Məhkəmə qərarları › İş №1(101)-2068/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2068/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2068/2025 26.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X17 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X5, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il ildə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları:

1. Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa tam məlum olmayan “Baba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda sonuncunun göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 29 kiloqram 900 qram çəkidə qurudulmuş marixuananı əldə etmişdir. Daha sonra o, həmin narkotik vasitəni pul müqabilində deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edərək sərnişin qismində minməklə oturduğu “Mercedes” markalı **-GN-*** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerinə yerləşdirib daşımaqla orada saxlamışdır. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 01:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi, “Binə” bazarının qarşısında qeyd edilən avtomobilin yanında piyada hərəkətdə olan zaman tutularaq saxlanılmışdır. Həmin tarixdə saat 01:05-dən etibarən sərnişin qismində minməklə oturduğu Şahid3 məxsus olmaqla sonuncu tərəfindən idarə edilən “Mercedes” markalı **-GN-*** dövlət nömrə nişanlı avtomobilə özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerində olan üç ədəd narıncı rəngli sintetik torbaların içərisindən otuz ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 975 qram, 1015 qram, 1000 qram, 990 qram, 980 qram, 965 qram, 960 qram, 985 qram, 1005 qram, 995 qram, 975 qram, 1020 qram, 995 qram, 1025 qram, 1015 qram, 1020 qram, 1010 qram, 1005 qram, 1015 qram, 1030 qram, 980 qram, 1020 qram, 1000 qram, 980 qram, 950 qram, 990 qram, 990 qram, 980 qram, 1000 qram, 1030 qram olmaqla ümumi təmiz çəkisi 29 kiloqram 900 qram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

2. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 01:00-da Bakı şəhəri, Qaradağ rayonu, “Binə” bazarının qarşısında “Mercedes” markalı **-GN-*** nömrə nişanlı avtomobilin yanında “Orxan”, “Səbuhi” və “Ruslan” adlı şəxslərlə birlikdə olan zaman saxlanılmışdır. Onlar xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra həmin şəxslərin şəxsiyyətini dəqiqləşdirmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını bildirməklə hüquq və vəzifələrini izah etmişlər. Daha sonra saxlanılmış şəxsin paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs və həmin vaxt yanında olan şəxslərin üstü videoçəkilişlə yerində yoxlanılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra sonuncu üzərində olan bir ədəd mobil telefonu çıxarıb təqdim etmiş, mobil telefon iş üzrə əhəmiyyəti kəsd edə biləcəyi ehtimalından götürülmüş, R.İ.İsmayılovdan əlavə heç bir maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra sonuncunun yanında olan şəxslərdən Səbuhi adlı şəxsin üzərindən bir ədəd mobil telefonla nağd pul, Ruslan adlı şəxsin üzərindən bir ədəd mobil telefon, Orxan adlı şəxsin üzərindən iki ədəd mobil telefonu, nağd pul və bir ədəd avtomobilə aid açarı aşkar edilmiş, mobil telefonlar tərəflərindən götürülmüş, nağd pullar və açar özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələri Orxan adlı şəxsə məxsus olan avtomobilin arxa yük yerində yerləşdirdiyini bildirmiş, sonuncu avtomobilini baxış üçün təqdim etdikdən sonra açarla avtomobilin arxa yük yerini açmış, Təqsirləndirilən şəxs avtomobilin yük yerində olan üç ədəd narıncı rəngli kisələri təqdim etmişdir. Kisələrə baxış zamanı hər birinin içərisindən on ədəd olmaqla, ümumilikdə otuz ədəd bağlama aşkar edilmiş və yanbayan olaraq yerdə düzülmüş, bir neçəsi seçmə üsulu ilə açılaraq içərisinə baxış keçirilmiş və hər birinin içərisində yaşıl rəngli qurudulmuş ot formasında olan zahirən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, qablaşdırılaraq tərəzi ilə çəkilmiş və üzərində qeydiyyat aparılıb götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bağlamaların içərisində marixuana olduğunu qeyd etmiş, həmin kütlələri bir-iki saat əvvəl hər bir kisəyə görə söz verilən 700 manat pul müqabilində sonradan deyiləcək ünvanlara yerləşdirmək məqsədi ilə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşının vasitəsilə əldə etməsinə baxmayaraq əsl niyyətinin sonradan həmin şəxsi aldadaraq qeyd edilən kütlələri şəxsi istifadəsi üçün özündə saxlamaq olduğunu, Orxan, Səbuhi və Ruslan adlı şəxslərin həmin bağlamalardan xəbərlərinin olmadığını, bu barədə həmin şəxslərə heç bir şey demədiyini, onlara torbalarda guya paltar olduğunu dediyini bildirmişdir. Bu zaman sonuncular özləri də narkotik maddələrdən xəbərsiz olduqlarını bildirərək Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Qeyd olunanlarla əlaqədar yerində protokol tərtib edilməsinə şərait olmadığına görə onlar BNMİ-yə yollanmış və ora çatan zaman bu barədə müvafiq qaydada protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə saxlanılmış şəxs üzərindən aşkar edilərək götürülmüş maddələrlə birlikdə araşdırmanın aparılması həvalə edilmiş təhqiqatçıya təhvil verilmiş, təhqiqatçı tərəfindən təqdim edilmiş qablaşmaya xidməti kabinetlərin birində videoçəkilişlə baxış keçirilmiş, yenidən qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi yol polisləri deyil, onlar özləri saxlamış, saxlayarkən əvvəlkinə qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təsir göstərilməmiş, şəxs özü də onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etmiş, tərəflərindən dərhal çəkiliş aparılmış, sonuncu onların sualına cavab olaraq 30 kg narkotik vasitəni istifadə edəcəyini bildirmişdir.

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X8 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobilin yük yerində olan üç ədəd narıncı rəngli kisələri təqdim etmişdir. Kisələrə baxış zamanı hər birinin içərisindən on ədəd olmaqla, ümumilikdə otuz ədəd bağlama aşkar edilmiş və hər birinin içərisində yaşıl rəngli qurudulmuş ot formasında olan zahirən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, qablaşdırılaraq tərəzi ilə çəkilmiş və üzərində qeydiyyat aparılıb götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bağlamaların içərisində marixuana olduğunu qeyd etmiş, həmin kütlələri bir-iki saat əvvəl hər bir kisəyə görə söz verilən 700 manat pul müqabilində sonradan deyiləcək ünvanlara yerləşdirmək məqsədi ilə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşının vasitəsilə əldə etməsini bildirmişdir. Qeyd olunanlarla əlaqədar yerində protokol tərtib edilməsinə şərait olmadığına görə onlar BNMİ-yə yollanmış və ora çatan zaman bu barədə müvafiq qaydada protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Q.M.Sadıqov verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi onlar özləri bazarın qarşısında olarkən saxlamış, saxlayarkən əvvəlkinə qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təsir olmamış, şəxs özü də onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs bağlamanı özü təqdim etmiş, sonuncunun narkotik vasitəni istifadəsi üçü əldə etdiyini deməsini xatırlamır.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X12 və Azərbaycan Respublikası BMCMİ-də əməliyyat müvəkkili X4 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Q.M.Sadıqovun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, qardaşıyla yeznəsini görmək üçün Müqalib adlı şəxslə Bakıya getmək istəmiş, lakin sonuncu maşınında taksi reklamı olduğuna görə gedə bilməyəcəyini bildirərək başqa taksi sürücüsünün nömrəsini vermişdir. Həmin gün o, Təqsirləndirilən şəxs işlətdiyi mağazada olarkən sonuncunun Bakıya gedəcəyini öyrənəndə onunla getmək istədiyini bildirmişdir. Belə ki, Rəsulla birlikdə Bakıya getmək üçün mindiyi maşında sürücüdən başqa sonuncunun xalası oğlu da olmuşdur. Dolayı yolda olan zaman Təqsirləndirilən şəxs maşını saxlatdırıb maşından uzaqlaşıb, sonra qayıtdıqda sürücü ilə maşının yük yerinə 3 “meşok” qoymuş, “meşok”da nə olduğunu soruşduqda əvvəlki paltar olduğunu bildirimiş, hətta açıb göstərə biləcəyini də qeyd etmişdir. Onlar da əlləri ilə toxunaraq nə olduğuna baxmış və maşın həmin yerdən 15-20 metr uzaqlaşdıqda Lökbatan ərazisində qayı maşını onları saxlamış, sürücüdən içkili olub-olmadığını soruşmuş, sonuncu “yox” deyəndə maşını kənara verib saxlamasını tələb etmişlər. Maşını saxlayan kimi polis əməkdaşları onların hamısını saxlamış, daha sonra maşındakı “meşok”ları aşkar etmişlər. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini bilmiş, sonuncu “meşok”ları ilk gətirəndə heç bir iyi olmamış, lakin maşının yük yeri açılanda iy gəlməyə başlamışdır. Yol polisləri onları saxlayandan 2 dəqiqə sonra digər polis əməkdaşları gələrək onları saxlayaraq çəkilişə başlamışlar.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Müqabil ona zəng edərək Bakıya getmək istəyən şəxslər olduğu bildirilmiş, o da Ağdam rayonu, Quzanlı qəsəbəsindən onları götürüb Bakıya yola düşmüşdür. Maşında o və xalasıoğlundan başqa Təqsirləndirilən şəxs də daxil olmaqla, iki sərnişin olmuşdur. Sonuncu Bakı-Lökbatan-Xocahəsən yolundan paltar götürüb qayıdacağını bildirmiş, o, Bakını yaxşı tanımadığına görə konumla gedəcəklərini bildirmişdir. Ünvana çatanda Təqsirləndirilən şəxs düşüb “meşok”ları götürmüş, içərisində isə paltar olduğunu bildirmişdir. Bir qədər getdikdən sonra yol polisi onları saxlamış, bundan sonra isə əməliyyatçılar yaxınlaşıb avtomobildəki “meşok”ları aşkar etdikdə, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir.

7. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, o, dayısıoğlu Orxanla oturub çay içən zaman Müqabil adlı taksi sürücüsü zəng edərək 150 manat müqabilində bir müştəri Bakı şəhərinə aparıb bir - iki saat gözləməklə geri gətirə bilib-bilməyəcəyini soruşmuş, sonradan həmin müştərinin yanında bir nəfər şəxsin də olduğu müəyyən olunmuşdur. Orxan Müqabilə gecə saatlarında maşın sürməkdə çətinlik çəkdiyi üçün onun da getməsinə müştərilərinin etirazının olub-olmayacağını soruşmuş, Müqabil müştərilərdən dəqiqləşdirdikdən sonra razı olduqlarını bildirmişdir. Beləliklə onlar Quzanlı deyilən yerdən həmin iki nəfər müştərini götürüb yola düşmüş, yolda gedən zaman Təqsirləndirilən şəxs yanında olan Ruslan adlı şəxslə onların ortaq tanışlarının olduğu müəyyən olmuşdur. Təqsirləndirilən şəxs Yasamala, Ruslan isə qardaşı ilə görüşməyə getmiş, Orxan "Waze" tətbiqi ilə əvvəlkinin dediyi ünvana doğru sürsə də, Təqsirləndirilən şəxs Bakıya çatanda birdən-birə yoldan sağa dönməsini bildirmiş, Orxan göstərdiyi yolun tətbiqə əsasən səhv olduğunu bildirəndə Təqsirləndirilən şəxs öz telefonunda başqa konuma baxdığını görmüşdür. Sonuncu gecikdiyindən görüşəcəyi adamın paltarları başqa yerə qoyaraq getdiyini bildirmiş, konumla getdikləri yolda birdən-birə maşını saxlatdıraraq düşüb təxminən 30 saniyə sonra geri qayıdarkən əlində üç ədəd torba olmuşdur. Onlar torbalarda nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs içində paltar olduğunu, istəsələr baxa biləcəklərini bildirmiş, onlar isə şübhə etmədiklərindən başqa heç nə deməmişlər. Belə ki, əlini torbalara vurarkən içərisində həqiqətən də sellofan bağlamalar olduğunu hiss etmiş, daha sonra həmin torbaları da yük yerinə qoyub irəli sürmüşlər. Bir qədər getdikdən sonra su almaq üçün maşını dükanın yanında saxlayarkən onlara mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhələnildiyinindən videoçəkilişlə üzərlərinə baxış keçiriləcəyini bildirmişlər. Onlar buna etiraz etməmiş, onların üstü yoxlanıldıqdan sonra hər hansı bir qanunsuz maddə aşkar edilməmiş, lakin mobil telefonları götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitələr olduğunu etiraf etdikdən sonra avtomobilə baxış keçirilmiş, yük yerindən hər birinin içərisində quru ot formasında maddələr olan üç ədəd torba aşkar edilmiş, sonuncu bu maddənin nəşə olduğunu və iranlı vasitəsilə əldə etdiyini qeyd etmişdir. Onlar isə bütün bunlardan məlumatsız olduqlarını bildirmiş, idarədə izahatları alındıqdan sonra müvafiq protokolları imzalamışlar.

8. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 30).

9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 128-133).

10. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay, yəni xx.xx.2026-cı il tarixədək uzadılmışdır (İ cild i/v 237-241).

11. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 13-14).

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1071 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üç ədəd narıncı rəngli sintetik torbalarda ümumi sayı 30 (otuz) ədəd sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri - 975 qram, 1015 qram, 1000 qram, 990 qram, 980 qram, 965 qram, 960 qram, 985 qram, 1005 qram, 995 qram, 975 qram, 1020 qram, 995 qram, 1025 qram, 1015 qram, 1020 qram, 1010 qram, 1005 qram, 1015 qram, 1030 qram, 980 qram, 1020 qram, 1000 qram, 980 qram, 950 qram, 990 qram, 990 qram, 980 qram, 1000 qram, 1030 qram, ümumi çəkisi 29900 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (İ cild i/v 53-56). Qeyd: Marixuananın ümumi çəkisi – 29900 qram, tədqiqata sərf edildi – 1,5 qram, qalıq – 29898,5 qram. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil etmişdir (İ cild i/v 54).

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 6507 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild i/v 225-226).

14. xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (İ cild i/v 85-90).

15. xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (İ cild i/v 91-96).

16. xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (İ cild i/v 97-102).

17. Şübhəli şəxsin üstünün yoxlanması və avtomobilə baxış keçirilməsini özündə əks etdirən DVD diskə baxış keçirilərək və xx.xx.2025-ci ildə tərtib olunmuş protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2025ci ildə saat 01:05-dən 01:25-dək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi, “Binə” bazarının qarşısında, “Mercedes Benz” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında qeydə alınmışdır. Baş əməliyyat müvəkkili Şahid1 özünü və polis əməkdaşlarını təqdim edir, daha sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra sonuncu əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Honor” markalı mobil telefonu təqdim edir. Daha sonra şəxsin üzəri yoxlanılır və üzərində qanunla qadağan edilmiş hər hansı bir predmetə rast gəlinmir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon, sonuncudan götürülür. Daha sonra Şahid4 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra sonuncu əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefonu təqdim edir. Daha sonra şəxsin üzəri yoxlanılır, 03 manat pul aşkar olunur, üzərində qanunla qadağan edilmiş hər hansı bir predmetə rast gəlinmir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon, sonuncudan götürülür, pul isə özünə qaytarılır. Bundan sonra Şahid2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra sonuncu əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Corn” markalı mobil telefonu təqdim edir. Daha sonra şəxsin üzəri yoxlanılır və üzərində qanunla qadağan edilmiş hər hansı bir predmetə rast gəlinmir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon, sonuncudan götürülür, pul isə özünə qaytarılır. Daha sonra Şahid3 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***- ***-**-**, ***-***-**-** sim kart nömrələri olan “Zero” markalı, 1 (bir) ədəd üzərində ***-***- **-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefonu, həmin telefonun qabından ***-***-**-** sim kart nömrəsini təqdim edir. Daha sonra şəxsin üzəri yoxlanılır, 16 manat pul, 1 (bir) ədəd maşın açarı aşkar olunur və üzərində qanunla qadağan edilmiş hər hansı bir predmetə rast gəlinmir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon, sonuncudan götürülür, pul və açar isə özünə qaytarılır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığı “Mercedes Benz” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Baxış zamanı sonuncu avtomobilin arxa yük yerindən 3 (üç) ədəd kisəni təqdim edir, həmin kisələrin içərisində 30 (otuz) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilir. Həmin kütlələr tərəzidə çəkilir, ümumi çəkinin 33 kq 320 qram olması müəyyən edilir, qablaşdırılaraq götürülür. Maşının digər hissələrinə keçirilən baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmetə rast gəlinmir (İ cild i/v 10-13).

18. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmənin gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək və xx.xx.2025-ci ildə tərtib olunmuş protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, xx.xx.2025-ci ildə, saat 04:25-dən 04:41-dək Azərbaycan Respublikası DİN-in BMCMİ-də qeydə alınmışdır. X15 Yadigar özünü və iştirakçılar özlərini təqdim etdikdən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin hansı səbəbdən saxlanılması barədə məlumat verir. Bundan sonra təqdim olunan 1 ədəd telefon götürlür, 03 ədəd kisəyə və 01 ədəd DVD-yə baxış keçirilir, həmin 03 ədəd kisəsnin içərisindən 30 ədəd bağlamada açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bəzər kütlələr aşkar olunur. Daha sonra aşkar olunan kütlələr yenidən torbaya qoyularaq qablaşdırılaraq ağzı möhürlənir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitələri İİR vətəndaşı “Baba” adlı şəxsin vasitəsilə Binəqədi rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 2100 manat pul verəcəyini, ona qarşı heç bir zorakılığın olunmamasını bildirir (İ cild i/v 16-17).

19. 15.08.2025-ci il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Honor” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastik-şüşə gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Sonuncunun istifadəsində olmuş GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi var, həmin tətbiqin “söhbətlər” bölməsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, həmin yazışmaların içərisində adı kontaktlar siyahısında qeyd edilməmiş +**********27 saylı İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs 13 avqust 2025-ci il tarixdə saat 01:04-də “Nə xəbər qaqa?” yazması məlum olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun daxili yaddaşına keçirilən baxış zamanı ona göndərilən fotogörüntülərin içərisində elektrik naqil dirəyinin alt hissəsində yerləşdirilmiş üç ədəd narıncı kisələrin və həmin kisələrin yerləşdirildiyi dirəyin yaxınlıqda quraşdırılmış yol kənarı reklam lövhəsinə işarə edən, habelə Təqsirləndirilən şəxs adına olan “Kapital Bank” elektron hesabına 100 manat nağd pulun köçürülməsi haqqında qəbzin fotogörüntüsü müəyyən edilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən əlavə hal aşkar edilməmişdir. Qeyd olunan sübut əhəmiyyəti kəsb edən hallar mobil telefonun skrinşot funksiyası ilə çəkilərək fotocədvəl şəklində protokola əlavə edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məxsus olan “Honor” markalı mobil telefon cihazı iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün BMCMİ-nin NH-nə təhvil verilmişdir (İ cild i/v 136-138).

20. 08.09.2025-ci il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «Azercell Telekom» ММC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 20603 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 14 avqust 2024-cü il tarixdən 14 avqust 2025-ci il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2024-cü il tarixdə “Pul var adama 20 qoax yari gotrek”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2024-cü il tarixdə “qaqa derman civmde anamin cani qonaxnanam seni gozdurem” yazdığı SMS-ə cavab olaraq sonuncunun həmin tarixdə “Bu nedi vermsen ay qaqa. Paranın parası. Deyeydnde beledi, İndise men qaldm agrda, Qaqa hardasan. O. Dasdan ciqiliii eyy balaca. Ver ma maln icne atmm, Ayy qaqa. Niyee bele eliyrsenkii sen ma deyrsen 1 denedi acramki. 4 de birdi, Oguneremde. Alladn. 1 butoy vermelydn. Vermedin. İndide. 4. De 1 irin verib gedrsen deyrsenki serr verejem. Zeng edrem telfonda acmrsann. Niyee bele elyrsen. Ma catmreyy.”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2024-cü il tarixdə “X22 X24 Yixfki 35ptoy X23, demeyim odu qayida bilsen atiwif gotruf atardix bawmizin altina”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinin xx.xx.2025-ci il tarixdə “Salam abi netersen veziyetin neterdi mene soz demisdin eyy yadına gelir derman bildin neyi deyirem qaqa lazımdı o saaa abi”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2025-ci il tarixdə “Qaqa meb lomkadayam pulda var nagarim?catiram rayona”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2025ci il tarixdə “Adas qadan alim derman amanati qaqa mamam axaam falqani goruf biaborcilixdi basna donum gor nagrsan” mətnli qısa mesaj yazması müəyyən edilmişdir. Ona görə də, həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild i/v 195-197).

21. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 29898,5 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir (İ cild i/v 145-146).

22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində cərimə cəzası tətbiq edilmiş, cəriməni tam ödəmişdir; 2) Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır; 3) Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasın CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəza dəyişdirilərək 07 ay 12 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (İ cild i/v 152-153).

23. Ağcabədi rayon icra hakimiyyətinin başçısının Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sarıcalı kəndində daimi qeydiyyatdadır, arvadı-X6, oğulları-X7 və X1 ibarət tərkibdə ailə üzvləri vardır (İ cild 157).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

24. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən bir gün əvvəl “Whatsapp” mobil tətbiqi vasitəsilə tanımadığı bir İİR-na məxsus nömrədən bir şəxs ona yazaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmiş və daha sonra “30 ədəd vəsaitim var, götürə bilərsən?” deyə soruşmuşdur. O isə həmin şəxsdən “vəsait” dedikdə nə nəzərdə tutduğunu soruşmuş, sonuncu da ona “ot”, yəni marixuana olduğunu və hər bağlamaya görə ona 700 manat pul verəcəyini demişdir. Lakin bu zaman onun məqsədi iranlını aldadaraq həmin maddələri ələ keçirib öz istifadəsi üçün özündə saxlamaq olmuşdur. Daha sonra həmin şəxs ona Bakı şəhərinə gedərək Lökbatan deyilən əraziyə yollanmalı və gizlədilmiş yerdən həmin maddələri götürüb sonradan ona deyiləcək ünvanlara yerləşdirməli olduğunu bildirmişdir. 12 avqust 2025ci il tarixdə Ruslan adlı tanışı ilə nahardan sonra görüşüb yeyib-içən zaman iranlı ona yazaraq narkotik maddələri axşam saatlarında Bakı şəhərində bir ünvana qoyduracağından Bakıya yollanmasını qeyd etmişdir. O, bu barədə Ruslana bildirdikdə sonuncu neçə vaxtdır ki, qohumunun yanına getməli olduğunu bildirərək, belə bir fürsət əlinə düşdüyündən onu özü ilə aparmasını xahiş etmişdir. O, Ruslana ayrı bir işlə bağlı Bakıya getdiyini, bir saatlıq işinin olduğunu və dərhal geri qayıdacağını bildirəndə sonuncu Bakıya çatanda özünün ayrı ünvana gedəcəyini, gözləməli olmayacağını qeyd etmişdir. Daha sonra o, rayonda üzdən tanıdığı və taksi işləyən Orxan adlı şəxslə 150 manata onu Bakıya aparıb-gətirməyə razılaşmış, sonuncuya guya Bakıda bir nəfər şəxsdən şəxsi əşyalarını götürməli olduğunu bildirmişdir. Orxan Ruslanla onu Quzanlı adlanan ərazidən götürmüş, bu zaman maşında başqa bir nəfər şəxs də olmuş, o, sonradan həmin şəxsin Orxaın qohumu olduğunu öyrənmişdir. Beləliklə, o, Orxana Yasamal rayonuna getdiyini bildirsə də, özü isə İranlının göndərdiyi konumu izləmiş, Lökbatan qəsəbəsinə çatanda görüşməli olduğu şəxsin onun əşyalarını yaxınlarda bir yerə qoyub getdiyini bildirərək maşından düşmüş, torbaları tapdıqdan sonra isə geri qayıtmışdır. Torbaları yük yerinə qoyan zaman Orxan içində nə olduğunu soruşmuş, o isə əsasən paltar olduğunu, sellofana büküldüyünü bildirmiş, hətta şübhələnirsə belə torbaları açıb göstərə biləcəyini bildirmişdir. Onlar təxminən 15 dəqiqə getdikdən sonra DYP-nin əməkdaşları onları saxlamış və onlar maşından düşdükdən sonra mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları videoçəkilişlə onların üzərinə və avtomobilə baxış keçirilməli olduqlarını bildirmiş, onların üzərindən qanunsuz heç bir əşya aşkar edilməmiş, mobil telefonları isə götürülmüşdür. Daha sonra o, səmimi olaraq polis əməkdaşlarına avtomobildə narkotik maddə olduğunu bildirmiş, Orxanın razılığı ilə maşına baxış keçirilən zaman o, yük yerindən üç ədəd torbaları polislərə təqdim etmişdir. Torbaların içərisinə baxış keçirilib tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada eyni məzmunlu izahat vermiş və qeyd olunanlar barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır.

25. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, götürdüyü bağlamada 30 kq qurudulmuş marixuana olmuş, torbaları maşına qoyub 10- 15 metr getdikdən sonra yol polisləri onları saxlamış, bu zaman o, polislərin onun əməlindən məlumatlı olduqlarını anlamış, saxlandıqdan 5-10 dəqiqə sonra üzərlərinə və avtomaşına baxış keçirilərək çəkiliş aparmışlar. Daha sonra barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

26. Maddə 234.4.1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

27. Maddə 234.4.3. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

28. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

29. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 30.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 31.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

32. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

33. Maddə 93.1.2. Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

34. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

35. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

36. Maddə 28.5. Şəxslərin cinayət törətməkdə təqsirli olmalarına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

37. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

38. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 39.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

40. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 41.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 42.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

43. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 44.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 45.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 46.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu:

47. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

48. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

49. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür.

50. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir.

51. Maddə 21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı:

52. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

53. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ siyahıya əsasən qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarı

54. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

55. Qərarın 12-ci bəndi. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.

56. Qərarın 37-ci bəndi. ...Cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və bundan irəli gələrək CPM-də nəzərdə tutulmuş hüquqi vasitələrlə (məsələn, vəkilin bu şəkildə şübhəli şəxsin müdafiəsindən imtina etməsi haqqında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını məlumatlandırmaqla, icraatı aparan təhqiqatçı, müstəntiq barədə xüsusi qərar çıxarmaqla) həmin pozuntuya münasibətini bildirməlidirlər

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

57.Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

58.Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin Presedent Hüququ:

59. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Məhkəmənin hüquqi dəyərləndirməsi:

60. Məhkəmə cinayət işi üzrə sübutları hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsi faktı mübahisəsiz olaraq tam sübuta yetirilir. Amma məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma epizodu üzrə cinayətinin törədilməsi faktı kimi qiymətləndirilməsini əsassız hesab edir.

61. Belə ki, Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin tövsifedici əlaməti kimi Azərbaycan Respublikasının CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulmuşdur.

62. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İİR-ın vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək saxlayaraq daşıması” barədə verilmiş ittiham, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir (hökmün 26-cı bəndi).

63. Belə ki, cinayət qanununun mənasına görə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayət Məcəllənin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarında da eyni hüquqi mövqe əks olunmuşdur (hökmün 54-55-ci bəndləri).

64. Hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsini təsdiq edən hər hansı sübut, yəni tərəflərin qabaqcadan sövdələşməsini təsdiq edən mobil telefon vasitəsilə danışıqları, hər-hansı səs yazısı, sms məlumatları, foto şəkillər və sair müəyyən edilməmişdir (hökmün 38-ci bəndi).

65. Belə ki, məhkəməyə təqdim edilmiş və «Azercell Telekom» ММC-dən daxil olmuş CD diskdə əks olunan yazışmaların çıxarışların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslə İİR vətəndaşı arasında narkotik vasitənin satışı ilə bağlı hər hansı danışıq aparılmamışdır.

66. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “istintaqa məlum olmayan İİR vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma kimi” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur.

67. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədə müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, İİR vətəndaşı olan şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən etməmiş, habelə dövlət ittihamçısı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.

68. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı qeyrisi ilə qabaqcadan əlbir olmaqla narkotik vasitə əldə etməmiş, narkotik vasitəni birlikdə daşımamış, satmamış, narkotik vasitənin satışından əldə olunan gəliri kiminləsə bölməmiş və bununla bağlı hər hansı şəxsə vəd verməmişdir (hökmün 55-ci bəndi).

69. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının belə yanaşması cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil etməklə bərabər, həm də hüquq düşüncəsi anlayışı ilə də uzlaşmır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxslərə həmin ittihamın irəli sürülməsi yolverilməzdir. Məhkəmə, daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır.

70. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin mobil telefonunda ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2024cü il tarixdə “Pul var adama 20 qoax yari gotrek”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2024-cü il tarixdə “qaqa derman civmde anamin cani qonaxnanam seni gozdurem” yazdığı SMS-ə cavab olaraq sonuncunun həmin tarixdə “Bu nedi vermsen ay qaqa. Paranın parası. Deyeydnde beledi, İndise men qaldm agrda, Qaqa hardasan. O. Dasdan ciqiliii eyy balaca. Ver ma maln icne atmm, Ayy qaqa. Niyee bele eliyrsenkii sen ma deyrsen 1 denedi acramki. 4 de birdi, Oguneremde. Alladn. 1 butoy vermelydn. Vermedin. İndide. 4. De 1 irin verib gedrsen deyrsenki serr verejem. Zeng edrem telfonda acmrsann. Niyee bele elyrsen. Ma catmreyy.”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2024-cü il tarixdə “X22 X24 Yixfki 35ptoy X23, demeyim odu qayida bilsen atiwif gotruf atardix bawmizin altina”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinin xx.xx.2025-ci il tarixdə “Salam abi netersen veziyetin neterdi mene soz demisdin eyy yadına gelir derman bildin neyi deyirem qaqa lazımdı o saaa abi”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2025-ci il tarixdə “Qaqa meb lomkadayam pulda var nagarim?catiram rayona”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2025-ci il tarixdə “Adas qadan alim derman amanati qaqa mamam axaam falqani goruf biaborcilixdi basna donum gor nagrsan” məzmununda olan mesajları onun əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi kimi qiymətləndirsə də, cümlənin məzmunundan da göründüyü kimi həmin şəxslər arasında qabaqcadan əlbirlik deyil, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayəti kimi qiymətləndirilməlidir.

71. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayəti kimi deyil, onun tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayəti kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir.

72. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı bəndin, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir (hökmün 35-ci bəndi).

73. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi özünün etiraf edici, şahid ifadələri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və avtomobilə baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən DVD disklərdə olan videogörüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 41-ci bəndi).

74. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır.

75. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanın xeyli miqdarından təxminən 5980 dəfə, külli miqdarından isə təxminən 59.8 dəfə artıq olması bir daha onu təsdiq edir ki, o, narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmişdir (hökmün 53-cü bəndi). 76.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 27 və 28-ci bəndləri).

77. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

78. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır.

79. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

80. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, həmçinin şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət əməlini törətməsini, narkotik vasitələrin külli miqdarda olmasını (qurudulmuş marixuananın təmiz çəkisi - 29900 qram), habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

81. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

82. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 31-ci bəndi).

83. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2025-ci ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (i/v 30, 128-133).

84. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 7 və 42-ci bəndləri).

85. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (İ cild i/v 225-226, hökmün 15-ci bəndi).

86. İş üzrə maddi sübutlar Azərbaycan Respublikası DİN-in BMCMİ-in Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 29898,5 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 02 (iki ədəd) DVD disk və 01 (bir ədəd) CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus və Azərbaycan Respublikası DİN-in BMCMİ-in maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd “Honor” markalı mobil telefon sonuncuya və ya ailə üzvlərinə qaytarılmalıdır (hökmün 40-cı bəndi).

87. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (hökmün 46-cı bəndi).

88. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 45-ci bəndi).

89. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 34 və 44-cü bəndləri).

90. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

91. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Azərbaycan Respublikası DİN-in BMCMİ-in Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 29898,5 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə digər maddi sübutlar kimi tanınmış 02 (iki ədəd) DVD disk və 01 (bir ədəd) CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs məxsus olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-in maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd “Honor” markalı mobil telefon sonuncuya və ya ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar