Məhkəmə qərarları › İş №1(101)-2023/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2023/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2023/2023 25.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ümumi orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, X4 küçəsi, ev 104-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,015 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 29 aprel 2023-cü il tarixdə saat 6:20 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində şübhəli olduğuna görə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 3,015 qram narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Vətən müharibəsi zamanı arxa cəbhədə xidmət etmişdir. Fərdi qaydada taksi sürücüsü işləmişdir. Narkotik vasitə istifadəçisidir. 29 aprel 2023-cü ildə səhər saat 6 radələrində yaşadığı evin həyətindəki otaqda dayısı oğlu X2 ilə birlikdə 0,5 qram metamfetamin qəbul edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, dörd nəfər polis əməkdaşı hasardan aşıb həyətə daxil olmuşlar. Bu vaxt falqada olan metamfetamin yerə dağılmışdır. Polislər onu Sabunçu RPİ-nin 14-cü PByə aparmışlar. Bölmədə onu döyüb işgəncə vermişlər. Nəticədə gözünün altı göyərmişdir. Bundan sonra məcbur olub, polislərin diktəsi ilə hərəkət etmiş, sonuncular tərəfindən üzərinə qoyulmuş və şəxsi axtarış keçirilərkən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Müstəntiqə ifadə verdikdən sonra sonuncu ona ifadəsini oxumuş və o, ifadəsini imzalamışdır. Həmin ifadəsini təsdiq etmir. İttiham aktında göstərilən heroin ona məxsus deyildir. Polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Üzərində yalnız elektron tərəzi olmuşdur. Həmin tərəzini metamfetamini qəbul edərkən çəkisini müəyyən etmək üçün üzərində gəzdirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 aprel 2023-cü il tarixdə saat 6:20 radələrində həmkarı Şahid2 Mais oğlu ilə Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində xidmətdə olmuşdur. Bu zaman sonradan adını bildikləri Təqsirləndirilən şəxs onları görüb uzaqlaşmaq istəmişdir. Sonuncunun hərəkətləri onlarda şübhə yaratmış, odur ki, həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs suallara qeyri dəqiq cavab vermiş və narkotik vasitələrin təsiri altında olmağına dair onlarda şübhə yaratmışdır. Odur ki, onu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Bölmədə video çəkiliş aparılmaqla təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Sonuncu əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü, bir ədəd elektron tərəzini, əynində olan göy rəngli idman şalvarının sol yan cibidən isə bir ədəd «İphone 6» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə heroin olduğunu, onu 28 aprel 2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 70 manata əldə etdiyini, elektron tərəzini isə narkotik vasitə alarkən aldanmamaq üçün çəkisini öyrənmək üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Tədbirin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol istirakçılara oxunuqdan sonra hamı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsir təzyiq göstərilməmişdir. Şəxsi axtarış zamanı sonuncu sərbəst şəkildə üzərində olan narkotik vasitə və elektron tərəzini çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mais oğlu ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 aprel 2023-cü il tarixdə saat 6:20 radələrində iş yoldaşı Şahid1la Sabunçu rayonu Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində xidmətdə olmuşdur. Həmin vaxt tanımadıqları bir nəfər şəxsin onları görüb, həmin yerdən uzaqlaşmaq istəməsi onlarda şübhə yaratmışdır. Həmin şəxsə yaxınlaşıb ona özlərini təqdim etmişlər. Saxladıqları şəxsin Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. Sonuncu suallara qeyri-dəqiq cavablar verdiyindən onun narkotik maddə təsiri altında olduğunu zənn etmişlər. Odur ki, onu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə onların iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir şəffaf sellofan bükülü, bir ədəd elektron tərəzi, şalvarının sol yan cibindən isə bir ədəd «İphone 6» markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə heroin olduğunu, onu 28 aprel 2023-cü il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 70 manata əldə etdiyini, elektron tərəzini isə narkotik vasitə alarkən aldanmamaq üçün çəkisini öyrənmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və elektron tərəzi onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Tədbirin nəticəsinə dair protokol tərtib edilmiş, istirakçılara oxunuqdan sonra hamı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsir-təzyiq göstərilməmişdir. İşin 23-24-cü vərəqələrindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 29 aprel 2023-cü il tarixdə saat 6:20 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində narkotik vasitələrin maddələrin saxlanılması və qəbulunda şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İşin 46-cı vərəqindəki baxış keçirilməsi barədə protokoldan görünür ki, bir ədəd diskdə olan 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən qeydə alınmış videogörüntülərə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimdə olan şəxs və mülki geyimdə olan şəxslər görüntüyə gəlir. Polis mayoru xüsusi geyimində olan şəxs özünü Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısı Ramin Güləliyev kimi təqdim edir və Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 29 aprel 2023-cü il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 Mais oğlu və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X1 Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü, bir ədəd elektron tərəzini, əynində olan göy rəngli idman şalvarının sol yan cibidən isə bir ədəd «İphone 6» markalı mobil telefonu təqdim edir. Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin maddəni 28 aprel 2023-cü il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 70 manata əldə etməsini, elektron tərəzini isə narkotik vasitə alarkən aldanmamaq üçün çəkisini çəkmək üçün üzərində saxlayaraq gəzdirməsini bildirir. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 30-34-cü vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2023-cü il tarixli 6/2489 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün № 100» dairəvi möhür əksi olan iki ədəd ədəd zərfdə olan: üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,015 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd gümüşü rəngli elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı l) daxildir. İşin 104-105-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 may 2023-cü il tarixli 3093 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 47-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «İphone 6» markalı ***-***-**-** saylı abonent nömrəsi ilə istifadə olunmuş mobil telefonun yaddaşında olan məlumatlara baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən mesaj, whatsapp yazışmaları və telefon zəngləri müəyyən edilməmişdir. İşin 90-92-ci vərəqindəki protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə edilmiş telefon danışıqlarına dair məlumata baxış keçirilərkən istintaq üçün əhəmiyyət kəsb edən məlumat əldə edilməmişdir. İşin 103-cü vərəqindəki Sabunçu RPİ-nin 14-cü PB-nə ünvanlanmış əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. İşin 106-111-ci vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,015 (ekspertiza tədqiqatından sonra qalıq 2,965) qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və onun üzərində şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış, disk cinayət işinə əlavə edilmiş, narkotik vasitə və elektron tərəzi saxlanılması üçün Sabunçu RPİ-yə təhvil verilmişdir. İşin 75-ci vərəqindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 12-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 69-71-ci vərəqlərindəki Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, 30 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub və Təqsirləndirilən şəxs tibbi kitabçasının surətindən görünür ki, təqsirləndirilən şəxs 1 may 2023-cü il tarixdə təcridxanaya daxil olarkən sorğu zamanı həbs edilməmişdən əvvəl xəsarət almadığını bildirmiş və baxış zamanı dəri səthində xəsarət izi aşkar edilməmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham özünü təqsirli bilməyərək saxlanılarkən üzərində narkotik vasitə heroin olmadığını, ittiham aktında qeyd edilən narkotik vasitə heroinin polis əməkaşları tərəfindən üzərinə qoyulduğunu, təzyiq altında həmin narkotik vasitəni şəxsi axtarış və götürmə zamanı çıxarıb təqdim edərək, özünə məxsus olmasını dediyini göstərdi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi və məhkəmədə tədqiq edilmiş etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar, Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlər və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə ifadəsinə tənqidi yanaşır, cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və biri digərini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,015 (ekspertiza tədqiqatından sonra qalıq 2,965) qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə şəxsi axtarışın keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 150 (yüz əlli) manat onun işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,015 (ekspertiza tədqiqatından sonra qalıq 2,965) qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Onun üzərinə şəxsi axtarışın keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 150 (yüz əlli) manat pul onun işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar