Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2072/2024 29.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X4 və X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, müdafiəçi, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, orta təhsilli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, ev 332-də yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla təkrar soyğunçuluq etmiş, bundan başqa silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə təkrarən quldurluq törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə saat 13 radələrində tamah niyyətilə özgənin əmlakını açıq olaraq talama məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi 7 ünvanında yerləşən binanın həyətində guya 30 dəqiqə öncə ona məxsus pulun oğurlanması barədə həqiqətə uyğun olmayan məlumat verərək Zərərçəkmiş şəxs3 cibində olan pulun miqadarını öyrənmiş, sonuncu ona inanaraq arxa cibində olan 3 ədəd 20 manatlıq, 20 ədəd 1 manatlıq, 6 ədəd 5 manatlıq əskinas olmaqla 110 manat pulu çıxarıb ona göstərdikdə o, Zərərçəkmiş şəxs3 məxsus 110 manat pulu açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyətilə 26 sentyabr 2023-cü il tarixdə saat 18:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən parkda Zərərçəkmiş şəxs2 müxtəlif bəhanələrlə yalandan qohumunun pulunun həmin yerdə əlindən alınması barədə yalan məlumat verərək pul kisəsini ona göstərməsinə nail olmuş, Zərərçəkmiş şəxs2 ona pul kisəsində cəmi 20 manat pul olduğunu göstərdikdə pul kisəsinin içərisində olan 20 manatlıq əskinası talayıb təkrarən soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını açıq olaraq talama məqsədi ilə 28 sentyabr 2023-cü il tarixdə saat 13:30 radələrində ünvan 1 ünvanda yerləşən Nərimanov heykəlinin yaxınlığında Zərərçəkmiş şəxs4 yalandan qohumunun pulunun həmin yerdə əlindən alınması barədə yalan məlumat verərək Zərərçəkmiş şəxs4 cibində olan 17 manat pulun cibindən çıxarmasına nail olub sonuncunun əlindən həmin pulu dartıb alaraq Zərərçəkmiş şəxs4 17 manat pulunu açıq talayıb təkrarən soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə 23 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən parkda üzərində daşıdığı silah qismində istifadə edilən qara dəstəkli bıçaqla Zərərçəkmiş şəxs1 həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib Zərərçəkmiş şəxs1 pul kisəsini cibindən çıxararaq ona tələbə biletini göstərən zaman qəfildən pul kisəsini əlindən alıb içərisinə baxmış və pul kisəsində olan 180 manat pulun 80 manatını talayıb quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 181.2.2 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1lə onun telefon danışığı olmuşdur. O, Azəri çağırmış, Azərdə pul kisəsi olmuş, o, Azərin əlindən pul kisəsini alıb pulunu götürmüş, təzədən qaytarmışdır. Onda bıçaq olmamışdır. Azərdən 60 manat almış, hədə-qorxu gəlmişdir. Azərlə razılığa gəlmişlər, sonra Azər ona zəng edərək pulu nə vaxt verədəcəyini, o da 1-2 günə qayataracağını demişdir. X7 bıçaq çəkməmiş, sadəcə cibində bıçaq olduğunu demişdir. O, Əlidən 20 manat pul almışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, məqsədinin şəxslərdən pul almaq olmuşdur. Həmin şəxslər pul verməsəydilər onları döyə bilərmiş, lakin onda bıçaq olmamışdır. O, saxlanılarkən üzərində qatlanan bıçaq olmuşdur. Həmin bıçağı tapmışdır. Əməllərindən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 19 yaşı var və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsidir. 19 oktyabr 2023-cü ildə, doğum günündə, ailəsilə birlikdə rayona getmiş, qısa müddət sonra rayondan Bakıya qayıtmışdır. Həmin ərəfələrdə onun bank kartı olmamış və üzərində nağd pul gəzdirərək, nağd puldan istifadə etmişdir. Həmin günlərdə, rəfiqəsi ilə Elmlər Akademiyası deyilən ərazidə görüşməyi qət etmişdir. Görüşə gələn zaman üzərində 180 Azərbaycan manatı pul olmuşdur. O, dostu ilə parkda görüşmüş və bir neçə saat sonra evə qayıtmağa qərar vermişlər. Bu zaman hələ parkı tərk etməmiş, yan skamyaların birində əyləşmiş Təqsirləndirilən şəxs onu yanına çağırmışdır. O, bu zaman rəfiqəsindən bir qədər qabaqda onu gözləməsini xahiş etmiş və Süleymana yaxınlaşmışdır. O, Süleymandan onu nəyə görə çağırdığını soruşmuş, Süleyman isə ona əyləşməyi təklif etmişdir. Süleyman daha sonra ona bir xanımın parkda çantasını itirdiyini və bu barədə məlumatının olub-olmadığını soruşmuşdur. O isə məlumatının olmadığını bildirmişdir. Süleyman ondan İncəsənət Universitetində oxuyub-oxumadığını soruşmuş, o isə həmin universitetdə təhsil almadığını bildirmişdir. Ardınca portmanatını çıxarmış və onun içərisində olan tələbə vəsiqəsini Süleymana göstərmişdir. Süleyman dərhal portmanatı onun əlindən almışdır. O, Süleymandan nə etdiyini soruşduqda, Süleyman ona həbsdə tanışı olduğunu və ona pul göndərməli olduğunu bildirmişdir. Eyni anda cibində olan bıçağı çıxararaq ona göstərmiş və ona “bu bıçağı sənə vura da bilərəm” demişdir. Onlar təxminən 10-15 dəqiqə mübahisə etmişlər. O, Süleymana tələbədən pul almağın düzgün bir hərəkət olmadığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs Hətəmov X6 pulu verməsəydi sonuncunun bıçaqla onu vuracağını hesab etdiyini, bıçağın tiyəsini ona dirədiyini, bıçaq qara rəngdə və açıq şəkildə olduğunu, istintaq zamanı bıçağı tanıdığını, Süleymanın bıçağı çıxartdıqdan sonra pulu verdiyini, Süleymanın onun 80 manat pulunu aldığını, ona pulunu geri qaytarmadığını, şikayətçi olduğunu, pulunu tələb etdiyini bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2005-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsidir. Hadisə səhv etmirsə ötən ilin okyabr ayında baş vermişdir. Universitetdən çıxan zaman, saat təxminən 18 radələrində, dostu ilə birlikdə Yasamal rayonu Elmlər Akademiyası adlanan ərazidəki parkda piyada hərəkətdə olarkən, Təqsirləndirilən şəxs onu yanına çağırmışdır. Süleyman ona qohumunun universitetdə 270 Azərbaycan manatı məbləğində pulunun oğurlandığını və bundan xəbəri olub-olmadığını soruşmuşdur. O, cavabında hadisə barədə məlumatının olmadığını demişdir. Süleyman ondan “bəs həmin pulu səndə tapsam, onda necə olacaq?” demiş, o isə yenidən onun bu hadisə ilə heç bir əlaqəsi olmadığını bildirmiş və portmanatında sadəcə 20 Azərbaycan manatı məbləğində pulun olduğunu demişdir. Süleyman bu zaman ondan portmanatını çıxararaq göstərməyini tələb etmişdir. O, artıq mübahisənin xoşagəlməz yerə getdiyini görüb, portmanatını çıxararaq təqdim etmişdir. O, portmanatını açaraq göstərmiş, Süleyman isə bu zaman portmanatın içərisində olan 20 Azərbaycan manatı məbləğində pulu dərhal götürmüşdür. Daha sonra Süleyman ondan telefon və saatı da tələb etmiş, lakin o, verməmiş, Süleyman da artıq məsələni çox uzatmamışdır. Süleyman söhbət əsnasında ona əlində bıçaq olduğunu, həbs həyatı yaşadığını, 36 yaşının olduğunu və ondan 18 yaş böyük olduğunu bildirmişdir. Süleyman ona bıçaq çəkməmiş, lakin cibindən çıxararaq ona göstərmişdir. O da 20 manat məbləğində pulun elə də böyük pul olmadığını və buna görə mübahisəni uzatmağın mənasız olduğunu düşünmüşdür. Daha sonra oradan uzaqlaşmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs sadəcə olaraq bıçağı çıxardığını və ona göstərdiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışması və ona vurulan ziyan ödənilməsi, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, hadisə günorta saatlarında baş vermişdir. Onun başı ağrıyırmış və bir az hava almaq üçün çölə çıxmışdır. Yasamal rayonu ərazisində yerləşən parkların birində bir qədər gəzmiş və saat 14 radələrində evə qayıtmağa qərar vermişdir. Bu zaman Süleyman yanında bir nəfər tanışı ilə birlikdə ona yaxınlaşmışdır. O, pilləkənlərlə yuxarı qalxarkən, Süleyman onu çağırmışdır. Süleyman ondan əyləşməyini istəmiş və o, əyləşəndən sonra onun tanışı olan xanıma qarşı ərazidə quldurluq edildiyini və onun bu hadisədən xəbəri olub-olmadığını soruşmuşdur. O isə cavabında hadisə barədə məlumatının olmadığını demişdir. Süleyman israrla ondan hadisəni həqiqətən görüb-görmədiyini soruşmuş, o isə dəfələrlə hadisə barədə məlumatının olmadığını demişdir. Süleyman daha sonra ondan üzərində pul olub-olmadığnı soruşmuşdur. O, üzərində 17 Azərbaycan manatı pul olduğunu demiş, daha sonra dəqiqləşdirmək üçün portmanatını da cibindən çıxarmışdır. Bu zaman Süleyman portmanatın içinə əl ataraq pulları götürmüşdür. O, Süleymandan nə üçün belə hərəkət etdiyini soruşmuş, Süleyman isə ona “xoşuna gəlmədi?” deyə cavab vermişdir. Süleyman ona bir nəfər tanışını ziyarət edəcəyini və bunun üçün həmin pula ehtiyacı olduğunu bildirmişdir. O isə etiraz edərək başqa pulunun olmadığını bildirmişdir. Süleyman ona yol pulu verməyi təklif etmiş, o isə bununla razılaşmamışdır. Süleyman belə olduqda ona “elə etmə ki, saatını və telefonunu da əlindən alım” demişdir. O, getməmiş və mübahisəyə davam etmişdir. Süleyman bu zaman onun üstünə gəlməyə başlamış, yanındakı adam isə qıraqda sakitcə dayanmışdır. O daha sonra iki nəfərə qarşı fiziki olaraq heç nə edə bilməyəcəyini və 17 manata görə mübahisəni uzatmağın mənasız olduğunu düşünərək oradan uzaqlaşmışdır. Süleyman və yanındakı adam da aşağı tərəf qaçmağa başlamışlar. Daha sonra 102-ə zəng etmiş və polisə hadisə barəsində məlumat vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışması və ona vurulan ziyan ödənilməsi, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, hadisə təxminən 2023-cü ilin yay aylarında baş vermişdir. O, Bakı şəhərində kuryer fəaliyyəti ilə məşğul olmuşdur. Saat 1-2 aralığında Nərimanov heykəlinin arxasındakı parkda dincəlmək üçün skamyada əyləşmişdir. Bu zaman iki nəfər ona yaxınlaşaraq burada bıçaqlanma hadisəsinin olduğunu və pulunun oğurlandığını demişlər. O, bu hadisə ilə bağlı heç nə görmədiyini demişdir. Söhbət əsnasında təqsirləndirilən şəxs Süleyman özünün xalaoğlusunun yanına getdiyi üçün onun üzərində nə qədər pul olduğunu soruşmuşdur. O, portmanatında 15-17 manat olduğunu bildirmişdir. Süleyman onun portmanatında bütün pulları götürəndə o, etirazını bildirmişdir. Süleyman ona istəsə telefonunu və qol saatını da götürə biləcəyini demişdir. O, Süleymanın bədənli, yekepər olmasından və ona xəsarət yetirməsindən ehtiyatlanaraq geriyə çəkilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona pulunun geri qaytarılmadığını, şikayətçi olmadığını, pulunu tələb etmədiyini bildirdi. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışması və ona vurulan ziyan ödənilməsə də, şikayət və tələbinin olmaması barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, keçən il o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ikinci kursunda oxuyarkən günorta saatlarında universitetdən çıxıb evə gedərkən parkdan keçəndə Süleyman arxadan onu səsləmişdir. O, çönüb baxarkən Süleymanın oturduğunu görümüşdür. Ona “səni bir dəqiqə olar?” demiş, 2 dəqiqə onunla söhbət etməyi xahiş etmişdir. O da Süleymanın yanında oturacaqda oturmuş, Süleyman onun adını, harada oxuduğunu soruşmuş və daha sonra özünü təqdim etmiş, sonra pul məsələsinə keçməyə başlamışdır. Süleyman 176 nömrəli məktəbdə kiminsə bir qızı döyüb 175 manat pulunu aldığını, o şəxsi tapsa, pis olacağını demiş, sonra “Sovetski”də yaşadığını, 10 il “içəri”də yatıb çıxdığını bildirmişdir. Süleyman onun gözünü qorxutmağa çalışmış, ona kişi kimi danışmağı, üzərindəki çantadan o pul çıxacağı təqdirdə nə olacağını soruşmuşdur. O da elə bir hal olsa, çantanı da götürüb gedə biləcəyini demişdir. Süleyman da ona “sən kişi adamsan” demiş və əlini sıxıb getmişdir. Daha sonra onlar ayrılmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Süleymanın ondan pul almadığını və sonuncudan şikayətçi olamdığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 27 sentyabr 2023-cü il tarixdə dərsdən çıxmağa hazırlaşarkən dəhlizdə keçmiş qrup yoldaşı Zərərçəkmiş şəxs2 görmüşdür. Əli söhbət zamanı bir gün qabaq ona bıçaq çıxarılmasını və 20 manatının alındığını demişdir. Bundan sonra o, həmin gün “Nizami” metrosundan universitetə qayıdarkən pilləkənin yanında Süleyman ona yaxınlaşmışdır. Ona “səni bir dəqiqə olar?” demiş, o da yəqin yol soruşacağını fikirləşmişdir. Süleyman ona oturmasını, söhbət etmələrini demiş, o da oturmağa ehtiyac olmadığını, sözünü deməsini bildirmişdir. Süleyman oturmağında israr etmiş və o oturmuşdur. Süleyman özünün ya xalası oğlunu, ya da əmisi oğlunu bu yaxınlarda kiminsə davada döyüb pulunu aldıqlarını demiş və ondan burada dava görüb-görmədiyini soruşmuşdur. O da cavabında görmədiyini demişdir. Süleyman ondan üzərində nə qədər pulun olmasını soruşmuş, o da bunun ona nə aidiyyəti olduğunu soruşmuşdur. Süleyman ona “niyə tərs danışırsan, ona qalsa bıçağı çıxarıb xirtdəyinə dirəyərəm, mən belə şeylərin üstündə 10 il içəridə yatmışam” demişdir. O da “Allah canını sağ eləsin” demişdir. Süleyman yenə üzərində nə qədər pul olduğunu soruşmuşdur. O da üzərində maksimum 15-20 manatı olmasını bildirmişdir. Sonra artıq küçədən keçənlər olmuş, o da işinin olduğunu bildirib getmişdir. Süleyman da vaxtını aldığı üçün üzr istəyib getmişdir. O, gəlib qrup yoldaşı Əlidən “sənin pulunu alan adam bu görünüşdə olan adam idi?” deyə soruşmuş, Əli də təsdiq edərək, ondan həmin şəxsi haradan tanıdığını soruşmuş, o da başına gələnləri danışmış və onlar qərarlaşdırmışlar ki, bu barədə gedib dekalığa desinlər. Onlar bu barədə dekanlığa bildirmiş və dekanlıqdan mühafizəyə tapşıracaqlarını və onların başqa yolla getmələrini demişlər. 2 gün sonra yeraltı keçiddə Süleyman yenə onun qabağına çıxmış, hətta ona salam vermişdir. O da mühafizəyə Süleymanın yerini demiş, mühafizə isə universitetdən qıraq üçün onların məsuliyyət daşımadıqlarnı demişdir. Onlar da polisə şikayət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun anası insult keçirdiyindən xəstəxanada olmuşdur. Həmin gün o, evdən çıxanda məhəllədə Süleymanı görmüş, bir az söhbət etmişlər. Süleyman ondan hara getdiyini soruşmuş, o da xəstəxanaya getdiyini demişdir. Onlar yol yoldaşı olub söhbət edə-edə gedən zaman birdən Süleyman ağacın altında dayanan, bu iş üzrə zərərçəkmiş şəxs olan adama yaxınlaşmış, o isə yol kənarında dayanıb Süleymanı gözləmişdir. O, elə bilmişdir ki, ikisi də bir-birini tanıyır. Onlar bir az söhbət edəndən sonra zərərçəkmiş şəxsin qəmli şəkildə Süleymana atasının rəhmətə getdiyini dediyini eşitmişdir. O, Süleymanın əlində qızıl üzük və telefon görmüş, nəsə bir problemli məsələ olduğunu başa düşmüşdür. O, həmin şəxslərə yaxınlaşmış və Süleymanın əlində olan qızıl üzüyü alıb zərərçəkmiş şəxsə qaytarmışdır. Sonra oğlandan harada qaldığını soruşmuş, oğlan Sumqayıt şəhərində yaşadığını demiş, o da buradan tez bir şəkildə uzaqlaşmağını istəmişdir. Süleymana da yola davam etməyi təklif etmişdir. O, Süleymanı hadisə yerindən uzaqlaşdırmaq və məsələnin çox böyüməməsini istəmişdir. Süleymanla oradan uzaqlaşıb yola davam etmişlər. O, avtobus dayanacağına doğru, Süleyman isə öz işi ilə bağlı harasa getmişdir. Hadisənin üzərindən bir neçə gün keçmiş, bu cinayət işi ilə bağlı onun axtarıldığı barədə 26-cı Polis bölməsindən xəbərdarlıq gəlmişdir. Həmin gün polis əməkdaşları onu saxlamış, 26-cı Polis bölməsinə gətirmişlər. Gələn zaman Süleymanın da orada olduğunu görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, polis əməkdaşları onu saxlayandan sonra bu hadisə ilə bağlı ifadəsi alınmışdır. Hadisə vaxtı o, Süleymanın onun yanıda zərərçəkmiş şəxsdən pul aldığını görməmiş, amma zərərçəkmiş şəxs 80 manat işdən qazandığı pulu olduğunu bildirişdir. Hadisə yerindən uzaqlaşanda Süleymanın zərərçəkmiş şəxsdən pul götürdüyünü bilmişdir. Hadisə zamanı onun üzərində bıçaq olmamış, Süleymanın da üzərində bıçaq görməmişdir. Həmin gün zərərçəkmiş şəxsə qarşı bıçaqla hədələmə kimi hərəkətlər olmamışdır. O, Süleymandan 50 manat borc pul almış və 1 gün sonra da qaytarmışdır. Süleymanla yoldaşlıq etdiyi, belə bir əməlin şahidi olduğu üçün çox peşmandır. Bununla yanaşı, Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını 2 saylı Cəzaçəkmə müəssisəsində çəkmiş, 11 ildir ki, azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs 2005-ci ildən “Sovetski” deyilən yerdən tanıyır. Son 5 aydır ki, yaxın münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Süleymanla “Altes plaza”nın yaxınlığında görüşmüşlər. O, Süleymana anasının xəstə olduğunu "Semaşko” xəstəxanasına getdiyini bildirmişdir. Yolda söhbət edə-edə Bəşir Səfəroğlu küçəsi ilə piyada “Dost” xidməti istiqamətində hərəkət etmişlər. Həmin vaxt Bəşir Səfəroğlu küçəsində binanın qarşısında olan ağacın kölgəsində daşın üzərində 21-22 yaşlarında cavan oğlanın əyləşdiyini görmüşlər. Onlar həmin oğlana yaxınlaşmışlar. Süleyman ona öz xəyalına uyğun senari quraraq yalandan burada 30 dəqiqə bundan əvvəl guya dostunu döyüb pulunu apardıqlarını bildirmiş, həmin şəxsdən bu hadisəni törədən şəxsi görüb görməməyini soruşmuşdur. Həmin şəxs isə öz növbəsində belə bir hadisəni görmədiyini bildirmişdir. Süleyman həmin şəxsə ondan şübhələndiyini bildirmiş və üzərində nə qədər pul olduğunu soruşmuşdur. Həmin şəxs cavabında ona üzərində 15 manat pul olduğunu bildirmişdir. Süleyman ona demişdir ki, çıxart pulları baxım 15 manat olsa problem yoxdur çıx get, əgər çox olsa pulları əlindən alacaqmış. Bundan başqa Süleyman ona yalandan demişdir ki, onun işlətdiyi sadə Nokia telefonunda həmin dostunun oğurlanan pullarının şifrəsi var, əgər uyğun gəlməsə pulları geri qaytaracaqdır. Həmin şəxs Süleymanın bu sözündən sonra daha da arxayınlaşmış və cibindən 1 manatlıq, 5 manatlıq, 10 manatlıq, 20 manatlıq əskinaslar olmaqla ümumilikdə 110 manat pulu arxa cibindən çıxardaraq Süleymana göstərmişdir. Süleyman həmin vaxtı 110 manat pulu onun əlindən almışdır. Pulu aldıqdan sonra Süleyman həmin şəxsin əlində qızıl üzük görmüş və qızıl üzüyü də tələb etmişdir. Həmin şəxs ağlayaraq üzüyün atasının yadigarı olduğunu, üzüyü verməyəcəyini bildirmişdir. Süleyman və o, bunu görmüş, yumşaldıqları üçün Süleyman üzüyü ondan istəməmişdir. Həmin vaxtı o, Süleymana puldan 30 manat qaytarmasını demiş, Süleyman həmin vaxtı ona məhəl qoymamış, pulu qaytarmamışdır. Çünki narkotikin təsiri altında olmuşdur. Həmin 21-22 yaşlı cavan oğlan Süleymandan pullarını qaytarmağı tələb etsə də, Süleyman pulları qaytarmamışdır. Süleyman həmin puldan ona 50 manat vermişdir. Süleyman bu hadisəni törədəndə o, nahaq etdiyini bildirmişdir. O, sadəcə olaraq, orada heç bir məsələyə qarışmadan sakit dayanmışdır (cild 2, iş vərəqi 210-212). İfadəsi elan edildikdən sonra protokol imzaya baxmaq üçün şahidə təqdim edilmiş, şahid ifadənin bəzi hissələrini, konkret olaraq Süleymanın narkotik vasitənin təsiri altında olması hissəsini təsdiq etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli, 1845 nömrəli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən parkda olan zaman bir nəfər tanımadığı şəxs onun pul kisəsində olan 60 manat pulu onun razılığı olmadan almış və bir neçə gün sonra hissə-hissə qaytaracağını vəd edərək uzaqlaşıb getməsini tələb etmişdir (cild 1, iş vərəqi 69). - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən kiçik parkdır. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs1 tanımadığı şəxs tərəfindən bıçaqla hədələnərək 60 manat pulunun alındığını bildirmişdir (cild 1, iş vərəqi 72-75). - Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli, 1847 nömrəli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən parkda olan zaman bir nəfər tanımadığı şəxsin ona hədə-qorxu gələrək 20 manat pulunu aldığını, qol saatını və mobil telefonunu almaq istəyərkən onun müqaviməti nəticəsində istəyinə nail ola bilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 82). - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən parkdır. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs2 tanımadığı şəxs tərəfindən şəxs tərəfindən hədələnərək 20 manat pulunun alındığını, qol saatının və mobil telefonunun əlindən almağa cəhd edildiyini bildirmişdir (cild 1, iş vərəqi 85-88). - könüllü təqdim etmə haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif şəxsləri qorxutmaq üçün üzərində saxlayıb gəzdirdiyi ümumi uzunluğu 19 sm, tiyəsinin uzunluğu 8,7 sm, qara rəngli dəstəyinin uzunluğu 10,3 sm olan cib bıçağını könüllü olaraq təhqiqata təqdim etmiş və bıçaq təhqiqatçı tərəfindən götürülmüşdür (cild 1, iş vərəqi 104-106). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 139). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 164). - şəxsin tanınması haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 3 nəfərin içərisində Zərərçəkmiş şəxs1 tanınma üçün təqdim edilmiş, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanıyaraq sonuncunun xx.xx.2023cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən parkda olan zaman onun pul kisəsində olan 80 manat pulunu götürdüyünü və bir neçə gün sonra hissə-hissə qaytaracağını bildirdiyini göstərmişdir (cild 1, iş vərəqi 172- 174). - şəxsin tanınması haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 3 nəfərin içərisində Zərərçəkmiş şəxs2 tanınma üçün təqdim edilmiş, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanıyaraq sonuncunun xx.xx.2023cü il tarixdə saat 18:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən parkda 20 manat pulunu götürdüyünü bildirmişdir (cild 1, iş vərəqi 175-177). - əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs götürülmüş bıçaq 03 (üç) ədəd oxşar bıçaq arasında təqdim olunmuş, Zərərçəkmiş şəxs2 həmin bıçağı tanıyaraq tanımadığı şəxsin onu parkda həmin bıçaqla qatlanmış halda hədələyib 20 manat pulunu aldığını bildirmişdir (cild 1, iş vərəqi 184-185). - əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs götürülmüş bıçaq 03 (üç) ədəd oxşar bıçaq arasında təqdim olunmuş, Zərərçəkmiş şəxs1 həmin bıçağı tanıyaraq tanımadığı şəxsin onu parkda həmin bıçağı nümayiş etdirərək 80 manat pulunu aldığını bildirmişdir (cild 1, iş vərəqi 186-187). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, həmin üzləşdirmələr zamanı zərərçəkmiş şəxslər ibtidai istintaqa verdikləri ifadələrini bir daha təqsirləndidilən şəxsin üzünə deməklə sonuncunu cinayət törətməkdə ifşa etmişlər (cild 1, iş vərəqi 188-189, 190-191). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 192-193). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 13:33-də DİN-in 102 Xidmətinə daxil olmuş məlumata əsasən Zərərçəkmiş şəxs4 zəng edərək Nərimanov heykəlinin arxasında 2 nəfər şəxsin ona yaxınlaşaraq cibində nə qədər pul olmasını soruşması, sonradan köməklik etməsini bildirməsi, cibində olan 17-18 manat pulu göstərdiyi zaman həbsdə olan şəxsə köməklik etməsini bildirərək ondan pulu almaları, onu hədələmələri barədə məlumat vermişdir (cild 1, iş vərəqi 227). - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Baxış zamanı iştirak edən hadisənin baş vermə Zərərçəkmiş şəxs4 tanımadığı 2 nəfər şəxsin onun 17 manat pulunu aldığını bildirmişdir (cild 1, iş vərəqi 230-231). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 238). - toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilmişdir (cild 2, iş vərəqi 21). - təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, iş vərəqi 24-25). - cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraatda olan digər ********* nömrəli cinayət işinə birləşdirilmiş və bir icraatda ********* nömrəsi altında istintaqı aparılmışdır (cild 2, iş vərəqi 38). - vətəndaş Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq dostunun pulunun oğurlandığını, ondan şübhələndiklərini bildirərək cibində olan pula baxmaq istədiklərini bildirmişlər. O da cibində olan 110 manat pulu çıxaran zaman şəxslərdin biri həmin pulu onun əlindən almışdır. Digər şəxs isə cibindən bıçaq çıxararaq onu hədələmişdir (cild 2, iş vərəqi 44). - baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxış keçirilən ünvan ünvan 4 vardır. Ətrafda insanların istirahəti üçün oturacaq vardır. Zərərçəkmiş şəxs3 bir nəfər şəxsin 110 manat pul aldığı ünvandır. Ünvana baxış keçirilən zaman istintaq əhəmiyyəti kəsb edən hal aşkar edilmədi (cild 2, iş vərəqi 48-52). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 53-54). - götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, istintaq zərurəti ilə əlaqədar olaraq baş vermiş cinayət hadisəsinin görüntülərinin qeydə alındığı bir ədəd disk Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi 7 ünvanında yerləşən binadan götürülmüşdür (cild 2, iş vərəqi 69-70). - şəxsin tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, dörd nəfər kişi cinsindən olan şəxslər tanımaya təqdim olunmuş, tanınmaya təqdim edilmiş Təqsirləndirilən şəxs həmin dörd nəfər şəxsin arasında tanıyandan soldan ikinci yerdə dayanmışdır. Qeyd olunan hərəkətlər yerinə yetirildikdən sonra tanıyan şəxs Zərərçəkmiş şəxs3 tanınma keçirilən otağa dəvət olunmuş və Zərərçəkmiş şəxs3 ifadəsində ondan 110 manat pul aldığını bildirdiyi şəxsi 4 nəfər şəxsin arasında tanınması təklif olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs3 ona təqdim olunan 4 nəfər şəxsi nəzərdən keçirib bildirdi ki, həmin 4 nəfər şəxslər arasında ifadəsində ondan 110 manat pul aldığını bildirdiyi şəxs ondan solda ikinci dayanan şəxsdir (cild 2, iş vərəqi 71-72). - ifadənin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanışı Eminlə “Altes” plazanın yaxınlığında görüşmüşlər. Emin ona anası xəstə olduğu üçün "Semaşko" xəstəxanasına gedəcəyini bildirmişdir. Yolda söhbət edə-edə Bəşir Səfəroğlu küçəsi ilə piyada “Dost” xidməti istiqamətində hərəkət etmişlər. Həmin vaxt Bəşir Səfəroğlu küçəsində binanın qarşısında olan ağacın kölgəsində daşın üzərində 21-22 yaşlarında cavan oğlanın əyləşdiyini görmüşdür. Onlar həmin oğlana yaxınlaşaraq ona öz xəyalına uyğun senari quraraq yalandan orada 30 dəqiqə bundan əvvəl guya dostunu döyüb pulunu apardıqlarını bildirmişdir. Həmin şəxsdən bu hadisəni törədən şəxsi görüb-görməməyini soruşmuşdur. Həmin şəxs isə öz növbəsində belə bir hadisəni görmədiyini bildirmişdir. O, həmin şəxsə ondan şübhələndiyini bildirmiş və üzərində nə qədər pul olduğunu soruşmuşdur. Həmin şəxs cavabında ona üzərində 15 manat pul olduğunu bildirmişdir. O, həmin şəxsə demişdir ki, “çıxart pulları baxım 15 manat olsa problem yoxdur çıx get, əgər çox olsa pulları əlindən alacağam”. Bundan başqa o yalandan demişdir ki, onun işlətdiyi sadə “Nokia” telefonunda həmin dostunun oğurlanan pullarının şifrəsi var, əgər uyğun gəlməsə pulları qaytaracaq. Onun bu sözündən sonra həmin şəxs daha da arxayınlaşmış və cibindən 1 manatlıq, 5 manatlıq, 10 manatlıq, 20 manatlıq pul əskinasları olmaqla ümumilikdə 110 manat pulu arxa cibindən çıxardaraq ona göstərmişdir. O, həmin vaxt 110 manat pulu onun əlindən almışdır. Pulu aldıqdan sonra o, həmin şəxsin əlində qızıl üzük görmüş və qızıl üzüyü ondan tələb etmişdir. Həmin şəxs ağlayaraq atasının yadigarı olduğundan üzüyü verməyəcəyini bildirmişdir. O, bunu görərək yumşalmış və üzüyü istəməmişdir. Həmin vaxt dostu Emin ona demişdir ki, “puldan 30 manat qaytar çıxsın getsin”. O, həmin vaxt Eminə məhəl qoymamış, pulu qaytarmamış, ona görə ki, narkotikin təsiri altında olmuşdur. Həmin 21-22 yaşlı cavan oğlan ondan pullarını qaytarmağı tələb edib bildirsə də o, pulları qaytarmamışdır. Həmin puldan Eminə 50 manat məbləğdə pul vermişdir. O, bu hadisəni törədəndə Emin ona nahaq elə etdiyini bildirmişdir. Emin sadəcə olaraq, orada heç bir məsələyə qarışmadan sakit dayanmışdır. O, cinayət nəticəsində əldə etdiyi 110 manat puldan 50 manat Eminə, 40 manat narkotik üçün “Rza” adlı şəxsə vermiş, 20 manata isə siqaret, su və kontur almışdır. O, oradan ayrılaraq tək tanımadığı “Rza” adlı şəxsdən narkotik almağa getmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində bildirdiyi onun əynində olan şalvarın sağ yan kəmərindən qara rəngli bıçağı göstərərək "Sənə dedim çıx get buradan" deyərək iti addımlarla yanındakı tanışı ilə birlikdə oradan uzaqlaşdığını bildirməsini ifadəsində göstərməsi ilə razı deyil. Belə ki, onun əlində və yaxud da şalvarının sağ yan kəmər hissəsində qara rəngli bıçaq olmamışdır. Hadisəni törətməkdə məqsədi pul əldə edib narkotik vasitə almaq istəyi olmuşdur (cild 2, iş vərəqi 124-126). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 üzləşdirmə zamanı ifadəsində dediklərini bir daha Təqsirləndirilən şəxs Bayam oğlunun üzünə deyərək bir daha təsdiq etmişdir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər 11 radələrində Bakı şəhərində “Melissa park” yaşayış kompleksinin həyətində saxladığı mopedi götürüb işə başlamaq istəmişdir. Həmin vaxtı moped düzgün xoda düşməmişdir. O tanıdığı moped ustası olan Məhərrəm kişinin yanına gedərək mopedi təmir elətdirmək qərarına gəlmişdir. “Melissa park”dan yola düşərək Məhərrəm ustanın işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi istiqamətində hərəkətə başlamışdır. Mopedi sürərkən nasazlığın aradan qalxdığını düşünmüş və Məhərrəm usta ilə əlaqə saxlamışdır, lakin telefona cavab verməmişdir. Fikirləşmişdir ki, yəqin işə gəlməyib. Həmin küçədə mopedi saxlayaraq söndürmüşdür ki, bir müddətdən sonra yenidən işə salıb problem yaranmasa işə başlasın. Həmin vaxtı Bəşir Səfəroğlu 7 ünvanının qarşısındakı binanın həyətində kölgədə siqaret çəkərək gözləmişdir. Təxminən saat 13 radələrində 2 nəfər yaşları təxminən 30-35 yaş aralığında olan şəxslər ona yaxınlaşaraq ona salam vermişlər, o, normal qaydada onlarla salamlaşmışdır. Ondan burada nə qədər müddətdə dayandığını soruşmuşlar. O isə onlara 5-10 dəqiqə olar orada dayandığını bildirmişdir. Onlardan əynində qara qolu gödək köynək, tünd göy rəngli cins şalvar geyinmiş başı keçəl olan şəxs ona bildirmişdir ki, onun burada 30 dəqiqə əvvəl pulu oğurlandığını, burada kimisə görübgörməməyini soruşmuşdur. O, cavabında o olan 5-10 dəqiqə müddətdə belə bir hadisənin şahidi olmadığını bildirmişdir. Həmin şəxs ondan şübhələndiyini və cibindəki pulları göstərməyini bildirmişdir. O, tərəddüd etmədən cibində olan 3 ədəd 20 manatlıq, 20 ədəd 1 manatlıq, 6 ədəd 5 manatlıq əskinas olmaqla 110 manat pulu əlində tutaraq həmin şəxsə göstərən zaman pulu əlindən almışdır. O, pulunu geri tələb etdikdə həmin qara köynəkli 30-35 yaşlarında olan şəxs ona “Ağıllı ol, buradan çıx get, başına problem yaratma” sözlərini demişdir. Bu zaman yanında olan qara eynəkli, göy köynəkli 30-35 yaşlarında olan şəxs yanında olan qara köynəkli şəxsə 30 manat ver çıxsın getsin sözlərini demişdir. Qara köynəkli şəxs üzünü çevirərək ona məhəl qoymayaraq pulunu geri qaytarmayaraq tanışı ilə birgə adi addımlarla yaxınlıqda olan park istiqamətində addımlamağa başlamışdır. 2-3 addım atmışdı o ona yenidən yaxınlaşaraq yüksək səslə pulu geri qaytarmasını tələb etmişdir. O isə əynində olan şalvarın sağ yan kəmərindən qara rəngli bıçağı göstərərək “Sənə dedim çıx get buradan” deyərək iti addımlarla yanındakı tanışı ilə birlikdə oradan uzaqlaşmışlar. Bundan sonra DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər (cild 2, iş vərəqi 130-132). - baxış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı məlum olmuşdur ki, bir ədəd diskdə ünvan 5 ünvanda yerləşən binanın videomüşahidə qurğusunun kamerası ilə qeydə alınmış soyğunçuluq cinayət hadisəsinin xx.xx.2023-cü il tarixdə saat 13:06:33-cü saniyədə baş verdiyi və 01 dəqiqə 30 saniyə ərzində olan görüntüləri vardır. Belə ki, videogörüntüdə Təqsirləndirilən şəxs ağacın altında dayanaraq Zərərçəkmiş şəxs3 ilə söhbət etdiyi, Şahid3 isə kənarda dayandığı və 13:07:42 saniyədə hər iki şəxsin, yəni Təqsirləndirilən şəxs və Şahid3 oradan getdikləri müşahidə edilir (cild 2, iş vərəqi 136). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bayam oğlu Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 2, iş vərəqi 138-139). - vətəndaş X3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Şahid3 ələ keçirdiyi 110 manat məbləğində pul Zərərçəkmiş şəxs3 ödənilmişdir (cild 2, iş vərəqi 166). - Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 tərəfindən ondan tələb edilərək alınmış 110 manat məbləğində pul Şahid3 tərəfindən ödənilmişdir. Hadisə ilə bağlı şikayət və tələbi yoxdur (cild 2, iş vərəqi 167). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 842 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarətin aşkar olunmadığı qeyd edilmişdir (cild 2, iş vərəqi 206-208). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs3 ***-***-**-** mobil nömrəsi ilə zəng vuraraq Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi 7-də iki nəfər şəxsin onun qarşısını kəsərək və onu bıçaqla hədələyərək 100 manatdan çox pulunu götürüb oradan uzaqlaşmaları barədə məlumat vermişdir (cild 2, iş vərəqi 215). - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsindən həmin Məcəllənin 180.2.2, 181.2.2 və 181.2.5-ci maddələrinə tövsif edilmişdir (cild 2, iş vərəqi 268-269). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 214 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 280-281). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 06 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 282-284). - məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/125 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 3, iş vərəqi 1-12). - sübutların qiymətlndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq və ünvan 6 ünvanında quraşdırılmış videomüşahidə kameralarından götürülmüş görüntülərin yazıldığı 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, bıçaq saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş, disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs barəsində Şahid1 və Şahid2 aid hissəsə cinayət işinin başlanması rədd edilmiş, Şahid1 və Şahid2 cinayət işi üzrə zərərçəkmiş şəxs kimi iştiraklarına xitam verilmişdir (cild 3, iş vərəqi 84-98). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə görə yeni ittiham elan edilmişdir (cild 3, iş vərəqi 113-115). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 181.2.2 və 181.2.5ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında göstərilən tövsiyələrini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı quldurluq cinayəti törətməməsi, bu hadisə zamanı onda bıçaq olmaması, Azərə qarşı yalnız sözlə hədəqorxu gələrək pulunu alması barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadəsi elan edilmiş ağır cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi güdür, özünümüdafiə xarakteri daşayır və cinayət işi üzrə toplanmış mötəbər subutlarla təkzib olunduğundan inandırıcı hesab olunmur. Belə ki, Təqsirləndirilən şəxs hadisə vaxtı bıçaq olması məhkəmədə mübahisəsiz hal kimi tam təsdiq olundu. Hətta həmin bıçaq ondan götürülərək iş üzrə maddi sübut kimi tanınmışdır. Həmin bıçağın Zərərçəkmiş şəxs1 qarşı istifadə etməsi ilə bağlı məhkəmə onu qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxs ondan pul tələb edərkən cibində olan bıçağı çıxararaq ona göstərməsini və ona “bu bıçağı sənə vura da bilərəm” deməsini qeyd etmişdir. Bundan başqa həmin zərərçəkmiş şəxs ibtidai istintaq vaxtı verdiyi ifadələrində təqsirləndirilən şəxsin bıçaqla ona hədə-qorxu gəldiyini bildirmiş, təqsirləndirilən şəxslə üzləşdirmə zamanı həmin ifadəsini sonuncunun üzünə qarşı söyləmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs götürülmüş bıçaq 03 (üç) ədəd oxşar bıçaq arasında təqdim olunan zaman o, həmin bıçağı tanımış və Təqsirləndirilən şəxs məhz həmin bıçaqla ona hədəqorxu gələrək pulunu ələ keçiridiyini bildirmişdir. Şərh olunan sübutların ardıcıllıqla bir-biri ilə və işdə olan digər sübutlarla tamamilə uzlaşması onu təsdiq edir ki, zərərçəkmiş şəxsə basqın zamanı Təqsirləndirilən şəxs həqiqətən də bıçaqdan istifadə etmiş və bu hal məhkəmədə hər hansı şübhə doğurmur. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla təkrar soyğunçuluq etməsi, bundan başqa silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə təkrarən quldurluq törətməsi təsdiq olunur, o, həmin cinayət əməlini törətməkdə təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələrilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, 11 yanvar 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 2, iş vərəqi 218-219, 234-246, 266-267). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə ağır cinayətə görə təyin edilmiş cəzanı çəkib qurtardığı gündən altı il keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Beləliklə, Təqsirləndirilən şəxs daha əvvəl qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs dörd zərərçəkmiş şəxsdən ikisinə vurulmuş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə, zərərçəkmiş şəxslərdən üçü ilə barışmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını ağırlaşdıran halları, cəzasını yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 181.2.2 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokollarından və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 iyul 2023-cü il tarixdə tutulmuş, Bakı şəhəri Yasamal rayon prokurorunun 19 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş, o, həmin gün həbsdən azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, şübhəli şəxs qismində 30 sentyabr 2023-cü il tarixdə tutulmuş, 02 oktyabr 2023-cü il tarix müvəqqəti tutulmaqdan azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 27 oktyabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 123-124, 217-219; cild 2, iş vərəqi 9, 35-36, 85-86, 179-180, 204, 276-278, 292-295; cild 3, iş vərəqi 46-49, 67-70, 176-180). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 17-19 iyul və 30 sentyabr-02 oktyabr 2023-cü ildə tutulduğu 6 (altı) gün ona təyin ediləcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı 25 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhv edilməli, digər maddi sübut - ünvan 6 ünvanında quraşdırılmış videomüşahidə kameralarından götürülmüş görüntülərin yazıldığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 180.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs tutulub həbsdə saxlandığı 6 (altı) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 10 (on) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Digər maddi sübut - ünvan 6 ünvanında quraşdırılmış videomüşahidə kameralarından götürülmüş görüntülərin yazıldığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-2072/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2072/2024
29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver