Məhkəmə qərarları › İş №1(101)-2062/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2062/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2062/2025 19.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımzadə Banu Pənah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 2006-cı il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Novruzallı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs 29 iyul 2025-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 160 saylı xətt avtobusunun sonuncu dayanacağının yaxınlığındakı “Ülvi İnşaat” mağazası tərəfdəki kafedə tanışı Zərərçəkmiş şəxs ilə birlikdə görüşüb danışaraq xeyli müddət söhbət etdikdən sonra saat 23:00 radələrində həmin kafenin qarşısında küçəyə çıxıb söhbətlərini davam etdirərkən evə getmək istəyən Zərərçəkmiş şəxs onu da evlərinə yola salmaq üçün iki dəfə sifarişlə çağırdığı taksiyə minməkdən imtina etməsi səbəbindən Zərərçəkmiş şəxs onunla kobud danışmasını cüzi səbəb kimi bəhanə edərək aralarındakı şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı özünün üstün olduğunu nümayiş etdirib qəsdən qisas almaq məqsədilə əynindəki qara rəngli cins şalvarının arxa sağ cibində gəzdirdiyi tiyəsi qara rəngli metaldan olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunmayan turist bıçağını çıxardıb həmin bıçaqla qisas almaq üçün xuliqanlıq niyyətilə eqoizm nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan həmin turist bıçağını silah qismində istifadə olunan əşya kimi tətbiq edib qəflətən ani olaraq Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bıçaqla qəsdən bir dəfə vuraraq ona daxili qanaxma ilə müşayiət olunan sağ boş venanın, arxa parietal peritonun, nazik, yoğun bağırsağın və on iki barmaq bağırsağın yaralanması ilə nəticələnmiş qarnın ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərərvurmaya aid olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına xuliqanlıq niyyətilə ağır zərər vurmuşdur.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onlar hadisə günü, gecə saat 11 radələrində Sahiblə görüşmüşlər. O, pivə, Sahib isə bizon içmişdir. Evə qayıtmaq istəyən zaman Sahib onun xəbəri olmadan birdən birə onu bıçaqla vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur.

4. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Sahibin onu bıçaqla vurmasından öncə aralarında mübahisə olmadığını, onun həmin vaxt Sahibi yola saldığını, onun üçün taksi saxladığını, hadisə vaxtı yanında Rahib adlı uşağın olduğunu, başının Rahibə qarışdığını, bu zaman Sahibin onu yan tərəfdən qəfildən bıçaqla vurduğunu, özünün ümumiyyətlə Sahibə qarşı təhqiramiz ifadə işlətmədiyini, “pesi” deyəcəyi adamla yoldaşlıq etməsinin və onunla oturub yemək yeməsinin mümkün olmadığını, aralarında hər hansı dava və ya hər hansı mübahisə olmadığı halda Sahibin onu qəfildən bıçaqla vurduğunu, özünün söyüşlə heç kəslə zarafat etmədiyini, Sahib onu vuran zaman yolun qarşı tərəfində maşınların və mağazanın qarşısında adamların olduğunu, həmin şəxslərin Sahibin onu vurmasını görübgörmədiklərini bilmədiyini, ona hər hansı şəxsin yaxınlaşmadığını, yolun onların dayandığı hissəsində başqa şəxslərin olmadığını bildirmişdir.

5. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə günü o, nənəsigildən gəlirmiş. Yolda Amini görüb onunla salamlaşmışdır. Onlar birlikdə dayanacağa getmək qərarına gəlmişlər. Həmin vaxt Sahib də Aminin yanında olmuşdur. Yolun kənarında maşın gözləyən zaman birdən-birə Aminin qarnını tutduğunu görmüşdür. O, Sahibin Amini vurma anını görməmişdir.

6. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid hadisədən əvvəl Sahiblə Aminin arasında hər hansı mübahisənin olmasını görmədiyini, Aminin Sahibə hər hansı nalayiq ifadə işlətməsini eşitmədiyini, Sahibin Amini vurmadan öncə ona bir az kənara çəkilməsini və Aminlə işinin olduğunu dediyini bildirmişdir.

7. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən 160 saylı avtobus marşrutunun sonuncu dayanacağı ilə üzbəüz yolun digər tərəfində yerləşən “Telefon alışı və satışı, təmiri və akssesuarları” mağazasının qarşısıdır. Həmin mağazanın sağında və solunda digər iaşə obyektləri vardır (cild 01; i.v.7-9).

8. “Maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında” 01 avqust 2025-ci il tarixli protokoldan görünür ki, maddi sübut 01 ədəd bıçaqdır. Bıçaq qatlanandır, tiyə və dəstəyi vardır. Bıçağın tiyəsi qara rənglidir, deşicidir. Bıçağın üzərində açılıb bağlanması üçün düyməsi vardır (cild 01; i.v.15).

9. “Baxış keçirilməsi haqqında” 03 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan fayllar iki ədəd video fayldan ibarətdir, onların biri VİD-20251107-WA0023 mp4 adlanır. Videoya baxan zaman aydın olur ki, hadisə gecə saatlarında baş vermiş və küçədə, konkret olaraq bir mağazanın qarşısında qeydə alınmışdır. Mağazanın qarşısındakı ərazi tam olaraq müşahidə olunur və hadisənin baş verməsi aydın şəkildə görünür. Videoda müşahidə olunur ki, üç nəfər gənc bir-birinin yanında yaxın dayanmışlar. Onlardan birinin çiynində çanta olduğu görünür. Həmin vaxt sağ tərəfdə, nisbətən hündürboylu bir oğlan, ortada isə digər bir oğlan (şəxs) dayanmışdır. Ani olaraq hündürboylu oğlan ortada dayanın oğlanın (şəxsin) qarın nahiyəsinə qəflətən bir dəfə zərbə endirir. Zərbədən sonra hündürboylu oğlan hadisə yerindən dərhal qaçaraq uzaqlaşır. Hadisənin müşahidəsi zamanı xəsarət alan şəxsin müdafiə reaksiyası göstərə bilmədiyi, xəsarət yetirmiş şəxsin isə qaçaraq hadisə yerindən uzaqlaşması görünür. Videoda hadisənin baş verdiyi ərazinin tam olaraq təsviri görünür. İkinci VİD- 20251107-WA0024 mp4 adlı fayla baxış zamanı xəsarət yetirmiş hündürboylu oğlanın (şəxsin) hadisə yerindən qaçaraq uzaqlaşması aydın şəkildə müşahidə olunur (cild 01; i.v.112-113).

10. Məhkəmə-tibb ekspertizasının 17 sentyabr 2025-ci il tarixli, 937 saylı rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-daxili qanaxma ilə müşayiət olunan aşağı boş venanın, arxa parietal peritonun, nazik, yoğun bağırsağın və on iki barmaq bağırsağın yaralanmaları ilə nəticələnmiş qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun «X6» X9 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir (cild 01; i.v.120-124).

11. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 oktyabr 2025-ci il tarixli, 3538 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiy əməl barəsində anlaqlı hesab edilməlidir, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01; i.v.125-127).

12. Məhkəmə-trasaloji ekspertizasının 31 oktyabr 2025-ci il tarixli, 3/1219/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır (cild 01; i.v.128-130).

13. “Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” 22 noyabr 2025-ci il tarixli qərardan görünür ki, zavod üsulu ilə hazırlanmış 01 ədəd turist bıçağı maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 01; i.v.159-168).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

14. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü Binəyə bibisigilə getmişdir. Zərərçəkmiş şəxs öncədən tanıdığından və Binədə başqa tanışı olmadığından Amini yeyib-içmək üçün kafeyə çağırmışdır. Onlar oturub yemək yemişlər. Kafedən çıxan zaman Amin ona pesi deyərək söymüşdür. Aminin ona niyə elə dediyi anlamamışdır. Onlar birlikdə 160 nömrəli avtobusun dayanacağına qədər getmişlər. Dayanacaqda Amin onu yenidən söymüş, o isə üzərində olan bıçaqla Amini bir dəfə vurub qaçmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi yeyib-içmək üçün kafeyə dəvət etdiyini, zərərçəkmişlə söhbət etmək istədiyini, 1 il idi ki, onunla görüşmədiyini, zərərçəkmiş şəxsin ona heç bir səbəb olmadan “pesi” dediyini, kafedə olan zaman Aminin pivə, özünün isə su içdiyini, Aminin kafedən çıxan kimi onu söydüyünü və pesi dediyini, Amindən onu söyüb söymədiyini soruşduğunu, Aminin isə onu söydüyünü təsdiqlədiyini, həmin yerdə çox adam olduğundan orada Amini vurmadığını, onu daha irəlidə uyğun bir yerdə vurmaq üçün uyğun vaxtı gözlədiyini, onu dayanacaqda vurduğunu, ətrafda tanımadığı şəxslər olsa da, heç kəsin onlara yaxın gəlmədiyini, Amini vurandan sonra Aminin ona müqavimət göstərmədiyini və söymədiyini, Amini vurub qaçdıqdan sonra Aminin onun arxası ilə yaralı halda qaçmaq istədiyini və bu zaman yıxıldığını, Amini onu söydükdən təxminən 15-20 dəqiqə sonra vurduğunu, dayanacaqda o, Aminin saxladığı ikinci maşın getdikdən sonra Aminin ona qeyrətsiz dediyini və bu sözdən sonra Amini bıçaqla vurduğunu, hadisə günü zərçəkmiş şəxsin onu iki dəfə söydüyünü, birinci dəfə kafedən çıxan zaman, daha sonra isə dayanacaqda söydüyünü, zərərçəkmiş şəxs ona dayanacaqda qeyrətsiz deməsi idi belə onu pesi sözünə vurmağı planlaşdırdığını və onu vuracağını, onun bıçaq gəzdirməyə həvəsinin olduğunu, hadisəni Aminin qonşusunun gördüyünü, lakin həmin şəxsin vurulma anını görmədiyini və söyüşləri eşitmədiyini, zərərçəkmiş şəxsi bıçaqla vurmaq məqsədilə onunla dayanacağa qədər getdiyini, Amin ona taksi çağırsa belə Amini bıçaqla vurmaq məqsədi olduğundan taksiyə minməkdən imtina etdiyini, zərərçəkmişi vuran zaman niyə vurmasının səbəbini ona demədiyini, Amini qarın nahiyəsindən böyür hissəsindən vurduğunu, zərərçəkmiş şəxs onu yenə söysə, onu yenə bıçaqla vuracağını və peşman olmadığını bildirmişdir.

Hüquqi məsələlər:

15. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 126.2.4-cü maddəsinə əsasən eyni əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildkdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2022-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

18. “Şübhəli şəxsin tutulması haqqında” 01 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2025-ci il tarixdə, saat 18:45-də tutulmuşdur (cild 01; i.v.26).

19. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2025-ci il tarixli, 4(003)-354/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 avqust 2025-ci il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.59-61).

20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 05 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.91).

21. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 22 sentyabr 2025-ci il tarixli notarial ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 01; i.v.92).

22. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 4(003)-393/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 dekabr 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.97-99).

23. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 4(003)-461/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla, 21 dekabr 2025-ci il tarixədək uzadılmışdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

24. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

25. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

26. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər;

27. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir;

28. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

31. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

32. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

33. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, hadisənin görüntülərini özündə əks etdirən videodiskdəki görüntü, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş, lakin Təqsirləndirilən şəxs əməli səhvən həm də AR CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmuş və həmin maddə təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmişdir.

34. Məhkəmə ilk növbədə AR CM-nin 221.3-cü maddəsi ilə bağlı gəldiyi qənaətin əsaslandırılmasını zəruri hesab edir.

35. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, 29 iyul 2025-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 160 saylı xətt avtobusunun sonuncu dayanacağının yaxınlığındakı “Ülvi İnşaat” mağazası tərəfdəki kafedə tanışı Zərərçəkmiş şəxs ilə birlikdə görüşüb danışaraq xeyli müddət söhbət etdikdən sonra saat 23:00 radələrində həmin kafenin qarşısında küçəyə çıxıb söhbətlərini davam etdirərkən evə getmək istəyən Zərərçəkmiş şəxs onu da evlərinə yola salmaq üçün iki dəfə sifarişlə çağırdığı taksiyə minməkdən imtina etməsi səbəbindən Zərərçəkmiş şəxs onunla kobud danışmasını cüzi səbəb kimi bəhanə edərək aralarındakı şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı özünün üstün olduğunu nümayiş etdirib qəsdən qisas almaq məqsədilə ictimai yer olan həmin kafenin qarşısındakı küçədə Zərərçəkmiş şəxs zor tətbiq edib ictimai qavdanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini həmin vaxt küçədə olan başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, eqoizm nümayiş etdirərək əsəbi halda uca səslə ona qışqırmaqla irad tutaraq əynindəki qara rəngli cins şalvarının arxa sağ cibində gəzdirdiyi tiyəsi qara rəngli metaldan olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunmayan turist bıçağını çıxardıb silah qismində istifadə olunan əşya kimi nümayiş etdirməklə zor tətbiq edib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir.

36. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur.

37. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.

38. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür.

39. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür.

40. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.

41. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.

42. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.

44. Hazırki iş üzrə müstəntiq sadəcə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi ictimai yer hesab olunan kafenin qarşısında vurmasına istinad edərək şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olması qənaətinə gəlsə də, həmin vaxt AR CM-nin 221-ci maddəsinin tərkibinin yaranması üçün təqsirkar şəxsin hərəkətləri ilə ictimai qaydanın kobud surətdə pozulmasının, cəmiyyətə açıq hörmətsizliyin ifadə olunmasının cinayətin mühüm dispozitiv şərtləri olmasını unutmuşdur.

45. Belə ki, məhkəmə iclasında dindirilmiş və hadisəsinin birbaşa iştirakçıları olan təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında onlara ünvanlanmış suallara cavab olaraq hadisə baş verən zaman onların ətrafında və onların dayandığı yerdə hər hansı kənar şəxsin olmadığını, qarşı yolun kənarında bir neçə şəxsin hərəkətdə olduqlarını, lakin hadisəni görmədiklərini, hadisədən sonra başqa şəxslərin hadisə yerinə gəlmədiklərini və onlara yaxınlaşmadıqlarını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəfildən bir dəfə heç kimin görmədiyi şəraitdə vurub qaçdığını (hətta zərərçəkmiş şəxs özü məhkəmə iclasında Sahib onu vuran zaman hələ ilkin olaraq Sahibin onu bıçaqla vurduğunu anlamadığını bildirmişdir) göstərmişlər ki, bu da heç kimin olmadığı və hadisəni görmədiyi şəraitdə bir şəxsin digər şəxsə xəsarət yetirməsinə dəlalət etməklə ictimai qaydanın pozulmasını, şəxsin cəmiyyətə açıqca hörmətsizlik edərək özünü həmin şəxslərin (elə bir şəxsin olması istintaq orqanı tərəfindən müəyyən edilməmişdir) fövqündə qoymasını istisna edir.

46. Bununla yanaşı, hadisənin baş vermə anını özündə əks etdirən videodiskdə olan görüntülərdən də hadisənin ani olaraq baş verməsi, hadisə yerində təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin yanında olan tanışından başqa bir nəfər belə başqa şəxsin olmaması, hadisədən sonra da hər hansı kənar şəxslərin hadisə yerinə gəlməməsi müəyyən edilmişdir.

47. Məhkəmə qeyd edir ki, əgər Sahib Məlikovun niyyəti müstəntiqin irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olsa idi, o, zərərçəkmiş şəxsi heç kəsin olmadığı vəziyyəti gözləyərək digər şəxslərin görmədiyi şəraitdə deyil, məhz başqa şəxslərin olduğu yerdə-oturub yemək yedikləri kafedə və ya kafedən çıxan zaman başqa şəxslərin olduğu yerdə (nəzərə alınsa ki, təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsi vurmaq niyyətinin kafedən çıxan zaman yarandığını, sadəcə orada kənar şəxslər olduğundan onu orada deyil, heç kəsin olmadığı vəziyyəti gözləyərək bu cür şərait yaranan zaman vurduğunu bildirmişdir) vurardı ki, bu hal isə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, əksinə cinayət prosesi iştirakçılarının hər birininin ifadəsindəki xüsusatlarla, o cümlədən, hadisənin baş vermə anını özündə əks etdirən videogörüntülərlə təkzib olunmuşdur.

48. Bununla yanaşı, nəzərə alınsa ki, xuliqanlıq cinayətin dispozitiv əlamətlərindən biri olan “cəmiyyətə açıqca hörmətsizlik etmə” özündə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsini ehtiva edir, hazırki halda isə hadisənin kənar şəxslərin olmadığı və görmədiyi şəraitdə baş verməsi, həmin hadisəni birbaşa görən hər hansı bir nəfər kənar şəxsin belə müəyyən edilməməsi X2 əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərindən biri olan obyektiv cəhətinin mövcud olmamasına dəlalət edir.

49. Beləliklə, X3 elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, sadəcə özünün təxəyyülündə qurduğu hadisə mexanizminə uyğun, öz şəxsi ehtimalları əsasında şəxsə qarşı ittiham irəli sürmüşdür.

50. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, X2 hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır.

51. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir.

52. Halbuki, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir.

54. Lakin göründüyü kimi, ibtidai istintaq orqanı AR CM-nin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Sahib Məlikovun əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, sadəcə cinayət prosesinin iştirakçılarının ifadələrini “özünün lazım bildiyi” formada yazaraq həmin ifadələrə istinad etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir.

55. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, ittiham aktında X2 ictimai yerdə, kənar şəxslərin gözü qarşısında zərərçəkmiş şəxsə zor tətbiq etməklə, ictimai qaydanı kobud şəkildə pozması qeyd olunduğu halda, ibtidai araşdırma orqanı dindirdiyi təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə bu xüsusat öz təsdiqini tapmamaqla yanaşı, müstəntiq həmin kənar insanlardan bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir.

56. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.

57. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər»

58. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq əməlin yalnız şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, X2 əməlini səhvən AR CM-nin 126.2.4-cü maddəsi ilə yanaşı, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir.

59. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir.

60. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı X2 qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tam əhatə olunduğundan, onun əməlinə AR CMnin 221.3-cü maddəsi düzgün şamil edilmədiyindən onun əməlinin səhvən tövsif edildiyi AR CM-nin 221.3-cü maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır.

61. Məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi bıçaqla vuraraq ona ağır xəsarət yetirdiyini etiraf etsə də, zərərçəkmiş şəxsi ona qarşı işlətdiyi nalayiq ifadələrə görə vurduğunu bildirsə də, onu ifadəsindəki həmin xüsusat öz təsdiqini tapmamışdır.

62. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs ona ünvanlanmış suala cavab olaraq təqsirləndirilən şəxsə qarşı hər hansı nalayiq ifadə işlətmədiyini, pesi və ya qeyrətsiz deyəcəyi şəxslə oturmasının və ya yoldaşlıq etməsinin mümkün olmadığını, təqsirləndirilən şəxslə normal qaydada kafedən çıxaraq dayanacağa getdiklərini, dayanacaqda qəfildən Sahibin onu bıçaqla vurduğunu, bu günədək Sahibin onu hansı səbəbdən vurduğunu anlamadığını bildirmişdir.

63. Təqsirləndirilən şəxs məhkəmə iclasında dayanacaqda olan zaman zərərçəkmiş şəxsin ona qeyrətsiz olduğunu dediyini, bundan sonra zərərçəkmiş şəxsi bıçaqla vurduğunu bildirsə də, hadisə zamanı zərərçəkmiş şəxsin yanında olmuş şahid həmin halın olmadığını, Aminin Sahibə hər hansı nalayiq söz işlətmədiyini, qəfildən Aminin qarnını əli ilə tutduğunu gördüyünü, bundan sonra Sahibin onu bıçaqla vurduğunu anladığını bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin göstərilən hala öz müdafiəçi üçün əməlinin cinayət qanunun daha yüngül maddəsinə tövsif edilməsi və daha yüngül cəzaya məruz qalmasının təmin edilməsi naminə istinad olunması qənaətinə gəlir.

64. Bununla yanaşı, məhkəmə iclasında tədqiq olunmuş hadisəni özündə əks etdirən videodiskdə olan görüntülərdən də görünür ki, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və Şahid dayanacaqda yan-yana dayandıqları, tərəflər arasında hər hansı mübahisə və ya danışıq olmadığı halda qəflətən Sahib Məlikov sola çevirilib onun yanında dayanmış Zərərçəkmiş şəxs yan tərəfdən qarın nahiyyəsindən bıçaqla vuraraq hadisə yerindən qaçmış, videogörüntülərdə nəinki Zərərçəkmiş şəxs Sahib Məlikova nəsə söz deməsi, hətta üzünün ona tərəf olmaması, sadəcə yanında dayanması əks olunmuşdur.

65. Bundan başqa, məhkəmə iclasında şahid Sahib Məlikovun zərərçəkmiş şəxsi vurmadan öncə ona “sən kənara çəkil, mənim Aminlə söhbətim var” dediyini, bundan dərhal sonra hər hansı söz demədən Amini vurub qaçdığını bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin ona dayanacaqda dayanan zaman qeyrətsiz deməsinə dair arqumentinin tək zərərçəkmiş şəxsin deyil, həm də şahidin ifadələri ilə təkzib olunmasının göstəricisidir.

66. Bundan savayı, təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, zərərçəkmiş şəxs kafedən çıxanda ona pesi deyən zaman artıq onu bıçaqla vuracağını beynində qətiləşdirdiyini, sadəcə bunun üçün insanların olmadığı münasib yerə getmələrini gözlədiyini, bu səbəbdən zərərçəkmiş şəxsi vurmaq məqsədi ilə Aminin onun getməsi üçün saxladığı taksilərə minməkdən imtina etdiyini, hətta zərərçəkmiş şəxs ona qeyrətsiz deməsə idi belə, onu pesi sözünə görə bıçaqla vuracağını qətiləşdirdiyini bildirmişdir ki, bu da zərərçəkmiş şəxsin pesi deməsinin təsdiq olunacağı halda belə təqsirləndirilən şəxsin bununla bağlı zərərçəkmiş şəxslə hər hansı aydınlaşdırma aparmadan onu bıçaqla vurmasından ibarət əməlinin məhz xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan törədilməsinə dəlalət edən hallardandır.

67. Göründüyü kimi, təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamaqla iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidin ifadələri, hadisənin baş vermə anını özündə əks etdirən videodiskdə olan görüntülərlə təkzib edilmişdir.

68. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına zərər vurmada ifadə olunur. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, ya da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Xuliqanlıq niyyəti ilə törədilən əməl çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir.

69. Məhkəmə xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək qeyd edir ki, “xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir.

70. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, videodiskdə olan görüntülər, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

71. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

72. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM 59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.

73. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

74. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs verilmiş ittihamdan AR CM-nin 221.3-cü maddəsi çıxarılmalı, o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut- Bakı şəhəri Xəzər RPİ-də saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.

75. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

76. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

77. İş üzrə mülki iddia yoxdur.

78. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

79. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

80. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- zavod üsulu ilə hazırlanmış 01 ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə olan məhkum edilmiş şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar