Məhkəmə qərarları › İş №1(101)-2053/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2053/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2053/2024 09.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X5 və X10, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 9 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1(bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(001)-217/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 9 oktyabr 2024-cü il tarixdə, saat 11:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə məlum olmayan tarixdə və mənbədən ümumi təmiz çəkisi 2,578 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış,10 yanvar 2024-cü il tarixdə, saat 20:10-da ünvan 3 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin (bundan sonra mətndə - Binəqədi RPİ-nin 43-cü PB) əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanda yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 21:30-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1(bir) ədəd ağ rəngli sellofan bükülüdə ümumi təmiz çəkisi 2,578 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə (bax iş vərəqi (bundan sonra mətndə-i.v.) 43-44; 52-54; 67-70; 180-184;) əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən üç ildir psixotrop maddə metamfetamindən istifadə etmişdir. 10 yanvar 2024-cü il tarixdə, saat 20:10-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsində uzun müddətdir yaşadığı məhəllədən tanıdığı dostları X3 və X14 ilə birlikdə piyada hərəkət edərkən 4-5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etdikdən sonra onları 43-cü PB-yə dəvət etmiş, onlar hər hansı etiraz etmədən həmin polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqlardan birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra onun xahişi ilə müdafiəçinin iştirakı olmadan polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynindəki qara rəngli idman şalvarının sağ yan cibində öz istifadəsi üçün üzərində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümü və həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa hər hansı əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş maddənin nə olduğu, habelə haradan aldığı soruşulduqda həmin maddənin “patı” olduğunu, Binəqədi qəsəbəsində, DSK yolunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin tərəzidə çəkildikdə çəkisinin 2,65 qram olması müəyyən edildikdən sonra o və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyularaq möhürlənmiş, daha sonra protokol tərtib olunmuş, həmin protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. 2023-cü ilin oktyabr ayında +98 919 *** **** saylı mobil nömrənin “Whatsapp” proqramını işlədən şəxsin “Hacı” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı olduğunu bilmiş, lakin həmin şəxsi heç vaxt görməmiş, onunla yalnız mobil telefonda “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamışdır. O, “Hacı” ilə danışıb əvvəlcədən sonuncunun bildirdiyi “m10” hesablarına pul göndərməsinin qarşılığında “Hacı”nın ona ***-***-**-** saylı mobil nömrəsinin “Whatsapp” proqramı vasitəsi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini gizlətdiyi yerlərin məkan bildirişlərini göndərməsinə dair razılığa gəlmişdir. Uyğun vaxtı gözlədikdən sonra həmin yerlərdən, çox vaxt küçədə daşın altı və ya torpağın altından həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmişdir. Əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini həm özü istifadə etmiş, həm də müxtəlif şəxslərə satmışdır. Sonuncu dəfə 31 dekabr 2023-cü il tarixdə +98 919 *** **** saylı mobil nömrənin istifadəçisi “Hacı” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə istifadəsində olan “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış, sonuncudan həm şəxsi istifadəsi, həm də satmaq üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Hacı ona ***-***-**-** saylı mobil nömrənin “M10” hesabına 180 manat pul göndərməyini bildirmişdir. ***-***-**-** saylı “M10” hesabından “Hacı”nın “M10” hesabına 100 manat, həmin günü yenidən 65 manat pul göndərmiş, 15 manat isə borclu qalmışdır. “Hacı” ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamini gizlətdiyi yerin məkan bildirişini göndərmişdir. 31 dekabr 2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı yolu ilə şəhər şossesi küçəsinin kəsişməsində yerləşən yerə yaxınlaşmışdır. Orada küçədə daşın altındakı siqaret qutusunun içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürmüşdür. Aldığı narkotik vasitə heroindən və psixotrop maddədən həm özü istifadə etmiş, həm də müxtəlif şəxslərə vermişdir. Bundan əlavə 2023-cü ilin oktyabr-dekabr aylarında “Hacı” adlanan İran İslam Respublikası vətəndaşından 10 dəfəyə yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Hacı çox vaxt məkan olaraq ona Sabunçu rayonu ərazisində məkan bildirişləri göndərmiş, həmçinin o, Q.Qarayev prospektində “Ruslan” marketin yaxınlığında, binanın tinində işıq sayğacının yaxınlığına gizlətdiyi yerlərdən gedib götürmüşdür. O, saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərinə şəxsi axtarış aparılarkən heç bir psixi və ya fiziki təzyiqə məruz qalmamışdır.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmaqla ittihamda göstərilən yerdə və qaydada saxlanılmış, saxlanılarkən üzərində ona elan edilmiş ittihamda göstərilən çəkidə və növdə narkotik vasitə olmuş, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün almış, lakin məhlə yoldaşlarına 1-2 dəfə istifadə etmələri üçün vermişdir. O, əldə etdiyi narkotik vasitələri hər dəfə tanımadığı müxtəlif şəxslərdən nağd və ya bank kartı vasitəsilə nağdsız formada, habelə arabir borca da almış, sonuncu dəfə narkotik vasitə aldığı şəxsdən əvvəllər də 2-3 dəfə şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Belə ki, tanışları mobil telefon vasitəsilə onunla əlaqə saxlayıb ondan narkotik vasitə istədiyindən nəyinsə qarşılığında sonunculara da narkotik vasitə vermiş, lakin hər hansı şəxslə narkotik vasitələri aparıb harasa qoyub kuryerlik etməsi barədə danışıqları olmamışdır. O, polis əməkdaşları tərəfindən narkotik vasitə aludəçisi olan 3 nəfər şəxslə birlikdə saxlanılmış, şəxsi axtarış istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan aparılmasını özü istəmiş, həmin vaxt üzərində ittihamda göstərilən çəkidə psixotrop maddə aşkar edilmiş, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, pis rəftara və ya zorakılığa məruz qalmamışdır. İranlı Hacı adlı şəxslə 2023-cü il tarixdə tanış olmuş, sonuncuya “m10” proqramı vasitəsilə pul göndərib öz şəxsi istifadəsi üçün narkotik vasitə almış, həmin narkotik vasitədən də tanışlarına 5-10 manata vermiş, lakin sırf satışla məşğul olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməlindən çox peşman olduğunu, narkomaniya xəstəliyindən əziyyət çəkməklə həmin xəstəlikdən müalicə olunaraq normal həyat tərzinə geri qayıtmaq istədiyini və himayəsində 1 (bir) azyaşlı uşağı olduğunu bildirərək məhkəmədən ona ədalətli cəza təyin etməsini xahiş etdi.

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi döngə 13 ev 35-də yaşayan X6, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami küçəsi ev 9-da yaşayan X1 və ünvan 8-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin 10 yanvar 2024-cü il tarixli qərarı ilə yaradılmış əməliyyat qrupunun üzvü təyin edilmiş və PB-nin əməliyyat müvəkkilləri Fəqan Əliyev, Məmməd Məmmədzadə, Cəlal Əliyev və PB-nin sahə rəisi Şahid2lə birlikdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, X3, X14 və Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü ildə, saat 20:10 radələrində ünvan 8-nın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq 43-cü PB-yə gətirilmişdir. Hər üç şəxsin ayrı-ayrı təhqiqatçıların xidməti iş otağına aparılması təmin olunmuş, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sonra Təqsirləndirilən şəxsla üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış və götürmədə müdafiəçinin iştirak etməsini xahiş etmiş, videoçəkilişlə şəxsi axtarış və götürmə aparılacağı barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olduqdan sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs isə əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü və həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsla aparılan sorğu zamanı sonuncu üzərindən aşkar edilən bükümün içərisindəki predmetin “patı” olduğunu, həmin predmeti bu gün, yəni 10 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda DSK yolunda tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdəki “patı" adlanan maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərində axtarış keçirilərkən hər hansı psixi və fiziki təsirə məruz qalmamış, onlara qarşı hər hansı etirazını bildirməmiş, habelə aşkar edilmiş predmetin çəkisini mübahisələndirməmiş, həmin predmeti nə vaxt və kimdən alması barədə məlumat verərək şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 Həbib oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, o, 4 ildir Təqsirləndirilən şəxs yaşadığı ərazidə sahə rəisi kimi fəaliyyət göstərir, həmin ərazidə xidmətdə olarkən sakinlər tərəfindən sonuncunun narkomanlıqla məşğul olması barədə mütəmadi olaraq şikayətlər daxil olmuş, Ramil narkotik vasitələrin satışı ilə məşğul olduğundan narkotik vasitə istifadəçilərinin hamısı daimi olaraq Ramilin ətrafında toplaşmışlar. Ramilin narkotik vasitə istifadə etməsi ilə əlaqədar ailə üzvləri ilə də problemlər yaşanmış, sonuncu hətta evindəki əşyaları da satmışdır.

8. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X18 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. E.E.Vəliyev həmin ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və onun istifadəsindədir. Təqsirləndirilən şəxs yaşadığı qəsəbədən tanımışdır. Ramil ondan yaşca bir az böyük olmaqla onu 10 ildir tanımış, 3-4 ildir bir-birlərinin narkotik vasitə istifadəçisi olduqlarından məlumatlı olmuşlar. Son zamanlarda, yəni 2023-cü ilin ortalarından Ramilin Binəqədi qəsəbəsində narkotik vasitə satdığını bilmişdir. Əvvəldən də ünsiyyəti olduğu üçün ondan bir neçə dəfə narkotik vasitə almışdır. 6 yanvar 2024-cü il tarixdə, gecə saat 01:00 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin “Whatsapp” proqramına mesaj yazmış, Ramildən “daş” adlandırdıqları psixotrop maddə metamfetamin və “kola” adlandırdıqları heroin istəmiş, bunların qarşılığında Ramilə “türmədə” hazırlanan şəkil albomu verəcəyini bildirmişdir. Həmin gecə, yəni 6 yanvar 2024-cü il tarixdə saat 02:20 radələrində Ramilin yaşadığı Binəqədi qəsəbəsində yerləşən evlərinin qarşısına getmiş, Ramil ona “kola” adlandırdıqları heroinin olmasını, lakin “patı" adlandırdıqları psixotrop maddə metamfetamin olmadığını bilmişdir. Ramilə ondan aldığı 0,1 qram heroin qarşılığında ona şəkil albomu vermişdir. Həmin günü, yəni 6 yanvar 2024-cü il tarixdə onun ***-***-**-** saylı mobil nömrəsinin “Whatsapp” ani mesajlaşma tətbiqinə yenə mesaj yazıb Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin olan “patı” və narkotik vasitə olan “kola” istəmiş, Təqsirləndirilən şəxsla razılığa gəldikdən sonra 10 manat dəyərində 1 çet, yəni 0,1 qram psixotrop maddə və 5 manat dəyərində “kola” adlandırdıqları heroin almış, ödənişin 7 manatını Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinin “M10” hesabına göndərmişdir. Yerdə qalan 8 manatı da həmin günü, yəni 6 yanvar 2024-cü il tarixdə saat 17:00-da Ramilin yaşadığı Binəqədi qəsəbəsində yerləşən evlərinin qarşısında görüşərək vermiş və Ramilə göndərdiyi 7 manat və əlbəəl verdiyi 8 manatın qarşılığında Ramildən 0,1 qram kola adlanan heroin və 0,1 qram daş adlandırdıqları psixotrop maddə metamfetamin vermişdir. Üzərindən 5-6 gün keçdikdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır (Cild 1, i.v. 110-112;).

9. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X6 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. E.A.Zeynalov həmin ifadəsində göstərmişdir ki, 10 yanvar 2024-cü il tarixdə, saat 20:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsində uzun müddət yaşadığı məhəllədən tanışları olan X3 və Təqsirləndirilən şəxs ilə birlikdə piyada hərəkətdə olarkən 4-5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etdikdən sonra onları həmin bölməyə dəvət etmiş, onlar da sonuncularla razılaşıb bölməyə getmişlər. O, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olmasını bilsə də, həmin vaxt onun üzərində psixotrop maddə olması barədə məlumatsız olmuş, habelə sonuncunun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını görməmiş və ya eşitməmişdir (Cild 1, i.v. 114-116;).

10. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X1 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və onun E.A.Zeynalovun ifadəsi ilə eyni məzmunlu ifadə verməsi müəyən edilmişdir(Cild 1, i.v. 72-74;).

11. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X7 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. A.F.Nağızadə həmin ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə qardaşı X11 adınadır, lakin təxminən 1 ildir onun istifadəsindədir. Təqsirləndirilən şəxs yaşadığı qəsəbədən, uşaqlıqdan tanımış, onunla Gədəbəy rayonunda əsgərlikdə bir yerdə xidmətdə olmuşdur. O, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, “Həyat üçün Şans” reabilitasiya mərkəzində müalicə almışdır. Hazırda narkotik vasitə istifadəçisi deyildir. 2023-cü ilin noyabr ayında Ramil ilə yaşadıqları məhəllədə söhbət əsnasında bilmişdir ki, ondan lazım olduqca “kola” adlandırdığı narkotik vasitə olan heroin və “patı” adlandırdıqları psixotrop maddə metamfetamini ala bilər. Ramilin onda əvvəldən də istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. 2023-cü ilin noyabr və dekabr ayında 6-7 dəfə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin almış, eyni məhəllədə yaşadıqları üçün aldığı narkotik və psixotrop maddə metamfetaminin pulunu ona əlbəəl vermişdir. Bundan əlavə Ramil ona bildirdikdə Ramilin bildirdiyi **********374488 və **********673838 saylı kart hesablarına pulunu göndərmiş, pulu onun kartına göndərdikdən sonra Ramil ilə görüşüb ondan narkotik vasitə və psixotrop maddə metamfetamini almışdır. 1 dekabr 2023-cü il tarixdə axşam saatlarında Ramilin yuxarıda qeyd etdiyi mobil nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayaraq ondan 7 manatlıq “kola” adlandırdıqları narkotik vasitə heroin istəmiş, Ramilin ona bildirdiyi **********374488 saylı “Kapital bank” kartına ödəmə terminalı vasitəsi ilə 7 manat pul göndərmiş, həmin günü yaşadıqları məhəllədə Ramil ilə görüşüb ondan “kola” adlandırdıqları narkotik vasitə heroin almışdır. 11 dekabr 2023-cü il tarixdə səhər saatlarında yenə istifadəsində olan mobil nömrənin “Whatsapp” proqramı vasitəsi ilə Ramilin “Whatsapp” nömrəsinə zəng edib onunla mesajlaşaraq ondan “kola” adlandırdıqları narkotik vasitə olan heroin istəmiş, Ramil isə bunun müqabilində ondan 5 manat pul istəmiş, o da Ramilin bildirdiyi karta 5 manat göndərib həmin gün səhər saatlarında Ramil ilə yaşadıqları məhəllədə görüşmüş, ondan 5 manat dəyərində “kola” adlandırdıqları narkotik vasitə heroin almışdır. 22 dekabr 2023-cü il tarixdə, axşam saatlarında Ramil ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış, Ramilin bildirdiyi **********374488 saylı “Kapital Bank” kartına 10 manat pul göndərmiş, Ramil də “kola” adlandırdıqları narkotik vasitəni yaşadıqları məhəllədə evlərinin qarşısında daşın altına qoyduğunu bildirmiş, həmin yerə yaxınlaşıb Ramilə göndərdiyi 10 manat pulun müqabilində Ramilin daşın altına qoyduğu narkotik vasitə heroini götürüb həmin gün istifadə etmişdir. 29 dekabr 2023-cü il tarixdə, günorta saatlarında Ramil ilə “Whatsapp” proqramı vasitəsi ilə yenidən əlaqə saxlamış, Ramildən 10 manatlıq “kola” adlandırdıqları narkotik vasitə heroin istəmiş, Ramil ona **********673838 saylı karta 10 manat göndərməyini bildirmişdir. Həmin karta istifadəsində olan anası llhamə Nağıyevaya məxsus “Leo Bank” kartı vasitəsi ilə Ramilin bildirdiyi **********673838 saylı karta 10 manat pul göndərdikdən sonra həmin gün Ramillə görüşüb ona göndərdiyi 10 manat pulun müqabilində sonuncudan 1 çet adlandırdıqları təxminən 0,1 qram narkotik vasitə heroin almışdır. O, qeyd etdiklərindən əlavə də Ramildən narkotik vasitə və psixotrop maddə almışdır. O, bir müddət sonra Ramilin tutulması barədə bilmişdir. O, narkotik vasitə asılılığından müalicə almaq üçün reabilitasiya mərkəzinə getmiş və 2023cü ilin mart ayının 18-ə qədər reabilitasiya mərkəzində müalicə almışdır (cild 1, i.v. 186- 189;).

12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, habelə ifadələri elan edilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

13. “Cinayət işinin başlanılması və icraata götürülməsi haqqında” qərardan görünür ki, 10 yanvar 2024-cü il tarixdə, saat 20:10 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1(bir) ədəd şəffaf sellofan bükülünün içərisində təmiz çəkisi 2,578 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi faktına görə Binəqədi RPİ-nin İŞ-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən 11 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata götürülmüşdür (Cild 1, i.v.1-2;).

14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X20 tərəfindən ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X14, X3 və Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında X14, X3 və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Binəqədi RPİ-nin 43-cü PB-nin rəisi, polis mayoru Əhməd Məlikov tərəfindən təsdiq edilməklə həmin bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri, polis leytenantı X15, polis baş leytenantı X22, polis leytenantı Şahid1, polis kiçik leytenantı X31 və polis sahə rəisi, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində E.A.Zeynalov, N.N.Pirverdiyev və Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 20:10-da ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-yə gətirilmişdir (Cild 1, i.v. 3-10;).

15. “Şübhəli şəxsin tutulması haqqında” 10 yanvar 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X16 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə həmin tarixdə, saat 21:10-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 yanvar 2024-cü il tarixdə, saat 20:10 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 19-22;).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X8 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Binəqədi RPİ-nin 43cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X16 tərəfindən həmin bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, polis sahə inspektoru, polis kapitanı Şahid2 və həmin idarənin X2 ekspert-kriminalisti X9 iştirakı ilə Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində həmin tarixdə, saat 21:30-dan 21:50-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə və ya narkotik vasitələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar olunmuş 1(bir) ədəd şəffaf rəngli sellofan bükülünü və sol yan cibindən 1(bir) ədəd “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymuş, ciblərindən hər hansı başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin ağ rəngli sellofana bükülmüş 1(bir) ədəd bükülüdə nə olması soruşulduqda, sonuncu həmin bükümdə “patı” olduğunu, habelə “patı”nı həmin gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolunda tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə təxmini çəkisinin 2,65 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin ağ rəngli sellofana bükülmüş 1(bir) ədəd bükülünün içərisindəki maddə çəkisini və tərkibini müəyyən etmək məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Zərfin içərisi iştirakçılara göstərilməklə həmin zərfin içərisinin boş olması müəyyən edildikdən sonra içərisində psixotrop maddə və ya narkotik vasitələrin ağ rəngli kristal kütlə olan 1(bir) ədəd bükülü zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənərək hər bir iştirakçı tərəfindən üzəri imzalanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Panasonic” markalı videokameradan istifadə etməklə videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 29- 33;).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 yanvar 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı 1(bir) ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 5 dəqiqə 37 saniyə olan həmin videogörüntüyə müstəntiq İ.A.Süleymanov tərəfindən müvafiq olaraq müdafiəçi E.S.Zeynalova və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilməsinə dair 12 yanvar 2024cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 71;)

18. “Məhkəmə-kimyəvi” (materialların) ekspertizasının 11 yanvar 2024-cü il tarixli, 3- 16-16/2-6/150 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş 1(bir) ədəd zərfdə 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,578 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 2,578 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq çəkisi – 2,528 qram. Aparılmış tədqiqatın dəyərinin 65 (altmış beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 37-41;).

19. “Təhqiqat materialının istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 11 yanvar 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin aşkar olunması ilə əlaqədar toplanmış material araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPİ-nin İŞ-yə göndərilmişdir (Cild 1, i.v. 47;).

20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 4(001)- 26/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 8 may 2024-cü il tarixli, 4(001)-307/2024 saylı və 11 iyul 2024-cü il tarixli, 4(001)-503/2024 saylı qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 31 iyul 2024-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v. 81-85; 213-219;290-293;).

21. “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,578 qram olan psixotrop maddə metamfetamin, habelə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefon maddi sübut qismində tanınmaqla ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 2,528 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində aparılmış “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD formatlı disk maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v.99-103;).

22. Binəqədi RPİ-nin 43-cü PB-nin rəisinin 22 yanvar 2024 və 18 iyun 2024-cü il tarixli məktublarında göstərilmişdir ki, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, lakin sonuncunun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, Binəqədi qəsəbəsində yaşayan X23 adlı şəxsin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə metamfetamini alması barədə əməliyyat məlumatı vardır (Cild 1, i.v. 109;229).

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 2 mart 2024-cü il tarixli cavabından, müvafiq hökm və məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(001)-217/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (Cild 1, i.v. 129-130; 222-227;).

24. “Mobil telefon məlumatlarına baxış keçirmək haqqında” 2 mart 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 8 avqust 2024-cü il tarixli 1890/24 nömrəli məktubla daxil olmuş 1 (bir) ədəd CD diskdəki məlumatlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və həmin mobil nömrələrin anket məlumatları qeyd olunmuşdur. Bundan əlavə, cinayət işi üzrə əhəmiyyət kəsb edəcək heç bir yazı və ya SMS aşkar edilməmişdir (Cild 1, i.v. 131-133;).

25. “Canlı şəxsin məhkəmə-tibbi” ekspertizasının 13 yanvar 2024-cü il tarixli 60 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir (Cild 1, i.v.138-140;).

26. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 29 yanvar 2024cü il tarixli, 523 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 2015-ci ildən psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etməyə başlamışdır. Həmçinin 5 ildir narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə edir. Təxminən 1 ildir narkotik vasitə olan heroini psixotrop maddə olan metamfetaminlə qatıb inyeksiya yolu ilə istifadə etməyə başlamışdır (Cild 1, i.v. 142-143;).

27. “Mobil telefona baxış keçirilməsi haqqında” 1 aprel 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, müstəntiq İsa Süleymanov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd mobil telefona Təqsirləndirilən şəxs və onun müdafiəçisi E.S.Zeynalovanın iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində +**********73 saylı mobil nömrə olması müəyyən edilmişdir. Mobil telefona baxış keçirilərkən ***-***-**-** GSM nömrənin “Whatsapp” proqramı vasitəsi ilə +994 70-214-44-03 vatsap vasitəsi ilə 2 yanvar 2024-cü il tarixdə, saat 18:54-22:06 aralığında mesajlaşmaların olması müəyyən olunmuşdur. Mesajların məzmunundan aydın olur ki, +994 ***-***-**-** saylı mobil nömrənin istifadəçisi tərəfindən “qardaşım 10-luq kola alınır” mesajı yazılmış, ***-***-**-** saylı “Whatsapp” nömrəsindən cavab olaraq “evə çatana yaxın xəbər elə çıxım qapıya” qeyd olunmuşdur. Həmin gün, saat 22:06-da ***-***-**-** saylı mobil nömrədən “qardaşım bu yanan temadı, heç 2 tüstü vurammadım sən öl qaldım lomkada" mesajı yazılmışdır. +994 99308-80-28 saylı mobil nömrədən 29 noyabr 2023-cü il tarixdən 14 yanvar 2024-cü il tarixə qədər olan mesajlar olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin nömrənin Abdul adlı yaşadığı məhəllədən tanıdığı şəxsə aid olduğunu bildirmişdir. Qeyd olunan tarixlərdə hər iki tərəfin mesajlarından görünür ki, 29 noyabr 2023-cü il tarixdə +994 993-08-80-28 saylı mobil nömrədən “Kəbleyi neynirsən, bir dənə düzəltdə yarım gəlim, 10-luq”, həmçinin həmin nömrədən göndərilən 14 saniyəlik səs yazısında “qaqaş gəliremdə.qapıvıza.bir dənə düz qoş elədə 7 manatlıq bir şey” deyildikdən sonra “at mənə kartı” mesajının qeyd edilməsi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrədən cavab olaraq isə saat 21:15-də “**********374488” mesajı yazıldığı müəyyən edilmişdir. Bundan əlavə 27 dekabr 2023-cü il tarixdə qeyd olunan +994 99308-80-28 mobil nömrədən saat 20:45-də “bir dənə 15-diy kola alındırda gəlim görüşəy” mesajı olduğu, həmin mesajdan 13 dəqiqə sonra 5 dəqiqə sonra saat 20:50-də həmin nömrə ilə 1 dəqiqə səsli danışıq olduğu müəyyən edilmişdir. Bundan əlavə 29 dekabr 2023-cü il tarixdə Nağıyeva İlhamənin adına olan “Leo Bank” kartından 409858*****3858 saylı karta 10 manat pul göndərilməsinin təsdiqi olan qəbzin “PDF” formatında göndərilməsi, qəbz göndərildikdən sonra “sən ətağa falqa ver yadından çıxmasın” mesajı olduğu, 9 yanvar 2024-cü il tarixdə yenə həmin nömrədən “ətağa qaqaş dünənki, bir şey deyildi brat”, yenə həmin günü saat 21:48-de “ay qaqaş birdene 5-diyim var, nəsə düz qoş elədə gəlim görüşəy” mesajı olduğu, ona cavab olaraq isə “səbirli ol yanımda adam var” mesajı olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs dolanışıq üçün ara sıra narkotik vasitə satdığını, yazışmada qeyd olunan şəxsin Abdul adlı yaşadığı məhlədən tanıdığı şəxs olduğunu, ona 2023-cü ilin noyabr dekabr aylarında 6-7 dəfə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin satdığını bildirmişdir. “Whatsapp” yazışmalarına baxış zamanı +**********354 saylı mobil nömrə ilə aparılmış mesajlaşmalarda 31 dekabr 2023-cü il tarixdə 070*****54 saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrənin “M10” balansına 20 manat pul göndərilməsi barədə qəbzin göndərilməsi, 24 saniyəlik aralarında səsli zəng ilə danışıq aparılması müəyyən olunmuşdur. 6 yanvar 2024-cü il tarixdə həmin nömrə tərəfindən 30 saniyəlik video göndərilməsi, videogörüntüdə üzərində 7-ci zon yazısı yazılan, əl işi olan şəkil albomu olduğu müəyyən olunmuş, daha sonra 24 saniyəlik səs yazısı göndərilməsi, sonrakı mesajlarda isə “yarıyar işivə.lap bidənə 10-luq daş verərdin bidənə 5-dik kola, videoda bir az nito görsənə bilər ama əlavə götürəndə görəcəksən sanballı bir şeydi” mesajı olduğu, həmin mesaja cavab olaraq saat 01:15-də 9 saniyəlik səs yazısı göndərildiyi, səs yazısında “Elnur telefonla danışıram Vhatsapla, gələndə qapını dınqıldat açacam” deyildiyi müəyyən olunmuşdur. 6 yanvar 2024-cü il tarixdə həmin nömrədən 070- ******54 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrənin “M10” balansına 7 manat pul göndərilməsi barədə qəbzin şəklinin göndərildiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin nömrənin yaşadığı Binəqədi qəsəbəsindən tanıdığı Elnur adlı şəxsə məxsus olmasını, həmin şəxsin də narkotik vasitə istifadəçisi olmasını, ona da 6-7 dəfə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satdığını, narkotik vasitə heroinin öz aralarında “kola”, psixotrop maddə metamfetamini isə “şüşə, patı” adlandırdıqlarını bildirmişdir. +98 919-731-3678 saylı mobil nömrədən daxil olan 16 dekabr 2023-cü il tarixdən 2 yanvar 2024-cü il tarixədək olan səs yazıları və mesajlardan aydın olur ki, “həci adlandırılan” şəxs “torpaq və daş” adlandırdığı narkotik vasitəni əvvəlcədən gizlətdiyi yerlərin məkan informasiyalarını “Whatsapp” vasitəsi ilə göndərdiyi, bunun müqabilində ***-***-**-** saylı mobil nömrənin və ***-***-**-** saylı mobil nömrənin “M10” hesablarına müxtəlif vaxtlarda 14 manat, 126 manat, 28 manat, 90 manat, 30 manat, 100 manat, 65 manat, 15 manat pul göndərilməsi barədə qəbzlərin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs +98 919-731-3678 saylı mobil nömrənin istifadəçisinin iranlı olaraq bildiyi, Həci adlandırdığı şəxs olduğunu, həmin şəxsi heç vaxt görmədiyini, habelə sonuncudan öz istifadəsi və satışı həyata keçirmək üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aldığını, qeyd olunan mobil nömrənin “M10” hesabına müxtəlif vaxtlarda pul göndərdiyini və qarşılığında həmin şəxsin “Whatsapp” proqramı vasitəsi ilə ona bildirdiyi narkotik vasitələrin olduğu məkanlara getdiyini və narkotik vasitələri əldə etdiyini bildirmişdir. “Whatsapp” yazışmalarında və mobil telefonun digər bölmələrində sübut əhəmiyyəti kəsb edəcək hər hansı digər məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 146-154;).

28. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 2 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməklə həmin ittihamın mahiyyəti, hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 1, i.v. 159-161;).

29. “Ambulator komisyon məhkəmə-psixiatrik” ekspertizasının 29 mart 2024-cü il tarixli, 824 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır və onun məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 191-193;).

30. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,578 qram, tədqiqatlardan sonra qalıq çəkisi 2,528 qram olan psixotrop maddə metamfetaminin və 1 (bir) ədəd mobil telefonun maddi sübut qismində tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasının videogörüntülərinin əks olunduğu 1 (bir) ədəd DVD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etməsinin nəzərə alınaraq maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması, "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd CD diskin sübut növü kimi qiymətləndirilərək iş materiallarına əlavə edilməsi, “Hacı” adlı şəxsin barəsində ********* nömrəli cinayət işinin materiallarından ********* nömrəli cinayət işi ayrılaraq istintaqının davam etdirilməsi qərara alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə bağlı məlumatlara ayrılmış ********* nömrəli cinayət işində hüquqi qiymət veriləcəyinin nəzərə alınması göstərilmişdir (Cild 1, i.v.230-244; 267;).

31. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə 2,578 qram külli miqdarda ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi, eləcə də külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə edilməsinə görə qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşı “Hacı” adlı şəxsin və qeyrilərinin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işinin ayrılaraq istintaqı aparılır (Cild 1, i.v. 247- 257;).

32. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq İ.A.Süleymanov tərəfindən 4 iyul 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 9 iyul 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.268-283;).

33. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəmə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

34. Bakı Şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Altun Gözəlovun 8 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-217/2023 saylı, 17 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə qeydiyyata alınmış, 10 yanvar 2024-cü il tarixdə (barəsində həbs qətimkan tədbiri seçildiyi günədək) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 3 (üç) ay 26 (iyirmi altı) gün hissəsini çəkmiş, çəkilməmiş cəza müddəti 2 (iki) il 8 (səkkiz) ay təşkil edir (Cild 2;).

35. “Azemis” elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12 fevral 2019-cu il təvəllüdlü Əsnad Adıgözəlova adlı bir uşağı vardır (Cild 2;)

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 538/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs sol saidin ön səthində, sol saidin bazu nahiyəsinin ön səthində köhnə çapıq, sol saidin ön və arxa səthində post inyeksiyası və döyənək izləri aşkar edilmişdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

37. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 228 sentyabrn 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

39. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

40. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

41. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

42. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

43. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

44. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 2,578 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından 17 dəfədən, külli miqdarından isə təxminən 1,2 dəfədən artıq olması, qeyriləri ilə qabaqcadan əlbir olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair mobil telefonundan aşkar edilmiş çoxsaylı vatsap yazışmaları və danışıqları, müəyyən pul qarşılığında tanışlarına narkotik vasitə və psixotrop maddələr verməsi ilə bağlı özünün həm məhkəmə, həm də məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri, pul və ya digər predmetlər qarşılığında X23 və X12 narkotik vasitə və psixotrop maddələr satması, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair çoxsaylı şahid ifadələri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

45. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

46. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

48. Hökmün 47-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

49. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

50. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

51. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

52. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

54. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

55. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

56. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

57. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

58. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

59. CM-in 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər tərəfindən yenidən qəsdən cinayətin törədilməsi residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

60. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin törətdiyi əməli verdiyi səmimi ifadələri ilə faktiki olaraq tam etiraf etməsi və törətdiyi əməlindən peşman olmasını, 33 yaşında olmaqla cavan olmasını, narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalıb normal həyat tərzinə qayıtmaq istədiyini təkidlə bildirməsini və məhkəmə icraatı dövründə davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

61. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

62. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə yaxın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

63. CM-in 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.

64. Hökmün 23 və 34-cü bəndlərində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs üzərində hazırda 2 (iki) il 8 (səkkiz) ay müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır.

65. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur.

66. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi əməlinə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və daha sonra CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusuna görə ona qəti cəza təyin edilməlidir.

67. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

68. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

69. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

70. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

71. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 10 yanvar 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 8 may 2024 və 11 iyul 2024-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 31 iyul 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

72. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən hesablanmalıdır.

73. Məhkəmə hökmün 26-cı bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

74. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

75. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Binəqədi RPİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 2,528 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk və “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkiliş zamanı videogörüntünün köçürüldüyü 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

76. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

77. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

78. İş üzrə mülki iddia verilməmişdir.

79. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

80. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

81. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(001)-217/2023 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 2 (iki) il 8 (səkkiz) ay hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 2,528 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 2 (iki) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar