir müstəntiqdən digərinə təhvil verilməsi zamanı da müşahidə olunur. 19 aprel 2024-cü il tarixində Qasım Abbasov tərəfindən cinayət işinin təhvil verilməsi barədə raport tərtib edilmiş, 18 aprel 2024-cü il tarixində isə Cavid İskəndərov tərəfindən “Cinayət işinin icraata qəbul edilməsi barədə” qərar qəbul olunmuşdur. (cild 1, iş vərəqə 115, 116). Cinayət işi 04 may 2024-cü il tarixində dayandırılıb, 10 iyun 2024-cü il tarixində isə şəxsin könüllü gəlməsi səbəbi ilə təzələnib. Dayandırma qərarında dayandırmaya səbəb kimi Təqsirləndirilən şəxs1 Cəbrayıl oğlunun “olduğu yeri müəyyən etmək və istintaqa təmin etmək mümkün olmaması” səbəbi ilə, yəni Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsi – təqsirləndirilən şəxsin istintaqdan gizlənilməsi səbəbi ilə dayandırılmışdır. 04 may 2024-cü il tarixində tərtib olunan protokolda qeyd olunur ki, “Təqsirləndirilən şəxs1 onunla bəzi zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün istintaqa dəvət edilsə də, sonuncu heç bir əsaslı səbəb gətirmədən istintaqa gəlməkdən boyun qaçırmış və istintaqdan yayınmışdır” (cild 1, iş vərəqə 243-245). Lakin şəxsin istintaq orqanına çağırılması ilə əlaqədar cinayət materiallarında çağırış vərəqəsi, telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələri ilə çağırılmasını sübut edən protokol və səs yazısı olan elektron daşıyıcı yoxdur. Bu da dayandırmanın əsaslı olmasını şübhə altına salır. Bundan əlavə, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinə görə, ittiham aktı üç hissədən: giriş, təsviri-əsaslandırıcı və nəticəvi hissəsindən ibarətdir. İttiham aktının nəticəvi hissəsindən görünür ki, hər iki təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə, yəni “qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsəd ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıması” kimi tövsif edilib. Qabaqcadan əlbir olan bir qrup şəxs tövsifedici əlamət kimi hər iki şəxsdə göstərilsə də, faktiki olaraq əlbirliyin nədə ifadə olunması, hər bir iştirakçının ayrı-ayrılıqda cinayətin törədilməsində rolu, icra etdiyi hərəkətlər göstərilməyib. Bundan əlavə, ittihamın faktiki tərəfini təsvir edən hissədə hər iki şəxsdə yalnız onların üzərindən aşkar olunmuş narkotik vasitə barədə bəhs edilir, digər şəxsdə aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə iştirakçılığın olub-olmaması, olubsa nədə ifadə olunması göstərilmir. Bu da irəli sürülmüş ittihamın təsviri hissəsi ilə tövsifdə verilmiş 234.4.1-ci maddə ilə uzlaşmadığına gətirib çıxarır. İttihamın nəticəvi hissəsində ziddiyyət xüsusən Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamda açıq-aşkar görünür. Belə ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda “01 ədəd bükümdə təmiz çəkisi 1,765 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 6,451 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin” qeyd olunub, bu da xeyli miqdarda heroin və külli miqdarda metamfetamin təşkil etməklə, külli miqdar üzrə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi üçün əsas verir. Bununla belə, Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham “01 ədəd bükümdə təmiz çəkisi 0,392 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin” kimi təsvir edilmiş. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanuna görə 0,392 qram heroin xeyli miqdar təşkil edir. İttiham aktında həmin miqdarın “külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitə” kimi yazılması ağlasığmazdır və nəyə əsaslandırıldığı aydın deyil. Həmin ittihamda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitəyə hər hansı münasibəti öz əksini tapmayıb. Beləliklə, əməlin faktiki hallarının təsviri ilə (0,392 qram narkotik vasitə heroinin əldə edilməsi) əmələ görə verilmiş tövsif arasında kəskin ziddiyyət mövcuddur. Bu da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddələrin pozulması olmaqla, həmin məcəllənin 303.3.6-ci maddəsinə görə cinayət işinin prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılması üçün əsas olan kobud pozuntu kimi qiymətləndirilməlidir. Nəticəvi hissəsinə irəli sürülmüş tələblərə riayət olunmasına xüsusilə diqqətlə yanaşılmalıdır, çünki məhz bu hissədə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin hansı maddələri ilə təqsirləndirilməsi və verilmiş ittihamın təsviri barədə məlumatlar əks etdirilir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə görə, təqsirləndirilən şəxsin nədə təqsirləndiyini, yəni ittihamın məzmununu bilmək hüququ vardır. Burada ittihamın məzmunu həm verilmiş ittihamın faktiki tərəfini, həm də hüquqi tövsifini özündə ehtiva edir. Bu iki tərkib hissə öz aralarında uzlaşmaqla, eyni mənaya gəlməlidir, aralarında hər hansı ziddiyyətin olması yolverilməzdir. İttiham aktının nəticəvi hissəsinə aid tələbin pozulması təqsirləndirilən şəxsin nədə təqsirləndirdiyi bilmək hüququnu pozduğuna görə, onun həm də vaxtında uyğun müdafiə taktikasını seçməyə imkan vermir, bununla da müdafiə hüququnu pozur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 27 oktyabr 2000-ci il tarixdə 2130 nömrə ilə dövlət qeydiyyatına alınmış “İstintaq hərəkətləri protokollarının qeydi Qaydası”na əsasən istintaq hərəkətləri protokolları xüsusi olaraq hazırlanmış “İstintaq hərəkətləri protokollarının qeydi kitabı”nda, istintaq hərəkətlərini aparan əməkdaşlar tərəfindən qeydə alınır. Kitabda protokolun nömrəsi, məzmunu, tərtibi tarixi, istintaq hərəkətinin aparıldığı yer, vərəqələrin sayı, qeydə alınma tarixi və qeyd rekvizitləri öz əksini tapmalıdır. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq qeydə alınmalıdır. Qeyd kitabının Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun aparılmasına nəzarəti hüquq-mühafizə orqanının rəhbəri və ya onun göstərişi əsasında əməkdaşlardan biri həyata keçirir. İşin təşkilinə görə məsuliyyət bu şəxslərin üzərinə düşür. Amma təhqiqatı və istintaqı aparan şəxslər tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan tələbləri aşkar şəkildə pozulmuş, ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunmalı olan prosessual qərarlar adi vərəqlərlə tərtib olunmaqla onların yuxarı sağ künclərində diyircəkli qələmlə əlyazma şəklində rəqəmlər icra olunmuşdur. Bu vəziyyətdə olan həmin qərarların hər hansı birinin ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunmuş kimi qəbul edilə bilinməsi ciddi ziddiyyət yaradır. Cinayət işinin bir icraatda birləşdirilməsi barədə, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında, məhkəmə narkolojı ekspertizasının təyin edilmsəi haqqında, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında və digər bütün qərarlar da eyni vəziyyətdədir. Cinayət işinin materiallarındakı qərarların bir qismində isə, o cümlədən cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında, şəxsi axtarış və götürmə aparılması haqqında, mənzilə baxış keçirilməsi haqqında, məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi haqqında və digər bir sıra qərarlarda ümumiyyətlə əlyazma şəklində olan nömrələr də yoxdur. Bundan başqa, hazırki cinayət işindən təqsirləndirilən şəxslərin narkotik vasitələrin əldə etdikləri mənbəyin müəyyən edilməsi ilə əlaqədar “Cinayət işinin materiallarında ayrıca icraata material ayrılması haqqında” 10 iyun 2024-cü il tarixli qərar qəbul olunub. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211.2.1-ci maddəsinə görə, təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyən edildikdə, müstəntiq öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayrılmalıdır. Burada materialın deyil, səbəb və əsasın mövcud olduğuna görə, sırf cinayət işinin ayrılması mütləqdir. 14 iyun 2024-cü il tarixli Ali Məhkəmənin Plenum Qərarının 21-ci bəndində də qeyd olunur ki, istintaq orqanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211-ci maddəsinin tələblərinə zidd olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin əldə etmə mənbələri barədə cinayət işi əvəzinə, material ayırdıqda müvafiq işə baxan məhkəmə tərəfindən bu qanun pozuntusuna münasibət bildirilməlidir. Beləliklə, cinayət işinin bütün materialların məcmusunu nəzərdən keçirməklə, məhkəmə, ittiham aktının Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmaması və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması faktlarını hazırkı vəziyyətdə mübahisəsiz hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinin birbaşa tələbinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X7 və Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X9 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.1-ci, 303.4-cü və 307-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı :
1. Dövlət ittihamçısının vəsatəti təmin olunsun. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X7 və Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X9 haqqında xüsusi qərar çıxarılsın.
3. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).