Məhkəmə qərarları › İş №1(101)-2049/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2049/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2049/2025 05.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Hüseynov Hicran Rüstəm oğlunun, Müdafiəçi: “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1981-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 173, mənzil 20də qeydiyyatda olub, faktiki olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi, ev 38-də yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 nəvəsi X7 xəstəliyi ilə bağlı hərbi xidmətdən saxlatdıracağına dair yalan vəd verib aldadaraq, 2024cü ilin oktyabr ayının əvvəlində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanından 2.600 manat pul vəsaitinin istifadəsində olan bank kartı hesabına köçürülməsinə nail olub, həmin pul vəsaitini ələ keçirdikdən sonra cinayət əməlini davam etdirərək, 2024-cü ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs2 yaşadığı həmin ünvanda 2.500 manat pul vəsaitini əlbəəl alıb ələ keçirərək, yenidən cinayət əməlini davam etdirməklə Zərərçəkmiş şəxs2 tərəfindən yaşadığı həmin ünvandan onun istifadəsində olan bank kartı hesabına xx.xx.2024-cü il tarixdə 2.500 manat və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 500 manat pul vəsaitlərinin köçürülməsinə nail olub, həmin pul vəsaitlərini də ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 8.100 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin noyabr ayında tanışı Zərərçəkmiş şəxs1 onu və həyat yoldaşını X8 işə düzəldəcəyinə dair yalan vəd verib ona olan etibarından sui-istifadə etməklə aldadaraq, 2024-cü ilin noyabr ayından 2025-ci ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla, ümumilikdə 10.500 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb ələ keçirdikdən sonra cinayət əməlini davam etdirməklə sonuncu dəfə 2025-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ağa Nemətulla, N.Hacıyev və M.Məmmədzadə küçələri ilə əhatə olunan Nəriman Nərimanov adına parkda 5.000 manat pul vəsaitini də ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 15.500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq təkrar törədilməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 QSCnin satış meneceri Şahid2 və satışa nəzarət edən Şahid1 "xxxx" MMC-nin direktoru olan qardaşı X1 vasitəsi ilə TƏBİB-in tabeçiliyində olan tibb müəssisələrinə müəyyən məişət avadanlıqları, dəftərxana ləvazimatları satmaq imkanının olması və alacağı məhsulların pulunu 2025-ci ilin aprel ayınadək ödəyəcəyinə dair yalan vəd verib ona olan etibardan sui-istifadə etməklə aldadaraq, 2025-ci ilin yanvar-fevral ayları ərzində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 QSC-nin anbarından cəmi 27893,961 manat dəyərində 5895 bağlama 80 qramlıq A4 öçlülü kağız, cəmi 70,8 manat dəyərində 300 rulon kassa kağızı, cəmi 29028 manat dəyərində 6000 bağlama 80 qramlıq A4 kağız, 01 ədəd 534,54 manat dəyərində “Quicks" markalı, Q-9265 50 inch UHD modelli televizor, cəmi 29205 manat dəyərində 5500 bağlama 80 qramlıq A4 kağız, cəmi 14499,25 manat dəyərində 25 ədəd “Quicks” markalı, Q-9415 modelli soyuducu, cəmi 7965 manat dəyərində 750 bağlama 80 qramlıq A3 kağız olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 QSC-yə məxsus 109196,551 manat dəyərində məhsulları alıb ələ keçirərək, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 QSC-yə külli miqdarda ziyan vuraraq təkrar törədilməklə dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 7-8 ildir Dadaş adlı tanışı vasitəsilə tanımış, Dadaş ona Zərərçəkmiş şəxs2 nəvəsinin hərbi xidmətdən azad edilməsi üçün köməklik lazım olduğunu demiş, o da bu məsələni həll edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ümumilikdə 8100 manat almış, həmin məbləği hissə-hissə olmaqla, həm nağd, həm də kart hesabına köçürmə yolu ilə almışdır. Aldığı bütün məbləği özünün müəyyən ehtiyaclarını ödəməyə sərf etmişdir. Hal-hazıradək ziyanı ödəməmişdir. Digər epizod üzrə isə Zərərçəkmiş şəxs1 məhkumluq dövründən tanımış, Rüfətlə bir işə düzəlmək istəmişlər, bu iş adı ilə ondan da ittihamda qeyd olunan məbləğdə pul vəsaiti götürmüş, istintaq dövründə aldığı məbləğin bir qismini qaytarmışdır. Zərərçəkmiş şəxs1 aldığı 15500 manat məbləğdən 4200 manatını geri ödəmişdir. Zərərçəkmiş şəxs3 QSC-də Emin adlı satış meneceri ilə əlaqə saxlamış, həmin şirkətdən dəftərxana və ofis ləvazimatları götürmüş, Zərərçəkmiş şəxs3 QSC ilə alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin birini “Asəfoğlu” şirkəti adına bağlamış, daha sonra onu ləvğ edib, fərdi sahibkar kimi öz adına müqavilə bağlamışdır. Müqavilənin müddəti 6 ay olmuş, götürülən malların dəyərini 6 ay ərzində ödəməli olmuş, lakin iş elə gətirmişdir ki, vəsaiti ödəyə bilməmişdir. Hesab edir ki, Zərərçəkmiş şəxs3 QSC ilə onun arasındakı münasibətlər mülki xarakterli münasibətlərdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 QSC ilə müqavilə bağlamağı şirkətin əməkdaşları özü təklif etmiş, Zərərçəkmiş şəxs3 QSC-dən götürdüyü malın dəyəri 109.000 manat təşkil etmiş, o, həmin malları bir dəfəyə deyil, bir neçə dəfəyə götürmüşdür. Zərərçəkmiş şəxs3 QSC ilə arasında olan münasibətə cinayət məsələsi kimi yanaşmır, çünki onlarla hüquqa uyğun şəkildə olaraq müqavilə bağlamışdır və məsələnin mülki qaydada həll olunmasını xahiş edir. Zərərçəkmiş şəxs1 4200 manat ödəmiş, Zərərçəkmiş şəxs2 isə heç bir məbləğ ödəməmişdir. Zərərçəkmiş şəxs3 QSC-yə olan borcunu təsdiq edir və borc məbləği 109.156 manat təşkil edir. O, “TƏBİB”də işləməmiş, nə “TƏBİB”ə, nə də hansısa tibb müəssisəsinə mal verməmiş, götürdüyü malların hamısını Sədərək Ticarət Mərkəzində satmış, malların satışından əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmiş, həmin puldan malları götürdüyü şirkətə heç bir ödəniş etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, nəvəsi onun himayəsində olmaqla onkoloji xəstədir. Nəvəsinin xəstəliyi ilə əlaqədar onun hərbi xidmətdən azad edilməsini istəmiş, ona Kamili təqdim edərək bu işi düzəldə biləcəyini demişlər. Kamil özü də hərbidə adamının olduğunu, qardaşı vasitəsi ilə nəvəsinin hərbi xidmətdən azad edilməsini təmin edə biləcəyini demişdir. O, bu işin qarşılığında əvvəldən 7000 manat istəmiş, daha sonra 8000 manat da verməli olduğunu demişdir. Həmin məbləğ ona bir dəfəyə verilməmiş, pulu hissə-hissə, həm nağd qaydada, həm də verdiyi kart hesabına köçürməklə vermişdir. 2500 manatı Təqsirləndirilən şəxs özünə vermiş, qalan məbləği isə kartına köçürmüşdür. Qəbzlərin bəzilərini istintaqa təqdim etmişdir. Kamil ondan pulu alsa da, qarşılığında heç bir köməklik etməmiş, nəvəsi hərbi xidmətə getmiş, artıq tərxis olunmasına cəmi 3 ay qalmışdır. Təqsirləndirilən şəxs aldığı məbləğdən ona heç bir ödəniş etməmişdir, ondan şikayətçidir, vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs işə düzəlmək məqsədi ilə 15600 (on beş min altı yüz) manat məbləğində pul vermiş, həmin puldan 4100 (dörd min yüz) manatını Kamil ona geri qaytarmışdır. Daha sonra Kamil həbs olunmuş, qalan pulunu qaytarmamışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxslə əvvəl bir yerdə məhkumluq həyatı yaşımış, orada tanış olmuşlar. O, özü taksi sürücüsüdür. Kamil onu bir yerdə iş düzəltmək kimi bir imkanının olduğunu demiş, ona təcili tibbi yardımın sürücüsü olmağı təklif etmişdir. O da bu məqsədlə Kamilə ümumilikdə 15600 manat pul vermişdir. Birinci dəfə 800 (səkkiz yüz) manat Xırdalan şəhərində parkın yanında birbaşa vermiş, ikinci dəfə 5000 (beş min) manat Nərimanov rayonunda parkın ərazisində bir başa özünə, açıq şəkildə vermişdir. Üçüncü dəfə yenə 5000 (beş min) manat Nərimanov rayonunda vermişdir. Sonuncu dəfə 3000 (üç min) manat və 2000 (iki min) manat vermişdir. Pulları verdiyi dəqiq tarixləri xatırlamır, həmin məbləğləri 2024-cü ilin dekabr-2025-ci ilin fevral ayları ərzində vemişdir. Bu epizodların heç birində yanında başqa şəxslər olmamış, Kamillə ikisi olmuşlar. İşin düzələcəyi deyilən müddət bitdikdən sonra aldadıldığını başa düşmüşdür. Təxmini 2 ay müddət qoymuş, düzəlməsə, pulunu qaytaracağını demişdir. Daha sonra Kamil pulun bir qisminiümumilikdə 4100 manat məbləğində pul qaytarmışdır. Təqsirləndirilən şəxsə qarşı halhazırda heç bir şikayəti və tələbi yoxdur. Qalan pulundan imtina edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Hüseynov Hicran Rüstəm oğlu öz izahatında bildirmişdir ki, təmsil etdiyi şirkət "xxxx" MMC adı ilə daha çox tanınır. "xxxx" MMC və Zərərçəkmiş şəxs3 QSC eyni şəxsə məxsusdur. Təmsil etdiyi şirkət həm dəftərxana məhsullarının, həm də elektronika mallarının satışı ilə məşğuldur. Şirkət olaraq təqsirləndirilən şəxsin qardaşı Famil Musayevi tanımışlar, belə ki, həmin şəxs "xxxx"ın rəhbəridir. Uzun illərdir Famil Musayevlə müqavilələri olmuş və əməkdaşlıq etmişlər. Həmin hospitala dəftərxana malları satmışlar. Təqsirləndirilən şəxs hardansa şirkətin satış meneceri Eminin nömrəsini taparaq ona zəng etmiş, Famil Musayevin qardaşı olduğunu, “TƏBİB”də işlədiyini, mal götürmək istədiyini, bir ay ərzində pulunu ödəyəcəyini bildirmişdir. Emin onu satış müdiri ilə tanış etmiş, Şahid1 onu şirkətin ambarlarına apararaq göstərmişdir. Bundan sonra aralarında razılıq olmuş, malları hissə-hissə verməyə başlamışlar. 2025-ci ilin yanvar ayından fevral ayına qədər bütün məhsullar verilmiş, Təqsirləndirilən şəxs aprel ayında ödəmə edəcəyini bildirmiş, lakin heç bir ödəniş etməmişdir. Sonradan ödəniş etməsə də, Kamil yenidən mal verilməsini istəmiş, lakin ona əvvəlcə borcunu ödəməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs dəvət edib görüşmüşlər, o, bir-iki günə pulu verəcəyini demiş, lakin hər dəfə söz versə də, şirkətə heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi bildirmişdir ki, normalda bu dəyərdə mal heç kəsə nisyə verilmir, lakin Təqsirləndirilən şəxs illərdir əməkdaşlıq etdikləri qardaşı Familin adından istifadə etdiyi üçün satış müdiri ona inanmışdır. O, Kamilə 10-20 min manat da olsa ödəniş etməsini təklif etmiş, lakin Kamil heç 100 manat da ödəməmişdir. Kamildən soruşanda malları xəstəxanalara payladığını, pulu ala bilmədiyini demişdir. Vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onlara mal almaq məqsədi ilə müraciət etmiş, o da Kamili şirkətin satış müdiri Şahid1la görüşdürmüşdür. Onların rəsmi müqavilə olmadan mal vermək səlahiyyətləri olmadığından Təqsirləndirilən şəxslə aralarında müqavilə imzalamışlar. Müqavilə imzalandıqdan sonra Təqsirləndirilən şəxs malları götürmüş, lakin müqavilədə göstərilən müddətin başa çatmasına baxmayaraq o, aldığı malların ödənişini etməmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, normalda nisyə malı ayın əvvəli verib, ayın sonu pulunu tələb edirlər. Təqsirləndirilən şəxs hələ də aldığı malların dəyərini ödəməmişdir. Götürdüyü malların dəyərini ödəməməsinə baxmayaraq Təqsirləndirilən şəxs təkrar mal almağa gəlmiş, lakin ona mal verməmişlər. Mal almağa gələndə Təqsirləndirilən şəxs köçürmələri olacağını, sonra ödəyəcəyini demişdir. Təqsirləndirilən şəxs özü şirkətə gəlmiş, ona yaxınlaşmışdır. Təqsirləndirilən şəxs mal almaq üçün şirkətə gəlmiş, o, Kamili satış müdiri ilə tanış etmişdir. Təqsirləndirilən şəxs dəftərxana malları götürmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2025-ci ilin yanvar-fevral aylarında bir əməkdaşları onu Təqsirləndirilən şəxslə tanış etmiş, Təqsirləndirilən şəxs həmin zaman iş adamı kimi səliqəli və normal geyimdə olmuşdur. Təqsirləndirilən şəxs “TƏBİB”də yaxın dostunun işlədiyini demiş, birlikdə görüşəcəklərini və “TƏBİB”ə tabe olan tibb müəssisələrinə dəftərxana malları göndərəcəyini demişdir. O, Təqsirləndirilən şəxslə danışmış, görüşmüş və aralarında müəyyən söhbətləri olmuşdur. O, şirkətin satış direktoru olmaqla Kamillə görüşən zaman ona şirkətin anbarlarını göstərmiş və onlar tam razılaşmışlar. Kamilin qardaşı Famil Musayevin klinikası olmuş və onunla əməkdaşlıqları olmuş, Famillə hər şey qaydasında olmuşdur. Ona görə də o, Kamilə inanmış və onunla razılaşmışdır. Müqavilə əsasında Kamilə mal verməyə başlamış və müəyyən müddət sonra ödəniş olmadığını görüb, mal verilməsini dayandırmışdır. O, Kamillə bir neçə dəfə zəngləşmiş, Kamil də hər dəfə pulu ödəyəcəyini demişdir. Bir müddət sonra Kamilin yalançılıq və dələduzluq etdiyini anlamışlar. Kamil aldığı mallardan 1 manat belə ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Ağamirzə adlı dostunun bacısı Zərərçəkmiş şəxs2 nəvəsi Ağa onkoloji xəstə olduğundan, Ağarmirzə onun hərbi xidmətə aparılmaması üçün köməklik lazım olduğunu demişdir. Söhbət arasında Kamil ona qardaşının “TƏBİB”də işlədiyini və Ağanın hərbi xidmətə aparılmasının qarşısını ala biləcəyini demişdir. O da Kamillə Ağamirzəni tanış etmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Kamil qardaşı vasitəsilə Ağanı komissiyaya salacağını vəd etmiş, o, sonradan bilmişdir ki, Kamil bunun qarşılığında Zərərçəkmiş şəxs2 pul istəmişdir. Onun pul məsələsindən sonradan xəbəri olmuşdur. O, bu məsələ ilə bağlı Ağamirzədən maraqlanmış və öyrənmişdir ki, onlar Kamilə hissə-hissə olmaqla müəyyən məbləğdə ödənişlər edilmişlər. O, Kamili 12-13 ildir ki, tanıyır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs dostu Şahid4 görə tanımışdır. Belə ki, bacısı Zərərçəkmiş şəxs2 nəvəsi X9 təxminən iki ildir ki onkoloji xəstədir. 2024-ci ilin sentyabr ayında Ağaya hərbi xidmətdən çağırış gəlmiş, Ağa ağır onkoloji xəstə olduğu üçün bacısı Rəifə onun hərbi xidmətə getməsini istəməmişdir. Buna görə də, Rəifə ondan bununla bağlı köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o, məsələ ilə maraqlanmağa başlamış və dostu Dadaşla aralarında olan söhbət zamanı ona bu barədə demişdir. Dadaş isə ona bir nəfər Kamil adlı tanışı olduğunu, Kamilin qardaşının TƏBİB-də işləyən nüfuzlu şəxs olduğunu, həmçinin Kamilin özünün də TƏBİB-də yüksək vəzifədə işləyən şəxslərlə əlaqələrinin olduğunu və bu kimi işləri düzübqoşmaqda köməklik göstərə biləcəyini demişdir. O, Dadaşdan Kamillə bu barədə danışmasını xahiş etmişdir. Daha sonra Dadaş onları Kamillə tanış etmiş, Kamillə aralarında olan söhbət zamanı sonuncu ona bildirmişdir ki, qardaşı Famil TƏBİB-də işləyir, özünün də TƏBİB-də yüksək vəzifədə işləyən şəxslərlə çox yaxşı əlaqələri var, o, Ağanı hərbi xidmətdən saxlatdırmağa köməklik göstərə bilər. Bundan sonra o, bu barədə bacısı Rəifəyə demiş, Rəifə də ona Kamillə danışmasını və nə lazımdırsa etməsini xahiş etmişdir. Daha sonra Kamil ona zəng vurub hərbi komissarlıqda olduğunu, Ağanın sənədlərinə baxdığını, onun ağır onkoloji xəstə olmaqla yanaşı, gözündə də problem olduğunu, qardaşı Famillə də danışdığını, Familin də Ağanın bu vəziyyətdə hərbi xidmətə apara bilməyəcəyini demişdir. X10 hərbi xidmətdən saxlatırmaq üçün 8.000 manat pul lazım olacağını demişdir. O, bu barədə bacısı Rəifəyə demiş və sonuncu da razılaşmışdır. Bundan sonra bacısı Rəifə 2024-cü ilin oktyabr ayının əvvəllərindən sonlarınadək hissəhissə olmaqla Kamilə ümumilikdə 8.100 manat pul vermişdir. Rəifə həmin pulların bir hissəsini Kamilin müxtəlif kart hesablarına göndərmiş, 2.500 manatını isə yaşadığı binanın qarşısında əlbəəl Kamilə vermişdir. Həmin ərəfədə Ağa hərbi xidmətə aparılsa da, Kamil Ağanı hərbi xidmətdə yenidən komissiyadan keçirib geri qaytaracağını demiş, lakin Ağa hərbi xidmətdən geri qaytarılmamışdır. Kamil isə hər dəfə onlara müxtəlif bəhanələr gətirməyə başlamış, artıq Kamilin onları aldatdığını anlamışlar, ona görə də Kamildən pulu geri qaytarmasını tələb etmişlər. Lakin, Kamil pulu qaytaracağını bildirsə də, hazırki vaxtadək qaytarmamışdır. (cild İ, i/v 166-168) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - xx.xx.2025-ci il tarixli təhvil təslim aktından görünür ki, Zərərçəkmiş şəxs3 QSC tərəfindən 109196,55 manat məbləğində mallar Təqsirləndirilən şəxs təhvil verilmişdir.(cild İ, i/v: 6) - xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərərçəkmiş şəxs3 QSC ilə alıcı Təqsirləndirilən şəxs arasında malların alqı-satqı müqaviləsi bağlanmışdır.(cild İ, i/v: 16-21) - İstintaq zamanı Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, diskin içərisində olan 01 ədəd səsyazma faylında Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs aralarında olan telefon danışığı zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona verdiyi pulu geri qaytarmasını istəyir, sonuncu da pulu bu gün qaytaracağını deyir, həmçinin Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona nə qədər borclu olduğunu soruşduqda Təqsirləndirilən şəxs 8.100 manat verəcəyi olduğunu bildirir. (cild İ, i/v: 175-176) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il 05 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum azad edilmiş, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. (cild İ, i/v: 75) Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aid digər epizodlar üzrə özünü tam təqsirli bilib, Zərərçəkmiş şəxs3 QSC-dən ittihamda qeyd olunan məbləğdə və həcmdə mal götürdüyünü etiraf etsə də, həmin epizod üzrə özünü təqsirli bilməyərək dələduzluq etmədiyini, həmin hüquqi şəxslə aralarında müqavilə olduğu üçün aralarında olan münasibətlərin mülki xarakterli olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün verdiyi ifadədən məlum olur ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 QSC ilə alğı-satqı müqaviləsini məhz həmin şirkətin əməkdaşlarının tələbi əsasında bağlamış, qeyd olunan müqavilə formal xarakter daşımaqla, yalnız dələduzluq cinayətinin törədilməsinin vasitəsi kimi çıxış etmiş, təqsirləndirilən şəxs həmin müqaviləni bağlayan zaman götürdüyü dəftərxana mallarının dəyərini ödəmək niyyətində olmamış, onun məqsədi yalnız şirkətin əməkdaşlarını özünün iş adamı olmasına inandırmaq olmuşdur. Belə ki, qeyd olunan müqavilə bağlanan zaman təqsirlədirilən şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinə yalan məlumat verərək guya “TƏBİB”də işlədiyini, götürdüyü malları tibb müəssisələrinə paylamaq məqsədi ilə aldığını bildirmiş, halbuki həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs heç bir yerdə, o cümlədən “TƏBİB”-də işləməmiş, onun hər hansı xəstəxanaya dəftərxana malları satması ilə bağlı nə müqavilədən, nə də vəzifəsindən irəli gələn öhdəliyi və səlahiyyəti olmamış, götürdüyü malları heç bir tibb müəssisəsinə təhvil verməmiş, həmin malları Sədərək Ticarət Mərkəzində sataraq əldə etdiyi məbləğin hamısını öz ehtiyaclarına xərcləmiş, həmin puldan mal aldığı şirkətə heç bir ödəniş etməmişdir. Bununla da tərəflər arasında mülki münasibətlərin olmadığı, müqaviləni bağlayan zaman təqsirləndirilən şəxsin niyyətinin zərərçəkmiş şəxsi aldatmaqla onun əmlakını ələ keçirmək olduğu, həmin müqavilənin də dələduzluğun vasitəsi kimi çıxış etdiyi müəyyən edilir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarlarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2015 saylı xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 09 il 05 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nərimanov rayon Məhkəməsinin 7(005)-461/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (cild İ, i/v: 187-191) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlini törədərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2015 saylı xx.xx.2015-ci il tarixli hökmü ilə təqsirli bilindiyi ağır cinayət əməlini törətməyə görə üzərində yaranmış məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları əsas götürərərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 epizodu üzrə dəymiş ziyanı qismən ödəməsini, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla onun şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğundan məhkəmə hesab edir ki, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i/v: 104-105) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1238/2025 saylı 17 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 15 oktyabr 2025-ci il tarixdən hesablanmaqla xx.xx.2026-cı il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, i/v: 150-154) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 15 oktyabr 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 352 (üç yüz əlli iki) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 15 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 352 (üç yüz əlli iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Səbuhi Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar