Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2065/2023 01.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsn və müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 07 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon prokurorunun 09 may 2023-cü il tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və həbsdən azad edilmiş, Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq şöbəsinin 09 may 2023-cü il tarixli qərarına əsasən, barəsində polisin nəzarəti altına vermə qıtimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yerləşən “Həyat” şadlıq evində toyda olarkən, keçmiş iş yoldaşı Zərərçəkmiş şəxs kənar şəxslərin yanında ona qarşı nalayiq ifadə işlətməsi ilə əlaqədar aralarında sözlü mübahisə yarandıqdan sonra, sonuncunun təklifi ilə həmin şadlıq evindən çıxıb 200-300 metr kənarda həmin ünvanda yerləşən inşaat malları mağazasının qarşısında bir qədər öncə aralarında yaranmış mübahisəni aydınlaşdırarkən, Zərərçəkmiş şəxs ona qarşı işlətdiyi nalayiq sözləri təkrar etməsi səbəbindən özünü alçaldılmış hesab edərək, aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi müəyyən edilməmiş bıçaqla qəsdən vuraraq Zərərçəkmiş şəxs qaraciyərin yaralanması ilə müşaiyət olunan döş qəfəsinin sağ yarısının ön divarında qarın boşluğuna nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, toya getmişdir. Həmin vaxt toyda əvvəlcədən tanıdığı və köhnə iş yoldaşı olan Mirbalanı görmüşdür. Mirbala orada olan şəxslərin yanında onu nalayiq söyüşlərlə təhqir etmiş və o, bundan sonra Mirbalanı restoranın həyətinə çağırmışdır. Onlar restoranın həyətindən bir az aralanmış, həmin vaxt Mirbala yenə də onu təhqir etmişdir. Bundan sonra o, üzərində olan bıçaqla Mirbalanı bir dəfə vurmuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisə vaxtı Mirbalanın içkili olduğunu və onun ünvanına nalayiq söyüşlər söydüyünü, davanın onun Mirbalaya salam verməməsinə görə düçdüyünü, Mirbala ilə hadisə baş verən gün təsadüfən rastlaşdıqlarını, Mirbala ilə əvvəllər aralarında hər hansı mübahisənin olmadığını, hazırda zərərçəkmiş şəxslə barışdığını və törətdiyi əmələ görə səmimi peşman olduğunu məhkəməyə bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, əvvəllər “Nivea” şirkətində sürücü işləmiş, onunla bir yerdə Təqsirləndirilən şəxs da şirkətdə sürücü olmuşdur. 06 may 2023-cü il tarixdə iş yoldaşı Elşənin Bakıxanov qəsəbəsində yerləşən “Həyat” şadlıq evində toy mərasimi olmuş, o da, toyda iştirak etmək üçün getmiş, özü ilə toyda dabul çalmaq üçün tanışı Şahid da aparmışdır. Toyda o, Nazimdən ayrı stolda əyləşmiş və yeyib-içmişlər. Nazim toyda olarkən ona salam verməmiş, buna görə ona yaxınlaşıb nə üçün salam vermədiyini soruşmuşdur. Bundan sonra onların arasında mübahisə yaranmış, o, mübahisəni həll etmək üçün şadlıq evindən çıxmağı və aşağı düşməyi təklif etmişdir. Nazim onunla bir yerdə aşağı düşmüşdür. O, Nazimə nə üçün salam vermədiyini irad tutmuş, söz ağır gəldiyi üçün Nazim yaxşı etdiyini demişdir. Onlar bir-biri ilə tutaşıb mübahisəyə aydınlıq gətirmək istəyəndə onunla bir yerdə toya gedən Xalid yaxınlaşıb mübahisə etməmək üçün onu kənara çəkmişdir. O, Xalidi kənara itələmiş, Nazimi söhbəti davam etdirmək üçün şadlıq evindən 200-300 metr kənara çəkmişdir. Orada dayanıb Nazimlə söhbət edərkən sonuncunu sinəsindən itələmiş, Xalid araya girmiş, şalvarının kəməri açıldığı üçün əlini belinə tərəf aparmışdır. Bu zaman Nazim cibindən bir tərəfi vintaçan olan bıçağı çıxarıb üstünə gəlmiş, Nazimin onu vurmayacağını düşündüyü üçün onun üzərinə getmişdir. Lakin Nazim əlində olan bıçaqla onu qarnından vurmuş, sonra qarnında qan görmüş, Xalid yoldan keçən maşınlardan birini saxladıb onu Sabunçu xəstəxanasına aparmışdır. Verilmiş sualları cavablandıran Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxslə əvvəllər düşmənçilik və ədavətinin olmadığını, hadisə baş verdiyi gün o da, Nazim kimi sərxoş olduğunu, Nazimlə aralarında mübahisə yarandığını və bu zaman Nazimin onu bıçaqla vurduğunu, aldığı xəsarətdən sonra təxminən 15-16 gün xəstəxanada müalicə olunduğunu, hazırda təqsirləndirilən şəxslə barışdığını və ona qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə uzun müddətdir yaxın dostluq münasibətindədir. 06 may 2023-cü il tarixdə Mirbala ona dostu Elşənin toy mərasimində iştirak etmək lazım olduğunu, həmin toyda dabul çalmağı xahiş etmişdir. O, təkliflə razılaşmış, həmin gün Bakıxanov qəsəbəsində yerləşən “Həyat” şadlıq evinə toya getmişlər. Toyda dabul çalmaqla yanaşı, Mirbala ilə oturub yeyib-içmişlər. Saat 23 radələrində şadlıq evində sonradan adını bildiyi Nazim adlı şəxslə Mirbalanın mübahisə etdiyini görmüşdür. Onları ayırmaq istədikdə, Mirbala mübahisəni davam etdirib Nazimi söhbət etmək üçün şadlıq evindən kənara çağırmışdır. Sonra onlar həyətə düşüb şadlıq evindən təxminən 300 metr kənara çəkilmiş və ağacın altında söhbəti davam etdirmişlər. Bu zaman Mirbala Nazimin sinəsindən itələyib nə üçün ona salam vermədiyini irad tutmuş, mübahisəni davam etdirmişdir. Mirbala həmin vaxt əlini şalvarının belinə tərəf aparmaqla Nazimin üzərinə getmişdir. Bu zaman Nazim şalvarının arxa cibindən bıçaq çıxarıb Mirbalanın qarın nahiyəsindən vurmuşdur. O, Mirbalanın qarnından qan axdığını görmüş, daha sonra yola çıxıb bir maşın saxlamış və Mirbalanı Sabunçu xəstəxanasına aparmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 06 may 2023-cü il tarixli raporta əsasən, həmin tarixdə 23:15-də 3 saylı Şəhər Klinik xəstəxanasından tibb bacısı Musayeva Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə məlumat verərək, xx.xx.1998-ci il təvəllüdlü X2 qarın nahiyəsinin kəsilmiş yarası ilə xəsarət aldığını bildirmişdir. Qeyd olunan raport həmin bölmədə cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında 06 may 2023-cü il tarix, 1060 nömrə altında qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 4). Məhkəmə-tibbi ekspertizasının 25 may 2023-cü il tarixli 1479 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qaraciyərin yaralanması ilə müşaiyət olunan döş qəfəsinin sağ yarısının ön divarında qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarda göstərilən 06 may 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 66-68). Cinayət işinin materiallarına əlavə edilmiş 08 avqust 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, bu zaman təqsirləndirilən şəxs istintaqa verdiyi sərbəst ifadəsini bir daha hadisə yerində əyani şəkildə təsdiq etmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 80-81). Kompleks ambulator məhkəmə psixiatrik və pisixoloji ekspertizasının 17 avqust 2023-cü il tarixli 2302 saylı rəyindən görünür ki: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. - Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. - Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: - Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. O, öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxsəqliinkişafında gerilik əlamətləri aşkar olunmadı. O, qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hrəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. - Təqsirləndirilən şəxs ona ittiham elan olunmalı əmələ görə cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. - Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Emosional halından aslı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur (cild 1, iş vərəqi 82-86). Cinayət işi materiallarına əlavə edilmiş 21 iyul 2023-cü il tarixli ərizəyə əsasən Zərərçəkmiş şəxs 4 saylı notariat ofisinə müraciət edərək iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı bu gün və gələcəkdə heç bir şikayətinin olmadığını bildirib verdiyi ərizəni təsdiq etdirmişdir (cild 1, iş vərəqi 75). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19 iyun 2023-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 65). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək müdafiəsi üçün hər hansı dəlillər gətirmədi. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla əməlindən peşman olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon prokurorunun 09 may 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və həbsdən azad edilmiş, Bakı şəhəri, Sabunçu RPİ, İstintaq şöbəsinin 09 may 2023-cü il tarixli qərarına əsasən barəsində polisin nəzarəti altına vermə qıtimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəzanın başlanğıcı hökmün çıxarıldığı 01 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, işin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili X4 müdafiə etmiş və müdafiə xərci kimi 180 (yüz səksən) manat hesablanmışdır. Odur ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Cəfər Cəfərliyə ödəniləcək 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar cəmi 60 saat vaxt sərf etmişdir. Lakin iş materialları nəzərdən keçirilərkən həmin hesabatın həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protokolları, həmçinin müdafiəçinin iş materialları ilə tanış olma və məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxtları da nəzərə alıb məhkəmə belə hesab edir ki, iş materialları ilə tanışlıq da daxil olmaqla Müdafiəçi ümumilikdə sərf etdiyi vaxt 30 saat müəyyən edilməlidir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdən 09 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 01 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altina vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri: - işin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına müdafiə etmiş vəkil X3 ödənilməli olan 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - işin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün; Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-2065/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2065/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver