Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2038/2023 06.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin hazırlıq iclasında xx xxxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvəllər məhkum olunmamış, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri,Yasamal rayonu, Şahtaxtinski küçəsi, ev 16-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair həmin cinayət işi məhkəmənin icraatına daxil olmuş, 11, 22 sentyabr və 06 oktyabr 2023-cü il tarixlərə, məhkəmənin hazırlıq iclasına təyin edilməklə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, aldatma və etibardan sui-istifadə etmək yolu ilə 2018-ci ilin avqust – dekabr aylarında özgənin – zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 83.300 (səksən üç min üç yüz) manat məbləğində Azarbaycan Respublikası manatına ekvivalent olan 49.000 (qırx doqquz min) ABŞ dolları pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxsə 83300 (səksən üç min üç yüz) manat məbləğində külli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Həmin cinayət işi 03 aprel 2023-cü il tarixdə Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış, elə həmin tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhəri Yasamal RPİ-in İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 həvalə olunduğundan cinayət işi sonuncunun icraatına qəbul edilmiş, ibtidai istintaq aparılmış, ibtidai istintaq yekunlaşdırılmış və ittiham aktı tərtib olunmaqla başa çatdırılmışdır. İttiham aktı 14 avqust 2023-cü il tarixdə Yasamal rayon prokuroru vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Rəşadət Orucov tərəfindən təsdiq edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında keçirilmiş ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs və onun məhkəməyədək icraat mərhələsində təyinat əsasında hüquqlarını müdafiə etmiş, eyni zamanda məhkəmə icraatı mərhələsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müqavilə əsasında order təqdim etmiş müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatət qaldıraraq cinayət işinin materiallarının tanış olmaları üçün faktiki olaraq onlara təqdim olunmadığını, cinayət işinin materialları ilə tanış olmadıqlarını və həmçinin iş üzrə ittiham aktının surətləri onlara verilmədiyini bildirmiş və yol verilmiş pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Vəsatətin müzakirəsi zamanı müəyyən edildi ki, cinayət işində təqsirləndirilən şəxsə və onun müdafiəçisinə cinayət işi üzrə ibtidai istintaqın qurtarmasının elan edilməsi haqqında 05 avqust 2023-cü il və eyni şəxslərin cinayət işinin materialları ilə tanış olmaları haqqında 06 avqust 2023-cü il tarixli müvafiq protokollar və hər iki protokolda Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi adları qarşısında iştirakları barədə imzalar, həmin protokollarda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə eyni vaxtda cinayət işinin ibtidai istintaqının başa çatmasının elan olunması və adı çəkilən şəxslərin təqdim olunmuş cinayət işinin materialları ilə tanış olmaları barədə qeydlər mövcuddur (iş vərəqə: 152, 154). Qaldırılan vəsatətin müzakirəsi ilə bağlı Təqsirləndirilən şəxs göstərdi ki, müstəntiq İsmayıl Qurbanov məzuniyyətə gedəcəyi ilə bağlı vaxtının olmadığını bildirməklə, başqa aldadıcı üsullardan istifadə edib, ona müzakirə olunan protokollara imza etdirmiş, o, imza etdiyi sənədin məzmununu bilməmiş, həmin vaxt müdafiəçisi onun yanında olmamış, cinayət işinin materialları tanış olması üçün ona təqdim olunmamış, o, təklikdə və ya müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olmamışdır. Eyni məsələnin müzakirəsi ilə bağlı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi göstərdi ki, cinayət işi üzrə ibtidai istintaqın qurtarmasının elan edilməsi və cinayət işinin materialları ilə tanış olmaları qeyd olunan 05 və 06 avqust 2023-cü il tarixlərdə o, Bakı şəhərində olmamış, şənbə və bazar günləri olduğu üçün ailə üzvləri ilə birlikdə Quba rayonuna getmiş, cinayət işi üzrə ibtidai istintaqın qurtarması həmin tarixlərdə ona elan edilməmiş, cinayət işinin materialları tanış olması üçün həmin tarixlərdə ona və hüquqlarını müdafiə etdiyi şəxsə birlikdə təqdim olunmamış, o, təklikdə və ya hüquqlarını müdafiə etdiyi şəxslə birlikdə cinayət işinin materialları ilə tanış olmamışdır. Daha sonra təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi göstərdi ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai istintaqının yekunlaşdırılması 2023-cü ilin iyun ayına planlaşdırılmış, lakin bundan sonra həmin iş üzrə ibtidai istintaq onlara məlum olmayan səbəbdən hərəkətsiz saxlanılmışdır. Cinayət işinin məhkəmə hazırlıq iclaslarında ilkin dinləmələr keçirilmiş və real olaraq cinayət işi üzrə məhkəməyədək icraat zamanı məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan bir sıra kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Belə ki, qaldırılan vəsatətin müzakirəsi ilə bağlı iş materialları öyrənilərkən müəyyən edildi ki, cinayət işi üzrə ibtidai istintaqın qurtarmasının elan edilməsi haqqında 05 avqust 2023-cü il və eyni şəxslərin cinayət işinin materialları ilə tanış olmaları haqqında 06 avqust 2023-cü il tarixli həmin protokolların tərtib olunma tarixlərində kompyüterdə çap üsulu ilə yazılmış ay göstəricisi üzərində xüsusi ağardıcı vasitəsi ilə düzəliş aparılmış və əl yazma üsulu ilə qələmlə «08», yəni avqust kimi göstərilmişdir. Düzəlişi adi işıqla işıqlandırmaqla baxıldıqda, hər iki protokolun ilkin variantda çap üsulu ilə tərtib olunmasının 05 iyun 2023cü il və 06 iyun 2023-cü il tarixlərə təsadüf etdiyi müəyyən edilmişdir ki, bu da müdafiəçinin Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai istintaqının yekunlaşdırılmasının 2023-cü ilin iyun ayına planlaşdırılması ilə bağlı göstərdiklərini təsdiq edir (iş vərəqə: 152, 154-155). Mövcud təqvimə görə 05 avqust 2023-cü il və 06 avqust 2023-cü il tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Cinayət işi öyrənilərkən, həmçinin müəyyən edilmişdir ki, ibtidai istintaq orqanının 18 iyun 2023-cü il tarixli qərarına əsasən cinayət işinin icraatı təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən əsassız olaraq dayandırılmışdır (iş vərəqə: 148). Belə ki, istintaq orqanı cinayət işi üzrə icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırarkən təqsirləndirilən şəxsin nəinki ağır, ümumiyyətlə hər hansı xəstəliyini təsdiq edən tibbi sənədləri cinayət işinə əlavə etməmiş, iş üzrə icraatı təqribən ay yarım müddətində qanunsuz və əsassız olaraq hərəkətsiz saxlamış və yalnız 04 avqust 2023-cü il tarixdə - cinayət işi üzrə ibtidai istintaqın qurtarmasının proses iştirakçılarına elan olunduğu tarixdən bir gün əvvəl təzələmiş, heç bir istintaq hərəkəti aparmadan növbəti gün istintaqın qurtarmasının elan olunması barədə mübahisələndirilən protokolu tərtib etmişdir (iş vərəqə: 148, 150). Məhkəmə hazırlıq iclasında iş üzrə icraatın dayandırılmasına münasibət bildirən Təqsirləndirilən şəxs göstərdi ki, iş üzrə icraatın dayandırıldığı ərəfədə və sonralar heç bir xəstəlik keçirməmiş, bu barədə istintaq orqanına məlumat və ya tibbi sənəd təqdim etməmiş, istintaq orqanı tərəfindən ona bu barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 53.1 və 53.1.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya ................ əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda cinayət işi üzrə icraat dayandırıla bilər. Qeyd olunan bu fakt, yəni iş üzrə icraatın dayandırıldığı andan istintaqın təzələndiyi anadək heç bir istintaq hərəkətinin aparılmaması cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdırılmasının 2023-cü ilin iyun ayına planlaşdırıldığını bir daha təsdiq edir. Məhkəmə qaldırılan vəsatəti müzakirə edib, cinayət prosesi iştirakçılarını dinləyib belə nəticəyə gəlmişdir ki, məhkəmə hazırlıq iclasında istintaq orqanı tərəfindən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair qanun pozuntusuna yol verilmə halları, o cümlədən Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan, məhkəmə baxışı nəticəsində aradan qaldırılması mümkün olmayan kobud prosessual pozuntulara yol verilməsi halları müəyyən edildiyindən, iş üzrə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi ibtidai istintaqın qurtarmasının elan olunması və iş materialları ilə tanış etmə barədə protokollarında olan imzalarının şəxsin özü tərəfindən icra edilib-edilməməsi, onun 05 və 06 avqust 2023-cü il tarixlərdə Bakı şəhərində olub-olmaması məsələsi araşdırılmadan cinayət işinə baxılmasına xitam verilməli və yol verilmiş pozuntuların aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 284.1.1-ci maddəsinə əsasən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir. Həmin Məcəllənin 285.1-ci maddəsinin tələblərinə görə mstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. Qeyd olunan Məcəllənin 285.4-cü maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinin tələblərinə görə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddəsinin tələblərinin pozulması ciddi prosessual pozuntu olmaqla təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsində nəzərdə tutulan müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: - 91.5.13-cü maddəsinə əsasən etirazlar etmək və vəsatətlər vermək; - 91.5.17-ci maddəsinə əsasən təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək; - 91.5.18-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək; - 91.5.22-ci maddəsinə əsasən ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq; - 91.5.29-cu maddəsinə əsasən hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu qərarların, …… habelə ittiham aktının, ….. surətlərini almaq; - 91.5.30-cu maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək qanunla təqsirləndirilən şəxsə verilmiş hüquqlardır. Azərbaycan Respublikası CPM-nin 85.1-ci maddəsinə əsasən cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Həmin Məcəllənin 85.2.1-ci maddəsinin tələblərinə görə törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən, bu maddələrin tələblərinin pozulması kobud qanun pozuntusu hesab olunur və belə pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, ibtidai istintaq orqanının 14 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və məhkəmə bu qətimkan tədbiri ilə bağlı belə nəticəyə gəlir ki, hazırkı mərhələdə həmin qətimkan tədbirinin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsaslar yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.3.1, 303.3.8 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti məlumat üçün 3 (üç) gün müddətində cinayət prosesinin bütün iştirakçılarına göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-2038/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2038/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver