Məhkəmə qərarları › İş №1(101)-2007/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2007/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2007/2023 29.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 21 avqust 1990-cı il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, mənfəət olaraq psixotrop maddə əldə etmək müqabilində qeyrisinə məxsus külli miqdarda psixotrop maddələrin satışını həyata keçirəcəyi barədə razılığa gəlib qeyrisinin tapşırığı ilə 18 aprel 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu ərazisindən şəxsiyyəti istintaqa məlum olmayan digəri tərəfindən qoyulmuş külli miqdarda - ümumi təmiz çəkisi 1085,207 qram olan psixotrop maddə metamfetamini əldə edib hissələrə bölərək bir hissəsini üzərində, qalan hissəsini isə etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən 20 aprel 2023-cü il tarixdə saat 08:30 radələrində xidmətdə olduqları ünvan 3 ünvanında həmin avtomobildə özünü şübhəli aparması səbəbindən saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən çəhrayı rəngli kiçik ölçülü dəmir qabın içərisində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,581 qram və həmin qabda dağılmış vəziyyətdə təmiz çəkisi 1,326 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 3,907 qram təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 10:45 radələrində 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən onun iştirakı ilə idarə etdiyi “Kia Rio” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin arxa yük yerində, ehtiyat təkərin yanında üzəri şəffaf yapışqan lentlə bağlanmış bağlamada, üzərindən aşkar olunmuş metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, külli miqdarda - təmiz çəkisi 1081,3 qram təşkil edən psixotrop maddə olan metamfetamin və bir ədəd üzərində metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, saxlanılan zaman maşınında axtarış həyata keçirilmiş və 3 qram narkotik vasitə tapılmışdır. Həmin narkotik vasitəni internet vasitəsilə Ağa kimi tanıdığı İran vətəndaşından 150 manat ödəməklə əldə etmişdir. Həmin iranlıya həmçinin “Baba” deyə müraciət etmişlər. Ödənişi "E-manat" vasitəsilə həyata keçirmişdir. İbtidai istintaq zamanı bir kiloqram narkotik vasitəni onun üzərinə yükləmişlər. Həmin vaxt o, narkotik vasitənin təsiri altında olmuş, orada ona təsir etmişlər və tərtib edilmiş sənədlərə imza etdirmişlər. Təqsirləndirilən şəxs məhkəmədə verilən suallara cavab olaraq göstərmişdir ki, üzərində axtarış aparılanda heç nə aşkar edilməmiş, yalnız telefonunu təqdim etmişdir. Kiçik bükümdə olan narkotik vasitə cibindən yox, avtomobilindən aşkar edilmişdir. O, həmin iranlıdan 500 manat borc almış, ona görə də iranlının ona qarşı qərəzi olmuşdur. Tərəzini ona Ağa göndərmiş, istifadə etdiyi narkotik vasitənin miqdarını həmin tərəzi ilə çəkmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, əvvəllər Xətai rayon ərazisində “Kəpəz otel”də mühafizəçi işləmişdir. 2018-ci ildən “patı” kimi bildiyi psixotrop maddə olan metamfetamini yandıraraq tüstüsünü iyləməklə qəbul edir. Narkotik vasitələri və psixotrop maddələri müxtəlif yerlərdən və adamlardan alaraq özü istifadə etmişdir. Arabir başqa tanışlarına və ya dostlarına da özündə olan narkotikdən satmış və ya pay vermişdir. Yəni əvvəllər narkotiki satış məqsədi ilə əldə etmişdir. Bir il əvvəl sosial şəbəkədə özünü ona Ağa kimi təqdim edən İran vətəndaşı ilə tanış olmuş və ondan narkotik almağa başlamışdır. Ağa kartının şəklini ona göndərmiş və o da sonuncuya pul göndərmişdir. Daha sonra Ağa narkotikin yerini ona izah edib şəkil göndərmiş, o isə narkotik vasitəni götürüb istifadə etmişdir. Sonra isə şəkilləri və danışıqları silmişdir. Sonradan uzun müddət istifadə etməsi üçün Ağa adlı şəxsdən 5 qram metamfetamin sifariş edib 230 və ya 240 manat pulu sonuncunun ona verdiyi hesabına göndərmişdir. Həmin 5 qram “patı”nı isə təxminən 20-25 gün istifadə etmişdir. 25 mart 2023-cü il tarixdə işdən çıxıb taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobil axtarmağa başlamış, dost-tanışdan maraqlanan zaman tanışı İlkin adlı usta işləyən şəxsin avtomobilini günlük 25 manat icarəyə götürmək üçün sonuncuya depozit kimi 500 manat pul verdiyi halda avtomobilini idarə edə biləcəyini öyrənmişdir. İlkin ödəmə üçün 500 manat pulu olmadığından dost-tanışdan borc axtarmağa başlamış, amma borc tapa bilmədiyi üçün 04 və 05 aprel 2023-cü il tarixlərdə Ağa ilə danışan zaman ondan taksi işləməsi üçün 500 manat pul lazım olduğunu, günlük avtomobil üçün 25 manat pul verməli olduğunu, əgər 500 manat borc verərsə günlük 25 manat avtomobilin icarə haqqını verdikdən sonra ona da günlük 15 manat pul qaytara biləcəyini və 500 manatını ona geri qaytara biləcəyini demişdir. Ağa isə fikirləşib ona bir söz deyəcəyini bildirmişdir. 06 aprel 2023-cü il tarixdə Ağa ona 500 manat pul verməyə razı olduğunu dedikdən sonra o, sonuncuya 4098 5844 6218 7160 nömrəli “Leobank” kartının şəklini göndərmişdir. Ağa onun kartına 500 manat pulu göndərdikdən sonra o, 07 aprel 2023-cü il tarixdə həmin İlkin adlı şəxsdən **-XF-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” minik markalı avtomobili 500 manat depozit kimi verərək günlük 25 manata icarəyə götürmüş və etibarnamə alaraq idarə etməyə başlamışdır. Sonradan Ağa ilə danışanda ondan günlük 15 manat göndərməməyini və onun Bakı şəhərinə göndərdiyi narkotiki dağıtmağına, yəni müəyyən yerlərə qoymaqda kömək edərsə borcunu ödəyə biləcəyini bildirmişdir. O, razılaşdıqdan sonra Ağa ondan başqa bir telefonunun olub-olmamasını soruşmuş o, başqa telefonunun olduğunu dedikdən sonra Ağa həmin telefona “WhatsApp” yükləməsini və kodu ona deyəcəyini bildirmişdir. O, Ağanın dediyi kimi etmiş və həmin telefona mobil nömrə taxmadan Ağanın bildiyi İran mobil nömrəsi ilə sonuncunun həmin kodu ona deməsi ilə qeydiyyatdan keçmişdir. 10 aprel 2023-cü il tarixdə saat 02 radələrində Ağa ona Mehdiabad qəsəbəsində, ağacların olduğu yerdə narkotiklər oluğunu deyib dəqiq ünvanı izah etmiş və yerin şəklini göndərmişdir. Sonra o, həmin yerə getmiş və deyilən yerdən sellofan torbanı götürüb avtomobilinə qoymuşdur. Həmin sellofan torbaya baxarkən orada Ağanın deməsinə görə 2 kiloqram marixuana, hərəsi 1 kiloqram olmaqla metamfetamin və heroin, və bir ədəd elektron tərəzi olduğunu görmüşdür. Ağanın tapşırığı ilə həmin marixuananı ayrıca sellofan torbada Nizami rayonu, Babək prospketində, məhəllələrdən kənar bir yerə 11 aprel tarixində gecə saatlarında qoymuş və şəklini çəkərək yerini də Ağaya izah etmişdir. 13 aprel tarixində saat 03 radələrində isə heroin və metamfetamini yenə də Ağanın istəməsi ilə yan-yana olmaqla hər iki narkotiki iki hissəyə ayırıb tərəzidə çəkmiş və ayrı-ayrı sellofan paketlərə, daha sonra isə hamısını bir sellofan paketə qoyub, Hövsan yolundakı kənar əraziyə yerləşdirib şəkillərini çəkib Ağaya göndərib yerini izah etmişdir. Bundan sonra Ağa ona olan 500 manat borcununun ödənildiyini bildirmişdir. Bundan sonra Ağa ona bu cür birlikdə işləməyi təklif etmiş və da həmin təklifi qəbul etmişdir. Aralarında olan razılaşmaya əsasən Ağanın narkotik vasitələri və psixotrop maddələri sonuncunun dediyi yerlərdən götürüb, müxtəlif çəkilərə ayırıb, müxtəlif yerlərə qoyacağının qarşılığında 5 qram metamfetamin verəcəkmiş. 5 qram metamfetamin isə əvvəllər 230 və ya 240 manat olsa da hazırda təxminən 300 manatdır. Ağa ilə razılaşdıqdan sonra ondan növbəti sifarişi gözləməyə başlamışdır. Təxminən 18 aprel 2023-cü il tarixdə Ağa ona Qaradağ rayonu ərazisində 1 kiloqramdan artıq metamfetamin bağlamasının olduğunu bildirmiş, gedib onu götürməyini və öz payını, yəni 5 qramını götürə biləcəyini demişdir. O, Ağanın izah etdiyi yerə getmiş, Qaradağ rayonu ərazisindən adamların az olduğu, yaşayış olmayan yerdən yolun kənarındakı ağacın otluqlar olan hissədən bir ədəd şəffaf yapışqanlı lentlə bağlanmış bükümü, qara rəngli parçanın içində görmüş, parça ilə birlikdə onu avtomobilinə qoyub oradan uzaqlaşmışdır. Bütün gün demək olar ki, avtomobildə olduğu üçün taksi fəailiyyətinə başlayandan avtomobildə yatmış və hərdən çimmək üçün evə getmişdir. Buna görə də narkotiki götürdükdən sonra Xətai rayonu ərazisinə gəlib orada gizlin yerdə həmin bağlamadan tərəzidən istifadə etməklə 5 qram metamfetamin ayırıb istifadə etmək üçün narkotik saxladığı çəhrayı rəngli balaca metal qutuya qoymuş, həmin bağlamanı yenidən yapışqanla bağlayıb, həmin qara rəngli parçaya, yanına da tərəzini qoymaqla avtomobilinin arxa yük yerində, ehtiyat təkərin yanına yerləşdirmişdir. Özünə götürdüyü “patı”dan istifadə etməyə başlamış, Ağadan həmin narkotiki nə etməli, neçə bükümlərə bölməli və haralara qoyması ilə bağlı tapşırıq gözləməyə başlamış və eyni zamanda taksi fəaliyyətini davam etdirmişdir. 19 aprel 2023-cü il tarixdə gündüz saatlarında gizlin yerdə gödəkçəsinin cibində olan çəhrayı rəngli metal qutudakı “patı”dan bir hissə istifadə etmiş və bir qismini də şəffaf sellofan bükümə büküb həmin dəmir qutunun içinə qoymuşdur. Gün ərzində taksi kimi işlədikdən sonra gecə saatlarında Nizami rayonu, Keşlə qəsəbəsində avtomobilini saxlamış, gec olduğu üçün artıq taksi fəaliyyətini sonlandırmışdır. Orada da yenə çəhrayı dəmir qutudakı qutuya dağılmış formada olan “patı”dan bir qismini yenə istifadə edib qutunu bağlayıb gödəkçəsinin sol iç cibinə qoyaraq yuxuya getmişdir. 20 aprel 2023-cü il tarixdə saat təxminən 08:30 radələrində narkotikin təsirindən halsız vəziyyətdə avtomobilində olduğu üçün polis əməkdaşları yaxınlaşdıqda o, həbs olunacağını zənn etdiyindən qorxaraq təlaşlanmışdır. Həmçinin “patı”nın təsiri altında olduğu üçün xarici görkəmindən bunu biruzə vermişdir. Polis əməkdaşları onu şübhəli hərəkətlərinə görə Polis Bölməsinə dəvət etdikdə o, avtomobilini özü idarə edə biləcəyini demiş, polis əməkdaşlarından biri onun yanında, ön oturacaqda əyləşdikdən sonra 23-cü Polis Bölməsinə getmişlər və orada ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürülmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə təqdim etməsi təklif edildikdən sonra o, əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən içində “pat”ı olan çəhrayı dəmir qutunu, qara rəngli şalvarının arxa sağ cibindən bir ədəd “Leobank” kartını, qara rəngli gödəkçəsinin sağ yan cibindən avtombilin açarını, qara rəngli şalvarının sol yan cibindən isə bir ədəd ağ rəngli “İphone” markalı və bir ədəd qara rəngli “Xiaomi Redmi” markalı mobil telefonlarını çıxarıb təqdim etmişdir. O, çəhrayı rəngli dəmir qutudakı maddənin “patı” olduğunu və həmçinin avtomobilində baxış keçiriləcəyinə əmin olduğundan orada da narkotik olduğunu səmimi etiraf etmişdir. Daha sonra həmin çəhrəyı rəngli dəmir qab, mobil telefonları və plastik kartı qablaşdırılmış və üzəri imzalarla təsdiq edilib möhürlənərək götürülmüşdür. Sonra vəkilinin iştirakı ilə videogörüntü ilə avtomobilinə baxış və götürmə keçirilmiş, avtomobilinin arxa yük yerindən ehtiyat təkərin yanında Ağanın tapşırığı ilə götürdüyü 1 kiloqramdan çox olan narkotik bükümü və elektron tərəzi aşkar edilmişdir. Həmin vaxt psixotrop maddəni satmaq məqsədi ilə əldə etdiyini və qiymətinin 1000 və ya 1500 manat olmasını bildirsə də, əslində həmin bükümü Ağanın tapşırığı ilə bükümlərə büküb, sonuncunun dediyi ünvanlara qoyacağı üçün 5 qram patını özünə götürmüşdür. Daha sonra həmin büküm, elektron tərəzi qablaşdırılmış və üzəri imzalarla təsdiq edilib möhürlənərək götürülmüşdür. Saxlanılarkən və Polis Bölməsinə gətirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır, Ağa adlı şəxsi görməmiş, onunla ancaq telefon əlaqəsi saxlamışdır. Əldə etdiyi narkotikdən tanıdığı şəxsə pulsuz narkotik də vermiş, yəni həmin şəxsin pulu olmayanda ona narkotiki hədiyyə etmişdir (cild 1, iş vərəqə 69-72). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid5 göstərdi ki, Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 20 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün 23-cü Polis Bölməsinə gətirilmiş, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əvvəlcə əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd çəhrayı rəngli kiçik ölçülü dəmir qutunu, şalvarının sağ arxa cibindən “Leobank”a aid 01 ədəd plastik kartı, gödəkçəsinin sağ yan cibindən avtomobilinin açarını, şalvarının sol qabaq cibindən 01 ədəd ağ rəngli “İphone 6” markalı və 01 ədəd qara rəngli “Xiaomi Redmi” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin qutunun içərisində “patı” kimi tanıdığı metamfetamin olduğunu, həmin maddəni bir həftə bundan əvvəl online yolla tanımadığı xarici vətəndaşdan internet vasitəsilə sifariş edərək satmaq məqsədilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmçinin sorğu-sual zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi avtomobilin arxa yük hissəsində də “patı” kimi tanıdığı psixotrop maddə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qutunu açdıqda 01 ədəd şəffaf sellofan bükümün içərisində və qutuya dağılmış vəziyyətdə psixotrop maddəyə bənzər ağ rəngli kristallik maddə aşkar edilmişdir. Aşkar olunmuş maddə və digər əşyalar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol imzalarla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs iştirakı ilə etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin baqaj hissəsində olan avtomobil təkərinin içərisində 01 ədəd qara rəngli torbanın içərisindən 01 ədəd elektron tərəzi və 01 ədəd şəffaf sellofana bükülmüş, yapışqanla bağlanmış qara rəngli polietilen bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində “patı” kimi tanıdığı psixotrop maddənin olduğunu və satış məqsədilə əldə etdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd elektron tərəzi və 01 ədəd bağlama cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23cü Polis Bölməsinin digər əməkdaşı Şahid4 Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid3 göstərdi ki, 20 aprel 2023-cü il tarixdə saat 08:30 radələrində polis nəfərləri Şahid1 və Şahid2la birlikdə 3 saylı patrul sektorunda xidmətdə olduqları zaman ünvan 4 ünvanının yaxınlığında bir nəfər şəxsin avtomobildə halsız vəziyyətdə uzandığını görüb kömək etmək məqsədi ilə ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdə həmin şəxs təlaşlanmış, verilən sualları qeyri-adekvat cavablandırdığına görə onlarda şübhə oyatmış, xarici görünüşündən və davranışından narkotik vasitəsinin təsiri altında olduğunu hiss etmişlər. Sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri həmin şəxsdə narkotik vasitəsinin olmasını ehtimal edərək onu Nizami rayon Polis İdarəsinin 23cü Polis Bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs “Kia Rio” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib sonuncu ilə birlikdə Polis Bölməsinə gedib raportla məruzə edərək Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Post Patrul Xidməti Bölüyünün digər əməkdaşları Şahid1 və Şahid2 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd çəhrayı rəngli kiçik ölçlü dəmir qutunu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kiçik ölçülü dəmir qutunun içərisində “patı” kimi tanıdığı metamfetamin olduğunu, həmin maddəni bir həftə əvvəl online yolla tanımadığı xarici vətəndaşdan sifariş edərək satmaq məqsədilə alıb üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 26-27,116). Nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin arxa yük yerindəki təkərin içərisindən 01 ədəd şəffaf sellona bükülmüş, yapışqan lentlə bağlanmış qara rəngli polietilen torba və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində “patı” kimi tanıdığı metamfetamin olduğunu, satış məqsədilə əldə etdiyini bildirmişdir. Baxış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 30-31,117). Məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2023-cü il tarixli 6/2352 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ««Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №163» dairəvi möhür əksi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan zərfdəki çəhrayı rəngli kiçik ölçülü dəmir qabın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 2,581 qram və həmin qaba dağılmış təmiz çəkisi 1,326 qram, ümümi təmiz çəkisi 3,907 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №163» dairəvi möhür əksi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan paketdəki üzərində şəffaf yapışqan lentlə bağlanmış bağlamada təmiz çəkisi 1081,3 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 1085,207 qram təşkil edir və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkiləri 1081,1 qram və 3,807 qram təşkil etmişdir (cild 1, iş vərəqə 42-47). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 iyul 2023-cü il tarixli 4805 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 133-134). İbtidai istintaq orqanının 10 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 135-145). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 17 may 2023-cü il tarixli, 7369 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 102). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 99). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X2 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddənin hamısının ona aid olmaması, yalnız 3 qram sifariş etməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi ilə bağlı qənaətin tam əsaslı olması nəticəsinə gəlir. Belə ki, tədqiq olunmuş sübutlara, bütövlükdə iş materiallarına əsasən onun bu cinayəti birgə törətmək haqqında qabaqcadan qeyrisi ilə sövdələşməsi, cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək qeyrisi ilə onun arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi, külli miqdarda metamfetaminin satışından mənfəət əldə etmə niyyətinin mövcudluğu işin mübahisəsiz müəyyən edilən hallarıdır. Qeyrisi ilə qabaqcadan əlbir olan Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddənin satışında bilavasitə iştirak etmək barədə sövdələşmiş, həmin sövdələşməyə uyğun olaraq hərəkət edib Bakı şəhəri ərazisində yerləşdirilən yerdən külli miqdarda psixotrop maddəni qanunsuz əldə etmiş, satış zəncirinin bir hissəsi olaraq sonradan psixotrop maddəni ona deyiləcək yerlərə tapşırılacaq çəkilərdə yerləşdirməyi öhdəsinə götürmüşdür. Sadalanan dəlillərin öz təsdiqini tapması şəraitində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlaməti ilə törədilməsi qənaətini məhkəmə əsaslı hesab edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 20 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 14, 80-81). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1081,1 qram və 3,807 qram təşkil edən metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və nəqliyyat vasitəsinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 43,174). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1081,1 qram və 3,807 qram təşkil edən metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və nəqliyyat vasitəsinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar