Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2016/2024 26.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1990-cı il tarixdə Lerik rayonu, Bibiyanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Lerik rayonu, Bibiyanı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu YM, yeni tikilidə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 12.45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. 2.Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu YM, yeni tikilidə arvadı X5 ilə aralarında evi və yorğanları səliqəli yığışdırmadığını irad tutduqda aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs ona aqressiv formada təhqiramiz cavab verdiyi, evin qapısından çıxmaq istəyərkən yenidən ona “it“ deyib təhqir etdiyi üçün həyat yoldaşı Zərərçəkmiş şəxs cəzalandırıb qəsdən qisas almaq niyyətilə sifət, qarın və ayaq nahiyyələrindən yumruq və təpik zərbələri vuraraq ona sağ gözün bayır bucağının, sol saidin, sağ baldırın qançırları ilə müşayiət olunan ayrı-ayrılıqda sağlamlığına zərər vurmayan olmaqla dərəcəsi təyin edilməyən xəsarətlər, həmçinin ona daxili qanaxma ilə müşayiət olunan dalağın cırılması və xaric edilməsi (splenktomiya) ilə nəticələnən qarnının qapalı küt travması ilə nəticələnib həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmiş şəxs X2 qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Sübutların tədqiqi: 3.Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, həyat yoldaşı və üç övladı ilə birgə yaşayırlar. Hadisə vaxtı övladları atasıgildə olmuşdur. Həyat yoldaşı ilə sözləri çəp gəlmiş, əvvəlcə yoldaşının üzünə şillə vurmuş, anası gəldikdən sonra o çölə çıxmışdır. Üzərindən yarım saat keçəndən sonra yemək yeyərkən sözləri yenə də çəp gəlmiş, həmin vaxt yoldaşını vurmaq fikri olmamış, ehtiyatsızlıqdan təpik atmış və yoldaşına dəymişdir. Hadisə vaxtı evdə ikisindən başqa kimsə olmamış, hadisəni kimsə görməmişdir. Aralarında olan mübahisə təxminən bir dəqiqə çəkmişdir. Mübahisənin səbəbi həyat yoldaşının ona kobud cavab verərək “it” deməsi olmuşdur. Səhər saatlarında həyat yoldaşı vurduğu yerin ağrıdığını demiş, həmin vaxt ağrıkəsici vermiş, gün açılanda isə maşınla xəstəxanaya aparmışdır. Sabunçu Xəstəxanasında həyat yoldaşını əməliyyat etmişlər. Axşam saat səkkizə işləmiş əməliyyatdan sonra yoldaşının yanına girmiş, daha sonra uşaqlar evdə tək olduqlarından xəstəxanaya gətirmək üçün gedib onları götürmüşdür. Xəstəxanaya gələndə polislər onu tutmuşdur. Hazırda həyat yoldaşı ilə barışmışlar və əməlindən peşmandır. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, göstərdiyi ünvanda yaşayır. Fərdi əməklə məşğuldur, 3 azyaşlı övladı var. Orta təhsilliddir.Məhkumluğu yoxdur, Zərərçəkmiş şəxs ilə rəsmi olaraq 12 ildir ki, nikahdadır, onlardan başqa həyətdə olan digər evdə anası Şahnisə və atası Bəfa da yaşayır. 10 ildir ki, Binə qəsəbəsində yaşayırlar. 2 aydır ki, Telliylə tez-tez ailədaxili onun aqressivliyi üstündə sözlə mübahisəsi olubdur. 28 aprel 2024 tarixdə saat 22 radələrində o, uşaqları yatızdırıb bir otaqlı evlərinə gəlmiş, saat 23 radələrində o, evdə Telliylə birlikdə olarkən o, evdə yorğan-döşəyi yerbəyer etməyə başlamış, o, ona irad bildirib, yorğanları səliqə ilə yığmağını xahiş etmiş, o isə buna cavab olaraq ona aqressiv formada təhqirlə cavab qaytarmış, bundan sonra arada mübahisə başlamış, hər ikisi əsəbləşməyə başlamış, Telli onu təhqir etmiş, o, isə ona yaxınlaşıb üz nahiyəsindən qəsdən bir sillə zərbəsi vurmuş, sonra anası digər evdən səs-küyə gəlmiş, onları sakitləşdirmiş, sonra anası evdən çıxıb yan evə getmişdir. Sonra o, evdən çıxıb getmək istəmiş, qapını açıb çıxarkən Telli onun arxasıyca “it” sözünü demiş, onu bir neçə dəfə təhqir etmiş, o, yenidən əsəbləşib Tellinin üzərinə gəlib qəsdən ona bədən nahiyəsindən əsasən də qarın hissəsindən sağ ayağı ilə zərbələr vurmuş, sonuncu yerə yıxılmış, o çıxıb getmişdir. 29 aprel 2024 tarixdə axşam saatlarında onun bədənində bərk ağrı olmağını Telli ona və anasına demiş, sonra isə Sabunçu qəsəbəsində olan 3 saylı xəstəxanaya getmiş, müayinə olunmuş, ağır xəsarət almağı aşkar edilmişdi. Hadisə 3-4 dəqiqə aralığında 28 aprel 2024 tarixdə yaşadığı evdə baş verib, hadisə zamanı yanlarında heç kim olmasa da sonrakı saniyələrdə anası Şahnisə oraya gəlmişdir. Hadisənin baş verməsinin səbəbi Tellinin ona aqressiv cavab verməyi, onu təhqir etməyi olubdur. Hazırda barışmışlar, onun şikayəti və tələbi yoxdur, Telli onu səbəb olmadan hirslənib söymüş, düz hərəkət etməmişdir.Hadisə onun təşəbbüsü ilə başlamıəşdır (İ cild, səh. 60-62). 5.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, həyat yoldaşı ilə on iki ildir nikahda olmuşlar. Aprel ayının 28-də yoldaşı ilə söz-söhbət olmuşdur. Otaqları balaca olduğundan uşaqları qayınatası ilə bir otaqda qalmışlar. Saat onda uşaqları yatmaları üçün həmin otağa aparmış, daha sonra isə evə gəlmiş, yorğan-döşək üstündə həyat yoldaşı ilə aralarında söz-söhbət olmuşdur. Daha əvvəl mübahisələri olmuş, lakin onu vurmamışdır. Yoldaşı ondan yorğanları səliqə ilə düzməsini istəmiş, o isə həyat yoldaşına aqressiv cavab qaytarmışdır. Həyat yoldaşı əvvəlcə ona bir şillə vurmuş, daha sonra digər otaqdan qayınanası gələrək onları sakitləşdirmişdir. Saat on ikidə yenidən söhbətləri olmuşdur. Qapıdan çıxanda əsəbiləşərək həyat yoldaşına “it” demiş, həyat yoldaşı da əsəbiləşərək qayıdıb ona təpik atmış və təpik onun sağ tərəfinə dəymişdir. Əvvəlcə ağrıları olmadığından yoldaşı getmiş, ara sakitləşəndə gecə radələrində ağrıları başlamışdır. Daha sonra həyat yoldaşı 29 aprel tarixində onu Sabunçuda 3 saylı xəstəxanaya çatdırmış və əməliyyatla dalağı çıxarılmışdır. Hazırda həyat yoldaşı ilə barışmış və həyat yoldaşının azadlığa buraxılmasını istəyir. 6.Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Tədqiq edilmiş ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, göstərdiyi ünvanda yaşayır, orta təhsillidir, fərdi əməklə məşğuldur. X8 ilə 12 ildir ki, rəsmi nikahdadır, onlardan başqa həyətdə olan digər evdə onun anası Şahnisə və atası Bəfa da yaşayır. Evi balaca olduğundan uşaqlar Bəfa dayının evində gecələyir. 10 ildir ki, Binə qəsəbəsində yaşayırlar. 2 aydır ki, onunla yəni Ruslanla onun aqressivliyi səbəbindən teztez ailədaxili sözlə mübahisəsi olmuşdur. 3 azyaşlı övladı var. 28 aprel 2024 tarixdə saat 22 radələrində uşaqları yatızdırıb evinə gəlmiş, saat 23 radələrində o, evdə Ruslanla birlikdə olarkən o, evdə yorğan-döşəyi yerbəyer etməyə başlamışdır.Ruslan ona irad bildirib, yorğanları səliqə ilə yığmağını xahiş etmiş, o isə buna cavab olaraq ona aqressiv formada təhqirlə cavab qaytarmış, bundan sonra aralarında mübahisə başlamış, hər ikisi əsəbləşməyə başlamış, o, Ruslanı təhqir etmişdir. Ruslanə yaxınlaşıb üz nahiyyədən qəsdən bir sillə zərbəsi vurmuş, sonra anası digər otaqdan səs-küyə gəlmiş, onları sakitləşdirmiş, sonra anası evdən çıxıb yan evə getmişdir. Sonra Ruslan evdən çıxıb getmək istəmiş , qapını açıb çıxarkən o, onun arxasıyca “it” sözünü demiş, onu bir neçə dəfə təhqir etmiş, Ruslan da yenidən əsəbləşib onun üzərinə gəlib qəsdən ona bədən nahiyəsindən əsasən də qarın hissəsindən sağ ayağıyla zərbələr vurmuş, o, yerə yıxılmışdır. Ruslan çıxıb getmiş, oraya sonrakı dəqiqələrdə anası gəlmişdi. 29 aprel 2024 tarixdə axşam saatlarında onun bədəninin bərk ağrımasını Ruslana və anasına demiş, sonra isə Sabunçu qəsəbəsində olan 3 saylı xəstəxanaya getmiş, müayinə olunmuş, ağır xəsarət almağı aşkar edilmişdi. Hadisə 3-4 dəqiqə aralığında 28 aprel 2024 tarixdə yaşadığı evdə baş verib, hadisə zamanı yanlarında heç kim olmasa da sonrakı saniyələrdə anası Şahnisə oraya gəlmişdir, hadisənin baş verməsinin səbəbi onun Ruslana aqressiv cavab verməyi, təhqir etməyi olmuşdur. Hazırda barışmışdır, şikayəti və tələb yoxdur. O, yoldaşını səbəb olmadan hirslənib söymüş, düz hərəkət etməmişdir.Hadisə onun təşəbbüsü ilə başlamışdır (İ cild, səh. 95-97). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Qiyas qızı ifadəsində bildirmişdir ki, uşaqlarla ayrıca otaqda olmuş, mübahisəni eşidərək oğlu Ruslanı və gəlinini sakitləşdirib mübahisə etməmələrini bildirmişdir. Daha əvvəllər bu cür mübahisələri olmamış, həmin vaxt bir-birilərinə söz dedikləri üçün mübahisələri olmuşdur. O, hadisəni görməmiş və hadisə olarkən uşaqlarla başqa otaqda olmuşdur. 8.Məhkəmə-tibbi ekspertizasının 01 may 2024-cü il tarixli, 395 nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - daxili qanaxma ilə müşayiət olunan dalağın cırılması və xaric edilməsi (splenektomiya) ilə nəticələnmiş qarnın qapalı küt travması, sağ gözün bayır bucağının, sol saidin, sağ baldırın qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X13” X16 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən; daxili qanaxma ilə müşayiət olunan dalağın cırılması və xaric edilməsi (splenektomiya) ilə nəticələnmiş qarnın qapalı küt travması həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir; sağ gözün bayır bucağının, sol saidin, sağ baldırın qançırları isə istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. 2.Hadisə haqqında məlumatları qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir (İ cild, səh. 42-45). 9.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 10 may 2024-cü il tarixli, 1311 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Məhkəməpsixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə kobud və inadkar olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. İİ Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkərrıə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual İmkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə kobud və inadkar olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətləri normaya uyğundur. Hadisə şəraiti nəzərə alınaraq o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs sözügedən əməli törədən anda fizioloji affekt vəziyyətində olmamışdır (İ cild, səh. 105- 108). 10.«Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə» 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 24). 11.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 4(003)- 183/2024 nömrəli qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 aprel 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 77-81). 12.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 87). 13.İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, azadlığa buraxılmasını xahiş etdiyini bildirmişdir. 14.İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2021-ci il təvəllüdlü iki uşağı vardır. 15.İş materiallarında olan epikrizdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü azyaşlı uşağı X9 talassemiya daşıyıcısıdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 16.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 17.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 18.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 19.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 20.Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma olan ictimai təhlükəli əməl hesab olunur və cinayət məsuliyyəti yaradır. 21.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 22.Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən; daxili qanaxma ilə müşayiət olunan dalağın cırılması və xaric edilməsi (splenektomiya) ilə nəticələnmiş qarnın qapalı küt travması həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olması, xəsarətin küt əşya (əşyalar) təsirindən törənməsi, törənmə müddətinin xx.xx.2024-cü il tarixə uyğun gələ bilməsi müəyyən edilir və həmin xəsarətlərin zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi məhkəmə istintaqı zamanı araşdırılmış subutlarla tam təsdiq olunur. 23.Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 24.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 25.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər. 27.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin Şəxsiyətinə uyğun olmalıdır. 28.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 29.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın Şəxsiyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 30.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşaqlarının olmasını, azyaşlı uşaqlarından birinin talassemiya daşıyıcısı olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 31.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 32.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 33.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. 34.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 35.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 36.Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, himayəsində üç azyaşlı uşağının olması, xx.xx.2021-ci il təvəllüdlü azyaşlı uşağının talassemiya daşıyıcısı olması zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması kimi yüngülləşdirici halların məcmusunu, habelə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, törətdiyi cinayət əməlinə mənfi münasibəti kimi halları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələnə bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. 37.Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. 38.Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. 39.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 40.Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 41.Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. 42.Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 43.Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. 44.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsini, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin seçilməsini və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 45.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndinə qeyd olunur ki, «Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir». 46.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 48.İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 49.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 50.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 51.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 52.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev