Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2077/2024 04.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanın başlanğıcı 03 iyul 2024-cü il tarixdən hesablanmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamış, 07 may 2024-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 09 may 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti araşdırılan “Kamran” adlı şəxs, İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin xüsusilə külli miqdarda - 5365 qram çəkidə narkotik vasitə asetilə edilmiş tiryəki və xüsusilə külli miqdarda - 2555 qram çəkidə psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb sonradan “Kamran” adlı tanışı ilə birlikdə satışını həyata keçirmək məqsədi ilə özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdikləri təlimata, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələri əldə etmək qərarına gəldikdən sonra İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdikləri müəyyən edilməmiş yerdən xüsusilə külli miqdarda - 5365 qram çəkidə narkotik vasitə asetilə edilmiş tiryəki və xüsusilə külli miqdarda - 2555 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanında yerləşən “İdeal” şadlıq sarayının yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 may 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:10-da ünvan 3 ünvanında yerləşən “İdeal” şadlıq sarayının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub, 08 may 2024-cü il tarixdə saat 00:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən bel hissəsinə keçirtdiyi üzərində “NİKE” yazısı olan tünd boz rəngli idman çantasından beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1165 qram, 1145 qram, 1005 qram, 975 qram və 1075 qram olmaqla, ümumilikdə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan xüsusilə külli miqdarda - 5365 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryək və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1700 qram və 855 qram olmaqla, ümumilikdə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan xüsusilə külli miqdarda - 2555 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulduğu gün tanışı Kamranla birlikdə olmuşdur. Kamran ona özünün Xırdalana gedəcəyini, sinif yoldaşının İrandan gələcəyini və ona sumka verəcəyini, həmin sumkanın içərisində 4 qram nəşə gətirəcəyini bildirmiş, sumkanı götürüb saxlamağı xahiş etmiş, özü qayıdanda ondan götürəcəyini demişdir. O da, Kamranın təklifi ilə razılaşmış, “İnşaatçılar” metrostansiyasının yanına getmiş, buna qədər Kamran həmin sinif yoldaşının telefon nömrəsini ona atmışdır. O da, həmin şəxslə danışmış, sonuncu özünün ailə-uşağı ilə olduğunu bildirərək, sumkanı deyəcəyi yerdən götürməyi tapşırmışdır. O, tanımadığı həmin şəxsin dediyi yeri nə qədər axtarsa da tapa bilməmişdir. Sonra həmin şəxs votsapda ona şəkil ataraq, orada bir tənzifin altına sumkanı qoyduğunu demişdir. Daha sonra ondan şəxsiyyət vəsiqəsinin şəklini istəmiş, o da, narazılıq edərək 4 qram nəşə üçün nəyə görə şəkil atmalı olduğunu soruşmuşdur. O, hətta Kamrana zəng edərək sinif yoldaşının ondan şəxsiyyət vəsiqəsinin şəklini istədiyini demiş, Kamran da bildirmişdir ki, ondan da şəxsiyyət vəsiqəsinin şəklini istəmiş, o da, atmışdır və heç bir problem olmadığını deyərək, şəxsiyyət vəsiqəsinin şəklini həmin şəxsə atmasını demişdir. Sonra həmin yerdə sumkanı axtararkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib onu tutmuşlar. Həmin vaxt onun üstündə mobil telefon olmamış, polis işçiləri ondan telefonun harada olduğunu soruşduqda, maşında zaryadkada olduğunu demişdir. Sonra onu maşına gətirmişlər və oradan sürücü ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. O, polis işçilərinə sumkanın özünə aidiyyəti olmadığını bildirmişdir. Polis işçiləri isə videoçəkiliş olacağını, iranlının da narkotik barədə onun telefonuna yazdığını demişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Kamran ona Xırdalana gedəcəyini, irandan dostunun gəldiyini və 4 qram nəşə gətirəcəyini demiş, onlar həmin nəşəni Kamranla bir yerdə istifadə etməyi planlaşdırmışlar. Kamran sumkada nə olduğunu ona deməmişdir. O, əvvəllər metamfetamindən istifadə etmiş, sonradan isə nəşə çəkməyə başlamışdır. Polis işçiləri aşkar olunmuş sumkanın içində metamfetamin, marixuana və heroin olduğunu göstərmişlər. Çəkiliş zamanı da o, sumkanın içərisində olanların ona aidiyyəti olmadığını bildirmişdir. Polis işçiləri narkotikin özünə məxsus olduğunu etiraf etmək üçün ona hədə-qorxu gəlmişlər. Tutulandan sonra o, Kamranla əlaqə saxlamış, sonuncu, əvvəllər də həmin dostundan narkotik aldığını, lakin heç bir problemi olmadığını bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, iki ilə yaxındır «patı» kimi tanıdığı psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul etmiş, qəbul etdiyi maddəni təsadüfən rastlaşdığı müxtəlif şəxslərdən almışdır. 2024-cü ilin fevral ayında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş, barəsində həbslə bağlı olmayan həbs qətimkan tədbiri seçilməklə işi Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Təxminən 1 ilə yaxındır ki, əslən Cəlilabad sakini olan Kamran adlı şəxsi tanımış, Kamran narkotik vasitələrin aludəçisi olmuş və o, bir neçə dəfə onun gətirdiyi narkotiklərdən onunla birlikdə istifadə etmişdir. Kamranın dəqiq anket məlumatlarını bilməmiş, sonuncu «Memar Əcəmi» metrostansiyası yaxınlığında onunla təsadüfən rastlaşdıqda görüşmüşdür. Sonuncu dəfə 07 may 2024-cü il tarixdə axşam saatlarında o, Kamranla təsadüfən “Memar Əcəmi” metrostansiyası yaxınlığında görüşüb onunla söhbət edən zaman Kamran ona bildirmişdir ki, onun sinif yoldaşı ona külli miqdarda narkotik vasitə və psixotrop maddə maddə göndərəcək, həmin maddələri o, sinif yoldaşından narkotiki götürüb ona gətirdiyi halda ona 4-5 qrama yaxın «patı» verəcək. O, razılaşmış və Kamran ona İran operatoruna məxsus telefon nömrəsini verib demişdir ki, onun sinif yoldaşının telefon nömrəsidir, onunla danışıb görüşərək ondan narkotiki götürsün və Kamrana onunla həmişə görüşdükləri yerə gətirsin. Beləliklə o, telefon nömrəsini götürüb Kamranla vidalaşmış və həmin telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə zəng etmiş, həmin şəxs İran ləhcəsi ilə danışmışdır. O, belə başa düşmüşdür ki, həmin şəxs heç də Kamranın sinif yoldaşı deyil, narkotiki göndərən İran vətəndaşıdır. Belə ki, iranlı ilə danışıb onun başa saldığı yerə “Bolt” proqramı vasitəsi ilə sifariş verdiyi taksi ilə gəlmişdir. Həmin yer Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “İdeal” şadlıq sarayının yaxınlığında yerləşmişdir. İranlı ona çatacaq çantanın və çantanın yerləşdiyi yerin şəkillərini göndərmiş, o, həmin yerin yaxınlığına çatıb taksidən düşüb taksiyə onun gözləməsini xahiş etmiş və bir qədər aralıya keçib həmin içərisində təxminən 8 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə olan bel çantasını götürüb gəldiyi taksinin yanına qayıtmışdır. Taksiyə çatan zaman saat 22:10-da dörd nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib Baş İdarəyə dəvət etmişlər. Sorğu zamanı o, səmimi olaraq etiraf edib bildirmişdir ki, kürəyindən asdığı boz rəngli idman çantasının içərisində adını “patı” olaraq bildiyi psixotrop maddə olmuşdur. Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsində üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan qış gödəkçəsinin sağ yan cibindən mobil telefonu masanın üstünə qoyaraq təqdim etmişdir. Daha sonra kürəyindən asdığı boz rəngli idman çantasını masanın üstünə qoyaraq içərisində psixotrop maddə və narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi idman çantasına baxış zamanı həmin çantanın içərisində iki ədəd yapışqan lentlə bağlanmış qara rəngli selofan bağlama və 1 ədəd yapışqan lentlə bağlanmış selofan bağlama aşkar olunmuşdur. Bundan sonra həmin bağlamalar iştirakçıların şahidliyi ilə açılmışdır. Qara rəngli bağlamalardan biri açılarkən həmin bağlamanın içərisində yapışqan lentlə bağlanmış selofan bağlamaların olması müəyyən edilmişdir. Qara rəngli selofan bağlamanın içərisində aşkar olunmuş dörd ədəd selofan bağlama polis əməkdaşı tərəfindən açılarkən içərisində narkotik vasitələrə oxşar maddə olması aşkar edilmişdir. Daha sonra 1 ədəd selofan bağlama açılmış və həmin bağlamanın da içərisində narkotik vasitələrə oxşar maddə olması müəyyən edilmişdir. Bundan sonra digər qara rəngli selofan bağlamanın içərisinə keçirilmiş baxış zamanı həmin bağlamanın içərisində iki ədəd selofan bağlama olması müəyyən edilmişdir. Həmin iki ədəd bağlama açılarkən hər iki bağlamanın içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra aşkar olunmuş bağlamalar polis əməkdaşı tərəfindən təqdim etdiyi idman çantasında qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o, idman çantasının içərisindən aşkar olunmuş maddələri tanışı “Kamran” adlı şəxsin onu əlaqələndirdiyi, adını bilmədiyi şəxslə “Whatsap” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayıb onun göndərdiyi Yasamal rayonu, «İnşaatçılar» metrostansiyası yaxınlığında yerləşən ünvandan xx.xx.2024-cü il tarixdə əldə etdiyini və həmin maddələri tanışı “Kamran” adlı şəxsə verməli olduğunu, əvəzində isə tanışı “Kamran” adlı şəxsin ona həmin maddələrdən pay verəcəyinə söz verdiyini bildirərək, özünün 2 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, sonradan adını Cəmil kimi bildiyi taksi sürücüsünü tanımadığını, sadəcə olaraq həmin şəxsi “Bolt” mobil tətbiqi vasitəsi ilə taksi sürücüsü kimi ona göndərilən ünvana sürdürdüyünü, eləcə də həmin şəxsin ondan olan maddələrdən məlumatının olmadığını bildirmişdir. Daha sonra taksi sürücüsü Cəmil adlı şəxsin üstünə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı həmin şəxs onu tanımadığını, özünün taksi sürücüsü kimi fəaliyyət göstərdiyini və “Bolt” mobil tətbiqi vasitəsi ilə daxil olmuş sifariş əsasında onu sifarişdə qeyd olunan ünvana apardığını, şəxsi axtarış, baxış və götürmə prosesi zamanı aşkar olunmuş maddələrdən məlumatının olmadığını bildirmişdir (cild 1, iş vərəqi 81-83). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, tutularkən üstündə mobil telefon olmadığını, aşkar olunmuş narkotik vasitələrdən onun xəbəri olmadığını və dindirilərkən onun dediklərinin yazılmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 07 may 2024-cü il tarixdə Anar Həsənov adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, X7 rayonu ərazisində onlar tərəfindən müəyyən olunaraq saxlanılmış və Baş idarəyə dəvət olunmuşdur. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilmişdir. Bu zaman Anar çiynində olan sumkanın içərisində narkotik vasitələr olduğunu bildirərək onu təqdim etmişdir. Həmin sumkaya baxıldıqda onun içərisində iki bağlama aşkar olunmuş, bağlamanın birinin içində 4 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr, digər bağlamada isə iki ədəd bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Daha sonra onunla birlikdə saxlanılan Cəmil adlı şəxsin üzərinə baxış keçirilmiş, lakin onun üzərindən qanunsuz saxlanılan heç bir şey aşkar edilməmişdir. Anar həmin narkotik vasitəni tanışı Kamran adlı şəxsin vasitəsilə əldə etdiyini, Kamranın ona verdiyi nömrə ilə əlaqə saxlayarkən ona narkotiklərin yerinin deyildiyini, daha sonra özünün həmin narkotik vasitəni götürüb Kamrana aparıb verməli olduğunu, əvəzində Kamranın ona istifadə etmək üçün müəyyən qədər narkotik vasitə verəcəyini bildirmişdir. Verilən sualları cavablandıran Şahid1 istintaqda verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsi saat 22 radələrində saxladıqlarını, sumkadakı narkotik vasitələrin çəkisinin ağır olduğunu, saxlanılarkən təqsirləndirilən şəxsə qarşı hər hansı təsir və təzyiq olunmadığını, onların sonradan Kamran adlı şəxsi müəyyən edə bilmədiklərini, əməliyyat tədbirinin keçirilməsində ondan başqa Rəvan, Əmrə və Hüseyn adlı polis əməkdaşlarının da iştirak etdiklərini, videoçəkiliş zamanı müdafiəçinin də iştirak etdiyini bildirdi. Məhkəmə iclasında şahidlər - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X4, X3 və X2 ibtidai istintaq zamanı verdikləri ifadələr tədqiq olunarkən, onların şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Baş idarəyə gətirilərək üzərində şəxsi axtarış keçirilməsi zamanı külli miqdarda psixotrop maddələrin və narkotik vasitələrin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvləri kimi iştirak etmələri, həmkarları Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdikləri müəyyən olundu (cild 1, iş vərəqi 134-138, 143-146, 205-206). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən gün o, Yasamal rayonunda yerləşən «Günəş petrol» yanacaq doldurma stansiyasının yanında idarə etdiyi maşınla dayanmış və sifariş gözləmişdir. Bir müddət sonra sifariş gəlmiş və o, maşını ilə həmin ünvana getmişdir. Orada təqsirləndirilən şəxs ona yaxınlaşmış və onu «İdeal» şadlıq sarayının yanına aparmışdır. Oraya çatanda şəxsin mobil telefonunun zaryadkası qurtarmış və təqsirləndirilən şəxs ondan adaptor istəmişdir. O, adaptoru vermiş və şəxs öz telefonunu maşında zaryadkaya qoymuşdur. Daha sonra təqsirləndirilən şəxs maşından düşmüş, gedib dostundan pul götürəcəyini və gəlib taksinin ödənişini edəcəyini bildirmişdir. Şəxs getdikdən sonra 2-3 dəqiqə keçsə də, geri qayıtmamış, o da, maşında oturub öz telefonuna baxmışdır. Bu zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları maşina minmiş, şəxsin narkotiklə saxlanıldığını bildirərək, onu da idarəyə aparmışlar. Maşında gedərkən polis işçiləri ondan təqsirləndirilən şəxslə tanışlıqlarının olub-olmadığını soruşmuşlar. O isə, həmin şəxslə heç bir tanışlığı olmadığını, «BOLT» tətbiqi vasitəsi ilə sifariş qəbul edib həmin şəxsin dediyi ünvana apardığını bildirmişdir. Bundan sonra onu Baş idarəyə gətirmişlər və təqsirləndirilən şəxslə üzləşdirmişlər. Daha sonra onun narkotiklərə heç bir aidiyyəti olmadığını müəyyən etdiklərindən izahatını alıb onu buraxmışlar. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 08 may 2024-cü il tarixli protokola əsasən, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 may 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:10-da ünvan 3 ünvanında yerləşən “İdeal” şadlıq sarayının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş, 08 may 2024-cü il tarixdə saat 00:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən bel hissəsinə keçirtdiyi boz rəngli idman çantasından beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1165 qram, 1145 qram, 1005 qram, 975 qram və 1075 qram olmaqla, ümumilikdə eyni tərkibli xüsusilə külli miqdarda - 5365 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryək və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1700 qram və 855 qram olmaqla, ümumilikdə eyni tərkibli xüsusilə külli miqdarda - 2555 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 3-58). Məhkəmə-kimyəvi ekspertizasının 08 may 2024-cü il tarixli 6/2548 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamada, üzərində “NİKE” yazısı olan tünd boz rəngli idman çantadakı: - 5 (beş) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1165 qram, 1145 qram, 1005 qram, 975 qram, 1075 qram, ümumi təmiz çəkisi 5365 qram (5 kq 365 qr) qəhvəyi rəngli maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir; - 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1700 qram və 855 qram, ümumi təmiz çəkisi 2555 qram (2 kq 555 qr) ağ rəngli kristalşəkilli maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qalıq: asetilə edilmiş tiryək - 5364,7 qram, metamfetamin - 2554,8 qram (cild 1, iş vərəqi 3- 58). Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 20 may 2024-cü il tarixli 3483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Deməsinə görə, 2 ildir ki, psixotorp maddə olan metamfetamindən istifadə edir (cild 1, iş vərəqi 208-209). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung J5” markalı mobil telefona aparatına baxış keçirilmiş, bu zaman telefonda quraşdırılmış “WhatsApp” ani zəngləşmə proqramı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 21:04-dən saat 22-17-dək olan müddət ərzində İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (996) ***-**-** nömrəsi ilə 6 telefon danışığının aparıldığı və çoxlu sayda mətn və səs mesajların olması müəyyən edilmişdir. Mətn mesajlarından görünür ki, Təqsirləndirilən şəxs 20-25 dəqiqə ərzində «İnşaatçılar» metrostansiyası yaxınlığında ola biləcəyini bildirir, ona həmin yerin və orada yerləşən çantanın ünvanı, koordinatları və fotoşəkilləri göndərilərək, həmin çantada “malın” olduğu bildirilir, eləcə də Təqsirləndirilən şəxs bildirilir ki, o, öz bank kartının məlumatlarını göndərsin ki, ona veriləcək pulu dərhal yarısı və qalan yarısı növbəti gün vurulsun. Bundan başqa, baxış zamanı aşağıda qeyd olunan məzmunda səsli mesajların olması müəyyən edilmişdir: - harda qaldın bəs sən? Nə qədər yolu qalıb ora? biraz cəld ol - Uje inşaatçılardayam, çatıram. Hardasa 7-8 dəqiqəyə orda olacam, gəlirəm, maksimum 10 dəqiqəyə - Oldu, arxayın ol, neçə götürdün mənə yaz - Yaxşı-yaxşı qaqaş 2 dəqiqəyə çatacam, Bolt zakaz edim gəlirəm - Qaqam götürdün inşallah amanatları mənə xəbər elə, biraz cəld ol - Yaxşı yaxşı qardaş - Çatmadın qardaşım? bəs cəld ol da - İdeal şadlıq sarayının qabağındayam - Konuma düz bax keç içəri - Bir dəqiqə səbirli ol qaqa, bir dəqiqə səbrli ol, həmin döngəni tapa bilmirəm, yazdığın yeri addım-addım gedirəm - Qaqa 8 kilo vəsaitdi e, yarı-yarı, mən səninlə pula danışmışam da, pulunu verəcəm sənin, havayı götürmürsən ki, bir az tez ol, camaata verməliyəm, camaat gözləyir, kartı mənə göndərərsən, pulun yarısını bu gün yükləyərəm, sənin haqqındı da, qalanını da sabah, sabah inşallah hamısını yerbəyer edəcəm, onun 4-5 kilosunu satmışam. Qadan alım bir az cəld ol, canımsan qardaşım. Baxış zamanı müvafiq fottoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 148-153). İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən olunması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırıqlara cavab olaraq daxil olmuş məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı və “Kamran” adlı şəxslə birləşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddələrin satış məqsədi ilə əldə edib saxlaması təsdiq edilsə də, bunu bilavasitə görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, psixotrop maddələri nə vaxt, harada və hansı şəraitdə əldə etmələri, psixotrop maddələrin satışında şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanılması və psixotrop maddələri əldə etdikləri mənbənin, eləcə də tapşırıqda adı göstərilən “Kamran” adlı şəxsin şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 207). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddələrin mənbə xüsusatına görə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 221-226). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 07 may 2024cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 126-127). İbtidai istintaq orqanının 08 may 2024-cü il tarixli qərarına əsasən bir ədəd torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 5364,7 qram çəkidə narkotik vasitə asetilə edilmiş tiryək və 2554,8 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də 01 iyul 2024-cü il tarixli qərara əsasən isə bir ədəd “Samsung J5” markalı mobil telefon cihazı və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınmışdır (cild 1, iş vərəqi 109-111, 210-220). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən, həmçinin cinayət işinə əlavə olunmuş hökmün və göstərişin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, cəzanın başlanğıcı 03 iyul 2024-cü il tarixdən hesablanmaqla 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün təyin olunmuş cəza müddətinə hesablanaraq çıxılmış, üzərində qəti olaraq 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm 24 iyul 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir (cild 1, iş vərəqi 141-142). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib, tanışı Kamranın ona özünün Xırdalana gedəcəyini, sinif yoldaşının İrandan gələcəyini və ona sumka verəcəyini, həmin sumkanın içərisində 4 qram nəşə gətirəcəyini və sumkanı götürüb saxlamağı xahiş etdiyini, özü qayıdanda ondan götürəcəyini dediyini, o da, Kamranın təklifi ilə razılaşaraq “İnşaatçılar” metrostansiyasının yanına getdiyini, tanımadığı şəxsin ona dediyi yeri nə qədər axtarsa da tapa bilmədiyini, sonra həmin şəxsin votsapda ona şəkil ataraq, orada bir tənzifin altına sumkanı qoyduğunu dediyini, daha sonra ondan şəxsiyyət vəsiqəsinin şəklini istədiyini, o da, narazılıq edərək 4 qram nəşə üçün nəyə görə şəkil atmalı olduğunu soruşduğunu, sonra həmin yerdə sumkanı axtararkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib onu tutduqlarını, polis işçilərinə sumkanın özünə aidiyyəti olmadığını bildirdiyini, Kamranın dediyi 4 qram nəşəni onunla bir yerdə istifadə etməyi planlaşdırdığını, polis işçilərinin narkotikin özünə məxsus olduğunu etiraf etmək üçün ona hədə-qorxu gəldiklərini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, sonuncu dəfə 07 may 2024-cü il tarixdə axşam saatlarında tanışı Kamran adlı şəxsin təklifi ilə İran operatoruna məxsus telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə zəng etdiyini, həmin şəxsin İran ləhcəsi ilə danışdığını, onun həmin şəxsin Kamranın sinif yoldaşı deyil, narkotiki göndərən İran vətəndaşı olduğunu bildiyini, taksi ilə “İdeal” şadlıq sarayının yaxınlığında yerləşdiyini, iranlının ona çatacaq çantanın və yerləşdiyi yerin şəkillərini göndərdiyini, həmin yerə çatdıqdan sonra bir qədər aralıda içərisində təxminən 8 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə olan bel çantasını götürüb gəldiyi taksinin yanına qayıtdığını, taksiyə çatan zaman saat 22:10-da dörd nəfər mülki geyimdə polis əməkdaşlarının ona yaxınlaşaraq saxladıqlarını, sorğu zamanı səmimi olaraq kürəyindən asdığı boz rəngli idman çantasının içərisində adını “patı” olaraq bildiyi psixotrop maddənin olduğunu bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung J5” markalı mobil telefona aparatına baxış keçirilərkən telefonda quraşdırılmış“WhatsApp” ani zəngləşmə proqramı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 21:04-dən saat 22-17-dək olan müddət ərzində İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (996) ***-**-** nömrəsi ilə 6 telefon danışığının aparıldığı və narkotik vasitələrin qoyulduğu yerə dair çoxlu sayda mətn və səs mesajların olması, ona həmin yerin və orada yerləşən çantanın ünvanı, koordinatlarının və fotoşəkillərin göndərilərək, həmin çantada “malın” olmasının bildirilməsi, eləcə də Təqsirləndirilən şəxs özünə məxsus bank kartının məlumatlarının göndərilməsi müəyyən edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olması və onları Kamran adlı tanışı vasitəsilə tanımadığı İran vətəndaşının göndərdiyi yerdən götürüb özündə saxlaması, gələcəkdə Kamrana çatdırması və onunla birlikdə satacaqları barədə razılığa gəlməsi barədə ifadələr verməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin ayrı-ayrı bağlamalara qablaşdırılmasını, həmçinin aşkar edilmiş narkotik və psixotrop maddələrin hər birinin kütləsinin xüsusilə külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, cəzanın başlanğıcı 03 iyul 2024-cü il tarixdən hesablanmaqla 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün təyin olunmuş cəza müddətinə hesablanaraq çıxılmış, üzərində qəti olaraq 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm 24 iyul 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmünə əsasən təyin olunmuş və çəkilməmiş qalan 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, həmin cəzanı hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs həmin iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün təyin olunmuş cəza müddətinə hesablanaraq çıxılmalı və onun üzərində çəkilməsi üçün qəti cəza saxlanılmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 07 may 2024-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 20 may 2024-cü il tarixli 3483 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanma yerinə təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs götürülmüş və bir ədəd torbada tədqiqatdan sonra qalıq qalan 5364,7 qram çəkidə narkotik vasitə asetilə edilmiş tiryək və 2554,8 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli; - bir ədəd “Samsung J5” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş materiallarına əlavə edilmiş orderdən və hesabatdan görünür ki, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, bununla bağlı müdafiəçi 35 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 10 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün hazırkı iş üzrə təyin olunmuş cəza müddətinə hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs götürülmüş və bir ədəd torbada ekspertiza tədqiqatından sonra qalıq qalan 5364,7 qram çəkidə narkotik vasitə asetilə edilmiş tiryək və 2554,8 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; - bir ədəd “Samsung J5” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-2077/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2077/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver