Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2007/2024 28.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Cəlilabad rayonu, Eçara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18 oktyabr 2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Eçara kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 21 fevral 2024-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində, şəxsiyyəti naməlum şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi külli miqdarda 280 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 135 qram külli miqdar kustar üsulla hazırlanmış psixiotrop maddə metamfetamin əldə edib üzərinda saxlamaqla daşımış, 21 fevral 2024-cü il tarixdə saat 00:30 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən Hərbi Komissarlığın qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Balandin 42 ünvanında yerləşən Bakı şəhər Suraxanı RPİ-nin inzibati binasına gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əlində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən iki ədəd ayrı-ayrı şəffaf sellofan bağlamada olan və sarımtıl rəngli yapışqanla biribirinə bağlanmış, bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi külli miqdar 280 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi külli miqdar 135 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfertamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. Lakin o saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Belə ki, o xx.xx.2024-cü il tarixdə öz şəxsi istifadəsi üçün olan 20 qram narkotik vasitəni götürmək üçün ona verilən ünvana getmiş, o maşından düşüb 100 metr gedən kimi polis əməkdaşları onu tutmuşlar və 415 qram narkotik vasitə ilə onu yükləmişlər. O İdarədə döyüldüyü üçün şəxsi axtarış zamanı üzərinə qoyulan narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu döyən və üzərinə narkotik vasitə qoyan polis əməkdaşlarının adlarını bilmir. O, Əmircan qəsəbəsində ilk dəfə olurmuş. Polis əməkdaşları onu 415 qram narkotik vasitə ilə yükləmişlər. Elan olunmuş cinayət işinin 35-36-cı vərəqələrində olan şəxsi axtarış və götürmə protokoluna və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Elan olunmuş cinayət işinin 34-cü vərəqəsində olan ərizəyə və ərizədəki imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır, ərizəni təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 39-40-cı vərəqələrində olan izahatında, cinayət işinin 91-93 və 107-109-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... «İnstagram» sosial şəbəkəsində bir nəfərlə tanış olmuş, yazışma zamanı məlum olmuşdur ki, həmin şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur. Həmin şəxsin ad, soyad və ata adını, eləcə də ünvanını bilməmiş, yazışıb razılaşmışlar ki, həmin şəxs ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərsin, yəni narkotik vasitə və psixotrop maddənin qoyulduğu yerin konumunu, yəni dəqiq qoyulduğu yerin ünvanını göndərsin o, həmin yerdən narkotik vasitə və psixotrop maddəni götürsün. Bu məqsədlə də xx.xx.2024-cü il tarixdə təxminən saat 13:00 radələrində Cəlilabad rayonundan Bakı şəhərinə gəlmiş, Abşeron rayonu, Xırdalan qəsəbəsində yaşayan tanışı Vüqar adlı şəxsin evində gecələmiş, xx.xx.2024-cü il tarixdə «İnstagram» sosial şəbəkəsində həmin şəxslə yazışmış, istifadəsində olan ***-***-**-** mobil nömrəyə +**********2 mobil nömrədən votsap ani mesajlaşma proqramına konum atmış, yəni narkoik vasitə heroinin və psixotrop maddə metamfetaminin qoyulduğu yerin dəqiq ünvanını göndərmişdir. Tanışı və həmyerlisi Bakı şəhərində taksi fəaliyəti ilə məşğul olan Maisə zəng edib Suraxanı rayonunda bir nəfərdən pul alacağını deyib Maisdən onu Suraxanı rayonuna aparmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Mais idarə etdiyi «Kia» markalı avtomobili ilə Xırdalan şəhərinə Vüqarın evinin yanına gəlmiş, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Maisin idarə etdiyi avtomobillə həmin ünvana, Bakı şəhəri, Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsinə getmişdir. Avtomobili saxlatdırıb Maisə dayandığı yerdə gözləməsini tapşıraraq avtomobildən düşüb Atamoğlan Rzayev küçəsində yerləşən Hərbi Komisarlığın yaxınlığına gedib orada konumda göstərilən daş parçasının altına qoyulmuş narkoik vasitə heroini və psixotrop maddə metamfetamini götürmüşdür. Narkoik vasitə heroin və psixotrop maddə metamfetamin ayrı-ayrı sellofan torbalara qoyularaq sarımtıl yapışqanlı lentlə bir-birlərinə sarınmış halda olmuşdur. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuş, dərhal da göndərilən SMSi pozub oradan uzaqlaşaraq Maisin gözlədiyi yerə gəlmişdir. Maisin avtomobilinə yaxınlaşanda tanımadığı mülki geyimli şəxslər yaxınlaşıb onu saxlayaraq özlərini təqdim edib Bakı şəhəri Suraxanı RPİ-nin əməkdaşları olduqlarını bildirib özünü təqdim etməyini tələb etdikdə özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Mais də özünü təqdim etmişdir. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildrib onu və Maisi Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. Bakı şəhəri Suraxanı RPİ-nə gəldikdən sonra Suraxanı RPİ-nin inzibati binasında xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. ...Sonra əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində olan narkoik vasitə heroinin və psixotrop maddə metamfetamini, əynindəki cins şalvarının sağ yan cibində olan istifadə etdiyi bir ədəd, ***- ***-**-** mobil nömrəli, «Samsung» markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitəni və psixotrop maddəni «İnstagram» sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxsdən onlayn vasitəsilə aldığını bildirmişdir. ...Polis əməkdaşları tərəfindən saxlanılarkən, Pİ-nə gətirilən zaman və Pİ-də olduğu müddət ərzində ona qarşı hər hansı bir fiziki və ya psixi təziq göstərilməmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları təzyiq altında imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun kəndçisidir. xx.xx.2024-cü il tarixdə Şəmsi ona zəng edərək Xırdalan şəhərində olduğunu və Suraxanıya getmək istədiyini demişdir. Ondan niyə getdiyini soruşanda Şəmsi demişdir ki, borc pul almalıdır və pula ehtiyacı var. Onlar maşınla həmin ünvana çatanda o yolun başında maşını saxlamışdır. Həmin küçənin adı yadında deyil. Şəmsi maşından düşmüş və yarım dəqiqə-1 dəqiqə sonra o siqaret çəkmək üçün maşından düşmüşdür. 5-10 metr aralıdan səs gəlmişdir. Görmüşdür ki, Şəmsiyə polis əməkdaşları yaxınlaşır. Sonra ona da 2 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Polis əməkdaşları özlərini təqdim etmişlər və onları ayrı-ayrı maşınlarda Polis İdarəsinə aparmışlar. Polis İdarəsində şəxsi axtarış zamanı onun üzərindən heçnə çıxmamışdır. O, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı orda olmamışdır. Bu barədə başqa heçnə bilmir. Polis əməkdaşları ona bildirmişlər ki, onları Təqsirləndirilən şəxs görə saxlamışlar. O, Şəmsinin narkotik vasitə götürüb-götürmədiyini bilmir, görməmişdir. O, Şəmsinin maşından düşüb hara getməsinə fikir verməmişdir. Şəmsi maşından 10-15 metr məsafədə dayanmışdır. O, Şəmsinin narkotik vasitə istifadə etdiyini bilmirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin rəisi vəzifəsində xidmət edir. Suraxanı RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində psixotrop maddə və narkotik vasitənin qanunsuz dövriyəsi ilə məşğul olması barədə qərəzsiz və etimad doğuran mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hərbi Komisarlığın yaxınlığında, A.Rzayev küçəsində narkotik vasitə alıb taksiyə minən yerdə Təqsirləndirilən şəxs və yanındakı şəxsi saxlamışlar. Onlar özlərini təqdim edib, anket məlumatlarını dəqiqləşdirib onları Polis İdarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin cibindən iki ədəd ayrı-ayrı şəffaf sellofan torbada olan bükümləri, mobil telefonu təqdim etmiş və təqdim etdiyi 01 ədəd bükümün içərisində olan kristal şəkilli kütlə psixotrop maddə metamfetamin, digər bükümün içərisində toz şəkilli maddə narkotik vasitə heroin olduğunu, psixotrop maddə metamfetamini və narkotik vasitə heroini «İnstaqram» sosial şəbəkəsində tanış olduğu ad, soyad və ata adını, ünvanını və telefon nömrəsini bilmədiyi şəxsdən onlayn yolla aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilərək oxunmuş, protokolun məzmunu ilə tanış olub protokolu imzalamışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi, daşınması barədə imiş, satış barədə məlumat yox imiş. Onlar ora yaxınlaşanda Təqsirləndirilən şəxs və yanındakı şəxs artıq narkotik vasitəni götürmüşdür. Tərəflərindən heç bir təzyiq göstərilməmişdir. Aşkar olunan narkotik vasitənin çəkisi yadında deyil. Əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi, daşınması barədə imiş, yəni Təqsirləndirilən şəxs narkokuryerlik ilə məşğul imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru Şahid2 21 fevral 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayonunda qanunsuz olaraq narkotik vasitələrin daşınması, satışı və istifadə etməsi ilə bağlı etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru Şahid2 21 fevral 2024-cü il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayonunda qanunsuz olaraq narkotik vasitələrin daşınması, satışı və istifadə etməsi ilə bağlı etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin rəisi, polis polkovniki Şəhriyar Şəmşirlinin 21 fevral 2024-cü il tarixli, 54/Ə69/2024 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayonunda qanunsuz olaraq narkotik vasitələrin daşınması, satışı və istifadə etməsi ilə bağlı ilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 34-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, üzərinə keçiriləcək şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirakı olmamasını xahiş etmişdir. Cinayət işinin 35-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd Samsung markalı mobil telefon və əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd açıq sarı rəngli yapışqan lentlə bükülmüş, içərisində 01 ədəd şəffaf sellofana bükülmüş kristallardan ibarət büküm və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik bükümü təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümün içərisində heroin və metamfetamin olduğunu, həmin bükümləri “İnstagram” sosial şəbəkəsində tanış olduğu, lakin, adını bilmədiyi şəxsdən “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə göndərilən ünvandan –Bakı şəhəri, Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsində yerləşən Hərbi komissarlığın yaxınlığında daşın altından əldə etməsini bildirmişdir. Təqdim edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 89-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 fevral 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilir. Sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mobil telefon və əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd açıq sarı rəngli yapışqan lentlə bükülmüş, içərisində 01 ədəd şəffaf sellofana bükülmüş kristallardan ibarət büküm və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik bükümü təqdim edir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümün içərisində heroin və metamfetamin olduğunu, həmin bükümləri “İnstagram” sosial şəbəkəsində tanış olduğu, lakin, adını bilmədiyi şəxsdən “whatsapp” proqramı vasitəsilə göndərilən ünvandan –Bakı şəhəri, Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsində yerləşən Hərbi komissarlığın yaxınlığında daşın altından əldə etməsini bildirir. Təqdim edilmiş bükümlər qablaşdırılaraq götürülür. Cinayət işinin 76-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1034 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 45» dairəvi möhür əksi olan, «.. .Şübhəli şəxs: 1) «imza» Təqsirləndirilən şəxs...» ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 280 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 135 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş heroin və metamfetamin kimyəvi tərkibinə görə müxtəlif növ maddələrə aid olduqlarından aralarında müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 130-131-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 mart 2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 154-156-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 iyun 2024-cü il tarixli üzləşdirmə-dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı, iş üzrə Şahid2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, saxlanılarkən ona qarşı heç bir təzyiq olmamış, şəxsi axtarış zamanı üzərindən heroin və metamfetamin aşkar edilmişdir. Cinayət işinin 157-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 iyun 2024-cü il tarixli üzləşdirmə-dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı, iş üzrə Şahid3 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, saxlanılarkən ona qarşı heç bir təzyiq olmamış, şəxsi axtarış zamanı üzərindən heroin və metamfetamin aşkar edilmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 152-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-dən daxil olmuş 01 aprel 2024-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin isə mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 178-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X1 07 iyun 2024-cü il tarixli cinayət işindən ayrı icraatda cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir, lakin saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. xx.xx.2024-cü il tarixdə öz şəxsi istifadəsi üçün olan 20 qram narkotik vasitəni götürmək üçün ona verilən ünvana getmiş, o maşından düşüb 100 metr gedən kimi polis əməkdaşları onu tutmuşlar, o, döyüldüyü üçün istintaq zamanı fərqli ifadə vermişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 800 qramdan artıq xüsusilə külli miqdar, psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 280 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından 1866 dəfə çox, 135 qram psixotrop maddə metamfetamin isə şəxsi istehlak miqdarından 900 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Bundan başqa, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə halları olmuşdur və narkomaniya xəstəliyindən əziyyət çəkir. Məhkəmə iclasında dindirilən zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr verdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Bakı şəhəri, Suraxanı rayon prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 28 sentyabr 2024-cü il tarixli, 3-16-17/40/2-6494/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsindən 14 oktyabr 2024-cü il tarixli, 2-2-110/3-091372/2024 nömrəli məktubla daxil olmuş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X3 12 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması faktı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən 1035-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununlarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenumun 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 aprel 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 140-150-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18 oktyabr 2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Cinayət işinin 164-165-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 may 2024-cü il tarixli 3667 nömrəli rəyindən görünürki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 31-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 121-124-cü vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 4(010)-66/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq Təcrisxanasından daxil olmuş 11 iyul 2024-cü il tarixli, 3-16-17/42/2-3095/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti bitdiyindən, xx.xx.2024-cü ildə sonuncu həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzindən 27 iyul 2024-cü il tarixli, 3-13-36/2-11577/2024 nömrəli məktubla daxil olmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 10 gün müddətinə inzibati həbs tətbiq edilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 11 yul 2024-cü il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 1(101)-2007/2024 nömrəli qərarına əsasən,dövlət ittihamçısının vəsatəti əsasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay 20 (iyirmi) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 279,950 qram narkotik vasitə heroin və 134,950 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarlarının və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununun izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay 20 (iyirmi) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 01 (bir) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 279,950 qram narkotik vasitə heroin və 134,950 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-2007/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2007/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver