Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2073/2024 23.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 avqust 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, 25 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə saat 19:30 radələrində cinsi azlıq nümayəndəsi olan Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 2 ünvanında sonuncu ilə pul müqabilində cinsi əlaqədə olduqdan sonra Zərərçəkmiş şəxs hamam otağına daxil olmasından istifadə edib, sonuncuya ödədiyi 20 manat məbləğində pul vəsaitini mənzilin yataq otağında olan Zərərçəkmiş şəxs məxsus əl çantasından gizli olaraq götürmüş, Zərərçəkmiş şəxs isə əl çantasında 20 manat pulun olmadığını aşkar etdikdən sonra ondan həmin pulu geri qaytarmasını tələb etdikdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 20 manat məbləğində pul vəsaitini geri qaytarmamaq və əlavə əmlakını ələ keçirmək məqsədilə üzərində olan silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, qatlanan tipli cib bıçağını tətbiq edərək, həmin bıçaqla Zərərçəkmiş şəxs əl və ayaq nahiyələrindən bir neçə dəfə vurmaqla, sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol körpücüküstü, sol bazunun bayır, sol saidin ön-iç və sol budun ön səthinin ümumilikdə 7 ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarətlər yetirərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın etməklə Zərərçəkmiş şəxs 4 manat dəyərində 050 ***-**-** nömrə ilə işləyən 2750 manat dəyərində bir ədəd "iPhone" markalı "14 pro max modelli" mobil telefon aparatını, içərisində həmin dövrün rəsmi məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları, 13 manat məbləğlərində nağd pul, 5 manat dəyərində "xxxx" bankına aid kart olan 20 manat dəyərində pul qabını, 60 manat dəyərində üzərində markalanma göstəricisi olmayan ətiri, 5 manat dəyərində mənzilin açarları olan 50 manat dəyərində qara rəngli əl çantasını alıb ələ keçirməklə, hadisə yerindən uzaqlaşaraq ümumilikdə Zərərçəkmiş şəxs 3267 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsi sosial şəbəkə vasitəsi ilə tanımışdır və əvvəllər də bir-iki dəfə onun yanına getmişdir. Sonuncu dəfə zərərçəkənin yanına gedəndə, sonuncu ondan pul istəmişdir. Həmin vaxt onun üstündə cəmi 20 manat pulu olmuşdur. Bundan başqa, üzərində bıçaq da olmuşdur. Aralarında mübahisə düşmüş, bu zaman Murad onun ünvanına nalayiq söyüşlər söymüşdür. O da, bıçağı çıxarıb sonuncunun qoluna və ayağına vurmuş, daha sonra evin qapısını bağlayaraq çıxıb getmişdir. Oradan «Neftçilər», daha sonra taksi ilə «20 Yanvar» metrostansiyasına gedərək, oradan yaşadığı evə getmişdir. Muradın evindən çıxarkən sonuncunun mobil telefonunu da götürmüşdür. Sualları cavablandıran Təqsirləndirilən şəxs sonradan polis əməkdaşlarının onu saxladıqlarını, Muradın əl sumkasını və ətirini qaytardığını, mobil telefonu isə satdığını, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən iki həftədir internetdəki "Azar" adlı sosial tanışlıq saytı vasitəsi ilə tanış olmuşdur. Murad cinsi azlıq nümayəndəsidir. Onlar tanış olub münasibət qurmuşlar. Bu müddət ərzində bir neçə dəfə dəqiq xatırlamadığı tarixlərdə və saatlarda Murad ilə sonuncunun yaşadığı Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 69, mənzil 62 ünvanında görüşərək cinsi əlaqədə olmuşlar. Hər dəfə Murad ilə sonuncunun mənzilində cinsi əlaqədə olmaq üçün görüşərkən o, Murada 20 manat pul vermişdir. Sonuncu dəfə 22 mart 2024-cü il tarixdə saat 18 radələrində o, Muradın yaşadığı ünvana gələrək görüşmüş, mənzilə daxil olarkən özündə olan 20 manat pulu mənzildəki masanın üzərinə qoymuş, Murad isə həmin pulu masanın üzərindən götürərək özünə məxsus əl çantasına qoymuşdur. Bundan sonra o, Murad ilə bir dəfə cinsi əlaqə olmuşdur. Sonradan Murad yuyunmaq üçün hamama keçdikdə, o, bir qədər əvvəl Murada verdiyi 20 manat pulu sonuncunun əl çantasından götürmüşdür. Murad hamamdan çıxdıqdan bir qədər sonra əl çantasına qoyduğu 20 manat pulun yerində olub-olmadığını yoxlamış, pulun olmadığını gördükdən sonra ondan pulu nə səbəbə götürməsini soruşmuşdur. O, əvvəlcə pulu götürməsini etiraf etməmiş, lakin sonradan sonuncunun narahat olmasını görüb, pulun onun tərəfindən götürüldüyünü etiraf etmişdir. Bundan sonra Murad əsəbləşərək onun üzərinə yerimiş, "pulu ver, çıx get" demişdir. O, mənzildən çıxmağa razılıq verməmiş, bunun cavabında Murad ona "çıxmırsansa, səni burda qoyub, gedirəm polis çağırmağa" demiş və mənzilin qapısını kilidləyərək onu mənzilin içində qoyub getmişdir. Təxminən bir dəqiqə sonra Murad polis çağırmadan geri qayıtmış və ondan 20 manatı qaytarmağını, mənzildən getməyini tələb etmişdir. O, təkrar pulu qaytarmaqdan və mənzildən çıxmaqdan imtina etdikdə Murad onun üzərinə yerimişdir. Bu zaman o, şalvarın sağ arxa cibində saxladığı bir ədəd qara rəngli qatlanıb-açılan bıçağı çıxararaq həmin bıçaqla bir neçə dəfə Muradın sol ayağına və sol qoluna zərbələr vurmuşdur. Muradı bir neçə dəfə bıçaqla vurduqdan sonra sonuncu ona “öldürmə məni, nə istəyirsən" demişdir. O, Muraddan telefonunu verməsini istəmiş, Murad bundan imtina etmiş və ondan bir qədər kənarlaşmışdır. O, əlində tutduğu bıçağı Muradı qorxutmaq məqsədi ilə bir qədər yuxarı qaldırıb təkrar göstərmiş, təkrar sonuncuya "telefonu ver bura, get özündə kənarda otur gözlə» demişdir. Onun bu hərəkətindən sonra Murad özündə olan “iphone 14 pro max" markalı mobil telefonu ona vermişdir. Telefonu aldıqdan sonra o, Murada "Pulu da ver mənə, get çök orda" demişdir. Murad bundan sonra əynində olan gödəkcənin cibindən çıxardığı balaca pul qabını ona uzatmışdır. O, Muraddan həmin pul qabını almışdır. Sonra mənzilin dəhlizindəki asılqandan asılmış Murada məxsus əl çantasını götürüb otağa geri qayıtmışdır. Həmin əl çantasını açıb Muraddan aldığı mobil telefonu və kiçik ölçülü pul qabını həmin əl çantasının içinə qoymuşdur. Bundan sonra mənzilin açarlarını da qapının üzərindəki kiliddən çıxardaraq götürmüş və mənzildən çölə çıxmışdır. Muradın arxasınca gəlməsi və qışqıraraq kömək çağırmasını əngəlləmək üçün Muradı mənzilin içində qoyaraq qapını götürdüyü açarla kilidləyib, qaçaraq oradan uzaqlaşmışdır. Sonra küçədə dəqiq xatırlamadığı yerdə Muradın yaşadığı mənzilin açarlarını yerə atmışdır. Oradan uzaqlaşdıqdan sonra "Neftçilər" metrostansiyasının çıxışına tərəf getmişdir. Əynindəki paltarlar qana bulaşdığından insanlar arasında diqqət çəkməmək üçün "Dakar" dairəsi yaxınlığında adambaşı 1 manatdan Qaraçuxura müştəri yığan, dövlət nömrə nişanını və markasını xatırlamadığı taksilərdən birinə tələsik oturub, Qaraçuxur qəsəbəsində 81 saylı marşrut avtobusunun son dayanacağına getmişdir. Yolda Muraddan aldığı mobil telefonun şifrəsini açmaq üçün bir neçə dəfə cəhd etsə də, telefonu aça bilməmişdir. Qaraçuxur qəsəbəsində 81 saylı marşrut avtobusunun son dayanacağına çatdıqda taksidən düşmüşdür. Oraya çatdıqdan sonra qərar vermişdir ki, başqa bir taksi sifariş edərək əvvəlcə "20 Yanvar" dairəsi yaxınlığına, oradan isə başqa taksi ilə yaşadığı Müşfiqabad qəsəbəsinə getsin. Mobil tətbiq ilə taksi sifariş etməyə çalışsa da, öz mobil telefonunda internet bağlantısı olmadığı üçün bunu edə bilməmişdir. Bu məqsədlə yoldan keçən iki nəfər tanımadığı şəxsə yaxınlaşaraq "20 Yanvar" dairəsi yaxınlığına taksi ilə getmək istədiyini, mobil telefonunda internet bağlantısı olmadığı üçün taksi sifariş edə bilmədiyini deyərək, həmin şəxslərdən öz mobil telefonları vasitəsi ilə onun üçün taksi çağırmalarını xahiş etmişdir. Onun bu xahişindən sonra həmin şəxslərdən biri öz mobil telefonundan "Bolt" tətbiqi vasitəsi ilə taksi sifariş etmişdir. Təxminən iki-üç dəqiqə sonra sifariş əsasında, dövlət nömrə nişanını xatırlamadığı "Mercedes" markalı tünd rəngli bir avtomobil onun olduğu, Qaraçuxur qəsəbəsində 81 saylı marşrut avtobusunun son dayanacağına gəlmişdir. O, həmin taksiyə xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində tək oturmuş, yolda taksi sürücüsü ilə aralarında olan söhbət zamanı həmin sürücüyə Muraddan götürdüyü "ipone 14 pro max" markalı mobil telefonu göstərib, telefonunun qardaşına aid olmasını, lakin telefonu açmaq üçün yazılan şifrəni unutduqları üçün aça bilmədiyini, bu səbəbdən telefonu satmaq istədiyini demişdir. Həmin taksi sürücüsü cavabında özündə də "ipone 14 pro max" markalı mobil telefon olduğunu, bu tip telefonlarda giriş şifrəsi açılmadığı müddətdə heç bir dəyərinin olmadığını demişdir. Lakin telefonun kamerasını söküb öz telefonuna qoydurmaqda maraqlı olduğunu demiş və ondan həmin telefonu 50 manata ala biləcəyini demişdir. O da, telefonu tez bir zamanda satıb pul əldə etmək istədiyi üçün Muraddan götürdüyü "ipone 14 pro max" markalı mobil telefonu həmin adını bilmədiyi taksi sürücüsünə 50 manat qarşılığında satmışdır. Həmin taksi sürücü onu "20 yanvar" metro stansiyasının yanında xx.xx.2024-cü il tarixdə təxminən saat 23:35 radələrində düşürmüşdür. Taksi gedişi haqqı təxminən 4 manat 80 qəpik olmuşdur. Həmin sürücü ona telefonu satdığı üçün həmin gediş haqqını da ondan almamışdır. Sonradan o, həmin yerdən başqa bir taksiyə oturaraq Müşfiqabad qəsəbəsinə yaşadığı evə getmişdir. Evdə Muraddan götürdüyü pul qabına baxmış və həmin pul qabında 200 ABŞ dolları və 13 manat pul, "xxxx" tərəfindən verilmiş qara rəngli bank kartı, Muradın əl çantasında isə 1 ədəd zümrüd rəngli qabı olan, üzərində heç bir yazı olmayan ətir qabı, Muradın özünə məxsus şəxsiyyət vəsiqəsi və pasport olmuşdur. Növbəti gündən başlayaraq, Muradın pul qabında olan 200 ABŞ dolları və 13 manat pulu, telefonun satışından əldə etdiyi 50 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2024-cü ildə Müşfiqabad qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq 24-cü Polis şöbəsinə, oradan isə istintaqa gətirilmişdir. İstintaq zamanı o, Muraddan götürdüyü bank kartını, ətiri, şəxsiyyət vəsiqəsini və pasportu, pul qabını, qara rəngli əl çantasını və hadisə zamanı istifadə etdiyi 1 ədəd qara rəngli açılıb-bağlanan bıçağı tədim etmişdir (cild 1, iş vərəqi 86- 89). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 19 mart 2024-cü il tarixdə "Azar" adlı sosial tanışlıq saytı vasitəsi ilə əvvəllər tanımadığı şəxslə tanış olmuş, həmin şəxsə özünün cinsi azlıq nümayəndəsi olmağını və pul qarşılığında kişilərlə cinsi əlaqədə olduğunu demişdir. Həmin şəxslə aralarında olan razılığa əsasən 20 mart 2024-cü il tarixdə onun kirayədə yaşadığı mənzildə 20 manata cinsi əlaqədə olmuşlar. Həmin gün onlar qərara gəlmişlər ki, 22 mart 2023-cü il tarixdə də sonuncu ilə təkrar pul qarşılığında görüşsünlər və cinsi əlaqə olsunlar. Həmin tarixdə saat 19:30 radələrində həmin şəxs onun kirayədə yaşadığı mənzilə gəlmiş, mənzilə daxil olduqdan sonra masanın üzərinə 20 manat pul qoymuşdur. O da, həmin pulu aparıb öz əl çantasına qoymuşdur. Həmin şəxs mənzilə gəldikdən sonra əvvəlcə onlar bir dəfə cinsi əlaqədə olmuş, sonra o, yuyunmaq üçün hamama keçmişdir. Bir qədər sonra otağa qayıtdıqda əl çantasına baxıb həmin şəxsin ona verdiyi 20 manat pulu çantasında görməmişdir. Pulu niyə çantasından götürməsini həmin şəxsdən soruşduqda, sonuncu əvvəlcə pulu götürməsini inkar etmiş, lakin sonradan etiraf etmişdir ki, həmin 20 manat pulu ehtiyacı olduğu üçün o, götürmüşdür. Bu səbəbdən aralarında mübahisə yaranmış və o, sonuncudan mənzili tərk edib getməsini tələb etmişdir. Həmin şəxs mənzildən çıxmaqdan imtina etdiyi üçün o, mənzildən çıxıb qapını sonuncunun üzərinə kilidləmiş və sonuncunu qorxutmaq məqsədi ilə "çıxmırsansa, gedirəm polis çağırmağa" demişdir. Əvvəlcə qapını kilidləyib getsə də, təxminən bir dəqiqə sonra polisə xəbər etmədən geri qayıtmışdır. Bundan sonra həmin şəxslə aralarında olan münaqişə daha da böyümüşdür. Bu zaman həmin şəxs üzərində olan gödəkcənin cibindən çıxardığı qara tiyəli bıçaqla onun sol qoluna və sol ayağına zərbələr vurub onu yaralamışdır. O, həmin şəxsin sağ əlindən tutub, "öldürmə, öldürmə" demişdir. Həmin şəxs onun qarın nahiyəsindən bıçaqla vurmağa cəhd etdikdə o, sonuncunun boyun nahiyəsindən əli ilə tutub sinəsinə sıxmış, həmin vaxt sonuncunun başından dişləyərək ona ağrı yetirmişdir ki, onu daha vurmasın. Bundan sonra həmin şəxsi itələyərək özündən uzaqlaşdırmışdır. Bundan sonra həmin şəxs əlində olan bıçağı ona tərəf tutub, “yerə çök, pulları, telefonunu ver mənə" demişdir. Sonuncunun bu tələbindən sonra qorxduğu üçün özünə məxsus ***-***-**-** nömrəsi ilə istifadə edilən "İpone 14 pro max" markalı 2750 manat dəyərində mobil telefonu, əynindəki gödəkcənin sol döş cibində saxladığı, içərisində 200 ABŞ dolları və 13 manat nağd pul, ona məxsus "xxxx" ASC tərəfindən verilmiş balansında 256 manat olan 5 manat dəyərində bank kartı olan pul qabını həmin şəxsə vermişdir. Bundan sonra həmin şəxs mənzilin dəhlizində asılqandan asdığı ona məxsus əl çantasını götürərək otağa gətirmiş və masanın üzərinə qoyub həmin əl çantasını açmışdır. Çantada ona məxsus şəxsiyyət vəsiqəsi, ümumi vətəndaş pasportu, 1 ədəd markasını bilmədiyi 60 manat dəyərində ətir olmuşdur. Həmin şəxs çantanın içinə baxmadan ondan götürdüyü telefonu və pul qabını əl çantasının içinə qoymuş və həmin əl çantasını da özü ilə götürmüşdür. Bundan sonra ona "mən çıxana qədər yerdə, mən çıxandan sonra nə edirsən edərsən" demiş və mənzilin qapısını çöl tərəfdən açarla onun üzərinə kilidləyərək çıxıb getmişdir. Həmin şəxs getdikdən sonra o, mənzilin mətbəxinə keçərək, mətbəxin pəncərəsini açmış və qışqıraraq qonşuları köməyə çağırmışdır. Çağırışına adını bilmədiyi bir nəfər xanım qonşu gəlmişdir. Kilidli qapının arxasından onunla söhbət edib, kim olması və nə baş verməsi barədə maraqlanmışdır. Sonra həmin xanım telefon vasitəsi ilə polisə və təcili tibbi yardıma məlumat vermişdir. Bundan bir qədər sonra polis əməkdaşları onun olduğum mənzilə gəlmişlər. Hadisə nəticəsində cinayəti törədən şəxs ona ümumilikdə 3503 manat maddi ziyan vurmuşdur (cild 1, iş vərəqi 27-30). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Nizami rayonu, Cəmşid ünvan 3 ünvanında kirayədə yaşayır. 22 mart 2024-cü il tarixdə saat 20 radələrində o, yaşadığı mənzildə olarkən aşağı mərtəbədə olan bir nəfər şəxsin yüksək səslə qışqıraraq kömək istədiyini eşitmişdir. Dərhal yaşadığı mənzildən birinci mərtəbəyə həmin qonşunun yaşadığı 62 saylı mənzilə düşmüş, qapını açmaq istədikdə, kilidin bağlı olduğunu görmüşdür. Bağlı qapı arxasından mənzildə olan şəxslə danışdıqda, həmin şəxs ona adının Murad olduğunu, mənzildə tək olduğunu və tanışı tərəfindən bıçaqlandığını, tanışının qapını kilidləyərək getdiyini bildirmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə və təcili tibbi yardıma məlumat vermişdir (cild 1, iş vərəqi 61-62). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan 25 mart 2024-cü il tarixli üzləşdirmə protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs sərbəst ifadəsində qeyd olunan halları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu cinayət törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 56-59). Cinayət işinə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 69 saylı binanın 3-cü girişinin birinci mərtəbəsində yerləşən 62 saylı mənzildir. Baxış zamanı hadisə yerindən müqayisəli tədqiqata yararlı 4 ədəd əl-barmaq izi, 1 ədəd siqaret kötüyü və 1 ədəd qış gödəkçəsi götürülmüşdür (cild 1, iş vərəqi 7-10). İş materiallarına əlavə edilmiş 25 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ələ keçirdiyi 1 ədəd şüşədə, üzərində markalanma göstəricisi olmayan ətiri, 1 ədəd "Zara" markalanma göstəricisi olan zəncirbəndlə bağlanıb-açılan əl çantasını, 1 ədəd üzərində "Force" yazısı olan qəhvəyi rəngli pul kisəsini istintaqa təqdim etmiş və həmin əşyalar ondan götürülmüşdür (cild 1, iş vərəqi 17-19). Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs ona tanınma üçün təqdim edilmiş ətir qabını, əl çantasını və pul qabını tanıyaraq, Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş və ona məxsus əşyalar olduğunu bildirmişdir (cild 1, iş vərəqi 64-69). Cinayət işində olan 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, istintaqa verdiyi sərbəst ifadəsini hadisə yerində göstərməklə təsdiq etmişdir (cild 1, iş vərəqi 74-76). Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 127 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər - sol körpücüküstü, sol bazunun bayır, sol saidin ön-iç və sol budun ön səthinin ümumilikdə 7 ədəd deşilmiş-kəsilmiş yaraları şiş uca və kəsici kənara malik əşyanın (əşyaların), ola bilsin ki, bıçağın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə alına bilərdilər, lakin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyildir (cild 1, iş vərəqi 137-140). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 272/2024-MTBŞ saylı rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs tibbi tədqiqinə və təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ekspertizaya təqdim olunan 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus gödəkcə üzərində Abeta/İİ/ qruplu insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur (cild 1, iş vərəqi 141-145). Məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 180-2024/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkcənin arxa səthinin sol yarısının yuxarı hissəsində 1 ədəd, sol qolunun ön səthinin yuxarı hissəsində 1 ədəd, sol qolunun arxa səthinin yuxarı hissəsində 1 ədəd, sol qolunun arxa səthinin aşağı hissəsində 4 ədəd və sol qolunun ust hissəsi, sol çiyinlik nahiyəsində 1 ədəd (cəmi 8 ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi dərəcədə büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir, bu zədələrin eyni bir alətlə törənməsinin mümkünlüyünü istisna etmək olar. Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş sol budun ön səthinin 1 ədəd deşilmişkəsilmiş yarasından başqa, digər xəsarətləri ona məxsus gödəkcənin üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrlə yerləşmə nahiyələrimə görə nisbi olaraq uyğun gəlirlər. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol budunun (orda 1/3-nin) ön səthinin müəyyən edilmiş 1 ədəd deşilmiş-kəsilmiş yara ona məxsus, ekspertizaya təqdim edilmiş gödəkcənin üzərində öz əksini tapmamışdır, bu, onun xəsarət alan nahiyəsinin ekspertizaya təqdim olunmuq gödəkcə ilə örtülməməsi və yalnız bədən səthinin xəsarət alması ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində sonradan heç bir düzəliş edilməmişdir (cild 1, iş vərəqi 146-154). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1693 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 167-169). İbtidai istintaq orqanının 03 iyul 2024-cü il tarixli qərarı ilə bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus gödəkcə, bir ədəd üzərində markalanma yazısı olmayan ətir, 1 ədəd pul kisəsi və 1 ədəd əl çantası maddi sübut kimi tanınmış, bir ədəd bıçaq və gödəkcə Nizami RPİ-nin maddi sübutları saxlanc kamerasına təhvil verilmiş, bir ədəd ətir, 1 ədəd pul kisəsi və 1 ədəd əl çantası saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır (cild 1, iş vərəqi 176-187). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Stastistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti təyin edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, Qazax hərbi məhkəməsinin xx.xx.2010-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1, 335.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində CM-nin 66.3 və 68.1.1-ci maddələri tətbiq edilməklə 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2013-cü il tarixdə barəsində xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 1.1-ci maddəsi tətbiq edilməklə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 107-109). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün dəlillər gətirmədi. Şərh olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivi isə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30 avqust 2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələbinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə məhkum olunduqdan sonra cəzanın sonu ilə azad edilsə də, həmin cinayətə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Həmin hal təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 35, 45). Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən isə, dəyəri olmayan əşyalar məhv edilməlidir. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar– Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş bir ədəd bıçaq və zərərçəkmiş şəxsə məxsus bir ədəd gödəkcə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd üzərində markalanma yazısı olmayan ətir, 1 ədəd pul kisəsi və 1 ədəd əl çantasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 40 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş bir ədəd bıçaq və zərərçəkmiş şəxsə məxsus bir ədəd gödəkcə məhv edilsin; - bir ədəd üzərində markalanma yazısı olmayan ətirin, 1 ədəd pul kisəsinin və 1 ədəd əl çantasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov,Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-2073/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2073/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver