Məhkəmə qərarları › İş №1(101)-2050/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2050/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2050/2024 05.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi – “Pro Bono” vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: 19 iyul 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək cinayət işinin məhkəmə aidiyyətini da yoxlamışdır. Məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində cinayət əməlinin törədilməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktından görünür ki, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 17,058 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 11 aprel 2024-cü il tarixdə, saat 17:56-da yuxarıda qeyd olunan ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin gün saat 19:30-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,877 qram, 7,185 qram və 4,996 qram olmaqla, ümumi təmiz çəkisi 17,058 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı məhkəməyə şifahi vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu cinayət əməlini Abşeron rayonu ərazisində törətdiyi üçün cinayət işinin aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 vəsatəti müdafiə etməyərək, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatətin dəlillərini və cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, həm ittiham aktından, həm də cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs azadlığı 17 aprel 2024-cü il tarixdə, saat 17:56-də ünvan 1 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmaqla məhdudlaşdırılmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlaması və daşıması ilə bağlı ittiham irəli sürüldüyündən, qeyd edilən ittihama daxil olan cinayət əməli isə uzanan cinayət əməlinə aid edildiyindən və ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində polis əməkdaşları tərəfindən saxlanıldığından məlum olur ki, göstərilən cinayət əməli məhz Xırdalan şəhəri ərazisində başa çatmışdır. Eyni zamanda məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı 17 aprel 2024-cü il tarixdə, saat 17:56-də ünvan 1 ünvanının yaxınlığında faktiki olaraq məhdudlaşdırıldıqdan sonra onun başqa inzibati əraziyə aparılıb orada üzərində prosessual hərəkətin keçirilməsi (şəxsi axtarış və götürmə) bilavasitə prosessual hərəkət kimi qiymətləndirilməli və belə prosessual hərəkətin keçirildiyi yer (ərazi) ittiham aktında göstərilmiş cinayət əməlinin başa çatma yeri kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Eyni mövqe həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 5-ci bəndinin 4-cü abzasında da sərgilənmişdir. Belə ki, sözügedən qərarın 5-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, “Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir”. Beləliklə, məhkəmə ittiham aktına və cinayət işinin materiallarına istinad edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı 17 aprel 2024-cü il tarixdə, saat 17:56-də ünvan 1 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmaqla faktiki olaraq məhdudlaşdırıldığından onun polis əməkdaşları tərəfindən saxlanıldığı yer, yəni Xırdalan şəhəri cinayətin başa çatdığı yer hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsində ‘‘məhkəmə aidiyyətinə əməl olunması” cinayət mühakimə icraatının əsas prinsiplərindən biri kimi nəzərdə tutulmaqla, həmin maddənin müddəasının tələblərinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz, şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət mühakimə icraatının həmin təməl prinsipi Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində nəzərdə tutulan müddəalara əsaslanır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə aidiyyətinə əməl edilməsinin əhəmiyyəti, həmçinin onda ifadə edilir ki, aidiyyətlə bağlı tələblər ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə istiqamətlənmişdir. Qeyd edilən hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmə orqanlarına aidiyyəti CPM-in 67-77-ci maddələrində müəyyən edilmişdir. Adı çəkilən normalar ərazi, növ (predmet) və şəxslərə görə aidiyyəti, habelə məhkəmə orqanlarının səlahiyyətinə görə aidiyyəti fərqləndirmişdir. Məhkəmə qeyd edir ki, ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayət mühakimə icraatını həyata keçirən hər bir məhkəmə orqanının səlahiyyətlərinin şamil edildiyi ərazi CPM-in 67-73-cü maddələrində müəyyən edilmişdir. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi, yer başa düşülür. Eyni zamanda cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə aidiyyəti onun məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən mütləq yoxlanılmalıdır. Belə yoxlama birinci instansiya məhkəmələrinin hazırlıq iclası zamanı həll edilməli olan ilk məsələdir. Hər bir məhkəmə ona daxil olmuş cinayət işi və digər materiallar barədə hər hansı prosessual hərəkət etməmişdən (hazırlıq iclasınadək olan hərəkətlər istisna olmaqla) əvvəl həmin işin və ya materialların aidiyyətini yoxlamalıdır. Qeyd edilən Məcəllənin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri və Abşeron rayonu (Xırdalan şəhəri) ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ağır cinayətin törədildiyi yer olan Abşeron rayonu, Xırdalan şəhəri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.1 və 75.1-ci maddələrinə əsasən cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin əsaslığını müzakirə edərək hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri əsaslıdır və sözügedən qətimkan tədbirinin dəyişdirilməsinə zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar