Məhkəmə qərarları › İş №1(101)-2074/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qiyabi hökm — İş №1(101)-2074/2025

18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ HÖKM Bakı şəhəri İş № 1(101)-2074/2025 18.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclası katibi Eyvazov Həsən Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1965-ci ildə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Fransa Respublikasında yaşayan, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 23 fevral 2025-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli qərarı ilə barəsində qiyabi icraat açılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materialları təkrar yaymışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşdırılmış və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən fəaliyyət göstərən mövcud hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar etmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 20 aprel 2020-ci il tarixdə Fransa Respublikasında Paris, Loire (Luar) vilayətinin Blois (Blua) şəhərində məlum olmayan ünvanda “youtube.com” video platformasında X2 yaratdığı “düzdanışaq” kanalında canlı yayıma qoşularaq (https://www.youtube.com/watch?v=7fZl1dm5KVY&t=1196s) 1 saat 39 dəqiqə müddətində davam edən canlı yayım zamanı “2003 Gürcüstan, dəyişiklik necə oldu, gözümüzün qabağında necə oldu? Seçkini saxtalaşdırdı nəticələrini Şvarnadze. Camaat etiraz elədi, çıxdı getdi. 2005 Qırğızıstan. Necə oldu, qardaş ? Yenə də həmin şey. Uşaqlarını zadını parlamentə Akayev soxuşdurmaq istəyirdi. Camaat etiraz etdi, məsələ dəyişdi. 2004 Ukrayna. Necə oldu? Həmin şey. Yanukoviç seçkini saxtalaşdırıb yenidən prezident olmaq istədi. Camaat töküldü küçələrə, onu hakimiyyətdən uzaqlaşdırdı. Biz postsovet məkanıyıq, biz də bunların içərisində gedirik”, «Hökümət sənə öz əli ilə hakimiyyəti verən deyil e, mümkün deyil, hökümət sənin üçün oyun qaydalarını yaxşılaşdıran deyil... sən ona müqavimət qoymalısan, bunun qarşısını almalısan» məzmunlu ifadələr işlədərək, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağa təşviq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etmiş, həmin videonun qabaqcadan əlbir olduğu qeyriləri tərəfindən “youtube.com” internet platformasında “düzdanışaq” kanalında 20 aprel 2020-ci il tarixdə yerləşdirilməsinə və paylaşılmasına nail olaraq, bu cür məzmunlu video materialı qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsi ilə yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar qeyri-məhdud sayda şəxslərin sərbəst daxil olub izləyə, məlumatları köçürə və paylaşmaqla yaya biləcəyi “facebook.com” internet sosial şəbəkəsində 11 iyun 2009-cu ildə yaratdığı “Təqsirləndirilən şəxs (Goyushov)” adlı səhifəsində qeyri-məhdud şəxslərin həmin səhifəyə sərbəst daxil olub izləyəcəyini bilə-bilə Fransa Respublikasında məlum olmayan ünvanda 02 sentyabr 2024cü il tarixdə paylaşdığı statusda Azərbaycan Respublikasının hakimiyyət nümayəndələri tərəfindən hər hansı qanuni işlərin görülməsinə cəlb edilən şəxsləri “iyrənc məxluqlar” adlandıraraq, Azərbaycan xalqının digər nümayəndələrinə müraciət edib “camaat əlinə düşən ilk imkandaca bu saxtakar yığınına qarşı dərhal səfərbər olacaq” məzmunlu, 01 yanvar 2025-ci il tarixdə paylaşdığı statusda “… Gürcüstanda vəziyyət bizdəkindən qat-qat yaxşıdır. Orada camaat gündə küçələrdə etiraz edir, bizdə küçəyə çıxmaq az qala ölüm təhlükəsi altında qadağandır..” məzmunlu ifadələr işlədərək, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağa təşviq etməklə təkrar Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları qeyri-məhdud şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrar yaymışdır. Məhkəmə kollegiyası dövlət ittihamçısını, təqsirləndirilən şəxsin müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir, onun qeyd olunan cinayəti törətməkdə təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 fevral 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokola əsasən, “Facebook” internet sosial şəbəkəsində “Altay Göyüşöv (Goyushov)” adlı profil 11 iyun 2009-cu ildə yaradılmışdır və hazırda 38484 nəfər izləyicisi var. Səhifənin əvvəlində “Bir eli yıxmağa bir əl bəs edər” yazısı paylaşılmışdır. 01 yanvar 2025-ci il tarixdə paylaşılmış çağırışda qeyd edilmişdir: “Bayden-Blinken administrasiyası Gürcüstana gündə bir sanksiya qoyur, halbuki Azərbaycanda camaatın başını AzTv ilə atışmaqla, nə bilim boş stulla şəkil çəkdirməklə qatır. Hamı bilir ki, bütün anti-demokratikliyinə rəğmən Gürcüstanda vəziyyət bizdəkindən qatqat yaxşıdır. Orada camaat gündə küçələrdə etiraz edir, bizdə küçəyə çıxmaq az qala ölüm təhlükəsi altında qadağandlr. Oranın polisi bizim hüquqimühafizə orqanlarının etdiyi vəhşiliyin, təqiblərin heç onda birini etmir. Bizim siyasi məhbuslar az qala hər gün içəridən işgəncələr haqqında məlumat verir, bu barədə məktub yazır, onlarda Mişka Saakaşvili gədəyə hər gün evdən yemək gəlir, interneti də maşallah Əli Kərimlinin internetindən yaxşı işləyir. Hər gün də türmədən canlı yayımdadır. Bilinmir türmədədir, yoxsa sanatoriyada.” (https://www.facebook.com/share/p/18b8A4mdzT/) xx.xx.2024-cü il tarixdə paylaşılmış çağırışda qeyd edilmişdir «Vəfanın fəaliyyəti bizim üçün iki vacib məsələni də təsdiqlədi.

1. Məni həmişə bir sual düşündürürdü. Hökumət parlamentə əksərən ən düşük adamları təyin edir. Çünki özləri anormal olduğu üçün normal insanlarla işləyə bilmir. Normallığını qorumağı bacarmış insanlar da bunlardan imkan daxilində uzaq durmağa çalışır. Düşünürdüm ki, onillərlə anormal rejimin anormal meyarlarına uyğunlaşmaq məcburiyyətində qalmış cəmiyyət də birdən azad seçim şəratində ağı-qaradan ayıra bilməz. Amma baş verənlər göstərir ki, bunların öz proseslərinə bilavasitə cəlb etdikləri iyrənc məxluqları çıxmaq şərtilə, əksərən camaat sağlamdır. Seçim ona qalanda normal seçimini edə biləcək.

2. Digər vacib, bir daha təsdiqlənən məqam o oldu ki, camaat əlinə düşən ilk imkandaca bu saxtakar yığınına qarşı dərhal səfərbər olacaq. https://www.facebook.com/share/p/18yr o2R37v/) “Youtube.com” internet portalında “düzdanışaq” səhifəsində xx.xx.2020ci il tarixdə yayımlanmış 1 saat 39 dəqiqədən ibarət videoçəkilişə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin videoçəkilişdə X3 ilə Təqsirləndirilən şəxs arasında dialoq formasında danışıq aparılmışdır. Həmin videoya 20732 nəfər internet istifadəçi tərəfindən baxılmışdır. Videoda Təqsirləndirilən şəxs internet üzərindən hakimiyyətdə təmsil olunan məmurlar, dövlət idarəçilik sistemi əleyhinə söhbət aparmaqla, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməklə bu cür məzmunlu materialları internet informasiya resurslarından qeyri-müəyyən sayda izləyicilərə yaymışdır. Belə ki, videoçəkilişin 15-ci dəqiqəsində Təqsirləndirilən şəxs bildirir ki, 2003-cü ildə Gürcüstanda camaat etiraz etdikdən sonra Şvarnadze çıxıb getdi. 2005-ci ildə Qırğızıstanda camaat etiraz etdikdən sonra vəziyyət dəyişdi. 2004-cü ildə camaat küçələrə töküldükdən sonra Yanukoviç hakimiyyətdən uzaqlaşdırıldı. Azərbaycan da postsovet məkanıdır və biz də bunların içərisində gedirik. Videoçəkilişin 17-ci dəqiqəsində Təqsirləndirilən şəxs bildirir ki, Azərbaycanda hakimiyyət öz əli ilə hakimiyyəti verən deyil, bunun üçün müqavimət göstərilməli, qarşısı alınmalıdır. (https://www.youtube.com/watch?v=7fZl1dm5KVY&t=649s)

Baxış keçirilmiş səhifədə paylaşılan çağırışda bir qayda olaraq Azərbaycanda seçkilərin saxtalaşdırıldığını, diktatura rejiminin hökm sürdüyünü, jurnalistlərin həbs olunduğunu, qonşu ölkələrdə camaatın hər gün küçələrdə etiraz etdiyini bildirərək, insanları “hüquqlarının müdafiəsi” adı altında, lakin açıq formada hakimiyyəti zorla ələ keçirməyə çağırış edir (cild 1, iş vərəqi 22-28). Göründüyü kimi, Təqsirləndirilən şəxs paylaşım və çıxışlarında Azərbaycan Republikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etməsi və bu cür məzmunlu materialı qeyri-məhdud sayda şəxslərin baxa biləcəyi internet resursları vasitəsi ilə yayması təsdiq edilir. Məhkəmə-linqvistik ekspertizasının 25 fevral 2025-ci il tarixli 4/279 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş materiallarda yer almış fikirlərdə və verilmiş məlumatlarda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanmasına yönələn açıq çağırışların əlamətləri mövcuddur. Bu tipli açıq çağırışlar "2003 Gürcüstan. Dəyişiklik necə oldu? Gözümüzün qabağında necə oldu? Seçki oldu. Seçkini saxtalaşdırdı nəticələrini Şevardnadze. Camaat etiraz elədi, çıxdı getdi. 2005 Qırğızıstan. Necə oldu, qardaş? Yenə də həmin şey. Uşaqlarını zadını parlamentə Akayev soxuşdurmaq istiyirdi. Camaat etiraz elədi, məsələ dəyişdi. 2004 Ukrayna. Necə oldu? Həmin şey. Yanukoviç seçkini saxtalaşdırıb yenidən prezident olmaq istədi. Camaat töküldü küçələrə, onu hakimiyyətdən uzaqlaşdırdı. Biz postsovet məkanıyığ da, biz də buların içərisində gedirik”, “Hökümət sənə öz əli ilə hakimiyyəti verən deyil e, mümkün deyil. Hökümət sənin üçün oyun qaydalarını yaxşılaşdıran deyil.. sən ona müqavimət qoymalısan, bunun qarşısını almalısan”, "Digər vacib bir daha təsdiqlənən məqam o oldu ki, camaat əlinə düşən ilk imkandaca bu saxtakar yığınına qarşı dərhal səfərbər olacaq", "Hamı bilir ki, bütün anti-demokratikliyinə rəğmən Gürcüstanda vəziyyət bizdəkindən qatqat yaxşıdır. Orada camaat gündə küçələrdə etiraz edir, bizdə küçəyə çıxmaq az qala ölüm təhlükəsi altında qadağandır.” kimi ifadələrdə öz əksini tapmışdır (cild 1, iş vərəqi 99- 106). İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna çağırılması, çağırışa gəlməyəcəyi halda barəsində qiyabi icraat açıla biləcəyi barədə məlumat verilməsi haqqında Azərbaycan Respublikasının İctimai Televiziyası və Radiosu vasitəsilə yayımlanmış yayımla tanış olaraq özünə məxsus facebook səhifəsində xx.xx.2025-ci il tarixdə «Altay Göyüşöv (Goyushov)» adlı istifadəçi profilindən buna dair aşağıdakı paylaşımı etmişdir: “Deyir, 2020-də youtube-da dövlət əleyhinə çağırış edib, qaçıb gizlənib xaricdə. Mən ölkədən 2023-cü ildə getmişəm. Arada üç il var. O üç ildə həmin youtube-da məni linç etməyə belə çağırmısınız, nə bilim başda saxta parlamentin spiker müavini olmaqla, 19 deputatınız mənə qarşı yazı yazıb, müsahibə verib və sair və ilaxır. Nə artistlik edirsiniz? Yerim yurdum da məlumdur, Avropanın ən prestijli universitetlırindən birində işləyirəm:)” (cild 1, iş vərəqi 152). Göründüyü kimi, qeyd edilən arayış «Altay Göyüşöv» adlı istifadəçi profilinin ona məxsus olması, Təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaq edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğuna çağırılması, çağırışa gəlməyəcəyi halda barəsində qiyabi icraat açıla biləcəyi barədə məlumat verilməsi haqqında Azərbaycan Respublikasının İctimai Televiziyası və Radiosu vasitəsilə yayımlanmış rəsmi məlumatla tanış olmasını bir daha təsdiq edir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs barəsində istintaq olunan cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna çağırılmasını bildiyi halda bilərəkdən istintaqa gəlməyərək yayınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 10 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmayıbdır (cild 1, iş vərəqi 113-114). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş 16 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 126). xx.xx.2025-ci il tarixli “X1” sisteminə baxış keçirilməsi ilə bağlı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmamışdır (cild 1, iş vərəqi 121-125). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci maddəsinə əsasən hakimiyyətin ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin 2-ci bəndinə əsasən eyni əməllər təkrar törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayətin obyekti Azərbaycan Respublikasının konstitusiya quruluşunun təhlükəsizliyi ilə əlaqədar ictimai münasibətlərdir. Bu cinayətin obyekti hakimiyyətin zorla ələ keçirilməsində, zorla saxlanılmasında və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsində və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmədə, həmçinin bu cür məzmunlu materialları yaymada ifadə olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bəzi normalarının tətbiqi qaydası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 11 aprel 1995-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 281-ci maddəsində çağırışlar dedikdə, insanların iradəsinə təsir edərək onları bu maddədə göstərilən əməllərin törədilməsinə cəlb etməyə yönələn fəal hərəkətlər başa düşülməlidir. Açıq çağırışlar bir qayda olaraq qeyri-məhdud şəxslər dairəsinə yönəlir. Burada kütləvilik çağırışın məcburi ünsürü hesab olunur. Çağırışın kütləviliyini qiymətləndirərkən müraciətin üsulu, konkret şərait və s. nəzərə alınmalıdır. Hər bir halda kütləvilik əlamətinin mövcudluğu üçün çağırışın iki və ya daha çox şəxs tərəfindən qəbul edilməsi vacibdir. Televiziya, radio, səsgücləndirici vasitələrlə, vərəqələr yaymaqla, mitinqlər keçirməklə müraciət çağırışın kütləviliyinə nümunə ola bilər. Çağırışın açıqlığı təqsirkar şəxsin bu cinayəti törədərkən kütləni aşkar surətdə insanlarda mövcud hakimiyyətə və konstitusiya quruluşuna nifrət yaradan, onları hakimiyyət əleyhinə qiyama, kütləvi iğtişaşa çağıran, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa və s. qanunsuz hərəkətlər etməyə sövq edən yazılı və yaxud şifahi müraciətlərində olunur. Açıq çağırışlar, həmçinin, hakimiyyətə qarşı açıq itaətsizliyə, habelə hakimiyyətin nümayəndələrinə qarşı zor tətbiq etməyə yönəlmiş qanunsuz müraciətlərdə ifadə oluna bilər. Hakimiyyəti zorla ələ keçirmə dedikdə, qanuni səlahiyyətli hakimiyyət nümayəndəsini onun iradəsi ziddinə hakimiyyət səlahiyyətlərini həyata keçirməkdən daimi və ya müvəqqəti kənarlaşdırma və onun vəzifə səlahiyyətlərini qanunsuz olaraq səlahiyyəti olmayan şəxsə həvalə etmə başa düşülür. Təqsirkar hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş elə hərəkətlərə yol verir ki, bu hərəkətlər hakimiyyətə yiyələnməyin konstitusion metodlarına və prinsiplərinə tamamilə ziddir. Hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş bu hərəkətlər həm fiziki, həm də psixi zorakılıq formasında qanuni səlahiyyətli hakimiyyət nümayəndəsinin həm bilavasitə özünə, həm də onun ailə üzvlərinə, yaxın qohumlarına münasibətdə icra oluna bilər. Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırış məzmunlu materialları yayma dedikdə, hakimiyyəti ələ keçirməyə yönəlmiş məzmuna malik olan müxtəlif əyani vəsaitlər, texniki vasitələr (audio, video və s.) başa düşülür. Həmin materialları yayma dedikdə, onların qeyri-məhdud şəxslər dairəsinə ötürülməsi, verilməsi və ya təqdim olunması başa düşülməlidir. Burada da kütləvilik yaymanın məcburi ünsürüdür. Açıq çağırışların edildiyi və materialların yayıldığı andan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci maddəsində nəzərdə tutulmuş cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar hakimiyyətin zorla ələ keçirilməsinə, yönələn açıq çağırışlar etdiyini dərk edir və bunları törətməyi arzu edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci maddəsi ilə ittiham olunan təqsirkar şəxsin Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda onun barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər. Həmin Məcəllənin 467-13.6-cı maddəsinə əsasən, məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qəbul olunur. Məhkəmədə müəyyən edildi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təsbit olunmuş cinayəti törətmiş Təqsirləndirilən şəxs barəsində cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə zəruri olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş vəzifələri, yəni şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə etmə hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək mümkün olmamış, buna görə də məhkəmə nəzarətini həyata keçirən Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində qiyabi icraat açılmışdır. Məhkəmə iclasında müdafiə tərəfi təqsirləndirilən şəxsin təqsirsizliyi üçün dəlillər gətirmədi. Şərh olunanları ümumiləşdirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırkı hökmün icrası qaydasında Təqsirləndirilən şəxs faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsas olan halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 467-16.1-ci maddəsinin tələbinə görə, qiyabi hökm və ya digər yekun qərar həmin Məcəllə ilə nəzərdə tutulmuş ümumi qaydada çıxarılır və icra edilir. Həmin Məcəllənin 467-16.2-ci maddəsinə əsasən barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda qiyabi hökmün və ya digər yekun qərarın icra olunması üçün Azərbaycan Respublikası CPM-də və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş tədbirlər görülür. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2025-ci il tarixli qərarından görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin başlanğıcının Təqsirləndirilən şəxs tutulduğu andan hesablanması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, sonuncunun həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 467-17.1-ci maddəsinə əsasən, barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs qiyabi hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə cəzanı icra edən orqan dərhal qiyabi hökm və ya digər yekun qərarı çıxarmış məhkəməyə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə məsələlərə baxılması üçün təqdimat verir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə təqdimatla hökmü çıxarmış Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmək vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 467-17.3-cü maddəsinin tələbinə görə, məhkəmə barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək hüququnu izah edir, bunu məhkəmə iclasının protokoluna daxil edir, barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsə və onun müdafiəçisinə 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradır. Cinayət işinin həcminin böyüklüyü ilə əlaqədar barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsin və ya onun müdafiəçisinin vəsatəti əsasında həmin müddət 30 günədək uzadılır. Həmin Məcəllənin 467-17.4-cü maddəsinə əsasən, cinayət işinin materialları ilə tanışlıq başa çatdığı vaxtdan 48 saat ərzində barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs və ya onun müdafiəçisi qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə verməzsə, hakim qiyabi hökmün və ya digər yekun qərarın icrası barədə göstəriş verir və qiyabi hökm və ya digər yekun qərar ümumi qaydada icra olunur. Həmin Məcəllənin 467-17.5-ci maddəsinə əsasən, barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs və ya onun müdafiəçisi qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə verdikdə, həmin qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi barədə qərar qəbul edilir və yeni məhkəmə baxışının keçirilməsi məqsədilə bu Məcəllənin 298 – 307-ci maddələrində nəzərdə tutulmuş tədbirlər görülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökmün ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək və 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq hüquqqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Qeyd olunan müddəalara əsasən iş üzrə maddi sübut - 12 fevral 2025-ci il tarixdə “Youtube” kanalına keçirilmiş baxış zamanı aşkar edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etdiyi videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 400 (dörd yüz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 400 (dörd yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385, 467-16 və 467-17-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın başlanğıcı hazırkı hökmün icrası qaydasında Təqsirləndirilən şəxs faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə məhkəmə məsrəfləri hesab edilən 400 (dörd yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut - 12 fevral 2025-ci il tarixdə “Youtube” kanalına keçirilmiş baxış zamanı aşkar edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etdiyi videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə təqdimatla Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmək vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökmün ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək və 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq hüququ Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar