Məhkəmə qərarları › İş №1(101)-2013/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2013/2023

04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2013/2023 04.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları X4 və Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, o, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq iki ayrı-ayrı bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 1120 qram (1 kq 120 qr) kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və onun narkotik vasitələri əldə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİnin 35-ci PB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 21:30-da keçirilmiş əməliyyat tədbirləri zamanı o, ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3i RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək videoçəkilişlə müdaifəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ və sol yan ciblərinin hər birində bir büküm olmaqla cəmi iki bükümdə, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 555,5 qram və 564,5 qram, ümumi təmiz çəkisi 1120 qram (1 kq 120 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin heroin növündən istifadə edir. Lakin, o, narkotik vasitələrin satışı ilə məşğul olmur. 12 may 2023-cü il tarixdə səhər saatlarında o yaşadığı mənzildən çıxarkən 6 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. O, saxlanılarkən üzərində narkotik vasitə olmamış, Xəyyam, Teymur adlı və adlarını bilmədiyi digər adda polis əməkdaşları onu döyərək narkotik vasitəni onun üzərinə qoymuşlar. Eyni zamanda ittiham aktında qeyd olunur ki, guya o narkotik vasitəni Sabunçu rayonunda yerləşən Balaxanı qəsəbəsindən almışdır. O, son 5 ildə heç Sabunçu rayonunda yerləşən Balaxanı qəsəbəsində olmamış, narkotik vasitəni də ordan almamışdır. O, etiraf edir ki, o polis əməkdaşları tərəfindən saxlanılmazdan 2 gün əvvəl telefon vasitəsilə anket məlumatlarını demək istəmədiyi şəxslə danışaraq Hövsan qəsəbəsindən şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Həmçinin 1000 manata 1 kilo narkotik vasitə almaq mümkünsüzdür. O, həmişə yarım qram, 1 qram narkotik vasitə almışdır. Adətən də 25-30 manat pul ödəmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 12 may 2023-cü il tarixdə mənzildən çıxarkən blokun qarşısında 6 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. O, səhər saatlarında saxlanılmışdır. Polis əməkdaşları onu saxlayıb Polis Bölməsinə dəvət etmişlər. Narkotik vasitə aldığı şəxs onu ifşa etməmişdir. Polis əməkdaşları onun bədəninə vururmuşlar. Polis əməkdaşları demişlər ki, evinə girib evindən narkotik vasitə çıxaracaqlar. O, təzyiq altında protokolları imzalamışdır. O, fiziki təzyiqlə bağlı şikayət etməmişdir. Elan olunmuş cinayət işinin 33-34-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 38-39-cu vərəqələrində olan izahatında, 50-53 və 66-69-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... Uzun müddətdir narkotik vasitə olan heroin qəbul edir. İşləmədiyi üçün narkotik vasitə sataraq maddi tələbatlarını ödəmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin, anket məlumatlarını bilmədiyi şəxsdən 02 ədəd bükümdə narkotik vasitə heroini 1000 manat nağd pul müqabilində alıb dərhal həmin yerdən uzaqlaşmışdır. Əldə etdiyi, içərisində narkotik vasitə heroin olan 02 ədəd bükümü əynində olan qara rəngli gödəkçəsinin sağ və sol yan ciblərinə qoymuşdur ki, sonradan həm satar, həmdə istifadə edər. xx.xx.2023-cü il tarixdə saat təxminən 21:30 radələrində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ilə hərəkətdə olan zaman özünü şübhəli apardığından iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə ondan xəbər almışlar. O da narkotik vasitə olan heroini qəbul etdiyini bildirdikdə polis əməkdaşları onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Xətai RPİ-nin 35-ci PB-də hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil dəvət olunduqdan sonra o, səmimi etiraf edərək narkotik vasitə olan heroin istifadə etdiyini bildirmişdir. Ona hüquqları izah olunduqdan sonra üzərinə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Üzərində olan əşyaları təqdim etməyini dedikdə əynindəki qara rəngli gödəkçənin sağ və sol yan ciblərində ayrı-ayrılıqda 02 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Ardınca həmin bükümlərdə olan maddənin narkotik vasitə “kakos” kimi tanıdığı heroin olmasını bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları təzyiq altında imzalamışdır. Elan olunmuş cinayət işinin 72-73-cü vərəqələrində olan DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində polis mayoru rütbəsində işləyir. O, və Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən polis mayoru Şahid2 xidmətdə olarkən, onlara Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 11 may 2023-cü il tarixdə saat 21:30-da ünvan 2 ünvanının qarşısında olarkən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Təqsirləndirilən şəxs də narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Xətai RPİ-nin 35-ci PB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs kurtkasının cibindən 2 ədəd şəffaf sellofana bükülmüş büküm aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə olan heroin olduğunu və heroini Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 1000 manat pul müqabilində aldığını demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Əməliyyat qrupuna 2 nəfər daxil imiş. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq göstərməmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq onlarla Xətai RPİ-nin 35-ci PB-nə gəlmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 02 büküm aşkar olunmuşdur. Səhv etmirsə bükümlərdə heroinə bənzər maddə var imiş. Çünki Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, bükümlərdə narkotik vasitə olan heroin vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PBnin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 11 may 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 11 may 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Rəhman İsmayılovun 11 may 2023-cü il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 33-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış aparılmasından əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd iri büküm və həmin gödəkçəsinin sol yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd iri bükümü təqdim etmişdir. Həmin bükümlər açılarkən içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 1000 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. Aşkar edilmiş iki ədəd büküm qablaşdırılaraq görtürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 41-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 6/2749 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün 154 dairəvi möhür əksi, “...(imza) Quliyev” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 555,5 qram və 564,5 qram ümumi təmiz çəkisi 1120 qram (1kq 120qr) qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi kompanent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Cinayət işinin 72-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 may 2023-cü il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd iri büküm və həmin gödəkcəsinin sol yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd iri büküm təqdim edir. Həmin bükümlər açılarkən içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olması müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” adı ilə tanıdığı nartotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 1000 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. Cinayət işinin 85-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X1 14 may 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, oğlu Təqsirləndirilən şəxsdə yaşadığı ünvan 1 ünvanında baxış və axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 88-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 may 2023-cü il tarixli axtarışa aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında baxış və axtarış keçirilməsi zamanı, mənzildən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı maddə və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 avqust 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-dən daxil olmuş 10 iyun 2023-cü il tarixli, 3-13-55-2/2- 4893 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 153-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 16 avqust 2023cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edir, saxlanılan zaman onun üzərində narkotik vasitə olmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən təzyiq olunduğu üçün fərqli ifadə vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Xətai RPİ-nin 35-ci PB-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olubolmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Xətai rayon prokurorluğuna sorğu ilə müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 29 avqust 2023-cü il tarixli, 3-16-17/38/2-6681/2023 saylı məktubdan və məktuba əlavə edilmiş tibb kitabçasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman, müayinə zamanı sonuncuda xəsarət aşkar edilməmişdir. Həmçinin, Bakı şəhəri, Xətai rayon prokurorluğundan daxil olmuş 02 oktyabr 2023cü il tarixli, ********* saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə müraciət etmədiyindən, həmçinin, Bakı İstintaq Təcridxanasından sonuncuda xəsarətlər olması ilə bağlı hər hansı məlumat verilmədiyindən, rayon prokurorluğunda bu barədə araşdırılma aparılmamışdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 kq 120 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 7466 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs üzərində külli miqdarda, yəni təmiz çəkisi 1kq 120 qram olan narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Həmçinin, daxil olmuş əməliyyat məlumatında da Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. (iş vərəqə 4) Bundan başqa, cinayət işinin 96-97-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2023-ci il tarixli, 2979 №-li rəyidən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarların tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 98-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 may 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 71-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 104 saylı MKİS-dən daxil olmuş 16 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 96-97-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2023-ci il tarixli, 2979 №-li rəyidən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 11 may 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-ci vərəqəsində olan 11 may 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 83-84-cü vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli 4(011)-329/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1119,6 qram narkotik vasitə heroin məhv edilməli, 02 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1119,6 qram narkotik vasitə heroin məhv edilsin. 02 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar