Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2077/2022 23.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 7,686 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə saat 15:47-də Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 20:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindəki pul qabının içərisində olan 01 ədəd sellofan bükümdən külli miqdarda təmiz çəkisi 7,686 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə istifadəçisi imiş. 20 avqust 2022-ci il tarixdə Lənkəran şəhərində yerləşən Ləvəngi dairəsinə yaxın ərazidə piyada hərəkət edərkən ağacın dibində yerdə bir ədəd sellofan bükümün olduğunu görmüşdür. Həmin sellofan bükümü əlinə aldıqda sellofan bükümün içərisində şəffaf rəngli maddənin olduğunu görmüşdür. Sellofanı açanda görmüşdür ki, içərisində patı var. Patı, yəni psixotrop maddə metamfetamindən istifadə etdiyi üçün onu tanımışdır və istifadə etmək məqsədilə cibində olan pul qabına qoyub saxlamışdır. Lakin həmin metamfetamindən istifadə etməmişdir. 23 avqust 2022-ci il tarixdə saat 15 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən Şəhidlər Xiyabanın yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar onu Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın keçirilməsi zamanı o üzərində olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən çox peşamandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır və əməliyyat qrupunda o, Şahid2 və Şahid3 iştirak etmişdir. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə saat 15 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında saxlamışlar. Ona özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən razılaşıb Baş İdarəyə getmişdir. Baş idarədə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərində olan pul qabını təqdim edib onun içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs özü üzərində olan metamfetamini təqdim etmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Əjdər oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 23 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı diskə baxış keçirilməklə müəyyən olunur ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsilə həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs etiraz etmədikdən sonra o bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən pul qabını, evin açarını, əynində olan şalvarının sol yan cibindən 220 manat pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabının içərisindən 01 ədəd sellofan bükümü təqdim edib həmin bükümə şüşə kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümə baxış keçirildikdə həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm cinayət təqibi üçün sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 6 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin materialların məhkəmə ekspertizasının 24 avqust 2022-ci il tarixli 6/4498 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “ Zərflər üçün N6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 7,686 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddəiər”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 7,686 qram, cəmi tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 7,586 qram(ekspertiza tədqiqatının dəyəri 110(yüz on) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-915/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 avqust 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki Təqsirləndirilən şəxs X4 ilə nikahda olmaqa həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı 3 azyaşlı övladları var. Cinayət işində olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs göstərilən ünvanda yaşadığı dövr ərzində qonşularla və məhəllə sakinləri ilə normal münasibətdə olmuşdur. Ailə üzvlərinə qarşı normal münasibətdə olmuşdur. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5328 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 23 avqust 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, barəsində cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 110 (yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,586 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110 (yüz on) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 110 (yüz on) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,586 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-2077/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2077/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver