Məhkəmə qərarları › İş №1(101)-208/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-208/2020

28.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-208/2020 28.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Tərtər rayonunun Bayandurlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımış, habelə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 may 2019-cu il tarixdə saat 20 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq odlu silah və döyüş sursatı, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, əldə edib üzərində saxlamaqla yerini dəyişdirmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində olan “Şahqaya” daş karxanasının ərazisindən daşıyaraq Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 35 ünvanında yerləşən “Dünya market”in yanına qədər gətirmiş və 14 may 2019-cu il tarixdə saat 00:35-də həmin ərazidə xidmət aparan Azərbaycan Respublikası DİN-in x8 alayının 4-cü patrul xidmətinin əməkdaşları tərəfindən şübhə edildiyi üçün saxlanılaraq Bakı şəhəri Səbail rayon Polis idarəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən, əlində olan göy rəngli selofan torbanın içərisindən 2 ədəd ağ rəngli selofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 130,0 qram və 490,0 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 620,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1944-cü ildə Tula silah zavodunda istehsal olunmuş, atəş açmaq üçün yararlı yivli odlu silah hesab edilən “ЮД 816” nömrəli, 7,62 mm kalibrli “Naqan” sistemli revolver və həmin zavodda istehsal olunmuş 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli refolverlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı döyüş sursatı hesab edilən 05 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Tərtər rayonu, Bayandurlu kəndində qeydiyyatda olsa da, bir neçə ildir ki ünvan 3 saylı ünvanda ailəsi ilə birlikdə kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarında fəhləlik edib ailəsini dolandırır. 13 may 2019-cu il tarixdə təxminən saat 20:00 radələrində, iş vaxtı bitdikdən sonra yaşadığı Bayıl qəsəbəsinə getmək məqsədilə Qaradağ rayonu ərazisində olan “Şahqaya” daş karxanasının ərazisindən piyada keçən zaman yerdə yolun kənarında böyük ölçüdə göy rəngli selofan torba diqqətini çəkmiş, həmin torbanın içərsində nə olması onda maraq oyatdığı üçün o, ətrafa baxıb kimsənin olmadığını görüb və yaxınlaşıb həmin torbanı açmışdır. Açarkən torbanın içərisində 01 ədəd selofan torbada narkotik vasitə marixuanaya bənzər ot halında maddə olduğunu və 02 ədəd “West” markalı siqaret qutusunun olmasını görmüşdür. Həmin vaxt tək olmuşdur. O həmin torbanı özü ilə götürmüşdür. Yolda olarkən tanışı Ağalar Xəlilova zəng edib görüşüb söhbət etmək istədiyini bildirmişdir. Ağalara tapdığı narkotik vasitə barədə heç nə deməmiş və yaşadığı evin yaxınlığında yerləşən “Dünya market”in yanında olan avtobus dayanacağında gözləməsini demişdir. Daha sonra narkotik vasitə olan tapdığı göy rəngli selofan torba da əlində Lökbatan dairəsinə qədər gəlib, orada 205 saylı marşrut avtobusu ilə Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan yolu küçəsində olan “Dünya market”in yanındakı avtobus dayanacağında düşmüşdür. Elə həmin vaxt Ağalar da dayanacağa yaxınlaşmışdır. Bu zaman yoldan polis avtomobili yanlarından keçərkən avtomobili saxlayıb onlara yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin zaman o, tapdığı narkotik vasitəyə görə həyəcan keçirmişdir. Polis əməkdaşları ondan selofan torbada nə olmasını soruşmuş, o, həyəcandan hadisə yerindən qaçmışdır. Amma polislər onu saxlamışlar. Polis əməkdaşları onu və Ağaları oradan Səbail rayon polis idarəsinə aparmışlar. Ağalar Xəlilovun onun əlindəki selofan torbanın içərisində narkotik vasitə olması barədə məlumatı olmamışdır. O həmin narkotik vasitəni satmaq üçün götürməmişdir. Polis idarəsində torbaya onun iştirakı ilə keçirilən baxış zamanı oradan marixuana ilə yanaşı, bir ədəd tapança silahı və beş ədəd patron da aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Təqsirləndirilən şəxs bildirdi ki, tapdığı narkotik vasitə bir bükümdə olmuş, niyyəti həmin narkotik vasitəni özünün istifadə etməsi olmuş, sellofan torbada tapança görməmiş, silahı polis idarəsində video çəkilişlə baxış keçirilərkən torbadan çıxanda görmüş, onun fikrincə narkotik vasitənin çəkisi 600 qram bilməzdi. Həmin narkotik vasitəni götürdüyü üçün çox peşmandır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi və məhkəmə baxışında elan olunub tədqiq edilən ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Bayandurlu kəndində qeydiyyatda olsa da, bir neçə ildirki ünvan 3 saylı ünvanda ailəsi ilə birlikdə kirayənişin yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarında fəhləlik edərək ailəsini dolandırmışdır. 13 may 2019-cu il tarixdə təxminən saat 20:00 radələrində, iş vaxtı bitdikdən sonra yaşadığı Bayıl qəsəbəsinə getmək məqsədilə Qaradağ rayonu ərazisində olan “Şahqaya” daş karxanasının ərazisindən piyada keçən zaman yerdə yolun kənarında böyük ölçüdə göy rəngli selofan torba diqqətini çəkmişdir. Həmin torbanın içərsində nə olması onda maraq oyatdığı üçün, o, ətrafa baxaraq kimsənin olmadığını görmüş və yaxınlaşaraq həmin torbanı açmışdır. Açarkən torbanın içərisində 02 ədəd selofan torbada narkotik vasitə marixuanaya bənzər ot halında maddə olduğunu və 02 ədəd “West” markalı siqaret qutusunun olmasını görmüşdür. Bundan əlavə, həmin sellofan torbanın içərisində daha bir ədəd selofan olduğunu, həmin sellofanıda açarkən içərisində şərfə və köynəyə bükülmüş qara rəngli tapança və 05 ədəd patron olmasını görmüşdür. Həmin vaxt o, tək hərəkət etmiş, yenədə ətrafa baxmış və kiminsə olmadığını görmüşdür. Tapança, patron və marixuanaya bənzər ot olan torbaları öz əvvəlki göy rəngli selofan torbasına qoyub özü ilə götürmüşdür. Yolda olarkən tanışı Ağalar Xəlilova zəng edib görüşüb söhbət etmək istədiyini bildirmişdir. Ağalara, tapdığı narkotik vasitə və tapança və patronları barədə heç nə deməmiş, sadəcə, yaşadığı evin yaxınlığında yerləşən “Dünya market”in yanında olan avtobus dayanacağında gözləməsini demişdir. Daha sonra, tapança, patron və narkotik vasitə olan tapdığı göy rəngli selofan torba da əlində Lökbatan dairəsinə qədər gəlib, orada 205 saylı marşrut avtobusu ilə Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan yolu küçəsində olan “Dünya market”in yanındakı avtobus dayanacağında düşmüş, elə həmin vaxt Ağalar da dayanacağa yaxınlaşmışdır. Elə həmin zaman yoldan polis avtomobili yanlarından keçərkən avtomobili saxlayıb onlara yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Həmin zaman o, tapdığı narkotik vasitə və tapançaya görə həyəcan keçirtmişdir. Polis əməkdaşları ondan selofan torbada nə olmasını soruşmuşlar, o, polislərə həqiqəti olduğu kimi demiş və əlindəki selofan torbada narkotik vasitə və patronları ilə tapança olmasını demişdir. Polis əməkdaşları onu və Ağaları oradan Səbail rayon polis idarəsinə aparmışlar. Daha sonra onun üçün vəkil dəvət edilmiş, video çəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman həmin tapança və 5 ədəd patron, 2 ədəd selofan torbada ot şəklində olan maddə və 2 ədəd “West” markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Sorğu sual zamanı o, olduğunu söyləyib həmin torbanı içindəkilərlə birlikdə Qaradağ rayonunda yolun kənarında yerdən tapdığını demişdir. Keçirilmiş baxış barədə protokol tərtib edilmiş, protokol oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 71-73; iş vərəqi 92-94). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, o, hazırda Daxili İşlər Nazirliyinin x9 Alayının 4-cü patrul bölüyünün tağım komandiri vəzifəsində işləyir. 14.05.2019-cu il tarixdə 2443 çağırışlı avtopatrul ilə xidmətdə olarkən saat 00:35 radələrində Səbail rayonu, Salyan yolu 35 ünvanın qarşısından keçərkən “Dünya market”in yanındakı dayanacaqda iki nəfər təxminən 50 yaşlarında kişinin dayandığını və onlardan birinin mobil telefon vasitəsi ilə bərkdən əsəbi halda danışdığını görmüşlər. Həmin şəxslərin yanında avtopatrulu saxladıqda onlar özlərini daha da həyacanlı aparmağa başlamışlar və onlardan biri, əvvəldən telefonla danışan şəxs oradan yayınmağa çalışmışdır. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və hazırda təqsirləndirilən şəxs olan İsrailin əlindəki göy rəngli selofan torbada nə olduğunu soruşmuşlar. İsrail qaçmağa başlamışdır. Şahid4 adlı polis əməkdaşı onu tutmuşdur. Tutulduqdan sonra İsrail torbada narkotik maddə və tapança olduğunu bildirmişdir. Bu səbəbdən də həmin şəxsləri Səbail rayon polis idarəsinə gətirərək raportla məruzə edib araşdırma aparılması üçün təhvil vermişlər. Polis idarəsində müəyyən olunmuşdur ki, həmin şəxslər xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və 03.01.1968-ci il təvəllüdlü x3r. Daha sonra dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə, ilk öncə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli selofan torbanın içərisindən 2 ədəd ağ rəngli selofan torbadan və 2 ədəd “West” markalı siqaret qutusundan marixuanaya oxşar maddə, bir ədəd qara rəngli tapança və 5 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübut Azərbaycan Respublikası DİN-in 51 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunmuş göy rəngli selofan torbanın içərisindən iki 2 ədəd ağ rəngli selofan torbadan və 2 ədəd “West” markalı siqaret qutusunun içərisində olan ot şəkilli maddə narkotik vasitə hesab edilən marixuanadır və həmin narkotik vasitəni, tapança və 5 ədəd patronu Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” daş karxanası ərazisindən açıq sahədən taparaq götürmüş və sonra avtobusla Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda yerləşən “Dünya market”in yanına gətirmişdir. x2 üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş baxışlarla bağlı protokollar tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş digər polis əməkdaşları Şahid1, Şahid2 məhkəmədə şahid qismində dindirilərkən Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları ayrı-ayrılıqda tam olaraq təsdiq etdilər. Şahid4 məhkəməyə ərizə verərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və proses iştirakçılarının yekdil razılığı ilə onun həmin ifadəsi məhkəmədə elan olundu. Şahid4 həmin ifadəsi ilə Şahid3 eyni məzmunlu ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etmişdir (cild 1, iş vərəqi 228-230). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14.05.2019-cu il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı göy rəngli sellofan torbanın içərisindən iki ədəd ağ rəngli sellofan torbadan və iki ədəd “West” markalı siqaret qutusundan marixuanaya oxşar maddə, bir ədəd qara rəngli tapança və 5 ədəd patron aşkar edilərək götürülmüşdür. Keçirilmiş baxış video çəkilişlə aparılmış və bununla bağlı tərtib edilmiş protokola 01 ədəd CD disk əlavə edilmişdir (cild 1, iş vərəqi 20). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27.09.2019-cu il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aparılmış videoyazının qeyd edildiyi diskə “HP” markalı kompüterdə “Media Player” kompüter proqramı vasitəsi ilə baxış keçirilmiş, diskdə olan 05 dəqiqə 07 saniyəlik VTS_01_1 adlı fayl açıldıqda görünür ki, çəkiliş zamanı xidməti otaqda ümumilikdə 6 nəfər kişi cinsli şəxs var, həmin şəxslərdən masa arxasında əyləşən polis zabiti özünü Səbail RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Cavid Hüseynov kimi təqdim edərək, 14.05.2019-cu il tarixdə saat 01:30-da Səbail RPİ-nin xidməti otağında Əlahiddə ÇPA-nın 4-cü patrul bölüyünün tağım komandiri Şahid3, polis nəfərləri Şahid2, Şahid4, çəkilişi aparan polis nəfəri Şahid1 və müdafiəçi x4 iştirakı ilə, saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirildiyini, çəkilişin “İphone” markalı mobil telefon vasitəsilə aparıldığını qeyd edir. Üzərinə baxış keçiriləcək şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə baxış keçiriləcək şəxsə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir. Daha sonra Təqsirləndirilən şəxs qarşısında olan göy rəngli sellofan torbanın içərisində tapança və narkotik vasitə olan marixuananın olduğunu, onları işlədiyi daş karxanası ərazisində yolun kənarından tapdığını bildirir. Göy rəngli sellofana təhqiqatçı tərəfindən keçirilmiş baxış zamanı 01 ədəd tapança, 05 ədəd patron, 02 ədəd “West” markalı siqaret qutuları və ot halında olan kütlə olması müəyyən olunur (cild 1, iş vərəqi 185-186). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12.10.2019-cu il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” daş karxanasının ərazisinə - hadisə yerinə çıxarılarkən 13 may 2019-cu ildə saat 20 radələrində üzərindən aşkar edilmiş silahı, patronları və narkotik vasitəni tapdığını əyani surətdə göstərərək törətdiyi cinayət əməlini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 193-196). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 14 may 2019-cu il tarixli, 12659 saylı rəyindən görünür ki: - təqdim edilmiş 2 ədəd ağ rəngli sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 130,0 qram və 490,0 qram, ümumi təmiz çəkisi 620,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - təqdim edilmiş “West” siqaret qutuda ümumi təmiz çəkisi 23,946 qram olan toxumlar çətənə (kannabis) bitkisinə aiddir. Toxumların tərkibində narkotik maddə yoxdur və onlar narkotik vasitələrə aid deyil. - təqdim edilmiş “West” siqaret qutuda olan 5 ədəd siqaretlərdə heç bir narkotik maddə yoxdur. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (cild 1, iş vərəqi 52-55). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 14 may 2019-cu il tarixli, 12638 saylı rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş 1 (bir) ədəd “ЮД 816” №li silah 7,62 mm kalibrli olmaqla 1944-cü ildə Tula silah zavodunda istehsal olunmuş “Naqan” sistemli revolverdir, yivli-odlu silahdır, atəş açmaq üçün yararlıdır. - tədqiqata təqdim edilmiş 5 (beş) ədəd patron 7,62 mm kalibrli olmaqla, Tula zavodunda istehsal olunmuş həmin kalibrə malik “Naqan” sistemli revolverlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş patoranlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 1, iş vərəqi 56- 59). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 14.08.2019-ci il tarixli, 1934 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 167- 168). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 06.11.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 130,0 qram və 490,0 qram, ümumi təmiz çəkisi 620,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana, “West” siqaret qutusunda ümumi təmiz çəkisi 23,946 qram olan çətənə (kannabis) bitkisi toxumları, “West” siqaret qutusunda olan 5 ədəd siqaret, 1944-cü ildə Tula silah zavodunda istehsal olunmuş “ЮД 816” №li, 7,62 mm kalibrli, “Naqan” sistemli 1 (bir) ədəd revolver, “Naqan” sistemli revolverlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş 7,62 mm kalibrli 5 (beş) ədəd patron və videogörüntü ilə keçirilmiş şəxsi axtarış və götürmə haqqında tərtib edilmiş protokola əlavə edilmiş 01 CD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 619,96 qram qurudulmuş marixuana, 23,946 qram çətənə bitkisi olan toxumlar, 5 ədəd siqaret, tapança silahı və 04 ədəd patron saxlanılmasından ötrü Səbail RPİ-nin müvəqqəti saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 235-244). İşdə olan cinayət təqibi üzrə icraatın ayrılması haqqında 19.10.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 224-225). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Nəsimi Rayon Xalq Məhkəməsinin 24.01.1995-ci tarixli hökmünün surətindən görünür ki, Eyvazov x6 (indiki Tərtər) rayon Xalq Məhkəməsinin 02.02.1990-cı tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 105-ci maddəsinin 2-ci hissəsilə (qəsdən sağlamlığa ağır zərər vurma) təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31.08.1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 15.07.1992-ci il tarixli Amnistiya qərarına əsasən azad edilmiş, Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 24.01.1995-ci tarixli hökmü ilə 226-cı maddəsinin 1-ci hissəsilə (satış məqsədilə qanunsuz olaraq olaraq narkotik vasitə əldə etmə) təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 30.10.2000-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 105- 106, 165-166). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 83.3.3-ci və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Odur ki, qüvvədə olan cinayət qanunvericiliyinə görə, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyindən, o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən marixuananın qurudulmuş halda şəxsi istehlak miqdarı 5 qrama qədər, 500 qram və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından 124 dəfə artıqdır (620 qram/5 qram=124). Bu səbəbdən təqsirləndirilən şəxsin külli miqdarda olan heroini şəxsi istehlak məqsədilə əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Bundan başqa sellofan torbada olan tapança və patronlardan xəbəri olmaması barədə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə həqiqətə uyğun hesab etməyərək, həmin odlu silah və döyüş sursatı ilə bağlı təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsini, bu ifadə işin digər materialları ilə təsdiq edildiyindən daha düzgün hesab edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib üstündə saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.3-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 14.05.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən barəsində 15.05.2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 may 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz həsdədir (cild 1, iş vərəqi 15-16, 103-104). Qeyd edilən müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 14 may 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail RPİ-nin saxlama kamerasında saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 619,96 qram olan qurudulmuş marixuana, “West” siqaret qutusunda ümumi təmiz çəkisi 23,946 qram çətənə bitkisi olan toxumlar, “West” siqaret qutusunda olan 5 ədəd siqaret məhv edilməli, video görüntülər olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalı, 1944-cü ildə Tula silah zavodunda istehsal olunmuş “ЮД 816” №li, 7,62 mm kalibrli, “Naqan” sistemli 1 (bir) ədəd revolver, “Naqan” sistemli revolverlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş 7,62 mm kalibrli 5 (beş) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki ibtidai istintaq zamanı keçirilmiş məhkəməi ekspertizaları ilə əlaqədar cəmi 136 (yüz otuz altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CMin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş qəti cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 may 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Bakı şəhəri Səbail RPİ-nin saxlama kamerasında saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 619,96 qram olan qurudulmuş marixuana, “West” siqaret qutusunda ümumi təmiz çəkisi 23,946 qram çətənə bitkisi olan toxumlar, “West” siqaret qutusunda olan 5 ədəd siqaret məhv edilsin; - Video görüntülər olan 01 ədəd CD disk iş materiallarında saxlanılsın; - 1944-cü ildə Tula silah zavodunda istehsal olunmuş “ЮД 816” №li, 7,62 mm kalibrli, “Naqan” sistemli 1 (bir) ədəd revolver, “Naqan” sistemli revolverlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş 7,62 mm kalibrli 5 (beş) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 136 (yüz otuz altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar