Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2008/2024 16.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi -Azərbaycan Respublikası Vəkillər X1 vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə, xx xxx 1956-cı il tarixdə Qazax rayonu, Göyçəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, sürücü işləmiş, orta təhsilli, məhkumluğu olmayan, Ağstafa rayonu, Göyçəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam’ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs onun tərəfindən nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 06 fevral 2024-cü il tarixdə saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq sürücülük vəsiqəsinin “D” və “D1” kateqoriyalarının etibarlılıq müddətləri xx.xx.2021-ci il tarixdə bitdiyindən həmin kateqoriyaya aid nəqliyyat vasitəsini idarə etmək hüququ, həmçinin etibarnaməsi (yol vərəqi) olmadan idarə etdiyi ümumi istifadədə olan “Daewoo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən Sabunçu qəsəbəsi istiqamətində Şəhər Yolu Şosesi ilə hərəkətdə olarkən, Zabrat qəsəbəsində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, «sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir» kimi tələblərə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol-hərəkəti qaydalarını pozub qeyd olunan istiqamətdə sol səkidən sağ səkiyə doğru yolu keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtobusun qabaq hissəsi ilə vurması nəticəsində sonuncuya baş beyin maddəsinin əzilməsi, baş beyin qişalarına və maddəsinə qansızma, ənsə nahiyəsinin hematoması, döş qəfəsi və sol baldır nahiyələrinin sıyrıqları kimi, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, baş beyin maddəsinin əzilməsi, baş beyin qişalarına və maddəsinə qansızma səbəbindən xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs müalicə aldığı X12 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun 68 yaşı var. O, Ağstafa rayonunda yaşayır. Onun kredit borcu var imiş, o Bakı şəhəri, "xxxx" MMC şirkətində işləyən tanışından həmin şirkətdə iş olub-olmadığını soruşmuşdur. Tanışı ondan sürücülük vəsiqəsinin və müvafiq kateqoriyanın olub-olmadığını soruşmuşdur. O, hər birinin olduğunu demişdir. O, demişdir ki, sürücülük vəsiqəsinin 2024cü ilin avqust ayına kimi vaxtı var. Tanışı ona işə gəlməyini demişdir. O, "xxxx" MMC şirkətinə getmiş, onu Bayram adlı dispetçer qəbul etmiş, sənədlərini alıb baxmışlar və əmək müqaviləsi bağlamışlar. Ona ”Pasha Bank”-dan kart verilmişdir. "xxxx" MMC şirkətinin direktoru Bəhruz Tağıyev imiş. Bəhruz Tağıyev onun sürücülük vəsiqəsinə baxmış, surətini çıxartmış və ona işə başlaya biləcəyini demişdir. O, 2023-cü ilin avqust ayında "xxxx" şirkətinə işə girmiş və o zaman onun 67 yaşı var imiş. Onunla əmək müqaviləsi bağlanmışdır. O, şənbə-bazar günü işləmək istəmirmiş, Bəhruz Tağıyev isə şənbə və bazar günü də işləməyini bildirirmiş. Şirkətdə 25-28 avtobus var imiş. Hansı gün hansı saat oldurmuşsa, həmin vaxta uyğun avtobusa yazılırmış və həmin avtobusu sürürmüş. O da 217 saylı avtobusda sərnişin daşımağa başlamışdır. 217 saylı avtobus Məhəmmədli qəsəbəsindən «Koroğlu» metrostansiyasına kimi fəaliyyət göstərirmiş. Ona səhərlər yol vərəqəsi verilirmiş. Onun gündəlik yol vərəqələri olurmuş. Avtobusun nömrəsindən asılı olaraq işlədiyi saatlar fərqlənirmiş. 1,4,8-ci avtobuslarda saat 16:00-dan 20:00-a kimi yaxud saat 23:00-00:00-a kimi işləyirmiş. Ona maaş karta da köçürülürmüş. Belə ki, əməkhaqqı gündəlik hesablanırmış və gündəlik 50 manat imiş və ayın 20-nə qədər pul nağd verilirmiş, ayın 20-dən sonra isə əməkhaqqı karta köçürülürmüş. Sonuncu dəfə baş verən qəzaya kimi, 16 gün işləmiş və ona köçməli olan puldan 157 manat pul çıxılmış, qalan pul ona verilməmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yağış yağırmış, o avtobusu sürərək Maştağa qəsəbəsi tərəfdən Sabunçu qəsəbəsi istiqamətində “Bolmart” marketə çatmamış piyada, adını sonradan bildiyi Zərərçəkmiş şəxs maşının sol tərəfindən anidən qabağına çıxmışdır. Onunla piyada Elsevər arasında sükan və maşının şüşəsi arasında olan qədər 60-70 sm məsafə var imiş. O, maşına yavaş tormoz vermişdir ki, avtobusdakı sərnişinlərin də həyatını təhlükəyə atmasın. Həmin vaxt avtobus piyadanın sinəsindən dəymişdir. Piyadanın başı avtobusun patpresinin ortasındakı stoykaya dəymişdir. O, şok vəziyyətinə düşmüş və 3-5 dəqiqə maşının yanında şok halda oturmuşdur. Sonra qalxmış və demişdir ki, dərhal xəstəxanaya aparsınlar. Vurduğu oğlanın yanında olan tanışları demişdir ki, yox, polis çağırıblar gəlsin. O, demişdir ki, vaxt gedir, dərhal təcili yardım çağırsınlar. Sonra yolda olan taksini görmüşdür. O, vurduğu oğlanı yerdən götürməyə başlamış, amma tək götürə bilməmiş və onun dostları ilə birlikdə taksiyə qoymuşlar. Taksiyə qoyanda Elsevər ayağını maşına çəkmiş, həmin vaxt hələ sağ imiş. O, isə orda polis əməkdaşlarının gəlməyini gözləmişdir. Polis əməkdaşları gəlmişlər və qeydiyyat aparmışlar. Sonra o dərhal xəstəxanaya getmişdir. Xəstəxanada o bütün imkanlardan istifadə etmiş, deyilən həkimi çağırtmış, 200-300 manat, 1500 manat pul xərcləmişdir. O, borc-xərc etmişdir. Lakin Elsevər vəfat etmişdir. O, 1000 manat yas mərasiminə pul vermişdir. Mərhum Elsevərin “7 mərasiminə” gedib 1500 manat pulu yaxınlarının kart hesabına köçürmüşdür. Əlavə olaraq da daşı götürməyə 1500 manat pul vermişdir. O, barışıq əldə etmək üçün çalışır. O, ümumilikdə 5400-5500 manat pul xərcləmişdir. Həmin puldan 3000 manatı mərhumun atasının kart hesabına köçürmüş, qəbzləri saxlamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 51 ildir sürücü işləyir. O, Bakı şəhərində 88 saylı avtobusda da işləmişdir. O, ümumi bəlkə də 15-20 avtobus sürmüşdür. O, əsasən sərnişindaşımada işləmişdir. O, sürücülük vəsiqəsini 2014-cü ildə almışdır. O, vəsiqəni alarkən ona müddət barəsində heçnə deyilməmiş, heç bir şərt qoyulmamışdır. O, Ağstafa rayonunda yaşayırmış. Bakıda işləyəndə şirkətin qarajında 3 nəfər sürücü üçün otaq var imiş. O, həmin otaqda yaşayırmış və səhər saatlarında işə çıxırmış, axşam qayıdıb orda qalırmış. Hadisə günü o müdir Bəhruz Tağıyevə bildirmişdir ki, xəstəxanaya gedir, xəstəyə kömək lazımdır. O, 16 günlük işə çıxdığından maaşını istəmişdir. Bəhruz müəllim maaşının verilib-verilmədiyini soruşmuşdur. O da bildirmişdir ki, kartına 157 manat pul köçürülmüşdür. Bəhruz Tağıyev də demişdir ki, putyovkanı versin, yoxlatsın. Onlar onun putyovkasını və “Paşa Bank” kartını almışlar. O, 310, 427 və digər saylı avtobuslarda işləmiş, vəkili həmin siyahını da təqdim edəcək. O, Vüsaldan avtobusu verməyini xahiş etməmiş, o, hadisə günü saat 04:30-da işə çıxmışdır. Açarı Vüsal ona verməmişdir. Nağd maaşı ona qaraj müdiri Bəhruz Tağıyev verirmiş. O, həftəlik maaşını növbəti həftənin bazar ertəsi günü alırmış. Bəhruz Tağıyev hər həftə pul verirmiş. Bir günə 50 manat pul düşürmüş. O, ödəniş cədvəlinə qol çəkirmiş. Bəhruz Tağıyev 1 həftəlik qazancdan siqaret çəkdiyinə görə 10 manat pul, sosiala görə 25 manat pul, özünə 10 manat pul götürürmüş. Yəni 35-40 manat pul kəsib maaşı ona verirmiş. 105 və 192 nömrəli avtobuslar nağd pulla işləyirmiş. Bəhruz Tağıyevin maaş olaraq verdiyi pulu o, şirkətdən alırmış. Şirkət vergi çıxılmasın deyə maaşı nağd olaraq verirmiş. O, şirkətin direktorunu tanımır, görməmişdir. Əvvəl hüquqi varis zərərçəkmiş şəxsin atası olduğundan o bütün pulları ona ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, həyat yoldaşı mərhum Zərərçəkmiş şəxs onun dayısıoğlu olmuş, onlar 2008-ci ildə ailə həyatı qurmuşlar. Onların 3 övladı var. Övladları 4, 8 və 9-cu siniflərdə təhsil alırlar. O, hadisəni görməmişdir. Fərid və Vüsalın dediklərini bilir. Təqsirləndirilən şəxs ərinin hüzür mərasimi üçün pul vermişdir. Təqsirləndirilən şəxs qaynatasına pul vermişdir, ona heç bir maddi kömək göstərməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş şəxsin hüquqi varisi Vüsalə Nəsirova bildirmişdir ki, Təqsirləndirilən şəxs dəfn üçün pul vermişdir. Əbülfət 6 aydır, onunla və uşaqlarıyla maraqlanmamış, zənglərini açmamışdır. Təqsirləndirilən şəxs onun həyat yoldaşını öldürmüş, uşaqlarını yetim qoymuşdur. Təqsirləndirilən şəxs onun qaynatasına 3.000 manat pul vermiş, lakin onun özünə pul verməmişdir. O, Təqsirləndirilən şəxs 5.000 manat pul tələb edir. Məhkəmənin sonrakı iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiq edilmiş və öz əlyazısı ilə yazılıb imzalanmış ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşı və qonşusu imiş. Zərərçəkmiş şəxs evlidir və 3 övladı var. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qohumu ürək əməliyyatı olmuş və Elsevər də ona 200 qram qan verməyə getmişdir. Həmin gün qan verdiyindən Elsevərin təzyiqi var imiş. Həmin gün Elsevərin ad gününü qeyd etmək üçün o, Vasif və Elsevər Sabunçu rayonu, Zabrat qəsəbəsində Şəhər Yolu şosesində yerləşən “Qaqo” kafesində oturub yeyib-içmişlər və 1 litr spirtli içki qəbul etmişlər. Elsevər restoranda oturduqları müddətdə onlara başının gicəlləndiyini demiş, şərbət də içmişdir. Onlar Elsevərə içki içməməsini demiş, amma Elsevər içki içmişdir. Elsevər hər gün içki içən biri imiş. Sonra restorandan çıxmışlar. Hava çiskinli imiş. Onlar da taksi sifariş vermişlər. O, və Vasif Binə qəsəbəsinə gedirmiş, Elsevər isə Razinə gedəcəkmiş. Ona görə Elsevər taksiyə oturmamış və yolun digər tərəfinə, əks istiqamətinə keçirmiş, onlar isə yolun bu biri tərəfində dayanmışlar. Sonra o Elsevərin vurulma səsini eşitmiş və görmüşdür ki, Elsevər yerə uzanmışdır. Restoranla həmin yer arasında 30 metr məsafə olarmış. Elsevəri vuran avtobus Məhəmmədli istiqamətindən gələn avtobus imiş. Avtobus sürətli hərəkət etməmiş, amma piyada ona yaxın olsa belə sürücü avtobusa tormuz verib saxlaya bilərmiş. X19 maşınının gəlmədiyini görüb taksi saxlatmışlar və Elsevəri xəstəxanaya aparmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, Elsevərin vurulma anını görməmiş, səsini eşitmişdir. Əslində taksini üçü də sifariş vermişdir ki, Binə qəsəbəsinə getsinlər. Amma sonradan Elsevər fikrini dəyişmiş və bibisi oğlu ilə ad gününü davam etdirmək üçün Razinə gedəcəyini demişdir. Elsevər yolu keçirmiş ki, yolun digər tərəfindən Razinə getsin. Elsevəri xəstəxanaya Vasif və o aparmışlar. Sürücü hadisədən sonra qaçmamış, avtobusu saxlamışdır. Sürücü 3-5 dəqiqə avtobusun arxasında dayanmış, sonra gəlmiş və kömək etmişdir. Elsevərin atası və qardaşı istintaq zamanı onlardan şikayətçi olmaq istəmişlər və demişlər ki, Vüsal və Fəridi şərləyib desinlər ki, Elsevəri avtobusun qabağına Fərid və Vüsal itələmişdir. Məqsədləri ondan və Vüsaldan pul almaq imiş. O, Elsevərin qardaşına demişdir ki, yolda kameralar var və kamera hər şeyi çəkmişdir. Sürücü şok vəziyyətdə özündə deyilmiş, hadisədən sonra qaçmamış və onlara demişdir ki, nə kömək lazımdır, hara aparmaq lazımdır etməyə hazırdır. X13 xəstəxanasına aparmışlar. Polis əməkdaşları hadisə yerinə gəldiklərindən sürücü onlarla qalmış, amma sonra xəstəxanaya gəlmişdir. Sürücü xəstəxanaya gecə vaxtı gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşı olmuşdur. xx.xx.2024-cü il tarixdə Elsevər ürək əməliyyatı olan qohumuna qan vermişdir. Həmin gün Elsevərin ad günü imiş və onlara zəng etmiş və bir yerdə qeyd etmələrini demişdir. Fərid və o işdən çıxıb “Qaqo” kafesinə getmişlər. 1 saat sonra Elsevər gəlmişdir. Elsvər gələnə qədər Fərid və o 1 litrlik araqdan 200 qram içmişlər. Elsevər gələndə də içməyə davam etmişlər. Elsevər özünü normal hiss edirmiş. Sonra restorandan çıxmışlar, Fərid və o taksi sifariş etmişlər. Elsevərin qohumları ad gününü qeyd etmək üçün ona zəng etdiklərindən Elsevər Razinə getməli imiş. Hava yağışlı və qaranlıq imiş. Onlar Elsevərə demişlər ki, evə getsin. X20 getmək üçün yolu keçmişdir. Elsevər yolu qaçaraq keçmişdir. Yol tıxac olduğundan həmin yolu qaçmaq mümkün deyilmiş. Sürücü avtobusu sürətlə sürmürmüş, 30-40 km sürətlə sürürmüş. O, avtobusun əyləcinin basılmasını eşidə bilməmişdir. Sürücü Elsevəri vurandan sonra şoka düşmüş və avtobusun arxasında telefon əlində dayanmışdır. Onlar Elsevərə kömək etmişlər. Birinci onlar elə düşünmüşlər ki, sürücü gəlməyəcək. Amma sürücü gəlmişdir. X19 maşını gecikirmiş, sürücü demişdir ki, Elsevəri taksi ilə xəstəxanaya aparsınlar. Sürücü Elsevəri maşına qoymaq istəmiş, onlar özü Elsevəri maşına qoymuşlar. Sürücü yolda qalmış, onlar xəstəxanaya getmişlər. Xəstəxanada səs-küy olduğundan o sonradan sürücünün ora gəlib-gəlmədiyini görə bilməmişdir. Elsevəri maşına mindirməyə Fərid, o və tanımadığı şəxslər kömək etmişdir. Sürücü orda imiş, amma sürücünün Elsevəri maşına qoymağa kömək etməyini həmin vaxt dəqiq görə bilməmişdir. Çünki həmin vaxt yol da bağlanmışdır. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Əbülfəz Əlləzov əvvəllər 217 saylı avtobus sürmüşdür. O, 105, 49, 217 nömrəli avtobuslar sürmüşdür. Şirkət hansı avtobus sürmüşdürsə onu sənədləşdirib qeydiyyata almışlar. O, Gürcüstan Respublikasında anadan olmuşdur. O, rəsmi müqavilə əsasında işləyir. O, “Az Land” Plazada sürücü vəzifəsində işləyirmiş, sonra bu avtoqəzaya görə işdən çıxarılmışdır. Hazırda yenidən orda işləyir. O, 6-7 ay müddətinə işdən uzaqlaşdırılmışdır. Hadisə baş verən həmin **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusu əvvəllər o sürürmüş. O, 2024-cü ilin fevral ayında avtobusu səhər-səhər qarajdan götürüb çıxanda ona zəng gəlmiş və o gedəsi olmuşdur. Maşını Əbülfətə o vermişdir. Çünki ikisi də əvvəllər sürücü işləmişlər. O, avtobusu Əbülfətə verəndə belə olacağını bilmirmiş. Sonradan müdriyyət ona demişdir ki, Əbülfətin yaşı keçdiyindən onu qeydiyyatdan çıxarmışlar, ondan maşını ona niyə verdiyini soruşmuşlar. O, avtobusu bircə dəfə Əbülfətə vermiş və hadisə baş vermişdir. Əbülfəti çoxdan işdən azad etsələr də azad ediliyi tarixi xatırlamır. Yol vərəqəsi onun adına yazılmışdır. Əbülfət əvvəllər sürücü işlədiyindən avtobusu ona vermişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktorudur. O, müstəqil fəaliyyət göstərir və tabe olduğu rəhbər yoxdur. "xxxx" MMC sərnişindaşıma nəqiliyyatı üzrə işləyir. "xxxx" MMC-də 70-ə yaxın avtobus vardır. "xxxx" MMC Suraxanı rayonu ərazisində yerləşir. "xxxx" MMC Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərir. Onlarda ödəniş həm kartla, həm də nağd həyata keçirilir. Sürücü qazandığı pulu plan üzrə gətirir verir. Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlanılmış və sonra xitam verilmişdir. Təqsirləndirilən şəxs işə götürdükləri tarixi xatırlamır. Lakin o 65 yaşdan yuxarı olan şəxslərin sürücü kimi fəaliyyət göstərməsinə qadağan olduğunu bilən kimi Təqsirləndirilən şəxs fəaliyyətinə xitam vermişdir. Onlarda əməkhaqqı müxtəlif məbləğlərdə, məsələn 200, 316, manat olur. Sürücülər nağd pul alanda imza çəkib pulu götürürmüşlər. Əvvəl sürücüyə bir gün üçün 50-55 manat pul verilirmiş. Hazırda bir günə 60 manat pul verilir. İsintaq zamanı ifadə vermişdir. O, sənədləri təqdim etmiş və Təqsirləndirilən şəxs işçisi olmadığını bildirmişdir. Vüsal Ocaqov özbaşınalıq edərək maşını Təqsirləndirilən şəxs vermişdir. Səhv etmirsə Təqsirləndirilən şəxs ilə Vüsal Ocaqov arasında söz-söhbət olmuş və Təqsirləndirilən şəxs ifadəsini dəyişmək üçün Vüsal Ocaqovdan pul istəmişdir. Sürücü ehtiyacları olduğundan Vüsal Ocaqovu işə təkrar götürmüşlər. Təqsirləndirilən şəxs işə götürəndə işə qəbul sistemi onu qəbul etmişdir. Halbuki indi sistemə bu barədə məlumat yerləşdirəndə sistem yaşa görə qəbul etmir. O, qanundan xəbərsiz imiş, 65 yaşdan yuxarı şəxslərin avtobus sürmələrinə qadağa olduğunu bilmirmiş. O, bunu öyrənən kimi Təqsirləndirilən şəxs işdən çıxarmışdır. Tək o deyil, Bakıda olan bütün sərnişindaşıma şirkətləri 65, 67, 70 yaşlarında olan sürücüləri işə götürürlər. O da Təqsirləndirilən şəxs 67 yaşında işə götürmüş, amma qanundan xəbərsiz imiş. Təqsirləndirilən şəxs şirkətdə işlədiyi dövrdə avtoqəza olmamışdır. O, Təqsirləndirilən şəxs sənədlərini yoxlayıb onu işə götürmüşdür. Təqsirləndirilən şəxs işə götürərkən sürücülük vəsiqəsi var imiş. Təqsirləndirilən şəxs fəaliyyətinə 2023-cü ildə xitam verilmişdir. Əmək haqqı kartla ödənilir. Bəzən sistemdə yanlışlıqlar ola bilir. Belə ki, işçilər maaş aldıqları halda da onlara səhvliklə təkrar maaş köçə bilir, yaxud işdən çıxan işçiyə də maaş köçə bilir. Bu texniki problemdir. Təqsirləndirilən şəxs da yanlışlıqla əməkhaqqı köçmüşdür. Təqsirləndirilən şəxs yalan ifadə verir. Avtoqəza baş verən zaman Təqsirləndirilən şəxs onun işçisi deyilmiş. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 2-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin Növbətçi Hissənin əməkdaşı Elşad Vəzirovun 06 fevral 2024cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:29 radələrində 102 xidmətinə hadisə şahidi məlumat verərək, Qaqu kafesinin yanında Elsevər adlı şəxsin 217 saylı avtobus tərəfindən vurularaq xəsarət almasını bildirmişdir. Cinayət işinin 3-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 fevral 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Yolu Şosesi istiqamətidir. Hadisə yerində dayanmış 217 saylı sərnişin avtobusunun ön hissəsində şüşəsi sınmış vəziyyətdədir. Baxış zamanı iştirak edən avtobusun sürücüsü Təqsirləndirilən şəxs bildirmişdir ki, üzü Sabunçu qəsəbəsi istiqamətində hərəkət edərkən, yolun sol hissəsindən sağ hissəsinə doğru yolu keçən piyadanı görmədən onu vurmuşdur. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 8-11-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 fevral 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, “Daewo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobus texniki cəhətdən saz vəziyyətdədir. Avtobusun alın şüşəsi ortadan çatlamış, qabaq sağ işıqları sınmış, qabaq sağ işığın üst tərəfindən qan ləkələri vardır. Cinayət işinin 53-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 dekabr 2023-cü il tarixli, 229 №-li Əmrdən görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsinə Azərbaycan Respıublikası Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Həmin Əmr direktor X9 tərəfindən imzalanmış və möhür vurulmuşdur. Cinayət işinin 52-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 noyabr 2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Vüsal Ojaqov 01 noyabr 2023-cü il tarixdən işəgötürən X9 tərəfindən avtobus qarajında sürücü kimi işə götürülmüşdür. Cinayət işinin 54-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin 01-29 fevral 2024-cü il tarixlərə verilmiş 015282 nömrəli yol vərəqəsindən görünür ki, X3 həmin tarixlərdə 1**-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusla xəttə çıxması icazəsi verilmişdir. Cinayət işinin 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 06 fevral 2024-cü il tarixli, 1/1042 nömrəli tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olması, alkoqol qəbulu əlamətlərinin olmaması müəyyən edilmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 fevral 2024-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani surətdə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Seymur Həsənov tərəfindən tərtib edilmiş 16 fevral 2024-cü il tarixli arayışdan görünür ki, yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə, yəni, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər Yolu Şosesinin Qaqo kafesinin qarşısından keçən hissəsində, DİN-nin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları mövcud deyil, həmçinin, ətrafdakı obyektlərdə və ya evlərdə kamera yoxdur. Cinayət işinin 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 19 fevral 2024-cü il tarixli, 3-13-16/2-26985/2024 nömrəli məktubdan və cinayət işinin 127-ci vərəqəsində olan sürücülük vəsiqəsinin kserosurətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə, xx.xx.2024-cü il tarixədək etibarlı olan AC 325886 nömrəli B1, B, C1, C, D1, D kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. Cinayət işinin 89-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 04 iyun 2024-cü il tarixli, 3-13-16/2-85684/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə, xx.xx.2024-cü il tarixədək etibarlı olan AC 325886 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. Həmçinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə əsasən “D” kateqoriyasına və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 23 yaşdan 65 yaşadək müəyyən edilmişdir. Cinayət işinin 33-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 11 fevral 2024-cü il tarixli, 35 saylı meyitin ekspertizasının ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinin əzilməsi. Baş beyin qişalarına və maddəsinə qansızma. Ənsə nahiyəsinin hematoması. Döş qəfəsi və sol baldır nahiyələrinin sıyrıqları. -Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs xəstəxanaya daxil olmasından (xx.xx.2024-cü il, saat 19:30) az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin maddəsinin əzilməsi, baş beyin qişalarına və maddəsinə qansızma olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə, saat 19:05-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətləriylə təsdiq olunur. Mərhum Zərərçəkmiş şəxs adına tərtib olunmuş xəstəlik tarixində xəstəxanaya daxil olarkən onun ağzından kəskin spirt iyi gəldiyi (sərxoşluğu) barədə qeydiyyat vardır. Cinayət işinin 82-84-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 30 may 2024-cü il tarixli, 8/1283 nömrəli ekspert rəyindən görünür ki, “Daewoo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs maşının sol tərəfindən anidən qabağına çıxmış, onunla piyada Elsevər arasında rol və maşının şüşəsi arasında olan qədər 60-70 sm məsafə var imiş. O, maşına yavaş tormoz vermişdir ki, avtobusdakı sərnişinlərin də həyatını təhlükəyə atmasın. Təqsirləndirilən şəxsin hmin dəllilərini yoxlamaqdan ötrü məhkəmə istintaqı dövründə müəyyən halların tam, ətraflı araşdırılması üçün müvafiq təşkilatlara sorğularla müraciət edilmişdir. "xxxx" MMC-dən daxil olmuş 13 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də işinə 04 dekabr 2023-cü ildə xitam verilmiş, “Daewoo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusun idarə edilməsi üçün Təqsirləndirilən şəxs yol vərəqəsi təqdim olunmayıb, həmin maşın üzrə 06 fevral 2024-cü ildə yol vərəqəsi X3 verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin hüquq idarəsindən daxil olmuş 25 oktyabr 2024-cü il tarixli, 3-17- 5/2-76013/2024 nömrəli məktubdan görünür ki, “Əmək və Məşğulluq” alt sistemində Təqsirləndirilən şəxs ilə bağlı əmək müqaviləsi barədə məlumatların əldə edilməsi mümkün olmamışdır. Bundan başqa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə əsasən “D” kateqoriyasına və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 23 yaşdan 65 yaşadək müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən vaxt, yəni 2024-cü ilin fevral ayında 68 yaşı olmuş, Qanunun tələblərinə əsasən, onun yol-nəqliyyat hadisəsini törətdiyi nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğllunun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qərarın 12-ci bəndinə əsasən, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Qərarın 20-ci bəndində göstərilmişdir ki, CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. Həmin Qərarın 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263- 1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CMnin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 128-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnfomasiya İdarəsindən daxil olmuş 12 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Əlləzov X8 Rayon Xalq Məhkəməsinin 17 mart 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 145-ci maddəsinin 2-ci bəndinin 1, 2 və 6-cı hissəsi ilə; 147-ci maddəsinin 3-cü bəndi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Amistiya qərarı ilə azad olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiq edilmiş və öz əlyazısı ilə yazılıb imzalanmış ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları.) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra köməklik etməyə çalışmasını, çəkilmiş xərcləri mümkün qədər qarşılamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, hal-hazırda ahıl yaşda olmasını nəzərə alaraq cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən olunur. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işinin 109-cu vərəqəsində olan Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X4 21 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədə müvafiq hesab edir.Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarının 23-cü bəndində göstərilmişdir ki, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya əlavə olaraq təyin edildiyi hallarda əsas cəzanın çəkilmə müddəti qurtardıqdan sonra nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın icrası başlayır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-2008/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2008/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver