Məhkəmə qərarları › İş №1(101)-2021/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2021/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2021/2023 01.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 7,026 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımış, 12 may 2023-cü il tarixdə, saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, M.Muxtarov küçəsində olan zaman onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofanda olan gümüşü rəngli falqaya bükülmüş təmiz çəkisi 7,026 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğuldur. O, narkotik vasitə istifadəçisi deyil və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əksinə o narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə mübarizə aparan, onların cinayətkar əməllərini media qarşısında qaldıraraq işıqlandıran şəxsdir. Hətta Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev iki gün öz verlişində Bilgəh qəsəbəsində narkotik vasitə istifadəçilərinə qarşı olan etirazlarından, mübarizələrindən danışmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər onlara qarşı mübarizə apardığı üçün onu Sabunçu RPİ-nin 14-cü PB-nə şikayət etmişlər. Şikayətləri bundan ibarət imiş ki, o, onların qapısına getməsin, onlara qarşı mübarizə aparmasın, əgər onlar narkomandırlarsa onsuz da dövlət onlar barəsində tədbir görəcəkdir. Bu şikayətə görə Sabunçu RPİ-nin 14-cü PB-nə təhqiqatçı Sabir Allahverdiyev tərəfindən o Sabunçu RPİnin 14-cü PB-nə çağırılmışdır. O, Bakı şəhər Baş Polis İdarəsində Tərxan Əhmədovun, həmçinin Cavid müəllimin də qəbulunda olmuşdur. O, iki gün 15-ci Polis Bölməsində saxlanılmışdır. Lakin, onun etirazlarının qarşılığı olmuş və o azadlığa çıxdıqdan sonra həqiqətən də Bilgəh qəsəbəsində açıq şəkildə narkotik vasitə satan şəxslər artıq tutulmuşar. O, dini inancına görə də 01 ay bundan əvvəl də 20 yanvar ərazisində Şəhidlər Xiyabanı tərəfdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, o, 5 dəfə İran İR-na turla ziyarət edib 14 gün müddətinə Kərbala ziyyarətində olmuşdur. 12 may 2023-cü il tarixində ona sonu 86-86 olan nömrədən bir nəfər zəng edərək torpaq sahəsi almaq istədiyini deyib onu görüşə çağırmış, o, nəsə olacağını hiss edib həmin şəxslə görüşə razılaşmamışdır. Sonra o Bilgəh qəsəbəsində yaşayan qərbi azərbaycanlı iş adamı olan şəxs üçün manqal tikmək üçün maşına minib dostu Nicat Rəşidovla yol gedərkən polis əməkdaşları maşını saxlayaraq onun şəxsiyyətini soruşmuşlar. Maşında isə dostu və o, imiş, maşını da o idarə edirmiş. Polis əməkdaşları bildirmişlər ki, onu tanıyırlar, Kərbəlaya gedib-gələn olduğunu, namaz qıldığını, zəhmətkeş insan olduğunu bilirlər. Polis əməkdaşları onun tutulmağının sifarişlə olduğunu bildirmişlər. O, polis bölməsinə getməyə razılaşmışdır. Yolda ona qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Lakin yolda o övladlarıyla sağollaşmaq istədiyini demiş və polis əməkdaşları maşını onların evinə sürmüş, o uşaqlarıyla görüşmüşdür. Hətta uşaqlarla görüşərkən polis əməkdaşı onu videoya çəkmişdir. Uşaqlarıyla görüşdükdən sonra Maştağa ərazisində yerləşən 14-cü polis bölməsinə aparılmışdır. 14-cü Polis Bölməsində olarkən bir daha ona deyilmişdir ki, o, sifariş əsasında tutulmuş və o Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülən ittihamla razılaşmalıdır. Bu maddə ilə cəzanın 0-2 il olduğunu, istintaq dövründə 4-5 ay həbsdə qalacağını demişlər. O, dəfələrlə günahının nə olduğunu, bunun səbəbini soruşmuşdur. Daha sonra onu 14-cü Polis Bölməsinin rəisinin yanına aparmışlar. Rəis ona ondan əvvəl eyni səbəbdən saxlanılan şəxslərin adlarını sadalayaraq tutulmağının yuxarıdan tapşırıldığını demişdir. Polis əməkdaşları ona fiziki yox psixoloji təzyiqlər göstərmişlər. Belə ki, onun izahat verməli olduğunu, əks halda ailəsinə qarşı təzyiqlər olacağını demişlər. Hətta onu saxlayan polis əməkdaşları onun evinə gedərək ordan telefonla ona zəng edib ailəsiylə danışdırmışlar. Ona telefonu başqa polis əməkdaşı evində olan polis əməkdaşları ilə danışmağı üçün gətirmişdir. Beləliklə o psixoloji təzyiq səbəbilə izahata qol çəkməli olmuşdur. Onda narkotik olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitədən heç vaxt istifadə etməmişdir. O, saxlanılarkən üzərimdə narkotik vasitə yox imiş. Onu Bilgəhdə bağdan çıxarkən 4-cü dalan adlanan ərazidə saxlamışlar. Orada kameralar da var. Daha sonra onu qapılarının qarşısına gətirmişlər. Evində olan kameraları 2021-ci ildən qoymuşdur. O, Sabunçu RPİ-nin 14-cü PB-nə aparılanda yoldaşının o tutularkən çəkdiyi videonu silməyini tapşırmağını demişlər. O, həyat yoldaşıyla əlaqə saxlayaraq videonu silməsini bildirmişdir. Sabunçu RPİ-nin 14-cü PB-də videoçəkiliş bitəndən təxminən 2 saat sonra müdafiəçi gəlmişdir. O, saxlanılarkən yanında Nicat Rəşidov adlı dostu olmuşdur. O, protokollara müdafiəçi gələnə qədər də imza çəkmiş, müdafiəçi gələndən sonra da imza çəkmişdir. Elan olunmuş cinayət işinin 28-ci vərəqəsində olan təqsirləndirilən şəxsin müdafiəçinin iştirak etməməsi ilə bağlı ərizəsinə və ərizədəki imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, ərizəni könüllü imzalamışdır. Elan olunmuş cinayət işinin 30-31-ci vərəqələrində olan şəxsi axtarış və götürmə protokoluna və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Belə ki, Polis əməkdaşları ona etik olmayan işgəncə verəcəklərini və ailə üzvlərinə qarşı onu biabr edəcəklərini demişlər. Buna görə də o psixoloji təzyiq altında protokolu imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu izahatı, ifadəsi və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadəsi elan olunmuş, izahatın və ifadənin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 33-cü vərəqəsində olan izahatında və 57-60-cı vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... bir neçə müddətdir ki, müxtəlif tanımadığı şəxslərdən müəyyən pul müqabilində «kakos» adlandırılan narkotik vasitə heroin alıb istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bilgəh qəsəbəsində olmuş və orada üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən istifadəsi üçün 50 manat verərək 1 bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin heroini büküm şəklində üzərində saxlamış, 12 may 2023-cü il tarixində, saat 18:00 radələrində yaşadığı evdən çıxıb küçə ilə Bilgəh qəsəbəsi, M.Muxtarov küçəsi ilə piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduğunu bildirmişlər və onun kimliyini müəyyən etdikdən sonra onu polis bölməsinə aparmışlar. Polis bölməsində onun üzərinə videoçəkiliş ilə baxış keçirmişlər və üstündə olan tünd göy rəngli idman şalvarının sol yan cibindən özü istifadə etmək üçün 50 manat pul verərək aldığı, 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini aşkar etmişlər. Üzərindən aşkar olunmuş «kakos» adlanan narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Ona narkotik vasitə satan şəxsin anket məlumatları barədə heç bir məlumatı yoxdur. Ona polis bölməsində heç bir psixoloji təzyiq göstərilməmiş və ona heç bir xəsarət yetirilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin ona məxsus olmuşdur. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. Belə ki, polis əməkdaşları ona etik olmayan işgəncə verəcəklərini və ailə üzvlərinə qarşı onu biabr edəcəklərini demişlər. Buna görə də o, psixoloji təzyiq altında izahatı və protokolu imzalamışdır. Elan olunmuş cinayət işinin 154-cü vərəqəsində olan ekspert rəyi ilə təqsirləndirilən şəxsin tanış edilməsi barədə protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Belə ki, Polis əməkdaşları ona etik olmayan işgəncə verəcəklərini və ailə üzvlərinə qarşı onu biabr edəcəklərini demişlər. Buna görə də o psixoloji təzyiq altında protokolu imzalamışdır. Polis əməkdaşları ona fiziki təzyiq etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 14-cü PB-də baş təhqiqatçı vəzifəsində işləyir. 12 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli bilinərək Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmişdir. Sabunçu RPİ-nin 14-cü PB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilib müdafiəçi ilə təmin olunmuşdur. Videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli falqada olan bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə narkotik vasitə heroindir və onu 12 may 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində tanımadığı şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Toplanmış materiallar istintaqa təhvil verilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, o, əməliyyatda iştirak etməmiş, həmin zaman o bölmədə olmuşdur. Əməliyyat müvəkillərinin əməliyyat tədbirlərinin keçirilməsi haqqında raport əsasında onlara məlumat daxil olmuşdur. Təxminən axşam saat 17:00-19:00 radələrində Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmişdir. Rövşən bölməyə gəldikdən sonra üzərinə videogörüntü vasitəsilə baxış həyata keçirmişlər. Videogörüntü olmadan baxış həyata keçirməmişlər. Rövşən Sabunçu RPİ-nin 14-cü PB-nə daxil olan kimi yanına gətirilmiş və tərəfindən üzərinə baxış həyata keçirilmişdir. Lakin, ola bilər ki, şəxsi axtarış Təqsirləndirilən şəxs Sabunçu RPİ-ni 14-cü PB-nə gətirilməsindən 10-15 dəqiqə gec olsun. Rövşən onun yanına gələndən sonra heç bir otağa getməmiş, birbaşa saxlanma yerinə aparılmışdır. O, Sabunçu RPİ-nin 14-cü PB-də 2020-ci ildən işləyir. O, Rövşəni şəxsən tanımır. Lakin sakin olaraq hər hansı məsələlərdə, işdə üzbəüz gələ bilərlər. Onun həmin ərazilərdə narkotik satışının getməsi barədə məlumatı yoxdur. Rövşənin bu ərazilərdə narkotik satışı ilə bağlı şikayəti ona daxil olmamışdır. Ola bilər, Rövşəni nə vaxtsa hansısa işlə bağlı otağına çağıraraq ondan izahat almışdır. Rövşənə şikayət edəcəyi təqdirdə hər hansı maddə ilə ona qarşı ittiham irəli sürmə barədə hədə-qorxu gəlməmişdir. Ola bilər ki, Rövşəni 2021-ci il 7 sentyabr tarixində otağına izahat almaq üçün dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nə Təqsirləndirilən şəxs adlı şəxsin Sabunçu rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmışdır. 12 may 2023-cü il tarixdə axşam saatlarında tərəflərindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, M.Muxtarov küçəsində olması müəyyən olunmuş və onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Sabunçu RPİ-nin 14-cü PB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilib müdafiəçi ilə təmin olunmuşdur. Videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə narkotik vasitə heroindir. Həmin narkotik vasitə zərfə qoyularaq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs özü səmimi şəkildə əməlini etiraf etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, Rövşəni əvvəllər heç tanımamışdır. O, o əraziyə yeni təyin olunmuşdur. 1 ildir, o ərazidə xidmət edir. Əməliyyat məlumatı Sabunçu RPİ-nin 14-cü PB-nə təxminən saat 17:00-17:30 arası müddətdə daxil olmuş, 17:30-dan sonra Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Əməliyyat məlumatı daxil olduqdan sonra raportla rəisə məruzə etmişlər. Əməliyyat tədbiri keçirildikdən sonra qərarlar qəbul edilmişdir. Qərarı onlar qəbul edir, rəis razılıq verir. Məlumat daxil olduqdan sonra qərar qəbul edilir. Əgər əməliyyat məlumatı ona daxil olursa, qərarı o hazırlayır. Təxminən saat 6-a qalmış Təqsirləndirilən şəxs üzərinə videobaxış ilə baxış həyata keçirilmişdir. M.Muxtarov ərazisi baxış həyata keçirilməsi üçün uyğun olmadığı üçün inzibati binada baxış həyata keçirilmişdir. M.Muxtarov ərazisində Təqsirləndirilən şəxs yaşamır, səhv etmirsə həmin ərazidə işləyir. Bu məlumatı onlara Təqsirləndirilən şəxs özü saxlandığı an bildirmişdir. Portaldan Təqsirləndirilən şəxs barədə məlumat çıxarmışlar, şəkli var imiş, ona görə də M.Muxtarov küçəsində Rövşəni görən kimi tanımışlar. Həmin ərazidə yalnız Rövşən var imiş. Təqsirləndirilən şəxs saxladıqdan sonra evinə yaxud başqa yerə aparmamışlar, birbaşa 14-cü polis bölməsinə aparmışlar. O, Nicat Həşimovu tanımır. Əməliyyat zamanı ***-***-**-** nömrəli xidmət telefonu üzərində imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək, Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə günorta saat 14:00-15:00 radələrində o evdə olarkən həyat yoldaşı Təqsirləndirilən şəxs 4 uşağı da səsləyərək həyətə çağırmışdır. Biraz sonra oğlu Məhəmməd evə qayıdıb ona demişdir ki, atasının yanında iki nəfər var imiş və atası ağ rəngli maşına minib demişdir ki, qismət olarsa evə qayıdacaq. 10 dəqiqə sonra qapı döyülmüş və pəncərədən baxmışdır. Həmin iki nəfər şəxs ona qapını açmağını demişdir. O, səbəbini soruşduqda polis olduqlarını, evdə kamera olduğunu kameranı açıb aparacaqlarını demişlər. Hətta demişlər ki, kameranı açıb aparacaqlarını Rövşən də bilir. O, kameranı açıb aparmaqlarına icazə vermədiyini bildirmişdir. Lakin, polis əməkdaşları ona kobud davranmışlar. O, həyat yoldaşı Təqsirləndirilən şəxs haqsız yerə həbs etdiklərini dedikdə, ona demişlər ki, onlar heç kimi boş yerə həbs etmirlər. O, polis əməkdaşlarını videoya çəkmək yaxud şəkillərini çəkmək istəmiş və polis əməkdaşları bunu görüb görüntüləri silmək üçün telefonunu istəmişlər. Polis əməkdaşlarına onları videoya çəkmədiyini bildirdikdə polis əməkdaşları ona demişdir ki, Allaha and içsin, əks halda evə girib telefonunu tapıb video yaxud da şəkli siləcəklər. Polis əməkdaşları ondan həyat yoldaşı Təqsirləndirilən şəxs də telefonunu istəmişlər. Hətta polis əməkdaşları Polis Bölməsinə zəng edib həyat yoldaşı Təqsirləndirilən şəxslə onu danışdırmışlar. Həyat yoldaşı Təqsirləndirilən şəxs ona tapşırmışdır ki, polis əməkdaşlarını telefona çəkməsin. Sonra polislər zəngi söndürmüşlər. Kameralar evdə imiş, həyətdə deyilmiş. Polis əməkdaşları evə girib evdən kameranı götürüb aparmışlar. Evə 2 nəfər polis əməkdaşı gəlmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X7 iştirakı ilə müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixində atası Təqsirləndirilən şəxs ağ rəngli maşında görmüşdür. Atasını iki nəfər gətirmişdir. O, atasıyla görüşmüş və atasından soruşmuşdur ki, haraya gedir. Atası isə demişdir ki, qismət olarsa görüşəcəklər. O, dərhal nənəsinin yanına gedib atasının aparıldığını demişdir. Nənəsi də bu hadisədən şübhələnmişdir. 20-30 dəqiqə sonra iki nəfər polis gəlib evdəki videokameranı götürmək istəmişlər. X22 polislərə bildirmişdir ki, həmin videokameraları götürməsinlər. Polis əməkdaşları səs-küy salaraq videokameranı götürmüşlər, həmçinin anası onları videoya çəkməyə çalışsa da çəkə bilməmişdir. Buna görə polis əməkdaşları anasının telefonunu da alıb aparmışlar. Ağ rəngli maşında atasının yanında olan iki nəfər şəxsi tanımırmış. Atası və yanındakılar maşından düşməmişdir. O, maşının pəncərəsinə əyilib atasıyla danışmışdır. Atası əvvəlcə onla, sonra qardaş bacılarıyla görüşmüşdür. İki nəfər polis əməkdaşı adını səsləyib onu çağırmışlar ki, gəlib atasıyla görüşsün. Atası ən sonda qardaşı Rza ilə görüşmüşdür. Polislər adını çağıranda ilk o maşına yaxınlaşmışdır. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 12 may 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 12 may 2023cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 12 may 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 28-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, müdafiəçisinin iştirakı olmadan üzərinə baxış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş siqaretin gümüşü rəngli kağız bükümünü təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu, bu narkotik vasitəni xx.xx.2023-cü ildə Bilgəh qəsəbəsi ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqdim edilmiş bükümə baxış keçirildikdə, içərisində tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 37-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli, 6/2776 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,026 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin 151-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 avqust 2023-cü il tarixli videoyazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, sonuncuya üzərində olan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş siqaretin gümüşü rəngli kağız bükümünü təqdim edir və həmin bükümdə narkotik vasitə heroin olduğunu, bu narkotik vasitəni xx.xx.2023-cü ildə Bilgəh qəsəbəsi ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Təqdim edilmiş bükümə baxış keçirildikdə, içərisində tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülür. Cinayət işinin 123-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 12 iyul 2023-cü il tarixli. BKC/LGL-8360/23 saylı məktubdan görünür ki, ***-***-**-** saylı nömrə xx.xx.2018-ci il tarixdən "xxxx" mobil operatorundan "xxxx" mobil operatoruna daşındığından, sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində zənglər qeydə alınmamışdır. Cinayət işinin 132-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 avqust 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan, zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin 155-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, iş üzrə şahid olan polis əməkdaşları ilə üzləşməkdən imtina etmişdir. Cinayət işinin 90-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-dən daxil olmuş 29 may 2023-cü il tarixli, 3/2- 7886/23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyini müəyyən etmək mümkün olmamış, həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış üçün deyil, istifadəsi üçün əldə etməsi müəyyən edilmişdir. Cinayət işinin 172-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X8 24 avqust 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Sabunçu RPİ-nin 14-cü PB-nə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2016-cı il tarixdən 27 yanvar 2022ci il tarixədək ölkə sərhədini Atara, Biləsuvar, X19 Məntəqələri istiqmətində cəmi 43 dəfə keçmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil, onun üzərindən narkotik vasitə aşkarlanmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə təhqiqat orqanına verdiyi izahatından və istintaq zamanı verdiyi ilkin ifadəsindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən narkotik vasitə olan “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 87-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 may 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X11 Şəxsindən daxil olmuş 07 iyun 2023-cü il tarixli, 8187 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 152-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsinin Ambulator X2 məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2023-cü il tarixli, 4480 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 azyaşlı övladı -xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 12 may 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 19-cu vərəqəsində olan 12 may 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 70-74-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli, 4(008)-385/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 may 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin sxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 6,926 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin sxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 6,926 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar