Məhkəmə qərarları › İş №1(101)-2081/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2081/2025

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2081/2025 16.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X6, müdafiəçi – “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Naxçıvan MR, Kəngərli rayonu, Çalxanqala kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etmək hüququ olmadan idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 23 may 2025-ci il tarixdə, saat 16:38 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus «Daewoo BS090» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsi ilə Ziya Bünyadov prospekti istiqamətində hərəkət edərək, həmin küçənin Ziya Bünyadov prospekti ilə kəsişməsi hissəsində 2 zolaqdan ibarət köməkçi yolun sağdan 2-ci zolağı ilə hərəkətini davam etdirib, X.R.Ulutürk küçəsində tunelin üzərindən həmin yol üzrə geri dönüş edərək, yenidən Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsinə 10 km/saat sürətlə dönməklə, hərəkətdə olarkən, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə X.R.Ulutürk küçəsinin kəsişməsində yerləşən həmin döngədə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə əsasən, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetafor vasitəsilə nizamlanmırsa, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymaması üçün keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib, qeyd olunan yol hərəkəti qaydalarını pozaraq, idarə etdiyi avtobusun qabaq sol ön hissəsi ilə piyada keçidi ilə yolu soldan sağa adi yeriş ilə keçən piyada Zərərçəkmiş şəxs vuraraq, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin yumuşaq qişasına və beyin toxumasına qansızma, daxili orqanların (ağciyərlərin, qaraciyərin, dalağın, böyrəklərin, bağırsaqların) cırılmaları, sağ bazu sümüyünün, sağdan İV-İX, soldan Vİ-İX qabırğaların sınıqları, V bel fəqərəsinin və çanaq sümüyünün qapalı sınıqları, bel və oma nahiyəsi əhatə olunmaqla qarının ön, bayır, arxa səthinin eləcədə sol budun ön, bayır, arxa səthinin geniş hematomaları, qançırları, əzilmiş, yaraları, protektor izi (avtomaşın təkərinin bədəni üzərindən keçmə izləri) və bədənin çoxsaylı qançır və sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs 23 may 2025-ci il tarixdə, saat 17:20-də X12 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 ildir ki, "xxxx" MMC-də baş nəzarətçi vəzifəsində işləyir. Sabunçu rayonu ərazisində olan zaman dispetçer ona zəng vuraraq, şirkətə məxsus “Daewoo” markalı avtobusun sürücüsü həmin avtobusu Koroğlu metrostansiyasının yaxınlığında saxlayaraq avtobusu tərk etdiyini, bu səbəbdən avtobusların hərəkəti məhdudlaşdığını bildirmişdir. O, taksi ilə həmin avtobusun dayandığı yerə gəlmiş və avtobusa yaxınlaşan zaman avtobusun içərisində 6 və ya 7 nəfər qadın sərnişinin əyləşdiyini görmüşdür. Sərnişinlərdən sürücünün harada olduğunu soruşduqda onlar sürücünün 20 dəqiqə əvvəl getdiyini bildirmişlər. O, sürücü ilə əlaqə saxlamağa çalışsa da buna nail ola bilməmişdir. Rəhbərliyə avtobusun yolu bağlaması səbəbindən “Bakubus”- ların hərəkət istiqamətinin məhdudlaşdığını məlumat vermişdir. Rəhbərlik isə ona avtobusun içərisində sərnişinlər olduğu təqdirdə onları digər avtobusa yerləşdirməyi, sonra isə yolda qalan avtobusu sürərək qaraja aparmağı göstəriş vermişdir. Avtobusu idarə edərək keçidə tərəf gəlmiş, sağ tərəfdən yolu keçən piyadalara yol versə də sol tərəfi görməmişdir. Sol tərəfi görməməsinə səbəb isə yolun solunda dəmirlər olduğundan piyadaların adətən yolun sağından keçəcəyini zənn etməsi olmuşdur. Hərəkətə davam edərkən avtobusun içindən səs eşidib avtobusu saxlamışdır. Avtobusdan düşdükdə bir nəfər qadının vurduğunu görmüşdür. Həmin qadının avtobusla üstündən keçmişdir. O, cəld avtobusdan düşərək şəxsə yardım etməyə başlamışdır. Mərhumu avtobusun altından çıxardaraq qucağına almış və yol patrul xidmətinin əməkdaşları ilə birlikdə onu xəstəxanaya çatdırmışdır. Reanimasiya şöbəsinə qədər mərhumu qollarında qaldırmışdır. Daha sonra axşam saat 19:50-də mərhumun dünyasını dəyişməsindən xəbər tutmuşdur. O, dərhal 102 xidmətinə yığaraq hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq ölmüş Zərərçəkmiş şəxs onun bacısıdır. Hadisə barədə ona xx.xx.2025-ci il tarixdə gecə saatlarında məlumat vermişlər. xx.xx.2025-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs tibbi ekspertiza müayinəsindən sonra meyitini qəbul edib həmin gün doğulduqları Quba rayonu ərazisində dəfn etmişlər. Təqsirləndirilən şəxs yalnız qəbir daşının düzəldilməsində köməklik göstərib. Dəfn mərasiminin xərclərinin qarşılandığı təqdirdə təqsirləndirilən şəxslə barışmaq niyyəti vardır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Bununla bağlı notariat qaydasında təqsdiq olunmuş ərizə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 11 ildir ki, "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. Qeyd etmişdir ki, ona məxsus sürücülük vəsiqəsi B1, B, C1, C, D1, D kateqoriyalardadır. 23 may 2025-ci il tarixdə o, həmin şirkətə məxsus “Daewoo” markalı **-TG-*** d.q.n-lı avtobusu idarə etmişdir. Təxminən saat 16 radələrində o, idarə etdiyi avtobusla Koroğlu metrostansiyası yaxınlığında olan zaman səhətində narahatçılıq yaranmışdır. Bu zaman avtobusda sərnişinlər olduğu üçün o, avtobusu kənarda saxlayaraq bu barədə şirkətə məlumat vermiş və onlardan avtobusu tərk edərək getmək barədə icazə istəmiş, onlarda ona avtobusu rahat bir yerdə saxlayaraq getməyinə icazə vermişdirlər. O da, avtobusu rahat bir yerdə saxlayaraq açarıda avtobusun üzərində saxlayıb yaşadığı evə getmişdir. Sonrada ona məlum olmuşdur ki, onların şirkətində çalışan Təqsirləndirilən şəxs avtobusun yanına gəlmiş və orada avtobusun dayanmağına icazə olmadığı üçün avtobusu sürüb şirkətə aparan zaman hadisə baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 may 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:52-də DİNnin 102 Xidməti-Zəng Mərkəzinə müraciət edən vət. Təqsirləndirilən şəxs məlumat verərək idarə etdiyi Daewoo markalı, Az 10TC367 nömrəli avtomobillə bir nəfər qadını vurması və hazırda Sabunçu xəstəxanasında olmasını bildirmişdir (cild 1, i.v. 4). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli 2/28837 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur (cild 1, i.v. 24). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 02 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 333.1, 333.6, 66.3-cü maddələri ilə təqsirli bilinərək N ol intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 127.1, 221.2.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək 02 il islah işləri cəzası təyin edilmişdir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 128, 177.2.3, 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Kəngərli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəza müddəti 2 ay azaldılıb. xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunub; Binəqədi RPİ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə CM-nin 221.1-ci maddəsi ilə istintaq olunan cinayət işinin icraatına CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir (cild 1, i.v. 45-47). Azərbacan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və X4 rayon şöbəsinin məhkəmə-tibbi ekspertizası üzrə verdiyi 24 may 2025-ci il tarixli, 63 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı baş beyin yumuşaq qişasına və beyin toxumasına qansızma, daxili orqanların (ağciyərlərin, qaraciyərin, dalağın, böyrəklərin, bağırsqlarm) cırılmaları, sağ bazu sümüyünün, sağdan İV- İX, soldan Vİ-İX qabırğaların sınıqları, V bel fəqərələrisin və çanaq sümüyünün qapalı sınıqları, bel və oma nahiyəsi əhatə olun maqla qarının ön, bayır, arxa səthinin eləcədə sol budun ön, bayır, arxa səthinin geniş hematomaları, qançırları, əzilmiş, yaraları, protektor izi (avtomaşın təkərinin bədəni üzərindən keçmə izləri) bədənin çoxsaylı qançır və sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd oluna xəsarətlər həyatı olub, küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən şəraitə və müddətə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyırlar və bir başa ölümlə səbəli əlaqəlidirlər. X5 ölümünə səbəb almış olduğu yuxarıda qeyd olunan travma kompleksi nəticəsində baş vermiş ağır travmatik şok olmuşdur. Ölüm xx.xx.2025-ci il tarixdə saat 17:20də X8 baş vermişdir, meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçinin tiryək qrupu) fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, priazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (xx.xx.2025-ci il tarixli 1950/KN-li akt). Qarın, Çanaq, sol bud nahiyəsini əhatə edən hematomanın, əzilmiş yaraların, qançır və sıyrıqları xarakterini və lokalizasiyasını nəzərə alaraq qeyd etmək oalr ki, həmin xəsarətlər hərəkətdə olan nəqliyyat vasitəsinin Zərərçəkmiş şəxs vurduqdan sonra yerdə olarkən həmin nəqliyyat vasitəsinin təkərlərinin onun qarın və çanaq nahiyəsinin üzərindən keçməsi zamanı əmələ gəlmişdir və qaraciyərin, dalağın, böyrəklərin, bağırsaqların zədələnməsi, çanaq sümüklərinin və V bek fəqərəsinin sınığı ilə nəticələnmişdir (cild 1, i.v. 64-69). Videodiskə baxış keçirilməsi haqqında 17 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin NHİX tərəfindən təqdim edilmiş TŞ xidmətinin TŞ9-033 saylı müşahidə kamerasından alınmış görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2062 ünvanında yerləşən “Tosoil” YDM-nin qarşısında qurlaşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınan videogörüntü olduğu müəyyən edilmişdir. Həmin görüntünün 08 dəqiqə 09 saniyədə görüntüdə görünən yer üstü keçidin sağ alt hissəsində X.Rulutürk küçəsində dönmə əməliyatı keçirən sərnişin avtobusunun piyada keçidi ilə keçən piyadanı vurması müşahidə edilmişdir (cild 1, i.v. 73). Videodiskə baxış keçirilməsi haqqında 23 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin NİİM tərəfindən istintaqa təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2062 ünvanında yerləşən “Tosoil” YDM-nin qarşısında qurlaşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınan videogörüntü olduğu 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2062 ünvanında yerləşən “Tosoil” YDM-nin qarşısında qurlaşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınan videogörüntü olduğu müəyyən edilmişdir. Həmin görüntünün 08 dəqiqə 09 saniyədə görüntüdə görünən yer üstü keçidin sağ alt hissəsində X.Rulutürk küçəsində dönmə əməliyatı keçirən sərnişin avtobusunun piyada keçidi ilə keçən piyadanı vurması müşahidə edilmişdir (cild 1, i.v. 74). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 04 noyabr 2025-ci il tarixli 8/1718-4/1311 №-li rəyindən görünür ki, “Daewoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir (cild 1, i.v. 97- 101). Nərimanov RPİ-nin DYPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 50/2-35678 saylı məktubu ilə müəyyən edilmişdir ki, X3 məxsus BA- 113253 saylı B, C kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 6 ay müddətinə məhrum edilmişdir (cild 1, i.v. 106). xx.xx.2025-ci il tarixli qərardan görünür ki, AR CM-nin 263-1.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 134-136). Sübutların qiymətləndirilməsi haqqında 05 dekabr 2025-ci il tarixli qərardan görünür ki, “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət işi üzrə maddi sübut kimi tanınması və sahibinə qaytarılması, həmçinin 02 ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 1, i.v. 139-149). 30 yanvar 2026-cı il tarixdə notarial qaydada tərtib olunmuş, zərərçəkmiş şəxsin hüquqi varisi X6 əl imzası ilə təsdiq olunmuş ərizədən görünür ki, X13 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur (cild 1, i.v. 231). Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 04 noyabr 2025-ci il tarixli 8/1718-4/1311 nömrəli ekspert rəyindən görünür ki, “Daewoo” markalı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinə əsasən bu Məcəllənin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər (Cinayət Məcəlləsinin 263.1ci maddəsinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyindən onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X13 ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs həbsdə olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli – 16 fevral 2026-cı il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut – “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, cinayət işi üzrə digər maddi sübut- 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 128,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 165 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Zəfər” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 16 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına çatdırılması Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy taboruna həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut- 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 165 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar