Məhkəmə qərarları › İş №1(101)-203/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-203/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-203/2022 17.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı5, ədliyyə müşaviri Dövlət ittihamçısı4, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 31 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan “Kərim” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 44 ədəd bükümdə ümumi təmiz çəkisi 23,243 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda 1 ədəd selofan bağlamada və 1 ədəd bükümdə ümumi təmiz çəkisi 6053,045 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 2 ədəd bükümdə ümumi təmiz çəkisi 2,189 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 1,106 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib daşımaqla üzərində və kirayə yaşadığı ünvan 3 ünvanında saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Bakı şəhəri, Xətai rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı o, 31 may 2021-cİ il tarixdə saat 20:45-də ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edərkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 6 ünvanda yerləşən Bakı şəhəri, Xətai RPİ-nin 35-ci Polis bölməsinə gətirilib müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitələrdən bir qismi əynindəki qara rəngli qolu kəsik gödəkçənin sol yan cibindən satış məqsədi ilə külli miqdarda 34 ədəd bükümdə ümumi təmiz çəkisi 18,067 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 3,045 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin 31 may 2021-ci il tarixdə saat 22:45-də onun kirayə yaşadığı ünvan 8 ünvanında müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış və götürmə istintaq hərəkəti zamanı satış məqsədi ilə saxladığı narkotik vasitələrlə psixotrop maddələrin qalan hissəsi, mənzilin giriş otağında olan dolabın üzərində külli miqdarda 10 ədəd bükümdə ümumi təmiz çəkisi 5,176 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkilən 1,211 qram və 0,978 qram olmaqla ümumi təmiz çəkisi 2,189 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 1,106 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, o cümlədən mənzilin yataq otağında olan dolabın içində külli miqdarda 1 ədəd bağlamada təmiz çəkisi 6050 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 6-7 ildir narkotik vasitə olan heroini iynə yolu ilə qəbul edir, başqa narkotik vasitələrdən istifadə etmir. Tutulmamışdan əvvəl yarım qram heroin almış, tutulan vaxt həmin narkotik vasitə onun cibində olmuşdur. Həbs olunana qədər o, M.İbrahmov küçəsində mənzil tutub kirayədə yaşamışdır. Həmin gün o, tanışı olan xanımı götürmək üçün getmiş, xanımı götürüb gələn zaman polis əməkdaşları onu tutmuşdur. O, əvvəlcə böməyə gətirilmiş, orada üzərinə baxış keçirilmiş və üzərində bir gün əvvəl aldığı yarım qram heroin olmuşdur. Bölmədə onun qabağına şərt qoyduqları üçün o, polis əməkdaşları ilə razılaşmış və daha sonra yaşadığı evə gətirilmişdir. O, birinci mərtəbədə saxlanılmış, polis əməkdaşları özləri isə evə qalxaraq 6 kq narkotik vasitə marixuananı evinə qoyaraq daha sonra onu mənzilə qaldırıb baxış keçirmişlər. Həmin 6 kq marixuana ona məxsus olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı videoçəkiliş aparıldığını, həmin vaxt onda yarım qram heroin olduğunu, onun qabağına şərt qoyduqları üçün polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, ***-***-**-** mobil nömrəsinin ona məxsus olduğunu, həmin nömrədən 7-8 ildir ki, istifadə etdiyini, ***-***-**-** mobil nömrəsinin dostuna məxsus olduğunu, o, tutulduqdan sonra əvvəlcə idarəyə gətirildiyini, həmin vaxt üzərinə baxış keçirildiyini və yarım qram heroin aşkar olunduğunu, daha sonra polis əməkdaşlarının özlərində olan bükümləri onun cibinə qoyduqlarını və sonra çəkiliş apardıqlarını, ikinci dəfə verdiyi ifadənin yadında olduğunu, ifadədə göstərilən narkotik vasitəni guya iranlıdan almasını polis əməkdaşlarının ona dediyini və ifadəsinin də həmin formada yazdığını, o, narkotik vasitəni «Kubinka» deyilən ərazidən 20 manata aldığını dediyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2021-ci ilin aprel ayında özü üçün ayrıca ünvan 8 ünvanında yerləşən evi kirayə tutmuşdur. Təxminən 5-6 olar ki, narkotik vasitə qəbul etməyə başlamışdır. Təxminən 1 il əvvəl İran İslam Respublikasının vətəndaşı Kərim adlı şəxslə tanış olmuşdur. Kərim adlı şəxsin mobil nömrəsini tanışı Elnur adlı şəxsdən almışdır. Hazırda Elnur onda olan məlumata görə rəhmətə getmişdir. Kərim adlı şəxs müxtəlif vaxtlarda narkotik vasitələri Azərbaycana gətizdirib onları müxtəlif yerlərə yerləşdirmiş və orada şəklini çəkmişdir. Həmin şəkli onun nömrəsinə göndərmiş və o, qeyd olunan ünvanlardan narkotik vasitələri götürürmüşdür. Kərim adlı şəxs ilə “Whatsapp” vasitəsi ilə əlaqə saxlamışdır. Həmçinin narkotik vasitələri Bakı şəhərində “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən əldə etmişdir. Narkotik vasitələri çox vaxt kirayə tutduğu Nəsimi rayonunda yerləşən mənzilə aparmışdır. Təxminən bir ay əvvəl Kərim adlı şəxsdən bir ədəd bağlamada təxminən 6-7 kq çəkidə marixuana əldə etmişdir. Kərim adlı şəxslə “Whatsapp” vasitəsi ilə əlaqə saxlamışdır. Marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. O, birdəfəlik böyük çəkidə narkotik vasitə əldə etmişdir ki, tez-tez narkotik vasitə üçün heç kimə müraciət etməsin. Kərim adlı şəxs marixuananı harada yerləşməsinə dair ona şəkil göndərmiş və o, şəklə uyğun Xırdalan şəhərində olan bazarın yanındakı ağacın yanında qaz trubasının yanından bir ədəd bağlamada marixuananı götürmüşdür. Həmin narkotik vasitəni o, özü üçün kirayə tutduğu ünvan 9 ünvana aparmışdır. Aldığı marixuanadan bir ay ərzində bir az istifadə etmişdir. Həmin narkotik vasitəni o, Kərim adlı şəxsdən borca almış və tezliklə 6.000 manat pul verəcəyinə söz vermişdir. Daha sonra 30 may 2021-ci il tarixdə yenidən narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Bu dəfə narkotik vasitələrin bir neçə növünü götürmək istəmişdir. Bunun üçün o, yenə də Kərim adlı şəxs ilə əlaqə saxlamışdır. Həmin vaxt o, mobil telefonunu itirmişdir. Yeni mobil nömrə vasitəsi ilə Kərim ilə əlaqə saxlamış və sonuncunun ona göndərdiyi şəkil vasitəsi ilə narkotik vasitələrin Xırdalan şəhərində olan “Heydər Əliyev" adına parkın yanında yerləşdiyini müəyyən etmişdir. Oraya gedərək söylənilən yerdən 44 ədəd bükümlərdə heroin, 2 bükümdə metamfetamin, 1 bükümdə tiryək və 1 ədəd bükümdə marixuana götürmüşdür. Həmin narkotik vasitələri o, götürüb kirayə yaşadığı evə aparmışdır. Həmin vaxt onun pulu olmadığına görə yenə də narkotik vasitələri borca götürmüşdür. Kərim adlı şəxs onu bir müddət artıq tanıdığı üçün buna etiraz etməmişdir. Narkotik vasitələri əldə etdiyi gün General Şıxlinski küçəsində yerləşən evə getmişdir. Həmin vaxt əldə etdiyi narkotik vasitələrin hamısını orada saxlamaq istəməmiş, buna görə bir qismini, yəni 34 bükümdə narkotik vasitə heroini və 1 ədəd bükümdə narkotik vasitə marixuananı özü ilə götürüb valideynləri ilə yaşadığı General Şıxlinski küçəsində yerləşən evə getmişdir. Həmin gün orada gecələmişdir. 31 may 2021ci il tarixdə saat 20:45 radələrində o, valideynləri ilə birlikdə yaşadığı General Şıxlinski küçəsində olan evdən çıxmışdır. Özü ilə 34 ədəd bükümdə narkotik vasitə heroini və 1 ədəd bükümdə marixuananı götürmüşdür ki, onları gizlətsin. Lakin yaşadığı evin yaxınlığında ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün 35-ci Polis bölməsinə dəvət etmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq şöbəyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı əynində olan qara rəngli qolu kəsik gödəkçənin sol yan cibindən şəffaf selofanlara bükülmüş 34 ədəd bükümdə heroin və 1 bükümdə marixuana aşkar edilmişdir. Baxış zamanı o, Nəsimi rayonunda yerləşən evin açarlarını təqdim edib səmimi olaraq orada kirayədə yaşadığını və evdə narkotik vasitə saxladığını etiraf etmişdir. Buna görə də polis əməkdaşları və müdafiəçi ilə birlikdə həmin ünvana gedilmişdir. Orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən baxış zamanı qonaq otağında olan dolabın üzərində saxladığı 10 ədəd bükümdə heroin, 2 ədəd bükümdə metamfetamin, 1 ədəd tiryək, o cümlədən yataq otağında dolabın içində saxladığı bir ay əvvəl əldə etdiyi bir ədəd bağlamada marixuana aşkar edilmişdir. Aşkar edilən narkotik vasitələr qablaşdırılmışdır. Üzərinə iştirakçılar tərəfindən imzalar çəkilərək götürülmüşdür (cild 1, iş vərəqi 79-81). Elan olunmuş ifadələrlə bağlı suallara cavabında Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən yarım qram narkotik vasitə olan heroin aşkar olunduğunu, polis əməkdaşlarının özlərində olan bükümləri onun cibinə qoyduqlarını və sonra çəkiliş apardıqlarını, ifadədə göstərilən narkotik vasitəni iranlıdan almasını polis əməkdaşlarının ona dediyini və o da, həmin formada izahatını yazdığını, 6 kq narkotik vasitəni polis əməkdaşlarının evə qoyduğunu və daha sonra onu evə qaldırdıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, qanunsuz əldə etməsi və daşınması ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. Bununla bağlı onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və NMB-nin əməlliyat müvəkkili Şahid2 və həmin bölmənin əməliyyat müvəkkili Şahid3 qrupun üzvləri olmuşlar. Əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 31 may 2021-ci il tarixdə saat 20:45-də ünvan 10 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilmiş, orada müdafiəçinin, onun, Şahid2, Şahid3 və 35-ci polis bölməsinin polis nəfəri Qalib Kərimlinin iştirakı ilə təhqiqatçı Uğur Məmmədov tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya və predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Rəşad əynindəki qara rəngli gödəkçənin sol yan cibindən şəffaf selofanı təqdim edərək, içərisində şəxsi istifadəsi üçün marixuana və 34 ədəd şəffaf selofana bükülmüş heroinə bənzər kütlələri masanın üzərinə qoymuşdur. Təhqiqatçının narkotik vasitələri haradan və hansı məqsədlə əldə etməsi barədə suala cavabında Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 30 may 2021-ci il tarixdə şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşı “Kərim” adlı şəxsdən 150 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, əlavə hər hansı əşya və predmet aşkar edilməmişdir. Rəşad Nəsimi rayonunda kirayə yaşadığı evin açarını təqdim edərək, həmin mənzildə narkotik saxladığını təsdiq etmişdir. Bundan sonra aşkar olunmuş narkotiklər zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Şahid1 ifadəsinə görə, daha sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı Rəşad qonaq otağında olan dolabın üzərində və digər otaqda narkotik vasitə saxladığını bildirmiş, dolabın üzərində 10 ədəd selofan bükümlərdə heroinə bənzər kütlələr, 1 ədəd bükümdə tiryəkə bənzər kütlə və 2 ədəd bükümdə ağ rəngli metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs göstərməyinə əsasən yataq otağında olan dolabın qapısı açılmış və orada bir ədəd qara rəngli selofan torba aşkar edilmişdir. Həmin torba açıldıqda içində ot şəklində narkotik vasitə marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nəşə olduğunu, həmin narkotik vasitəni tanımadığı İran vətəndaşından aldığını və Xırdalan şəhərində əldə etdiyini bildirmişdir. Bundan sonra mənzildən aşkar olunmuş narkotik və psixotrop maddələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş və müvafiq protokol yazılaraq imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə ünvan 11 ünvanın yaxınlığında saxlanılıb, Xətai RPİ 35-ci Polis bölməsinə gətirilərək şəxsi axtarışının aparılmasında və narkotik vasitələrin götürülməsində, onun kirayədə yaşadığı ünvan 8 ünvanına baxış keçirilməsində və narkotik vasitələrin aşkar olunub götürülməsində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, təxminən 1 ildir ünvan 13 ünvanında mühafizəçi işləyir. 2021-ci ilin təxminən aprel-may aylarında Təqsirləndirilən şəxs həmin ünvanda mənzil tutub bir xanımla kirayədə yaşamağa başlamışdar. 31 may 2021-ci il tarxdə saat 20 radələrində o, iş yerinə gələrək növbəni təhvil almış, saat 22:30 radələrində bir neçə nəfər mülki geyimdə polis əməkdaşları binanın həyətinə gəlmişlər. Onların arasında bir nəfər qadın və Təqsirləndirilən şəxs də olmuşdur. Polis əməkdaşları ona yaxınlaşıb Rəşadın yaşadığı mənzilə baxış keçirəcəklərini bildirmiş, az sonra hamısı birlikdə mənzilə qalxmışlar. Lakin o, polis işçiləri ilə getməmiş, onlarla Rəşad və qadın da birlikdə mənzilə qalxmışlar. Təxminən 30-40 dəqiqə sonra onların hamısı aşağı düşüb oradan getmişlər. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs digər şəxslərlə birlikdə mənzilə qalxmış, Rəşaddan qabaq heç kim mənzilə qalxmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilən Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla kişi-qadın kimi münasibətləri olmuş, bir yerdə Rəşadın “Torqovı” deyilən yerdə kirayə tutduğu mənzildə yaşamışlar. Hadisə günü Rəşadla birlikdə evdə olmuş və eyni vaxtda mənzildən çıxmışlar. O, Rəşadla birlikdə yaşadığı müddətdə Rəşadın narkotikdən istifadə etdiyini bilsə də, heç vaxt mənzildə narkotik və ya naməlum bağlama görməmişdir. Yaşadıları mənzil 5 otaqdan ibarət olmuş, hadisə günü evi təmizləyib çıxmış və həmin vaxt mənzildə hər hansı bağlama görməmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 02 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokollarına əsasən, Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid3 arasında həmin istintaq hərəkətləri keçirilərkən, polis əməkdaşları olan şahidlər sərbəst ifadələrində göstərdiklərini təsdiq edərək Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən külli miqdarda narkotik vasitələrin aşkar edildiyini bildirmişlər. Təqsirləndirilən şəxs isə təzyiq altında aşkar edilən narkotik vasitələrin özünə aid olmasını söylədiyini, mənzilə qalxmazdan əvvəl o, Sadiq və müdafiəçi xanımın aşağıda gözlədiklərini, digər polislərin isə mənzilə qaxldıqlarını, polislər aşağı düşdükdən sonra onların hamısının təkrar mənzilə qalxdıqlarını bildirmişdir. Lakin Şahid1 və Şahid3 polis əməkdaşlarının Təqsirləndirilən şəxs əvvəl mənzilinə qalxdığını təkzib etmiş, hamısının birlikdə mənzilə qalxdıqlarını bildirərək, mənzilin yerləşdiyi binanın məhləsində adını bilmədiyi mühafizəçinin olduğunu və onları bu zaman gördüyünü göstərmişlər (cild 1, iş vərəqi 183-190). Cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai RPİ, 35-ci Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolu kəsik gödəkçənin sol yan cibindən şəffaf selofanı təqim edərək, içərisində şəxsi istifadəsi üçün saxladığı narkotiklər olduğunu bildirmiş, ayrıca selofana bükülmüş olan marixuanaya bənzər kütləni və şəffaf rəngli selofanlara bükülmüş 34 ədəd tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə hesab olunan heroinə oxşar maddələr olan bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu, 30 may 2021-ci il tarixdə üzdən tanıdığı İran vətəndaşı Kərim adlı şəxsdən ümumilikdə 150 manata şəxsi istifadə məqsədi ilə aldığını, 31 may 2021-ci il tarixdə Xətai rayonu, G.Şıxlinski küçəsi, 37 ünvanında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin çəkisinin müəyyən edilməsi məqsədi ilə “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilən zaman şəffaf rəngli selofana bükülmüş marixuanaya bənzər kütlənin ümumi çəkisinin 3,84 qram, şəffaf rəngli selofanlara bükülmüş 34 ədəd tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik İyli narkotik vasitə hesab olunan heroinə bənzər bükümlərdəki maddənin ümumi çəkisinin 20,98 qram olması müəyyən edilmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 1 ədəd mənzil açarını təqdim edərək, həmin mənzilin Nəsimi rayonu ərazisində yerləşdiyini, qeydiyyatda olduğu ünvanda valideynləri ilə birlikdə yaşamasına baxmayaraq, həmin mənzili kirayə tutduğunu, həmin mənzildə də qanunla dövriyyəsi qadağan olunmuş maddələrin olmasını bildirmişdir (cild 1, iş vərəqi 33-34). İş materiallarına əlavə edilmiş 31 may 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokola əsasən, baxış keçirilən yer ünvan 8 ünvanıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd olunan ünvanda kirayə yaşadığını və həmin evdə narkotik vasitələri saxladığını, könüllü olaraq həmin narkotik vasitələri təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs mənzilin giriş qapısını açarla açdıqdan sonra polis əməkdaşları və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, mənzil beş otaqdan və iki sanitar qovşağından ibarət olmuşdur. Baxış zamanı giriş hissədə olan dolabın üstündə ön üç ədəd şəffaf selofana bükülmüş bükümləri Təqsirləndirilən şəxs təqdim edərək həmin bükümlərin narkotik vasitə olduğunu, bükümlərdə olan narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümlərə baxış zamanı 1 ədəd bükümün içərisində qara rəngli, 2 ədəd bükümlərdə ağ rəngli kristal formalı, 10 ədəd bükümlərdə isə tünd qəhvəyi rəngli narkotik vasitələrə bənzər kütlələrin olması aşkar edilmişdir. Həmçinin baxış zamanı evin yataq otağında olan geyim əşyaları yığılan dolabdan bir ədəd qara rəngli selofanın içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Baxış zamanı aşkar olunmuş 13 ədəd içərisində narkotik vasitəyə bənzər kütlələr olan bükümlər və bir ədəd qara rəngli selofan torbanın içərisində olan narkotik vasitəyə bənzər kütlənin çəkisi 6,295 kq olması müəyyən olunaraq götürülmüşdür. İstintaq hərəkətinin gedişi zamanı aparılmış müvafiq videogüntünün olduğu bir ədəd disk iş materillarına əlavə edilmişdir (cild 1, iş vərəqi 36-37). Cinayət işinə əlavə edilmiş 01 sentyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİ, 35-ci Polis bölməsinin təhqiqatçısı Uğur Məmmədov özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlayır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirdi. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolu kəsik gödəkçənin sol yan cibindən şəffaf selofanı təqdim edərək içərisində şəxsi istifadəsi üçün ayrıca selofana bükülmüş olan narkotik vasitə marixuanaya bənzər kütləni və 34 ədəd şəffaf selofanlara bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələri təqdim edərək masanın üzərinə qoyur. Həmçinin Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən açarı təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşur. Cavabında Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri 30 may 2021-ci il tarixdə şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşı ‘Kərim” adlı şəxsdən 150 manat müqabilində əldə etdiyini bildirir. Daha sonra təqdim olunan narkotik vasitələrə bənzər kütlələr elektron tərəzidə çəkilir, selofan torbada olan narkotik vasitə marixuanaya bənzər kütlənin çəkisinin 3,84 qram olması, 34 ədəd şəffaf bükümlərdə olan heroinə bənzər kütlələrin isə ümumi çəkisinin 20,98 qram olması müəyyən edildi. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, lakin sonuncunun üzərindən əlavə hər hansı əşya və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu açarın Nəsimi rayonunda kirayə yaşadığı evinin açarı olduğunu bildirir. Təhqiqatçı açarı təqdim etdiyi mənzildə qanunla dövriyyəsi qadağan edilmiş maddə və predmetlərin olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs həmin mənzildə də qanunla qadağan edilmiş maddələr saxladığını təsdiq edir. Bundan sonra masanın üzərinə qoyulan narkotik vasitələrə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənir. Təhqiqatçı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs kirayə yaşadığı Nəsimi rayonunda yerləşən mənzilə baxış keçiriləcəyini və şəxsi axtarışın yekunlaşdığını elan edir. Protokol ucadan oxundu və Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik maddələrdən yalnız bir ədəd selofanda çəkisi 0,5 qram olan heroinin özünə aid olduğunu, qalan selofanlarda olan narkotik maddələrin polis əməkdaşları tərəfindən edilən təzyiq nəticəsində əynində olan gödəkçənin sol yan cibinə qoyduğunu bildirir. (cild 1, iş vərəqi 163-164). İş materiallarına əlavə edilmiş 01 sentyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİ-nin 35-ci polis bölməsinin təhqiqatçısı Uğur Məmmədov özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 8 ünvanda narkotik maddə saxlaması ehtimalı olduğundan həmin mənzilə baxış keçirəcəyini elan edir. Bundan sonra iştirakçılar həmin mənzilə daxil olur. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş əşya və ya predmetləri harada saxladığını soruşur. Sonuncu, qonaq otağında olan dolabın üzərinə işarə edib orada və digər otaqda narkotik vasitə saxladığını bildirir. Dolabın üzərinə baxış keçirildikdə orada 10 ədəd selofan bükümlərdə tünd qəhvəyi rəngli rəngli narkotik vasitə heroinə bənzər kütlələrin, 1 ədəd bükümdə qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlə və 2 ədəd bükümdə ağ rəngli, kristall formalı psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilir. Daha sonra iştirakçılar evin yataq otağına keçir, orada və digər otaqlarda iştirakçılar tərəfindən baxış həyata keçirilir. Təqsirləndirilən şəxs göstərməyinə əsasən yataq otağında olan geyim əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolabın qapısı açılır və orada bir ədəd qara rəngli selofan torba aşkar edildi. Təhqiqatçı tərəfindən həmin torba açıldıqda içində ot şəklində narkotik vasitə marixuanaya bənzər kütlənin olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması barədə sual verildikdə, sonuncu, narkotik vasitə nəşə olduğunu bildirir. Həmçinin təhqiqatçı aşkar edilən narkotik vasitənin haradan əldə etməsi barədə Təqsirləndirilən şəxs soruşduqda, sonuncu narkotik vasitəni tanımadığı İran vətəndaşından aldığını və Xırdalan şəhərində əldə etdiyini bildirir. Daha sonra təhqiqatçı mənzilə baxışın başa çatdığını elan edir. Protokol ucadan oxundu və Təqsirləndirilən şəxs protokola əlavə olaraq bildirmişdir ki, videoçəkiliş keçirilməzdən əvvəl polis əməkdaşları onun mənzilinə qalxıb narkotik vasitələri mənzildə yerləşdiriblər, mənzildə aşkar edilən narkotik vasitələrin heç biri ona aid deyil (cild 1, iş vərəqi 165). Məhkəmə-kimyəvi ekspertizasının 01 iyun 2021-ci il tarixli 6/2198 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs... ünvanından aşkar olunmuş...” sözlər yazılmış kağız paketdəki 10 ədəd bükümdə ümumi təmiz çəkisi 5,176 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,211 qram, 0,978 qram, ümumi təmiz çəkisi 2,189 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, bir bükümdə təmiz çəkisi 1,106 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri yazılmış kağız paketdəki 34 ədəd bükümdə ümumi təmiz çəkisi 18,067 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 1 və 2 nömrəli kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 23,243 qram təşkil edir (cild 1, iş vərəqi 47-55). Məhkəmə-bioloji ekspertizasının 01 iyun 2021-ci il tarixli 7/509 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd selofan bükülüdə təmiz çəkisi 3,045 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı «...1 ədəd qara rəngli selofana bükülmüş...» yazısı və imzalar olan 1 ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 6050 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 6053,045 qramdır (cild 1, iş vərəqi 57-61). Məhkəmə ambulator narkoioji ekspertizasının 02 iyun 2021-ci il tarixli 1698 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 160-161). İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair məlumatları əks etdirən “Azerfon MMC”-dən daxil olmuş 1 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq orqanı üçün əhəmiyyət kəsb edən xüsusatlara baxış zamanı ***-***-**-** saylı mobil nömrə kartının faktiki olaraq Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrə kartından xaric olunan sms-lərə baxış zamanı istintaq əhəmiyyəti kəsb edəcək məlumatlardan aşağıdakılar müəyyən edildi: Belə ki, ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: 07-04-2021-ci il saat 01:15:05-də - Heci 3,5kola Ve 1qra 17-04-2021-ci il saat 02:04:03-də - X6 18-04-2021-ci il saat 17:58:37-də - X9 Va Həmçinin ***-***-**-** saylı mobil nömrə kartına daxil olunan sms-lərə baxış zamanı istintaq əhəmiyyəti kəsb edəcək məlumatlardan aşağıdakılar müəyyən edildi: ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: 17-04-2021-il saat 01:14:54-də - Heci 3,5kola Ve 1qram Pati Verdun, 2,5kola Geri Aidin,mende Qaldi 1kola Ve 1q. Pat, Buda Eiiyir 75.Sene Verdim 20,25,30 Cemi 75 X10 Durustu 17-04-2021-ci il saat 01:56:27-də - X7 X8 X11 17-04-2021-ci il saat 02:03:53-də - X6 18-04-2021-ci il saat 17:58:34-də - X9 X3 Cavab Ver ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: 18-04-2021-ci il saat 20:52:04-də - San manim valdnma yaxşı soy utmrsan sora mana dayrsan pulu tap 18-04-2021-ci il saat 21:12:06-də - Pulu tapmyda pisi olram san qumar oyna mandan pulu isda san neça ad 18-04-2021-ci il saat 22:32:54-də - San busan pulu tapa bilmdim mana bela eiyrsan çox saqol Baxış zamanı aşkar edilmiş “patı" və “kola” kimi terminlər heroin, metamfetamin və digər narkotik vasitələri əvəz edən şifrəli sözlər kimi işlədilmişdir. Bu faktı Təqsirləndirilən şəxs da təsdiq etmişdir. Bundan başqa baxış zamanı aşkar edilmiş mobil nömrələrin sahiblərinin anket məlumatları barədə Təqsirləndirilən şəxs sual verilərkən, sonuncu ***-***-**-** mobil nömrənin Elnur adlı tanışına, ***-***-**-** mobil nömrənin tanışı Təranə adlı şəxsə aid olduğunu bildirdi (cild 1, iş vərəqi 167-168). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 iyul 2021-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində 1 il 8 ay 8 səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və hökm 30 iyul 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs 10 aprel 2020-ci il tarixdə cəza müddətinin sonu başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 138-139, 140-143). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət qanunvericiliyinin qeyd olunan müddəsına uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan hökmə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı vaxtdan hazırkı iş üzrə üzrə cinayət əməlini törətdiyi vaxtadək qanunla müəyyən edilmiş məhkumluq müddəti keçdiyindən o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi dəlillər gətirərək, saxlanılarkən üzərindən yarım qram narkotik vasitə olan heroin aşkar olunduğunu, polis əməkdaşlarının özlərində olan bükümləri onun cibinə qoyduqlarını və sonra çəkiliş apardıqlarını, ifadədə göstərilən narkotik vasitəni iranlıdan almasını polis əməkdaşlarının ona dediyini və o da, həmin formada izahatını yazdığını, 6 kq narkotik vasitəni polis əməkdaşlarının evə qoyduğunu və daha sonra onu evə qaldırdıqlarını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən və kirayə yaşadığı mənzilə baxış keçirilən zaman özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotorp maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, həmçinin izahatında və ilkin ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan «Kərim» adlı şəxsdən əldə etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri dəfələrlə müxtəlif şəxslərə satması onun istifadəsində olmuş +994 77-339-09-99 mobil nömrəyə daxil olan və çıxan çoxsaylı SMS mətnləri ilə bir daha öz təsdiqini tapır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 31 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xətai RPİ Narkotiklərlə mübarizə bölməsi tərəfindən tutulmuş, qeyd olunan vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsun 31 may 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Xətai RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,076 qram və 17,897 qram heroin, 1,089 qram metamfetamin, 1,006 qram tiryək, 6052,795 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 2 ədəd disk, onun istifadəsində olan mobil nömrə kartına dair məlumatları özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 160 (yüz altmış) manat 64 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 160 (yüz altmış) manat 64 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2021-ci il tarixli 1698 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Xətai RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,076 qram və 17,897 qram heroin, 1,089 qram metamfetamin, 1,006 qram tiryək, 6052,795 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntülərin əks olunduğu 2 ədəd disk, onun istifadəsində olan mobil nömrə kartına dair məlumatları özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 160 (yüz altmış) manat 64 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar