Məhkəmə qərarları › İş №1(101)-2027/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2027/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2027/2022 21.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədilə qanunsuz olaraq naməlum mənbədən ümumi təmiz çəkisi 125,183 qram, yəni, külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin NMB-nin və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 19 iyul 2022-ci il tarixdə saat 11:20-də ünvan 1 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,530 qram, 16,965 qram, 23,379 qram, 9,207 qram, 19,189 qram, 14,777 qram, 16,031 qram və 8,105 qram olmaqla, ümumi təmiz çəkisi 125,183 qram qəhvəyi rəngli maddələr, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan mavi rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edir. Narkotik vasitənin heroin növündən istifadə edir. 5-10 manata alırmış. Narkotiki tanımadığı şəxslərdən alırmış. Narkotikə pulu atasından, anasından alırmış. 16 iyul 2022-ci il tarixdə səhər saat 8-30 radələrində Suraxanı rayon polis idarəsində şöbə rəisi işləyən Anar və digər şəxslər yaşadıqları evə girmişlər. Həmin vaxt atası, anası, qardaşı da evdə olmuşlar. Onu özləri ilə idarəyə aparmışlar. Orada onu döymüşlər. Ona 6 büküm vermişlər, Anar demişdir ki, 7 büküm versinlər. Gedib yaxınlıqdan bir tərəzi də alıb gətirmişlər və ona verilən narkotikdən də tərəziyə sürtmüşlər ki, izi qalsın. Onu döyüb sonra videoçəkiliş etmişlər. Demişlər ki, narkotikin ona məxsus olmasını deməlidir, yoxsa gedib evindən də narkotik vasitə aşkar edəcəklər. O da məcbur olub videoçəkiliş zamanı etiraf etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, videoçəkiliş zamanı vəkili olmamışdır. Yazmışlar ki, guya o vəkildən imtina etmiş, o vəkildəln imtina etməmişdir. Axşam saat 8-də vəkili gəlmişdir. X4 aparanda üzərində xəsarət olmuş, lakin yazmışlar ki, xəsarəti olmamışdır. Axşama qədər onu döymüşlər, ona görə də bütün sənədləri o imzalamışdır. Onu döyən şəxslər Anar, Əli və Səyavuş olmuşlar. Elan olunmuş cinayət işinin 30-31-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolu təsdiq etmir, onu döymüşlər, ona görə də oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmu, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 32-33-cü vərəqələrində olan izahatında, 51-52 və 68-69-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs oğlu aşağıdakıları göstərmişdir: «... 19 iyul 2022-ci il tarixdə İİR-nın vətəndaşı olduğunu bildiyi, adını və ünvanını bilmədiyi şəxsdən onlayn qaydada öz şəxsi istifadəsi üçün və bəzən də tanışlara satmaq və ya pay vermək üçün hər qramına 20 manat pul ödəməklə 08 ədəd büküm heroin almışdır. 19 iyul 2022-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və onu yaxınlıqda olan Suraxanı RPİ-nə gətirərək təhvil vermişlər. Pİ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində, yəni əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 08 ədəd sellofan bükümü və əynindəki şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, həmçinin əynindəki şalvarın sağ arxa cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. ...Arada bir narkotik maddələrin satışı ilə məşğul olmuş, lakin daha çox öz istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Yuxanda qeyd etdiyi narkotik vasitələri də həm öz istifadəsi üçün, həm də arada bir tanışlara satmaq və ya pay vermək niyyəti ilə əldə etmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatı və ifadələri təsdiq etmir, imzalar onun imzasıdır, oxumadan imza etmişdir. Onu səhərdən axşama qədər döymüşlər, nə sənəd deyiblər oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 31-ci PŞ-də əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs oğlunun qanunsuz narkotik vasitələri əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə 19 iyul 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 iştirak etmişlər. Həmin gün saat 11:20 radələrində ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs oğluna yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs oğlu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. İdarənin xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs oğluna üzərinə şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs üstündə hər hansı qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 8 ədəd şəfaff sellofan büküm içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddəni, həmin şalvarın digər yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu və həmin şalvarın sağ arxa cibindən 1 ədəd elektron tərəzini çıxarab könüllü təqdim etmişdir. Sorğu zamanı bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni adını və anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından onlayn qaydada 1 qramını 20 manata aldığını, şəxsi istifadəsi və satmaq məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər, 01 ədəd elektron tərəzi və 01 ədəd «Samsung» markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsi evindən götürməmişlər. Təqsirləndirilən şəxsdə tərəzi olmuşdur. Təqsirləndirilən şəxsə heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxsin evinə gəlməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru Anar İbrahimovun 19 iyul 2022ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq narkotik vasitələrin satışı, saxlaması və istifadə etməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Neymətovun 19 iyul 2022-ci il tarixli, Ə193-096-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq narkotik vasitələrin satışı, saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 19 iyul 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin satışı, saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 23-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs oğlunun 19 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq üzərində şəxsi axtarış və götürməni müdafiəçisinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs oğluna paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sol yan cibindən 8 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, həmin şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və həmin şalvarın arxa cibindən 1 ədəd tərəzi çıxarıb təqdim etmişdir. Aşkar edilmiş bükümlər, tərəzi və mobil telefon qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İİR vətəndaşı olan şəxsdən onlayn vasitəsilə 1 qramı 20 manata almış, öz şəxsi istifadəsi və ara-sıra tanışlara sataraq paylaması üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “One plus 9” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 38-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli 6/3927 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 195” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: -üzərində “Vətəndaş Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 17,530 qram, 16,965 qram, 23,379 qram, 9,207 qram, 19,189 qram, 14,777 qram, 16,031 qram, 8,105 qram, ümumi təmiz çəkisi 125,183 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponet tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində“Vətəndaş Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və 8 ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin 53-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 iyul 2022-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun 19 iyul 2022-ci il tarixldə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Suraxanı RPİ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs oğluna hüquq və vəzifələri izah edilərək, üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs oğlu əynindəki mavi rəngli cins şalvarın sol yan cibindən 8 ədəd şəffaf sellofan büküm içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddəni, həmin şalvarın sağ yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu və həmin şalvarın sağ arxa cibindən 1 ədəd elektron tərəzini çıxarıb könüllü təqdim edərək, 08 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini həmin 19 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından onlayn qaydada 1 qramını 20 manata aldığını və şəxsi istifadəsi və satmaq məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs oğlunun təqdim etdiyi 08 ədəd bükümdəki kütlə, 01 ədəd elektron tərəzi və 01 ədəd «Samsung» markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Cinayət işinin 55-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyul 2022-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş bir ədəd «Samsung» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 104-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci Polis Bölməsindən daxil olmuş 16 oktyabr 2022-ci il tarixli, 18295- 1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 118-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 04 noyabr 2022-ci il tarixli cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün İran İslam respublikasının vətəndaşı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs oğlu özünü təqsirli bilməyərək, narkotik vasitənin istifadəçisi olduğunu, onda narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyü üçün istintaq zamanı fərqli ifadə verdiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası DİNnin Suraxanı RPİ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün Bakı şəhəri, Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Prokurorluğundan 12 dekabr 2022-ci il tarixli, 983-x-22 saylı məktubla daxil olmuş, Bakı Şəhəri Suraxanı Rayon Prokurorluğunun müstəntiqi, kiçik ədliyyə müşaviri Salmanov Elçin rahib oğlunun 19 sentyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun Suraxanı RPİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı göstərilən xüsusatlarda cinayət hadisəsi olmadığından, 316 C-22 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, Təqsirləndirilən şəxs oğlu üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış zamanı, həmçinin, istintaq zamanı vermiş olduğu ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni İİR-nın vətəndaşından aldığını, həmçinin ara-sra tanışlarına da həmin narkotik vasitədən pul ilə verdiyini bildirmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 88-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu olmamışdır. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsindən daxil olmuş 17 avqust 2022-ci il tarixli, 7523 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlu arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 daxil olmuş 23 avqust 2022-ci il tarixli, 1/2492 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlu son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 saylı X2 müraciət etməmişdir. Cinayət işinin 105-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin 06 oktyabr 2022-ci il tarixli 5816 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs oğlunda narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs oğluna ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 19 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 25-ci vərəqəsində olan 19 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 82-85-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 4(010)-438/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbsetmənin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən şəxsi axtarış zaman aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 124,863 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Cinayət işinin 107-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 04 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş bir ədəd «Samsung» markalı mobil telefonun Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs oğluna məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən şəxsi axtarış zaman aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 124,863 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi məhv edilsin. 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar