Məhkəmə qərarları › İş №1(101)-203/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-203/2020

07.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-203/2020 07.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x9 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx.xx.1974-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 D ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsind həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin yanvar ayında telefon vasitəsi ilə şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə razılığa gələrək qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq Azərbaycan Respublikasında satışını həyata keçirmək məqsədi ilə onun sifarişinə əsasən cinayətkar qrupun İran İslam Respublikasının Təbriz şəhərində olan, müəyyən edilməmiş üzvü külli miqdarda, tərkibindəki alprazolam psixotrop maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən, hər konvalyutda 10 həb olmaqla, 20 konvalyutda 200 həb “Alprazolam 0,5 mq” və 20 konvalyutda 200 həb “Xanax Alprazolam 0,5 mq” göstəricili dərman preparatlarını müəyyən edilməmiş mənbədən tamah niyyəti və satış məqsədi ilə qəsdən əldə etmiş, bir qəbildən olan malları digər şəklə salmaqla, yəni “Xanax Alprazolam 0,5 mq” göstəricili dərman preparatlarının 14 konvalyutunu hərəsində 7 konvalyut olmaqla, üzərində “Zipmet” yazısı olan 2 ədəd dərman qutusunda, 6 konvalyutunu “Co-Amoxiclav” yazısı olan 1 ədəd dərman qutusunda, “Alprazolam 0,5 mq” göstəricili dərman preparatlarının 10 konvalyutunu isə “Celecoxib 200” yazısı olan 1 ədəd dərman qutusunda qablaşdırıb “Alprazolam 0,5 mq” göstəricili dərman preparatlarının qalan 10 konvalyutunu isə öz qutusunda digər dərman preparatları ilə birlikdə bir sellofan torbaya yerləşdirib saxlamış, Azərbaycan Respublikasına gətirib Sumqayıt şəhərində ona çatdırması üçün 25 yanvar 2019-cu ildə Təbriz şəhərində şəkər dərmanı adı ilə cinayətlərin törədilməsindən xəbərsiz olan Azərbaycan Respublikasının vətəndaşı Şahid11 verərək sonuncunun müşayiət etdiyi çantada daşınmasına və 25 yanvar 2019-cu il tarixdə, saat 14 radələrində, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və düzgün bəyan edilməməklə, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, gömrük nəzarəti zamanı qeyd edilən psixotrop tərkibli dərman preparatları Şahid11 çantasından aşkar edilib götürülmüş və əməliyyat tədbirləri davam etdirilərək 26 yanvar 2019-cu il tarixdə, saat 17 radələrində ünvan 2 ünvanında yerləşən “Cafe Park” kafesində həmin psixotrop tərkibli dərman preparatlarını Şahid11 təhvil alarkən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa o, istintaqla müəyyən edilməmiş tarixdə, yerdə və mənbədən quru maddəsinin çəkisi 0,03 qram təşkil edən, şəxsi istehlak miqdarından artıq miqdarda metadon narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və 26 yanvar 2019-cu il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirilib saat 18 radələrində üzərində şəxsi axtarış aparılan zaman qeyd edilən narkotik vasitə ondan aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o əvvəllər “N” saylı hərbi hissədə zabit işləmişdir. Başından travma aldığı üçün güclü ağrıları olurmuş. Əvvəllər Bakı şəhərində 1sayl ruhi əsəb xəstəxanasında Nihad adlı həkim onu müalicə edirmiş. Nihad həkimin yazdığı dərmanların satşı Bakı şəhərində qadağan olunduğundan və o həmin dərmanları tapa bilmədiyi üçün 2 il əvvəl həmin dərmanları almaq üçün İİR-nın Təbriz şəhərinə getmişdir. Orada əvvəldən tanıdığı Rəsul adlı İİR-nın vətəndaşı ilə birlikdə Təbriz şəhərindəki Şərifzadə küçəsində yerləşən Ruzi xəstəxanasına getmişlər. Həmin xəstəxanada həkim ona resept yazaraq alprazolam adlı dərman qəbul etməsini bildirmişdir. O qeyd edilən dərmandan 3 qutu almış və onu gömrükdən bəyan edib Azərbaycana keçirmişdir. Sonralar isə onun Dəmirbanka borcu olduğuna görə sərhəddən keçməsinə qadağa qoyulmuş və İİR-na getmək mümkün olmadığından Rəsuldan Azərbaycana gələn olarsa resept əsasında həmin dərmanlardan göndərməsini xahiş etmişdir. Bəzən Rəsul dərmanları gec göndərəndə ona əsəbləşib hirslənmiş, söyüq məzmunlu SMS-lər də yazmışdır. Həmişə lazım olduqda Rəsula vatsap proqramında mesaj yazıb ona qeyd edilən dərmanları göndərməsini demişdir. 22 yanvar 2019-cu il tarixdə Rəsuldan İİR-dan ona “Zipmet” adlı dərman göndərməsini, həmçinin 1 ədəd konvalyutda 10 həb, 1 qutuda 10 konvalyut və hər konvalyutda 10 həb, 1 qutuda 5 konvalyut alprazolam dərmanı göndərməsini xahiş etmişdir. Rəsul da qeyd edilən dərmanları ona göndərəcəyini bildirmişdir. 25 yanvar 2019-cu il tarixdə Rəsul istifadəsində olan +**********33 saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib həmin dərmanları Qabil adlı Sumqayıt şəhər sakini ilə göndərdiyini bildirmişdir. 26 yanvar 2019-cu il tarixdə, saat 16 radələrində ona başqa bir mobil nömrədən zəng edib Rəsulun göndərdiyi dərmanların həmin şəxsdə olduğu bildirilmişdir. Sonradan bilmişdir ki, ona zəng edən Qabil yox, ibtidai araşdırmanı aparan müstəntiq Ülvü Əliyev olmuşdur. Həmin şəxs Bakı şəhər Yasamal rayonunda yerləşən “Cafe Park” adlı kafeyə gəlməsini bildirmişdir. O da qeyd edilən dərmanları götürmək üçün həmin yerə getmiş, sonradan adını bildiyi müstəntiq Ülvü Əliyev və Qabilin eyni masanın arxasında oturmasını görmüşdür. O da onların oturduğu masada əyləşmişdir. Ülvü dərmanlar olan sellofan torbanı onunla Qabilin arasına qoymuş və İrandan göndərildiyini demişdir. O da qalxıb çayın pulunu vermək istəyəndə bir nəfər şəxs üstünə düşüb onu saxlamışlar. Sonradan məlum olmuşdur ki, torbada əlavə dərmanlar olmuşdur. Həmin əlavə dərmanları o, sifariş etməmiş və ona aid olmamışdır. O heç vaxt həmin dərmanları başqa şəxslə satmamış, ancaq özü istifadə etmişdir. Bundan başqa o, 26 yanvar 2019-cu il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsində üzərində müəyyən edilmiş metadon narkotik vasitəsini şəxsi istifadəsi üçün üzərində saxlamış, 18 radələrində üzərində şəxsi axtarış aparılan zaman qeyd edilən narkotik vasitə ondan aşkar edilərək götürülmüşdür. Məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadələr arasında ziddiyət olduğu üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə məhkəmədə elan edilmişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirmişdir ki, əvvəllər “N” saylı hərbi hissədə kapitan rütbəsi ilə tabor komandirinin müavini vəzifəsində işləmiş, sonradan işlədiyi hərbi hissədə əsgər rəhmətə getdiyindən onu tutduğu vəzifədən azad etmişlər. Hazırda ət satışı ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. 2007-ci ildə oğlu dünyaya gəlmiş, sonradan ona düzgün peyvənd vurmadıqlarından 2 il xəstəxanada qaldıqdan sonra anasının qucağında rəhmətə getmiş, bundan sonra həyat yoldaşı x4 depressiyaya düşmüş və onda psixoloji xəstəlik yaranmışdır. Onu müalicə olunması üçün Bakı şəhərində bir neçə yerə aparsalar da nəticəsi olmamış, lakin həkim xəstəliyi kəskinləşəndə qəbul etməsi üçün “Finezepam”, “Çikladol”, “Lirika” adlı dərmanlar yazmışdır. Əvvəllər həmin dərmanları Bakı şəhərindəki apteklərdən tapa bilsə də, sonradan tapa bilməmiş və həkimlər də qeyd edilən dərmanları İİR-da tapmağın mümkün olduğunu bildirmişlər. Odur ki, təxminən 1 il 6 ay bundan əvvəl həmin dərmanları almaq üçün İİR-nın Təbriz şəhərinə getmiş, orada əvvəlcədən tanıdığı Rəsul adlı İİRnın vətəndaşı ilə birlikdə hazırda adı yadından çıxan xəstəxanaya getmişdir. Xəstəxanada həkimə yoldaşının psixoloji xəstə olduğunu bildirmiş və həkim resept yazaraq ona alprazolam adlı dərman qəbul etməsini məsləhət görmüşdür. O da qeyd edilən dərmandan 3 qutu almış və onu gömrükdən bəyan edib Azərbaycana keçirmişdir. Hər dəfə İİR-na getmək mümkün olmadığından Rəsuldan Azərbaycana gələn olduqda resept əsasında həmin dərmanlardan göndərməsini xahiş etmiş, odur ki, hər dəfə lazım olduqda Rəsula vatsap proqramında mesaj yazıb ona qeyd edilən dərmanları göndərməsini xahiş etmiş, o da Azərbaycana gələn olduqda həmin dərmanları göndərmiş və Rəsul ona həmin şəxsin mobil telefon nömrəsini vermiş, o da həmin şəxslə görüşüb onları qəbul etmişdir. 22 yanvar 2019-cu il tarixdə bacısı Rübabə şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün İİR-dan ona “Zipmet” adlı dərman gətirməyini xahiş etdiyindən Rəsula “Zipmet” adlı dərman gətirməsini, həmçinin 1 ədəd konvalyutda 10 həb, 1 qutuda 10 konvalyut və hər konvalyutda 10 həb, 1 qutuda 5 konvalyut alprazolam dərmanı göndərməsini xahiş etmişdir. O da qeyd edilən dərmanları ona göndərəcəyini bildirmiş, 25 yanvar 2019-cu il tarixdə Rəsul istifadəsində olan +**********33 saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib həmin dərmanları Qabil adlı Sumqayıt şəhər sakini ilə göndərdiyini bildirib onun istifadəsində olan mobil nömrəsini, yəni ***-***-**-** saylı mobil nömrəni ona vermişdir. Saat 17-18 radələrində dərmanları harada görüşüb götürməyi ilə əlaqədar həmin mobil nömrəyə zəng vursa da həmin mobil nömrə zənglərə cavab verməmiş, 26 yanvar 2019-cu il tarixdə, saat 16 radələrində ona başqa bir mobil nömrədən zəng edib Rəsulun göndərdiyi dərmanların həmin şəxsdə olduğu bildirilmiş və Bakı şəhər Yasamal rayonunda yerləşən “Cafe Park” adlı kafeyə gəlməyini bildirmişlər. O da qeyd edilən dərmanları qəbul etmək üçün həmin yerə getmiş və dərmanlar olan sellofan torbanı qəbul etmiş, çölə çıxdıqda isə gömrük əməkdaşları onu saxlamışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, psixotrop maddələri əldə etməyin, saxlamağın, daşımağın, gömrükdən keçirməyin cinayət olduğunu bilmiş, lakin həmin dərmanı resept əsasında əldə etdiyindən hər hansı bir qanun pozuntusuna yola vermədiyini düşünmüşdür. Reseptdə 100 ədəd alprazolam qeyd edildiyindən Rəsul isə artıq göndərdiyindən onları gömrükdə saxlamasınlar deyə artıq olan hissəni başqa dərman qutusuna qoymuşdur. Rəsul hər dəfə dərmanı göndərmək üçün adam tapa bilmədiyindən bu dəfə çox göndərməsini bildirmişdir. Mobil telefonuna baxış keçirilərkən 17.01.2019-cu il tarixdə, saat 12:47-də “x14”adlı şəxsə “sən nə oldu, qonağın çıxmadı bu gün, bəs dedin ordan bu yana qonağın yoxdu gələn, tabletkaları göndərdim sənə, baxdın paçkalara? Gördün yazılıb akineton aşağıda yazılıb biperiden. Elə bil göndər adresi danışım, görüm nədir nə deyil, pul göndərim, bu ayın axırına, aşağısı deyirəm sənə da, elə bil aşağısı, bir, iki, üç, dörd, beş, altı, səkkiz paçka xarici, səkkiz paçka, otuz dənə də ondan gəlməlidir, sroçnu gəlməlidir. Enitrakson da gəlməlidir, o birilər, evdəkilər də sroçnu gəlməlidir, lazımdır uje mənə, buraxma da boş, Sabirabada gedir, hara gedir, cəhənnəmə gedir. Ver ona getsin, Sabirabaddan göndərəcək taksi ilə götürəcəm. Olsun da qıraq yer, fərqi nədir. Gətirəcək, mən zəng eliyərəm deyərəm ay qardaş taksi ilə göndər Bakıda götürəcəklər. İstəyir Afrikaya getsin fərqi nədir” məzmunlu mesajda xarici dedikdə “alprazolam”ı, ondan dedikdə isə “akinetonu” nəzərdə tutmuşdur. Saxlanılarkən ondan aşkar edilən üzərində “Zipmet 1000/50 N150”, “Xanax N100”, arxa tərəfində Nəriman sözləri yazılan, üzərində “İlham Aliyev”, “Akinton 100”, “Biperiton 500”, “Zipmet 300” və üzərində “Syrp Almy” sözləri yazılan reseptlərdə qeyd edilən dərmanları ona Rəsul İİR-dan göndərmişdir və onları Bakı şəhərində görüşüb qəbul etmişdir. Həmin reseptlərin üzərində olan adam adları onları gətirən şəxslərin adları olmuş, gömrükdən keçirdikdə hər hansı bir problemlə qarşılaşmasınlar deyə Rəsul reseptdə həmin şəxslərin adını qeyd etmişdir. Reseptləri isə yadından çıxdığı üçün üzərində daşımışdır. Əvvəllər heroin narkotik vasitəsindən istifadə etmiş və onda asılılıq yaranmışdır. Hazırda isə narkotik vasitələrdən asılılığına son qoymaq üçün alprazolam psixotrop maddəsindən istifadə edir. İİR-dan gətirdiyi alprazolam dərmanlarından hərdənbir dost-tanışa da öz qiymətinə satmışdır. Şahid11 tanımamış, kim olduğunu da bilməmişdir. Həmin şəxslə qeyd edilən dərmanların İİR-dan Azərbaycana gətirilərək ona çatdırılması ilə bağlı aralarında heç bir sövdələşmə olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin təzyiq altında verməsini göstərmişdir. O eyni zamanda etdiyi əməldən peşman olmasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 yanvar 2019-cu il tarixdə iş bölgüsünə əsasən Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn sərnişinlərə gömrük nəzarətini həyata keçirmiş, həmin gün saat 14 radələrində vəzifə borcunu yerinə yetirərkən Azərbaycan Respublikası vətəndaşları Şahid11 və Şahid7 gömrük nəzarəti həyata keçirilən salona daxil olub gömrük nəzarətindən keçməyə başlamışlar. Şahid11 özü ilə gətirdiyi yükləri rentgen qurğusuna qoymuş, yüklər rentgen qurğusundan keçdiyi zaman onunla birgə xidmətdə olan Cənub Ərazi Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin inspektoru x1 Qabil Məzahim oğluna məxsus olan 1 ədəd şəffaf sellofan torbanın içərisində dərman preparatlarının təsvirinə oxşar predmetlərin olduğunu müşahidə etdiyini bildirib onun əl yüklərini yoxlamağını ondan xahiş etmişdir. Bundan sonra o, Şahid11lə şifahi sorğu-sual aparıb onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olubolmamasını soruşmuş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq yazılı qaydada bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Ona məxsus bir ədəd sellofan torbanın içərisində nə olduğunu soruşduqda Şahid11 həmin sellofan torbada dərman olduğunu, Sumqayıt şəhərində yaşayan Seyid adlı bir şəxsə çatdırması üçün İİR-da bir şəxs tərəfindən ona verildiyini bildirmişdir. Sonra dəvət edilmiş hal şahidlərinin iştirakı ilə onun əl yüklərinə baxış keçirmiş, baxış zamanı ona məxsus 1 ədəd şəffaf sellofan torbanın içərisində 1 qutu üzərində “Alprazolam 0,5”, 1 qutu üzərində “Celecoxib 200- Exir”, 1 qutu üzərində “Co-Amoxiclav”, 5 qutu üzərində “Zipmet”, 2 qutu üzərində “Bıperıden 2” və 2 ədəd üzərində “Clobetasol 0,05%” sözləri yazılmış dərman preparatlarının olduğu məlum olmuşdur. Həmin dərman qutuları açıldıqda üzərində “Alprazolam 0,5” yazılmış qutudan içərisində hər birində 10 həb olmaqla cəmi 10 konvalyut, üzərində “Alprazolam 0,5” sözləri yazılmış, üzərində “Celecoxib 200-Exir” yazılmış qutudan hər birində 10 həb olmaqla cəmi 10 konvalyut, üzərində “Alprazolam 0,5” sözləri yazılmış, üzərində “Co-Amoxiclav” yazılmış qutudan hər birində 10 həb olmaqla cəmi 6 konvalyut, üzərində “Xanax 0,5 mg Alprazolam” sözləri yazılmış, üzərində “Zipmet” yazılmış 5 ədəd qutunun 3 ədədinin içərisindən adına uyğun, digər 2 ədədinin içərisindən hər konvalyutda 10 həb, hər birində 7 konvalyut olmaqla cəmi 14 konvalyut üzərində “Xanax 0,5 mg Alprazolam” sözləri yazılmış, 2 qutu üzərində “Bıperıden 2” yazılmış qutulardan hər birində 10 konvalyut olmaqla cəmi 20 konvalyut adına uyğun dərman preparatları və 2 ədəd üzərində “Clobetasol 0,05%” yazılmış maz aşkar edilmişdir. Sonra zərurət yarandığından Şahid11 üzərində qanunauyğun olaraq şəxsi yoxlama aparmış, şəxsi yoxlama zamanı onun üzərindən qanunla qadağan edilmiş heç nə aşkar edilməmişdir. Daha sonra Şahid11 ilə birlikdə gələn Şahid7 gətirdiyi əl yüklərinə baxış keçirmiş, lakin onun əl yüklərindən qanunla qadağan olunmuş, gömrük nəzarətinə bəyan edilməyən hər hansı bir predmet aşkar edilməmişdir. Sonda Şahid11 əl yüklərindən aşkar edilən dərman preparatları tərəflərindən götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun qarşısında fəhləlik edərək ailəsini dolandırır. 25 yanvar 2019-cu il tarixdə günorta radələrində fəhləliklə məşğul olan zaman Vüsal adlı gömrük işçisi onu və onunla birlikdə orada fəhləlik edən Şahid3 şöbənin yoxlama xəttinə dəvət edərək bir nəfərin əl yüklərinin yoxlanılacağını bildirmiş və onların həmin yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Gömrük əməkdaşı onlara hal şahidi qismində hüquq və vəzifələrini izah etmiş, sonra gömrük əməkdaşı şəxsiyyəti orada onlara məlum olan Azərbaycan Respublikasının vətəndaşı Şahid11 əl yüklərini yoxlamış, həmin yüklərin yoxlanılması zamanı 1 ədəd şəffaf sellofan torbanın içərisindən 1 qutu üzərində “Alprazolam 0,5”, 1 qutu üzərində “Celecoxib 200-Exir” 1 qutu üzərində “Co-Amoxiclav”, 5 qutu üzərində “Zipmet”, 2 qutu üzərində “Bıperıden 2” və 2 ədəd üzərində “Clobetasol 0,05%” sözləri yazılmış dərman preparatlarının olduğu məlum olmuş, həmin dərman qutularına açılaraq baxıldıqda üzərində “Alprazolam 0,5” yazılmış qutudan hər birində 10 həb olmaqla cəmi 10 konvalyut, üzərində “Alprazolam 0,5” sözləri yazılmış, üzərində “Celecoxib 200-Exir” yazılmış qutudan hər birində 10 həb olmaqla cəmi 10 konvalyut üzərində “Alprazolam 0,5” sözləri yazılmış, üzərində “Co-Amoxiclav” yazılmış qutudan hər birində 10 həb olmaqla cəmi 6 konvalyut üzərində “Xanax 0,5 mg Alprazolam” sözləri yazılmış, üzərində “Zipmet” yazılmış 5 qutunun 3 ədədinin içərisindən adına uyğun, digər 2 ədədinin içərisindən isə hər birində 7 konvalyut olmaqla cəmi 14 konvalyut üzərində “Xanax 0,5 mg Alprazolam” sözləri yazılmış, üzərində “Bıperıden 2” yazılmış 2 ədəd qutudan hər birində 10 konvalyut olmaqla cəmi 20 konvalyut adına uyğun dərman preparatları və 2 ədəd üzərində “Clobetasol 0,05%” yazılmış maz aşkar edilmişdir. Sonra gömrük işçisi Şahid11 üzərini də onların iştirakı ilə yoxlamış, lakin onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Sonda Şahid11 məxsus sellofan torbadan aşkar edilən dərmanlara dair protokol tərtib edilmiş, onlar da protokolla tanış olub onu imzalamışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş x8 ifadəsində göstərmişdir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin rəis müavini vəzifəsində işləyir. 26 yanvar 2019-cu il tarixdə Baş İdarənin istintaq və təhqiqat idarəsindən əməliyyat idarəsinə əməliyyat tapşırığı daxil olmuş, həmin əməliyyat tapşırığında 25 yanvar 2019-cu il tarixdə, saat 14 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı Şahid11 Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” Gömrük Postunda gömrük nəzarətindən keçərkən əl yükündən külli miqdarda, 400 həb alprazolam psixotrop maddəsinin aşkar edilərək götürülməsi və Şahid1 Məzahim oğlu ifadəsində qeyd edilən dərmanların İİR-da Rəsul adlı şəxs tərəfindən göndərildiyini və ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi olan Seyid adlı şəxsə çatdırmalı olduğunu bildirdiyindən həmin nömrənin istifadəçisinin, onun cinayətin törədilməsində iştirakının olub-olmamasının müəyyən edilməsi qeyd edildiyindən həmin şəxsin müəyyən edilməsi və cinayətlərin törədilməsində iştirakının olubolmamasını müəyyən etmək məqsədi ilə onun, əməliyyat idarəsinin əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid5 və DGK-nin “Azərterminalkompleks” Birliyinin Gömrük İnfrastrukturunun Mühafizə Xidmətindən Əməliyyat-İstintaq Baş İdarəsinə ezam edilmiş Şahid6 iştirakı ilə əməliyyat-qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və qrupa rəhbərlik ona həvalə edilmişdir. Odur ki, Şahid11 həmin şəxsin mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq İİR-dan Rəsul adlı şəxsin ona dərman preparatı göndərildiyini bildirib həmin dərmanları qəbul etməsi üçün ünvan 2 ünvanında yerləşən “Kafe Park” adlanan kafeyə gəlməsini tapşırmışlar. Həmin dərmanlar nəzarət qaydasında Şahid11 tərəfindən həmin şəxsə verilməsi üçün müstəntiq tərəfindən onların və dəvət edilmiş iki hal şahidinin iştirakı ilə ekspert tərəfindən qablaşdırıldığı bağlamadan açılaraq yenidən sellofan torbaya qoyulmuş, Şahid11 həmin mobil telefon nömrəsi ilə əlaqə saxlayıb İİR-dan ona Rəsul adlı şəxs tərəfindən dərman göndərildiyini bildirərək onunla görüşməyi təklif etdikdən və “Kafe Park” kafesində görüşmək barədə razılığa gəldikdən sonra birlikdə həmin kafeyə gedib onu gözləməyə başlamışlar. Onlar kafenin içərisində başqa bir masada, Şahid11 isə başqa bir masada əyləşmiş. Şahid1 Qabil oğlu ***-***-**-** saylı mobil telefonla əlaqə saxlayaraq yerini bildirdikdən sonra bir nəfər yaxınlaşıb Şahid11lə görüşmüş və Şahid11 külli miqdarda psixotrop maddənin olduğu sellofan torbanı ona verərək dərmanları yoxlamasını bildirmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs Şahid11 ona verdiyi külli miqdarda psixotrop maddələrin olduğu torbaya baxıb ona göndərilməli olan dərmanlar olduğunu təsdiq etmiş, həmin vaxt onlar həmin şəxsə yaxınlaşıb gömrük əməkdaşı olduqlarını bildirərək onlarla birlikdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə getməsini xahiş etmişlər. x11 xidməti otağında 2 nəfər hal şahidinin, onun, Şahid5 və Şahid6 iştirakı ilə sellofan torbaya baxış keçirmiş, baxış zamanı 1 ədəd mavi rəngli, üzərində “Levis” sözü yazılan sellofan torbadan üzərində “Alprazolam 0,5” yazısı olan 1 qutu, üzərində “Celecoxib 200-Exir” yazısı olan 1 qutu, üzərində “Co-Amoxiclav 500/125” yazısı olan 1 qutu, üzərində “Zipmet 50/1000” yazısı olan 5 qutu, üzərində “Bıperıden 2” yazısı olan 2 qutu, üzərində “Clobetasol 0,05” yazısı olan 2 qutu aşkar edilmişdir. Qeyd edilən qutular açıldıqda isə üzərində “Alprazolam 0,5” yazısı olan 1 ədəd qutudan 9 konvalyutda 10 həb, 1 konvalyutda 8 həb olmaqla 10 konvalyut üzərində “Alprazolam 0,5” yazısı olan, üzərində “Celecoxib 200-Exir” yazısı olan 1 ədəd qutudan 9 konvalyutda 10 həb, 1 konvalyutda 8 həb olmaqla olmaqla 10 konvalyut üzərində “Alprazolam 0,5” yazısı olan, üzərində “Co-Amoxiclav” yazısı olan 1 ədəd qutudan 5 konvalyutda 10 həb, 1 konvalyutda 8 həb olmaqla 6 konvalyut üzərində “Xanax 0,5 mq Alprazolam” yazısı olan, üzərində “Zipmet 50/1000” yazısı olan 5 ədəd qutunun 3 ədədindən adına uyğun dərmanların, 2 ədədindən isə 12 konvalyutda 10 həb, 2 konvalyutda isə hər birində 8 həb olmaqla 14 konvalyut üzərində “Xanax 0,5 mq Alprazolam” yazısı olan, üzərində “Bıperıden 2” yazısı olan hər birində 10 həb olmaqla cəmi 20 kovalyutda öz adına uyğun dərman preparatları və üzərində “Clobetasol 0,05%” yazısı olan 2 ədəd maz aşkar edilmiş, sonda hər kəs protokolla tanış olub onu imzalamışlar. Təxminən 40 dəqiqədən sonra x11 onlara zəng edərək həmin şəxsin üzərində şəxsi axtarış aparacağını bildirib şəxsi axtarış aparılmasında da iştirak etmələrini xahiş etmiş, odur ki, onlar yenidən x11in otağına qalxmışlar. Orada x11 müdafiəçinin, hal şahidlərinin, onun, Şahid5 və Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü şəkildə çıxarıb masanın üzərinə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs isə ciblərində olan 1 ədəd üzərində “Dr.E.Fattahi” adı və fars əlifbası ilə üzərində yazılar yazılan resepti, 1 ədəd üzərində “Zipmet 1000/50” 150 və Xanax 100 sözləri yazılan resepti, 1 ədəd üzərində “Akinot 100”, “Biperıdın 500” və “Zipmet 50/1000” yazıları və fars əlifbası ilə üzərində yazılar yazılan resepti və üzərində “Tibbi Spirt” yazısı olan və içərisində yarısından aşağı hissədə, təxminən aşağıdan 2,8 sm hündürlükdə naməlum maye olan 1 ədəd 100 ml-lik şüşə qabı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun üzərində axtarış aparılsa da əlavə olaraq heç nə aşkar edilməmiş, sonda Təqsirləndirilən şəxs üzərindən aşkar edilənlərlə bağlı protokol tərtib edilmiş və onlar da həmin protokolla tanış olub onu imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən çıxan şüşə qabda olan məhlulun metadon məhlulu olduğunu, onu tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 və Şahid6 ifadələrində şahid x5 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində göstərmişdir ki, 26 yanvar 2019-cu il tarixdə, saat 17 radələrində Mətbuat prospektində yerləşən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin qarşısından keçən zaman bir nəfər gömrük əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək gömrük əməkdaşı olduğunu, müstəntiq olduğunu, icraatında olan cinayət işi üzrə bir bağlamaya baxış keçiriləcəyini, sonra bir nəfərin üzərində şəxsi axtarış aparılacağını bildirib onun həmin proseslərdə hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O da etiraz etməmiş və müstəntiqlə birlikdə onun xidməti otağına getmişdir. Orada sonradan adının Seyidəli olduğunu bildiyi şəxsin iştirakı ilə orada olan dərmanlara baxış keçirilmiş və protokolt tərtib olunmuşdur. O da protokolu imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid9 ifadəsində Şahid8 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid11 ifadəsində göstərmişdir ki, bibisi Şahid7 İİR-nın Təbriz şəhərinə müalicəyə aparmış, orada onları taksi sürücüsü işləyən Məhəmməd və oğlu Rəsul qarşılayaraq onlara bibisinin müalicəsi dövründə çox köməklik etmişlər. 24 yanvar 2019-cu il tarixdə Təbriz şəhərində Məhəmmədlə birlikdə bibisi üçün həkimlərin yazdığı dərmanları almışlar, ertəsi gün yəni 25 yanvar 2019-cu il tarixdə oteldən çıxan zaman Rəsul ona bir ağ sellofan paketdə dərmanlar verərək şəkər dərmanı olmasını bildirmişdir. Rəsul həmin dərmanları Bakı şəhərində bir şəxsə verməsini xahiş etmiş və onun mobil nömrəsini götürərək həmin şəxsə verəcəyini bildirmişdir. Eyni zamanda özü də dərmanı ondan götürəcək şəxsin mobil nömrəsini Rəsuldan götürmüşdür. Həmin gün saat 14 radələrində Azərbaycan Respublikasının ərazisində Biləsuvar Gömrük posundan keçən zaman gömrük işçiləri əşyalarını yoxlamış və həmin dərman vasitələri aşkar olunmuşdur. Məlum olmuşdur ki, ona şəkər dərmanı adı ilə verilmiş dərmanlar psixotrop dərman olan alprozam imiş. Gömrük əməkdaşları həmin vasitələrin aşkar edilməsi ilə bağlı müvafiq protokol tərtib etmişlər və həmin gün onu Baş əməliyyat və İstintaq İdarəsinə gətirmişlər. Orada da o, müstəntiqə həmin dərmanların ona məxsus olmadığını bildirmişdir. Həmin vaxt ona xeyli zənglər gəlmiş və o müstəntiqdən xahiş etmişdir ki, həmin zəng vuran şəxslə əlaqə qurulsun və onun günahsız olması sübuta yetsin. Sonra həmin dərmanlar sənədləşdirilərək yenidən ona verilmiş və onun gömrük əməkdaşlarının nəzarəti altında həmin şəxslə görüşü təşkil olunmuşdur. O, Rəsul tərəfindən ona verilmiş mobil telefon nömrəsi ilə əlaqə saxlayıb İİR-dan ona Rəsul adlı şəxs tərəfindən dərman göndərildiyini bildirərək onunla görüşməyi təklif etdikdən və “Kafe Park” kafesində görüşmək barədə razılığa gəldikdən sonra gömrük əməkdaşları ilə birlikdə həmin kafeyə gedib onu gözləməyə başlamışlar. Gömrük əməkdaşları kafenin içərisində başqa bir masada, o isə başqa bir masada əyləşmişdir. O, ***-***-**-** saylı mobil telefonla əlaqə saxlayaraq yerini bildirdikdən sonra bir nəfər yaxınlaşıb onunla görüşmüş və o, külli miqdarda psixotrop maddənin olduğu sellofan torbanı ona verərək dərmanları yoxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs onun verdiyi külli miqdarda psixotrop maddələrin olduğu torbaya baxıb ona göndərilməli olan dərmanlar olduğunu təsdiq etmiş və götürmüşdür. Həmin vaxt gömrük əməkdaşları həmin şəxsə yaxınlaşıb gömrük əməkdaşı olduqlarını bildirərək onlarla birlikdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə getməsini bildirmişlər. Məhkəmədə Şahid7 iş materiallırnda olan ifadəsi elan olunmuşdur. O həmin ifadəsində Şahid11 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid10 ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə onun adınadır və alan gündən özü istifadə edir. Təqsirləndirilən şəxs adlı şəxsi tanımır və kim olduğunu da bilmir. Amma İİR-da yaşayan Rəsul adlı şəxsi tanıyır. Belə ki, təxminən 2018-ci ilin oktyabr-noyabr aylarında səhhətində yaranmış problemlə bağlı İİR-na getdikdə orada onun taksi xidmətindən istifadə etmiş və beləliklə də aralarında münasibət yarandığından bir-birlərinə mobil telefon nömrələrini vermişlər. İİR-na getdikdə Rəsul onu qarşılamış, xəstəxanaya aparmış və yola salmışdır. Aptekdə olan zaman özü üçün “Zipmet” adlı dərman alanda o, da 3-4 qutu eyni dərmandan alıb ona vermiş və Azərbaycana çatanda kiminsə ondan gəlib götürəcəyini bildirmişdir. O da onun şəkər dərmanı olduğunu bildiyi üçün qəbul edib Azərbaycana gətirmiş və “20 Yanvar” adlanan ərazidə bir nəfər zəng edib gəlib onu ondan götürmüşdür. Uzun müddət keçdiyi üçün həmin şəxsin üzü yadından çıxmışdır, mobil telefon nömrəsi isə onda qalmayıbdır. Narkotik vasitələrdən psixotrop və ya güclü təsir edən maddələrdən istifadə etməmişdir və hazırda da istifadə etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri üzrə təqsirli olmalası özünün qismən etirafedici ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 26 yanvar 2019-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 28 yanvar 2019-cü il tarixli, 4(004)-80/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26 yanvar 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 25 yanvar 2019-cu il tarixli protokoldan məlum olur ki, Şahid11 əl yüklərinə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda gömrük baxışı keçirilən zaman 1 ədəd sellofan torbadan üzərində “Alprazolam 0,5” yazısı olan dərman qutusundan hər birində 10 həb olmaqla 10 konvalyutda, Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməyən, ümumi təsiredici maddəsinin miqdarı 0,05 qram təşkil edən 100 həb, həmçinin üzərində “Zipmet” yazısı olan 2 ədəd dərman qutusundan hər konvalyutda 10 həb olmaqla və hər qutuda 7 konvalyut yerləşdirilməklə 14 konvalyutda, üzərində “CO-Amoxiclav” yazısı olan dərman qutusundan hər konvalyutda 10 həb olmaqla 6 konvalyutda və üzərində “Celecoxib 200” yazısı olan 1 ədəd dərman qutusundan hər konvalyutda 10 həb olmaqla 10 konvalyutda, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilmiş, ümumi təsiredici maddəsinin miqdarı 0,15 qram təşkil edən cəmi 300 həb, ümumilikdə təsiredici maddəsinin miqdarı 0,2 qram təşkil edən, külli miqdarda 400 həb alprazolam dərman preparatlarının aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 26 yanvar 2019-cu il tarixli, 2382 saylı ekspert rəyi ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 400 həbdən ibarət alprazolam tərkibli dərman preparatının təsiredici maddəsinin ümumi miqdarının 0,2 qram (tədqiqata sərf edildi 10 həb, qalıq 390 qram) olması, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin İİİ siyahısına daxil olması, tədqiqata təqdim edilmiş 3 qutu “Zipmet 50/100”, 2 qutu “Biperidien 2” və 2 qutu “clobetasol 0,05%” adlı dərman preparatlarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahı”na və “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən şübhəli şəxs Şahid11 təhvil götürülən bir ədəd mavi rəngli, üzərində “Levis” sözü yazılmış sellofan torbaya “Baxış keçirilməsi haqqında” 26 yanvar 2019-cu il tarixli protokolla həmin sellofan torbadan üzərində “Alprazolam 0,5” yazısı olan 1 qutu, üzərində “Celecoxib 200-Exir” yazısı olan 1 qutu, üzərində “Co-Amoxiclav 500/125” yazısı olan 1 qutu, üzərində “Zipmet 50/1000” yazısı olan 5 qutu, üzərində “Bıperıden 2” yazısı olan 2 qutu, üzərində “Clobetasol 0,05” yazısı olan 2 qutunun aşkar edilməsi, qeyd edilən qutulara baxış keçirdikdə isə üzərində “Alprazolam 0,5” yazısı olan 1 ədəd qutudan 9 konvalyutda 10 həb, 1 konvalyutda 8 həb olmaqla 10 konvalyut üzərində “Alprazolam 0,5” yazısı olan; üzərində “Celecoxib 200-Exir” yazısı olan 1 ədəd qutudan 9 konvalyutda 10 həb, 1 konvalyutda 8 həb olmaqla olmaqla 10 konvalyut üzərində “Alprazolam 0,5” yazısı olan; üzərində “Co-Amoxiclav” yazısı olan 1 ədəd qutudan 5 konvalyutda 10 həb, 1 konvalyutda 8 həb olmaqla 6 konvalyut üzərində “Xanax 0,5 mq Alprazolam” yazısı olan; üzərində “Zipmet 50/1000” yazısı olan 5 ədəd qutunun 3 ədədindən adına uyğun dərmanların, 2 ədədindən isə 12 konvalyutda 10 həb, 2 konvalyutda isə hər birində 8 həb olmaqla 14 konvalyut üzərində “Xanax 0,5 mq Alprazolam” yazısı olan; üzərində “Bıperıden 2” yazısı olan hər birində 10 həb olmaqla cəmi 20 kovalyutda öz adına uyğun dərman preparatlarının və üzərində “Clobetasol 0,05%” yazısı olan 2 ədəd mazın aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 20 yanvar 2019-cu il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman 1 ədəd üzərində “Dr.E.Fattahi” adı və fars əlifbası ilə üzərində yazılar yazılan reseptin, 1 ədəd üzərində “Zipmet 1000/50” 150 və Xanax 100 sözləri yazılan reseptin, 1 ədəd üzərində “Akinot 100”, “Biperıdın 500” və “Zipmet 50/1000” yazıları və fars əlifbası ilə üzərində yazılar yazılan reseptin və üzərində “Tibbi Spirt” yazısı olan və içərisində yarısından aşağı hissədə, təxminən aşağıdan 2,8 sm hündürlükdə naməlum maye olan 1 ədəd 100 ml-lik şüşə qabın aşkar edilərək götürüldüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı, “Galaxy J6” modelli mobil telefona baxış keçirilməsinə dair 26 yanvar 2019-cu il tarixli protokolla Təqsirləndirilən şəxs “WhatsApp” mobil proqramında telefonda adı ““x14”, mobil nömrəsi isə +**********33 olaraq qeyd edilmiş şəxslə mütəmadi olaraq müxtəlif dərman vasitələrinin alqısatqısı il bağlı söhbətlər apardığı və qarşılıqlı olaraq bir-birlərinə müxtəlif dərman preparatlarının fotoşəkillərini göndərmələri müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsindən daxil olan məktubla Təqsirləndirilən şəxs 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında 03.03.2018-ci ildən 06.04.2018-ci il tarixədək “opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 22 aprel 2019-cu il tarixli, 9064 saylı ekspert rəyi ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd şüşə qabda 30 ml həcmində olan məhlulun (tədqiqata sərf edildi 10 ml, qalıq 20 ml) kustar üsulla hazırlanmış sintetik narkotik vasitə metadon məhlulu olması, quru maddəsinin təmiz çəkisinin 0,03 qram olması, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına daxil olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən daxil olmuş 25.06.2019-cu il tarixli, 1134 saylı ekspert rəyi ilə Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəliyin əlamətlərinin aşkar olunmadığı, həmin dövrdə onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olması, buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı olması, hərəkətlərinin Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsirinin altına düşmədiyi, yoxlanılan şəxsin hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olması, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən 24 iyun 2019-cu il tarixdə verilmiş 1469 nömrəli ambulator narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ilə Şahid10 arasında telefon danışıqlarının olması “xxxxxxx” MMC-dən daxil olmuş 03.07.2019-cu il tarixli, AZF/LGL-16784/19 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsinə dair 11 iyul 2019-cu il tarixli protokola əlavə edilmiş çıxarışla da öz təsdiqini tapmışdır. Belə ki, həmin diskə baxış keçirilməsinə dair protokolda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 17.01.2019-cu il tarixdə, saat 14:27-də 109 saniyə, 18.01.2019-cu il tarixdə, saat 12:49-da 46 saniyə, 18.01.2019-cu il tarixdə, saat 13:12-də 20 saniyə, 18.01.2019cu il tarixdə, saat 13:35-də 20 saniyə, 20.01.2019-cu il tarixdə, saat 17:00-da 42 saniyə danışıqların aparıldığı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi x7 daxil olan 23.05.2019-cu il tarixli, 108-1-14/1094-19 saylı məktuba əlavə edilmiş məktuba əlavə edilmiş çıxarışla Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs ifadəsinə əsasən İran İslam Respublikası vətəndaşı Rəsul adlı şəxsin istifadəsində olan +**********33 saylı mobil nömrə arasında 27.01.2019-cu il tarixdə, saat 14:38-də 19 saniyə və həmin tarixdə, saat 14:38-də 35 saniyə danışıqların aparıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətindən daxil olan 15 may 2019-cu il tarixli, 168 nömrəli məktubla Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs oğlu Məmmədov Teymur 12 oktyabr 2008 tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdən məlum olur ki, Seyidəli Məmmədvun himayəsində 01.07.1936-cı il təvəllüdlü Məmməd Məmmədov adlı xəstə atası, Yevgeniya Məmmədova adlı xəstə həyat yoldaşı, Səbinə Məmmədova adlı tələbə qızı vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsi, əməllində cinayət tərkibinin olmasını, bununla da onun təqsiri tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində psixotrop maddələri şəxsi istifadə etməsi üçün əldə etdiyini bildirsə də, onun bu ifadəsi iş üzrə toplanmış sübutlarla tam təkzib edildiyi üçün məhkəmə tərəfindən özünü müdafiə məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar ilk dəfə məhkum olunmas, əməlindən peşman olması, özünün xəstə olması, himayəsində xəstə atası, həyat yoldaşı, tələbə qızının olması və müsbət xarakterizə edilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 26 yanvar 2019-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin tətbiq olunmasını zəruri hesab etmir. Belə ki, 01 may 2012-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə, məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə olunmuş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Qeyd edilən normanın tələblərinə görə əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlaka və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxslərin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. Cinayət işi üzrə üzrə maddi sübut – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan aparılmış tədqiqatlardan sonra 390 həb alprazolam psixotrop maddə tərkibli dərman preparatı və 20 ml həcmində metadon narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. 26 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs götürülmüş maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 1 ədəd “Samsung” markalı, “Galaxy J6” modelli mobil telefon aparatı hökm qanuni qüvvəsini aldıqdan sonra məhkumun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 179,77 (yüz yetmiş doqquz manat yetmiş yeddi qəpiq) manat təşkil edir və həmin məbləğdə pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.1-ci, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 26 yanvar 2019-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə üzrə maddi sübut – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan aparılmış tədqiqatlardan sonra 390 həb alprazolam psixotrop maddə tərkibli dərman preparatı və 20 ml həcmində metadon narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 26 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs götürülmüş maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 1 ədəd “Samsung” markalı, “Galaxy J6” modelli mobil telefon aparatı hökm qanuni qüvvəsini aldıqdan sonra məhkumun ailə üzvlərinə qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 179,77 (yüz yetmiş doqquz manat yetmiş yeddi qəpiq) manat təşkil edir və həmin məbləğdə pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Zeynal Ağayev Hakimlər Azad Məcidov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar