Məhkəmə qərarları › İş №1(101)-2040/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2040/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2040/2023 16.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X4 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “İrza” adlı şəxsdən telefon vasitəsi ilə sonuncunun göndərdiyi kart hesabına 300 manat pul köçürməklə satış məqsədi olmadan külli miqdarda ümumi təmiz çəkisi 4,726 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 5,315 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 aprel 2023-cü il tarixdə saat 23:45 radələrində ünvan 2 ünvanda şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qolsuz gödəkcəsinin sol yan cibindən 1 ədəd ağ rəngli sellofan bükümün içərisində olan 2 ədəd ağ şəffaf sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 4,726 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 5,315 qram ağ rəngli kristalşəkiili kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. 2022-ci ilin dekabr ayında “İnstaqram” sosial şəbəkəsində təsadüfən İran İslam Respublikasının vətəndaşı “İrza” adlı şəxslə tanış olmuşdur. 25 aprel 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman “İrza” adlı şəxslə mobil telefonla danışıb ondan narkotik vasitə istəmiş və həmin şəxs də ona hesab nömrəsi vermişdir. O isə hesab nömrəsinə marketlərin birində olan zaman ödəmə terminalı vasitəsi ilə 100 manat pul göndərmişdir. Həmin şəxsə narkotik vasitə əldə etmək üçün pul göndərsə də, dediyi yerdə narkotik vasitəni tapa bilməmişdir. Buna görə də “İrza” adlı şəxsdən xahiş etmişdir ki, həmin pulların əvəzində ona narkotik vasitə versin. “İrza” isə ona demişdir ki, “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığına gedib xəbər edərsən”. O da dostu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsindən taksi vasitəsi ilə qeyd edilən ünvana getmişdir. Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrosunun yaxınlığında olan zaman “İrza” adlı şəxs ona narkotik vasitə və psixotrop maddəni əvvəlcədən qoyduğu yerin fotoşəklini göndərmişdir. O da həmin narkotik vasitə və psixotrop maddənin qoyulduğu yerə getmişdir. Həmin ünvanda narkotik vasitəni götürəndə polis əməkdaşları onu tutmuşlar, dostu isə qaçmışdır. Bundan sonra polis əməkdaşları onu Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə dostunun adını polis əməkdaşlarına bildirmədiyi üçün dəfələrlə ona zor tətbiq etsələr də, dostunun adını deməmişdir. Daha sonra o, Nizami RPİ-nin 25-ci PŞ-də keçirilən şəxsi axtarış zamanı narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasını bildirmişdir. Bundan əvvəl “İrza” adlı şəxsə 100 manat pul göndərmiş, lakin həmin vaxt ona narkotik vasitə göndərmədiyindən axırıncı dəfə narkotik vasitə götürərkən narkotik vasitəni ona pulsuz verəcəyini demişdir. Əvvəllər marixuanadan istifadə etmiş, son zamanlar isə digər narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Falqada narkotik vasitənin tüstüsünü çəkmişdir. Dostu polislər gələndə qaçmağa başlamışdır. Narkotik vasitəni götürüb dostu ilə birlikdə istifadə etmək istəmişdir. Dostunun yerini bilmədiyindən polis əməkdaşlarına dostunun harada olduğunu deyə bilməmişdir. Narkotik vasitəni və psixotrop maddəni dostu ilə birlikdə istifadə etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təsir göstərilsə də, 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədənində xəsarət aşkar olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə “Arif” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat Bakı şəhəri Nizami RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkili X2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 25 aprel 2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 7 ünvanının qarşısında zahiri əlamətləri Arif adlı şəxs ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını deyərək qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri saxlaması və daşımasında şübhəli olduğunu bildirərək onu Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Arif adlı şəxs də etiraz etməyərək onlarla birlikdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə gəlmişdir. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Şöbənin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs həmin vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkcəsinin sağ yan cibindən özünə məxsus 1 ədəd mobil telefonu və həmin gödəkcənin sol yan cibindən 1 ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən içərisində 2 ədəd büküm olması aşkar edilmişdir. Bükümlər açılıb içərisinə baxış keçirilərkən bükümlərdən birinin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik tozşəkilli maddə olması, digər bükümün içərisində isə ağ rəngli kristalşəkilli maddələr olması aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metafetamin olduğunu, həmin maddələri “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan İrza adlı şəxsdən “onlayn” qaydada “M10” tətbiqi vasitəsilə həmin şəxsin bildirdiyi, hazırda xatırlamadığı hesab nömrəsinə 300 manat pul göndərməklə “Qara Qarayev” kimi tanıdığı ərazidən əldə edib şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 114-116). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 26 aprel 2023-cü il tarixli və “diskə baxış keçirilməsi haqqında” 27 aprel 2023-cü il tarixli protokollardan görünür ki, 25 aprel 2023-cü il tarixdə saat 23:45-də Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixdə saat 1:00-dan etibarən vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən özünə məxsus 1 ədəd mobil telefonu və həmin gödəkcənin sol yan cibindən 1 ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən içərisində 2 ədəd büküm olması aşkar edilmişdir. Həmin bükümlər açılıb içərisinə baxış keçirilərkən bükümlərdən birinin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik tozşəkilli maddə olması, digər bükümün içərisində isə ağ rəngli kristalşəkilli maddələr olması aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində narkotik vastə heroin, digərinin içərisində isə psixotrop maddə metafetamin olduğunu, həmin maddələri “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan İrza adlı şəxsdən “onlayn” qaydada “M10” tətbiqi vasitəsilə həmin şəxsin bildirdiyi, hazırda xatırlamadığı hesab nömrəsinə 300 manat pul göndərməklə “Qara Qarayev” kimi bildiyi ərazidən əldə edib öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilən zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmadı. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd büküm tərkibinin və çəkilərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 1 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 30-32 və 71). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2023-cü il tarixli 6/2425 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün №165” möhür əksləri, “...saxlanılan şəxs...Təqsirləndirilən şəxs...” və s sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 5,315 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd bükümdə təmiz çəkisi 4,726 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 5,315 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 5,215 qram, heroinin ümümi təmiz çəkisi 4,726 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,626 qram, cild 1, iş vərəqə 39-42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin 17 iyun 2023-cü il tarixli 1676 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müəvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barədə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Ünsiyyətçillik, adaptivlik, özünəməxsus mövqe və prinsipə malik olmaq və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 118-121). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 28 iyul 2023-cü il tarixli 4802 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 122-123). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 21 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkiləri 4,626 qram olan narkotik vasitə heroin və 5,215 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 135-145). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 95). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 78-80). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 25 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 4,626 qram olan narkotik vasitə heroin və 5,215 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 25 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 4,626 qram olan narkotik vasitə heroin və 5,215 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar