Məhkəmə qərarları › İş №1(101)-208/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-208/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-208/2024 26.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə 10 sentiyabr 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvələr məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,359 qram narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış, 07 noyabr 2022-ci il tarixdə 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən Şəhid bulağı adlanan yerin yaxınlığında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 4,359 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07 noyabr 2022-ci ildə səhər saatlarında evdə yatdığı zaman qapı bərkdən döyülmüş, evin pəncərəsindən polis əməkdaşları Şahid2 və Şahid1 evin həyətində görmüş, sonunculardan pəncərədən nə istədiklərini soruşduqda, onu tutmayacaqlarını, söhbət etmək üçün gəldiklərini demişlər, Şahid2 adlı polis əməkdaşı evinə pəncərədən daxil olmuşdur, qapını açdıqda isə onu tutub sahə müvəkkili Şahid1 qara rəngli Sonata markalı avtomobilinə əyləşdirmişlər, polis əməkdaşı Şahid1 evə daxil olmuş və onun anası Səkinə Manafovadan onun buraxılması üçün 500 manat istəmişlər, lakin anası pulunun olmadığını bildirmişdir. Şahid1 polis bölməsində onu soyundurub döymüş və 27 yaşlı kiçik oğlunu tutacağı ilə hədələyib boş kağıza imza etdirmişdir; o, düşünmüşdür ki, Cinayət Məcəlləisnin 234.1-ci maddəsi ilə sənədləşdiriləcək, polis əməkdaşlarından Şahid1 vəkilə 20 manat pul vermiş, Şahid2 isə müdafiəçiyə pul verməkdən imtina etmişdir; vəkilin yanında 4 qram narkotik vasitəni ona verərək üzərinə götyrməsini tələb etmişlər, narkotik vasitənin qramı 50 manatdır, guya tanımadığı şəxsdən 10 manata 4 qram narkotik almışdır; Binəqədi RPİ-nin X5 və Bakı İstintaq Təcridxanasında onu qəbul edəndə bədənində xəsarətlərini görmüşlər, qeydiyyatını aparmışlar, prokurorluqdan müstəntiq döyülməyilə bağlı gələrək onunla görüşmüş, o, müstəntiqə hər şeyi danışmış, müstəntiq isə xeyri olmadığını bildirmişdir; o, əvvəllər avtoqəza törətdiyinə görə, həmçinin narkotiklə bağlı CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur; 2023-cü ildən narkotik istifadəçisidir, lakin mütəmadi istifadə etməmişdir, son zamanlar “kokos”, yəni heroindən istifadə etmiş, narkotik vasitəni tanışlardan əldə etmiş, tutulmamışdan 2-3 ay əvvəl narkotik vasitə qəbul etmişdir, onun iştirakı olmadan evində axtarış keçirmək üçün ondan ərizəyə imza etməyini istəmişlər, laikn o, ərizəni imzalamamışdır, ona boş kağıza imza etdirmişlər, videoçəkiliş zamanı polis əməkdaşlarının tələb etdiklərini demişdir, qollarında və belində zolaqlı qırmızı rəngdə xəsarətlər olmuşdur. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 06 noyabr 2022-ci il tarixde axşam saatlarında Nəsimi rayonu Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata narkotik vasitəni alıb üzərində saxlamış ki, sonradan istədiyi zaman istifadə etsin. Daha sonra 07 noyabr 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən Şəhid bulağının yaxınlığılnda olan zaman ona iki nəfər mülki geyimdə şəxslər yaxınlaşaraq polis əməkdaşkarı olduqlarını bildirib, özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilmiş müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-də xidməti otaqların birində üzərinə onun razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla baxış keçirilərkən, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim etmiş və etiraf edərək həmin bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra onun üzzərinə axtarış aparılmış lakin qanunsuz heç nə aşkar edilməmişdir. Təqdim etdiyi maddə təhqiqatçı tərəfindən götürülərək zərfdə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı tərtib edilmiş protokolun doğruluğunu və zərfi imzalarla təsdiq edilmişdir; narkotik vasitə hesab edilən heroini aldığı həmin şəxsin anket məlumatlarını bilmir. Həmin şəxsin adını soyadını və atasının adını soruşmadığı üçün barəsində heç bir məlumatı yoxdur. O, heç bir zaman narkotik vasitə satmamışdır. Narkotik vasitədən çox miqdarda istifadə etdiyi üçün bir müddət bəs etməsi üçün çox almışdır: (077) ***-**-** saylı mobil nömrədən istifadə edir: polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və ya fiziki təsir edilməmişdir (cild 1, iş vərəqi 77-78). Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsinin sakini kimi tanıyır, şəxsi münasibətləri yoxdur, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat tədbirində iştirak etmişdir, hadisə təxminən 07 noyabr 2022-ci il saat 11 radələrində Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində “Şəhid bulağı” adlanan yerdə baş vermişdir, orada Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib Binəqədi RPİ-nin 6-ci Polis Bölməsinə dəvət etmişlər, Polis Bölməsində vəkilin iştirakı olmadan üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs barəsində məlumat Şahid1 daxil olmuşdur, Təqsirləndirilən şəxs saxlanılarkən bölməyə gətirilmiş və üzərinə baxış keçirilərkən heç bir etiraz bildirməmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmiş, xəstə olduğu üçün özünün istifadə etdiyini bildirmişdir; Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən videoçəkiliş aparılmış, o, narkotik vasitənin çəkisini mübahisələndirməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir və ya təzyiq olmamışdır, Təqsirləndirilən şəxs evini tanımır, onun evində olmamışdır, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroin olmuş, narkotik vasitənin çəkisinin 4 qramdan çox olduğunu xatırlasa da, çəkisi tam dəqiq yadında deyil, Təqsirləndirilən şəxs narkotik vasitənin 4 qramını 10 manata aldığını özü bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, hadisə günü səhər saat 9 radələrində mətbəxdə olarkən evinin qapısı açılmış, evə sahə rəisi Şahid1 və əməliyyat müvəkkili Şahid2 daxil olmuşlar, həmin vaxt oğlu Hikmət evdə yatmışdır, Şahid1 Hikmətin evdə olub-olmamasını soruşmuş, sonra Kamal adlı polis əməkdaşı evin pencərəsini itələyib evə daxil olmuş, Hikmət də evdəki səs-küyə oyanmış, X9 avtomobilə əyləşdirməsini tapşırmış, Hikmət polis əməkdaşlarından onu niyə apardılqarını soruşmuş, Saleh ona 500 manat versə oğlu Hikməti aparmayacaqlarını demiş, o, pulunun olmadığını bildirmiş, bundan sonra Hikməti götürüb aparmışlar; qonşusu Şakir də həyətdə olmuş, polis əməkdaşlarının Hikməti apardıqlarını görmüşdür. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və sonuncunun anası Səkinəxanım manafova ilə qonşudurlar, 07 noyabr 2022-ci il tarixdə iki nəfər polis əməkdaşının Hikməti evdən apardıqlarını görmüşdür, polis əməkdaşları əvvəlcə onun evinin qapısını döyüb ondan Hikməti soruşmuşlar, sonra Hikmətin evinin qapısı açılmş və polis əməkdaşları evə daxil olmuşlar; o, yalnız polis əməkdaşlarının Hikməti evdən çıxardıb apardıqlarını görmüş, hara apardıqların, hansı maşınla apardıqlarını, Hikmətə qarşı zor tətbiq edilib-edilməməsini görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, məhkəmədə elan olunaraq tədqiq edilmiş cinayət işinin materiallarından görünür. Şübhəli şəxsin tutulması haqqında 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 22). Baxış və götürmə aparılması haqqında 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat Binəqədi RPl-nin 6 PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 4,359 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür.. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6458 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertizaya təqdim edilmiş bir ədəd bükümdəki təmiz çəkisi- 4,359 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 1, iş vərəqi 48-52). Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 88-91). Məhkəmə-narkoloji ekspertiza üzrə 06 fevral 2023-cü il tarixli 662 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqi 132-133). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-in 234.1-ci maddəsi ilə məhkum edilmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 26 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş və xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 117-131). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə zamanı tqsirləndirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı mənzildən götürülərək polis bölməsinə aparılması, saxlanılarkən üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitəni videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsini göstərmişdir. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X1 və qonşusu X4 ifadələrində Təqsirləndirilən şəxs məhz yaşadığı evdən polis əməkdaşları tərəfindən saxlanılaraq aparılmasını göstərmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs barəisndə həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı mənzildə saxlanılaraq aparılması, döyülməsi və təzyiqlərə məruz qalması barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən üzərinə baxış və götürmə aparılarkən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Həmin protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması, polis əməkdaşları tərəfindən yaşadığı mənzildən götürələrək aparılması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi öz əksini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında, üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən Şəhid bulağı adlanan yerin yaxınlığında saxladıqlarını, sonuncuya qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təcridxanaya gətirilmiş, bədəninə baxış zamanı sol bazunun bayır səthinin, sol kürəkaltı nahiyyəsinin yumşaq toxumalarının əziyi və kiçik ölçülü qərtməkli yaraları aşkar edilmişdir. Binəqədi rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı prokurorluqda araşdırma aparılmış, polis əməkdaşlarının Təqsirləndirilən şəxs zor tətbiq etmələri, döymələri sübuta yetirilməmiş, əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Belə ki, iş üzrə izahatı alınmış sahə inspektoru X6 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı andan Binəqədi RPİ-nin MSY-ə təhvil verilənədək yanında olmuş, hər hansı polis əməkdaşı tərəfindən sonuncuya qarşı zorakılıq tətbiq edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2497 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman bədənində aşkar edilmiş xəsarətlərin xarakterik xüsusiyyətləri və rəngi təsvir olunmadığından onların əmələ gəlmə müddəti və aləti barədə konkret fikir söyləmək mümkün deyildir. Binəqədi RPİ-dən daxil olmuş məktubdan və ona əlavə edilmiş aktın surətindən görünür ki, MSY-də Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər özünün deməsinə görə tutulmasından əvvəl olmuşdur. Beləkilə cinayət işinin yuxarıda qeyd edilən tədqiq edilmiş materiallarını müqayisəli qaydada analiz edərkən, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparıılan şəxsi axatrış zamanı üzərindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 4,359 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilməsini və həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etməsini işin faktiki hallarına və elan edilmiş ittihama uyğun hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin olması cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdr. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 4,359 qram olduğundan külli miqdar təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 07 noyabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran hal kimi residivin olmasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 07 noyabr 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə-narkoloji ekspertizası üzrə 06 fevral 2023-cü il tarixli 662 saylı ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 6/6458 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 4,359 qram narkotik vasitə heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 4,309 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axatarış aparılmasını özündə əks etdirən videoçəkilişin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 4,309 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axatarış aparılmasını özündə əks etdirən videoçəkilişin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar