Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2028/2023 02.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Tərcüməçi – X1, Müdafiəçi – Bakı şəhəri “MƏRKƏZ” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.3 -cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Həmin cinayət işi 21 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə başlanmışdır. Cinayət işindəki sənədlərə əsasən işin başlanılmasına əsas və səbəb Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 20 aprel 2023-cü il tarixdə, saat 18:30-da ünvan 2 ünvanın qarşısında saxlanılıb Nəsimi rayon Polis İdarəsinə gətirilərək orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 1 bükümdə təmiz çəkisi 12,173 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilməsi faktı əsasında Təhqiqat şöbəsində toplanmış material olmuşdur. Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Zaur Hacızadə tərəfindən şübhəli şəxs qismində tutulmuş, 22 aprel 2023-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən ********* saylı cinayət işi icraata qəbul edilmiş, 12 avqust 2023-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş üzrə ittiham aktı 21 avqust 2023-cü il tarixdə təsdiq edilərək cinayət işi 21 avqust 2023-cü il tarixli məktubla baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin məhkəmə baxışının məhz bu məhkəməyə aid olduğunu, aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozulmasının aşkar olunmadığını, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi, eləcə də cinayət işinin materiallarında sübut kimi yolverilməz materiallarının olmadığı üçün hər hansı bir sübutun məhkəmə baxışından xaric edilməsinə əsasların olmadığını bildirərək təqsirləndirilən şəxs haqqında olan cinayət işinə məhkəmə iclasında baxılması üçün kifayət qədər əsaslar olduğundan, işin məhkəmə baxışına təyin olunub, açıq məhkəmə iclasında baxılmasını, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Müdafiəçi1 bildirmişdir ki, ibtidai istintaq zamanı hüquqlarını müdafiə etdiyi şəxsin hüquqları kobud şəkildə pozulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan dilində yaxşı başa düşmədiyini, rus bölməsində oxuduğunu qeyd edərək onun ibtidai istintaq zamanı tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulmuşdur. Deyilənlərin nəzərə alınaraq cinayət işinin baxılmasına xitam verilməklə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarın qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla cinayət işinin materiallarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması müəyyən olunmuşdur. Qeyd olunan pozuntular Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş pozuntulardır və onlar cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün birbaşa əsaslardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəmə həmin kobud pozuntulara yol verilməsi hallarını şərh edərək qeyd edir ki, ibtidai araşdırma mərhələsində tərcüməçi ilə təmin olunmayan təqsirləndirilən şəxs adından Azərbaycan dilində tərcüməçinin köməyindən imtina etməsi barədə ərizə şəxsin özü tərəfindən əlyazma formasında deyil, kompüterdə tərtib olunaraq imzaladılmışdır (cild 1, iş vərəqə 11). Bundan başqa müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş, Bakı şəhəri, M.Müşfiq adına 18 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 626889 saylı şəhadətnamədən ki, Təqsirləndirilən şəxs 2016-ci ildə 18 saylı tam orta məktəbi rus bölməsində bitirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məhkəməyə daxil olmuş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 saylı tam orta məktəbdə rus bölməsi üzrə təhsil aldığı aşkar olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 99.2-ci maddəsinə əsasən tərcüməçi cinayət mühakimə icraatının aparıldığı dili sərbəst bilməklə yanaşı, tərcümə olunan dili də sərbəst bilməlidir. Hakim, prokuror, müstəntiq, təhqiqatçı, müdafiəçi, nümayəndə və prosesin digər iştirakçıları, hal şahidləri, məhkəmə iclasının katibi, ekspert və şahid tərcümə edilən dilləri bilsə də, üzərinə tərcüməçi vəzifəsini götürməməlidirlər. Cinayət işinin bütün materialların məcmusunu nəzərdən keçirməklə, məhkəmə cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması faktını hazırkı vəziyyətdə mübahisəsiz hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, konkret hallarda həmin məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində ibtidai istintaq mərhələsində həbs qətimkan tədbiri seçilmiş, sonradan həbsdə saxlama müddəti bir dəfə uzadılmışdır. Məhkəmə həmin məsələ ilə bağlı müzakirə apararaq belə qərara gəlir ki, iş üzrə təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti 3 ay uzadılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.1-ci, 303.3.2-ci, 303.4-cü, 306.2, 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 3 (üç) ay müddətinə uzadılsın. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin). Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-2028/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2028/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver