Məhkəmə qərarları › İş №1(101)-2066/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2066/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2066/2024 26.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Ağdam rayonu, Güllücə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Ağdam rayonu, Güllücə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 16:30-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 2,577 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhələnildiyi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 10 aprel 2024-cü il tarixdə saat 14:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, “Təndir” adlanan ərazidə şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindəki kibrit qutusundan ayrı-ayrılıqda təmiz çəkisi 0,784 qram, 1,172 qram, 0,621 qram ümumi təmiz çəkisi külli miqdar hesab olunan 2,577 qram olan ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 10 aprel 2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən yaşadığı evdən çıxıb avtomobili ilə bir qədər getdikdən sonra polis əməkdaşları onu saxlayaraq üzərinə baxış keçirmiş, baxış zamanı onun üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Polis əməkdaşları onu Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparmış, bayramla əlaqədar onun orada qalma müddəti uzandığından, 5 gün müvəqqəti saxlama yerində saxlanılmış, sonradan Əhməd adlı müstəntiq gələrək ona aşkar olunmuş narkotik tərkibli maddələrin ekspertizaya göndəriləcəyini demişdir. Həmin narkotik tərkibli maddələr onun üzərindən aşkar olunandan çox olduğu üçün razılaşmamış və ibtidai istintaq yekunlaşarkən təqdim olunan sənədlərə imza çəkməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs avtomobilində “kombi” (isidici) aparatının olduğunu, həmin cihazı dəyişməli olduğu üçün evdən çıxdığını, onu saxlayan polis əməkdaşlarını tanıdığını, saxlanılan vaxt üzərində psixotrop maddə olduğunu, həmin psixotrop maddəni saxlanılmazdan 1 həftə əvvəl yerdən tapdığını, ümumilikdə 10 dəfəyə yaxın narkotik tərkibli maddə istifadə etdiyini, üzərində psixotrop maddə olsa da, rəsmiləşdirilən psixotrop maddə onun üzərindən aşkar olunandan çox, 03 büküm psixotrop maddə metamfetamin olduğunu, ifadəsində olan imzaların ona məxsus olduğunu bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, gündəlik işlərdə işləyir. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitələrin aludəçisidir. Narkotik tərkibli maddələrdən metamfetamini əridib tüstüsünü iyləməklə qəbul edir. Narkotik tərkibli maddələrə ehtiyacı olanda tanımadığı narkotik tərkibli maddələr satan şəxslərdən narkotik tərkibli maddələr alır. Təxminən 05 aprel 2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından yerdən kibrit qutusu tapmış və içinə baxarkən “şüşə” kimi tanıdığı psixotrop maddə olmasını görüb götürərək cibinə qoymuş və içərisindəki bükümlərdən birini istifadə etmişdir. Digər bükümləri isə elə həmin kibrit qutusunda ehtiyacı olanda istifadə etmək üçün cibinə qoymuşdur. 10 aprel 2024-cü il tarixdə saat 14:10 radələrində yaşadığı yerə yaxın olan Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, “Təndir” deyilən ərazidə piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, ondan üzərində narkotik tərkibli maddə olub-olmadığını soruşmuşlar. O, üzərində psixotrop maddə olduğu üçün polis işçilərinin suallarından yayınmaq istəyərkən polis əməkdaşları bunu hiss edib, onu saxlayaraq 12-ci Polis Şöbəsinə gətirmiş, orada hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilərkən o, etiraz etmədən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusu, həmin gödəkçənin sol yan cibindən isə bir ədəd sarı rəngli alışqan və bir qutu siqareti, həmçinin üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefon aparatı və həmin şalvarın sol yan cibindən 10 manat pulu çıxarıb təqdim etmişdir. Ona məxsus alışqan, siqaret və 10 manat pul özünə qaytarılmışdır. Kibrit qutusu açılarkən içərisindən 03 ədəd siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş psixotrop maddə kimi tanıdığı “şüşə” aşkarlanmışdır. Verilən suallara cavab olaraq həmin maddələrin “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu, təxminən bir həftə öncə Ramana qəsəbəsindən tapdığını, üzərindən bir az istifadə etdiyini, yerdə qalanı isə üzərində daşıdığını bildirmişdir. Daha sonra üzərindən aşkar edilən psixotrop maddə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 10 aprel 2024-cü il tarixdə, saat 14:10 radələrində xidmətdə olduğu zaman Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, “Təndir” deyilən ərazidə bir nəfər şəxsi özünü şübhəli aparması ilə əlaqədar saxlamışlar. Özlərini təqdim etdikdən sonra, həmin şəxsdən də özünü təqdim etməsini tələb etmiş, həmin şəxs də adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparmış, həmin polis şöbəsində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman 3 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildikdən sonra müvafiq qaydada qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs saxlanılan vaxt tək olduğunu, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətlərinin edilmədiyini, Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman saxlanıldığını, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Uzun müddət keçdiyindən hadisəni tam xatırlamır. Şahid1 ilə birgə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını müşahidə edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsin də özünü təqdim etməsini tələb etmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli aparmasına davam etməsi səbəbindən sonuncunu Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmiş, həmin polis şöbəsində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı sonuncunun üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunub götürüldükdən sonra qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarından yayınmaq istədiyini, sonuncunun üzərindən nə qədər psixotrop maddə aşkar olunduğunu xatırlamadığını, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı yerdə şəxsi axtarış və baxışın keçirilmədiyini, videoçəkilişdə nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs əlavə narkotik tərkibli maddənin təqdim edilmədiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 14:10-da Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, “Təndir” deyilən ərazidə Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik maddələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 5) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 7; 15) xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar, protokol və xx.xx.2024-cü il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusu, həmin gödəkçənin sol yan cibindən bir ədəd sarı rəngli alışqan və bir qutu siqaret, həmçinin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefon aparatı və həmin şalvarın sol yan cibindən 10 manat pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sarı rəngdə olan alışqan, üzərində “Manchester” sözü yazılmış 01 qutu siqaret və 10 manat nağd pul vəsaiti maddi sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, üzərində kiril əlifbası ilə “X5” sözləri yazılmış kibrit qutusu açılarkən içərisindən 03 ədəd siqaretin gümüşü rəngli kağız bükümü aşkarlanmışdır. Həmin gümüşü rəngli bükümlər açılarkən içərisində ağ rəngli, kristalşəkilli maddənin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bükümlərin içərisindəki maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu, təxminən bir həftə öncə Yeni Ramana qəsəbəsində tapdığını, üzərindən bir az istifadə etdiyini, yerdə qalanı isə üzərində daşıdığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd kibrit qutusundakı 03 ədəd bükümdə olan maddələr bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 23; 25-26; 64) Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1979 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 159” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd kibrit qutusunda üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,784 qram, 1,172 qram, 0,621 qram ümumi təmiz çəkisi 2,577 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 2,577 qram olmuş, tədqiqata 0,12 qram sərf edildikdən sonra 2,457 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 31-34) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında “ qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 44-45) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 4(008)-202/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 61-63) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə, həmin məcəllənin 315.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 5 il sınaq müddəti tətbiq edilmiş və o, məhkəmə zalından azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 81-82) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, 1/1809 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir. (Cild 1, iş vərəqə 83) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli, 5427 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 85) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator məcburi narkoloji tibbi yoxlama üzrə xx.xx.2024-cü il tarixli, 3170 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 122-123) xx.xx.2024-cü il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarda görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər zəruri sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut qismində qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ayrıayrılıqda təmiz çəkisi 0,784 qram, 1,172 qram, 0,621 qram ümumi təmiz çəkisi külli miqdar hesab olunan 2,577 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 2,457 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd CD disk sübut qismində tanınmışdır. (Cild 1, iş vərəqə 152-161) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmışdır. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanıldığı tarix, yer və vaxtla bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli məzmunda ifadə verməsə də, üzərindən aşkarlanmış psixotrop maddə metamfetaminin çəkisini, habelə saxlanıldığı yerdə üzərinə baxış keçirildiyini deməklə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini mübahisələndirmişdir. Həmin xüsusatla bağlı şahidlər Şahid1 və Şahid2 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış istintaq hərəkətinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə aparıldığını, Təqsirləndirilən şəxs könüllü şəkildə təqdim etdiyi psixotrop maddənin qablaşdırılaraq götürdüyünü bildirmişlər. 10 aprel 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan da müəyyən olunur ki, həmin tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində kiril əlifbası ilə “X5” sözləri yazılmış kibrit qutusunun içərisindən 03 ədəd bükümü könüllü olaraq təqdim etmiş, aşkarlananlar zərfə qoyulub 159 nömrəli möhürlə möhürləndikdən sonra məhkəmə-kimyəvi ekspertizası təyin edilərək icra olunması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1979 nömrəli ekspert rəyindən görünür ki, həmin zərf açıldıqda içərisində bir ədəd zərfdə bir ədəd kibrit qutusunda üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,784 qram, 1,172 qram, 0,621 qram, ümumi təmiz çəkisi 2,577 qram olan psixotrop maddə-metamfetamin olması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət işinin materiallarından görünür ki, 10 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 03 ədəd bükümdəki ayrıayrılıqda təmiz çəkisi 0,784 qram, 1,172 qram, 0,621 qram olan psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 2,577 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 2-ci Siyahısının 118-ci bəndinə əsasən, psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə yekun hüquqi qiymət verərkən və onun cinayət əməllərini törətməkdə təqsirliliyi məsələsini müəyyən edərkən mütləq nəzərə alır ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamı qismən qəbul edərək ibtidai istintaqda verdiyi etirafedici ifadəsi ilə oxşar məzmunlu ifadəni məhkəmə istintaqı zamanı bir daha verməklə əməlini qismən etiraf etmiş və şahidlərin ifadələrində göstərdiyi xüsusatların həqiqiliyini də təsdiq etmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, 10 aprel 2024-cü il tarixli “Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini və məhkəmə baxışı zamanı verdiyi qismən etiraf etdiyi hissədə ifadəsini, şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, onlara əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi psixotrop maddə olan metamfetaminin təmiz çəkisinin külli miqdarda olmasına, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə, məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələrinə əsasən, habelə şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə isə həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini, habelə cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur kiTəqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 10 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 03 (üç) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,457 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokola əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülməklə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 10 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İbtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,457 qram qram psixotrop maddə olan metamfetamin məhv edilsin. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokola əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülməklə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar