Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-201/2022 29.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi: X2, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 08 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 7-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, xuliqanlıq niyyətilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 17 iyun 2021-ci il tarixdə, saat 16.30 radələrində idarə etdiyi “Khazar LX” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobildə tanışları Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 ilə hərəkətdə olduğu zaman həmin avtomobilin arxa sağ oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs narkotik vasitə almaq üçün pul lazım olduğunu bildirdikdə ona üzərində cəmi 8 manat olduğunu dediyi üçün aralarında yaranmış mübahisə ilə əlaqədar sonuncunun söyüş söyməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoyub Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək idarə etdiyi avtomobili ünvan 2 ünvanın qarşısında saxlayaraq avtomobilin salonunda olan saxlanc yerindən götürdüyü və istintaqa məlum olmayan bıçaqla ona iki dəfə zərbə vuraraq başın alın nahiyəsinin sağda bir ədəd səthi deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa zərər vurmayan və ölümünə səbəb olan kəskin qanitirmə ilə nəticələnən boyunun ön səthinin sağ yarısının bir ədəd döş boşluğuna nüfuz edən sağ vidacı venanın, sağ ağciyərin yuxarı payının yaralanmasına səbəb olan deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid bədən xəsarətləri yetirərək, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmiş, daha sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə Şahid1 və Şahid2 avtomobildən düşdükdən sonra idarə etdiyi avtomobili hadisə yerindən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Rəşid Behbudov küçəsi ətrafında yerləşən “Pitomnik” adlanan əraziyə sürərək orada Zərərçəkmiş şəxs meyitini otluq sahəyə atıb gizlətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 15 ildir ki, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs uzun müddət təxminən 20 ildir ki, tanıyır. O, ailəsi ilə birlikdə uzun müddət “Xutor” qəsəbəsində kirayə yaşamış və Ramillə həmin ərazidə yaşadığı müddətdə tanışlığı yaranmışdır. Ramillə arasında hadisə baş verən günə kimi həmişə dostluq münasibəti olmuşdur. 17 iyun 2021-ci ildə günorta saatlarında müştəri olan “Səttar” adlı şəxs telefonla zəng edərək “Xocahəsən” qəsəbəsinə getməli olduğunu bildirmişdir. Səttar ona Moskva univermağının yanına gəlməyini bildirmiş və o, həmin əraziyə gedərək birlikdə “Xocahəsən” qəsəbəsinə getmək üçün yola düşmüşlər. Səttar ona demişdir ki, “Xocahəsən” qəsəbəsinə getməzdən öncə 10-15 dəqiqə “Əcəmi” ərazisində yubanaq daha sonra yola çıxarıq. Əcəmi ərazisində olan parkın yanında keçərkən “Ramil” və yanında salam-sağolu olduğu “Mikayıl” adlı şəxsi görmüşdür. Ramil maşında Səttarı görən zaman maşına yaxınlaşıb qolunu avtomobilin qapısına söykəyərək Səttarla söhbət etməyə başlamışdır. Səttarla narkotik vasitə olan “kakos”u necə əldə edə biləcəkləri barədə məsləhətləşmişlər. Daha sonra Ramil yanındakı oğlana onun avtomobilinə oturmağı bildirmişdir. Avtomobilidə ön oturacaqda o, və Səttar, arxa oturacaqda isə onun arxasında “Mikayıl” adlı şəxs, Səttarın arxa oturacağında isə Ramil əyləşmişdir. Hərəkətdə olan zaman Ramil ona narkotik vasitələri əldə etmək üçün onlara pul vəsaiti verməyini bildirmişdir. O, isə işə bugün başlamadığını və üzərində olan 7 manat pulun 4 manatını verə biləcəyini bildirmişdir. Ramil ona həmişə “otrovaya” pul yığılan zaman onun belə etdiyini bildirmişdir. Bu zaman ona, ailə üzvlərinə, körpə övladına qarşı nalayiq ifadələr işlətmişdir. O, təkidlə söyüş söyməməsini bildirmiş, lakin o yol boyu dayanmadan ailəsinə, qohumlarının ünvanına nalayiq ifadələr ünvanlamışdır. O, maşını idarə edən zaman hadisə baş verən yerə yəni, Nəsimi rayon DTX-nin inzibati binasının yanına gələnə kimi avtomobili üç dəfə yolun kənarında saxlayıb Ramilin maşından düşməsini bildirmişdir. Lakin həmin şəxs ona nalayiq ifadələr deməsindən əlavə başına arxa oturacaqdan bir dəfə yumruqla zərbə vurmuşdur. Bu zaman o, maşının salonunda saxlanc yerində olan bıçağı götürüb oturduğu oturacaqdan qismən arxaya çönüb bıçağı Zərərçəkmiş şəxs doğru yönəltmişdir. Əgər ona və ailəsinə söyüş söyməyi dayandırmasa bıçağı ona soxacağını bildirmişdir. Ramil isə ona bıçağı soxmayanın ailəsinə uşağına qarşı ağır təhqiramiz ifadələr işlətmişdir. Bu zaman necə olduğunu bilmədən görmüşdür ki, Ramilin boğazından qan axır. Bu zaman avtomobildə olan digər şəxslər Səttar və Mikayıl ona Ramili xəstəxanaya aparmağı bildirmişlər. O, Ramilin boğazına əski parçasını tutaraq qanın qarşısını almaq istəmişdir. Nəsimi rayonu DTX-nin inzibati binasının önündə Səttar və Mikayıl avtomobilin yanından uzaqlaşmişlar. O, maşını 6-cı mikrorayonda “Putomnik” adlanan əraziyə sürmüşdür. Onlar uşaq olan zaman həmin ərazidə göl var idi və o, belə fikirləşmişdir ki, orada Ramilin boğazının qanını su ilə yusun. Həmin əraziyə gedərkən yolda Ramilin huşunun getdiyini və arxa oturacaqdan çexol olan yerə düşdüyünü və başının ön oturacağın dəmirinə dəydiyini hiss etmişdir. “Putomnik” adlanan əraziyə gəlib çatdıqda Ramilin artıq öldüyünü anlamışdır. Özündən asılı olmayaraq Ramilin cansız bədənini həmin əraziyə ataraq oradan uzaqlaşmışdır. O, bir neçə ildir ki, narkotik vasitə hesab edilən “kakos” adı ilə tanınan heroin adlanan narkotik vasitəni istifadə edir. Hadisə baş verməzdən bir ay əvvəl Narkoloji Dispanserdə müalicə almışdır. Hadisəni törədən zaman da narkotik vasitənin təsiri altında olmuşdur. Törətdiyi əməldən çox peşmandır, zərər çəkmiş şəxsi nəinki öldürmək, heç xəsarət yetirmək niyyəti belə olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. 17.06.2021-ci il tarixdə Orxan evdə olmuşdur. Ramilin mobil telefonuna bir neçə dəfə zəng gəlmişdir. Ramil telefona cavab verib gəlməyəcəyini bildirmişdir. Zəng edən şəxsin kim olduğu barəsində sualını cavabsız qoymuşdur. Bir az keçdikdən sonra Ramilin hazırlaşıb getmək istədiyini görmüş, təkidlə ona getməməsi barədə israr etmiş, lakin oğlu dinləməyərək işi olduğunu deyərək getmişdir. Həmin gün gecə Ramil evə gəlməmişdir. O, narahatçılığı səbəbilə 19 nömrəli polis idarəsinə gedərək oğlu Ramilin bir neçə gündür evə gəlmədiyini və onu tapmağına kömək etmələri barədə müraciət etmişdir. 20 iyun 2021-ci ildə polis əməkdaşları məlumat vermişlər ki, Binəqədi rayonu 6-cı mikrayon, “Pitmonik” adlanan ərazidə meyit aşkar eliyiblər. Həmin meyit onun oğlu Orucov Ramil idi. Onun məhkəmədən xahişi budur ki, bu cinayətdə “Mikayıl” və “Səttar” adlı şəxslərin də rolu olub, həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edir. Onun oğlu əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Son dövrlərdə isə müalicə alaraq özündə geri dönüş yaratmağa çalışırmış. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən hadisə baş verməzdən 6-7 ay öncə tanımışdır. O, özü narkotik vasitələrdən istifadə edir. 17 iyun 2021-ci il tarixdə, günorta saatlarında saat 15-17 radələrində “Moskva” univermağının yanında olan zaman Zeynal zəng etmiş, o, Zeynala narkotik vasitə axtardığını bildirib, üzərində 8 manat pulu olduğunu demişdir. Təqribən 5-10 dəqiqədən sonra Zeynal avtomobil vasitəsilə gəlib onu götürmüşdür. Həmin vaxt avtomobildə arxada Ramil və yanında tanımadığı digər bir şəxs oturmuş, o, isə ön oturacaqda oturmuşdur. Ramil Xutor qəsəbəsindən “kakos” adlı narkotik vasitə götürəcəyini deyib, pul vəsaiti lazım olduğunu demişdir. O, üzərində 8 manat pul olduğunu, Zeynal da üzərində 7 manat olduğunu demiş, Ramil buna görə Zeynala “bəsdir mışlıq elədin, keçən dəfə də verməmişdin, ver pulu” demiş, Zeynal isə cəmi 7 manat pulu olduğunu bildirib balasının canına and içdi, bundan artıq verə bilməyəcəyini bildirdi. Ramil isə Zeynalın balasına, ailəsinə, nəslinə söydü. Bundan sonra aralarında mübahisə başladı, Zeynal yol boyu bir neçə dəfə maşını saxlayaraq, Ramilə maşından düşməsini bildirdi. Zeynal Nəsimi rayonu DTX-nin inzibati binasının qarşısında maşını saxladı. Sürücü qapısının cibinə əl ataraq oradan gümüşü rəngli bıçağı sağ əlinə götürüb qismən geriyə çönərək Ramilə “səni yortaram öldürərəm” kimi ifadələr işlətdi. Bir anlıq görmüşdür ki, Ramil boğazını əli ilə tutur. Zeynal Ramilə əskini uzadıb boğazına tutmuşdur. Bu zaman o, avtomobilin qapısını açaraq düşmüş, sonra avtomobildə əyləşmiş tanımadığı oğlan da düşmüşdür. O, Zeynala Ramili xəstəxanaya aparmasını bildirmiş, Zeynal isə avtomobili sürərək hadisə yerindən uzaqlaşmışdır. Zeynal hadisə yerindən uzaqlaşdıqdan sonra, o, adının sonradan Mikayıl olduğunu bildiyi şəxslə oradan uzaqlaşmışlar. O, Zeynal və Ramilin sonunun necə olduğunu bilməmişdir. 19 iyun 2021-ci il tarixdə Ramili axtardıqlarını eşitmişdir. Ramilin qohumu və məhlə uşağısı “Məzahirlə” görüşüb onlara hadisə barədə məlumat vermişdir. Daha sonra məlum olmuşdur ki, Zeynal Ramili öldürüb “Putomnik” adlanan əraziyə atmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 17 iyun 2021-ci il tarixdə “Ramil” adlı dostu ilə “Yeganə” Şadlıq Sarayının yanında görüşmüşdür. O, görüşəndə Ramil demişdir ki, tanışı Zeynalla danışıb Zeynal gəlib onları maşınla götürəcək birlikdə narkotik vasitə alıb istifadə eliyəcəklər. Onlar Yeganə şadlıq sarayının yaxınlığındakı parkda təxminən 15 dəqiqə oturub Zeynalı gözləmişlər, Zeynal gəlmədiyi üçün, Ramillə birlikdə parkın kənarı ilə M.Əcəmi metrostansiyası tərəfə gedirmişlər ki, həmin vaxt Zeynal idarə etdiyi “Khazar” markalı maşınla onlara əks istiqamətdə işıqforun yanına çatıb maşını yavaşladanda Ramil Zeynalı görüb maşını saxlatmışdır. Zeynal həmin vaxt maşını saxlamış, o, Ramillə birlikdə maşına yaxınlaşıb arxa oturacaqda əyləşmişlər. O, sürücü tərəfdən arxa oturacaqda, Ramil isə digər tərəfdə əyləşmişdir. Həmin vaxt maşında qabaq oturacaqda sonradan adının Səttar olduğunu bildiyi şəxs də olmuşdur. Maşına oturduqdan sonra Zeynal maşını Yeganə şadlıq sarayına tərəf sürürmüş. Zeynalla Ramil arasında əvvəlcədən mübahisə olmuşdur, bu barədə onun məlumatı olmamışdır. Ramillə Zeynal arasında mübahisənin alovlandığını görüb sakitləşdirməyə çalışmışdır. İlk olaraq Ramil Zeynala qarşı söyməyə başlamışdır. Aralarında olan mübahisənin hansı səbəbdən baş verdiyini bilmədiyim üçün o, mübahisəyə qarışmamışdır. Daha sonra Zeynal maşını Dövlət Təhlükəsizlik Xidmətinin Nəsimi şöbəsinin qarşısında saxlayıb mübahisəyə davam etmişdir. Maşının saxlanc yerindən(bardaçokdan) qulpu sarımtıl rəngli taxtadan, tiyəsi gümüşü rəngli bıçaq götürüb arxa tərəfə çevrilmiş, bıçağı Ramilin alın nahiyəsinə tərəf gətirib bıçağı boğazıva soxacağanı bildirmişdir. Ramil də iki əli ilə onun sağ biləyindən tutub Zeynalın bu hərəkəti edəsi ürək olmadığını demişdir. Mübahisənin sonu yaxşı olmayacağını fikirləşərək, dərhal maşından düşmüşdür ki, Zeynalı da maşından düşürdüb mübahisəyə son qoyulacağını fikirləşmişdir. Maşından düşdükdən sonra görmüşdür ki, Ramilin boğazından qan fışqırır, Ramil əski paçasını boğazına tutmuş, arxaya söykənmiş vəziyyətdə oturmuş, Səttar da maşından düşmüş, sonra Zeynal maşına oturub oradan uzaqlaşmışdır. Həmin vaxt o, qışqırıb Zeynala demişdir ki, Ramili xəstəxanaya aparsın. Zeynal Ramili bıçaqla vurarkən onlar qarşı-qarşıya dayanmışdılar. Zeynalın Ramilə xəsarət yetirəcəyini ağlına belə gətirməmişdir. Zeynal maşını sürüb getdikdən sonra Ramilə zəng etmiş, əvvəlcə zəng çatmış, sonra isə zəng çatmamışdır. Ramilə zəng çatmadığı üçün Ramillə ortaq dostu Şahid5 zəng edərək, Zeynalla Ramil arasında belə bir hadisənin baş verdiyini bildirmişdir ki, Ramilin ailəsinə xəbər versin. Daha sonra bir neçə xəstəxanaya getsə də, Ramildən xəbər ala bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs “putomnik” adlanan ərazidə Ramilin cəsədini atdığını öyrənmişdir. Qeyd etmək istəyir ki, o, maşından düşüb Zeynalın əlindən bıçağı almaq istədiyi zaman, artıq Zeynalın Ramilin boğazına zərbə yetirdiyini görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən X9 mühafizəçi kimi işləyir və orada yaşayır. O, bütün gün ərzində məscidin ərazisində olur. 20 iyun 2021-ci il tarixdə, saat təqribən 17 radələrində o, məsciddə öz otağında oturduğu zaman iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq məscidin arxa tərəfində yerləşən “Pitomnik” kimi tanınan ərazidə kolların arasında meyitin olduğunu bildirmişlər. Bundan sonra o, həmin şəxslərlə birlikdə onların göstərdiyi yerə getmiş və burada naməlum kişi cinsli meyitinin olduğunu görmüşdür. Həmin meyit çürümüş vəziyyətdə olmuş və üzərində çoxlu sayda ləkələr olmuşdur. O, əvvəl polisə zəng vurub baş vermiş hadisə barədə məlumat vermək istəsə də, sonradan qarşıdan polis avtomobilinin keçdiyini görüb saxlatmış və naməlum kişi cinsli meyit aşkar etdiyini onlara bildirmişdir. Daha sonra həmin polis əməkdaşlarına qeyd olunan meyitin yerini göstərmişdir. Həmin polis əməkdaşları məlumat verdikdən sonra hadisə yerinə polis bölməsinin və prokurorluq əməkdaşları gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır. 19 iyul 2021-ci il tarixdə hadisə barədə məlumatı olmuşdur. O, eşitmişdir ki, Zeynal və Ramil bir maşında hərəkət edərkən söyüş söyüldüyü üçün maşında mübahisə yaranıb və nəticə olaraq Ramil xəsarət almışdır. Elə həmin gün 19-cu Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Həmin günün sabahsı polis sahə müvəkkili əlaqə saxlayaraq Binəqədi rayonu, “Pitomnik” adlanan ərazidə Ramil olması ehtimal edilən kişi meyiti aşkar edildiyini bildirmişdir. Həmin əraziyə getdiyi zaman Ramilin çürümüş vəziyyətdə olan meyitini tanımışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 20.06.2021-ci ildə ona zəng elədilər ki, Zeynal kiminləsə dalaşıb və bu səbəbdən polis bölməsinə çağırıblar. 19-cu Polis Bölməsinə gedən zaman bildirdilər ki, Zeynal kiminsə həyatına qəsd edib. Onlar əvvəllər “Xutor” adlanan ərazidə yaşamışlar və Ramili bir neçə dəfə qardaşının yanında görmüşdür. Əvvəllər münasibətlərinin normal olduğunu bilmişdir. O, 17.06.2021-ci ildə saat 10 radələrində “Memar Əcəmi” stansiyasının yaxınlığında “Face Studio” ya işə getmişdir. Həmin gecəni Buzovnada rəfiqəsigildə qalmışdır. 19.06.2021-ci ildə axşam evə gələndə qardaşı Zeynal evdə uzanıb televizora baxırmış və o, salamlaşıb öz otağına keçib başını telefonla qatmağa çalışmış və sonra yuxuya getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, 2017-ci ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur və Şahid8 adlı qız övladı var. Zeynal 3 ildir ki, narkotik vasitə istifadəçisidir, lakin narkotik vasitəni haradan kimdən alması barədə məlumatı yoxdur. Evə gələndə heç vaxt üzərində narkotik vasitə olmayıb, lakin baxanda hiss olunurdu ki, narkotik çəkir. Zeynal həmişə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Son günlərdə *7474 şirkətində taksi sürücüsü kimi işə düzəlib taksilik fəaliyyəti ilə məşğul olurdu. Ona şirkət tərəfindən 99PC486 d.q.n. avtomaşın verilmişdir. Zərərçəkmiş şəxs tanımır və onunla heç bir münasibəti olmamışdır.17.06.2021-ci il tarixdə, səhər saat 10 radələrində Zeynal səhər yeməyini yedikdən sonra işə getmişdir. Həmin gün günortadan bir xeyli keçdikdən sonra evə gəlmişdir. Zeynal evə gələndə şalvarı və köynəyi qana bulaşdığından ondan nə olduğunu soruşmuş, Zeynal da dalaşdığını demiş, başqa heç nə deməmişdir. Əsəbi olduğu üçün ondan başqa heç nə soruşmamışdır. Zeynalın paltarları qan olduğundan, həmçinin köhnə paltarlar olduğundan həmin vaxt paltarları zibil qabına atmış, sonra da üstünə digər zibillər atılmış, sonra zibil həmişəki kimi qaynanası tərəfindən evin yaxınlığında olan zibil konteynerlərinə atılmışdır. Zeynal evə gəldikdən sonra uzanıb televizora baxıb yatmışdır. 18.06.2021-ci il tarixdə, saat 10 radələrində yuxudan oyanmışlar. Zeynal həmin gün bütün günü evdə olmuşdur, demişdir ki, dalaşıb, ağrıları var ona görə işə getmir. 19.06.2021-ci il tarixdə Zeynal yenə bütün gün evdə olmuşdur, televizora baxmışdır. 20.06.2021-ci il tarixdə də Zeynal evdə olmuşdur. Həmin gün saat 21 radələrində polis əməkdaşları qapını döydükləri üçün, o, Günaya zəng edib məlumat vermiş, Günay gəldikdən sonra qapını açmış, polis əməkdaşları Zeynalı bölməyə dəvət etmişlər. Günay da onların arxası ilə polis bölməsinə getmişdir. Günayın deməsinə görə orada polis əməkdaşlarından Zeynalın 17.06.2021-ci il tarixdə, saat 16 radələrində tanışı Zərərçəkmiş şəxs ilə mübahisə edərək idarə etdiyi maşında bıçaqla vurub onu öldürməsini, meyitini isə Binəqədi rayonu, ərazisində olan Pitomnik adlanan əraziyə aparıb atmasını eşitmişdir. Zeynal bu barədə onlara heç nə deməmişdir. Günay evə qayıtdıqdan sonra ona demişdir ki, 17.06.2021-ci il tarixdə günortadan sonra Zeynal evə gələndə şalvarı və köynəyi qana bulaşdığından ondan nə olduğunu soruşmuş, Zeynal da dalaşdığını demiş, başqa heç nə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 və Şahid8 Şahid6 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə ifadəsi elan edilərək, tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxslə dostluq münasibətləri olmuşdur. 19.06.2021-ci il tarixdə axşam saatlarında Ramilin yeznəsi Odqan onunla görüşüb Ramilin valideynlərinin Ramili axtardığını bildirmişdir. O da Səttara zəng etmiş, onlar Odqanla gedib Səttarla görüşmüşlər. Səttar demişdir ki, 16.06.2021-ci il tarixdə, saat 16 radələrində Zeynalın idarə etdiyi “Khazar” markalı maşında olarkən Ramil Zeynala söydüyü üçün Zeynal maşından bıçaq götürüb Ramilin boynundan bir dəfə vurmuşdur, sonra maşını sürüb getmişdir. Səttar hadisə barədə onlara danışdıqdan sonra birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-ə getmişlər, orada Odqan Ramilin itkin düşməsi ilə ərizə vermişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı meyitin aşkar olunduğu ünvana baxış keçirilən zaman götürülmüş görüntülərin köçürüldüyü DVD diskə baxış keçirilərkən, görüntüdə "Khazar LX” markalı, 99PC499 d.q.n avtomaşının 17.06.2021-ci il tarixdə, saat 16.50.53 saniyədə X10 arxa tərəfindən “Pitomnik” adlanan əraziyə daxil olub otluq sahədə dayanması, sürücünün maşından düşüb sol tərəf arxa qapını açması, bir müddət sonra qapını bağlayıb sükan arxasına oturub 16.52.34 saniyədə ərazidən uzaqlaşması qeyd olunmuşdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı DİN-nin NHİX-dən daxil olmuş TŞ3-074 nömrəli kameralarında qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, videogörüntü 17.06.2021-ci il saat 15:00-dan 17:00-dək olan müddəti əhatə edir Kamera iki tərəfli yolu qeydə alır. Yolun digər tərəfində Azərbaycan Respublikası DTX-in Nəsimi rayon şöbəsi görünür. Yolun hər iki tərəfindən müxtəlif avtomobillər hərəkət edir. Videogörüntünün 1.39.08 saniyəsində “Khazar” markalı, ağ rəngli, təkər və diskləri qara rəngdə olan, damında taksilər üçün nəzərdə tutulmuş qutusu olan avtomobil DTX-nin Nəsimi rayon şöbəsinin qarşısında dayanır. Maşının içərisində ani hərəkətlər baş verdiyi görünür. Sürücü maşından düşüb qapının yanında dayanır. Sonra avtomobil qabaq oturacağında oturan şəxs, onun arxası ilə arxa oturacaqda sol tərəfdə oturan şəxs düşür. Bir qədər dayandıqdan sonra videogörünütünün 1.39.47 saniyəsində sürücü sükan arxasına əyləşib oradan uzaqlaşır, digər iki nəfər də piyada oradan uzaqlaşır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19.07.2021-ci il tarixli, 113 saylı rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər- boyunun ön səthinin sağ yarısının bir ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, kəskin qanitirmə ilə müşaiyət olunan sağ vidacı venanın və sağ ağ ciyərin yuxarı payının yaralanması, başın alın nahiyəsinin sağda bir ədəd səthi deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl əmələ gəlmişlər, onlardan boyunun ön səthinin sağ yarısının bir ədəd döş boşluğuna nüfuz edən sağ vidacı venanın və sağ ağ ciyərin yuxarı payının yaralanmasına səbəb olan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir və bilavasitə onun ölümünə səbəb olmuşdur. Başın alın nahiyəsindəki səthi deşilmiş-kəsilmiş yaranın kənarları diri qurtlar tərəfindən dağılmağa məruz qaldığından yaranın kənarları barəsində dəqiq fikir söyləmək mümkün deyildir, lakin məhkəmə tibbi-kriminalistika şöbəsinin məhkəmə-tibbi ekspertinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsindən götürülmüş dəri parçası üzərində olan yara hər hansı bir deşici xassəyə malik olan alətin (əşyanın) təsirindən əmələ gələ bilərdi. Ona görə də, həmin yaranın deşici uca malik iti alətin təsirindən əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aiddir, onun ölümü ilə hər hansı səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyunun sağ yan səthinin döş boşluğuna nüfuz edən sağ vidacı venanın və sağ ağ ciyərin yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yaranın törətdiyi kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti gec baş verən meyit əlamətlərinə görə mərhumun meyitinin meyitxanada müayinəsi başlanan vaxtdan 3-4 gün əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitinin boyunun ön səthinin sağ yarısının döş boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarasının yara kanalının istiqaməti sağdan-sola, bir qədər öndən-arxaya və yuxarıdanaşağıyadır. Mərhum Zərərçəkmiş şəxs meyitinin boyunun ön səthinin sağ yarısının döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası və başın alın nahiyəsinin səthi deşilmiş-kəsilmiş yarası deşici uca və kəsici kənara malik olan iti alətin (əşyanın) təsirindən və eləcə də bıçağın təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətləri bədəninin sağ yan və ön səthləri ilə xəsarət yetirən şəxsə tərəf oturmuş və s. vəziyyətlərdə ala bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitində insan bədəninin hissələri ilə (yumruq, təpik və s.) yetirilə biləcək və eləcə də mübarizə və ya özünü müdafiə nəticəsində yarana biləcək xəsarət aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və yerləşmə yerinə görə demək olar ki, onların Zərərçəkmiş şəxs meyitinin öz boyu hündürlüyündən yıxılaraq iti əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Məhkəmə-kimya tədqiqatı nəticəsində Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 30.06.2021-ci il tarixli, 887 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilmədi. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 09 avqust 2021-ci il tarixli 337/2021-MTKŞ saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, tuman, kəmər və köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Zərərçəkmiş şəxs meyitində olan xəsarətlər- boyunun ön səthinin sağ yarısının bir ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası və başın alın nahiyəsinin sağda bir ədəd səthi deşilmiş-kəsilmiş yarası bədənin açıq nahiyələrində yerləşdiklərinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 16.08.2021-ci il tarixli 502/2021-MTBŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-A/İİ/-. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, kəmər, trusik üzərində və **-PC-*** dövlət qeydiyyat nişanlı avtomaşından 05 ədəd çubuqlu pambıq tamponlara hopdurulmuş ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda «A» antigeni, köynək üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, /əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa/. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2021-ci il tarixli 2769 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 avqust 2021-ci il tarixli, 1785 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə cinayət əməlini törədən zaman, hadisədən əvvəl və hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs hərəkəri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hövsələsizlik, hirslilik, qıcığa qarşı həssaslıq, emosionallıq, kobudluq, tənqid və təhqirə qarşı həssaslıq, söz götürməmək, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Baş vermiş hadisə dövründə Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, emosialonal reaksiyalara meyillilik yaranmış, həmin halların yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən cinayət əməlini törətməsi onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlər (əsəbilik, qıcığa qarşı həssaslıq, söz götürməmək, emosionallıq və s.) fonunda situasiya (Ramil adlı şəxsin onu kənar şəxsin yanında təhqir etməsi, ünvanına nalayiq ifadələr işlətməsi, iki dəfə yumruqla baş nahiyəsinə vurması vəs.) ilə şərtləşmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 alınmış sorğunun cavabından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə 16.05.2019-08.06.2019 və 12.04.2021-30.04.2021-ci il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, Ramilin iki dəfə onu yumruqla başının arxasından vurmasını, bıçağı Ramilə qarşı yönəldərkən, onu vurmaq niyyətinin, onu öldürmək niyyətinin olmamasını göstərsə də, onun ifadəsində göstərdiyi həmin xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən bıçaqdan istifadə edilməklə əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs boyun nahiyəsindən bıçaqla xəsarət yetirməklə kəskin qanitirməyə səbəb olan ağır dərəcəli bədən xəsarətini yetirməsi onun tərəfindən qeyd edilən hərəkətin məhz zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyəti ilə həyata keçirməsini tam təsdiq edir. İşin bu halı iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə də tam təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması barədə ifadəsini xüsusilə ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən adam öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 21.06.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan şalvar, köynək, kəmər, alt paltarı, 5 ədəd çubuqlu pambıq tampon məhv edilməlidir. 1 ədəd “Samsung Galaxy S4” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisinə, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Siqnal İLİİ-nin 7 saylı cərimə meydançasında saxlanılan “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə qaytarılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan şalvar, köynək, kəmər, alt paltarı, 5 ədəd çubuqlu pambıq tampon məhv edilsin. 1 ədəd “Samsung Galaxy S4” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Siqnal İLİİ-nin 7 saylı cərimə meydançasında saxlanılan “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə qaytarılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-201/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-201/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver