Məhkəmə qərarları › İş №1(101)-2013/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2013/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2013/2022 27.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 20 avqust 1996-cı il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 2nda yaşamış, 28 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Milad” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından istifadə etməklə «Whatsapp» proqramı vasitəsi ilə əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq, narkotik maddələrin qoyulacaq ünvanları barədə İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsdən məlumat aldıqdan sonra Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş külli miqdarda 266,524 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 9,622 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda 320,002 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib “Milad” adlı şəxsin bildirəcəyi müxtəlif ünvanlara qoymaq məqsədi ilə üzərində və kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 2na daşımaqla saxlamış, 28 iyul 2022-ci il tarixdə saat 14:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 94 ünvanının yaxınlığında saxlanılıb ünvan 4da yerləşən Bakı şəhəri, Xətai rayon Polis idarəsinin 34-cü Polis şöbəsinə gətirilərək üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd selofan bükümdə külli miqdarda təmiz çəkisi 10,02 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd selofan bükümdə təmiz çəkisi 9,622 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edildikdən sonra, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 17:25-də könüllü razılığı əsasında yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 2na baxış keçirilərkən, mənzildə yataq otağında olan yataq dəstinin altındakı oyuncaq ayının içərisindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 245,0 qram və 21,524 qram, ümumi təmiz çəkisi 266,524 qram külli miqdarda qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 310,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 28 iyul 2022-ci il tarixdə saat 14:20 radələrində yaşadığı Xətai rayonu, Babək prospekti, 94 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Xətai RPİ-nin 34-cü Polis şöbəsinə dəvət etmişlər. Orada vəkil dəvət edilmiş və sonuncunun iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunla qadağan edilən əşyaların olub-olmaması soruşulmuş, o da, əynindəki şalvarın cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, 2 ədəd bükümü, yaşadığı evin açarlarını, 2 ədəd bank kartını, şəxsiyyət vəsiqəsini və 5 manat pulu təqdim etmişdir. Sonra üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, əlavə heç nə aşkar edilməmişdir. 5 manat pul, evin açarları ona qaytarılsa da, mobil telefon, şəxsiyyət vəsiqəsi və plastik bank kartları götürülmüşdür. Onun təqdim etdiyi 2 ədəd selofan bükümə baxış keçirilən zaman birinin içərisində metamfetamin, digər bükümün içərisində isə tiryək olması müəyyən edilmişdir. Həmin narkotik və psixotrop maddələr qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, evində də narkotik maddələr olduğunu bildirmiş, onun razılığı ilə yaşadığı evə getmişlər. Özünə məxsus otaqda yataq dəstinin altındakı ayı oyuncağının içərisində gizlətdiyi selofan torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisindən 1 bükümdə metamfetamin, 2 bükümdə heroin və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin maddələr də tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı o, üzərindən və evindən aşkar edilmiş selofan bükümlərdəki maddələrin heroin, tiryək və metamfetamin olduğunu, həmin maddələri İran vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə 2 ay əvvəl Qaradağ rayonu ərazisindən götürərək, sonuncunun deyəcəyi yerlərə qoymaqla pul əldə etmək məqsədilə götürdüyünü, bu işinə görə əvvəl pul qazandığını bildirmişdir. O, narkotik maddələrin dövriyyəsi ilə məşğul olmuşdur. İran vətəndaşı “Milad” adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitə və psixorop maddənin qoyulduğu yeri ona bildirib həmin yerin fotoşəklini çəkərək ona göndərmişdir. O da, Miladın dediyi yerə gedib narkotik vasitə və psixotrop maddəni götürmüşdür. Bundan sonra həmin narkotik vasitəni və psixotrop maddəni müəyyən çəkilərə ayırıb, sonuncunun dediyi ünvanlara aparıb qoyaraq həmin yerin fotoşəkilini çəkərək “Whatsapp” proqramı vasitəsi ilə Milada göndərib pul əldə etmişdir. Hazırda səhv hərəkət etdiyini başa düşmüşdür və əməlindən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısının əridir. Rüfət onunla birlikdə Bakı şəhəri, Xətai rayonu, ünvan 2nda kirayədə yaşamışdır. 28 iyul 2022-ci il tarixdə yeznəsi Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 28 iyul 2022-ci il tarixdə saat 16:50-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında olan zaman polis əməkdaşları yeznəsi Təqsirləndirilən şəxs və müdafiəçi ilə birlikdə yaşadığı mənzilə gəlmişdir. Həmin vaxt polis əməkdaşları ona Rüfətin mənzildə narkotik vasitələr saxladığını bildirdiyi üçün mənzilə baxış keçirmək istədiklərini, baxış keçirilməsinə etirazı olub-olmadığını soruşmuşlar. O da, mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları yaşadığı mənzilə daxil olaraq mənzilə videoçəkilişlə baxış keçirməyə başlamışlar. Həmin vaxt o da, mənzilə baxış keçirilməsində iştirak etmişdir. Rüfət mənzilin yataq otağına girib yataq dəstinin altından oyuncaq ayı kuklasının içərisindən 1 ədəd selofan bağlamanı çıxarıb təqdim etmiş, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Rüfətin təqdim etdiyi bağlamaya baxış keçirilən zaman içərisindən 2 ədəd bükümdə narkotik vasitə heroinə və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Rüfət narkotik vasitələrin ona məxsus olduğunu, elektron tərəzini narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyini, həmin narkotik vasitələri İran vətəndaşı Milad adlı şəxsin vasitəsi ilə əldə etdiyini, Miladın göstərişi əsasında həmin narkotik vasitələri müxtəlif ünvanlara qoyaraq pul əldə etdiyini bildirmişdir. Bundan sonra yaşadığı mənzildən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, sonra baxış iştirakçılarının iştirakı ilə yaşadıqları mənzildən aşkar olunmuş kütlələr və elektron tərəzi zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, iştirakçılar və Rüfət tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Onun yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə olması barədə özünün məlumatı olmamışdır. O, Rüfətin narkotik vasitələrdən istifadə etməsi və satışı ilə məşğul olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 göstərmişdir ki, 28 iyul 2022-ci il tarixdə idarənin əməliyyat müvəkkili Şahid2 tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar məlumat əsasında 28 iyul 2022-ci il tarixdə saat 14:20 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 94 ünvanının yaxınlığına getmiş, xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin orada olmasını görüb həmin şəxsi saxlamışlar. O, Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Rüfətə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Xətai RPİ-nin 34-cü Polis şöbəsinə dəvət etmişlər. Rüfət etiraz etmədən onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə vəkil dəvət edilmiş, həmin vəkilin iştirakı ilə saxlanılan şəxsin üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Rüfətə üzərində qeyri- qanuni əşyalar varsa, çıxarıb təqdim etməsi təklif olunmuş, sonuncu da, əynində olan şalvarın cibindən 2 ədəd selofan bükümü, 1 ədəd “Samsung” markalı mobil telefonu, 2 ədəd plastik bank kartlarını, yaşadığı mənzilin açarını, şəxsiyyət vəsiqəsini və 5 manat pulu çıxarıb təqdim etmiş, həmin bükümlərdən birinin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa qanunsuz əşyalar aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə tiryək və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni İran vətəndaşı kimi tanıdığı “Milad” adlı şəxsin vasitəsi ilə 2 ay öncə Lökbatan qəsəbəsində yolun kənarından gizlədilmiş yerdən götürdüyünü, həmin narkotik vasitə və psixotrop maddəni Miladın ona bildirdiyi ünvanlara qoymaqla pul əldə etdiyini, özünün narkotik vasitələrdən istifadə etmədiyini, bundan əlavə yaşadığı Xətai rayonu, ünvan 7 ünvanında da narkotiklər saxladığını, həmin maddələri də təqdim edə biləcəyini bildirmişdir. Sonra axtarış iştirakçıları tərəfindən Rüfətin üzərindən aşkar olunmuş kütlələr zərfə qoyaraq möhürlənmiş və imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanına baxış keçirilməsi üçün sonuncudan ərizə alınmış və onlar birlikdə həmin ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs ilə bir mənzildə kirayədə yaşayan qaynından da mənzilə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə alınmışdır. Bundan sonra videoçəkilişlə onların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş, Rüfət mənzilin yataq otağındakı yataq dəstinin altından oyuncaq ayı kuklasının içərisindən 1 ədəd selofan bağlamanı çıxarıb təqdim etmiş, içərisində narkotik vasitə heroin və psixotrop madə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamaya baxış keçirilən zaman içərisindən 2 ədəd bükümdə narkotik vasitə heroinə və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 2 ədəd bükümdə olan maddənin narkotik vasitə heroin, 01 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, elektron tərəzini narkotik vasitələrin çəkisinin müəyyən edən zaman istifadə etdiyini, həmin narkotik vasitələri də İran vətəndaşı Milad adlı şəxsin vasitəsi ilə əldə etdiyini, Miladın göstərişi əsasında həmin narkotik vasitələri müxtəlif ünvanlara qoyaraq pul əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, həmin kütlələr və elektron tərəzi zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və imzalanmışdır. Məhkəmə iclasında şahid - Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən, onun şübhəli şəxs Rüfət Şahbazlanın müəyyən edilərək saxlanılması, üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsi zamanı külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etməsi, həmkarı Şahid3 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verməsi müəyyən olundu (cild 1, iş vərəqi 140-143). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 iyul 2022-ci i tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü polis şöbəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman, sonuncunun əlində olan tünd boz rəngli şalvarın sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd selofan büküm, sağ yan cibindən yaşadığı mənzilin açarı, 1 ədəd üzərində **********595575 nömrəli “Leo Bank”a məxsus plastik kart, 1 ədəd üzərində **********573218 nömrəli “Kapital Bank”a məxsus plastik kart, özünə məxsus şəxsiyyət vəsiqəsi, 5 manat pul aşkar edilmişdir. Aşkar olunmuş 2 ədəd selofan bükümlərə baxış keçirilən zaman bükümlərdən birinin içərisində psixotrop maddə metamfetaminə bənzər ağ kristallik maddə, digərinin içərisində narkotik vasitə tiryəkə bənzər qəhvəyi rəngli maddə olması, həmin bükümlərin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə içərisində ağ rəngli kristallik maddə olan bükümün 11 qram, içərisində qəhvəyi rəngli maddə olan bükümün 10 qram olması müəyyən edilmiş və şəxsi axtarışın görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 31-33). İşə əlavə edilmiş 28 iyul 2022-ci i tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 2na videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman mənzilin yataq otağında olan yataq dəstinin altındakı oyuncaq ayının içərisindən 2 ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər, 1 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkilən zaman qablaşdırma ilə birlikdə içərisində ağ rəngli kristallik maddə olan 1 ədəd selofan bükümün 314 ram, içərisində qəhvəyi rəngli maddə olan 2 ədəd bükümlərdən birinin 251 qram, digərinin 31 qram qram olması müəyyən edilmiş və istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 39-40). Cinayət işinə əlavə edilmiş 29 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy J7 Neo” markalı mobil telefon aparatına baxış keçirilmiş və bu zaman mobil telefonun “Qalereya” bölməsindən müxtəlif yerlərin göy rəngli haşiyəyə alınaraq nişanlanmasının 77 ədəd fotoşəklinin olması aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs mobil telefonunda aşkar olunmuş 77 ədəd müxtəlif ünvanlarda nişanlanmış yerlərin narkotik vasitələri qoyduğu yerlərin olduğunu, İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxsin sifarişi əsasında narkotik vasitələri qoyduğu yerlərin fotoşəkilini çəkərək haşiyəyə alıb, sonuncuya göndərdiyini bildirmişdir (cild 1, iş vərəqi 85-106). Məhkəmə-kimyəvi ekspertizasının 29 iyul 2022-ci il tarixli 6/4085 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd selofan paketdə olan: üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 10,002 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 9,622 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. - üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd selofan paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 245,0 qram, 21,524 qram ümumi təmiz çəkisi 266,524 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 310,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və iki ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 47-52). Məhkəmə-narkoloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 4696 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 152-153). İbtidai istintaq orqanının 20 oktyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan və 22 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 266,524 qram olmuş narkotik vasitə heroin, ilkin təmiz çəkisi 9,622 qram olmuş narkotik vasitə tiryək, ilkin təmiz çəkisi 320,002 qram olmuş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 266,424 qram çəkidə narkotik vasitə heroin, 9,572 qram çəkidə narkotik vasitə tiryək, 319,002 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy J7 Neo” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri, Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsinin görüntüsü olan 2 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 188-202, 212). İşə materiallarına əlavə edilmiş 30 iyul 2022-ci il tarixli protokollardan görünür ki: - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən 1 ədəd selofan bükümdə təmiz çəkisi 10,002 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd selofan bükümdə təmiz çəkisi 9,622 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin, üzərində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefonun, sağ yan cibindən 1 ədəd **********595575 nömrəli “Leo Bank”a və 1 ədəd **********573218 nömrəli “Kapital Bank”a məxsus plastik kartların aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır; - Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 2nda yataq otağında olan yataq dəstinin altındakı oyuncaq ayının içərisindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 245,0 qram, 21,524 qram olmaqla ümumi təmiz çəkisi 266,524 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 01 ədəd bükümdə təmiz çəkisi 310,0 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və bir ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 111-112, 113-114). Cinayət işində olan 16 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 118-119). Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu bildirdi və öz müdafiəsi üçün dəlillər gətirmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxsnin himayəsində azyaşlı uşağının olmasını, onun gənc olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 28 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xətai RPİ, 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxsnin 28 iyul 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 4696 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olsa da, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Xətai RPİnin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 266,424 qram çəkidə narkotik vasitə heroin, 9,572 qram çəkidə narkotik vasitə tiryək, 319,002 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy J7 Neo” markalı mobil telefon aparatı ona qaytarılması üçün ailə üzvlərinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsinin videogörüntüləri olan 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs hüquqlarını Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmiş və bununla bağlı 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 60 (altmış) manat pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Xətai RPİ-nin Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 266,424 qram çəkidə narkotik vasitə heroin, 9,572 qram çəkidə narkotik vasitə tiryək, 319,002 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy J7 Neo” markalı mobil telefon ona qaytarılması üçün ailə üzvlərinə təhvil verilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsinin görüntüləri olan 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - məhkəmə baxışı dövründə dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 60 (altmış) manat pul vəsaiti Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar